Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Laçın lətifələri. Gülməcələr doğma torpağın sevincini sizlərə bəxş etsin!!!

Müəllif:

Xalq - millət


Kateqoriya:

Gülməcələr - lətifələr



Qısa Təsvir:

Lətifələr bugünlərdə işıq üzü görən "Laçın folkloru" adlı kitabdan götürülüb. Tanınmış şair-publisist İlham Qəhrəmanın regional folklor seriyasından olan "Laçın folkloru" kitabına müəllifin uşaqlıqdan üzü bəri Laçında eşitdiyi və Azərbaycanın müxtəlif rayonlarına səpələnmiş laçınlıların dilindən qələmə alınmış lətifələr, bayatılar, səvələmələr, söyləmələr, bəzəmələr, tapmacalar, əfsanələr, söhbətlər, ağılar, deyişmələr və başqa ağız ədəbiyyatı nümunələri toplanıb. Sayt kitabdan seçmələri müəllifin xüsusi icazəsi ilə təqdim edir. Belə bir icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq müəllif hüquqlarına ziddir.


Baxış sayı: 62
    
    


 

Qazanc

Qaçqınçılğın təzə vaxtlarında arvadı qısqanc olan bir qaçqın Bakıda çörək zavodunda işə girir. Kollektivdə xeyli qadın olduğuna görə arvadı onu bərk qısqanır. Bir gün küçədə rast gəldiyi tanışı onunla hal-əhval tutandan sonra işiylə maraqlanır:

- Allaha şükür, eşitmişəm, çörək zavodunda işə girmisən, nə qədər alırsan?

Qaçqın cavab verir:

- Əmoğlu, günümə iki çörək verirlər, o da axşam qırıb arvada and içməyə gedir.

Mahnı və fışdırıq

 

 

Bir kişinin ərgən oğlu olur. Toya az qalmış bir axşam kişi oğluna deyir:

- Oğul, səhər tezdən qara cöngəni apar bazara sat, pulunu gətir sənin toyunu eləyək.

Oğlan tezdən cöngəni yedəkləyib bazar yoluna çıxır. Toyun yaxınlaşmasından kefi kökəldiyi üçün yolda da oxumağa başlayır. Oxuya-oxuya gedib çatır bazara. Bazara çatanda birdən yadına düşür ki, bəs oxuduğu mahnının fışdırığı da varıdı, amma o, fışdırığı çalmayıb. Eləmir tənbəllik, cöngəni bazarda qoyub qayıdır bayaq mahnı oxuduğu yerə. Başlayır təzədən oxumağa və oxuduğunu da fışdırıqla müşaiyət edir. Bu minvalla yenidən gəlib çıxır bazara ki, qara cöngəni satsın. Amma ora cöngə-bura cöngə, cöngə tapılmır. Kor-peşman qayıdır evə. Qapıdan içəri girəndə atası xəbər alır:

- Oğul, de görüm cöngə nə qədər çıxartdı?

Oğul cavabında:

- Ata, cöngəni oğurladılar - deyir.

- Bala, nə təhər oldu ki, cöngəni oğurlatdın? - atası bir də sual edir.

Oğul:

- Ata, bazara gedəndə yolda mahnı oxudum, bazara çatanda yadıma düşdü ki, mahnının fışdırığını çalmamışam. Geri qayıdıb mahnının fışdırığını çaldım. Bir də bazara gələndə gördüm cöngəni oğurlayıblar - deyib günahkar halda başını aşağı salır.

Atası cavabında:

- Oğul, kefini pozma, sən ki o mahnını fışdırıqsız qoymamısan, o biri cöngəni satıb sənin toyunu eləyəcəm - deyir.

Mənim hörüyümü dəyiş

 

 

Bir nəfər acından fənikmiş halda gəlir restorana. Xidmətçiyə deyir ki, tez ona yemək gətirsin. Yemək hazır olana kimi xidmətçi göy gətirir. Aradan bir az keçir, xidmətçini çağırır ki, yeməyi gətirsin. Xidmətçi yenə də yemək hazır olmadığı üçün göyərti gətirir. Bu hal bir neçə dəfə təkrar olandan sonra kişi xidmətçini çağırıb deyir:

- Bala, gəl mənim hörüyümü dəyiş.

