ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan ədəbiyyatı”
Bədii-poetik e-kitablar seriyası
Elektron kitab N 28 (13 - 2022)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan Ədəbiyyatı” mövzusunda kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB
Rəsmi FB səhifəmiz:
www.facebook.com/groups/kitabxana
Şeirlər toplusu
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2022
YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan (Əbilov), yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Redaktor: Vaqif OSMANLI, araşdırmaçı-yazar, ədəbi təhlilçi
Bəhram Bilaloğlu. İLAHİDƏN GƏLƏN SÖZ. Bakı, Qanun Nəşriyyatı, 2025, 312 səh
Bəhram Bilaloğlunun lirik duyğuları əsasən çağdaş dövrümüzdə gəncliyin laqeydliklə yanaşdığı mənəviyyat məsələləri üzərində cəmləşib. Özü gənc olsa da, bir çox yaşıdlarından fərqli olaraq, şeirlərində mənəvi dünyamızın bu günündən, sabahında narahatlıq açıq-aydın hiss olunur. Poetik axtarışları onun gələcək uğurlarından xəbər verir.
“İlahidən gələn söz” müəllifin üçüncü kitabıdır.
© Bəhram Bilaloğlu, 2025
© Qanun nəşriyyatı, 2025
İstedadlı, məhsuldar gənc şairin oxunaqlı poetik nümunələrdən ibarət üçüncü kitabının elektron variantı. Bu lirik-ictimai poeziya nümunələrindən də göründüyü kimi, şair zəmanəsinin nəbzini tutmağa çalışır, zamandaşının duyğularını şeiriyyətə gətirir, yeni nəslin həyata baxışlarını, gənclər arasında sevgi, dostluq, vətənsevərlik, milli-mənəvi dəyərlərə sayğı kimi hissləri poetik dillə, fəlsəfi mühakimələrlə təbliğ etməyə çalışır...
Müəllifin başqa e-kitabları burada:
https://kitabxana.net/book.php?id=5056
https://kitabxana.net/book.php?id=5078
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
EŞQ YOLÇUSUNUN LİRİK DÜNYASI
Kökləri həyatdan su içməyən, həyatı izah etməyən, həyata, mənəvi
dünyamıza işıq saçmayan bədii nümunələr yadda qala, yaşaya, öyrədə bilməz.
Bəhram Bilaloğlu gənc söz adamıdır, ilahi sözün nahamar
yollarına yeni kövrək qədəmlərini atmaqdadır. Neftçalada doğulub,
anası ilə bərabər mavi Xəzərin ləpələri də ona layla çalıb. Bəlkə də
buna görə çox romantik gəmi sürücülüyü peşəsini seçsə də, sözün
sükanından yapışıb, bu sükanı əlindən buraxmaq niyyəti də yoxdu.
İnanır ki, sözlə bəşərə daha faydalı xidmət göstərəcək. Düz deyiblər,
niyyətin hara, mənzilin də ora.
Bəhram ilahi eşqə könül verib. Məhz buna görə də özü kimi, lirik
qəhrəmanları da “sevgi adamlar”dı, “loğman adamlar”dı, hikmətli,
şəfqətli, inamlı, imanlı, mənəvi zəngin bəşər övladlarıdı.
“İlahidən gələn söz” toplusundakı şeirlərin mayası ilahi eşqdən
yoğrulub. Fikrimi sübut etmək məqsədi ilə bir neçə şeirin adını
nəzərinizə çatdırıram: “Döndüm eşq mədəninə”, “Yaşadım eşqinlə”,
“Eşq yoluma düşən dənsən”, “Eşqin açarı”, “Eşqə çatmaq arzum
idi”, “Qəlbimdə bir eşq qala”, “Üzü eşq yolunda”, “Eşq suyundan
içmişəm”, “Cücərən eşqindən yarandım” və s.
Bəhram özünü milli ruha, milli kimliyə, inanca, imana, özüylə
mənəvi savaşa kökləyən gəncdir. “Ruhum, mübariz ol”, “Qul olmaram”,
“Yıxılmaq adətim deyil” hayqırqırtıları ilə öz mənəvi mizantərəzisinin
gözlərini əyilməyə qoymamaq onun lirik dünyasının əsas məramıdı.
“Oyuna bənzəyən dünya adlı bir qatarda” yola çıxan,
çox şirnikləndirici məqamlara rast gəlsə də, nəfsini, tamahını
özbaşına buraxmayan, cilovunu möhkəm saxlayan, zamanın nəbzini
duyan ürəyində həmişə savaş var – yaxşıları qorumaq, xeyirə
qol-qanad vermək, bədxahları islah etmək, şərin nəfəsini kəsmək savaşı.
Gənc şairin Vətən sevgisi də inancı, amalı, məsləki kimi safdı,
pafoslu deyil, səmimidi. Fəxr edir “qürurla, sevinclə yaşadığı” ana
Vətəni ilə. Ali Baş Komandanın, ərənlərimizin, xalqımızın sarsılmaz
birliyi ilə 44 gün ərzində Zəfərimizlə bitən, azad olan, bütövləşən
Azərbaycanın hər qarış torpağı, dağı, daşı, qayası Bəhramın
ilham mənbəyidi:
Gözəllik, səadət yağır üzündən,
Gələn hər mehmanın zövq alır, Vətən!
