Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Azərbaycan teatr tarixi (Dərslik. Milli səhnə mədəniyyətimiz barədə 864 səhifəlik unikal elmi vəsait

Müəllif:

İlham Rəhimli


Kateqoriya:

Dərslik, elmi kitablar



Qısa Təsvir:

Azərbaycan teatr tarixi milli teatrşünaslıq elmimizdə ilk dəfə belə monumental və fundamental şəkildə araşdırılıb. Müəllif kökü eramızdan əvvəllərə gedib çıxan xalq oyun-tamaşalarından tutmuş çağdaş teatr prosesinə qədər böyük bir dövrü əhatə edib. Kitabda həmçinin Tiflis, İrəvan, Aşqabad və Təbriz şəhərlərində fəaliyyət göstərmiş Azərbaycan teatrlarının tarixi də bölmə-bölmə araşdırılıb. Onlarla dramaturqun və teatr xadiminin yaradıcılıq portret-oçerkləri zəngin faktlarla işlənilib.


Baxış sayı: 32
    
    


İlham Rəhimli. "AZƏRBAYCAN TEATR TARİXİ" (D ə r s l i k. Milli səhnə mədəniyyətimiz barədə unikal elmi vəsait

Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü il tarixli 816 saylı əmri ilə təsdiq olunub

ÇAŞIOĞLU nəşriyyatı - 2005

Elmi redaktor: Timuçin Əfəndiyev, filologiya elmləri doktoru, professor

Rəyçilər: Nizaməddin Şəmsizadə, filologiya elmləri doktoru, professor
Məryəm Əlizadə, sənətşünaslıq doktoru, professor
Rafiq Sadıqov, sənətşünaslıq namizədi, professor

İlham Rəhimli. Azərbaycan teatr tarixi. Bakı: Çaşıoğlu, 2005 - 864 s.

© "Çaşıoğlu nəşriyyatı", 2005

Azərbaycan teatr tarixi milli teatrşünaslıq elmimizdə ilk dəfə belə monumental və fundamental şəkildə araşdırılıb. Müəllif kökü eramızdan əvvəllərə gedib çıxan xalq oyun-tamaşalarından tutmuş çağdaş teatr prosesinə qədər böyük bir dövrü əhatə edib.
Kitabda həmçinin Tiflis, İrəvan, Aşqabad və Təbriz şəhərlərində fəaliyyət göstərmiş Azərbaycan teatrlarının tarixi də bölmə-bölmə araşdırılıb. Onlarla dramaturqun və teatr xadiminin yaradıcılıq portret-oçerkləri zəngin faktlarla işlənilib.

 

Məryəm Əlizadə

Zər qədrini bilən zərgər

 

...Əcaib bir hal: bu vaxta qədər müxtəlif mövzuda yazaraq çeşidli "predmet"ləri kifayət qədər asanlıqla işıqlandıra, ünlü sənət adamlarımızın "portret"lərini kağız üzərində həvəslə çəkə bildiyim halda, həmkarım, həmfikrim, çiyindaşım, tələbəlik dostum İlham Rəhimli haqqında yazmaqda çətinlik çəkirəm. Fikirləşirəm ki, bunun səbəbi "mövzu"nun çətinliyi deyil, çünki İlham Rəhimlinin elmi yaradıcılığı həmişə gözümün qabağında olub və hətta yeri gələndə ondan yetərincə faydalanmışam da...

Düşünürəm ki, yazımın "predmet"i də məndən ötrü qapalı deyil, çünki İlham Rəhimlinin milli teatrşünaslığımızda illər boyu yorulmadan gördüyü işlər həm onun çoxsaylı (maşallah!) kitablarında öz parlaq əksini tapıb, həm də teatr icmamız tərəfindən layiqincə dəyərləndirilib. O ki qaldı İlham Rəhimlinin "portret"inə, ilk baxışdan onun yaradılmasında da məndən ötrü problem olmamalı idi. Çünki tələbəlik illərimizdə bir auditoriyada oturduğumuz günlərdən ta bugünə qədər "İlham Rəhimli fenomeni"nin, ya da indi dəbdə olan sözlə desək, imicinin mədəniyyətimizdə formalaşmasının canlı şahidi olmuşam. Di gəl ki, İlham Rəhimli haqqında yazı yazmaq üçün qələmə əl uzadanda qəribə bir duyğu əlimi havadaca saxladı. Etiraf edim ki, uzun müddət bu anlaşılmaz, amma çox sərt olan basqının səbəbini anlaya bilmirdim. Ona görə də bu ovsundan qurtulmaq xeyli vaxt mümkün olmadı...

