Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Əli və Nino". 60-dan çox dilə çevrilmiş yeganə Azərbaycan romanı (1927). Əlavə: polemik üç material

Müəllif:

Qurban Səid (Məhəmməd Əsəd bəy)


Kateqoriya:

Mühacir və diaspor



Qısa Təsvir:

Qurban Səid (Məhəmməd Əsəd bəy) "Əli və Nino". 60-dan çox dilə çevrilmiş yeganə Azərbaycan romanı (1927)


Baxış sayı: 41
    
    


Qurban Səid (Məhəmməd Əsəd bəy) "Əli və Nino". 60-dan çox dilə çevrilmiş yeganə Azərbaycan romanı (1927)

Əsərin müəllifliyi Yusif Vəzir Çəmənzəminliyə təxmin edilir.
Türk nəşrindən Azərbaycan dilinə çevirənlər: Orxan və Fikrət Vəzirov qardaşları.


"Əli və Nino" Vikipediya, açıq ensiklopediyada

Əli və Nino - Qurban Səid təxəllüsü ilə yazan Azərbaycan mühacir ədəbiyyatının nümayəndələrindən biri olan Məhəmməd Əsəd bəyin yazdığı məhəbbət romanı.

"Əli və Nino" ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P. Tal Verlaq tərəfindən nəşr edilmişdir. Bir çoxlarının günümüzün ən gözəl məhəbbət romanı kimi qəbul etdiyi "Əli və Nino" dünyanın 27 dilinə tərcümə edilmişdir. Uzun illər boyu əsərin həqiqi müəllifi avstriyalı baroness Elfrid von Ehrenfels olaraq qəbul edilmişdir. Lakin Amerikalı şərqşünas Tom Reis əsərin əslində Azərbaycanın yəhudi mənşəli yazıçısı Lev Nissembauma məxsus olduğuna dair tutarlı faktlar irəli sürmüşdür. Müəllif baroness Elfrid von Ehrenfelsin isə yalnız Əsəd bəyin məşuqəsi olmasını sübut etmişdir.

 Əsərin qısa məzmunu

Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqe etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.

Əli xan Şirvanşir rus məktəbndə təhsil alan əsilzadə müsəlman gəncidir. Ailəsinin tamamilə şərq-müsəlman adət-ənələrinə sadiq olmasına baxmayaraq, Əli oxuduğu məktəb və Qərb-xristian dünyasına məxsus olan gürcü qızı Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalmışdır. Lakin bununla belə Nissembaum öz əcdadlarının adət-ənələrinə ömrü boyu sadiq qalacaq, Azərbaycanın müstəqilliy uğründa həyatını qurban verəcək əsl Azərbaycanlı vətənpərvər gənc Əli obrazını yaradır.

Əsərdə Əlinin Ninoya məhəbbəti və Əli xan Şirvanşirin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən söhbət açılır. Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nigahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyni yumşaldır.

Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə qaçirmasından sonra drammatik xarakter alır. Əli dininin qaydalarına uyğun olaraq xain ermənini öldürür, lakin Ninoya əl qaldırmağa cürət etmir. Əli erməninin yaxın qohumlarının gözlənilən intiqamından yaxa qurtarmaq üçün Bakını tərk etməli olur.

Aylar sonra Nino Əlini ucqar kəndlərin birində yoxsulluq və səfalət içində tapır və dərhal onunla evlənir. Rusiya inqilabı və türklərin doğma Bakısını azad etmək məqsədilə Azərbaycana yürüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirəsindən sonra Nino ilə İrana yollanır. Nino İranda ev dustağna çevrilməsi səbəbindən özünü tamamilə yalqız və bədbəxt hiss edir. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli və Nino yenidən Bakıya qayıdır və yenicə qurulmuş dövlətin mədəni həyatında fəal iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransada səfiri vəzifəsi təklif olunur və təklifi Nina da müsbət qarşılayır, lakin Əli imtina edir. O Ninonun özünün İranda necə bədbəxt hiss etdiyin xatırlayır və eyni haqibət ilə qarşılaşmaqdan çəkinir. Əlinin gənc ömrü rusların 1920-ci ildə bir daha Azərbaycana yönəlmısi ilə başa çatır. Nino isə yenicə dünyaya gəlmiş körpələri ilə Gürcüstana qaçır. Əli xan Şavanşir Gəncənin bolşeviklərdən müdafiəsi döyüşlərində şəhid olur.

 

TOM REYSS: "ƏLİ VƏ NİNO" ROMANI AZƏRBAYCAN GERÇƏKLİYİNİ ƏKS ETDİRİR"


Söhbətləşdi: Aydın Xan (Əbilov), yazıçı-kulturoloq

 Amerikalı publisist və ədəbiyyatçı Tom Reyss müxtəlif vaxtlarda Azərbaycanın paytaxtına - Bakı şəhərini baş çəkmiş, ölkəmiz haqqında maraqlı yazılarını jurnalist kimi yaradıcılıq əlaqələri saxladığı "Nyu-Tayms" qəzetinin, eləcə də "Nyu-Yurker" dərgisinin səhifələrində çap etdirmişdir.
Səfərlərinin birində dostunun ona təqdim etdiyi "Əli və Nino" romanının ingiliscəyə tərcüməsi ilə tanış olmuş və Azərbaycan milli ədəbiyyatına - mədəniyyətimizə olan marağı birə-on artmışdır. Bu marqlı əsər, həmçinin onun yazanı ilə bağlı qızğın mübahisələrə baxmayaraq, Tom Reyss bu dəyərli romanının müəllifi haqqında, dolayısı Azərbaycan ədəbiyyatı barədə araşdırmalar aparmaq, kitab yazmaq həvəsinə düşüb və bu niyyətini gerçəkləşdirmək üçün yenidən Bakıya səfər edir. Məhz o səfər vaxtı Tom Reysslə görüşüb söhbətləşdik.

- Cənab Reyss, Azərbaycana xoş gəlmisiz.

- Çox sağ olun.

- Mümkünsə, özünüz barədə məlumat verəydiz.

- Problem görmürəm: mən bütün dünyada yaxşı tanınan Harvard Universitetində ali təhsil almış, tarix və ədəbiyyat ixtisaslarına yiyələnmişəm. Ədəbiyyat sahəsində diplom alandan sonra üç il doğma universitetimdə tələbələrə dərs demişəm. Avropanın mədəni, ədəbi və tarixi irsi ilə bağlı elmi tədqiqatlar aparmışam. Daha sonra Amerikada aparıcı mətbuat orqanı sayılan "Nyu-York" qəzeti redaksiyası ilə əməkdaşlıq etmişəm. Nyu-York şəhərinin aparıcı ədəbi-mədəni jurnallarından sayılan "Nyu-Yurker"in səhifələrində də tez-tez yazılarla çıxış edirəm.

- Ölkəmizə növbəti səfərinizin əsas məqsədini bilmək olarmı?  

