ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
|
---|
Bəli, cənab Karapetyan, tarix elmdir, əntiqə şeylər satan antikvarlar bazarı, naqqallıqla məşğul olan boşboğazların antimoniya meydanı deyil. Hikməti özgə, aləmi başqa, fəlsəfəsi, məntiqi, amalı və amacı bambaşqadır onun. Nə mədhnamədir o, nə şeir, nə meyxana, nə ibarəsazlıq, nə də antimoniya və sərhəd nişanlarını ayıran demarkasiya xətti! İstək də deyil ki, şair ilhamından qafiyələnib misralansın! Mahnı da deyil ki, bəstəkar istedadından süzülüb gəlsin! Torpaq-ərazi də deyil ki, qəsbkar qonşu tərəfindən zəbt edilsin! "Sarı gəlin", "Uzundərə" də deyil ki, qəlbəyatan olduğundan yerindən qalxan "Mənimdir" - desin! Tarix maddiləşməmiş, gözə görünməyən özgə biçimli, özgə düzümlü materialdır. Yaşanmış dünənin cansız, səssiz, sənsiz, mənsiz lal axarının hənirtisi, pıçıltısı, nəfsidir! İnsanın bütün varlığına hakim kəsilən, ovsunlayıb ruhuna sahib olan, onu həyat asimanının istənilən yönü və sahilinə səsləyib aparan, keçmişimizin qaranlıq qatlarına işıq salan, gerçək təhlilini gözləyən yaşanmış anlarda dopdolu əlyetməz bir məşəldir!Qəlbi onun nuru ilə işıqlanan hər bir kəs bilməlidir ki, dünya xalqlarının tarixi ecazkar əlamətlər, ümumi cəhətlər, oxşarlıqlar, bənzərliklər, eyniliklər, rəngarəngliklərlə dopdoludur. Bununla belə, ayrı-ayrılıqda hər xalqın öz tarixi və məkana söykənən, zamanla köklənən bu tarixin də özünəxas, yerli, orijinal, həm də apaydın görünən, gah da heç gözə dəyməyən çox füsunkar əlamətləri, çalarları, rəngləri var. Dünya alimlərini düşünməyə sövq edən bu rənglərin fərqini duymadan, milli əlamətləri və çalarları arayıb araşdırmadan, geologiya-palentologiya-etnoqrafiya-linqvistika və xronologiya barəsində ilkin təsəvvürə malik olmadan, tarixin fəlsəfəsini bilmədən, məntiqini tapmadan Azərbaycan xalqının və Azərbaycan dilinin genizisi haqqında göydəndüşmə, əcaib və həm də qəzəblə uydurulmuş "tarix icad etmək" əslində yazıçı şərəfinə ləkə gətirən şit təkəbbürdən, hədər xudbinlikdən, ifrat bədxahlıqdan, aşkar metamorfoza, sofistika və sehrpərdazlıqdan, ikrah doğuran ədəbazlıqdan xalqlar arasında milli ədavəti alovlandırmaq cəhdindən başqa bir şey deyildir!Türkiyənin baş naziri cənab Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığınız məktublarda siz yazıçı deyil, ərazi iddiası, cahangirlik eşqi ilə alışıb yanan davakar erməni hakim dairələrin iradəsinin ifadəçisi kimi çıxış edir və üsyankar qiyamçı ədası ilə hər iki dövlət başçısına ultimatum verib deyirsiniz: "Azərbaycan və türk tarixçilərinin ehtiraslarını cilovlayın. Qoymayın onlar talış, ləzgi, avar, kürd, erməni və fars xalqlarının tarixini təhrif edib saxtalaşdırsınlar".Mifik təfəkkürə belə xas olmayan nəzakətsizliklə yazılmış ultimatum ruhlu bu məktublarınızdan ancaq birini - Azərbaycan Respublikasının Prezidentinə ünvanladığınızı sonadək oxudum. Oxudum və bir an elə bildim, Tanrıdan vəhy gəlib, Hisus zühr eləyib. İkinci gəlişi ilə insanları "bütün bəlalardan" xilas etməyə başlayıb. Adları çəkilən xalqların hər birinə ayrı-ayrılıqda müraciət edib deyir: "Bu mənim canım, bu da qanım, alın və günahdan, bəladan xilas olun". Tarixin yazılmış başqa anları da gəlib gözlərim önündə canlandı: Budur, parfiyalılar ordusunun baş komandanı Bakur əlindəki qılıncı başından yuxarı qaldıraraq nərə çəkib Vestidios Babsisin ordusunu "əzmək" üçün döyüş meydanına atılır... Alban katolikosu Nerses Bakurun kitabxanası Tərtərə axıdılır... Günəşin hərarətindən təngə gələn erməni ovçusu Arevamanuk ox atəşi ilə onu söndürmək, öldürüb yerə salmaq istəyir ki, aləmə zülmət çöksün...Erməni çarı Varazdadın kürəkəni sərkərdə Bakur m.ö.38-ci ildə döyüş meydanında məğlub oldu. Özünü öldürdülər, ordusunu darmadağın etdilər (Leo.Erməni tarixi, I cild, İrəvan, 1966, s.327). 704-cü ildə ərəb xəlifəliyinin köməyi ilə Alban kilsəsini erməni-qriqoryan kilsəsinə tabe etdirərək, katolikos Bakurun kitabxanasını çaya tökdülər (Girokos Qanzaketsi. Tarix. Bakı, 1946, s.222). Qəzəblənən Günəş alovu imlə Arevamanuku saçından tutub ac səhraya atdı (V.D.Qalkiİ. Drevniİ mir. Moskva, 1998, s.54.) İndi də canıb Bakur, siz çağdaş erməni yazıçısı kimi günəşi ovlamağa, türk və Azərbaycan tarixçiləri ordusunu qılınclamağa başlayıbsınız. Arevamanuk qəzəbi ilə türk və Azərbaycan xalqlarının tarixi keçmişini, az qala indiki varlığını da inkar etmək niyyətilə yazırsınız: "Çingiz xanın nəvəsi 1252-ci ildə Orta Asiya çöllərindən İranın şimalında Azərbaycana (!) iki yüz minə yaxın köçəri gətirdi. 