Rast maşın düşdü

 

 

Şəlvə zonasından bir məktəb direktorunu vacib iş üçün rayon mərkəzinə - maarif şöbəsinə çağırırlar. Səhəri günü çağırışa gələn direktor Laçında Su anbarı deyilən yerdə maşından düşür. Elə bu dəm yolun əks tayından «Şəlvəyə gedən! Şəlvəyə gedən!» deyə başqa bir sürücü özünə uzaq yola qulaq yoldaşı olan müştəri axtarır. Rayon mərkəzindən kəndə qayıtmağın müşkülünü bilən direktor tez yolu keçib sürücünün yanında yerini rahatlayır və orada olan tanışlardan birinə deyir:

-Əmoğlu, maarifdə deyərsən ki, Şəlvədən məktəb direktoru gəlmişdi, Su anbarının yanında rast maşın düşdü, geri qayıtdı.

 

Kamallı kələyi

 

 

Kamallı kəndindən bir nəfər öz maşınında yol gedərkən DAM (Dövlət Avtomobil Müfəttişi) tərəfindən saxlanır. Müfəttişin umacağı olur, amma sürücü qara qəpik də vermir. Mübahisə uzanır, nə sürücü pul verir, nə də müfəttiş sənədləri qaytarır. Bu heyində yol gedən başqa bir Kamallı sakini həmkəndlisinin müfəttişlə cəhli etdiyini görüb maşını əyləyir. Elə ki, işin nə yerdə olduğundan hali olur, həmkəndlisinə deyir:

-Əyə, şərlə, şərlə!

Cəhli çəkən Kamallı sakini dərhal ucadan həmkəndlisinə cavab verir:

-Nəyini şərləyəcəyəm, yüz manat vermişəm, deyir azdı.

Məskunlaşma

 

 

Bir laçınlını həbs edib Bayıl həbsxanasına göndərirlər. Məhbus kameraya girib ətrafına baxandan sonra deyir:

- Allaha çox şükür, axır ki, laçınlıları da məskunlaşdırdılar!

Balıq ovu

 

 

60-cı illərdə Laçın kəndlərində əhaliyə səyyar kino göstərilərdi. Çayqırağı kəndlərə kino gələndə cavanlar fürsəti əldən verməz - elektrik generatorundan balıq tutmaq üçün istifadə edərdilər. Bir payız günü Zabux kəndinə kino maşını gəlir. Eyninə tut arağı ilə (payız vaxtı bu kənddə tut arağı bol olardı) çay balığı verən cavanlar axşamüstü çöldən əl-ayaq çəkiləndən sonra sürücüdən generatoru çayın qırağına aparmasını xahiş edirlər. Balıq adı eşidən sürücü əlbəəl razı olur, amma nə illah eləyirsə, mühərrik işə düşmür. Əli maşından üzülən cavanlar qaranlıq düşməmiş kənddən bir qoçaq eşşək gətirib generatoru yükləyirlər belinə və sürürlər çayın qırağına.

Balıq olduğu güman edilən yerdə uşaqlardan biri əlin atır ki, sicimi açıb yükü düşürə, o birisi qoymur, deyir bəs gecdi, qaranlıq düşməmiş elə generatoru eşşəyin belində işə salmaq lazımdı. Belə də edirlər. Belində generatorun işə düşməsindən ürkən eşşək heç nəyə məhəl qoymadan qoşa şıllaq atıb götürülür. Cavanlar əvvəl mənzərəyə xeyli gülürlər. Sonra qaranlıqda gözdən itən motorlu eşşəyi axtarmağa başlayırlar. Yolda qabaqlarına çıxan iki nəfərdən «Gəldiyiniz yerdə eşşək görmədiniz?» deyə xəbər alırlar. Cavabında: «Eşşək görmədik, amma bir az bundan qabaq böyrümüzdən bir işıqsız motosiklet keçdi, az qala bizi batırıb qırmışdı» deyə həmin iki nəfər cavab verir.

Xaricdəki qohumlar

 

 

Sovet dövründə ucqar dağ kəndindən varlı bir şəxs Laçının milis rəisinin yanına gəlib xahiş edir ki, oğlunu milisdə işə götürsün.

- Milisdə işləmək üçün gərək diplom ola - deyib rəis kişini başından eləmək istəyir.

Fikrindən dönmək istəməyən kişi:

- Rəis, bu da olmasın on qoyun, satıb uşağa diplom alaram - deyir.

