Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Əziz Nəsəfi". Afaq Məsudun tərcümə və təqdimatında. (Sufizm məqamları barədə Avropalı düşüncə adamının araşdırmasından...)

Müəllif:

Lyoyd Raycen


Kateqoriya:

Fəlsəfə, fəlsəfi mətnlər



Qısa Təsvir:

Sirlər dolu İnsan mahiyyəti barədə bu və digər sualları daha ətraflı cavablandırmaqdan ötrü ingilis alimi Lloyd Raycenin, X əsrin ən nəhəng sufi Şeyxi Əziz əd-din Nəsəfi haqqında yazdığı "Əziz Nəsəfi" adlı elmi tədqiqatından bir parçanı oxucularımızın nəzərinə təqdim edirik.


Baxış sayı: 58
    
    


İnsan ruhunu dağıtmağa susamış böyük dünya siyasətinin, sosial gərginliyin, müasir elmi-texniki tərəqqinin sıxıb, əzib kiçiltdiyi "balaca insan" obrazlarının yaşam uğrunda ölüm-dirim mübarizələrini bir vaxtlar daha çox bədii ədəbiyyatda oxuyub heyrətlənirdiksə, ömürlərini tamah və acgözlük, paxıllıq və şöhrət azarıyla əridən bu balaca varlıqlarla bu gün gündəlik həyatımızın irili-xırdalı döngələrində rastlaşmağın faciəsini yaşayırıq. Müasir həyat, bütün zaman qurğularından və aşırımlarından zərrə qədər dəyişilmədən, darısqal qəlblərinin qapalı gözü açılmadan, "sağ-salamat" çıxan bu "insancıqlara" bəraət qazandırmağında, onların, "zaman dəyişib, hər şey maddiləşib, bu gün insanları daha mənəvi dəyərlər yox, böyük siyasət və banklar idarə edir" - şüarlı mübhəm sığınacağına çevrilməyindədir.
 Guya hardasa lap alt qatda, əslində isə bütün parlaqlığı ilə aşkarda gedən bu qorxunc prosesi müşahidə etdikcə, istər-istəməz belə bir sualla üzbəüz qalırsan: "Həqiqətənmi bu, İnsanlığın Taleyinə yazılmış təbii ruhi evolyusiya prosesidir?.. Həqiqətənmi İlahinin, öz simasında, azad və saf yaratdığı, öz müqəddəs Ruhundan pay verdiyi bu Ali Varlıq, zaman ötdükcə, beləcə balaca, miskin canlılara çevrilməyə məhkumdur?.."
 Sirlər dolu İnsan mahiyyəti barədə bu və digər sualları daha ətraflı cavablandırmaqdan ötrü ingilis alimi Lloyd Raycenin, X əsrin ən nəhəng sufi Şeyxi Əziz əd-din Nəsəfi haqqında yazdığı "Əziz Nəsəfi" adlı elmi tədqiqatından bir parçanı oxucularımızın nəzərinə təqdim edirik.
 
     
 
