ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Nizami Gəncəvi. "Xəmsə". Üçüncü Kitab. "Leyli və Məcnun". İlahi eşq və ölməz sevgi dastanı. Bakı, "Lider" nəşriyyat, 2004, 288 səh.
Tərcümə edəni: Səməd Vurğun
İzahların müəllifi: Mübariz Əlizadə, filologiya elmləri doktoru, professor
Ön sözün müəllifi və elmi redaktor: Xəlil Yusifli, filologiya elmləri doktoru, professor
"Leyli və Məcnun" "Xəmsə"nin üçüncü poemasıdır. Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmışdır.
Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir.
ISBN 9952-417-04-5
© "LİDER NƏŞRİYYAT", 2004.
Xəlil Yusifli
İNSAN DÜHASININ ƏLÇATMAZLIQ NÜMUNƏSİ
Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi dünya
ədəbiyyatının nadir ədəbi simalarından biridir. Onun poeziyasında hər bir
mövzu və hadisə mütəfəkkir şair qəlbindən keçərək, dərin ictimai və fəlsəfi
məzmun almışdır. "Sirlər xəzinəsi", "Xosrov və Şirin" poemalarından sonra
"Leyli və Məcnun" mövzusunda əsər yazan şair bu mövzudan istifadə edərək,
insan və zaman, təbiət və cəmiyyət hadisələri ətrafında rəngarəng
düşüncələrini əks etdirmişdir. Belə bir mövzuda əsər yazmağı ondan Şirvan
şahı Axsitan xahiş etmişsə də, Nizami heç də ancaq dövrün şahlarını təmin
edəcək əsər yaratmamış, daha çox öz narahat düşüncələrini qələmə almışdır.
Nizami Gəncəvi 1188-ci ildə dörd ay müddətinə yazıb başa çatdırdığı
"Leyli və Məcnun" poemasını işləyərkən bu mövzu ətrafında ciddi axtarışlar
aparmış, mənbələrlə tanış olmuşdur. Axsitan ondan bu "gəlini" fars və ərəb
bəzəyi ilə bəzəməyi tələb edərkən də məhz Leyli və Məcnun mövzusu ilə
əlaqədar farslar, ərəblər arasında geniş yayılan əfsanə və rəvayətləri nəzərdə
tutmuşdur. Əfsanələr, rəvayətlər isə hər hansı bir hadisə, fakt əsasında
yaradılmış bədii sözdür.
Nizami Axsitanı düzgün başa düşərək, mənbələri diqqətlə öyrənir.
Öyrəndiklərini sədaqətlə ümumi poetik axına yönəldir, yeni qəlibə, yeni
formaya salır. Şair "o farsdan doğulan əfsanə yaradan ərəbin halından belə
xəbər verir" və başqa bu kimi qeydlərlə Axsitanın "ərəb və fars bəzəyi"
tələbinə riayət etdiyini nəzərə çatdırır. Burada ərəblərə və farslara məxsus
baxışlar, görüşlər, poetik zövq, şairanə deyimlər də nəzərə alına bilərdi.
Nizaminin "fars və ərəb bəzəyi" anlayışını məhz göstərilən mənada anladığını
onun poeması və ərəb mənbələrinin bu əfsanə ilə əlaqədar qeydlərinin
müqayisəsi də təsdiq edir.
İbn Küteybə, Əbülfərəc İsfahani, Əl-Valibi kimi müəlliflərin əsərləri ilə
Nizami poemasını müqayisə edən alimlər bu qənaətdədirlər ki, Nizami bu
ölməz əsərini yazarkən həmin müəlliflərin əsərlərindən faydalanmışdır. Şair
İran və Azərbaycanda da geniş yayılan əfsanələrdən bəhrələnməmiş deyildir.
XI əsr Azərbaycan şairi Qətran Təbrizinin tez-tez sadiq, nakam sevgililər
kimi Leyli və Məcnunu xatırlaması göstərir ki, Leyli və Məcnun haqqındakı
əfsanə ədəbi dairələrdə
6
Nizami əsəri yazılandan çox-çox əvvəl məlum və məşhur imiş. Qətranın
özünün də Məcnun haqqında ərəb mənbələrindən məlumat alması
mümkündür. Onun bu məsələdə sərbəst hərəkət etməsi, oxucuya məlum,
məşhur hadisə kimi Leyli və Məcnunu xatırlaması isə əfsanənin ərəb
mənbələrindən əlavə ədəbi ictimaiyyət arasında da geniş yayıldığını təsdiq
edir. XI əsr İran şair və nasiri Nasir Xosrov da bu əfsanənin maraqlı
olduğunu qeyd edir, lakin onu daha çox bədəvi ərəblərin mühiti ilə
əlaqələndirir, Taifdə Leylinin yaşadığı qəsrin xərabələrini göstərdiklərini,
maraqlı hekayələr danışdıqlarını yazır.