- Gərək iş yerindən yaxşı xasiyyətnaməsi də ola - rəis ikinci şərti deyir.

- Rəis, o asan məsələdi, iki qoyuna həll olar - kişi yenə fikrində israr edir.

Nə isə, rəis kişini fikrindən daşındırmaq üçün nə şərt irəli sürürsə, kişi hamısını həll edəcəyini deyir. Rəis axırıncı şərti deyir:

- Gərək xaricdə qohumunuz olmasın.

Bu şərti eşidəndə bayaqdan ana bülbül kimi dil-dil ötən kişinin gözü dirənir. Bikef halda dillənir:

- Düzələn olmadı.

- Niyə, a kişi? - rəis maraqla sual edir.

Kişi qayıdır:

- Ona görə ki, rəis, bizim qohumların hamısı Qubadlıda yaşayır.

Hörüyünü dəyişiblər

 

 

Laçında bir müdiri avtobazadan işdən çıxarıb MTS-ə müdir qoyurlar.

Dünyagörmüş bir ağsaqqal bunu eşidib belə deyir:

- Onun hörüyünü dəyişiblər.

Nə qədər ki

 

 

Laçın avtovağzalında qızla oğlan şirin-şirin söhbət eləyir. Bu vaxt oğlanın qohumlarından biri ona yaxınlaşıb deyir:

- Mamam bilsə, mənlə dalaşacaq, mənim kurtkamla şərfimi çıxart ver, gedim.

Əsəbindən dişini-dişinə sıxan oğlan:

- Yaxşı, bir az hövsələn olsun - deyir.

Aradan bir az keçəndən sonra bu dəfə dostu yaxınlaşıb ondan ayaqqabısını istəyəndə qız deyir:

- Nə qədər ki, şalvarın dalınca gəlməyiblər, çıx get.

Fərrux qurtaran məktəb

 

 

Dambulaqda orta məktəb təhsiliylə Fərrux adlı şəxs kolxoz sədri işləyir. Bundan ürəklənən kənd sakini Şükür rayonun birinci katibi Muradxan Cabbarovun yanına gəlib iş istəyir.

Cabbarov soruşur:

-Sən haranı qurtarmısan?

Əli hər yerdən üzülən Şükür deyir:

- Fərrux qurtaran məktəbi.

Savadlanma kursu

 

 

30-cu illərdə Laçında məktəbyaşlı uşaqlarla bərabər böyükləri, o cümlədən qadınları da savad kurslarına yazırmışlar. Qızılca kəndində bir kişinin arvadı belə kursa cəlb olunur. Bir gün əkindən yorğun-arğın gələn kişi arvadı evdə görməyib bərk qəzəblənir. Axşam arvad evə gələndə kişi - nə yemisən, turşulu aş - onu bərk əzişdirib hirsini soyudur və savad kursuna getməyi bir ər kimi ona qadağan edir.

Aradan bir neçə gün keçəndən sonra əkin yerində Laçının NKVD-si kişiyə yaxınlaşıb bərk təpinir, deyir ki, ağlını başına cəm eləsin, yoxsa partiyanın, şəxsən yoldaş Stalinin qərarına qarşı çıxdığı üçün onu Sibirə - gedər-gəlməzə göndərər. Sibir adı eşidən kişini tər basır, NKVD gedəndən bir xeyli sonra özünə gəlir və tez evə yollanır. Evə çatan kimi əlindəki çomağı sinəsinə qaldırıb üzünü tutur arvada və avazla deyir:

Arvad, səni təzə kursa yazıblar,
Qadan alım, asta getmə, yeyin get.
Sən getməsən məni dama basarlar,
Andırını, cındırını geyin get.

Biz tərəfdə belə molla yoxdu

 

 

Qarakeşdən İrəcəb oğlu Əliş yaylaqda yol gedən zaman görür ki, bir uşaq qaçaraq ona tərəf gəlir. Uşaqdan hara getdiyini soruşur. Uşaq deyir ki, ölü düşüb, molla dalınca gedir. Əliş molla olduğunu və indi də yas yerindən gəldiyini deyir. İşin düzəldiyinə sevinən uşaq Əlişi yas yerinə gətirir. Əliş kürd dilində və Qurandan eşitdiyi bəzi ifadələrlə yas məclisini aparır. Bu vaxt Əlişi tanıyan Musa gəlib Əlişin yas apardığını görüb heyrətini gizlədə bilmir. Əliş kürd dilində ona deyir ki, dinməsin, aldığı pulun yarısını ona verəcək. Yas sahiblərindən biri Musanın "molla"nı tanıdığını görüb soruşur:

- Bu necə molladı?