- Azərbaycana növbəti dəfə gəlişimin əsas məqsədi vaxtilə "Nyu-Yurker" jurnalında çap edilmiş məqalənin davamı kimi yazmaq istədiyim yeni kitabım üçün ətraflı materiallar toplamaqdır. Jurnaldakı məqalənin əsas mövzusu "Əli və Nino" romanının maraqlı, mübahisəli və qeyri-adi taleyi ilə bağlıdır. Əsərin bəzi sirlərini oxuculara, xüsusən də Qərb ədəbiyyatsevərlərinə açmaq istəyirəm. Sirlərdən bəhs edəndə isə əsasən bu romanın müəllifi ilə bağlı qızğın mübahisələri nəzərdə tuturam. Mənim yazacağım bu kitab bir çox ölkələrdə - Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Avstriyada, İtaliyada və nəhayət, Almaniyada işıq üzü görəcək. Hazirda bu ölkələrdə kitabın çapı üçün razılaşmalar var. Ola bilsin ki, gələcəkdə başqa ölkələrdə də bu kitab işıq üzü görsün.

- Maraqlıdır, görəsən, araşdırmalarınız jurnalist maragından irəli gəlir, yoxsa ədəbiyyata olan sevginiz sizi bu işə həvəsləndirib.

- Bu romanı birinci dəfə ingilis dilində oxumuşam. Böyük çətinliklə romanın alman dilində tərcüməsini Avstriyanın paytaxtı Vyana şəhərində - köhnə bir kitab dükanında əldə etdim və orijinalını da oxudum. Bildiyimə görə, əsər ilk dəfə alman dilində nəşr olunub. Bakıya ilk gəlişim zamanı bu kitabı mənə təqdim etmiş tanışım bildirdi ki, "Əli və Nino" romanını oxumaqla Azərbaycanı tanımaq, anlamaq olar. Dogrudan da bu əsər Azərbaycanla tanış olmaq üçün ən gözəl kitablardan biridir. Sözun düzü, bu əsərə qədər mənim Azərbaycan ədəbiyyatı ilə yaxından tanışlığım yox idi.
Onu da qeyd edim ki, Qərbdə Azərbaycanın zəngin ədəbiyyatı haqqında o qədər də məlumat yoxdur. Və sözsüz ki, dünyanın aparıcı dillərinə çevrilmiş "Əli və Nino" romanı ilə tanışlıqdan sonra Qərb oxucusu Azərbaycan ədəbiyyatı ilə bağlı müəyyən təsəvvürlərə malik ola bilər. Çox adamalarn Azərbaycan haqqında ilk təsəvvürləri bəlkə də bu dəyərli əsərdən başlayır. Bu baxımdan həmin romanın ədəbiyyat tarixində misilsiz rollu və əhəmiyyəti var.
Hər hansı bir ölkəni digər aləmlə birləşdirən, bir növ mədəni körpü rolunu oynayan kitaba az-az rast gəlmək mümkündür. Elə kitab ki, bir ölkəni, bir diyarı dünyaya tanıtdırsın: "Əli və Nino" romanı elə əsərlərdəndir. Roman o qədər güclüdür, onun mahiyyəti o qədər zəngindir ki, əsəri əlinə alan bir daha onu təkrar oxumağa həvəs göstərir. "Əli və Nino" romanı Azərbaycandan olub-olmamasından, bu respublikanı tanıyıb-tanımamasından asılı olmayaraq, ölkə haqqında, burada yaşayan insanlar barədə dolğun məlumatlar verməyə qadir bir əsərdir. Şəxsən mən əsəri ilk dəfə oxuyanlara həmişə deyirəm ki, bu roman sizi biganə qoya bilməz. Azərbaycan haqqında məlumatınız olmasa belə, həmin əsərlə tanışlıqdan sonra sizdə bu gözəl ölkəyə çox böyük maraq oyanacaq.
Sualınızın ikinci hissəsi haqqında onu bildirim ki, mən vaxtilə akademik sahədə çalışsam da, həmişə kütləvi oxuculara ünvanlanan araşdırmalarla məşğul olmağa səy göstərmişəm. O mənada bu araşdırmanın arxasında həm jurnalist marağı, həm də ədəbiyyatçı həvəsi durur.

- Mən bu sualı əbəs yerə vermədim: bizim ədəbi aləmdə hazırda bu romanın müəllifi haqqında bir neçə fikir mövcuddur. Bir qisim yaradıcı şəxs və filoloji elmlərlə məşğul olan alimlər əsərin müəllifliyini əsrimizin əvvəllərində yaşayıb-yaratmış, böyük yazıçı, eyni zamanda ictimai xadim kimi tanınmış Yusif Vəzir Çəmənzəminliyə aid edirlər. Digərləri "Əli ve Nino" romanını Qurban Səidin, ya da Məhəmməd Əsəd bəyin, bir başqaları isə Leo Nissenbaumun qələm məhsulu sayırlar. Maraqlıdır, sizcə, belə bir mübahisələrə səbəb olmuş romanı Azərbaycan gerkəçliyini əks edən milli ədəbiyyat nümunəsi kimi qəbul etmək nə qədər düzgün olur?
Onu da vurğulamaq yerinə düşər ki, 1990-cı ildən bəri bu mübahisələr get-gedə daha da qızışır. Bu yaxınlarda isə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Azərbaycan Ədəbiyyatı İnstitutu ilə Respublika Yazıçılar Birliyinin birgə keçirdikləri mötəbər toplantıda əsərin Yusif Vəzir Çəmənzəminliyə aidiyyəti haqqında ümumi rəyə gəlinib. Qonağımız bu fikirlərin hansısı ilə razıdır?

- Heç biriylə... Bu fikirlərin heç birinə qəti üstünlük verə bilmərəm. Hazırda əsas məqsədim dünya miqyasında bu əsər haqqında və onun müəllifi barədə ən geniş, müxtəlif məlumatları toplamaqdır. Ola bilsin ki, yazacağım kitabın çapına qədər müəyyən bir fikrə gələcəyəm. Amma əsas məqsədim bu məsələ barədə daha çox fikir toplamaq, mülahizə dinləməkdir. Ancaq onu da qeyd edim ki, Azərbaycandan kənarda - başqa ölkələrdə bu əsər Leo Nissenbaumun qələm məhsulu hesab edənlərin tərəfdarları daha çoxdur. Yəhudi mənşəli olmasına baxmayaraq, Leo Nissenbaum müəllifliyini qəbul edənlərin əksəriyyəti onu bir azərbaycanlı kimi qəbul edir, ruhən, mənəviyyat və mədəniyyətinə görə, vətənini sevən, onu dərindən öyrənən bir yaradıcı şəxs kimi tanıyırlap.

- Azəpbaycanda bu problemi araşdıran hansı mütəxəssislərlə söhbətləşmisiz və bundan sonra görəcəyiniz işlər barədə danışmagınızı xahiş edirik...