A.Məsud
 
Ruhi doğulma
...İnsanın kamillik həddinə yetmək qüdrəti, sufi nöqteyi-nəzərindən, öz parlaq təcəssümünü Allahın son elçisi və Peyğəmbərlər Möhürü Məhəmməd Peyğəmbərdə tapmış Səyahət, yaxud Ruhi doğulma kimi baxılır. Bu kamillik özündə, sufi nəzəriyyəsinin Məhəmmədə şamil etdiyi üç əlaməti ehtiva edir:
"Qanun - mənim dediklərim, Yol - mənim əməllərim, Reallıq - mənim halımdır..."
Ayrı sözlə deyilsə: Qanun - bilik, Yol - bu biliyin həyata keçirilməsi, Reallıq - sufi yolunu getməkdə olan yolçunun daxili vəziyyəti və dayanacaqlarıdır.
Yolçu üçün bu, ən sadə təlimatdır.
Yolçu (İlahinin Varlığını dərk edən kəs) ilk növbədə, Müqəddəs Qanunun mahiyyətini təşkil edən bütün zərurilikləri öyrənib dərk etməlidir. Daha sonra o, öz qabiliyyəti müqabilində həqiqi reallıq aşkar olunana qədər, yol boyu (Yer həyatı ərzində keçilən ruhi kamillik yolu nəzərdə tutulur) tələb olunan bütün incəliklərə əməl etməlidir.
Sufilərə görə Məhəmməd Peyğəmbərin insan kamilliyinin nümunəsi kimi tanınması və onun, əvvəlcədən məlum edildiyi kimi, Peyğəmbərlər Möhürü dərəcəsini qazanmasıyla, belə bir nəticə də hasil edilir ki, daha ondan (Məhəmməd Peyğəmbərdən) sonra Allah tərəfindən göndərilən qanuni elçi yoxdur.
İbn Ərəbiyə görə belə bir yanaşma sufiliyə və "Allahın Dostları" dərəcəsinə ağır zərbədir. O səbəbdən ki, bu qənaət, İlahiyə səmimi qəlbdən və kamil xidmətə can atmağın mənasız olduğunu sübuta yetirir. Ayrı sözlə deyilsə, bu yanaşmadan belə bir nəticə hasil olunur ki, sufilər heç bir zaman Məhəmməd Peyğəmbərin çatdığı ruhi doğum dərəcəsinə yetə bilməzlər. Lakin eyni zamanda, həmin bu fəsildə Peyğəmbərliklə "Allahla Dostluq" arasında nisbət (vilayət) bu sayaq izah edilir ki, Peyğəmbər səviyyəsinə çatmaq, yalnız "Dostlar"a nəsib ola bilər.
Əziz əd-din Nəsəfi həmin o sufilərdən idi ki, peyğəmbərliklə dostluq arasında olan münasibətlərin ciddiliyinə böyük əhəmiyyət verirdi. O dövrlər Nəsif vilayətində, eləcə də ümumilikdə Çaylararası vadilərdə yaşayan üləmalar və sufilər arasında belə bir mübahisə yaranmışdı ki, "dostluq" atributu "peyğəmbərlik" atributundan əhəmiyyətli ola bilərmi? Bəziləri belə hesab edirdilər ki, müzakirə olunası yeganə məsələ - dostlar və peyğəmbərlər arasında dərəcə fərqlərinin düzgün izahı məsələsidi.
"Mən Şeyxlər Şeyxi Səəd Əl-Di Xəməyə xidmət etməyə başlayanda da biz həmin bu məsələni müzakirə edirdik. Onun ardıcılları indinin özündə də, onun ölümündən sonra da yenə həmin bu "peyğəmbərlər və dostlar" məsələsini müzakirə edirlər."
"Peyğəmbərlər" və "Allahın dostları" dayanacaqları arasında dəqiq sərhədləri cızan ruhi ierarxiyanın təyinini isə nəhayət ki, Əziz əd-din Nəsəfinin özü verdi və bu nəzəriyyə alimlər və ilahiyyatçılar tərəfindən təsdiq edildi.
Həmin bu nəzəriyyəyə görə, "Peyğəmbələr Möhürü" dayanacağı "Dostlar" dayanacağından dörd dərəcə yuxarı pilləni qazandı.
Ruhi ierarxiyanın özü isə Nəsəfi tərəfindən aşağıdakı qaydada müəyyənləşdirildi:
Ruh
Doğulmanın məqsədi
Dayanacaq
Peyğəmbərlər Möhürü
Müqəddəs Qanunun son yazısını qəbul edərək, əvvəlki yazıları ləğv edir.
Taxt
Qərar Adamı
Göndərilən yeni Müqəddəs Qanunu qəbul edir və əvvəlkini ləğv edir.
Ayaqaltı
Elçi
Allah elçiyə Müqəddəs Kitabı verir.
Yeddinci göy (Saturn)
Peyğəmbər
İlahi yazı verilir və insanlara göndərilir.
Altıncı göy (Yupiter)
Qnostik1
Hər bir şeyi olduğu kimi görür.
Dördüncü göy (Günəş)
Zahid
Bu dünyadan üz çevirir və dünya həzzlərindən imtina edir.
Üçüncü göy (Venera)
Etiqad adamı
Peyğəmbərlərin açıqlamalarına sidq-ürəkdən etiqad edir.
İkinci göy (Merkuri)