Musa cavab verir:

- And olsun onun oxuduğu Qurana, biz tərəfdə belə molla yoxdu.

 

Araya salmaq

 

 

Oğuldərədə ot biçini vaxtı hər gün qoyun otarmağa göndərilən Balakişi qardaşlarına gileylənir ki, çətin işə məni göndərirsiniz. Səhəri gün qardaşları onu da özləriylə kövşənə gətirirlər. Səkkiznömrə kərəntini əlinə verəndən sonra qardaşın biri Balakişidən irəliyə düşür, o biri ardınca. Hay-harayla dal-qabağını kəsib onu əməlli-başlı işlədirlər. Ot işini belə görən Balakişi səhər tezdən qalxıb qoyunu otarmağa gedir. Uzaqdan qardaşlarının hay-harayını eşidən Balakişi yana-yana deyir:

- Pah, yəqin yenə namərdlər araya adam salıb.

İkinci kəbin

 

 

Məcid kişi qaçqınçılıqda Qaxın İbaxlı kəndində məskunlaşır. Hərdən doqqazın ağzında əyləşib təsbeh çevirən Məcid kişiyə bir nəfər kənd sakini zarafatla "molla" deyib sataşarmış. Bir gün yenə Məcid kişi əlində təsbeh doqqazın ağzında əyləşəndə həmin kişi arvadıyla küçədən keçirmiş. Doqqaza çatanda təsbehə işarə edib Məcid kişidən soruşur:

- Molla, gör mənə ikinci kəbin düşür?

 

Məcid kişi təsbehi əlində sağa-sola çevirib deyir:

- Sənə yox, yanındakına göstərir.

Nənəm deyir

 

 

Sus kəndində Salah adlı kolxoz işçisi işə getmək istəmir. Səhər briqadir Heydər kişi onu çağırır. Salah başı çalmalı qapıya çıxıb hey verir. Briqadir soruşur:

- Salah, başını niyə çalmısan?

Salah:

- Nənəm deyir, başın ağrıyır.

Ayaqqabı təmiri

 

 

Karet (Tariyel) də şəhərdə qarəvəlli söyləməsi və bəzəmələri ilə məşhur idi. O, şəhərin başında balaca budkada alver edərdi. Bir gün ticarətin vəziyyətini yoxlamaq üçün Laçına Bakıdan bir dəstə yoxlamaçı gəlir. Yoxlamaçılar mağazalara girib alver edir, çəkidə və qiymətdə müştəri kimi onları aldadan satıcıları cəzalandırırlar. Bu xəbər Karetə çatan kimi Aydının ayaqqabı təmiri budkasının qarşısındakı lövhəni aparıb öz ticarət budkasının qarşısından asır. Mağazanın qarşısında "Ayaqqabı təmiri" sözləri Kareti yoxlanma təhlükəsindən qurtarır.

Atan kimdi

 

 

Karetin qaçqın kimi Bakıda sığındığı evin qapısını işıq pulu yığan döyür.

Qapının arxasından Karet uşaq səsiylə deyir:

- Atam evdə yoxdu.

"Atan kimdi?" soruşan işıq işçisinə Karet:

- Qaçqınov Köçkün Didərgin oğlu - deyə cavab verir.

Bu gün nə demişəm

 

 

Laçının cavanları rayonun vəzifəli şəxslərinin adına bəzəmələr danışar və bunu Karetin adına çıxarardılar. Karet bəzən belə bəzəmələri eşidəndə özü də qorxar və uşaqlara deyərdi ki, siz məni tutduracaqsınız. Cavanların onun adından mütləq nə isə danışacaqlarına əmin olan Karet bir gün şəhərdə onlarla rastlaşanda maraqlanır:

- Bu gün nə demişəm?!

Bir gün də o sürünsün

 

 

Laçının Bülüldüz kəndində şair Məhəmməd Səyyaf adlı ədəbiyyat müəllimi var idi. Çox savadlı olan bu adam Kefli İsgəndər namında idi. Bir gün diplomuna ip bağlayıb arxasınca sürüyür. Niyə belə etdiyini soruşduqda deyir:

- On beş il onun arxasınca mən sürünmüşəm, qoy bir gün də o mənim arxamca sürünsün.