Məkan gözəllikdən ibarətdirsə,
Qoynunda yaşayan şövq alır, Vətən!
Adları əbədiyyətdə ən ali məqamda çəkilən Mübarizləri, Poladları,
Cəbrayılları – “sınmaz qayaları sındıranlar, düşmənin mənfur
canında qorxu xəstəliyi yaradanlar”, “Dəmir yumruq”la xain
yağının başını əzənlər, ən yeni qəhrəmanlıq tarixi yazanlar Bəhramın
söz dünyasının əbədiyyət yolçularıdır, “ruhu müqəddəs edən
Vətən”in xilaskarlarıdır:
Qan görən, qanından qorxmayanlarım,
Vətənə çevrildiz, axdız qanımda.
Bəhramın mənəvi dünyası poetik dillə bəşər övladına müdrik
ismarışlar ötürür, “ürəyindən sevgi axır, ruhu oruc tutur” insanlara
“mənə ümid verin, həvəs də verin, boy atım dünyanın dərinliyinə”
təvəqqesindədir. Onun “misraları ruhunun şah damarı”dı.
Bilir ki:
Vəhdət olmayınca
Yıxılar insan,
Özü öz içindən
Yox olar insan.
Onun yolu müqəddəs yoldu – “təqvaya gedən yol”du, “aşiqlik
yolu”du, “Haqqa sarı yol”du, “qəlblərdən keçən yol”du, “ruhu
məbəd kimidi”. İlahi söz yolunda olanlar “haqqı demək üçün gəlib”
bu dünyaya, əmindir ki, “əxlaqı ilə təməl qurub, idraka söykənib”,
bu yol dostların qəlbindən keçir, güc alır sevgilərdən”, bu yol
“səadətə işıq saçır”. Bəhram inanır ki, “söz” varisi quran qalır”.
Sinəmdə sevgilər böyüyür ancaq,
İlahi nəfəsli yaza bənzəyir.
Ədalət yolunda dirçəlir adım,
Haqqın zirvəsində böyüyürəm mən.
Aşiqlik yolunu seçəndən bəri,
Allaha üz tutub yüyürürəm mən.
O, Vətənin oğlu olmaqla bərabər ona həyat, nəfəs verən, mənəvi
dünyasını zinətləndirən valideynlərinin başucalığıdır, iç
dünyası, sözü, qayğıkeşliyi, cəfakeşliyi, qədirbilənliyi ilə sevilən
övladdır. Onun zirvələri həm də atası və anasıdır. Onlar Bəhramın
təxəyyülü ilə desək, Məkkədən üstündürlər. Bu, müqəddəs kitabımızın
tövsiyəsidir. Onun ilahi eşqinin mənbəyi onlardır, Bəhrama
görə, bu dünyanın ən gözəl varlıqları ata və anadır:
Yaşam səbəbim də sənə bağlıdır,
Səninlə dirçəlir, ucalıram mən.
Ana “müqəddəs varlıqdı, varlıqlar içində, sevgini, sevməyi
öyrədəndi, varlığı torpağa şərəf gətirər” Anasının sağalması üçün
“cücərdib dualar göndərən” oğul “əllərini Tanrı eşqinə açır:
Neynirəm dünyanın bar ağacını,
Can verən, yaşadan, sağalt anamı.
Bəhram həm də qayğıkeş, dünyadan nigaran gənc atadır. Arzuları
bu cahana sığmayan, Vətənə oğul böyüdən ata. Oğlunun gözlərində,
üzündə özünün uşaqlığını axtarır, balaca Bəhramı tapır, qürrələnir,
atalıq məsuliyyəti onu bu dünyaya qırılmaz tellərlə bağlayır:
Anladım atalar nələr çəkirmiş,
Sevgilər yolunda qeyrət əkirmiş.
Oğul qarşısında düşmən çökürmüş,
Çözdüm bircə-bircə gözümdə, oğlum.
Bəhrama bir arzum var - mövzu rəngarəngliyi axtarışlarını genişləndirsin.
Şeirlərini oxunaqlı etmək, sözün dəyərini artırmaq üçün bu vacibdir.
Bu kiçik iradım onun poetik axtarışlarının daha
da qol-qanad açmasına səbəb olacağına inanıram. Poeziya insanlara
faydalı həqiqətləri çatdırmalıdır. Bəhram buna səy göstərir, ancaq
özünün üzərində daha çox işləməli, mütaliə vərdişini artırmalıdır.
Özünə qarşı tələbkar olmalı, birinci növbədə özü özünü redaktə
etməli, cilalamalıdır. Bu, hikmətli söz yolunda uğurun təməlidir.
“Eşqin sönməsin”, Bəhram, “sözünün kəsəri” həmişə iti olsun.
Özün demişkən,
Kim ki, Haqqı söyləyər, Haqq verər ərənlərə!
Vaqif OSMANLI,
araşdırmaçı-yazar, ədəbi təhlilçi