ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
İdarəetmənin vahid və hamının qəbul etdiyi bir tərifi yoxdur. Ancaq bir məsələ aydındır: Bu, strukturdur, hüquqi münasibətlərdir, hakimiyyət formasıdır, vəzifə və məsuliyyətdir, qərar-qəbuletmə formasıdır. İdarəetmənin administrativ qərar qəbuletmədən fərqi isə ondadır ki, idarəetmə administrativ qərar qəbul etmədən əvvəl gəlir və siyasəti müəyyənləşdirir. Sonrakı mərhələdə artıq administrasiya işə düşür. Bu proses eynilə ali təhsil müəssələrində də baş verir.
Ali təhsilin idarə olunması ölkədən ölkəyə fərqlənir. Burada əsas rolu ölkənin ümumi tarixi, müstəqillik tarixi, yerləşdiyi region, milli xüsusiyyətlər oynayır. ABŞ ali təhsilinin bu gün dünyada oynadığı lider rolunu nəzərə alaraq (bu ilin Nobel laureatlarının neçəsinin ABŞ-dan olması, dünyanın 10 ən yaxşı universitetinin neçəsinin ABŞ universiteti olması buna bariz nümünədir), ABŞ universitetlərində idarəetmənin xüsusiyyətlərini, xüsusilə də universitetin əsas idarəedicisi - universitet prezidentləri (rektorları) haqqında məlumat vermək istərdik.
ABŞ ali təhsilinin idarə olunmasının əsas fərqləndirici cəhəti idarəetmənin rəngarəngliyidir. Hər bir idarəetmə forması həmin təşkilatın unikal tarixini və tələbatlarını özündə əks etdirir. İdarəedən qurumlar (Qəyyumlar şurası, Universitet senatı və s. ) mərkəzləşdirilmiş deyil, avtonomluq prinsipinə söykənir. 1966-cı ildə Amerika Universitet Professorları Assosiasiyasının, Amerika Təhsil Şurasının və Universitet və Kolleclərin İdarə Şuraları Assosiasiyasının birgə razılığı ilə demokratik idarəetmənin prinsipləri qəbul edilmişdir. ABŞ ali təhsilində idarəetmə nə qədər demokratik olsa da, bütün idarəedənlərin bir ümdə vəzifəsi var: işlədiyi müəssisənin maraqlarını qorumalı, cəmiyyətdə ona bir inam yaratmalı.
İdarəetmədə iştirak edən hər bir qurum - ayrı-ayrı fərdlərdən tutmuş şuralara qədər hamı bir-birinə hesabatlı durumdadır, aşağı qurum yuxarı qurum qarşısında cavabdehlik, məsuliyyət daşıyır.
Hamıya məlumdur ki, ali təhsil müəssəsində əsas idarəedən şəxs onun rəhbəridir. Amerika universitetlərində onlara "prezident", bəzi ştatlarda "kansler" (chancellor) deyilir. Bu şəxs Universitet Qəyyumlar Şurasının müəyyən etdiyi siyasəti yerinə yetirir. Universitet prezidentinin rolu ondan yuxarıdakı quruma -Qəyyumlar Şurasına təkliflər verməkdir və o həmin Sura qarşısında cavabdehlik daşıyır. Elə universitetin prezidentini də Universitet Qəyyumlar Şurası seçir.
XX əsrin əvvələrinə qədər universitetin idarə edilməsində universitet əməkdaşlarının, professor-müəllim heyətinin rolu nəzərə alınmırdı. 1915-ci ildən başlayaraq idarəetmədə professor-müəllim heyətinin iştirakının prinsipləri Amerika Universitet Professorları Assosiasiyası tərəfindən işlənib hazırlandı və həmin vaxtdan hər bir universitet üzvü akademik qərarların qəbul edilməsi üçün təkliflər verə bilər. Tələbələrin idarəetmədə iştirakı ştatlardan asılı olaraq bu və ya digər dərəcədə fərqlənir. Bəzi ştatlarda (məs. Kaliforniyada) tələbənin idarəetmə şürasının üzvü olması qanunla tənzimlənir. Ancaq tələbə təşkilatlarının idarətmədə hüquqi hakimiyyətə malik olmaları çox az universitetlərdə var.
Universitet prezidentlərinin əsas iki qərar qəbuletmə sferası vardır - universitet daxili və universitet xarici.
Universitet daxili qərarlara strateji planlaşdırma, maliyyə-büdcə məsələləri, administratorların, professor-müəllim heyətinin, xidmət personalının seçilməsi, akademik proqramların, dərəcələrin, fənlərin, tələbə qəbulu və məzunluq məsələlərinin, maaş təyini, idman, tələbə problemləri, elmi-tədqiqat, qrantlar, tibb xidmət, təhlükəsizlik xidmətləri və s. daxildir.