50 il sonra Tamerlan da öz növbəsində Orta Asiyadan bu ölkəyə 50 min qacar köçürüb gətirdi. Köçürülüb gətirilənlər də burada bir neçə əsr ərzində yerli mar xalqı ilə qaynayıb qarışdılar və beləliklə, yeni bir dil - Azərbaycan dili yarandı." Bu məntiqinizə görə köçərilərin bir dəstəsi 1252-ci ildə, ikinci dəstəsi isə 1300-cü ildə gətirilib Azərbaycana. Üstündən əsrlər (yəni ən azı 4-5 əsr - İ.M.) keçəndən sonra Azərbaycan dili ortaya çıxıb. Sizin bu hesablarınıza görə Azərbaycan dili dünya xalqlarının dil tarixinə ancaq XVIII-XIX əsrlərdə məlum olub. Azərbaycanlılar və türklərin Qafqazda və Anadoluda yerli (avtoxton) əhali deyil, gəlmə köçərilər olduğuna dair ortaya atdığınız əcaib "kəşfə" haqq qazandırmaq üçün hətta tarixçilərimizi İrəvana gəlib "tarix haqqında yeganə düzgün bilgilər verən erməni qaynaqları ilə yanaşı olmağı" təklif etməkdən də çəkinmirsiniz.Bəs deyilmi, cənab Karapetyan, kökləri fanatizmdən gələn, uzun tarixi axarda ənənə halına, vərdişə, az qala həyat fəlsəfəsinə dönən bu ifrat cəfəngiyyata və boşboğazlığa niyə son qoymursunuz?! "İrəvan yer üzünün ən qədim şəhəri, dünya mədəniyyətinin beşiyidir. Ermənilər Qafqazın və Anadolunun qədim sakinləri, türklər və azərbaycanlılar isə bu yerlərə sonradan gələn köçərilərdir. Tarixə, dünya xalqlarının yaşanmış keçmişinə dair ən dəqiq bilgilər verən yeganə qaynaqlar İrəvandadır..." deməkdən təngə gəlmədinizmi?! Bütün bunlar təmənnalı sadəlövhlük, təəccüb doğuran məntiqsizlik, ali irqə mənsubluq görüntüsü yaratmaq cəhdi, açıq-aşkar nifaq mərəzi deyilmi?! Təklif etdiyiniz, bizə məsləhət bilib nümunə göstərdiyiniz o çox "mötəbər" erməni qaynaqları ilə zəhmət çəkib siz özünüz əvvəlcə ağıllı-başlı taniş olun, sonra da hələ V əsrin sonunda ön orta əsr tarixçisi Qazar Parpetsinin qələmilə sıralanmış bu sətirləri yadınıza salın: "Bu kasıb ağlımla mən o qənaətə gəlmişəm ki, başqa bir ədəbsiz və nadan adam fahişələrə xas olan həyasızlıqla əlini Favstosun yazılarına bulayıb və ağlına gələni öz başından istədiyi kimi qələmə alıb... elə o ədəbsiz və nadan adamlar da eyni həyasızlıqla ağızlarına gələni öz başlarından istədikləri kimi qələmə alaraq bu cür gərəksiz, boş-boş şeyləri gətirib alimlərin kitablarına doldurublar" (St.Malxasyan. Favstos Buzand. Erməni tarixi. İrəvan, 1947, s.9.).Elə həmin o tarixçi Parpetsinin dediyinə görə, erməni tarixinin ağsaqqalı Aqatanqeqosdur. Ondan sonra erməni tarixinə dair yazılan ikinci kitabın müəllifi Favstos Buzanddır. Buzandın "Erməni tarixi" adı ilə oxuculara təqdim olunan, 1947-ci ildə St.Malxasyan tərəfindən yenidən erməni dilinə tərcümə edilən o kitabını bütövlükdə olmasa da, 291-292-ci səhifələrində "böyük ilham və inamla" yazılmış bu rəvayəti bir də oxuyun: "Manvel məclisə toplaşanlarının hamısının gözü önündə soyundu. Bədəninin bütün əzalarını açıb göstərdi. Bir qəpik boyda da sağlam yer qalmamışdı. Bütün bədəni deşik-deşik olmuşdu müharibələrdə. Hətta o, cinsi kişi əzasını da açıb göstərdi hamıya, üstündə ən azı əlli yara yeri qalmışdı"...Sizcə cənab Karapetyan, tarixi kəsimlər amilini nəzərə almadan, xronoloji ardıcıllıqla məhəl qoymadan gerçək insan obrazı deyil, epik roman qəhrəmanları icad edən; maarifçi Qriqor və onun davamçısı kiçik Qriqorun, katolikoslar Nerses, Vrtanes və Husiqin simasında ideal şəxslər yaradan, məhdud dini məzmum daşıyan yorucu, uzun-uzadı öyüd-nəsihətləri, dualar və möcüzələri, gülünc əfsanələr və həyasız mənzərələrin təsvirlərini tarixi həqiqət kimi təqdim və təbliğ edən belə əsəri obyektiv qaynaq, məxəz, ədəbiyyat hesab etmək düzgündürmü? Xristianlığın qəbul edilməsini Ermənistan üçün "Böyük İnqilab" hesab edən tədqiqatçılar çar Trdatı və Qriqor Lusavoriçi bu inqilabın baş qəhrəmanları kimi təqdim edirlər. İkinci qəhrəman kimi adı vurğulanan Qriqorun həyatı və fəaliyyətinə dair qaynaqların, saysız-hesabsız rəvayətlər, əfsanələr, hekayətlərin içində həqiqət boğulur, itib-batır. Bəzi tədqiqatçılar hətta onu yunan möcüzəsi, Kesariyadan gəlmiş missioner kimi təqdim edirlər. (Leo, adı çəkilən əsəri, s.419.). Bəzi tədqiqatçılar da iddia edirlər ki, erməni xalqının