Nizaminin poemasında mövzunun bəlli, məşhur olması dəqiq göstərilir.
Onu Axsitan da, Nizaminin oğlu Məhəmməd də yaxşı bilir, anlayırlar.
Axsitan Məcnunun böyük eşqini, bu mövzunun bütün sözlərin şahı olduğunu
yazır. Şairin oğlu 14 yaşlı Məhəmmədin qeydi daha maraqlıdır. Onun
fikrincə, "bu gözəl mövzuda böyük sənət var". Nizami özü isə onu "aləmə
bəlli bir ayə" sayır, başqa sözlə, əfsanənin yazılı və şifahi şəkildə çox geniş
yayıldığını etiraf edir. Nizami gah oğlu Məhəmmədin dililə, gah öz sözləri ilə
bu məşhur əfsanənin bədii əsər kimi işlənmədiyini, çılpaq qaldığını da yazır:
Harda ki eşq əli bir süfrə açar,
Bu gözəl hekayə ona duz saçar.
Bu qədər nazəndə, incə bir dilbər,
Nədən çılpaq qalsın bu vaxta qədər?
Onu bəzəməmiş arif əlləri,
Odur ki, çılpaqdır o gözəl pəri.
Maraqlıdır ki, həm Axsitan, həm də şairin oğlu Məhəmməd bu mövzunu
Nizaminin hünərinə layiq, ona məhrəm hesab edirlər. Belə çıxır ki, Axsitanın
bu mövzuda Nizamidən əsər xahiş etməsi özü də Nizami yaradıcılığına bələd
olmağından, dahi şairin ruhən bu mövzuya yaxınlığından irəli gəlir. Sözün
sərrafı olan Axsitan Nizami irsi ilə "Leyli və Məcnun" mövzusu arasında
yaxınlıq, doğmalıq hiss etdiyindən ondan məhz bu mövzuda əsər yazmağı
istəyir. Anlaşılır ki, poema sifarişlə yazılsa da, onun məşhurluğu və məhz
Nizami dühasına yaxınlığı belə bir əsərin meydana çıxmasına səbəb
olmuşdur.
Nizaminin bu mövzunu işlərkən yerli folklor mənbələrdən başqa, yazılı
qaynaqlardan da geniş istifadə etməsi əsər boyu özünü aydın hiss etdirir.
Poemanı ərəb mənbələri ilə müqayisə etdikdə görürük ki,
7
Nizami Leyli və Məcnun haqqındakı xırda və pərakəndə, quru və bədii
cəhətdən sönük olan müxtəlif rəvayətləri böyük ustalıqla birləşdirmiş, demək
olar ki, heç nəyi atmamış, lakin sənətin sərt qanunu əsasında onu sistemə
salıb, kədərli və əzəmətli bir söz abidəsi yaratmışdır. Böyük söz ustası
mövzunun imkanlarından istifadə edərək həyat, insanlar, onların əxlaqı,
rəftarı, əməlləri barədə narahat düşüncələrini qələmə almışdır.
Nizami insan və zaman probleminə, bu problemin ayrı-ayrı cəhətlərinə
poemada dönə-dönə toxunur. Dahi şair doğru qeyd edir ki, insanda hələ
nöqsanlar vardır. Bununla bərabər, o, insanı yaxşılığa, gözəlliyə səsləyir.
Yaxşı sözü yaman sözdən üstün tutan şair zamanın eyiblərini də çəkinmədən
romantik bir pafosla dilə gətirir.
Bir çox sifətlər var insanda hələ,
Almasan yaxşıdır onları dilə.
Pis sözü ağzına alınca insan,
Qarnında öldürsə yaxşıdır, inan.
Bu dünya dolanıb döndükcə ruzgar,
Qoy səndən yaxşı söz qalsın yadigar.
Nizaminin poeması bu həqiqəti sübut edir ki, zaman insana ziddir. Lakin
insan zamana qalib gələcək. Qurbanlar, faciələr hesabına olsa da, insan
dünyanı insaniləşdirəcək, zamanı dəyişdirəcək, zaman özü də dəyişəcəkdir.