- Bu işlə əlaqədar Azərbaycan Yazıçılar Birliyinə müraciət etmişəm. Birliyin sədri Anarbəylə görüşmüş, onun məsləhətlərini dinləyəndən sonra AYB-nin katibi Arif Əmrahoğlu ilə də söhbətləşmişəm. Arif bəyin köməkliyilə bu məsələylə məşğul olmuş, bir neçə mütəxəssislərlə, o cümlədən cənab Tofiq Hüseynoğlu, professor Pənah Xəlilov, Yusif Vəzir Çəmənzəminlinin kiçik oğlu Fikrət Vəzirovla görüşüb söhbət etmişəm. Bütün bu şəxslərin o məsələdə fikirləri oxşardır: "Əli və Nino" romanının müuəllifi Yusif Vəzir Çəmənzəminlidir. Lakin fərqli mövqedə duran mütəxəssislər də var ki, onların sırasında cənab Çərkəz Qurbanlı ilə professor Zeydula Ağayev də var. Sözsüz ki, mən onlarla da görüşmək niyyətindəyəm. Ümumiyyətlə, Azərbaycanda bu problemə biganə olmayanların hamısı ilə görüşüb söhbətləşmək istərdim. Onların fikirləri mənim üçün çox maraqlı olardı.
Romanın müəllifi ilə bağlı məsələdən başqa, mən eyni zamanda Leo Nissenbaum haqqında geniş məlumatlar toplamağa, onu Bakıya bağlayan tellərə fikir verməyə çalışıram. Onun Azərbaycanda doğulub boya-başa çatması, Bakı ilə bağlılığı və yaşadığı dövr haqqında məlumatlara da diqqət yetirəcəyəm.
Yeri gəlmişkən, Leo Nissenbaumun özü barədə da çox ziddiyyətli fikirlər var. O mülahizələrin həqiqətə nə qədər uyğun olmasını dəqiqləşdirmək mənim özüm üçün də çox maraqlıdır.
Mənim gəlişimin əsas məramı "Əli və Nino" romanı ilə bağlı yazacağım kitab üçün materiallar toplamaq olsa da, başqa bir niyyətim də var: Azərbaycanın tarixi, eləcə də hazırkı vəziyyəti, mədəniyyəti, ədəbiyyatı ilə maraqlanmaq, cəmiyyətinizin müxtəlif tərəfləri ilə dərindən tanış olmaqdır. Fikrimicə, öz məqsədlərimə çatacağam...

- Cənab Reyss, maraqlı söhbətə görə çox sağ olun. ABŞ-a qayıtdıqdan sonra amerikalı dostlarımıza səmimi salamlarımızı çatdırmağınızı xahiş edirik.

"Ədəbiyyat qəzeti", 2001

E-mənbə / link: http://artyazar.azeriblog.com/2008/11/07/tom-reyss-eli-ve-nino-romani-azerbaycan-gerchekliyini-eks-etdirir

 

Ədəbiyyat : Əli və Nino" haqqında həqiqətlər...

Orxan müəllim, tanınmış ədəbiyyatşünas alim Şamil Cəmşidov vaxtilə atanızın - görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin gündəliyindən bəzi səhifələri "Panorama" qəzetində çap etdirmişdi. "Gündəlik"dən səhifələri oxuyanda bir məqam nəzərimi daha çox çəkdi. Gənc Yusif Vəzir 1907-ci ilin aprel-may aylarında qələmə aldığı xatirələrində gimnaziyanın səkkizinci sinif şagirdi "N" adlı bir qızdan bəhs edir, ona hədsiz duyğular bəslədiyini yazır. Atanızın vaxtilə yaşadığı evlə üzbəüz olan göy rəngli evdə yaşayan "N" haqqında nəsə bilirsinizmi?
- Yusif Vəzirin, haqqında bəhs etdiyi "N" adlı həmin gimnaziya şagirdi haqqında mənim yeganə qənaətim və bilgim ondan ibarətdir ki, "N" əslində "Əli və Nino" romanının baş qəhrəmanlarından birinin - Ninonun prototipidi. Məsələyə bu yöndən işıq salan Şamil Cəmşidovun qənaətini də bu baxımdan qəbul edirəm.
- Ola bilərmi ki, "N" heç də Nino yox, hər hansı bir Nərgiz, Nərmin adının şərti baş hərfini bildirsin?
- Qətiyyən yox. Bu, ancaq Nino ola bilər. Sözü gedən gündəlikdə 22 aprel 1907-ci il tarixli yazıya nəzər sal. Yusif Vəzir orada yazır ki, o, yəni "N" həmişə gülür, pəncərənin qabağında gəzişir, ya nə isə kart göstərir... Kart sözünə fikir verirsənmi? Çox ola bilsin ki, "N" ona demək istəyirmiş ki, kartla taleyimizə fal açmışam. Sizcə kartla fal açmaq, ya əlindəki kartı nümayiş etdirmək azərbaycanlı qıza xas ola bilərmi?
- Siz "Əli və Nino" romanının adını çəkdiniz. Səhv etmirəmsə, atanızın ilk hekayəsi olan "Məlik Məmməd" də Çəmənzəminli Əli xan imzasıyla nəşr olunub... Maraqlıdı, "Gündəlik"də Yusif Vəzir "N" adlı qızdan bəhs edir, ilk hekayəsini də Əli xan təxəllüsü ilə yazır. Ola bilərmi ki, "Əli və Nino" əsərinin adını Yusif Vəzirin məhz bu "N" və Əli təxəllüsündən götürsün?