tarixinə dair ilk kitabı Aqatonqeqos yazmayıb. Aqatonqeqos əslinə qalanda heç şəxsi ad deyil. "Aqatos" yununca "xeyir xəbər", "şad xəbər" deməkdir, "anqelos" isə "mələk", "müjdəçi"! Deməli, xeyir, şad xəbər müjdəçisi anlamında vurğulanan Aqatonqeqos əslində xristianlığın yayılmasında baş qəhrəman kimi təqdim olunan Qriqor Lisavoriçin ləqəbidir. Çünki kitab da elə onun fəaliyyətinə, xristianlığın yayılması tarixinə həsr olunub. Bütün bu məqamları nəzərə alan bəzi tədqiqatçılar belə hesab edirlər ki, kitabın üz qabığında "Aqatanqeqosun tarixi" yazılmasına baxmayaraq onu "Müqəddəs Qriqorun tarixi" kimi qəbul etmək daha düzgün olardı. Qazar Parpetsiyə istinadən həmyerliniz, qarabağlı Baqar Ulubabyanın bu qənaətinin də sizə çoxdan bəlli olduğuna şübhəm yoxdur: "Müqəddəs şəhid Qriqorisin əli ilə erməni aləmi atəşpərəstlik nadanlığından imtina edərək gerçək allahpərəst oldu. Buna görə də o kitabı Qriqorisin kitabı adlandırdılar" (Müsahibələr toplusu. İrəvan, 1988, s.73.)."Bəs Xorenatsının, yaxud kilsə xadimlərindən başqa birisinin verdiyi tarix?" Yaxşı tanıdığınız sanballı tarixçi Arakel Babaxanyan (Leo) özünün bu ciddi sualına çox ciddi cavab verərək yazır: "Süni qaydada saxta salnamə (xronologiya) düzəldirlər. Bunun üçün çoxlu təriflər, uydurmalar, saxtakarlıq tələb olunur. Belə çıxır ki, enrməni nahapetləri (patriarxları) sülaləsinin hökmranlığı, yaxud "Haykazyan dövrü" 1800 il davam edib. Yetərincə uzun sürən bu dövrün ayrı-ayrı zaman çalarlarındakı boşluqları doldurmaq üçün 59 hakimin adı bir-birinin ardınca düzülüb. Onlardan 32-sinin quruca adı var, tarixi, hətta ehtimal olunan hökmranlıq dövrü də göstərilmir. Bir sözlə, dövr, zaman, vaxt göstəricisi yoxdur. Göründüyü kimi, Xorenatsi "Haykazyan" adlandırdığı o dövrün tarixi hadisələri və ənənələrinin sədaqətli və etibarlı salnaməçisi olmayıb. O, əksinə, həmin ənənələrə və baş verən tarixi hadisələrə yamaq vurmaq əsasında uydurma tarix düzəltməklə xristianlığa saxta xidmət göstərmək rolunda çıxış edib". Xristianlığın tarixinə dair erməni keşişləri, kilsə təmsilçilərinin yazıb-yaratdıqları ədəbiyyat və bəhrələndikləri qaynaqlar barəsində tarixçi Leonun söylədiyi bu sözləri də yəqin ki, xatırlayırsınız: "Bu barədə rəvayətlər, nağıllar, türlü-türlü əfsanələrdən dağ boyda bir yığın yaranıb. Ancaq bunların içindən ağıllı-başlı bir tarixi material tapmaq olmur. Üst-üstə qalaqlanıb tığlanmış bu ədəbiyyata görə belə çıxır ki, ermənilər xristianlığı qəbul edəndə heç xristianlıq olmayıb. Saxta katolikos, saxta erməni padşahı adları da uydurublar. Guya ilk xristian padşah erməni olub. İlk xristian xalq da elə erməni xalqıdır... Əsrlər boyu da bu əcaib, sadəlövh, sərsəm cəfəngiyyata inanıblar." (Seçilmiş əsərləri, İrəvan, 1966, I cild, s.414.)Bu halda, cənab Karapetyan, insan idrakını real həyatdan kənarda axtaran, olmayan anlar və yaşanmayan mifləri gur duyğular və emosiyalar axarında təsvirçilik və seyrçilik mövqeyindən təqdim eləyən "arsiv" ("qartal") totemindən Arsurinilər adlı knyaz nəsil, "araqil" ("leylək") totemindən Ara Gegesiq adlı xalq qəhrəman "icad" edən erməni tarixi və qaynaqlarını hansı məntiqlə yeganə qüsursuz tarix və qaynaq, "türk, talış, tat, ləzgi, avar, kürd və fars xalqlarının tarixini isə saxta tarix" adlandırmaq olar? Deyirsiniz: "Kitab yazmışam Azərbaycan və İran haqqında". Çox əcəb! Həm də Azərbaycanda yaşamaqda olan adlarını çəkdiyiniz xalqlar barədə əsər yazmaq istəyirsiniz. Bu da yenilik deyil. Amalınız da bəllidir, amacınız da. Qarşılıqlı nifaq, ədavət toxumu səpmək yolunda ayrı-ayrı erməni tarixçiləri, yazıçıları az tər tökməyib, yetərincə antonim, antinomik tarixi "əsərlər" yazıblar. Amma tarix yazan annalist olmaq başqa, qədim əşyalar, əntiqə şeylər alverilə məşğul olan antikvarçılıq bambaşqa peşədir. Allah eləsin, bu dəfə sizin yazacağınız kitab bədxah siyasi məqsədlərdən və qatı millətçilik hisslərindən uzaq, həqiqəti ehtiva edən, pak duyğular, ülvi niyyətlərlə qələmə alınan safdıl tarixi əsər olsun! Məhz bu baxımdan bilmək istərdim: farslarla bağlı kitabda siz Zarehavanda baş vermiş bu faciəni necə təqdim edəcəksiniz: "Şapurun ordusu dörd yanı yerlə-yeksan qoymuşdu. Həddi-buluğa çatmış bütün kişi cinsi fillərin tapdağı altında məhv edilmişdi. Erməni naxararların qadınlarını soyundurub meydanda sıraya