Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Sabir Rüstəmxanlı. Seçilmiş əsərlər. 15 cilddə. VI cild

Müəllif:

Sabir Rüstəmxanlı


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Türk dünyası və milli ədəbiyyatımızın kamil nümayəndəsi, istedadlı bədii-fəlsəfi söz/fikir ustadı, estetik-humanitar, ictimai-mədəni düşüncəmizin görkəmli nümayəndəsi, dəyərli ictimai-siyasi xadim, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, uzun müddət məsul dövlət vəzifələrində çalışmış, Milli Məclisin sabiq üzvü, Xalq şairi Sabir Rüstəmxanlının yarıməsrdən çox yaradıcılıq yolunun ədəbi-poetik, bədii-fəlsəfi nümunələrinin - seçilmiş əsərlərinin elektron variantı. "Azərbaycanın ədəbi-kulturoloji sərvəti" silsiləsindən olan bu e-nəşrlər YYSİB ilə www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın müştərək kreativ-innovativ layihəsi çərçivəsində yayımlanır. 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanmışdır. Bu cildə müəllifin milli bədii-tarixi nəsrimizin dəyərli nümunələri - "Xətai yürdü, Xalq meydanı" romanı və "Atamın ruhu" povesti daxil edilmişdir.


Baxış sayı: 643
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net 


 Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təqdimatında



"Azərbaycanın ədəbi-kulturoloji sərvəti" kreativ-innovativ layihəsi seriyası N 06



  Elektron kitab N 58 (06 - 2025)


 

Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən "Azərbaycanın ədəbi-kulturoloji sərvəti" kreativ-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayımlanır.




Kulturoloji layihənin maliyyələşdirən qurum: kitabxana.net və YYSİB



Rəsmi FB səhifəmiz:


www.facebook.com/groups/kitabxana



Sabir Rüstəmxanlı



"Seşilmiş əsərlər"



On beş cilddə



VI Cild



Bədii-fəlsəfi, tarixi nəsr nümunələri



"Xətai yürdü, Xalq meydanı"



Roman



"Atamın ruhu"



Povest



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb


Milli Virtual-Elektron Kitabxananın e-nəşri - 2025


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 


Aydın Xan Əbilov


YYSİB sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü


Sabir Rüstəmxanlı. SEÇİLMİŞ ƏSƏRLƏRİ. VI cild. Bakı, Qanun nəşriyyatı, 2022, 600 səh. 


Türk dünyası və milli ədəbiyyatımızın kamil nümayəndəsi, istedadlı bədii-fəlsəfi söz/fikir ustadı, estetik-humanitar, ictimai-mədəni düşüncəmizin görkəmli nümayəndəsi, dəyərli ictimai-siyasi xadim, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, uzun müddət məsul dövlət vəzifələrində çalışmış, Milli Məclisin sabiq üzvü, Xalq şairi Sabir Rüstəmxanlının yarıməsrdən çox yaradıcılıq yolunun ədəbi-poetik, bədii-fəlsəfi nümunələrinin - seçilmiş əsərlərinin elektron variantı. "Azərbaycanın ədəbi-kulturoloji sərvəti" silsiləsindən olan bu e-nəşrlər YYSİB ilə www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın müştərək kreativ-innovativ layihəsi çərçivəsində yayımlanır. 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanmışdır. Bu cildə müəllifin milli bədii-tarixi nəsrimizin dəyərli nümunələri - "Xətai yürdü, Xalq meydanı" romanı və "Atamın ruhu" povesti daxil edilmişdir.


Azərbaycanın Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlının seçilmiş əsərlərinin VI cildinə onun bir bəlgəsal romanı və özkeçmişinin motivləri əsasında qələmə alınmış bir povesti daxildir. “Xətai yurdu, Xalq meydanı” adlı roman sənədlər və müəllifin müşahidələri əsasında yazılmışdır. İyirminci yüzilin 70-80-ci illə rində xalqların milli özünüdərk duyğularının güclənməsi, SSRİ-nin dağılmasının qarşısını almaq üçün Kreml tərəfindən alovlandırılan millətlərarası nifaq, Ermənistanın ərazi iddiaları, 1988-ci ilin Meydan epopeyası və Azərbaycanda müstəqilliyin bərpası ilə nəticələnən milli-azadlıq hərəkatı əsərdə müəllifə məxsus gözəl bədii- publisistik üslubda qələmə alınmışdır. Romanda bir sıra tanınmış insanların, müstəqillik uğrunda mübarizənin önündə gedən tarixi şəxsiyyətlərin obrazları yaradılmışdır.

“Atamın ruhu” müəllifin özkeçmişi ilə bağlı olsa da müstəqilli yimizin ilk illərində baş verən olaylara da işıq tutur, ata-oğul müna sibətlərinin psixoloji incəliklərinə toxunur və insan ruhunun ölməz liyini göstərir.



Müəllifin digər e-kitabları burada:


https://kitabxana.net/author.php?author=974



DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


Xalq şairi Sabir Rüstəmxanlı



 Müasir Azərbaycan ədəbi-ictimai fikrinin inkişafında özünə-məxsus xid mətləri olan görkəmli yaradıcı ziyalılardan biri də Sabir Rüstəmxanlıdır. Son otuz ildə milli şüurun, vətəndaşlıq poeziyası və publisistikasının, demokratik ictimai fikrin, yeni tipli ziyalı mədəniyyətinin dirçəlişi və təşəkkülü yollarındakı mücadilələrdə Sabir Rüstəmxanlının adı və imzası ardıcıl olaraq qabarıq şəkildə nəzərə çarpmışdır.

 Ədəbi-ictimai mühitdə o, milli ruhlu şair və alim, vətəndaş publisist və ictimai xadim kimi tanınır. Sabir Rüstəmxanlı həm də bütöv şəxsiyyəti və çoxcəhətli fəaliyyəti ilə yeni nəslin içərisindən çıxmış Azərbaycan ziyalısının canlı obrazı kimi ümumiləşir. Orta nəsil ziyalılarının keşməkeşli ömür və sənət yolu, mübarizə, çətinlik və uğurları onun timsalında cəmləşə, əks-səda tapa bilir.

Sabir Xudu oğlu Rüstəmxanlı 20 may 1946-cı ildə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Atası Xudu kişi İkinci Cahan savaşında iştirak etmiş, müharibədən qaytdıqdan sonra taleyini bütünlüklə doğma torpağa, halal zəhmətə bağlamışdır. “Bir əli cəbhədə əsgər, biri Yardımlıda əkinçi olmuş”, həyatın mənasını minnətsiz yaşamaqda və övladlarının pərvanəsi ol maqda görən Xudu kişinin sərtliyi, halallığı və fədakarlığı, çoxuşaqlı ailənin əzab-əziyyətini çəkməkdə “cüt qanad kimi” atanın ən etibarlı dayağına çevrilmiş, övladlarına “təmizlikdən dərs demiş” Ağanaz ananın “qaşqabaqlı istəyi” Sabir Rüstəmxanlının qəlbində “yalın ayaqların nəğməsi kimi” yaşayan unu dulmaz uşaqlıq mühitinin cövhərini təşkil etmişdir. Sabir həm də “cilası tor paqdan gələn köhnə bir kotanın polad tiyəsindən” ucalan məktəb zənginin əks-sədası, habelə “dünyanın ən qədim ayini kimi əkin-biçin nəğməsi”nin xeyir- duası ilə böyümüşdür.

 Bunlar onun ömür və sənət yolunun əsas mənəvi özülü və bünövrəsi olmuşdur. M.F.Axundov adına Yardımlı orta məktəbini bitirdik dən sonra kəndlərinin “dünyanı qucan qolu” olan, “ən böyük yollarla qucaqlaşan”, “şaxəli ildırım kimi yerə sərilmiş” doğma kənd yolları onu Bakıdakı böyük ədəbi-ictimai mühitə qovuşdurmuşdur. Sabir Rüstəmxanlı 1963-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır. Altmışıncı illər mühitində nəzərəçarpacaq səviyyədə dərinləşən milli proseslərin universitet mühitində özünəməxsus yer tutması, soykökə, tarixə qayıdış “dərslərinin” genişlənməsi bütövlükdə yeni nəslin, o sıradan da Sabir Rüstəmxanlının dünyagörüşünün formalaşmasının əsas faktı kimi öz işini görmüşdür.