Həyatın və təbiətin öz dialektikası var; xərabə olan abad olacaq, pis olan
yaxşılaşacaq.
Daim xaraba da olsa bir diyar,
Bil ki, abadlıqdan onda nişan var.
İstər xarab olsun, istərsə abad,
Daimi bünövrə qoymamış həyat.
Bu dialektik düşüncələr göstərir ki, Nizami insanın zaman üzərində
qələbəsinə, indi ağa olanın sabah məhv olacağına, bu gün faciə qurbanı
olanın sabah vüsala və sevincə yetişəcəyinə inanmışdır.
"Leyli və Məcnun" poeması insan və zaman mövzusu ətrafında şairin
düşüncələrindən ibarət möhtəşəm bir poeziya ümmanıdır. Nizaminin "Leyli
və Məcnun" poeması ancaq nakam bir eşq macərasının nəzmə çəkilməsi
deyil, bəlkə daha çox bu mövzudan istifadə edərək
8
dünya və insan haqqında yaradılmış bədii- fəlsəfı bir əsərdir. İnsan düşünə
bilər ki, bütün bu söhbətlərin "Leyli və Məcnun" mövzusu ilə nə əlaqəsi var.
Ancaq şairin əsərini diqqətlə oxusaq, anlayarıq ki, bu rəngarəng düşüncələr
birbaşa "Leyli və Məcnun" mövzusu ilə bağlıdır. Şair əsərin həm əvvəlində,
həm də əsər boyu müxtəlif yerlərdə müxtəlif üsullarla həyat, dünya, dövrün
insanları, onların amalları, səviyyələri, əməlləri haqqında söhbət açır, bu
söhbətləri də mövzuya yad, kənar bilmir.
Ey varlıq nəqşinin naziri olan,
Qaldır əngəlləri idrak yolundan.
Boş təbli döyərək hay-haray salma,
Heç kəsin səsinə biganə qalma.
Bir toz görünsə də hər zərrə əgər,
Dünya pərdəsində o da iş görər.
İdrak yolundakı əngəllər deyilmi Leylinin, Məcnunun faciəsinin səbəbi?
Dünya pərdəsində hər zərrənin bir iş gördüyünə biganəlik deyilmi bu faciəni
törədən? Şair bu fikirdədir ki, qəflət, nadanlıq, biganəlik, insanın öz
vəzifəsini bilməməsi onun həyatını zəhərləyir, onu düzgün hərəkət etməyə
qoymur. Nizamiyə görə, insan dünyaya dünyanın mahiyyətini anlamaq,
öyrənmək üçün gəlmişdir.
Qısa söz; dünyada nə sən, nə də mən
Oyuncaq deyilik xilqətimizdən.
Nə şəhvət, nə yuxu, nə də ki yemek
Həyatın mənası olmasın gərək.
Yatmağı, yeməyi bu aləmdə sən
Eşşək, öküzdə də görə bilərsən.
Təbiət quranda xilqətimizi,
Başqa səhifədə yazmışdır bizi.
Nizami insandan ayıq olmağı, öz insanlıq vəzifəsini yaxşı başa düşməyi,
yerlərin, göylərin sirlərini öyrənməyi tələb edir; İnsan dünyaya nə üçün
gəlmişdir? Onun burada vəzifəsi nədən ibarətdir? Peyğəmbərə müraciətlə
deyilən aşağıdakı iki misra bəlkə də poemada qaldırılan mətləblərin ana
xəttini təşkil edir:
9
Biz kimik, neçiyik, aç göstər artıq,
Büt qayıranmıyıq, büt qıranmıyıq.
Allaha yalvarışlarında da şair dünya və insan haqqındakı düşüncələrindən
ayrıla bilmir. Dövründən, bü dövrün mətləblərindən danışan zaman alov
püskürür.
İlahi, dar gündə sən ol həmdəmim,
İstədiyin yerə çatsın qədəmim,
Söylə nə vaxtadək bir tikə üçün
Şaha və gədaya yalvarım hər gün...
Vəfasız yaranmış bütün qapılar,
Bir sənin qapında vəfa tapılar.