düzmüşdülər. Şapur at belində gəlib onların sıraları arasından keçir, bəyəndiyi qadını seçir, yaxınlıqdakı çadırına göndərir və gedib orada zorlayırdı. Bu tamaşanı o, İrana qayıdandan sonra da davam etdirirdi. Erməni şahzadəsi Paranzemi də özü ilə birlikdə bura gətirmişdi. İzdihamlı bir hərbi parad düzəltdi, Paranzemi biabırçı vəziyyətdə meydana gətirdilər, sonra da əsgərlərə... İranın bu şahının fərmanı ilə Hamazaspuhini də soyundurub başıaşağı asdılar..." F.Buzandın ilhamla qələmə aldığı, tarixə və tarixçilərə çoxdan bəlli bu səhnəni təsvir edəcəksinizmi?Sizin biz Azərbaycan və türk tarixçilərinə "məsləhət gördüyünüz" o "tarixi keçmişə dair yeganə düzgün bilgilər verən erməni qaynaqlarından" böyük sayğı və ehtiyatla, yəni yersiz əlavələr etməyə ehtiyac duymadan, kiçicik təhrifə belə yol vermədən, rəngləri qarışıq salmadan gətirdiyim bu "örnəklər", zənnimcə, dediyiniz o qaynaqların nə halda olduğunu düzgün təsəvvür etmək üçün yetərlidir. Bu halı, bu danılmaz həqiqəti inkar etmək olmaz. Amma qaldırdığınız məsələnin mahiyyətinə dərindən nufuz etsəydiniz, turklər və azərbaycanlıların genezisi, mənşəyi, soyu, kökü, dili məsələsini qərəzsiz öyrənmək meylində olsaydınız, onların gəlmə deyil, yerli, köklü əhali olduğunu, dillərinin də qədim və şirinliyini təsdiq edən tarixi faktları və daha böyük bir həqiqəti inkar etməzdiniz. Lakin siz bədniyyətlə israr edirsiniz ki, guya Azərbaycan dili qoca tarixin lap son kəsimlərində, az qala XIX əsrin sonu və XX əsrin əvvəllərində ancaq formalaşa bilmişdir. Halbuki erməni tarixçilərinin çoxdan pərəstiş etdikləri akademik N.V.Marr "Orxon-Yenisey" kitabələrinə istinadən etiraf edir və yazır: "Türklərin ədəbi fəallığı VI əsrdən məlumdur və çinlilər onları təxminən min üç yüz il də ondan qabaq" tanıyırdılar. (İzbrannıe rabotı, Moskva, 1937, T.IV, c.134). Lütfən, öz dediyinizi ədalət tərəzisinin bir gözünə, akademikin dediyini də o biri gözünə qoyub özünüz hesablayın, fərqini tapın: VI əsr + 1300 il + sonra gələn 16 əsr! Düzgün hesablasanız gərəcəksiniz ki, sizdən dağlar qədər fərqli olaraq akademik N.Marr türk-Azərbaycan dilinin ən azı 3500 illik tarixini tərəddüdsüz etiraf etmişdir.Tarixin atası Heredot da Azərbaycan torpaqlarında xeyli əvvəl məskunlaşan, hətta qüdrətli dövlətlər qura bilən isketlərin (skolotların) türk ailəsinə mənsub olması, türk tayfalarının təkcə Ön Asiyada deyil, Avropada da ilk mövcudluğu faktını təsdiq etmişdir. (Qerodot, İstoriş, L.1972.s.578). Lotman R.Q. O rannem vodvorenii v nekotorıx çastyax Evropı turkskix pelemen. VRQO, SPb, 1854, ç.X. otd.V. s.44). R.Q.Lotman bunu da vurğulayır ki, əslində heç "İsketlərin türk mənşəli olduğu elə bir əlavə sübut tələb etmir" (yenə orada, s.46). Bizans tarixçisi F.Simakatta da isketləri türk adlandıraraq öz tarixində yazırdı: "Elə ki bu ilin yayı gəldi, həmin şərqdə ehtiramla xaqan adlandırılan türklər Mavrikiya imperatoruna elçilər və məktub göndərirdilər (İstoriş. Moskva, 1957, s.106). Miladdan öncə IV əsrin sonu və III əsrin əvvəllərində Azərbaycan ərazisində sinifli cəmiyyətin yeni inkişaf mərhələsinə qədəm qoyması və yeni türk dövlət qurumlarının meydana gəldiyi də tarixə bəllidir. Etibarlı ərəb qaynaqları da Azərbaycanın qədim türk diyarı olduğunu təsdiq edir. Yunan yazıçısı Ksenafont (m.ö.430-354) "Arpaçay" hidronimini görün neçə əsr bundan əvvəl "Arpazis" şəklində ifadə etmişdir. (Anabasis, IV.S.7). Şərhə ehtiyac qalmasa da, xatırladım ki, siz, yəni ermənilər arpaya "qari", çaya "ged" deyirsiniz. Bu məntiqə görə əgər çayın sağı və solunda ermənilər yaşamış olsaydı, ağıllı Ksenofont onun adını türkcə "Arpazis" deyil, ermənicə "Qariged" kimi qələmə alardı. Deməli, hələ Ksenofont dövründə bu ərazidə türk tayfalarının yaşaması faktı təkzib edilməzdir, onu təhrif etməyə hədər vaxt sərf etməyə dəyməz. 1300 illik tarixi çoxdan adlamış "Dədə Qorqud" kitabını, Əbu-Bəkir-əl-İsfahaninin Oğuznaməsini vərəqləyə bilsəniz daha faydalı olar. İnanarsınız, bir daha mübahisə etməyə qalxmazsınız ki, Arpa çayının sağ və sol sahillərində, Ağbaba və Şörəyel rayonlarında, Göyçə (Sevan) gölünün sahillərin də, Alagöz hövzəsində də minilliklərlə oğuz tayfaları ömür sürmüş, at çapmışlar. Onların ən böyük xanı Oğuz xaqan bu ərazidə yaşamış, hökmranlıq etmiş, Göyçə gölünün sahilində də dünyasını dəyişmiş və hökmranlığı öz varislərinə vermişdir.