Artıq universitet illərində Sabir Rüstəmxanlı “torpağı ot deyil, kişi göyərdən” Vətənin tarixinə, xalqın milli dəyərlərinə yaxından bələd olan, güvənən, müqəddəs adət-ənənələrimizin yaşadılması zərurətini dərindən dərk edən, “bir kənd məhəbbətinin tələsən sürəti” ilə milli varlığımızın ifadəsinə can atan ziyalı gənc kimi formalaşmışdır.

Tələbəlik illərində qələmə alınmış şeirləri bədii nümunələr olmaqdan başqa, həm də şəxsiyyətin ideya-mənəvi yetkinləşməsi prosesinin təkamül notları təsiri bağışlayır. Bu mənada Sabir Rüstəmxanlının tələbə ikən yazdığı “Təbriz xiyabanı”, “Yardımlı yollarında”, “Müqəddəs adətlər”, “Bir yol istəyirəm” və s. kimi şeirləri onun sonrakı vətəndaşlıq poe ziyasının möhkəm, etibarlı təməlidir.

Ali məktəb dövrünün uğurlu poetik bəhrəsi olan “Vətən” şeiri Rüstəmxanlı yaradıcılığının ilkin parolu və tutumlu bir səviyyədə proqramı kimi səslənir:

 

Bir əlçim buluddu,

 Bir ömür umuddu,

Bir içim sudu.

Yandıqca odlanan ocaqdı,

 Daddıqca dadlanan arzudu.

Bir dərə bahar leysanıdı;

21 Azərin qanıdı.

Cavadxanın qətl yeridi,

 Sabirin “Fəxriyyə”şeiridi.

Dağları dumanda itən –

 Vətən...,Vətən.

 

Hadinin şeir bazarıdı,

Füzulinin dağıdılmış məzarıdı,

Taleyin ələnən ələyidi,

 Durna lələyidi.

Araz hörüyündən

Kəməndə düşmüş Sevildi.

“Ənəlhəq” harayıdı,

Ələsgərin sazıdı,

 Qədim əlyazmasıdı –

Dahilər boylanır sətirlərindən

Vətən..., Vətən.

 

Həyatının 1967-1978-ci illəri əhatə edən on ildən artıq bir dövrünü həsr etdiyi “Ədəbiyyat və incəsənət” qəzetindəki əməkdaşlıq mərhələsi Sabir Rüstəmxanlı üçün ikinci universitet adlanmağa layiqdir. Redaksiyada kiçik ədəbi işçi kimi fəaliyyətə başlayan gənc ziyalının qəzetlə əməkdaşlıq edən, yaxud burada çalışan görkəmli yazıçı, şair, tənqidçi və ədəbiyyatşünaslarla səmərəli ünsiyyəti, elmi-ədəbi mübahisə və müzakirələrdə yaxından iştirakı ona ali təhsildən daha artıq bilik, məlumat və təcrübə vermişdir. Əməkdaş kimi bu nüfuzlu qəzetin sə hifələrində tez-tez çap olunmaq imkanı qazanması Sabir Rüstəmxanlının res publika miqyasında tanınmasına, özünü təsdiq etməsinə şərait yaratmışdır. Onun bir çox ciddi şeirləri və publisistik yazıları məhz “Ədəbiyyat və incəsənət” qəzeti vasitəsilə ədəbi-elmi ictimaiyyətə və oxuculara çatdırılmışdır. Sabir Rüstəmxanlı bu qəzetin həmin illərdəki zəngin və maraqlı ədəbi mühitində for malaşma mərhələsini yekunlaşdırmışdır. Bu dövrdə o, sıravi əməkdaşlıqdan tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri vəzifəsinə qədər yüksəliş dövrü keçmişdir. S.Rüstəmxanlı eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında qiyabi təhsil almış, 1976-cı ildə məşhur folklorşünas, professor Məhəmmədhüseyn Təhmasibin rəhbərliyi ilə “Cəlil Məmmədquluzadə (“Molla Nəsrəddin”) və folklor” mövzusunda dissertasiya yazıb müdafiə edərək filologi ya elmləri namizədi elmi adını almışdır. Sonralar da o, “Abbas Tufarqanlı”, “Xətai möcüzəsi”, “Ozan baba”, “Böyük yadigar” kimi şifahi xalq ədəbiyyatına dair qiymətli məqalələr yazıb çap etdirmişdir, çoxsaylı məruzə və çıxışlarında, şeirləri və poemalarında folklor qaynaqları və ənənələrindən yaradıcı şəkildə bəhrələnmişdir.

Çap etdirdiyi şeir kitabları – “Tanımaq istəsən” (1970), “Sevgim, sevin cim” (1974), “Xəbər gözləyirəm” (1979) və yaddaqalan elmi-publisistik məqalələri hələ yetmişinci illərin sonlarından etibarən Sabir Rüstəmxanlını ümum respublika ədəbi mühitinin ön mövqelərinə çıxarmışdır. 1978-ci ildən o, Azərbaycan Yazıçılar İttifaqının üzvü kimi tanınmış yazıçılarla bir cərgədə yaradıcılıq tədbirlərinin ən fəal iştirakçılarından, bəzi məqamlarda isə təşkilatçılarından birinə çevrilmişdir. Beləliklə, onun nüfuz və tanınma dairəsi genişlənmişdir. Sabir Rüstəmxanlı gənc şairlərin beşinci (1971) və onuncu (1978) festivallarında çağdaş Azərbaycan poeziyasının yeni nəslini uğurla təmsil etmişdir. Az sonra o, iştirakçısı olduğu gənc yazıçıların yeddinci Ümumittifaq müşavirəsində (Moskva, 1981), habelə Asiya və Afrika ölkələri gənc yazıçılarının dördüncü beynəl xalq konfransında (Frunze, 1982) Azərbaycan ədəbiyyatı və mədəniyyətinin böyük təəssübkeşi kimi ciddi maraq doğurmuş, diqqət mərkəzində dayanmışdır.

Bu geniş miqyaslı formalardakı uğurlu çıxışları, fəal mövqeyi Azərbaycanda Sabir Rüstəmxanlının timsalında yeni tipli, milli düşüncəli, demokratik ruhlu, yetkin vətənpərvər bir gənc yaradıcı şəxsiyyətin yetişib ərsəyə gəldiyini qabarıq şəkildə nəzərə çarpdırmışdır. Bütövlükdə XX əsrin səksəninci illəri Sabir Rüstəmxanlı üçün ən məsuliyyətli və şərəfli dövrdür. O, hələ 1978-ci ildən çalışdığı təzə iş yerində – “Yazıçı” nəşriyyatında qısa müddətdə baş redaktor vəzifəsinə irəli çəkilmişdir. Bu vəzifə Sabirə milli ədəbiyyat və mədəniyyətimizin dirçəldilməsinə xidmət göstər mək üçün geniş meydan açmışdır.

Nəşriyyat işinin mahir bilicisi, görkəmli ziyalı, mərhum Əjdər Xanbabayevlə birlikdə o, Azərbaycan mədəniyyətinin bütün dövrlərini və ədəbiyyatımızın əsas janrlarını əhatə edən böyük bir milli elmi-ədəbi xəzinə formalaşdırmağa müvəffəq olmuşdur. “Yazıçı” nəşriyyatının müəyyən etdiyi “El ədəbiyyatı kitabxanası”, “Klassik irsimizdən”, “Azərbaycan klassik poeziya inciləri”, “Azərbaycan romanı”, “Şairin kitabxanası”, “Müəllifin ilk kitabı”, “Ədəbi əlaqələr”, “Ədəbi portretlər”, “Dünya ədəbiyyatı kitabxanası” və s. kimi seriyalar üzrə çap olunmuş kitablardan, habelə tərcümə ədəbiyyatından zəngin bir kitabxana yaratmaq mümkündür. Buradakı səmərəli fəaliyyəti həmçinin onun mətbuatla yanaşı, nəşriyyat işinin də problemlərinə, özünəməxsus incəliklərinə dərindən bələd olmasına şərait yaratmışdır.