Dindar
Peyğəmbərlərə itaət edir
Birinci göy (Ay)
Beləliklə, bu ierarxik cədvələ görə Məhəmməd Peyğəmbər peyğəmbərlik dövriyyəsini qapadır və təqdim olunan ierarxiyanın kontekstində bu, "heç bir fərd, beşinci pillədən yuxarı pillənin ruhi kamilliyini əldə edə bilməz" mənasını ifadə edir. Elçilər və davamçılar peyğəmbərlər sırasında ən uca pillələri tuturlar.
Müsəlman ruhi irearxiyasının təsdiq etdiyi bu "ortodoksal" təlimatda "Kəşf əl-Sirat"-ın müəllifi Əziz əd-din Nəsəfi tərəfindən aydınca bildirildiyi kimi, "Dostlar" "peyğəmbərlərdən" aşağı pilləni tuturlar. Müəllifin qənaətinə görə insanlar, Quranın 4:71-ci ayəsində əks edildiyi kimi, dörd kateqoriyaya bölünür: - "Allaha və Onun Rəsuluna tabe olanlar, Allahın xeyir-dua verdikləri ilə - peyğəmbərlər, səmimi qəlblər, məzlumlar və haqqı axtaranlarla birgə olacaqlar".
"Haqqı axtaranlar" - İtaət dayanacağında (İslam) yer alanlardır. Məzlumlar" - İnam (İman) dayanacağında dayananlar, "Səmimi qəlblliər" ("Dost" adlandırılanlar) Öncəni görənlər dayanacağında (İşan), Peyğəmbərlər - ən yüksək dayanacaqda - Şahidlik dayanacağında (Əyan) dayananlardır.
Lakin Tirmizi və İbn Ərəbi kimi sufilərin əsərlərində sezilən bir sıra üstüörtülü eyhamlara görə, dostlar da, peyğəmbərlərin çatdığı dərəcədə ruhi doğuma çata bilərlər. İbn Ərəbiyə görə isə, bu sirin zərrə qədər ehtiyatsız açılışı İlahi Taxtı Lərzəyə gətirə bilər.
Yuxarıda göstərilən ruhi ierarxiyanı təqdim edərkən, Nəsəfi bildirirdi ki, cədvəldəki münasibətlər sistemi ilk baxışda göründüyü kimi, elə də sadə deyil. İlk növbədə bunu qeyd etmək vacibdi ki, bu cədvəl həmin bu doqquz dərəcə ilə razılaşan üləmaların mövqeyini təmsil edir. Ruhların bədənlərdən əvvəl yarandığını və bu səbəbdən də insan ruhunun, kamillik pillələri üzrə əvvəlcədən müəyyənləşdirilmiş pillədən yüksəyinə çatmaq iqtidarında olmadığını təsdiq edir. Filosoflar da həmin bu doqquz səviyyənin mövcudluğuyla razılaşırlar və belə hesab edirlər ki, ruhlar bədənlərlə eyni vaxtda yaradılıb və bu səbəbdən, onlar öz müdriklik və saflıq dərəcələrinə uyğun surətdə yer həyatı dövründə kamilləşə bilərlər.
Nəsəfi öz tədqiqatlarında "birlik tərəfdarlarının" bu ierarxik bölümlərlə razılaşıb-razılaşmadığından söz açmır, lakin o, eyni zamanda, insan ruhunun kamillik yolunun nəhayətsiz olduğunu da qeyd edir:
"...Əgər insan min il yaşaya bilsəydi və bütün bu illəri maariflə, özünüdərklə, zahidliklə, dini təlim və zikrlə məşğul olsaydı, o, hər gün, ötən gündə anlamadığını və kəşf edə bilmədiyini anlayar və kəşf edərdi. O səbədən ki, Allahın müdirikliyinin və biliyinin sonu yoxdu".
"Birlik tərəfdarları"na görə, insan hansı kamilliyə çatsa belə, onun imkanları müqabilində bu kamillik yenə Allahın biliyi və müdrikliyi ilə müqayisədə natamam olacaq. Odu ki, o kəs ki, kamillik həddinə çatdığını iddia edir, bu yalnız nisbi kamillikdi. Lakin Müqəddəs Qanunun davamçılarına və filosoflara görə "tam kamillik mümkündür".
"Birlik tərəfdarları"nın, insan ruhunun nəhayətsizliyi və bu səbəbdən onun, səmavi ierarxiyanın zirvəsini fəth edə biləcəyi barədə bu sayaq qənaətləri Nəsəfinin "İnsan əl-Kamil" əsərində də yer alıb.
İnsanın, Peyğəmbərin ruhi dərəcəsinə yetməsinin mümkünlüyü Nəsəfidən də əvvəl Səhl Tustari, Həllac, Tirmidi, Ruzbihan Təəkli, Əbu Həmid əl Qəzali və İbn Ərəbi kimi mistiklər tərəfindən də təsdiq edilib. Onlara görə "Dostluq" Peyğəmbərliyin canıdır".
Dostun, Peyğəmbərin ruhi kamillik dərəcəsinə yetə bilməsinin səbəbinin izahı üçün isə kamilliyi və Kamil İnsanın mahiyyətini tədqiq etmək zəruridi.
 