Nə başınızı ağrıdım, bir müddət bu cür müəmmalı və naqolay durumda bulunduqdan sonra bunun səbəbini qəfildən (belə şeylər yalnız qəfildən baş verir...) anladım: bu, 60 rəqəmi idi ki, məni canlı insan İlham Rəhimlidən yabançılaşdıraraq onu "araşdırma predmeti"nə, "yazı mövzusu"na, "portret-oçerk qəhrəmanı"na çevirdi. Belə hallarda vəziyyətin doğru-dürüst səbəblərini tapmaq işin yarısıdır: mən də ilk öncə sevgili dostum, həmkarım, canlı insan İlham Rəhimli haqqında düşündüm, düşüncələrimi qələmə aldım, aşağıdakılar alındı.

 

* * *

 

İlham Rəhimlinin fenomenal yaddaşı var: bir dəfə eşitdiyi və ya oxuduğu mətləbi illər keçəndən sonra da necə var, nöqtəsinə-vergülünəcən təkrarlayır, özü də mənbəyini - yəni haradan oxuyub və ya haradan eşidib - dəqiq göstərir. Yaddaşının bu keyfiyyəti onun akademik düşüncəsinə son dərəcə müsbət təsir göstərir. Belə ki, İlham Rəhimli Azərbaycan milli teatrının tarixini vahid bir "mətn" kimi beynində quraşdırıb və bu tarixin səhifələrini "ağ ləkə"lərdən təmizləyib kağıza köçürür. Bu əməliyyat da məhz yaddaşının zənginliyinə görə, çoxumuzdan fərqli olaraq, onun tərəfindən rahatca gerçəkləşdirilir. Çünki ona lazım olan "material" yaddaşındadır, yaddaşında olmayanları isə haradan axtarıb tapmağı çox gözəl bilir. Onu da əlavə edim ki, İlham Rəhimli, eyni zamanda, teatr icmamızda baş vermiş hadisələri, olayları, adları, tarixləri kompüter dəqiqliyi ilə yaddaşının müvafiq "fayl"ına yazıb, elmi işindən ötrü lazım gələndə asanlıqla üzə çıxarıb istifadə edir.

Bir teatrşünas kimi İlham Rəhimlinin yazdığı çoxsaylı kitabları ümumiləşdirib, onları milli teatrımızın yazılı yaddaşı adlandırmaq olar və yalnız bu işi gördüyünə görə ona teatr icmamızın sonsuz təşəkkürü və minnətdarlığı düşür!

İlham Rəhimli, çoxlarımızdan fərqli olaraq, heyrətamiz işgüzarlığı ilə seçilir. Onun maraq dairəsinin genişliyini nəzərə alanda işgüzarlığının səciyyələrinə həsəd aparmamaq mümkün deyil. Məişət və məişətlə bağlı sahələrə toxunmadan onun elmi, yaradıcı, pedaqoji fəaliyyətinin "saat yükü"nün bütün normativləri aşdığını təsdiq etməyə məcburuq. Eyni zamanda, üç-dörd əsər üzərində işləyən, tələbələrini tapşırıqlarla "yükləyən", yeni ideyaların tezislərini hazırlayan, müxtəlif toplantılarda həmişə eyni həvəslə çıxış edən İlham Rəhimlini kimsə yorğun görməyib, ondan "yoruldum-bıkdım" sözlərini eşitməyib...

Altmış yaşlı adamın bu cür işgüzarlığının səbəblərini axtaranda mən, ilk növbədə, onun güclü "daxili mühərriyini" aşkarlayıram. Bu, çoxlarımızda o qədər də güclü olmayan həyat eşqi və bəzilərimizdə gözgörəsi çatışmayan yeniyetmələrə xas maraqdır. İlham Rəhimli üçün hər yeni mövzu... hadisə... insan... problem və s. sözün əsl mənasında, yenidir. Və o, xalis tədqiqatçılara xas olan "acgözlük"lə öyrənməyə, araşdırmağa, düzüb-qoşmağa, öncə yaddaşına, sonra isə kağıza köçürməyə başlayır. Biz - onun həmkarları İlham Rəhimlinin bu keyfiyyətini bəzən zarafata salıb dilə gətirsək də, əslində, həmkarımızın işgüzarlığını yüksək dəyərləndiririk: axı onun yorulmaz fəaliyyətinin nəticələrindən (məqalələrindən, kitablarından, çıxışlarından, öz aramızdakı söhbətlərindən...) yetərincə faydalanırıq. Düzdür, heç də hər zaman İlham Rəhimliyə buna görə təşəkkür və minnətdarlığımızı bildirmirik. Odur ki, fürsətdən istifadə edib həmkarlarımın adından İlham Rəhimliyə borclu olduğumuzu etiraf edirəm (bunu deməkdən çəkinmirəm, həm də ona görə ki, atalar demişkən, "borclu borclunun sağlığını istər").