S.Rüstəmxanlı həm də vətəndaş, şair və nasir kimi tanınmışdır. Milli-demokratik mətbuatın ilk qaranquşu olan “Azərbaycan”adlı qəzeti yaratmaq da Sabir Rüstəmxanlıya qismət olmuşdur. Qısa müddət, təxminən iki il (1989-1991) fəaliyyət göstərməsinə baxmayaraq, baş redaktorun vətəndaşlıq fəallığı, zəngin təcrübəsi və səriştəsi sayəsində “Azərbaycan” qəzeti çətin, məsuliyyətli bir mərhələdə respublikada gedən mürəkkəb ictimai proseslərə fəal təsir etmiş, əsl xalq tribunası olmaq vəzifəsini şərəflə yerinə yetirmişdir.

Tariximizin milli-azadlıq hərəkatı dövründə nəşr olunan bu mətbuat orqanı yalnız “böyük ümumxalq hərəkatına güzgü tutmaqla” qalmamış, demək olar ki, çox vaxt hadisələri qabaqlamış, bütövlükdə demokratik proseslərin sağlam məcraya yön al masına, milli oyanış və dirçəlişə ciddi şəkildə təsir göstərmişdir. Sabir Rüstəm xanlının qəzetin bütün saylarına yazdığı baş məqalələr, burada çap etdirdiyi açıq məktublar və digər publisistik yazılar yeni mərhələdə milli demokratik mətbuatın təməl daşlarını təşkil edir. Tərəddüd etmədən alın açıqlığı ilə demək olar ki, Sabir Rüstəmxanlı “Azərbaycan” qəzetilə milli azadlıq mücadiləsinə, demokratik hərəkata hər hansı bir ictimai təşkilatdan çox xidmət etmişdir.

Regionda geniş miqyas almış mübarizə dalğalarının əhatə dairəsini, hərəkətverici qüvvələrini, əsas fəaliyyət göstəricilərini, nöqsan və ziddiyyətlərini öyrənmək üçün də “Azərbaycan” qəzeti etibarlı mənbə sayıla bilər. XX əsrin səksəninci illərində Sabir Rüstəmxanlı bədii yaradıcılığını da uğurla davam etdirmişdir.

Bu illərdə meydana çıxmış “Gəncə qapısı” (1981), “Sağ ol, ana dilim” (1983), “Qan yaddaşı” (1986) şeir kitabları, habelə məşhur “Ömür kitabı” (1988) onu əsl vətəndaş şair səviyyəsinə yüksəltmişdir. O, artıq yeni nəsil Azərbaycan poeziyasının ən öncül şairlərindən biri kimi ad-san qa zanmışdır. Bu illərdən etibarən onun adı həmçinin Bəxtiyar Vahabzadə, Məm məd Araz, Xəlil Rza və başqaları kimi milli ruhlu yaşlı nəsil şairləri ilə də bir cərgədə çəkilməyə başlamışdır. Sabir Rüstəmxanlı bir sıra mühüm elmi-ədəbi tədbirlərdə məruzə ilə çıxış etmək, əsas, aparıcı sözü demək, ana fikri çatdırmaq üçün etimadnamə almışdır.

Onun Azərbaycan Yazıçılarının VII, VIII və IX qurultaylarındakı, habelə bir sıra yaradıcılıq müşavirələrindəki məruzə və çıxışları geniş elmi-ədəbi dünyagörüşdən, millətin dilinə, tarixinə, mədəniyyətinə və ədəbiyyatına sadəcə bələdlikdən deyil, həm də güclü vətəndaş yanğısından yoğ rulmuşdur. Sabir Rüstəmxanlının mötəbər kürsülərdən etdiyi məruzə və çıxışla rı ədəbi mühitdə qazanılmış uğurları göstərməklə yanaşı, həm də daha çox mövcud problemlərin, kəsir və çatışmazlıqları aşkara çıxarmaq ehtirasının bariz ifadəsidir...

Lakin o, yalnız ittiham etmək, həyəcan təbili çalmaqla kifayətlən mir, ən optimal çıxış yollarını, kəsirləri aradan qaldırmaq üsullarını da görüb göstərməyi özünün vətəndaşlıq borcu sayır. Sabir Rüstəmxanlı ədəbi-ictimai fikrimizin əsas inkişaf istiqamətlərini doğru-düzgün təsəvvür edən və həmin sa hədə ən ardıcıl surətdə çalışan yaradıcı şəxsiyyətlərdən biridir. Sözlə, fikir və ideya ilə konkret əməlin vəhdəti, həqiqət duyğusunu ən ali məqama ucaltmaq onun əsas mənəvi simasını müəyyən edir.

Bütün bunlar Sabir Rüstəmxanlının “Bu, sənin xalqındır” adlı kitabının (1995) iliyi, tac damarı və mayasıdır. Cəsarət, vətəndaşlıq yanğısı, milli mövqe və mənafe, mənəvi sərvətlərimizə övlad münasibəti bu kitabın əsas sarı simi, yaxud “Yanıq Kərəmi”dir. Ayrı-ayrı publisistik məqalələrindən, məruzə və çıxışlarından aşağıda gətirdiyimiz örnəklər həm Sabir Rüstəmxanlının ideya-mənəvi təkamülünün inkişaf pillələrini, həm də Rüstəmxanlı vətəndaşlığının qayəsini aydın surətdə göz önünə gətirir: ... “Vətəndaş duyğusu olmayan yerdə yazıçının fəal həyat mövqeyindən danışmaq mümkün deyil... Yazıçının mövqeyindən söhbət gedəndə mənim yadıma ilk növbədə Mirzə Cəlil və Mirzə Ələkbər Sabir düşür.

...Vətəndaşlıq – təkcə çılpaq tərənnüm, Vətən sevgisinin birbaşa izharı deyil. Vətəndaşlıq yazıçının ruhundan doğmalıdır. Vətəndaşlıq – xalqa məxsus olan ən gözəl keyfiyyətlərin keşiyində dayanmaqdır; yazılan şeirdə bədiilik zəifdirsə, ana dili təhrif olunursa – bu, yalançı vətəndaşlıqdır”.

1978-ci il.

 

***

 

 “...Oxucu səsi sənətkar ömrünün dayağıdır. Bu səs xalqın səsidir. Oxucu məktublarında sadə, səmimi sözlərlə bəzən hətta tədqiqatçıların da duya bilmədiyi, yan keçdiyi həqiqətlərdən danışır. Onları bədii əsərin yaşamaq iqtidarına aydınlıq gətirən barometrə bənzətmək olar”. 1978-ci il.

 

***

 

“...Hərdən öz-özümdən soruşuram: Xətai öz ömrünü kişi kimi yaşayıb getdi. Azərbaycan türkcəsini dövlət dilinə çevirdi. Onun təkbaşına bacardığı işi indi biz hamılıqda görə bilmirik. Bəs neyləyək?” 1981-ci il.

 

***

 

 “...Yurdun folkloru, el sənəti, yer adları, dil tarixi – hamısı küll halında öyrənilməlidir. Təəssüf ki, burada qarışıqlıq hökm sürür. Səhvlər düzəldilmir. İctimai tariximizə və ədəbiyyat tariximizə dair yüzlərlə yanlış fikrə vaxtında cavab verilmir”. 1981-ci il.

 

 ***

 

“Avesta”nın ev tikməyə, yurd salmağa, torpaq becərməyə, halal əməyə çağıran nəğmələrindən, “Dədə Qorqud”un Vətən yolunda ölümü şərəf sayan qəhrəmanlıq boylarından üzü bəri Azərbaycan bədii sözü həmişə insanlığın əbədi qayğılarından danışmış, ədalətin, düzlüyün, nəcibliyin, azad düşüncənin tərəfində dayanmışdır”.

1982-ci il.

 

 

 

***

 

“...Elə adamlar var ki, onların tərcümeyi-halı respublikamızın ümumi tərcümeyi-halına çox bənzəyir, onlar öz talelərində xalqımızın tarixi inkişafının bütöv bir mərhələsinin mürəkkəbliyini və uğurlarını əks etdirirlər”. 1985-ci il.