Ağlınıza kül qoyum

 

 

Laçında cərgə dükanlara mühafizə üçün siqnal quraşdırırlar. Əhmədli kəndindən aşbaz Maarif kişi yaxınlaşıb soruşur:

- Nağayrırsınız?

Cavab verirlər ki, siqnal quraşdırırıq.

Bir də sual edir:

- O nə üçündü?

Deyirlər ki, oğru gələndə siqnal çalacaq.

Maarif kişi qayıdır:

- Ağlınıza kül qoyum, oğrunu içəridə qoyub çölə siqnal çəkirsiniz.

Darı yerinə qanqal

 

 

Payızda Əhmədli kəndində dəmyə darı əkirlər. Yazda çıxıb zəmiyə baxanda görürlər ki, quraqlıq olduğundan darı bitməyib, amma zəmi tamamilə qanqaldı.

Maarif kişi üzünü qibləyə tutub deyir:

- Pərvərdigara, əgər darının yerində qanqal bitirəcəkdinsə, bizi də eşşək eyləyəydin bunu yeyəydik.

Gələn dəfə

 

 

Laçında "ZİL" Saday kimi tanınan sürücü Qubadlıdan sement yüklü Laçına gəlirmiş. Sementin sənədi olmur. Muradxanlıda Qubadlı milisinin SƏDM rəisi və milis əməkdaşları "Jiquli" maşında ona "saxla" işarəsi verirlər. Saday əliylə bir az irəlidə saxlayacağını işarə edir. Qanun keşikçilərini keçən kimi "ZİL"i Həkəri çayının ortasına sürüb yük yerini qaldırıb sementi tökür çaya. Maşını sudan quruya çıxardandan sonra cibindən iki əllilik çıxardıb uzadır qanun keşikçilərinə. Sadayın bu hərəkətindən heç nə başa düşməyən əməkdaşlardan biri deyir:

- Bizi aldadıb irəli keçdin, başa düşdük, sementi çaya boşaltdın, onu da başa düşdük, amma bu pulu bizə niyə verirsən, onu başa düşmədik?!

Saday deyir:

- Pulu ona görə verirəm ki, gələn dəfə məni saxlamayasız.

 

Dədənizə də saxlayın

 

 

Dəyhanlı Şükür evə televizor alır. Uşaqları tay-tuşları ilə birlikdə hər gün konsertə və başqa maraqlı proqramlara baxırlar. Bütün bunları izləyən Asya nənə nəvələrinə acıqlanıb deyir:

- Onu bir az söndürün, qoyun dədəniz gələnə də qalsın. Zəhmət çəkib ona bir ətək pul verib.

İnəyin çəliyi

 

 

Dambulaqda İlqarın ala inəyini maşın vurur, inəyin qılçı sınır. Belə şərtləşirlər ki, qılçı sınan inəyin yerinə sürücü ayrı inək versin. Bir müddətdən sonra sürücü həmin inəyi qaytarıb gətirir İlqarın qapısına. İlqarın atası Müzəffər kişi axsaq heyvana baxıb deyir:

- Bəs inəyin çəliyi hanı?

Toya dəvət

 

 

Pircanla Seyidlər kəndləri arasındakı qəbiristanın yaxınlığında gilaslıq olur. Gilas yetişəndə başqaları gilası dərməsinlər deyə bir arvad gecələr gilaslığa keşik çəkirmiş. Bir gecə arvad gilaslıqda olanda Eldar adında sürücü maşını saxlayıb təbii ehtiyacını ödəmək üçün aşağı düşür. Üzünü qəbiristanlığa tutub deyir:

- Ey qəbiristanlıq əhli, sizi sabaha filankəs toya dəvət edir.

Toya dəvəti eşidən gözətçi arvad qaranlıqdan səslənir:

- Eldar, saat neçəyə?!

Qəbiristanlıqdan gələn səsdən qorxan sürücünün dili batır və üç-dörd ay müalicə olunur.