İlham Rəhimlinin düşüncəsi və işgüzarlığı dəmir kimi möhkəm və civə kimi hərəkətli məntiqə bağlıdır. Təbii ki, məntiq deyəndə, mən eyni zamanda, həm adi, həm də elmi məntiqi nəzərdə tuturam. İlham Rəhimlinin "adi" dediyim məntiqi bu adamın torpağına, elinə-obasına, milli mədəniyyətinə, dadlı-duzlu sözünə, aşıq havasına, segah yanğısına bütün varlığı ilə bağlı olmasından qaynaqlanır. Elmi məntiqin əsaslarını isə o, ali məktəbdə əlaçı olduğu zaman Cəfər Cəfərov, Mehdi Məmmədov, İslam İbrahimov kimi bənzərsiz zəka sahiblərindən öyrəndiklərini yorulmadan inkişaf etdirdi, həyat təcrübəsi ilə zənginləşdirdi və onun ən yüksək səviyyəsini yazdığı əsərlərdə sərgilədi. Bir alim kimi İlham Rəhimlinin özəlliyi də məhz onun hər iki məntiq növündən tədqiqatlarında eyni zamanda faydalanmasıdır. Başqa cür ola da bilməz, çünki, məsələn, dastanın dramaturji təzahürlərini araşdırdıqda həm dastanın özəl məntiqi qurğusunda və həm də teatrşünaslığın formal məntiqi sistemində, eyni zamanda, əməliyyatlar aparmamaq mümkün deyil. Demək artıqdır ki, İlham Rəhimli hər iki məntiqi aləmdə, balıq suda üzən kimi, rahat hərəkət edir...

Bu gün ustad teatrşünas-alim zirvəsinə yetən İlham Rəhimlinin saysız-hesabsız elmi və publisistik əsərlərindən aydın görünən bir üslubi özəlliyə həmişə heyran olmuşam. Məncə, bu özəllik onun düşüncəsinin konseptual dəqiqliyi ilə bədii təxəyyülünün sintezindən qaynaqlanır. Onun yazılarında kateqorial və bədii söz sehrbaz məharətilə bir-birinə "calanır", bir-birini gücləndirir, biri digərinin bərqində əvvəllər özündə görünməyən mənaları büruzə verir. İlham Rəhimlinin mətnlərinə diqqətlə yanaşanda görürsən ki, həm ayrıca məqalə, həm irihəcmli monoqrafiya, həm də bütövlükdə külliyyatı hansısa birbaşa səslənməyən, amma həmişə duyulan özəl ritm üzərində qurulub. Hərdən mənə elə gəlir ki, İlham Rəhimli yalnız bədii təxəyyülünü işə salıb bir çox yazarların əsərlərindən geri qalmayan maraqlı romanlar yaza bilər. Amma həməncə anlayıram ki, İlham Rəhimli bunu heç vaxt etməyəcək, çünki düşüncəsinin təməlində, necə də olsa, güclü konseptual dəyərlər durur. Bununla yanaşı, söylədiyim fikri mütləq həqiqət saya bilmirəm, çünki İlham Rəhimli zaman-zaman gözəl tərcümələr edir, ssenarilər və səhnələşdirmələr yazır. Görünür ki, bununla, el diliylə desək, nasirlik "qurdunu öldürməyə" çalışır...