 

***

 

“...Bir dəfə Bakıda məhkəmə gedişində iştirak edirdim. Hakim azərbaycanlı, iştirakçılar azərbaycanlı, yalnız iclasçılardan biri kənar millətdən idi. Hakim məndən soruşdu ki, hansı dildə danışacaqsınız? Dedim: – Azərbaycan dilində. Dedi: Axı siz ziyalısınız, rayondan da bu gün gəlməmisiniz. Niyə rusca danışmaq istəmirsiniz? Dedim: – Elə mən ziyalı olduğuma görə də azərbaycanca danışmaq istəyirəm. ...Axı Azərbaycan dili təkcə kənddən gələnlərin dili deyil”.

1985-ci il.

 

***

 

“..Təəssüf ki, qeyri-Azərbaycan məktəblərinin bəzilərində bu fənnə (Azərbaycan dilinə – İ.H.) hörmət aşılaya bilmirlər. Azərbaycan dili dərsi səthi keçirilir. Dərslə yanaşı dil də hörmətdən düşür”. 1985-ci il.

 

***

 

 “...İdeoloji mübarizənin sərt təzyiqi ilə bizim mədəniyyətimizi, tarix yollarımızı əyri güzgüdə göstərən, milli böyüklüyümüzü dolaşıq faktlar arxasında pərdələyən kitablar təkcə Qərbi Avropadan kükrəyib çıxmır. Belə kitablara qida verən mülahizələrə elə öz əsərlərimizdə, qəzet və jurnallarımızda rast gəlirik ki, bunun qarşısı vaxtında alınmalıdır”.

 

1986-cı il.

 

***

 

“...İllər uzunu bizdə qəribə bir meyl müşahidə etmişəm. O şey ki, tariximizi qədimləşdirir, zənginləşdirir, o şey ki, Azərbaycan mədəniyyətinin halal malıdır, yüzlərlə müqavimətə rast gəlir. Lakin bizi xırdalayan, təhqir edən, fars, ərəb, rus imperiyalarının quyruğuna bağlayan yad, ziyanlı fikirlər özünə çox tez yol tapır”.

1989-cu il.

 

***

 

“...Təəssüf ki, Moskva mətbuat orqanlarının bəzilərində Azərbaycan ədəbiyyatına laqeyd, birtərəfli, bəzən də qərəzli münasibət duyulur. Onlar Azərbaycan ədəbiyyatını az qala yazısı, ədəbiyyatı inqilabdan sonra yaranan xalqların ədəbiyyatı ilə yanaşı tutur, bəzən hətta daha az yer verirlər”. 1989-cu il.

 

***

 

“.. Burjua millətçisi, pantürkist, panislamist damğaları ilə haqsız güdaza getmiş bir çox qüdrətli ədiblərimiz var ki, onların əsərlərini araşdırıb... nəşr etmək vacibdir”.

1990-cı il.

 

***

 

“...Son illərdə güclənən demokratik və milli azadlıq hərəkatının beşiyi başında bizim kitablarımızın dayandığını fəxrlə deməliyik. Meydanlara gedən milyonların böyük əksəriyyətinin, həm də ən şüurlu hissəsinin yolu bir vaxt ədəbiyyatımızın ehtiyatla, çəkinə-çəkinə işarə elədiyi, üstüörtülü eyhamla gös tərdiyi milli ağrılardan, milli fəlakətlərin dərdindən başlanıb”.

1991-ci il.

 

***

 

 “..Sənət insanın böyük azadlıq ehtirasını göstərməli və bu ehtirasdan doğmalıdır”. 1991-ci il.

 

***

 

“...Vətənin adına bağlanmaq, ata-ananın verdiyi ad ola-ola özünü həm də yurdun oğlu elan etmək böyük istedad və cəsarət tələb etməklə yanaşı, həm də ömürlük bir məsuliyyətdir”.

1992-ci il.

 

***

 

“...Bütün ömrünü faciəli bir aldanışla qondarma ideologiyalara sərf etmiş ədəbiyyat adamları boş əllə və boş ürəklə ortada qalırlar”. Sabir Rüstəmxanlının cəsarətli çıxışları, aydın milli mövqeyi ədəbi mühitdə çox vaxt böyük, qeyri-adi əks-səda, heyrət və maraq doğurmuşdur. Xüsusən, 25 aprel 1986-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı qarşısında Natəvan adına klubda keçirilmiş yaradıcılıq müşavirəsində onun “Azərbaycan ədəbi tənqidinin vəziyyəti və vəzifələri” haqqında etdiyi məruzə elmi-ədəbi fikrimizin bu sahəsinə bənzərsiz və güzəştsiz münasibətin ciddi ifadəsi kimi rəğbətlə qarşılanmışdır. Bu məruzədə tənqid və ədəbiyyatşünaslıq mövcud cəmiyyətin və bədii fikrin, tariximizin, dilimizin və mədəniyyətimizin real, ağrılı problemləri ilə ahəngdar, əlaqədə, vəhdət halında, dərindən təhlildən keçirilmişdir. Nüfuzların, titulların illərlə formalaşdırılmış toxunulmazlıq tilsimi cəsarətlə sındırılmış, süni tərif buzları əridilmişdir.

 Sabir Rüstəmxanlı ədəbi tənqidin yedək gəmisinə çevrilməsinin, kəsərini, obyektivliyini itir məsinin, məddahlıq ruhunun qəti əleyhdarı kimi çıxış etmişdir. Belə cəsarətli münasibəti və mövqeyinə görə Sabir Rüstəmxanlıdan üz döndərənlərlə bərabər, onu təqdir edib qiymətləndirənlər də olmuşdur. Xəlil Rza Ulutürk kimi dönməz söz sərrafı həmin mərasimdən aldığı müsbət təəssüratları xüsusi bir şeirlə ifadə etmişdir:

 

Natəvan klubunda bir çıxışı dinlədik,

Qəfildən yer kürəsi silkələndi elə bil.

Əyləşsə də, elə bil, qalxdı ayağa dimdik,

Yeknəsəq natiqləri dinlərkən yatan Xəlil.

 

...Min dəfə gördüyümüz adicə yoldaşımız,

İndi söz kürsüsündə ucalmışdır dağ kimi.

Fikrinin alovundan neçin od tutmur kağız?

Fikir-dəmir sərkərdə, qəlbimizin hakimi.

Salonda sənət əhli-şairlər, tənqidçilər.

Cərrah kimi doğrayır, yarır tənqidimizi.

Doğru söz yanar qəlbə bəlkə sərin su çilər,

 Büllur, cəsur sözüylə ovsunlayar o bizi.

 ...Kürsüdə bir gül qomu, - yoxsa Vətən gülzarı,

Nura dözməyib qaçan bəlkə bir yarasaydı.

Tahirzadə Sabirin od tutardı məzarı,

Yeni, kişi Sabirlər əgər yaranmasaydı.

 

Sabir Rüstəmxanlı xalq hərəkatına ədəbiyyatdan, özü də xalq ədəbiyya tından və milli demokratik bədii fikirdən gəlmişdir. Nəsrəddin Xoca hazırca vablığı, ayıqlığı, ədaləti və müdrikliyi, habelə tariximizə dəmir hərflərlə yazılmış Mirzə Cəlil – “Molla Nəsrəddin” cəsarəti və uzaqgörənliyi Sabirin əsas müəllimidir. O, digər qələm yaşıdları ilə birlikdə ədəbiyyatımızın XX əsrin altmışıncı illərindəki nəsrəddinvari gerçəkçi ənənələri, milli ab-havası ilə zəruri hazırlıq dövrü keçmişdir. Həyata, millilik amilinə, sadəlik və vətəndaşlıq mövqeyinə ürəkdən köklənməsinə görə Sabir Rüstəmxanlı özü də XX əsrin yetmişinci illəri nəslinin şair Nəsrəddinidir.