Bu sətirlər təkcə Allaha məhəbbətin ifadəsi deyil, həmçinin də şairin
dövrü, onu əhatə edən mühit, insanlar haqqında narazılıq dolu narahat
düşüncələridir.. Məcnunu, Leylini, onları əhatə edən adamları da bədbəxt
edən, kədər və göz yaşları ilə üzləşdirən məhz həmin mühit və insanlardır.
Həyat elə qurulmuşdur ki, insanların içi dərdlə, kədərlə doludur. Burda isə
həm də bir ixtiyarsızlıq vardır. Məcnunun atasına verdiyi cavablardan
aşağıdakı misralara diqqət edək:
Daşları əridər çəkdiyim kədər,
Kim öz ürəyinə sıxıntı istər?!.
Məni pis taleyim təqib edir, bil,
Heç kəs bədbəxtlikdən qurtaran deyil.
Yaxud:
Məzlum mən deyiləm yalnız bu yerdə,
Yüzləri düşmüşdür mən düşən dərdə.
Filin vücudundan milçəyə qədər,
Bu zülmü çəkməyən varmıdır məgər?
"Leyli və Məcnun" poemasında Nizami əsərdəki hadisələrlə bağlı iki
müstəqil hekayə də vermişdir ki, bu hekayələr poemanın əsas ideyası ilə
birbaşa bağlıdır. Bunlardan ən məşhuru "İt saxlayan padşah" hekayəsidir.
Çox vaxt bu hekayə əsərin əsas mövzusu ilə o qədər də bağlı olmayan bir
əlavə kimi şərh olunur. Əslində isə həmin hekayə əsərin ideyası ilə birbaşa
əlaqəlidir və ancaq dövrün şahlarının zülmkarlığını tənqid etmək üçün
qələmə alınmış bir hekayə deyil; on il şaha sədaqətlə xidmət eləyən, ancaq
sonra şah tərəfindən quduz və yırtıcı itlərə atdırı
10
lan gənc əslində Məcnundur. Çöldə Məcnunla dost olan, ona toxunmayan,
əksinə, onu qoruyan vəhşilər isə həmin quduz itlərdir.
Nizami bu fikirdədir ki, mövcud cəmiyyət, onun insanları həmin yırtıcı
itlər saxlayan və xoşu gəlməyən adamları o itlərə atıb parçaladan padşaha
bənzəyir, nəinki bənzəyir, elə onun özüdür. Bu baxımdan hekayənin sonunda
Nizaminin dediyi aşağıdakı sözlər təsadüfi deyildir:
Bunu söyləməkdə bir məqsədim var,
Səxavət qələdir, o, can qoruyar.
Məcnun bəslədikcə o heyvanları,
Çəkdi dövrəsinə bir can hasarı.
Hasar ətrafında gəzən hər heyvan
Məcnunun işinə yaradı hər an.
Məcnuna bənzəsən insanlıqda sən,
Dünyada nə qüssə, nə qəm çəkərsən.
Nizaminin təsvirində zülmkar şahın yırtıcı itlərə atdığı gəncə nisbətən
Məcnun daha yüksək insani sifətlərə malik olduğu kimi onu dəli, Məcnun
adlandırıb çöllərə salan, məhvinə səbəb olan cəmiyyət də həmin zalım
padşahdan daha zalım, daha eybəcərdir. Quduz itlər saxlayan padşah
tərəfindən itlərə atılan gənc şahın xasiyyətini bildiyinə görə itlərə baxanla
dost olur, çünki şahın bir gün onu da itlərə atacağına şübhə eləmir.
Ancaq Məcnunun heyvanlara qayğı göstərməsində, onlara yem
verməsində, ya da ahu və maralı ovçuların torundan xilas etməsində heç bir
təmənna və məqsəd yoxdur. Onun bu hərəkətləri böyük sevginin, insanlığın
təzahürüdür. Nofəlin Leylini almaq üçün apardığı müharibə uğursuzluqla
qurtarandan sonra yenə çöllərə üz tutan Məcnun ovçuların toruna düşən ahu
və maralı azad eləyir, onlarla dərdləşir:
Ata öz oğlunu əzizləyən tək
Məcnun da maralı əzizləyərək,
Tutub sığalladı o dildarını,
Bağladı heyvanın yaralarını...
Dedi: "Həsrət çəkən dağlar maralı,
Sən də mi yarından düşdün aralı?
Ey çöl qoşununun gözəl sarbanı,
Dağlar döşündəki çadırın hanı?
Xoş ətrin canandan gətirir xəbər,
Gözün sevgilimin gözünə bənzər.