Oğuz tayfalarının indiki Ermənistan Respublikası ərazisində lap qədimdən məskunlaşmış olması faktını təkcə Ermənistanda deyil, Rusiyada da tanınmış Harutyun Araratyan adlı bir erməni müəllif də şəksiz-şübhəsiz təsdiq və etiraf edərək yazır. "Kəndə çatmağa hələ bir neçə verst qalmışdı (İrəvandan 16 km.aralı Vagarşabad və Əştərək kəndləri nəzərdə tutulur - İ.M.). Uzaqda çoxlu qəbir daşları aydın görünürdü. Gəlib yaxınlaşdıq. Qəbiristanlıq idi. Oğuz qəbiristanlığı! Qoca kəndlilər mənə dedilər ki, qədim oğuzlardan qalıb bu qəbiristanlıq (Jizn Artemiş Araratskoqo. 1981, s.80). 1441-ci ildə erməni katolikosluğu Kilikiyadan köçürülüb Oğuz qəbristanlığının yaxınlığındakı Vagarşapad (indiki Eçmiədzin) kəndinə gətiriləndə də bu arazidə Qaraqoyunlu türk tayfalarının hökmran olduğunu başqa bir erməni salnaməçi, din xadimi vardapet Tovma Medzapetsi danılmaz gerçəklik kimi, bəzəksiz-boyasız qələmə alıb: "Cahanşah öz ciddi islahatları ilə İrəvanın adını göylərə qaldırdı. Geniş bir ərazidə bəylərbəyliyi yaratdı. Təyin etdiyi bəylərbəyi Yaqub bəy İrəvanda otururdu. Onun hökmranlığı dövründə 1441-ci ildə erməni katolikosluğu Kilikiyanın Sis şəhərindən Vagarşabada köçürüldü. Yaqub bəy öz qoşunu ilə gəlmişdi. Təntənəli mərasim onun iştirakı, dəstəyi, icazəsi ilə keçirildi. Girakos Virapetsi də elə şəxsən Yaqub bəyin istəyi, rəsmi fərmanı ilə yeni katolikos seçildi. (Hişatakaran (Xatirat), Tiflis, 1892, s. 51-52). Vaxtınız olsa bu "örnəkləri" diqqətlə gözdən keçirin. Şərh etməyə mən ehtiyac duymadım. Özünüz şərh edərsiniz. İrəvan quberniyasını, İrəvan xanlığının torpaqlarını addım-addım gəzib dolanmış Rusiya tədqiqatçısı Şopenin yazdıqlarını da arabir vərəqləyin. "Güneydağ", "Cantəpə", "Şahdağ", "Oğruca", "Şişqaya" kimi oronimlərə tez-tez rast gələcəksiniz. Şübhələnməyin, bu oronimlərin böyük əksəriyyəti, bəzi qaynaqlarda hətta hamısı, əsrlər boyu orada yaşayıb, həm də yaratmış türklər - azərbaycanlıların ana dilindədir (Bax: Şopen İ.İ. İstoriçeskiy pamyatnik - sostoyaniya Armyanskoy oblasti v epoxu eyo prisoedinenie k Rossiyskoy İmperii, SPb, 1852, s.351-353). İrəvan xanlığının ərazisi, hüdudları haqqında söhbət gedən bütün əsərlərdə, hətta dərs kitablarında da oxuyacaqsınız: Arpa çaydan Qızılkilsə kəndinədək, Hacı Bayramlıdan Qəbirdağadək, Koroğlu dağından Arazboyu Naxçıvan, Şərura qədər, Gözəldərə dağ silsiləsindən Zəngəzur sıra dağlarınadək... (Yenə orada, Şopen İ.İ. s.351-353, Qriqoryan V.Q. İrəvan xanlığı XVIII əsrin sonlarında. İrəvan, 1958. s.31-32). Qaynaqlarda, tarixi ədabiyyatda mahalların adlarını da xatırlayın: Qırxbulaq, Vedibasar, Zəngibasar, Şərur, Sürməli, Seyidli, Sərdarabad, Dərəçiçək, Göyçə...Qədim türk etnoslarının m.ö.IV minilliyin ortalarından Ön Asiyada (Şərqi Anadoluda) məskunlaşdıqlarına, o dövrdən başlayaraq türk dilinin iki qol üzrə müxtəlif areallarda yayıldığına dair tədqiqatçıların müddəalarına müəyyən mənada şərik çıxan erməni tarixçisi Leo sizdən fərqli olaraq yazır ki, on qədim akkad dili ilə yanaşı türk dili də turan xalqlarının dil qrupuna daxil idi (Əsərləri, I cild, s.31). Din xadimi katolikos Qukasi Eçmiədzindən Gürcüstana II Herakliyo vo Bayazetdo İsahak papaya göndərdiyi məktublarda buğda, qarpız, yonca, xiyar, ispanaq, reyhan, badımcan, gül toxumu adlarını səlis azərbaycanca yazması da bu dilin qüdrətini, yayılma arealının genişliyini, qədimliyini təsdiq edən çox tutarlı və təkzibedilməz faktdır. (Matenadaran, Kilsə Divanı, s. 20,319).Yaxşı tanıdığınız tarixçilərdən akademik S.Agayan yazır: "Azərbaycan xalqının qəhrəman oğlu Babəkin köməyi sayəsində 821-ci ildə ərəb işğalçıları Sunikdən qovuldu" (Erməni və Azərbaycan xalqlarının əsri dostluğu. İrəvan, 1961, s. 18). H.Utmazyan da Azərbaycan xalqını hələ IX yüzillikdə yadelli işğalçılara qarşı apardığı mübarizə tarixini xatırladaraq etiraf edir ki, Azərbaycanda alovlanan kəndli hərəkatının başçısı Babəki Sunik knyazi Vasak da köməyə çağırdı" (Sunik IX-XI əsrlərdə, İrəvan, 1958, s. 31). Şair Avetik İsahakyan Azərbaycan xalqının yaşam fəlsəfəsini, mədəni-mənəvi inkişaf səviyyəsini az qala min il bundan əvvəl üstələnilməz parlaq istedadı ilə dünyaya tanıtdıran Nizami dühasını erməni oxucusuna heyranlıqla təqdim edir və yazırdı: "Nizami Gəncəvi fantastikanı göyün yeddi