Onun Molla əminin “zarafatlı unutması” haqqındakı şeiri əslində şeirdə nəsrəddinçiliyin dirçəldilməsinə çağırışdır. Ulu Ələkbər Sabirin məzarı üstündəki poetik monoloq isə bugünkü xələfin böyük, ustad sələfə poetik hesabatıdır:

 

...Sən gedənlərdən bəri çox sular axıb,

 Ömrümüz bir kökdə dayanmayıbdır.

O vaxt yatanların ayılıb çoxu

Neçəsi hələ də oyanmayıbdır.

 

...Durna uça-uça yatar deyirlər,

Var əl vura-vura yatanlarımız.

 Kişilik adını hələ nə qədər,

 Namərdlik möhrüylə satanlarımız.

...Yeyib qudurdular “zülmətsevərlər”.

Xalq malı bunların arpası kimi.

Vətənin çiynindən asılıb onlar

 Köhnəlmiş dilənçi torbası kimi.

 

Və ya:

 

Yol ver yurdun bayrağına!

 Hardan qopubsa Ora dönsün!

 Özgə yerində gözü yox,

 Öz elində görünsün.

 

 Ürəkdən və sənətdən keçən ağrı-acılar, gerçəkliyin ayıq-sayıq, nəsrəddin vari dərki, oyanmış, yetkin milli şüur, sənət meydanlarından həyat, mübarizə meydanlarına gedən yollardakı keçidlərə “yaşıl işıq” yandırmışdır.

XX əsrin səksəninci illərinin sonlarında Azadlıq meydanlarına Sabir Rüstəmxanlının şeirləri və “Ömür kitabı” onun özündən qabaq gəlmişdir. O, milli azadlıq hərəkatında milli ziyalılığın əsas keyfiyyətlərini, xüsusiyyətlərini uğurla sınaqdan çıxarmışdır.

 Hərəkatın müvəqqəti qabarmalarının keçici şəfəqlərində azmayan və çəkil mələrində büdrəməyən, ümidsizləşməyən cavan siyasətçi ümumxalq mənafeyinin ağla, məntiqi təfəkkürə, müqayisə və təhlilə əsaslanan ziyalı təmsilçisi olmağa üstünlük vermişdir. O, Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətində də daha çox maarifçi-demokratik baxışların daşıyıcısı və aparıcısı olmaq vəzifəsini yerinə yetirmişdir. Çox vaxt həm də öz şeirləri ilə müşayiət olunan məzmunlu çıxışları pillə-pillə şəxsiyyətin bütövlüyünü təsdiqləmişdir.

Sabir Rüstəmxanlı həmçinin Türkiyə, İran, Monqolustan, Misir, Almaniya, İraq, Suriya, ABŞ, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Skandinaviya ölkələri, Kanada və başqa ölkələrdəki çıxışlarında da həmişə Azərbaycan gerçəkliyini dünya xalqlarına çatdırmaq, tərəfdaşlar qazanmaq, elm və mədəniyyətimizi təbliğ etmək mövqeyində dayanmışdır. Mart hadisələrinin ildönümünə həsr olunmuş ümumrespublika toplantısındakı yaddaşlarda iz buraxan çıxışı onun şəhidlərimizin qanı bahasına qazanılmış müstəqilliyimizin qorunmasını ən uca, müqəddəs ideal saydığını bir daha sübut edir. Bütün bunlar Azərbaycan dövlətçiliyinin, milli müstəqilliyimizin qurulması və möhkəmləndirilməsinə xidmət edir.

Sabir Rüstəmxanlı 1991-1995-ci illərdə Azərbaycan Respublikası Mətbuat və İnformasiya naziri kimi mühüm dövlət vəzifəsi daşımışdır. O, 1990 və 1995, 2000, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Ali Sovetinə - Milli Məclisə deputat seçilmişdir. Sabir Rüstəmxanlı Azərbaycanın ən böyük diaspora təşkilatı olan Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olmuşdur. 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinə keçirilən X və XI qurultaylarında həmsədr seçil mişdir. Sabir Rüstəmxanlı Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü dür.

Səmərəli ədəbi-ictimai fəaliyyətinə görə müxtəlif illərdə Azərbaycan komsomolu mükafatı laureatı (1989), M.F.Axundzadə və Mirzə Cəlil mükafatları laureatı olmuş, Respublika Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatına (1990) və “Kamil sənətkar” diplomuna (1993) layiq görülmüşdür. Adam Mitskeviçin “Krım sonetləri”, Oqnen Lakiçeviçin “Tutqun hava” əsəri S.Rüstəmxanlının tərcüməsində Azərbaycan oxucusuna çatdırılmışdır. İl yarım vaxt sərf edərək böyük polyak şairi A.Mitskeviçin “Pan Tadeuş” irihəcmli poemasını böyük uğurla dilimizə çevirmiş, buna görə Polşanın Əməkdar Mədəniyyət xadimi adına və Mədəniyyət Nazirliyinin gümüş medalına layiq görülmüşdür. Sabir Rüstəmxanlı xalqımızın milli taleyindən doğan şair – vətəndaşdır.

O, “yolları Şərurda dayanan”, “qəlbinin paytaxtı Kərbəlada” olan, “sədası Cənubu Şimala çatan”, “ürəyinin antenaları gözəl Azərbaycan dilinə tuşlanan”, çox əsrlik mənəvi varlığımızı “qan yaddaşından” oxuyan böyük ruhlu sənətkardır. Sabirin yaradıcılığında şairlik millət və Vətən amalının poetik ifadəsi kimi meydana çıxmışdır. Vətəndaşlıq Sabirin ömrünün və sənətinin cövhəridir. Bunlar bir-birindən ayrılmazdır.

 Sabir Rüstəmxanlı estetik ideal kimi, böyük Mirzə Cəlilin “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət göstərməkdir”, kimi vətəndaşlıq andına söykəndiyini dəfələrlə nəzərə çarp dırmışdır. Bütün bunları onun ömür və sənət yolu da təsdiq etməkdədir.

XX əsrin səksəninci illərinin ortalarında yazılmış ədəbi-ictimai mühitdə hadisə, qızlarımızın cehizlik kitabı kimi qarşılanmış “Ömür kitabı” əsəri, müəllifin özünün etiraf etdiyi kimi, “Ömürdən keçən Vətən”in, milli taleyin bədii publisistik dərkidir.

Sabir Rüstəmxanlının əsərlərini oxuduqca müəlliflə birlikdə oxucu da aşkar hiss edir ki, “neçə min illik yolu, təcrübəsi, dərdi, qələbə və itkiləri ilə Vətən bizim içimizdən, ömrümüzdən keçir”. Bu mənada təkcə “Ömür kitabı”, yaxud “Cavadxan” poeması yox, vətəndaş şair-publisistin bütöv yaradıcılığı “yazılmamış tarixin, açılmamış şöhrətin” bağrında yaşayan “Azərbaycan ürəyindən” doğmuşdur. Sabir Rüstəmxanlı “ana dilinin keşikçi”si, ana yurdun dərk edilmiş tale kitabının söz əsgəridir. Onun yaradıcılığı çox geniş, böyük, bütöv, sərhədsiz Vətənin bənzərsiz bədii tərcümeyi-halıdır:

 

Hardan tapacaqsan sərhədlərini,

 Əmrahın sazından keçirsə əgər.

 Dərbənddə Pərvanə adlanan qızın,

 Çağlayan gözündən keçirsə əgər.

Qitələr dolanan didərginlərin,

Yolundan, izindən keçirsə əgər.

Şumerdən adlayan onminil yaşlı

 Ölümsüz bir dilin söz qatlarından

Nənə kəlməsindən keçirsə əgər...

 

Müşahidələrdən aydın olur ki, Sabir Rüstəmxanlının şeirlərində forma baxımından poetik varisliyin qorunub saxlanması məlum forma biçimlərində yeni, obrazlı fikirlərin təzahürünə şərait yaratmışdır. Qoşma-gəraylı formasında, yaxud çarpaz qafiyə biçimində yazılmış bədii nümunələrdə fikirlərin və təsir vasitələrinin təzəliyi buna sübutdur. Aşağıdakı şeir parçalarına diqqət yetirək:

 

O anaydı – göydən gələn qar dənəsi,

O ataydı – ömrümüzün pərvanəsi,

 Yol gedirik, ürək yollar divanəsi,

Ürəyimin ağrısına qar yağırdı.