Kamil İnsanın keyfiyyətləri
 
 Nəsəfi öz əsərlərində Kamil İnsanın malik olduğu üç keyfiyyəti təsvir edir. Bu keyfiyyətlərin təhlilini, onların "dostlar" və "peyğəmbərlər" dərəcələri üzrə bölünmə mexanizmini nəzərdən keçirdikcə, bunlar arasında olan fərqi görmək mümkündür. Bu üsulla "dostluq peyğəmbərliyin canıdır" ifadəsinin mənasının da izahı açılır.
 Kamil İnsanın ilkin keyfiyyəti ilk növbədə, onun, istər kosmoloji, istərsə də bu dünyanın "reallığı" kontekstində əbədi mövcudluğa malik olmaq qabiliyyətidir. Bu ideya Kamil İnsanla "Məhəmmədin Reallığı" arasında olan fərqin izahını da açıqlayır. Sonuncu, Allah tərəfindən yaradılmış ilk varlığı xarakterizə edir. O əbədi və kamildir, Allah ona yaratmaq qüdrəti bəxş edib. Tez-tez misal çəkilən bu hədisdə deyildiyi kimi: "Allahın yaratdığı İlkin Ruh mənim (Məhəmməd Peyğəmbərin) ruhum olub, qalan bütün yaranışları O, mənim ruhumdan yaradıb". Bu hədis Səhl Tustarinin Xızırdan eşitdikləridir. Sonradan isə bu ifadə sufi ənənəsinin əsaslı bir hissəsini təşkil etdi. Xızırın dediyinə görə: "Allah Məhəmmədin işığını öz işığından yaratdı, ona quruluş (bədən) verdi və onu, hər günü bu dünyanın min ilinə bərabər olan yüzlərlə ili gizlidə saxladı. O bu işığa yeddi min dəfə Nəzər Saldı... bu işığa hər Baxışında yeddi min alov yarandı... və bütün Mövcudluq da beləcə, bu İşıqdan yarandı..."
 Beləliklə, "Məhəmmədin Reallığı" özünü bu dünyada "Kamil İnsan" kimi müəyyənləşdirmiş kosmoloji reallıq olduğunu təsdiq edir. Bu: Məhəmmədin "Adəm hələ suyla gil arasında olarkən, mən Peyğəmbər idim..." - deyən hədisdə də öz əksini tapır.
 Nəsəfi də həmçinin, növbəti bir hədisə istinad edərək yazır: "İnsan ruhları Ruhdan, bədənlər isə Adəmdən yarandı. Odu ki, ruhların Məhəmmədən savayı, bədənlərin də Adəmdən savayı ataları yoxdu".
 Bu fikirlər qaynağı ərəb şairi İbn Fəridin, Peyğəmbərə münasibətlə yaratdığı poetik nümunələri yada salır. Onlardan birində Peyğəmbər deyir: "Yer üzündə elə bir canlı yoxdu ki, məndən yaranmasın. İstək və arzuları olan bütün ruhlar mənim iradəmin təcəssümüdür. Quruluşca mən Adəmin oğlu olsam da, Onda mənim mahiyyətim var və bu, sübut edir ki, Adəmin atası mənəm..."
 Məhəmmədin ruhu, yaradılması öncədən müəyyənləşdirilmiş ilkin yaranışlardan olsa da, o, peyğəmbərlər cərgəsinin sonuncusu və Allahın İşığını mümkün tamlıqla ötürəndir və bununla da o, Yer üzündə Kamil İnsanı təmsil edir.