qatından məharətlə yerə - gerçək həyata endirərək Azərbaycan xalqının mənşəyi-məişəti çərçivəsində Qafqazın bütün tarixi məqamları, coğrafi adları ilə bağlayıb ecazkar bir çələng hördü. Nizami təkcə Azərbaycan xalqının fəxri deyil, həm də bütün Qafqaz xalqlarının iftixar, Azərbaycan, Gürcüstan və Ermənistanın fəthi, iftixarı və zəfəridir (Əsərləri, IV cild, İrəvan, 1951, s.97-100). Şəksiz, bu da sizə məlumdur ki, Nizami zəkası ilə möhürlənmiş qəhrəmanların və məhəbbət motivlərinin ruhu, qəlbləri fəth edən həmişə təravətli nəfəsi XII əsrdən başlayaraq Xaçatur Keçaretsi, Axtamaretsi, Konstantin Yerznkatsi, Sayat-Nova, Perc Proşyan, Raffi, Hovhannes Tumanyan, Vahan Teryan, Vahram Papazyan, Avetik Isahakyan, Geğam Saryan kimi bir çox adlı-sanlı erməni yazıçılarının əsərlərində apaşkar duyulmaqda, şipşirin səslə eşidilməkdədir. (S.P.Agayan, göstərilən əsəri, s.27)Yeni erməni ədəbiyyatının banisi saydığımız Xaçatur Abovyanın (1805-1848) çılğın ermənipərəst millətçi olduğunu inkar etməzsiniz. Buna mən də əminəm. Eyni əminliklə də o böyük ermənipərəst yazıçının Azərbaycan dilinin qədimliyi, şirinliyi, cəzb və cəlbediciliyi, yayılma arealının genişliyi barəsində heyranlıqla yazdıqlarından cəmi bir neçəsini diqqətinizə çatdırmaq istərdim:"Bayatıları mən ona görə yazdım ki, türklərin məclislərində, süfrə başında söylədikləri bu şeyləri ermənilər də öyrənib söyləsinlər ki, dilləri dada gəlsin, şirinləşsin... Bizim yeni dilimizin yarısı türk və fars sözləridir. Onların dili bizim millətin ağzına o qədər şirin və dadlı gəlib ki, ermənilər öz dillərini kənara qoyub nəğmə, nağıl və zərb məsələləri də türkcə söyləyirlər... adi danışıq zamanı xalqın ağzından bir-iki kəlmə deyil, hətta bütün ifadələri, bütöv cümlələri də türkcə eşidirsən..." (Əsərləri,V cild,s. 171, II cild, s. 182. Ermənistanın soyadları. İrəvan, 1987, s. 112-114).Bu qədərdən sonra, cənab Karapetyan, hansı məntiqlə Azərbaycan dilinin dünən-sırağagün yarandığı iddia etmək olar?! Əlavə faktlar gətirmək niyyətində deyiləm. Gətirilən örnəklərlə sizə xatırlatmaq isdədim ki, Orta Asiya çöllərindən dediyiniz o köçərilər Qafqaza gətiriləndən çox-çox əvvəl Azərbaycan xalqının özünəxas qədim yaşam fəlsəfəsi, dövlətçilik təcrübəsi, yüksək mənəvi-mədəni-estetik inkişaf səviyyəsi, bir sözlə, zəngin tarixi olub. Nizamisi, Tusisi, Nəsimisi olub. Dünya ədəbiyyatı asimanındakı əlçatmaz ulu yerinə hələ də heç kəsə güzəştə getməyən o Nizami Çingiz xanın yürüşündən yüz il əvvəl 1141-ci ildə Gəncədə dünyaya gəlib. Qəbrinin üstündə "Elmin köməkçisi, elm ölkəsinin şahı, dövr anası hələ belə oğul doğmayıb" sözləri yazılan enisklopediya alimi Tusi də 1201-ci ildə yəni dediyiniz o "köçərilərin Azərbaycana gətirilməsindən" xeyli əvvəl dünyaya gəlib və çox keçmədən də elm aləmində parlaq ulduza dönüb. Eyni vaxtda Nəsimi "Şairləri beşiyi Şamaxıda doğulub. Azərbaycan dilində qəzəllər, rübailər, tapmacalar şeirlər yazıb. Milli şair olub. Şərq xalqlarının taleyi və tarixinin tərcümanı kimi tanınıb. Ermənilər ona dərin məhəbbət bəsləyib, şeirlərini sevə-sevə oxuyub, hətta yeni şeir növü kimi "nəsimilər yazmağa başlayıblar" (Y.Mnatsakanyan, əlyazma. s. 11-14). S Lehatsinin "Səyahətnamə", A.Tavrijetsinin "Tarix", H.Monondyan və H.Acaryanın "Yeni erməni fədailəri" kitablarını bir də vərəqləsəniz, şəksiz-şübhəsiz əmin ola bilərsiniz ki, Azərbaycan xalqı və Azərbaycan dili haqqında dediklərinizin heç bir əsası yoxdur. Azərbaycanlılar bir yana, adı dəmirçi Budaq adlı erməni yüzdən artıq "nəsimilər" yazdığı və söylədiyinə görə edam edilmişdir. Xaçatur adlı başqa bir ermənisə "Nəsimi kimi dərimi soysanız da əqidəmi dəyişmərəm" demişdir.Bir az dərindən düşünün: bizim orfoqrafiya lüğətimizdəki "günah, haram, halal, kamal, taxt, şal, tamaşa, qanmaz, həsrət, kisə..." sözlərini XI əsrdə erməni şairi Frik haradan götürmüşdü?! Azərbaycan türk dili yox idisə H.Yerzinkatsu XIII əsrdə "Yeriyeri gavuş oğlu"nu azərbaycanca necə yaza bilərdi?! (Matenadaran, əlyazma, N;2394, s.125), H.Acaryan kimi nəhəng alim XI əsrdən başlayaraq türklərin erməni dilinə təsir göstərdiyini, bu altında erməni dilinin qramatik qayda-qanunlarının dəyişdirib, təkmilləşdirilməsi faktına açıq-aşkarlıqla etraf etməzdi! (Yeni erməni ədəbiyyat tarixi. Vagarşabad, 1906, s. 9) Zənnimcə, M.Abegyanın obrazı