 

 Və yaxud:

 

Qara pəncərələr – tutqun baxışlar,

 Yaxının, uzağın görkəmi birdi.

Zavod boruları – nəhəng palıdlar,

İldırım vurmuşdu, tüstülənirdi.

 

Ənənəvi üslub hüdudunda yeni fikir və bənzətmələrin təqdimi tədricən Sabir Rüstəmxanlının orijinal üslubunun təsdiqi ilə nəticələnmişdir. Fikrin obrazlı və cəsarətli poetik ifadəsi onun şeirlərinin fərdi simasını müəyyən etmişdir. Obrazlılıq şairliyi, cəsarət vətəndaşlıq yanğısını mənalandırmışdır.

Bu iki poetik əlamətin vəhdəti Sabir Rüstəmxanlıya məxsus vətəndaşlıq poeziyasını şərtləndirmişdir. “Salam, Gəncə qapısı”, “Səttar Bəhlulzadə küçəsi haqqında şəhər sovetinə açıq məktub”, “Kəhər at və səadət haqqında əfsanə”, “Sağ ol, ana dilim”, “Şair heykəlləri”, “Azərbaycan ürəyi”, “Ruhumuz sər hədsiz olduğu üçün”, “Qan yaddaşı”, “Yadlıq”, “Tonqal iyi”, “Öləndə bayrağa bükülmürəmsə”, “Bu adi millət deyil” və s. kimi şeirlər təkcə Sabir Rüstəmxanlı yaradıcılığında deyil, bütövlükdə milli bədii təfəkkürdə yeni ab-havanın, vətəndaşlıqla səmimiyyətin və obrazlılığın vəhdətinin nəticəsi kimi təzahür etmişdir. Bədiilik bu qəbildən olan şeirlərin sənət dəyərini, cəsarət isə ictimai faydalılığını müəyyən etmişdir. Görkəmli fırça ustası Səttar Bəhlulzadənin adına “Xutorun yarıuçuq evləri arasında”, “Boyu adından gödək” olan bir küçənin verilməsinə yönəldilmiş poetik etiraznamədən ibarət olan “Şəhər sovetinə açıq məktub”da ustad sənətkarın qədr-qiyməti lirik düşüncələr vasitəsilə bir daha nəzərə çarpdırılmışdır.

 Vətəndaşlıq isə fikrin şeirin yazıldığı 1978-ci il üçün cəsarət tələb edən təqdimində özünə məna tapmışdır. Sabir Rüstəmxanlı oğurlanıb Gürcüstanın Kutaisi şəhəri yaxınlığındakı Gelati monastırında saxlanan qədim Gəncə qapısından da qeyrətlə, vətəndaşlıq duyğusu ilə söz açır. O, həmin qapının oğurlanıb aparılmasına o vaxt “Vətən” boyda bazarın sahibsizliyinin nəticəsi kimi baxır. “Füzuli eşqindən divanə” olan, tarixin min keşməkeşindən, sərt sınaqlarından uğurla çıxan ana dilimiz “ordular sırasından” qəhrəmanlıq timsalı kimi vəsf olunur. O, hələ neçə illər qabaq irəlidəki faciələri görürmüş kimi “dağların başında Ələsgər kimi bizdən uzaq düşmüş bir küsülü”nün yanıqlı fəryadını poeziyanın sarı simi üstə dilləndirmişdir.

Sabir “boyat mahnılarla” zehinləri, zövqləri korlayan “bəstəkar oğlanla” da sərt danışır. Mahnılarında “yurdun ucalığını özünün və sənətinin xırdalığını nümayiş etdirən, Odlar diyarını soyuq mahnılarla nota çəkən, bəstələrində daha çox “gözündən yaş axıdan” belə sənətçilərin mənəvi kasadlığı oxucuya çatdırılmışdır. Şair haqlı olaraq belə qənaətdədir ki, “görüşə səsləyən mahnıyla birgə döyüşə səsləyən mahnı da gərəkdir”. Onun fikrincə, “təzə mahnıların ucalığından yurdun ucalığı görünməlidir”.

Sabir Rüstəmxanlı neçə illərdir ki, doğma yurdun və yurddaşların ucalıq və paklığını tərənnüm etməkdədir. Bu, bir şeirində deyildiyi kimi “Vətənə xidmətdir ən böyük sənət” qənaətini təsdiqləyir. Bir cəhəti də xüsusi qeyd etmək lazımdır ki, Sabir Rüstəmxanlının poe ziyası itaətkar, ikiüzlü sənət deyildir. Əksinə, bu poeziyada qürur, mərdanəlik, fədakarlıq, bütövlük, barışmazlıq ön cəbhədədir.

 O, sözünü, fikrini şax deməyi bacarır: “Sallanıb vəzifə budaqlarından yatırlar, kor olmuş yarasadırlar. Qeyrətli söz çıxmaz dodaqlarından. Söz düşsə arvaddan Araza qədər”. Bütün bunlara görədir ki, Sabir Rüstəmxanlının poetik qəhrəmanı “başını aşağı sal, işini gör” fəlsəfəsi ilə barışa bilmir. Həmin məsləhət onun şeirlərində “kiflənmiş əxlaq dərsi” hesab olunur, “Ürək yeyən bir ətalət qurdu” sayılır.

Sabir Rüstəmxanlının fikrincə, baş verən ciddi ictimai-siyasi hadisələrin təsirilə dirilən – “qan yaddaşımız”, ölən – qorxumuzdur. XX əsrin doxsanıncı illərinin astanasından etibarən S.Rüstəmxanlının yaradıcılığında keyfiyyətcə yeni mərhələ başlamışdır. İctimai həyatdakı sərt dönüşlər, milli azadlıq hərəkatı, demokratik islahatlar bu hərəkatın içində olan şairin əvvəllər ehtiyatlı pıçıltı ilə söyləyə bildiyi mətləbləri daha açıq və cəsarətlə deməsinə zəmin yaratmışdır. Bir müddət onun şeirlərini qaranlıqları parçalayan “tonqal iyi” bürümüşdür. Daha o, “xanımtək ətirlənən”, “yaraya məlhəm” olmayan sığallı sözləri məqbul saymır. Onun fikrincə, təkcə ayrı-ayrı şeirlər deyil, bütövlükdə şairlər “döyüş himni” kimi doğulmalıdırlar. “Tonqal iyi”, “AXC cəfakeşlərinə”, “Yadlıq”, “Mahnımdan qan iyi gəlmirsə əgər” və s. şeirlər müstəqillik və azadlıq ab-havasının şəfəqlərinə inanan şairin vətəndaşlıq andı kimi meydana çıxmışdır. “Öləndə bayrağa bükülmürəmsə, beş arşın təmiz ağ kəfənim deyil” – intibahı bu qəbildən olan şeirlərin məntiqi yekunudur. Bununla belə, Sabir Rüstəmxanlının özü və şeirləri də son illərin hərəkat və çarpışmalarının təkcə “sülh şəfəqlərinin” deyil, ziddiyyət və çətinliklərinin içə risindən keçib gəlmişdir.

XX əsrin doxsanıncı illərinin başlanğıcından etibarən ictimai hərəkatın mürəkkəblikləri, bəzən ali duyğuları “xırda oyunların” əvəz etməsi, Qarabağ savaşındakı uğursuzluqlar, “Özgənin havasını çaldıranların” məkrli fəaliyyəti, vəzifə ehtiraslarının qızışması Sabir Rüstəmxanlının şeir lərinin döyüşkən ruhunu müəyyən qədər sarsıtmışdır. “Aydın Məmmədovun dəfn günündə”, “Yazılmamış şeirlərin ağrısı”, “Təkcə özümə gücüm çatır”, “Mənim nəğmələrim hamının deyil”, “Xocalıya mərsiyə”, “Xocalıdan sonra”, “Mən demədim” və s. şeirlərin mayasına acı təəssüf, iztirab və kövrəklik ruhu hopmuşdur.