- Bilirsiniz, o şey ki, göz qabağındadı, onu sübut, şərh etməyə heç bir ehtiyac da qalmır. Yusif Vəzir 1911-ci ildə Kiyev Universitetinin ikinci kursunda təhsil alarkən görür ki, erməni tələbələr Azərbaycan xalq nağıllarını öz adlarına çıxıb çap elətdirirlər. Bu da götürüb "Məlik Məmməd nağılı"nı yazır və böyük çətinliklə yaratdığı Kiyev İslam tələbələrinin nəşriyyatında nəşr etdirir. Mən indi 1911-ci ildə Kiyev İslam tələbələrinin nəşriyyatında çap edilmiş "Məlik Məmməd (uşaqlara nağıl)" kitabının titul səhifəsinin fotosurətini sənə göstərirəm. İmzaya fikir ver - Çəmənzəminli Əli xan. Görürsənmi, Yusif Vəzir gündəliyində sevdiyi qızın adını "N" deyə göstərir, öz kitabında isə təxəllüsünü Əli xan deyə yazır. Eyni zamanda, "Əli və Nino"da da söhbət Əli xandan və Ninodan gedir. Bu, təsadüf ola bilməz. Yusif Vəzir mühacirətdə olarkən ailəmizə ünvanladığı açıqcanı Əli təxəllüsüylə imzalamışdı. İndi hərdən düşünürəm ki, bu, onun bizə mesajı, üstüörtülü xəbərdarlığı, "Əli və Nino" romanına olan işarəsiymiş. Təəssüf edirəm ki, o zaman həmin açıqcanı, məktubu qoruyub saxlaya bilmədik, ya da heç mahiyyətini başa düşmədik. Anam sadə, savadsız qadın idi. Çox şeyin mahiyyətinə varmırdı. Yadıma gəlir, bir dəfə atam kitablarını, əlyazmalarını yığıb odlamaq qərarına gəlmişdi. Ola bilsin ki, anam fədakarlıq göstərib "yandırma" desə, o sənədlər, əlyazmalar hələ də qalırdı. Ancaq atama son ümid yeri belə göstərilmədiyindən o sənədləri gözümüzün qabağında yandırdı. Bircə o yadımdadı ki, atam üzünü anama tutub yana-yana deyirdi: "Vaxt olacaq bu alovlanan sənədlərin, əlyazmaların misli olmayacaq, bunlar qızıldan, altundan qiymətlidi". Beləcə, o sənədlər yanıb kül oldu. Özüylə bərabər çox mətləbləri də kül altda qoydu. Yusif Vəzir bir çox taxma adlar altında yazmağı xoşlardı. Türkiyədə nəşr olunan "Yeni forum" dərgisində dr.fethi Tevetoğlunun "Türk ədəbiyyatında taxma adlar" başlıqlı məqaləsi dərc olunub. 1990-cı ildə çar edilən həmin dərginin 11-ci sayının 36-cı səhifəsində fethi Tevetoğlu Yusif Vəzir Çəmənzəminlinin 1887-ci ildə Şuşada anadan olduğunu, Sərsəm, Çəmənzəminli, Qurban Səid, Yusif bəy Vəzirov imzalarıyla əsərlər yazdığını göstərir. Bundan başqa, atam "Çəmənzəminli Əliqulu xan", "Y.V.Çəmənzəmənli", "Y.V.", "Y", "Yazıçı" və başqa adlar altında da yazıb. Ədəbiyyatşünas Şəlalə Hümmətli isə tutarlı faktlar əsasında bu siyahıya bir gizli imzanı da əlavə edib - "Sərsəb". Bu adın mənası "qızıl at" deməkdir. Bilirik ki, at dastanlarımızda, əsatir və nağıllarımızda arzuya, murada yetirən varlıq obrazı kimi təlqin olunur. Yusif Vəzirin ömrü boyu intizar, həsrət çəkmiş bir ziyalı kimi bu obraza müraciət etməsi təbiidi.
- Yusif Vəzirin taxma adlarından birinin Qurban Səid olduğunu dediniz. Bu, bir faktdı ki, "Əli və Nino" romanı da ilk dəfə bu imzayla nəşr olunub.
- Bəli. 1937-ci ildə ilk dəfə alman dilində çap edilən bu romanın müəllifi kimi Qurban Səid göstərilmişdi. Yeri gəlmişkən deyim ki, "Səid" əslində "Seyid" sözünün təhrif edilmiş şəklidi. Yusif Vəzirin anasının adı Seyid Əzizdi. Onların birgə şəkli də durur. Atası isə öz dövrünün tanınmış Şuşa bəylərindən olan Mirbaba bəydir. Yeni çıxacaq kitabımda bütün bunlar haqqında yazmışam. Qoy indi ara-sıra Yusif Vəzirin şəcərəsini yəhudi milləti ilə bağlamaq cəhdində bulunanlar oxuyub görsünlər ki, necə bir nəslin yetirməsi olub Yusif Vəzir.
- Ancaq düşmən dəyirmanına su tökənlər Yusif Vəzirin milli mənsubiyyətinə kölgə salmaq niyyətində ola bilər. Bu sarıdan narahatçılığa elə bir əsas görmürəm.
- Elə deyil axı... Əgər Yusif Vəzirin halal əsəri, yadları demirəm, onun öz soydaşları tərəfindən bir Kiyev yəhudisinin adına çıxılırsa, o imzayla nəşr edilirsə, həmin o yəhudinin haqqında film çəkilib yayımlanırsa, bir başqası da Yusif Vəziri qeyri-millətdən olan bir yazıçı olduğunu gündəmə gətirir. Özlərini gündəmdə saxlamaq istəyənlər bu yolda hər cür milli naqisliyi özlərinə rəva bilirlər. Bax budur, götür bax, bu kağızlar Yusif Vəzirin ata-anasının, babalarının milli mənsubiyyətini göstərən, təsdiq edən möhürlü, imzalı sənədlərdi. Çəmənzəminlinin müəlliflik hüququnu dananlar üçün bu sənədlərə göz yummaq nədir ki?
- Dediniz ki, "Əli və Nino" romanı ilk dəfə 1937-ci ildə alman dilində Qurban Səid imzasıyla nəşr olunub. Bəs dünya oxucularının bu əsərlə tanışlığı hansı səbəbdən ötən əsrin 70-ci illərinə qədər uzanmışdı?
- Bu barədə xalq yazıçısı Qılman İlkin "Əli və Nino" romanının müəllifi Yusif Vəzir Çəmənzəminlidir" məqaləsində bəhs edib. Əsərlə dünya oxucularının belə gec tanış olması onunla izah olunur ki, faşistlər Vyana və Almaniyada bütün kitabları yandırarkən "Əli və Nino" romanının nüsxələri də onların içərisində məhv edilmişdi. Yalnız 1969-cu ildə Ceniya Qremen adlı bir nəfər rəssam Qərbi Berlinin bukinist mağazalarından birinin toz basmış rəfindən tapdığı yeganə nüsxə romanın sonrakı taleyini həll etmişdir.
- Azərbaycan ədəbi ictimaiyyəti, elmi-analitik fikri bu romanın Yusif Vəzir Çəmənzəminliyə məxsus olduğunu isbatlayır. Bir qrup tədqiqatçı isə əsər müəllifinin yəhudi əsilli Lev Nüssenbaum olduğunu iddia edir. Məlumdu ki, Lev Nüssenbaumun taxma adı Əsəd bəydi. Bu mübahisəli məsələ haqqında sizin fikirlərinizi bilmək maraqlıdı.