11
Nizami Məcnundakı insanlığın, idrakın, sevginin nə qədər güclü, fədakar,
təmənnasız olduğunu, onun "idrak yolundakı əngəlləri" necə qətiyyət və
cəsarətlə qaldırıb kənara atdığını öz ecazkar sənətinin əlvan boyalarıyla açıb
göstərir.
Orta əsrlər şəraitində qadınların oyanması, insanlığını dərk etməsi və
faciəsi Leyli surətində əks etdirilmişdir. Məcnun kimi sevən, yanan, duyan,
onun kimi şəhid olan Leyli Məcnunun qadın tayıdır. Leylinin də faciəsi
köhnəliyin öz yerini yeniliyə könüllü vermək istəməməsi üzündən, onun
yeniliyə qarşı qəddar və amansız olmasından yaranır. Orta əsr feodalının
mütləq hakimiyyətinin hələ güclü olduğu, lakin sarsılmağa başladığı bir
dövrdə Leylinin faciəsi təbii idi. Zaman onun insanlığını, hisslərini, mənəvi
sərbəstliyini hələ qəbul etmir, bu barədə eşitmək belə istəmirdi: hələ ona əşya
kimi baxır, onu bazara çıxarır, kim çox qızıl versə, ona da satırdı. Zaman belə
qanun qoymuşdu ki, qadının düşünməyə, duymağa, sevməyə, seçməyə
ixtiyarı yoxdur, əgər o, müstəqil düşüncəyə malik olsa, namussuz hesab
edilər, başı kəsilib itə atılardı, ancaq qanundan kənar istəyinə çatmağa imkan
verilməzdi. O, əbədi dustaq - əbədi zindanda kədər və göz yaşları içində
boğulan, dərdlərindən danışmağa, hisslərini söyləməyə ixtiyarı olmayan bir
kölə idi. Leyli zahirən zəmanəsinin tələblərinə baş əyən, əslində isə ona
məğrur bir sükutla meydan oxuyan, onun istədiyi, dediyi kimi olmayan,
şərrin zülmət gecəsində günəş kimi parlayan, içində insanlığın əbədi məşəlini
gəzdirən bir insan kimi yaşayır. Hamıdan, hər kəsdən eşqini gizlətməyə
çalışan Leyli hisslərin güclü tufanını özündən gizlətməyə, onu tamam
susdurmağa, öldürməyə qadir deyildi və bunu Leyli özü də istəmirdi. Leyli
istəmirdi ki, kölə vəziyyəti ilə barışan başqa qadınlar kimi olsun, düşmən
dünyanın oyuncağına çevrilsin. O, zahirən belə yolla getsə də, həqiqətdə
əsrinin qadınlarından seçilir.
Əgər Məcnun mühitlə barışmadığını bildirərək çöllərə düşür, heyvanlar
arasında yaşayırsa, düşməndən Məcnun, divanə adı almaqdan çəkinmirsə,
Leyli də İbn Səlama həqiqi arvad olmamaqla, öz eşqinə sədaqətini qorumaqla
özünü təsdiq edir. Poemanın ilk səhifələrindən başlamış ölümünə qədər Leyli
sonsuz bir həsrətlə Məcnunu axtarır, onu görmək, onun şeirlərini eşitmək
istəyir. Dərya-dərya qəmli göz yaşları tökən Leylinin daim gözü yollarda,
qulağı səsdədir. Dam üstə çıxıb oğrun-oğrun yollara baxması, düşmən
tənəsindən qorxub gecələr odlu ahlar çəkməsi, şam kimi yanması, acı-acı
ağlaması,
12
tüstüsüz ocaq kimi alovlanması onun məhəbbətinin güclü olmasından xəbər
verir. Məcnunla bərabər Leylinin də adı dillərə düşür, bazardan gələn uşaqlar
belə Leyli ilə Məcnunun məhəbbət qəzəllərini oxuyur, onların şeirlərini birbirinə
çatdırırlar.
Leyli şeir yazmaqda, odlu, səmimi duyğularını sənətkarlıqla ifadə
etməkdə də Məcnundan geri qalmır. Leyli Məcnunu ölənə qədər bir an belə
unutmur. Yaz vaxtı qızlarla gəzməyə çıxan Leyli bir küncə çəkilib Məcnun
üçün göz yaşı tökür. Leyli Məcnuna nisbətən eşqini dəlicəsinə, coşğun
büruzə vermir, o bəzən özünü Məcnundan daha artıq Məcnun adlandırsa,
qadın olduğunu da etiraf edir. O, dərdlərini ürəkdə çəkməyi, zahirdə isə
özünü başqa qadınlar kimi aparmağı bacarır.