Xüsusən, XX əsrin doxsanıncı illərinin əvvəllərində müharibə cəb hələrindəki faciə və fəlakətlər. Vətən torpaqlarının əldən getməsi, mənəviyyatda baş verən böhranlar, nəticə etibarilə “kişiliyin cırlaşması” dərin təəssüflərin poetik ifadəsinə gətirib çıxarmışdır. Bu məqamda “şimşək işığını” artıq “ölüm dən betər xəcalət” əvəz edir. Buna görə də, şairin “Xocalıdan sonra özümdən zəhləm gedir” – etirafı bütövlükdə XX əsrin doxsanıncı illərinin əvvəllərindəki 22 Biblioqrafiya və indiki əhvali-ruhiyyəni dolğun ifadə edir: “Düşmən bu torpağı ayaqlamazdı, kötək yeməsəydik öz əlimizdən”.

Yaxud: “Başqasına cavab vermək asandır, Allah bizi özümüzdən qorusun”.

Nəhayət, həmin mürəkkəblik və uğursuz luqların əks-sədası az qala Sabir Rüstəmxanlının özünün XX əsrin səksəninci illərinin sonlarında yazılmış ümid dolu şeirlərinə müxalifətdə dayanan fikir və düşüncələrindən yoğrulmuş “Siz nə umursunuz bu gedişatdan” (1992) şeirini dünyaya gətirmişdir: Bizi qananlardan bizi danan çox, Xırda oyunlarda xırdalanan çox, İş görən tək-təkdi, qurdalanan çox, Siz nə umursunuz bu gedişatdan?!

 ...İstər fitnə göyərt, istər toxum ək, İstər dərd bağışla, istərsə ürək. Ağız-ağızayıq ac canavartək, Siz nə umursunuz bu gedişatdan?! Şeirin ictimai mahiyyət kəsb etdiyi belə məqamlarda Sabir Rüstəmxanlı poeziyasına publisistik notlar daxil olur. İlk baxışda lirika ilə publisistikanın yanaşı işlədilməsi qəribə görünür. Əslində lirikada publisistik notların olması şairin şeirlərinin müasirlik və aktuallığına meydan açmışdır.

Öncəki kitabla rında “açıq məktub” janrlarında yazılmış şeirlər “Ana abidəsinə məktub”, “Ananın gəlininə məktubu”, “Səttar Bəhlulzadə küçəsi haqqında şəhər sovetinə açıq məktub” və s. mövzunun müasirlik imkanlarını açmağa şərait yaratmışdır. Şair, hətta dövri mətbuatda olduğu kimi “açıq məktublarının” nəticəsi ilə də maraqlanmış, yenidən yazdıqlarına qayıtmışdır.

“Səttar Bəhlulzadə haqqında şəhər sovetinə açıq məktub”dan bir qədər sonra yazılmış “Şəhər sovetinə ikinci məktub”da “şəhər yiyəsi”nin diqqəti şəhərsalmanın müasir problemlərinə yönəldilmişdir. Bu şeirlərdə publisistik əlamətlər bədii nümunənin vətəndaşlıq kəsərini qüvvətləndirməyə xidmət göstərmişdir. Xatirə (“Xatirə qatarı”, “20 yanvar xatirəsi”), əfsanə (“Kəhər at və səadət haqqında əfsanə”, “Səməd Behrəngi əfsanəsi”) kimi şeirdən çox nəsrə, publisistikaya xas olan janrlarda S.Rüstəmxanlının poetik söz deməsi də əsasən lirika ilə publisistikanın imkanlarını bir məcrada cəmləşdirmək bacarığından əmələ gəlmişdir.

Bundan başqa, S.Rüstəmxanlının səfərnamə janrında artıq bir kitablıq qədər silsilə şeirlər yazması (Fransa, Türkiyə, Polşa, Bolqarıstan, Monqolustan, Peredelkino, Altay, Krım, Səmərqənd, Dərbənd, Pribaltika şeir ləri) da onun şairlik və publisistliyin orta məxrəcini tapa bilməsindən irəli gəlmişdir. Əslində səfər təəssüratları mövzusunda yazılmış bədii nümunələr S.Rüstəmxanlının şah əsəri olan “Ömür kitabı”nın meydana çıxması üçün baş məşq rolunu oynamışdır. “Ömür kitab” əsəri anamız Azərbaycanın sanballı publisistik poetik das tanıdır. Bu əsər Azərbaycan ədəbiyyatının özünəməxsus “Mənim Dağıstanım”ıdır. Bu əsərdə publisistik başlanğıc aparıcılıq təşkil edir. Lakin S.Rüstəmxanlı “Ömür kitabı”nda publisistikaya mənsur şeir notları daxil etmişdir. Hətta kitab boyu dastanlarda olduğu kimi şeirlə nəsr və publisistika növbələşmişdir. Nəticədə publisistik kitab yüksək emosional səviyyəyə, kamil bədii əsər mərtəbəsinə qaldırılmışdır. Buna görədir ki, “Ömür kitabı” ədə biyyatımızdakı “Azərbaycanın ana kitablarının – “Anamın kitabı” (Cəlil Məmmədquluzadə), “Atamın kitabı” (Məmməd Araz) kimi şah əsərlərin layiqli varisi olmaq səlahiyyəti qazanmışdır.

Publisistika əlamətləri Sabir Rüstəmxanlının poemalarında da aktuallıq, vətəndaşlıq və müasirliyin meydanını genişləndirmişdir. Bədiilik poemalarda publisistik notları epiklik səviyyəsinə qaldırmışdır. Bu yolla Sabir Rüstəmxanlı “Bütövlük” (1978) poeması vasitəsilə istiqlaliyyəti uğrunda mübarizə aparan Vyetnam xalqının timsalında ikiyə bölünmüş, parçalanmış xalqların qovuşmaq arzusunu ümumiləşdirə bilmişdir. Cənubi Azərbaycan mövzusunda yazılmış poemalarda – “Azərbaycan irticası” (1976), “Hər kəs günəşi sevsə” (1983), “Vətənsiz” (1985) əsərlərində ciddi ictimai məzmun və milli-bəşəri ideyalarla yanaşı, xalqımızın qarşılaşdığı ədalətsizliklər və bütün bunlardan doğan ibrət dərsləri yüksək poetik vüsətlə təqdim edilir. Bu cəhət lirik notlar üstə köklənmiş “İşıq ömrü” poemasında (1973) sənət fədaisi Hüseyn Ərəblinskinin, Cavadxan əsərində Vətən və millət fədaisi Cavadxanın dolğun obrazının canlandırılmasına səbəb olmuşdur. S.Rüstəmxanlı yaradıcılığında nəzərəçarpan poema-monoloq forması (“Didərginlər” poeması – 1978) da lirik və epik-publisist xüsusiyyət lərin vahid məcrada birləşməsinin uğurlu nəticəsidir. Bütün bunlara görə şairin poemaları milli ruhlu düşüncə-monoloqlarla təsirli hadisələrin üzvi vəhdətindən yoğrulmuşdur. Bununla yanaşı, hətta publisistikanın birincilik qazandığı hallarda da Sabir Rüstəmxanlı ilk növbədə şairdir. Yəni lirik başlanğıc onun çoxsahəli elmi publisistik və bədii yaradıcılığının cövhərini təşkil edir. İnsanın köks qəfəsi altında xəbərsiz-xəbərsiz çağlayan, hamının görüb mənalandıra bilmədiyi dilsiz özünəməxsus təsvir və ifadə vasitələrindən istifadə Sabirin şeirləri üçün səciyyəvidir. “Köhnə havalar üstə” silsiləsinə daxil edilmiş bədii nümunələr əslində lirik poeziyamızın təzə və orijinal nümunələridir.

 Şair bu silsilə vasitəsilə “təzə dərdini köhnə havalar üstə” deyəcəyini bəyan etsə də, lirikaya təzə fikirlər və məcazlar gətirməyə müvəffəq ola bilmişdir. “Göz yaşın – bir yaşıl tumurcuq”, “dünya lüt-üryan” hökmdardır, bardaş qurub var üstə və s. kimi misralar yalnız Rüstəmxanlıya məxsusdur. Ümumiyyətlə isə ardıcıl olaraq 24 Biblioqrafiya təzə fikir demək və yeni bənzətmələrlə danışmaq meyli onun poeziyasının təkmilləşmə cəhdini əks etdirir, bu poeziyaya bulaq suyu kimi təmizlik, duruluq, aydınlıq gətirir. Son illərdə yaranmış “Kişi ömrü”, “Arxamca su səpdi Vətən”, “Qarşı yatan qarlı dağlar”, “İçimdəki dərd ocağı” şeir silsilələri artıq “köhnə havalar üstə” köklənmiş sənətin yenilik, özünəməxsusluq mərtəbəsində olduğunu sübuta yetirmişdir.