və rasional elmi düşüncə, təfəkkür tərzinə şübhə ilə yanaşmazsınız. Erməni dilində çoxmənalı sözlər, eyni məna daşıyan ifadələrin azdığından gileylənən alim bildirirdi: "Elə buna görə də biz özümüzə yaxın olan türkcəyə müraciət edirik (Xalq nəğmələri, Vagarşabad, 1904, s.35). Və nəhayət hələ IX əsrin əvvəlində əqidə. Inam azadlığı uğrunda mübarizə, kəndli hərəkatı bütün Azərbaycanda dalğalanıb, Babək adlı azərbaycanlı bu hərəkatın başçısı olub. V-VIII əsrlərdə Azərbaycan xalqı bəşər mədəniyyətinin nadir incilərindən birini- "Dədə-Qorqud kitabı"nı gələcək nəsillərə bəxş edib... Yazmaq xəyalına düşdüyünüz kitabda heç olmasa ibtidai məktəb şagirdlərinə də bəlli olan bu faktlardan yan keçməyin. Bir də unutmayın ki, müttəfiqlərin dəstəyi ilə erməni daşnak respublikasının XX əsrin əvvəllərində ələ keçirdiyi ərazidə 575 min müsəlman yaşayırdı (Qurko-Kryjin.Armyanskiy vorpos. BSE. 1926.T.III.S, 437). Əsrin sonuna on il qalmış onların taleyini birdəfəlik "həll" edərək son nəfərinədək doğma ata-baba yurdundan didərgin saldınız. XXI əsrin əvvəlində də Azərbaycanda yaşayan müsəlmanların taleyini "həll" etməyə, hətta tarixlərinə sahib durmağa can atırsınız. Hədər "canıyananlığa" səy göstərməyin. Dünyanın hər yanından Azərbaycana tolerantlıqdan dərs almağa gəlirlər. Talış, kürd, ləzgi, avar, tat burada nazir, icra hakimiyyətinin başcısı, millət vəkili, diplomat, prokuror, hakim, akademik, generaldır, sevdiyi vətənin milli qəhrəmanıdır. Burada müsəlmanın öz məscidi, yəhudinin öz sinaqoqu, xristianın öz kilsəsi, Vatikanın öz nümayəndəliyi var. Burada "milli qayçı" işlədilmir, ərazi iddiası və torpaq davası, qətil və qarət, nifrət və ədavət çağırışarı eşidilmir. Burada hiylə əkmir, nifaq toxumu səpmir, özgə millətdən olan indsanlara yad gözlə baxmır, onları faciə və fəlakətə səsləmirlər!Amma burada kənd və qəsəbələr ocağa və çırağa, insan nəfəsi və insan səsinə həsrət qoyan, tökülən nahaq qanlar, sel kimi axan göz yaşlarına, çəkilən əzablar və iztirablara, faciə və fəlakətlərə səbəb qan məhz savaş və qırğın hərisi, qonşunu öldürüb torpağına sahib durmaq divanəsi olan qəsbkara hədsiz qəzəb və güclü nifrət hissi də var!1920-ci ildə Tiflisdə Xan Xoyskini qətilə yetirən Aram, bir il sonra İstanbulda Behbudxan Cavanşirin ömrünə son qoyan Misak, 1992-ci ilin cəmi 8 ayında günahsız 5 min azərbaycanlının həyatına son qoyan, 18 minini əbədi şikəst edən (Həsrətyan S. Qarabağ müharibəsi. "Amaras" nəşriyyatı, 2001, s.26) batalyon komandirləri Ararat Qazaryan, Norik Danielyan, Monte Melkonyan, Petros Qevondyan, Movses Hokopyan, Vitali Balasanyan, Samvel Karapetyan kimilərinin adları erməni olduqlarına görə deyil, sözün tam mənasında qatil və cəllad olduqlarına görə burada daha böyük nifrət və qəzəb hissinə səbəb olur!Hələ 1906-cı ildə "İnqilabçının düşüncələri" əsərində " ermənilər bu torpağı qanla boyamasalar məqsədlərinə nail ola bilməyəcəklər" deyən Xristafor Mikaelyan, "Azərbaycanla qonşu olmaq Ermənistan üçün ən böyük təhlükədir" ("Harenik", Boston, 1966, N;,s.53) deyən V.Astvasaryan, "Erməninin türkdən başqa düşməni yoxdur. Türkdən intiqam almağa Tanrının özü buyurub erməniyə" ("Türklər və biz", ABŞ, 1912) deyən Hakop Ter-Hakopyan kimi qan qoxulu bədxah çağırışların müəllifləri və onların zoru balayanlar kimi çağdaş davamçılarına da çox haqlı olaraq burada qəzəb və nifrət hissi hiddətlə coşub-daşmaqdadır!"Qonşunun bədənini başından ayır, torpağına sahib dur" mərəzinə tutulmuş davakar dairələrin fitnəsinə-felinə uymayan erməniyə münasibət isə burada sözün tam mənasında ideal olub. Bunun kimi inkar etsə də, bir qarabağlı kimi siz inkar edə bilməzsiniz. Gözünüzün qabağında azərbaycanlı, talış kürd, ləzgi, tat, avar kimi erməni də burada nazir idi, raykom katibi, icariyyə komitəsinin sədri, hakim, prokuror, həkim, elm və mədəniyyət xadimi, əmək qəhrəmanı, deputat, bir sözlə, respubilkanın bütün naz-nemətlərindən gen-bol istifadə edərək əmin-amanlıq şəraitində yaşayan ən səlahiyyətli, həm də ən ərköyün sakini idi! O, "Kommunist" qəzetini, "Sovetakan qrakanutyun" jurnalını, erməni şair və yazıçılarının "Azərnəşr"də çap olunan əsərlərini, respubilka tele-radio verilişlərini öz ana dilinə oxuyur və dinləyir, seyr edirdi. 