- İlk öncə tanınmış ədəbiyyatşünas Əli Yavuz Akpinarın Türkiyədən görkəmli Azərbaycan alimi Abbas Zamanova 1972-ci ildə ünvanladığı üç məktubdan ikisinə nəzər salaq: "...Yusif Vəzir Çəmənzəminlinin olduğu qüvvətlə təxmin edilən "Əli və Nino" Türkiyədə böyük ilgiylə qarşılandı... (14.02.1972, Ərzurum)", "Əli və Nino" Türkiyədə Qurban Səid taxma adıyla yayınlandı. Çünki Almaniyada almanca olaraq yayınlanan əsli də bu imzayla yayınlanmışdı. Kitabdakı ön sözdə bu xüsusda geniş məlumat var. Daha sonra yayınlanan araşdırmalar bu əsərin Y.V.Çəmənzəminliyə aid ola biləcəyini ortaya qoydu... 9 iyun 1972, Ərzurum".
Əsərin Yusif Vəzir Çəmənzəminliyə məxsus olduğunu isə xaricdə birinci olaraq tanınmış türk ədəbiyyatşünası Mustafa Türkəqul və Vaşinqton xəstəxanalarından birində radioloq işləyən Yusif Qəhrəman açıqlayıblar. Romanın Türkiyə nəşrinə müqəddimə yazmış Səmih Yazıçıoğlu Amerikada yaşayan həmin yurddaşları ilə əlaqə saxlayaraq Yusif Vəzir haqqında çox məlumatlar əldə etmişdir. Mustafa Türkəqul məlumat verir ki, "Əli və Nino"nun mövcudiyyətini Üzeyir Hacıbəylinin fransada yaşayan qardaşı Ceyhun bəy Hacıbəyli bizə söyləmişdi. Mustafa Türkəqul yazır: "Yusif Vəzir ... bu əsərin almancasını Avstriyanın paytaxtı Vyana şəhərində bir nəşriyyat evinə verir. Vyanadakı nəşriyyat şirkəti sahibi Toll ailəsindən indi yalnız Tollun arvadı sağdı".
Azərbaycanda isə "Əli və Nino"nun Çəmənzəminliyə məxsus olması barədə ilk dəfə Bəylər Məmmədov 1987-ci ildə "Elm və həyat" jurnalının 12-ci sayında məlumat verib.
O ki, qaldı əsərin guya yəhudi əsilli Lev Nüssenbaum tərəfindən yazılmasına, əvvəlcə baxıb görək bu adam kimdi... Tədqiqatçıları onun haqqında yazırlar ki, guya o, 1905-ci ildə Bakı şəhərində doğulub. Budur, sizə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş arxiv idarəsi tərəfindən şifahi sorğuma cavab olaraq göndərilən 9153 saylı 5 may 1996-cı il tarixli, arxivin direktoru Salahlı tərəfindən imzalanmış arayışı təqdim edirəm. Burada aydın yazılıb: "Sizin şifahi sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Lev Nüssenbaumun 1905-ci ildə Bakı şəhərində anadan olması haqqında heç bir məlumat aşkar olunmamışdır. Sənədlərdə Nüssenbaum familiyalı yalnız 1907-ci ildə anadan olmuş Yakov Nüssenbaum var ki, atası Abram-Vulf İskoviç, anası isə Xaya-Divka qeyd edilmişdir".
Həmin idarə 8 may 1997-ci ildə şifahi sorğuma verdiyi 9 / 157 saylı arayışda da yuxarıda deyilənləri təsdiq edir. İndi gəl "Almaniyada Azərbaycan İstiqlal Komitəsi"nin rəisi Hilal Münşinin 1930-cu ilin 2 martında "Odlar yurdu" dərgisində nəşr etdirdiyi "Şərqdə neft və qan" adlı əsərin müəllifi kimdir?" məqaləsinə nəzər salaq. Orada yazılıb ki, 1921-ci ildə "Eden" hotelinə, onun yanına Abraham Nüssenbaum adlı bir zat gəlib "Leo" ismini daşıyan 14 yaşlı oğluna Azərbaycan hökumətindən təhsil üçün pul verilməsini xahiş edir. Eyni zamanda, bildirir ki, o, bu məqsədlə Rus Mühacir Komitəsinə də müraciət edib, hətta Berlin Yəhudi Yardım Cəmiyyəti də ona laqeyd qalıb, Cürcü Cəmiyyəti də. Təbii ki, 150 adamı birləşdirən Azərbaycan Cəmiyyətində belə bir şəxsi tanımadığından Hilal bəy onun kimliyini araşdırmaq məcburiyyətində qalır. Sonra həmin Abraham Nüssenbaumun oğlu Leonun "Əsəd bəy" imzasıyla yazdığı yuxarıda adı çəkilən kitabını oxuyanda şaşırır. "Əgər mən doqquz sənə əvvəl bu əsərin müəllifini və onun babasını görməmiş və tanımamış olsaydım və bu iki şəxsin rəsmən polis tərəfindən axtarıldığına və yaşlarına bələd olmasaydım, şübhəsiz, Əsəd bəyi 40 ilə 50 yaş arasında təsəvvür edərdim. Həqiqətdə isə bu gün bu yalançı fantaziyaçı 25 yaşına belə çatmamışdır. 20 oktyabr 1905-ci ildə Kiyevdə doğulan Əsəd bəy (Nüssenbaum) hansı bir yollasa əlinə bir rəsmi gürcü pasportu keçirərək 1921-ci ildə atası ilə bərabər Berlinə gəlmişdi". Həmin jurnalda "Etiraz səsləri" adıyla dərc edilən məqalənin altında isə azərbaycanlılar adından Cavad bəy Vəzirinin, Hilal Münşinin, Zahid Əfəndinin, gürcülər adından isə Gürcüstanın Almaniyadakı sabiq səfiri doktor Achinetelinin imzası var. Orada yazılır: "Müəllif şərqli deyildir və "Əsəd bəy" ismini daşımaqdadır. Onun həqiqi ismi alman polisinə də verdiyi doğru məlumata görə 20 oktyabr 1905-ci ildə doğulmuş olan Leo Nüssenbaumdu".
Berlin Universitetinin Tədris Şurası adından Paul funke isə 4 aprel 1930-cu ildə nəşr etdirdiyi məqaləsində yazır: "Almaniyada qonaq sifətində yaşayan kiyevli dissident Leo Nüssenbaum Berlin institutuna daxil olmaq üçün özünün ilkin sınaq müddəti hüququndan bu cür (məqalədə onun yalan məlumatlarından bəhs olunur) istifadə edir ki, buna da dövlət nümayəndələri xüsusi diqqət yetirməlidilər".
Gəl indi "Russkaya Mıslı" qəzetinin 10 - 16 fevral 2000-ci il tarixli 4304-cü sayındakı bir məqaləyə nəzər salaq. Nepolitan ölkəşünası Karlo Hayt həmin məqalədə göstərir: "İkinci Dünya müharibəsi başlamazdan bir az qabaq Lev Nüssenbaum ağır olan fil xəstəliyinə tutulub Pozitano şəhərinə köçür. Bir dəfə onun işlədiyi yerli idarəyə Amerikadan məktub və Əsəd bəyə aid olan sənəd və materiallar göndərilir. Onun keçmiş amerikalı arvadı məktubunda xəbərdarlıq edir ki, özünü azərbaycanlı kimi qələmə verən Əsəd bəy qətiyyən azərbaycanlı deyil, yəhudidir. Burada əlbəttə ki, adamlar təşvişə düşüb onun mənşəyini təyin etmək üçün sorğu-sual aparırlar. Lakin Nüssenbaum öz əslini gizlətməyə nail ola bilmişdi. Hətta o, Mussolinini müdafiə etmək məqsədilə yazdığı məqaləni polisə təqdim etmişdi. Məqalədə göstərilirdi ki, faşizm siyasətində islam dininə bənzəyir".
Məqalə müəllifi göstərir ki, indi Nüssenbaumun qəbri üzərində ərəb və latın əlifbaları ilə yazılan "Məhəmməd Əsəd bəy" sözləri təəccüb doğurur.