Pulsuz sərnişin

 

 

Zerti kəndindən bir kişi Şuşaya getmək istəyir. Laçında Şuşaya gedən yük maşınının sürücüsündən xahiş edir ki, pulu yoxdu, onu da aparsın. Sürücü etiraz etmir. Zertili maşının yük yerinə qalxır. Şuşa zastavına çatanda kişi yuxarıdan kabinəni döysə də sürücü maşını saxlamır. Zertili bir də kabinəni bərk-bərk döyəndə sürücü başını çıxarıb deyir:

- A kişi, pulsuzdu-pulsuzdu, səni Ağdama aparacam.

Şəklimi çəkdir

 

 

Bir nəfər Qarakeş sakini Laçına gedən Saday oğlu Rəşidə üç manat uzadıb deyir:

- Mənim macalım yoxdu, al bu pulu, Laçında mənim şəklimi çəkdir gətir.

Xəngəl

 

 

Unun kisəsi "beş şirvan" olan vaxtlarda iki qarakeşli qaçqın xəngəlxanaya gəlib xəngəl sifariş edirlər. Bərk ac olduqları üçün doymaq bilmirlər, xəngəl bir neçə dəfə gətir-götür olur. Doyandan sonra xidmətçini çağırıb borclarını soruşurlar. Xidmətçi deyir:

- Borcunuz "beş şirvan" eləyir.

"Beş şirvan" eşidən qarakeşlilər xorruyurlar. Biri xidmətçiyə deyir:

- Ə, sənin deməyinlə biz burda bir tay un yemişik?!

Pərtlik

 

 

Seyid Məmməd ağa Qarabağda bir məclisə çağırılır. Seyid xətt saxlayıb saqqalını qırxdırıbmış. Məclisə daxil olanda məclis əhli hörmət əlaməti olaraq ayağa durur. Məclisdəki bir saqqallı adam pərt olur, hamının seyidin gəlişinə ayağa durmasını sinirə bilmir. Seyid Məmməd ağaya sataşmaq üçün yanındakını öyrədir ki, seyiddən soruş ki, atı neçəsində qırxırlar. Sualı bir neçə dəfə verəndən sonra seyid dözməyib deyir:

- Atı bir bir yaşında, bir də iki yaşında qırxırlar.

Dalınca əlavə edir:

- Yanındakı saqqallıya denən ki, eşşəklə qatırı qırxmırlar.

At oğrusu

 

 

Bir nəfər gecə Pircana oğurluğa gedir. Oğurluq edəcəyi evdən bir az aralı durub ev yiyəsini çağırır görsün evdədi, ya yox. Qaranlıqda aralarında belə bir dialoq olur:

- Ay ev yiyəsi, ay ev yiyəsi!

Ev yiyəsi:

- Hey, bala, sən kimsən?

At oğrusu deyir:

- Həsənəm.

Ev yiyəsi bir də soruşur:

- Həsən kimdi?

Oğru cavab verir:

- Göy atın çidarın kəsənəm.

Ev yiyəsi acıqlanır:

- Ə, dəlisən, nəsən?

Oğru deyir:

- Səhər duranda görərsən!

Səhər duranda məlum olur ki, at oğurlanıb.

Ərişdə qurutma yeri

 

 

Bir nəfər alxasdılı Bakıda qadağan olunmuş yerdə maşını saxlayanda yol polisi yaxınlaşıb deyir:

- Burda maşın saxlamaq olmaz!

Maşın saxlayan deyir:

- Niyə, rəis, burda ərişdə qurudacaqsan?!

Oğru nəməri

 

 

Kalafalıq kəndində toyun axırında nəmər yığan bir-bir toy əhlinə yaxınlaşıb gətirilən nəmərləri siyahıya alır. Oğru Allahverənə yaxınlaşıb soruşur:

- Allahverən, sən nə yazılırsan?

Allahverən deyir:

- Çoban yatsa, it qoysa, mən də bir toğlu!

Həzrət Abbasın etibarı

 

 

Bozgüneydə Lətif kişi öküz otarırmış. Öküzün biri itir. Kəndə gələndə ondan soruşurlar:

- Lətif, Alma öküz hanı?

Cavab verir:

- Almanı tapşırdım Həzrət Abbasa gəldim.

Səhər öküzü axtarmağa gedəndə görür ki, canavar Alma öküzü yeyib. Öküzün leşinə baxıb deyir:

- Bu da Həzrət Abbasın etibarı?!