84 erməni respubilkanın rəhbəri partiya-sovet orqanlarında yüksək vəzifələrdə çalışırdı. Dağlıq Qarabağda isə kadırların 98 fazi erməniydi. O illərdə əhalinin hər min nəfəri hesabı ilə xəstəxana çarpayılarının sayı Ermənistanda 86,2, vilayətə isə 101,7 idi. Hər on min nəfər hesabı ilə orta tibb işçilərinin sayı Ermənistanda 93,5, vilayətdə isə 122,4 olub. Təkcə 1971-1985-ci illərdə Azərbaycan hökuməti Ermənistandan 7 qat kiçik olan muxtar vilayətə 483 milyon manat sərmayə qoymuşdu ki, bu da Ermənistanın illik dövlət büdcəsinin yarısı qədər idi...Cənab Karapetyan, bunlar rəvayət deyil, yaşanmış, hamı tərəfindən etiraf edilmiş həqiqətdir. Danılmaz böyük həqiqət! Onu sizin, qan damarlarına hələ qatı millətçi, ekstremizm və separatizm və zəhəri yeridilməmiş bütün Ermənistan və Dağlıq Qarabağ ermənilərinin diqqətinə çatdırmaq istəyir və böyük əminliklə bildirirəm ki, "Qarabağ qarşıdurması" ancaq üzünüzə taybatay açılmaqla olan möhtəşəm tərəqqi və bəxtiyarlıq üfüqlərinin qapısını bağladı. Qərəzsiz, ədalətlə müqayisə və mühakimə eləyin: Azərbaycanda Avropaya yön alan neft və qaz kəmərlərinin Ermənistandan keçməsi sizin üçün faydalı, sərfəli olardı, yoxsa Samvel Babayanın baş komandan, Arkadi Qukasyanın, Robert Koçaryanın, Serj Sarkisyanın prezident olması və milyardlara sahib durması?! Zənnimcə, erməni xalqının həyatı mənafeyinə daha çox xeyir gətirə bilən bu həqiqətdən söhbət açmaq Azərbaycanda yaşayan müsəlmanların tarixini "yazmaqdan"daha vacibdir. Ermənistanda sanki taleyüklü bütün məsələləri öz həllini tapıb, narahatlıq doğuran bir şey varsa, o da Azərbaycan xalqının tarixidir.Cənab Karapetyan, mən nə sağ təməyüllü yazıçı, tarixçiyəm, nə də sol. Dediyiniz qaynaqlarla da az-çox tanışlığım var. Hətta Matenadaranın Arxiv şöbəsində, katolikos divanında katolikoslar Qukas Karnetsi və Hovsep Arqutyanın məktublarını da vərəqləmişəm. Tarix tarixliyində qalacaq. Amma hadisələrin indiki inkişaf meylini, zamanın təkidli tələbini düzgün idrak etdiyimdən şəksiz səmimiyyətlə istərdim ki, siz: Rüşvət vermədiyinə görə erməni əsgərini təpiyi altına salıb qabırğasını qıran "ermənisevər", "vətənsevər" erməni zabitinin ədəbazlığından yazasınız. Qabırğaları qırılmış,-daha o vətənin vətəndaşı olmaq istəmirəm,-deyərək bir-birinin dalınca sərhəddi keçib Azərbaycana pənah gətirən əsgərlərin iztirabından yazasınız!Qapına bəd niyyətlə gəlmişəmsə, Tanrı qoy yerinin bir ovuc torpağını da çox görsün mənə. Erməniyəm... Sənin həmyerlin, ellinəm, eyni torpağın, eyni suyun övladı. And olsun bir Allahın o müqəddəs adına, canımı istəsən verərəm, başımı desən əsirgəmərəm, - deyən Xaçatur Abovyan,- Biz qəbir və ocaq qonşularıyıq,- deyən Avetik İsahakyan;- Ədəbiyyatda az-çox xidmətlərim olub, bununla öyünmürəm. Məni məmnun edən odur ki, gözgörəsi qarşı-qarşıya duran xalqlar qılıncı qınına qoydular, günahsız adamların çoxunu vəhşi bir qırğının pəncəsindən xilas edə bildim... - deyən Hovhannes Tumanyan ənənəsini davam etdirəsiniz!Vaxtınızı çox almaq niyətində deyiləm. Dediklərimin sintezi isə budur: tarix yaşanmış anlarla dopdolu əlyetməz, bir məşəldir. Qəlbi onun nuru ilə dolan qələm sahibi nəcib insanlara layiq ucalıqda dayanıb zəka zirvəsindən həyata boylanırsa, gərək ülvi amallar xəyanət etməsin, qəbir və ocaq müqəddəsliyi qarşısında ehtiramla baş əysin! Hər dəfə qələm əlinə alanda Nerses Şnorhalinin bu vəsiyyətini xatırlasın: "Dilinizə, dodaqlarınıza qıfıl vurun, qapı qoyun, qapıçı qoyun ki, bədxah, zərərli sözlər çıxarmağa söz tapmasın, xəyal bədövlad doğmasın, şeytanın səpdiyi toxum ana bətinində qalsın".Məqsədim də sizə məlum olan (bəlkə də olmayan) qaynaqlardan gətirilən örnəklərin sayını çoxaltmaq deyil, fərdi yanaşma müstəvisində, elmi tədqiq və məntiqi təhlil kontekstində hıəmin örnəklərin belə bir fəlsəfəsini diqqətinizə və erməni oxucusuna çatdırmaqdır ki:- Tarixi təkamülü qlobal şəkildə idrak etmək üçün əvvəlcə gerçəkliyin təhlili ələti olan tarixin özünün fəlsəfəsini bilmək, məntiqini tapmaq, formalaşmış çoxəsirlik sxolastik düşüncə tərzindən, ərazi iddiası yükündən xilas olmaq və bilmək lazımdı ki, cəmiyyət iqtisadi müstəqilliyə malik deyilsə, heç şübhəsiz, siyasi müstəqlliyini itirməyə məhkum olacaq...Zənnimcə, erməni yazıçısı ilk öncə ancaq bu mövzuda yazmaqla öz xalqına xidmət etmiş olar.
İsrafil MƏMMƏDOV,yazıçı-tarixçi
E-mənbə / link: http://525.az/view.php?lang=az&menu=7&id=929