"Kurtuluş" dərgisinin 1935-ci il tarixli 7-8-ci sayının 214-cü səhifəsinə nəzər salaq. Burada Hilal Münşi bəyin məruzəsi dərc edilib. Məruzədə deyilir: "Əsərin (söhbət "Neft və qan" əsərindən gedir) intişarından bir neçə gün sonra bu "zadəgən" hərifin "Əsəd bəy" deyil, Leo Nüssenbaum və "dədəbəyi" atasının da Abraham Nüssenbaum olduqlarını həm Berlin polisi və həm də xariciyyə nəzarəti meydana çıxardı". Azərbaycan haqqında Alman nəşriyyatından "Azərbaycan Yurt Bilgisi 2-ci Kanun, (1934 il N-5)" dərgisinə verdiyi məlumatda Berlin Universitetinin professoru, doktor K.Yeşke də Əsəd bəylə Nüssenbaumun eyni şəxs olduğunu təsdiqləyir və yazır: "Əsərdə o qədər vəhşi bir fantaziya aşkar edilmişdir ki, bu adam mötəbər bir müəllif kimi qəbul edilə bilməz". "Əsəd" sözünün bir mənası da "şir"di. Görünür Lev (Leo) özünə taxma ad seçərkən bu amili də nəzərə alıb və onu izləyən polisi yayındırmaq üçün müsəlman adına sığınıb. Hilal Münşi "Vcrliner Tribun" qəzetində dərc edilmiş yazısında qeyd edir. "Nüssenbaum Berlin darülfünundakı təhsilinə gəldikdə üç fakültə təşəbbüsündə bulunmuş, ancaq müxtəlif səbəblərdən dolayı hamıdan rədd cavabı almışdı. Hətta darülfünun türkiyyat sahəsində təhsilini davam etdirməyə belə çalışdığını istehza ilə söylədi. Lakin türk lisanına aşina olmadığından adlarını unutduğu bəzi müdirlər tərəfindən rədd edildiyini söylədi".
Təsəvvür edin, yuxarıda istinad edilən məqalələr 1930-1935-ci illərdə Almaniyada nəşr edilən dərgilərdə çap edilib. O zaman Lev Nüssenbaum, qondarma Əsəd bəyin özü sağ olub. Ancaq bu məlumatları, haqqında deyilənləri bircə cümləylə təkzib etməyib.
İndi baxın, Yusif Vəzirin bəzi soydaşları, bizim bir para televiziya verilişlərimizin müəllifləri cidd- cəhdlə yəhudi Lev Nüssenbaumu təqdir edir, hətta Əsəd bəyi azərbaycanlı bir şəxs, "Əli və Nino" əsərinin müəllifi olduğunu isbatlamağa çalışaraq, dəridən-qabıqdan çıxırlar.
- Tanınmış ədəbiyyatşünas Pənah Xəlilov, xalq yazıçısı Qılman Musayev, şair Abbas Abdulla, qardaşınız rəhmətlik fikrət Vəzirov, elə siz özünüz də "Əli və Nino" üzərində tekstoloji araşdırmalar apararaq Yusif Vəzir yaradıcılığından kifayət qədər paralellər ayırmısınız. İstərdik onlardan bir neçə misal gətirəsiniz.
- Yaxşı bir söz var ki, əlyazmalar yanmır. Bu mübahisəli məsələ haqqında ən yaxşı sözü əldə olan mətn deyir. fikir verin, "Əli və Nino"nun 1993-cü il nəşrinin 35-ci səhifəsində yazılır: "Şuşa çox mömin şəhər idi. Buradakı məscid və kilsələr altmış minlik əhali üçün kifayət idi". İndi baxaq, Yusif Vəzirin əsərlərinin 3-cü cildindən 267-ci səhifəyə: "Şuşa o zaman əyalət şəhərləri içərisində ən mədənilərindən biri sayılırdı. Əhalisi qırx minə qədər idi. Bir çox xan sarayı, məscidlər hələ qalırdı". "Əli və Nino"da (səh.46): "Mən Ninoya bulaq başında, şəlalələr yanında yox, Nikolay küçəsində, məktəb yolunda rast gəlmişdim". Çəmənzəminlinin əsərlərinin 3-cü cildinin 316-cı səhifəsinə baxaq: "Nikolay küçəsindəki Hacı Hacıağa karvansarasında..." Görürsünüzmü, hər iki əsərdə eyni küçədən, Nikolay - indiki İstiqlal küçəsindən söhbət gedir. Yenə də "Əli və Nino"da (səh.47): "Atası onu həmişə özü ilə Peterburqa aparırdı. Rus qadınlarının... gözləri ehtirasla dolu olur, ərlərini tez-tez aldadıb başqaları ilə gəzirlər". İndi atamın 11 iyul 1909-cu ildə yazdığı Peterburq gündəliyinə nəzər salaq: "Nəhayət, Peterburqa gəlib çıxdım... Neva prospektində gəzərkən isə alçaq qadınların iyrənc hərəkətlərinin şahidi olursan".
Romanda: (səh. 99) - Orada, Davud dağında bir qəbir vardı. Bu qəbir şair və əlahəzrət çarın naziri Aleksandr Qriboyedov yatırdı. Onun məzar daşının üstündə bu sözlər yazılmışdı: "Sənin əməllərin unudulmazdır, amma nə üçün Ninonun məhəbbəti sənin ömründən uzun oldu?"
"fokusnik" jurnalı (1904-cü ildə Y.V.Çəmənzəminli Şuşa real məktəbində oxuyan zaman əmisi oğlu Mirhəsən Vəzirovla birlikdə rus dilində buraxdığı jurnal): "1828-ci ildə A.Qriboyedov İran sarayı yanında çarın səlahiyyətli naziri vəzifəsinə təyin olunur. O, 1829-cu il yanvar ayının 30-da Tehranın qara camaatının qarışıqlıq salması nəticəsində öldürülür və şairin cəsədi Gürcüstana gətirilib müqəddəs Davud monastrında dəfn edilir. Onun məzarı üstündə qadını Nino tərəfindən ucaldılan dəbdəbəli abidənin üstündə bu sözlər yazılmışdı: "Sənin ağlın və əmllərin rusların xatirəsində əbədidir, amma nə üçün mənim məhəbbətim səndən artıq yaşadı?".
Romanın 64-cü səhifəsi: "Əli xan, heç olmasa bir uniforma alaydınız". Yusif Vəzirin əsərlərinin 3-cü cildində 224-cü səhifə: "Məktəbin uniformasını sevinclə geydim". Yaxud, romanda: "Qız qaçırma köhnə sınaqdan çıxmış yoldur, bizim adətimizə uyğundur". Həmin cildin 143-cü səhifəsində Çəmənzəminli yazır: "Qız götürülüb qaçmağa gəldikdə bu vəhşi adət vətənimizdə geniş bir meydan məşğul edir". Heç vaxt yəhudi olan bir kəs "bizim adətmizə görə qız qaçırmaq köhnə sınaqdan çıxmış yoldur, bizim adətimizə də uyğundur" deyib yaza bilməz. Bunu ancaq azərbaycanlı yaza bilər. Əsərdə bu cür paralellər tapmaq yüzlərlədi, hansını deyim?
- Zaman çox şeyi yerbəyer edir. Yəqin ki, gələcəkdə tədqiqatçılar bu mühüm faktlar üzərində daha çox dayanacaqlar.
- Şübhəsiz. İndi Sevil İrəvanlı adlı bir gənc tədqiqatçı Yusif Vəzirin yaradıcılığını tədqiq etməkdədir. Başqaları da var. Ümid edirəm ki, gec-tez hər kəs öz haqqını alacaq.
- Sağlıq olsun.