Qızın institutu

 

 

Seyidlər kəndindən Nəriman adlı şəxsin qızı instituta qəbul olur. Atası qızı Bakıda yerləşdirib kəndə dönür. Qardaşı Nəsib Nərimanı görəndə soruşur:

- Qardaş, qızı neylədin?

Nəriman cavab verir:

- Qızı qoydum instituta.

Nəsib deyir:

- Qızın bir institutu var, o da ərdi.

Möhkəm tutun, əlimə tüpürürəm

 

 

Bir kənddən beş nəfər kürd meşəyə oduna gedirlər. Meşənin qalın yerində gözləri bir sıldırım qayanın sinəsindən üzüyenişə süzülən bala sataşır. Odun olur yalan, bal olur gerçək. Belə qərara gəlirlər ki, aralarındakı qoluzorlu kürd irəlidə dırmaşsın, qalanları isə ondan yapışıb pətəyə tərəf qalxsınlar. Bu şəkildə hamısı bir-birindən tuta-tuta qalxırlar üzüyuxarı. Pətəyin yanına çatan qoluzorlu kürd qaratikan kökündən yapışıb ondan sallaşan dörd həmkəndlisinə xəbərdarlıq edir:

- Əyə, məndən möhkəm yapışın, əllərimə tüpürürəm.

Üzübəri baxan öküz

 

 

Bir cütçü altıboyun öküz (altıboyun öküz altı boyunduruqla on iki öküzün cütə qoşulmasına deyilir) qoşub yer şumlayır. Amma nə qədər çalışır öküzlər irəli yeriyib kotanı çəkə bilmir, elə hey bir-birinə dolaşırlar. Yorulub əldən düşmüş kişi tərini silə-silə boyunduruqdakı öküzlərə baxıb deyir:

- Neyniyirsə, o tərəfdən üzübəri baxan öküz eləyir (Sən demə kişi öküzün birini boyunduruğa tərsinə - uzügeri qoşub).

Bülbül

 

 

Axşam dar vaxtı bir kənddə qurbağa oxuyur. Qurbağanın səsi kənd camaatının xoşuna gəlir, yığışıb aralıdan seyr edirlər. Bülbülü tanımadıqları üçün qurbağanı bülbül hesab edirlər. Xəbər çatır, kəndin başbiləni gəlir. O da bir az qurbağanın qurultusuna qulaq asandan sonra deyir:

- Bülbül olmağına bülbüldü, ya ana bülbüldü - tükün töküb, ya da bala bülbüldü - hələ tüklənməyib.

Başbilən məsləhəti

 

 

Bir kənddə taxıl zəmisinə dəvə girir. Kənd əhli dəvəni tanımadığı üçün onu zəmidən necə çıxarmağı bilmir. Kəndin başbiləninə xəbər göndərirlər. Başbilən gəlib dəvəyə baxandan sonra deyir:

- Yıxın, sürüyün!

Başqa bir giley

 

 

Nə vaxt yatıb yuxuda görürəm ki, pul tapmışam, ayılıb görürəm yalandı, amma nə vaxt görürəm ki, yerimi batırmışam, ayılıb görürəm ki, gerçəkdi.

Külək qopur

 

 

Qarakeşdən bir nəfər maşının üstünə qalxıb yol gedir. Maşın tərpənən kimi yanındakılara deyir:

- Mənim bəxtimdəndi, mən maşına minən kimi külək qopur.

 


Lətifələr bugünlərdə işıq üzü görən "
Laçın folkloru" adlı kitabdan götürülüb. Tanınmış şair-publisist İlham Qəhrəmanın regional folklor seriyasından olan "Laçın folkloru" kitabına müəllifin uşaqlıqdan üzü bəri Laçında eşitdiyi və Azərbaycanın müxtəlif rayonlarına səpələnmiş laçınlıların dilindən qələmə alınmış lətifələr, bayatılar, səvələmələr, söyləmələr, bəzəmələr, tapmacalar, əfsanələr, söhbətlər, ağılar, deyişmələr və başqa ağız ədəbiyyatı nümunələri toplanıb.

 

"Media forum" saytı kitabdan seçmələri müəllifin xüsusi icazəsi ilə təqdim edir. Belə bir icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq müəllif hüquqlarına ziddir.

Kitabı əldə etmək istəyənlər bu telefonlarla əlaqə saxlaya bilərlər: (012) 550 64 82; (050) 647 45 91.

 

 

 



«Media forum»