Məcnun başqa qızla evlənmək təklifini qəbul eləmir, bu təklifi edənlərə
acığı, qəzəbi tutur. Lakin Leyli belə deyil. O özünü o dərəcədə toxtaq,
təmkinli aparır ki, başqasını sevdiyini ata-anasına demir, onu İbn Səlama ərə
verəndə etiraz etmir. Leylinin arxasınca bir çox adamlar düşüb var-dövlət
hesabına onu satın almağa can atırdılar. Nizami Leylini bu şəkildə almağa
çalışanları dəllal adlandırır. Belə dəllallardan biri də qızılı qum kimi səpən
İbn Səlam idi. Leyli İbn Səlama getməyə ona görə etiraz etmir ki, qadın
ismətini, adını qoruya bilsin. Qadına münasibət orta əsrlərdə o qədər ciddi,
sərt, o qədər ağır idi ki, Məcnuna layiq bir qız olmaq üçün də Leylinin əsas
çıxış yolu bu idi. Leyli özünü Məcnundan artıq divanə saysa da, zaman onun
qanadlarını daha qısa kəsmişdir:
Bəxtinin ulduzu batan aşiqdən
Min dəfə şiddətli divanəyəm mən.
O hədəf oldusa bu dərdə, yasa,
Bir qadın deyildir o heç olmasa.
Sevda yollarında göstərir hünər,
Kimsədən nə qorxar, nə də çəkinər.
Zavallı mənəm ki, ürəyimdə qəm,
Dərdimi heç kəsə aça bilmirəm.
Qorxuram əhvalım pərişan ola,
Yaxşı adım belə çox yaman ola.
Bu parçada Leylinin eşqi də, faciəsi də çox dəqiq şərh edilmişdir. Qadın
olmaq, qorxub çəkinmək, yaman ad qeydinə qalmaq, dərdi heç kəsə aça
bilməmək onu Məcnunla ayaqlaşmağa qoymur.
13
Bəzən Leyli qadını min illərdir köləyə, hüquqsuz əşyaya çevirən qanunlar
zəncirini qırıb parçalamaq, daha azad nəfəs almaq haqqında düşünürsə,
bunlar ilk düşüncələr olaraq qalır. Ata və ər qorxusu onu qanad açmağa
qoymur.
Eşq ürək verir ki, sən də qanad aç,
Bu qarğa-quzğundan kəklik kimi qaç.
Ad ilə namussa: "tərpənmə"- deyər,
Tək uçan kəkliyi qızılquş yeyər.
Bir qadın nə qədər cəsur olsa da,
Yenə də qadındır adı dünyada.
Leyli üçün bu ilk düşüncələrin özü də böyük nailiyyətdir. Leyli düşdüyü
vəziyyətlə barışıb qəmlərə boyun əysə belə, düşmənə təslim olmur.
Nizami bu poemada yaratdığı surətlər, təsvir və təhlil etdiyi hadisələr,
mətləblər vasitəsilə dövrünün zəngin mənəviyyatlı insan obrazını, fikir,
düşüncə və əxlaq mənzərəsini yaratmışdır. Hətta hər bir zərrənin müəyyən bir
iş gördüyünü söyləyən ölməz sənətkarın bu əsərində də ən epizodik surət belə
mühüm ideya yükü daşıyır, dövrün insan xarakterlərini daha dolğun
göstərməyə xidmət edir. Şairin əvvəlki əsərləri kimi bu poema da həyatın
özündən gələn zəngin fikir xəzinəsidir.
Dahi şairin "Leyli və Məcnun" poemasını böyük sənətkarımız Səməd
Vurğun tərcümə etmişdir. Bu tərcümə haqlı olaraq Nizami əsərlərinin
tərcümələri arasında ən yaxşılarından biri, bəlkə də birincisi sayılır.
Tərcümənin dilindəki təbiilik, yüksək bədiilik və axıcılıq onu oxuculara
sevdirən əsas keyfiyyətlərdir. Nizami əsərindəki ən rənga-rəng poetik fikirlər
Vurğun tərəfindən o qədər məharətlə tərcümə olunmuşdur ki, oxucu bir
tərcümə əsəri oxuduğunu əsla hiss etmir.