Söhbətləşdi: Sərvaz Hüseynoğlu

E-mənbə: http://azerworld.info/modules/news/article.php?item_id=190

 

Manaf Sababi, İsveç

Bir çox xüsusatlar Lev Nissembaumun bu romanın müəllifi olmadığını göstərir

İlk olaraq 1980-ci illərdə Qurban Səidin adını bir isveçli dil müəllimindən eşitdim. O xanım mənim azərbaycanlı olduğumu bilib Qurban Səidin adını çəkdi. Təəssüflə "Bu azərbaycanlını tanımıram", - deyərək susdum. Ürəkdən istədim ki, bu xanım Şəhriyar, Səməd Vurğun, Pərvin Etisami kimi tanınmış (hər halda, bizlər üçün) azərbaycanlılar haqda söz salsın və mən onların əsərləri barədə məmnuniyyətlə fikir söyləyim. Amma neyləməli ki bu böyük azərbaycanlıların əsərləri və adları Qərbdə Qurban Səid ilə müqayisədə hələ kifayət qədər şöhrət qazanmayıb.


Bu hadisənin üstündən neçə illər keçmişdi və bir gün kitabxanada gözümə Qurban Səid adlı bir kitab toxundu və həmin kitabı alıb evə gətirdim. Kitab "Əli və Nino" adı ilə 1937-ci ildə alman dilində Vyanada nəşr olunmuş və sonra neçə Avropa dillərinə, o cümlədən ingilis, fransız və isveç dillərinə tərcümə olunmuşdu.

 

"Əli və Nino" 1905-ci il Rusiya inqilabı ərəfəsində bir müsəlman azərbaycanlı ilə gürcü qızı arasında məhəbbət əhvalatından danışırdı. Azərbaycanlı aristokrat ailədən olan Əli Xan Şirvanşir Nino Kipiani adlı gürcü qızına hələ məktəb dövründən aşiq olur və sonra onunla evlənir. Bu arada müəllif Əli xanın ikiüzlü erməni dostu - əbədi xəyanət simvolu - Nacarariyanı və XX əsrin başlanğıcında Qafqazda baş verən siyasi hadisələri da qələmə almışdı. Joan Vain, romanın müqəddiməsində yazdığı kimi, müəllif tarixi epizodlar yaratmışdı. Eyni halda, müəllif o çağdakı Şərq ilə Qərb (eləcə də islamiyyət ilə xristianlıq) arasında bağlılıqları və ziddiyyətləri də hərtərəfli göstərməyə cəhd edir. Romanın həyəcanlı səhnələri dəyişik yerlərdə (Bakı, Şuşa, Tiflis və Dağıstanda) formalaşsa da, tarixi hadisələrin detalları Bakıda və Tehranda qələmə alınır. Qeyd etmək lazımdır ki, müəllif bir akademik tarixçi olmadığı üçün, bəzi hadisələri, o cümlədən Teymurləngin yeddi dəfə Tiflisə yürüşünü (Nino deyir) və ya Fətəli şahın dövründə Rusiya səfirliyinə hücum səhnəsi və şahın o tədbirdən razı qaldığını düzgün izah etmir.

 

Qurban Səidin kimliyi haqda məlumat verilmədən nəşr olunan bu əsər uzun illərdən bəri Azərbaycan alimlərini narahat edib. Eyni zamanda, yəhudi və alman alimləri də bu müəllifə sahib durmağa cəhd edirlər. Bəzi rəvayətlərə görə, "Əli və Nino" Azərbaycanın məşhur yazıçısı Yusif Vəzir Çəmənzəminlinin əsəridir. Digər rəvayətlərə görə, müəllif ziyalı ailəsindən olan bir vətənpərvər azərbaycanlı dissident (siyasi qaçqın) olmuşdur. O, qohumlarını Stalin təhlükəsindən qorumaq üçün qondarma (yalançı) addan istifadə etmişdir.

 

Amma amerikalı jurnalist Tom Reiss (New Yorker, 1999, oktyabr) iddia edir ki, "Əli və Nino"nun müəllifi islam dinini qəbul etmiş bir yəhudidir. Tom Reissə görə, onun adı Lev Nissembaum idi və müsəlman olduqdan sonra Əsəd adını götürmüşdü. Lev 1905-ci ildə Bakıda almaniyalı zəngin bir yəhudi ailəsində doğulmuşdu və sonra bolşeviklərə görə vətəni tərk edib Berlinə getmişdi. O Əsəd adı ilə 15-dən çox əsər yazır və nəhayət, onun yəhudiliyi aşkar olunduqdan sonra, 1935-ci ildə qaçıb Vyanaya gedir. Tom Reissə görə, Lev bir alman baronunun arvadı Elfreyd von Ehrenfelsin məşuqu imiş və əslində, 1937-ci ilin şəraitinə görə, Elfreyd "Əli və Nino" romanı müəllifinin təxəllüsü olur. Lev 1938-ci ildə İtaliyanın Rozitano kəndinə qaçır və 1942-ci ildə 36 yaşında orda ölür və kəndin müsəlman qəbiristanlığında dəfn olunur.

 

FAKTLAR ÇƏMƏNZƏMİNLİ VƏ NİSSEMBAUMUN ƏLEYHİNƏ SÖZ DEYİR

 

Məncə, Qurban Səidin kimliyinin ədalətli həlli üçün bu variantları diqqətlə analiz etmək lazımdır.

 

1. Yusif Vəzir Çəmənzəminlinin bu əsərin müəllifi olması konkret sənədlərlə rədd olunmalıdı. Hansı səbəblərə görə ancaq bu əsərdə qondarma addan istifadə etməsi aydın deyil. Almanca ilk dəfə bu əsərin Vyanada nəşr olunması da Çəmənzəminlinin xeyrinə söz demir.

 

2. Ola bilsin ki, bu əsər bir az azərbaycanlı dissident vasitəsilə Vyanada yazılmış və ya oraya göndərilmiş, sonra alman dilinə çevrilib nəşr olunub. Müəllif qohumlarının təkidi ilə onları bəlaya salmayım deyə, qondarma addan istifadə etmişdir. Bu variantın əleyhinə heç bir sənəd olmadığına baxmayaraq, o biri variantların rəddi isə bu variantın həqiqətə daha yaxın olduğunu sübut edir. Əlavə etmək lazımdır ki, "Əli və Nino" romanı İlyas bəyin sözü ilə sona çatır. Orada İlyas bəy romanı nə cür ələ keçirdiyini bildirir və sonra onu Əli xanın ailəsinə verəcəyini vurğulayır.