Allahdan gizli deyil, bəndədən də gizli olmamalıdır. Hələ tələbəlik illərində əla oxumaqla yanaşı, gənc İlham Rəhimli ali məktəbimizin çərçivəsində ictimai fəaliyyətə meyilli idi və bu sahədə də, belə demək olarsa, ilk vərdişlərini tələbə ikən əldə etdi. İlham Rəhimlinin bioqrafiyası tədqiqatçıdan ötrü çox maraqlı faktlarla zəngindir. Bu adam erkən yaşlarından vəzifələrdə çalışıb, həmişə iyerarxiya və subordinasiya şərt və tələblərinə nizam və həssaslıqla cavab verib. Bu məqamı məmur fəaliyyətini seçmiş bir çox tələbə yoldaşlarımızın davranışında görmək çətin deyil. İlham Rəhimlinin timsalında isə çətinlik bu adamın məmurluq, idarəçilik sahəsində şəxsi ləyaqətini və yaradıcı potensialını itirməməsi ilə bağlılıqda yaranır. Görünür ki, bədii təxəyyül onu tam mənada məmur olmaqdan qoruyur, daxili nizam isə onun "komanda şəraiti"ndə səmərəli işini təmin edir. Hər halda, mən bu fikri İlham Rəhimlinin milli media və mədəniyyət sahəsindəki qırx illik fəaliyyətinə arxalanıb deyirəm. Səhv də edə bilərəm, amma İlham Rəhimlinin xasiyyətinin psixoloji mürəkkəbliyi mənim üçün danılmazdır...

Hərdən mənə elə gəlir ki, İlham Rəhimli uşaq və yeniyetmə çağlarının arzularında özünü teatr və kino aləmində görürdü. Təbii ki, o vaxtlar onun rejissor peşəsindən xəbəri yox idi və odur ki, balaca İlham özünü teatr və kino aktyoru obrazında təsəvvür edirdi. Bu mənim təxminimdir, özü isə deyir ki, bəs uşaqlıqdan rəssam olmaq istəyibdir və ovaxtkı M.Əliyev adına Teatr İnstitutuna da təsadüfən daxil olubdur. Ona inanmamağa əsasım yoxdur. Amma bu adamın ta gənc yaşlarından qəlbən incəsənətə - teatra, kinoya, rəssamlığa, musiqiyə bağlı olması şəksizdir. Buna sübut İlham Rəhimlinin qırx illik bir zaman kəsiyində Azərbaycan mədəniyyətinə və incəsənətinə sədaqətlə xidmətidir.

İnstitut illərini deyə bilmərəm, amma əminəm ki, sonrakı illərdə teatr, kino, musiqi və rəssamlıq sahələriylə birbaşa təması nəticəsində İlham Rəhimli sənəti və sənətçini sevdi, onun qədrini bildi, dərindən anladı və ömrünü bu sahəyə həsr etdi. Aydın məsələdir ki, teatrı, kinonu, musiqini, rəssamlığı, bir sözlə, incəsənəti sevənlər çoxdur. Amma İlham Rəhimli kimi zərgər olub milli mədəniyyətimizin "zər"inin qədrini bilənlər, etiraf edək ki, azdır. Nə yaxşı ki, mədəniyyət və incəsənət xadimlərimiz, hökumət və dövlət nümayəndələrimiz bu müqtədir alim-sənətkarın da qədrini bilir...

İlham Rəhimli ilə qırx illik zaman kəsiyində mürəkkəb bir yolun yoldaşı olmaqla onun haqqında, ələlxüsus da insani keyfiyyətlərini açıqlayan faktlardan çox danışa bilərəm... Elə o da mənim haqqımda... Amma biz ikimiz də "köhnə məktəb"in yetirmələri olduğumuzdan mətbuatda bu gün dəbdə olan "şok açıqlamalar" verməyi özümüzə rəva bilmirik. Neyləyək, beləyik də... İlham Rəhimli haqqında yalnız poetik irsimizdən parafrazlarla danışa bilərəm. Bax, belə: o, dostuna dost, düşməninə yamandır... Onun tanrısı gözəllikdir, sevgidir; o, xeyirə-şərə yarayan mərd adamdır və o, bir də təkrarlayım, zər qədrini bilən zərgərdir.

Demə, istənilən rəqəmlərin ovsunundan qurtulmağın bir yolu varmış. O da istənilən rəqəmin arxasında canlı insanı görməkdir. Bunu, nəhayət ki, anlayaraq ruh rahatlığıyla və səmimi-qəlbdən həmkarım, həmfikrim, çiyindaşım, sevgili dostum İlham Rəhimlini 60 yaşı münasibətilə öz adımdan təbrik edirəm, öz varlığı və yaradıcılığı ilə mənə xoş söz demək imkanını verdiyinə görə ona sonsuz təşəkkürlərimi bildirirəm.

Qoy bu kiçik "portret" də mənim sevgili dostuma yubiley hədiyyələrimdən biri olsun.

 
Məryəm ƏLİZADƏ, sənətşünaslıq doktoru, professor

 Azərbaycan.- 2009.- 8 sentyabr.- S. 8.