Prezidentin universitet xarici fəaliyyətinə isə idarəetmə orqanları ilə, məzunlarla, donorlarla, hökümətlə, qeyri-hökümət təşkilatları ilə, assosiasiyalarla, kompaniyalarla işlər daxildir. O universitet prezidenti müvəffəqiyyət qazanır ki, o daxili təzyiqlərə, maneələrə dözür və onları neytrallaşdıra bilir, eyni zamanda universiteti xarici təsirlərdən qoruyur.
370 illik ali təhsil tarixi olan ABŞ əhalisi bu gün 304 milyon nəfərdir. Bu 304 milyon əhalinin yaş bölgüsü belədir: 6,9 % 4 yaşa qədər olanlar, 11,8 % 5-13 yaşı olanlar, 5,6 % 14-17 yaşa qədər olanlar, 9,8 % 18-24 yaşa qədər olanlar, 27,4 % 25-44 yaşa qədər olanlar, 25,7 % 45-64 yaşlılar və 12,8 % 65-dən çox yaşı olanlar. Təxminən 63% əhali ali təhsil almaq imkanı olan insanlardır. Bu da təxminən 190 milyon əhali deməkdir. Həmin insanların ali təhsilini təşkil etmək üçün ABŞ-da 4861 ali təhsil verən kollec və universitetlər vardır. Buraya həm dövlət, həm də özəl təhsil müəssisələri aiddir. (məlumat 2008-09-cu ili əhatə edir). Bü ali təhsil müəssisələrində 1,371,390 nəfər professor-müəllim çalışır. Onların 51% ştatda olanlar, 49% isə saathesabı işləyənlərdir (məlumat 2007-ci ilin nəticələridir). Bu rəqəmlər 10 il bundan əvvəl (1997-ci ildə) müvafiq olaraq 57% və 43% olmuşdur. Bütövlükdə ABŞ əhalisinin 6,4% 8-ci sinif və ondan aşağı təhsili var. 9,1% əhalinin bir az orta məktəb təhsili olsa da diplom ala bilməyib. 30,0% əhalinin orta məktəbi bitirmək haqqında diplomu var. 19,5%-in yarımçıq kollec təhsili, 7,4% peşə dərəcəsi var, 17,4% bakalavr dərəcəsi, 7,1% magistr dərəcəsi, 1,9% doktorluq (Ph.D) dərəcəsi var. 2008-09-cu ildə 15,604,000 nəfər bakalavr pilləsinə 2,300,000 isə magistraturaya daxil olub. Keçən ildə ABŞ universitetlərində məzunluq (universiteti qurtarma) faizi 57,3% olmuşdur.
Bütün bu sadaladıqlarımız təhsil göstəriciləri kollec və universitetlərdə reallaşıb və həmin təhsil müəssisələrində bir qrup insanlar var ki, onların tədrisinin təşkili, idarə olunması üçün məsuliyyət daşıyırlar. Ən böyük məsuliyyət isə heç şübhəsiz ki, universitet prezidentlərinin üzərinə düşür. Dünyanın super dövlətinin təhsil müəssisələrinə kimlər rəhbərlik edir, onların təhsil göstəriciləri, elmi dərəcələri, iş şəraitlərinin necəliyi yəqin ki, bizim ali təhsil müəssisələrində çalışanlar üçün də çox maraqlı olar. İndi həmin məsələlərə bir aydınlıq gətirək. ABŞ Universitetlərinin prezidentlərinin 77% kişi, 23% qadındır. (təxminən 5/1).
Bunların 86,4 faizini ağlar, 5,9 faizini Afrika mənşəli amerikalılar, 4,9 faizini ispan mənşəli amerikalılar, 1 faizini isə Asiya mənşəli amerikalılardır. Yaşa gəldikdə isə universitet prezidentlərinin 0,6% -nin 31-40 yaşı, 7,5% 41-50 yaşı 42,6% -nin 51-60 yaşı, 42,6%-nin 61-70 yaşı, 6,7%-nin isə 71 və daha çox yaşı var. Universitet prezidentlərinin orta yaş həddi 60-dır. Ailə statuslarına görə prezidentlərin 4,2% heç vaxt evlənməyib, 3,3% dini baxışlarına görə evlənməyib, 83,3% evli, 1,1%-in kəbinsiz ailəsi var, 0,2% ailəsindən ayrılıb, 6,2% boşanıb, 1,8% subaydır/duldur.
ABŞ-da universitet prezidentlərini seçirlər və bunun üçün universitetdə "Axtarış komitəsi" (Search committee) deyilən bir komitə yaradılır və onlar namizədlərin arasından uyğun gələnlərini Universitetin Ali idarəedici orqanına - "Qəyyumlar şürasına" təqdim edirlər və burada namizədlərdən biri universitetə prezident təyin edilir.