 Lakin "Kamil İnsan" və "Məhəmmədin Reallığı" anlayışlarını bir-birini əvəz edən anlayışlar kimi qəbul etmək də mümkün deyil. Xodkeviçə görə: "Həqiqə Mühəmmədiyyə" və "İnsan Kamil" təmiz sinonimlər deyil. Bu, insana müxtəlif nöqtələrdən baxışlardır ki, birinci, onun əzəli, ikinci, son mahiyyətini açıqlayır. Bu baxımdan Məhəmmədin Reallığıyla Kamil İnsan dərəcələrinin ardıcıllığını, Nəsəfinin bütün əsərlərində tez-tez rast gəlinən doğulma və qürub dövrələməsi kimi də qəbul etmək olar:
 "...Kamil İnsan öz ruhi doğumu və qürubuyla üç göyü və üç yeri ötəcək (yəni Mülk, Mələküt və Cəbərüt) və sonda Taxtda bərqərar olacaq. Ayrı sözlə desək, o, İlkin İntellekti tərk edib sonradan yenidən Ona qayıdacaq. Dövriyyə beləcə qapanacaq. İlkin İntellekt Taxtda bərqərar olacaq və beləcə, Kamil İnsan da öz təsdiqini Taxtda tapacaq".
 Yuxarıda göstərildiyi kimi, Kamil İnsan - Məhəmmədin Reallığının manifestassiyasıdır və bu səbəbdən, onda cəmlənən keyfiyyətlər, tək bir "tarixi Məhəmmədə" aid olduğu üçün unikal hesab edilmir. Nəsəfiyə görə Süleyman peyğəmbər də, Xızır və İsa peyğəmbər də Kamil İnsan dərəcəsinə yetənlərdir. Nəsəfi onu da qeyd edir ki, Yer üzünə tarix boyu gələn Kamil İnsanlar öz dövrlərində bu dünyada Şeyx, Lider, Müdrik, Yetkin, Ali, Dünyanı Əks Etdirən Cam, Kainatı Əks Etdirən Güzgü, Qüdrətli Tiryək və Böyük İksir" adları altında tanınıblar. Peyğəmbərlik dövriyyəsinin başa çatdığı təsdiq olunmasına baxmayaraq, Kamil İnsanın manifestassiyası hesab olunan Məhəmmədin Reallığı bu dünyada mövcudluğuna hələ də davam edir.
 Kamil İnsanın digər bir keyfiyyəti isə onun, Dünyanın Mərkəzi hesab olunmasıdır.
 Kamil İnsan-yaradıcılıq ağacının bəhrəsidir. Bu yaranışın məqsədi isə-onun aşkar olunmasıdır. Kamil İnsanın dünya yaranışının mərkəzi hesab olunması ideyası, olsun ki, insanın, makrokosmos adlanan bu dünyada mikrokosmos funksiyasını daşıması ideyasıyla səsləşməsindən irəli gəlir.
 Əl-Kindi və Əl Fərabi kimi islam filosofları mikrokosmos barədə bu sayaq təsvirləri antik fəlsəfədə oxuyurdular. Lakin məhz X əsrin "İkvən əl-Səfa" (Saflıq Qardaşlığı) adlı ərəb mütəfəkkirləri qrupu bu konsepsiyanı inkişaf etdirərək, insan bədənini Kainatla müqayisə etdilər...  
      
1. Yunan idealist fəlsəfəsi və Şərq dinləri əsasında qurulan dini-fəlsəfi cərəyan
 
 E-mənbə / link:
http://525.az/view.php?lang=az&menu=6&id=1795