 

3. Müəllifin Lev Nissembaum olub-olmaması xüsusunda romanda bir sıra ciddi və əhəmiyyətli məlumatlar var və onların incələnməsi gərəkdir. O məlumatlar bundan ibarətdir:

 

1. Birinci bölümdə Əli bəy qeyd edir ki, onun əmisi "Əsəd-ed-Devlə" Nəsrəddin (1848-96, İran) şahın ətrafında vəzifə sahibi olmuş, o isə Qacar şahlarının sarayında baş verən hadisələrə və əhvalatlara romanda aydınlıq gətirə bilir. Bundan əvvəl Azərbaycan əyalətinin başçısı Həsən Qulu xan ilə silahdaş olan İbrahim xan Şirvanşir (Əli bəyin babası, Səfər xanın atası) də Qacar şahları ilə sıx əlaqədə olmuşdur. Bu münasibətdən asılı olaraq müəllif geniş siyasi və ictimai məlumata malikdir. Bu həqiqətə qüvvət Əli xanın verdiyi məktubun son günündəki suala cavabdır. Müəllif o cavabda tarixi hadisələri qalib rus baxışının əksinə azərbaycanlı versiyasını (Şirvanşir ailəsinin versiyasını) təqdim edir. Bu, aydınca isbat edir ki, "Qurban Səid" Lev Nissembaum ola bilməəz. Ona görə ki, 1905-ci ildə anadan olmuş və islam dinini qəbul etmiş bir yəhudi belə bir xüsusi məlumata şahid ola bilməzdi. O dövrdə mövcud qaynaqlardan istifadə etmək də mümkün ola bilməzdi, çünki şahın ətrafında ali vəzifəyə malik olan ancaq o məlumatlara əl yetirə bilərdi.

 

Romanın 16-cı bölümündə müstəqil Azərbaycan Respublikası yaratmaq istiqamətində ilk hissədəki dialoqların izahı aydınca göstərir ki, vətənpərvər azərbaycanlılardan başqa, o yığıncaqda əslən azərbaycanlı olmayan (məsələn, islam dinini qəbul etməmiş bir yəhudi) iştirak edə bilməzdi və hətta bir bəhai dinli azərbaycanlı o toplumda iştirak etsə də onun ancaq vətənpərvərlik hissləri üstün tutulur. Lev isə o toplumda ola bilməzdi və olsaydı da illər keçəndən sonra o, hadisələri belə detalları ilə izah edə bilməzdi.

 

2. Romanın 5-ci bölümündə Qarabağ haqda söz gedir. Müəllif bir yəhudi olsaydı, yəqin ki, erməninin bu iddiası haqda başqa bir cavab verməliydi. Bu, bir müsəlman azərbaycanlının standart fikri kimi deyilir. Bundan başqa, müəllif Əli xan ilə Seyid Mustafa arasında Osmanlı qoşununun Bakıya yaxınlaşması ərəfəsində fikir mübadiləsində türklərin qardaş xalq olduğunu, onların şiə imamlara xəyanətindən üstün göstərir. Yəqin ki, islam dini qəbul etmiş almaniyalı bir yəhudi heç vaxt öz dini hissini milli hissdən aşağı tutmazdı.

 

3. 10-cu bölümdə Birinci dünya müharibəsi xəbərini eşidərkən Əli xan Quran kitabına müraciət edir və onu oxuyur. Həmçinin Tehranda olduğu zaman farsca danışması və şer deməsi müəllifin fars və ərəb dillərinə bağlılığını və qabiliyyətini aydınca göstərir. Beləliklə, 1905-ci ildə anadan olan Lev Nissembaum gənc yaşda yüksək səviyyədə Azərbaycan, rus, ərəb, fars, alman və yəqin ki, ivriti öz ana dili kimi bilməsi bir az həqiqətəuyğun gəlmir. Bir azərbaycanlı aristokratın bu dilləri öyrənmək imkanında olduğunu "Əli və Nino" nağılından anlamaq olar.

 

4. Müəllif romanın 22-ci bölümündə İranda yerləşən Ənzəli şəhərinin ev quruluşunu, xalqın əhvalını xırda detallarına qədər eynilə izah edir. Sonra, 23-cü bölümdə Rəşt ilə Tehran yolunu, Tehranın şəhər strukturunu o dövrə dəqiq uyğunluqla təsvir edir, həmin dövrdə saraylarda və xalq arasında hakim olan etik normaları bir tarixçi kimi yazır. Müəllif detallara davam edir və 24-cü bölümdə Tehranda siyasi mərkəzdən xəbər verir.

 

Romanda yazılan əhvalatlara diqqət yetirilərsə, aydınca görünür ki, Lev Nissembaum belə bir roman yaza bilməzdi. Belə dəqiq detalları vermək üçün o hadisələrdə iştirak etmək lazımdı və Lev Nissembaum nə yaşına, nə də sosial imkanlarına görə bunu edə bilməzdi.

 

Lev Nissembaum islam dinini qəbul etmişdisə, nədən onun romanında Əli xan heç zaman namaz qılmır və ya Nino və Nacarariyan ilə mübahisədə dini arqumentlərdən istifadə olunmur?

 

Bu romanın yəhudi Lev Nissembaum və alman qadın Elfreyd von Ehrenfelsin bilik məhsulu olduğuna dair iddialar da (Matt Nesviski, "Yeruselim post" qəzeti, yanvar, 2001) həmin yuxarıdakı qeyd olunan səbəblərə görə rədd olunmalıdır. Buna əlavə olaraq Elfreyd öz əsl adından yazılarında istifadə etmişdir. Lev Nissembaumun kim olduğuna gəldikdə isə, yəqin ki, Cenia Qraman (ilk dəfə romanı alman dilindən ingilis dilinə çevirib) və Tom Reiss demişkən, o, həmin Əsəd bəy olmuş və onun yazıları bioqrafik xarakter daşıyır.

 

İndi isə Cenia Qraman yenə də başqa bir romanın 1938-ci ildə Qurban Səid tərəfindən yazıldığını iddia edir (The Girl from the Golden Norn, Noyabr 2001). Roman Qurban Səidin müəllifliyi ilə dərc olunur və burada bir türk qızının Berlin şəhərindəki məhəbbət əhvalatından söz açır. Asiadeh Anbari (bir türk paşa qızı) birinci dünya müharibəsindən sonra Berlində olarkən bir alman həkimə (Dr. Hass) aşiq olur və yenidən bu iki fərqli kültürlər arasındakı ziddiyyətləri izah edir. Bu əsərdə ifadə olunan qəm-qüssə və bəlalar "Əli və Nino" kimi güclü deyil. Məncə, bu roman ilə "Əli və Nino" arasında çox fərq var və həmin şəxsin bu iki romanın müəllifi olması mümkün deyil. Məsələn, yazılan metaforalar və həyəcanlı səhnələrin izah formasını göstərmək olar. Həmçinin Azərbaycan qaydaları və ənənələrinin Türkiyə qaydalarından fərqli olduğu müəllif üçün belə bir imkanı yarada biblməz. Əlbəttə, təbiidir ki, kitabı çox tirajla satılsın deyə Cenia bu iddianı irəli sürmüş olsun.


O da aydındır ki, qeyri-qanuni təşəbbüslərə qarşı "Əli və Nino" romanının əsl yazarı qanuni mərkəzlərə müraciət etməyəcək. Həqiqətən, ola bilsin ki, bu yeni romanın müəllifi Əsəd bəy olsun, amma bu iddia da şübhə altına alınmalıdır...


E-mənbə: http://www.elm-az.narod.ru/index.htm