Seçilən prezidentlərin təxminən 80%-i universitetlə yazılı müqavilə bağlayıb və bunlardan da 18,1%- nin illik, 7,7%- nin 2 illik , 32,6%- nin 3 illik, 9,5%- nin 4 illik, 24,6%- nin 5 ildən çox, 3%-nin müqaviləsi qeyri-müəyyən müddətə olub. Universitet prezidentlərinin bu təyinata qədər hansı işdə çalışması da maraqlıdır. Bunlardan 31,4% tədris işləri üzrə prorektor (ABŞ-da ona "Provost" deyirlər), 21,4% başqa universitetin prezidenti olub, 12,5% universitetdə digər administrativ işdə (dekan, kafedra müdiri) çalışıb, yalnız 13,1% təhsildən kənardan gəlib. Universitet prezidentlərinin 75,4% müqaviləni imzalamamışdan qabaq universitetin maliyyə vəziyyətini tam öyrənib, 81,2% Qəyyumlar Şurasının ona hansı ümidlər bəslədiyini əvvəlcədən aydınlaşdırıb. Seçilən prezidentlərin 1,9% - nin bakalavr, 9,5%- nin magistr, 54,3% - nin doktorluq (Ph.D), 20,7%-nin təhsil doktoru (Ed.D), 1,3 % - nin tibb doktoru (M.D), 5,7%-nin Hüquq doktoru dərəcəsi olmuşdur. Bunların aldıqları dərəcələrin 43,0% təhsil sahəsini, 13,8% sosial elmləri, 13,7% humanitar - incəsənət elmlərini, 4,9% biznes sahəsini, 4,7% hüquq sahəsini, 18% isə fundamental elmləri və mühəndislik sahəsini əhatə edib.
Dini baxışlarına gəldikdə, universitet prezidentlərinin 54,4% protestant, 27% Roman katolik, 5,1% Yəhudi, 1% Buddizm, 9,8% isə heç bir dinə qulluq eləmir.
Universitetə seçilmiş prezidentlərlə bağlanmış müqavilələrdən bəzi nümunələr vermək düşünürük ki maraqlı olardı. Onların 51,3% xidməti maşın verilməsini istəyib, sürücu istəməyib, 27,6% universitet prezidenti üçün olan evdə yaşamaq arzusunda olub. 63,3% tibbi sığorta istəyib, 17,5% evini yığışdırmaq üçün xidmətçi olmasını göstərib.
Universitet prezidentlərinin vaxtlarının daha çox nəyə sərf olunması da maraqlıdır. Prezidentlər 37,7% vaxtlarını universitetə maliyyə mənbələri cəlb etməyə, (keçən il ABŞ universitetlərinə təmənnasız olaraq 31 milyarddan çox maliyyə yardımı edilmişdir ki, bunların da 30% universitetlərin məzunlarının payına düşür), 34,8% vaxt büdcə, maliyyə məsələlərinin idarə olunmasına, 20,9% vaxt strateji planlaşdırmaya, 10,8% vaxt müəllim-profesor heyətinə 10,2% vaxt akademik problemlərə, 10,6% vaxt tələbə qəbulu məsələlərinə, yuxarı orqanlarla işə 9,2% vaxt, 3,7% kütləvi-informasiya vasitələri ilə işə, 2,6% tələbə həyatı, nizam-intizam məsələlərinə, 13,9% şəxsi məsələlərə və. s. ayırır. (göstərilən vaxt bölgüləri ümümiləşmələr əsasında aparılmışdır).
Universitet prezidentləri daha hansı işlərə vaxt ayırırlar. 20,1% universitet prezidenti- dərs deyir, 16, 9% elmi əsərlər yazır, 11,2% elmi-tədqiqat işləri aparır. Universitet Prezidentlərinin 86% universitetdən kənarda müxtəlif şuraların, cəmiyyətlərin üzvüdür.
Universitet prezidentlərinin 3,4%-nin ailə üzvlərinə unversitet kompensasiya ödəyir, 6,2%-nin həyat yoldaşı universitetdə işləyir, 34,4%-in ailə üzvləri təhsil haqqı ödəmədən dərslərə qedir, 26,8%-isə unversitetdən kənarda işləyir. Universitet prezidentlərinin illik maaşları 150,000- 2,000,000 arası ABŞ dollarıdır. Burada universitetin hansı kateqoriyalı universitet olması əsas şərtdir. Yüksək elmi tədqiqat işi ilə məşğul olan universitetlər prezidentlərə yüksək də maaş verir.
Göründüyü kimi ABŞ universitetlərinin rəhbərlərinin həyatları o qədər də rahat keçmir. İstər akademik sahə olsun, istərsə də qeyri-akademik sahə, universitet prezidentləri çox gərgin işləyirlər və birinci növbədə rəhbəri olduğu universitetin uzun illərdən bəri formalaşmış imicinin qörunması onun şərəf işi sayılır.
Əfqan ABDULLAYEV, ABŞ Dövlət Departamentinin Fulbright mükafatı laureatı, filologiya elmləri doktoru, professor