 Bu mənada “Qan yaddaşı” (1986) kitabı yalnız Sabir Rüstəmxanlı yaradıcılığının yox, bütövlükdə XX əsrin səksəninci illəri milli Azərbaycan poeziyasının əsas nailiyyətlərindən biridir. Həmin kitab təkcə tarixi yaddaşın poetik təsdiqi deyildir; tarixiliklə müasirliyin vəhdətidir, daha çox tarixə söykənməklə bu günün şeirinin sarı simi dilə gətirməyinin uğurlu ifadəsidir. Şair bütövlükdə yarım əsrlik ömür yoluna “Zaman məndən keçir” kitabı ilə yekun vurmuşdur. Eyni adlı şeir əslində şair ömrü və sənətinin yetkinlik, kamillik səviyyəsini nümayiş etdirir. Bu isə həm də qarşıdakı yeni mərhələnin – dərk olunmuş həyat və sənət dövrünün poetik proqnozu, yaxud proloqu kimi də səslənir: Zaman məndən keçir, keçir durulur, Ürəyim əbədi sevgi süzgəci. Sevgi ürəyimdən keçir durulur.

...Nəyi saxlamadım, nəyi saxladım? – Dəyir sınaqların zərbəsi mənə. Keçirdim tarixi əsəblərimdən, Dünənlə sabahın körpüsü mənəm! ...Keçir ürəyimdən millətin ruhu. Bir üzü ucalıq, bir üzü qorxu... Belə düşüncələr yeni mərhələdə S.Rüstəmxanlı yaradıcılığından ələrin poetik süzgəcdən keçiriləcəyindən xəbər verir. Poeziya poetik rənglərin ölçülü-biçili mücəssəməsidir. Şairlər rənglərin harmoniyasını ilhamın qanadlarında sənətə gətirənlərdir. Xalq şairi Səməd Vurğunun şairlərimizin “Hər gülə, çiçəyə təzə ad verməsi” barədəki ilhamlı misralarında bu mətləb öz əksini tapmışdır. Bununla belə, müşahidələr göstərir ki, hər şairin sevib-seçdiyi, daha çox müraciət etdiyi rənglər vardır. Digər rənglərə də etinasız olmayan Sabir Rüstəmxanlının şeirlərində ağ rəngdən və onun çalarlarından istifadə etmək meyli güclüdür. Şair ağ rəngin məna və məcazilik imkanlarından faydalanmaqla yeni mətləblər ifadə etməyə müvəffəq olmuşdur.

“Alaçıqlar – ağ göbələk” qəbilindən olan bənzətmələr ağ rəngdən yeni məcaz yaratmaq meylinin uğurlu nəticəsini göstərir. Müxtəlif şeirlərdəki “Ağ xatirə”, “Ağ işıq”, “Ağ daşlı ocaq”, “Ağ dünya” kimi epitetlər Sabirin lirikasına bəyaz bir görkəm vermişdir. O, ağ rəngin müxtəlif çalarlarını ifadə edən qar, süd, səhər, işıq, duman, un, ay işığı tipli sözlərlə də şeirlərindəki aydınlığı daha da qüvvətləndirmişdir. Sabir Rüstəmxanlı ağ rəngə bəzən o qədər aludə olur ki, hətta lirik qəhrəmanı “qəlbi baharlı Qar qız” biçimində özünü isə “ilin Şaxta babası”, “havada yellənən qar dənəsi” şəklində görür. Onun qəlbi də, təbi də şeiri, fikri kimi ağappaqdır: Ağ idi qar altda titrəyən güllər. Dünyaya boylanan qəlbim ağ idi. Dağların səbrindən axıb tökülən, Yazbaşı sellərtək təbim ağ idi. Sabir Rüstəmxanlı sənətdədə, həyatdada, milli mücadilə hərəkatındada özünün etiraf etdiyi kimi “bəyaz axına” qoşulmuşdur. Şairin fikrincə, “tarix küləklərinin hardan-hara əsdiyini duyan” ədəbiyyat ilk növbədə xalqı qa ranlıqdan işığa, əsarətdən ağ günə çıxarmağa bələdçi olmalıdır. Sabir Rüstəm xanlı öz yaradıcılığı və mübarizəsi ilə buna xidmət etmişdir. Bundan başqa, Sabir Rüstəmxanlı yaradıcılığında ağ rəng təkcə şeirin romantik örpəyi deyildir, həm də şair ideallarının, arzularının rəngidir. Nəticə etibarilə bəyaz rəng mübarizə ruhlu vətəndaş şairin ictimai həyatda və sənətdə apardığı çətin və inadlı mübarizənin nikbin finalının ifadəsidir:

Qar yağır...

Ağ yollar qalır qar altda,

Qar yağır...

İzləri itirəcəkdir.

Arzu da beləcə ağdır həyatda,

 Bizi ağ günlərə yetirəcəkdir.

Qar yağır, heç yana tələsmə, ürək,

Ömrün ilki də ağ, sonu da ağdır.

Bu qış ağrısına tablaya bilsək,

Yəqin bəxtimiz də ağaracaqdır.

 

Sözün həqiqi mənasında Sabir Rüstəmxanlının yaradıcılığı mənsub olduğu xalqın milli taleyinin keşməkeşlərinin, qan yaddaşının poetik daşıyıcısıdır. Onun özü də, sənəti də çoxlu “qış ağrılarına” tab gətirməli olmuşdur. Lakin o, bütün çətin, ağır sınaqlardan alnıaçıq, üzü ağ çıxmışdır. Bütövlükdə xalqın ta leyinin ağ günə çıxması, “bəxtinin ağarması” yollarında Sabir Rüstəmxanlı poeziyası həmişə sonu olmayan poetik səfərdə, mübariz keşikdədir. 26 Biblioqrafiya Milli ədəbiyyatın və ictimai fikrin inkişafındakı xidmətlərinə görə Azər baycan Respublikasının prezidenti Heydər Əliyevin 21 may 1996-cı il tarixli fərmanı ilə Sabir Rüstəmxanlıya “Şöhrət” ordeni verilmişdir. Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında Sabir Rüstəmxanlının 50 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir. Yubiley gecəsini Millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar idarə etmişdir. Prezident aparatı Humanitar siyasət şöbəsinin müdiri, professor Fatma xanım Abdullazadə Azərbaycan Respublikası Prezidentinin Sabir Rüstəmxanlıya təbrik məktubunu oxumuşdur. AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru İsa Həbibbəyli yubilyarın həyatı və yaradıcılığı barədə məruzə etmişdir. Xalq şairi Qabil, S.Rüstəmxanlının qələm dostlarından Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli ürək sözlərini söyləmişlər. Yubiley gecəsində Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyev, elm və mədəniyyət xadimləri, siyasi patiyaların nümayəndələri və şairin çoxsaylı pərəstişkarları iştirak edirdilər.

 

***

Şair və publisist qələmi Sabir Rüstəmxanlını yaradıcılığının son mərhələsində həm də nəsrə üz tutmağa doğru addımlar atmışdır. Biri digərini əvəzləyən “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi (Cavad xan)”, “Difai Fədailəri”, “Şair və şər” kimi tarixi, “Atamın ruhu”, “Sunami”, “Akademikin son əsəri” kimi müasir romanları yazıçının nasir istedadını da bütün parlaqlığı ilə ortaya qoydu. Tarixi romanlarında Sabir Rüstəmxanlı millətimizin tarixinin ən qədim dövrlərindən XX əsrəcən keçdiyi yolu vərəqləyir, taleyönümlü dönüş nöqtələrinə işıq salmaqla böyük maarifçilik missiyasını həyata keçirir.