Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

İki maraqlı yazı. "Böyük qardaş səni izləyir («Juçok»namə )"... "Kristian Dior - Məşhur modelyerin «əhilləşmiş əjdaha»ları"...

Müəllif:

Gülnarə Rəfiq


Kateqoriya:

Gərəkli məlumatlar



Qısa Təsvir:

Böyük qardaş səni izləyir («Juçok»namə )! Kristian Dior  - Məşhur modelyerin «əhilləşmiş əjdaha»ları. «Qadınlar 30 və 40 yaşı arasında çox cazibəli olurlar. Qadınların əksəriyyəti 40 yaşı adlayıb keçmədiyinə görə bu cazibə zirvəsini sonsuzluğa qədər uzatmaq olar»


Baxış sayı: 4633
    
    


Böyük qardaş səni izləyir!   


Aforizm: «Əgər sizi tutmayıblarsa bu sizin xidmətiniz deyil, bizim səhvimizdir».

Bu mövzu məni ilk dəfə təxminən bir il əvvəl maraqlandırmağa başladı. O vaxt «gmail»-dəki elektron poçtumda öz evimdəki kimi rahat oturub söhbətləşən vaxt saytdan mənə xəbərdarlıq gəldi ki, eyni zamanda mənim poçtuma girmək cəhdləri edilir. Müdaxilə edənlərin İP (yəni kompüterin personal xarakteristikası) və brauzerlərinin növləri də göstərildi. Beş, ya da altı nömrə verildi. Mən nədənsə bu nömrələri özümdə yazıb saxlamadım. Amma 5-6 nəfərin mənim yazışmamla maraqlanması maraqlı göründü. Mənim intim yazışmam ilə maraqlanan və bunu gizlətməyən, vaxtaşırı parolu sındırmaqla məni dostcasına hədələyən bir, uzağı iki nəfəri xatırlaya bilərdim. Onu da düşündüm ki, əgər təhlükəsizliyimizə cavabdeh orqanlar e-mailimə girmək istəsə, mənim bundan heç ruhum da inciməzdi və brauzerlərin nömrəsini mənə göstərməzdilər. Hakerliyə təzəcə başlamış azyaşlı uşaqlar da lazım gəlsə, internetdə komputeri qeydiyyatdan keçməmiş saytlara daxil olması üçün İP-ləri gizlətməyin qaydasını bilir. Ona görə də ilk sualı belə qoyuram:

Bizi kim və nə üçün izləyir?

Elektron vasitələr, texnika inkişaf etdikcə bayramdan bayrama yox, gündəlik qulaq falına çıxmağı sevən adamların işi çox rahatlaşıb. Hətta deyirlər ki, canı bir-iki saatlıq olan «juçok»ları lap su qiymətinə almaq olar. Belə «kəşfiyyatçını» lazımi yerə quraşdırdıqdan sonra bir az aralıda, məsələn yaxınlıqdakı kafedə oturub noutbukunu açıb çayı, kofeni ləzzətlə içərkən obyektin hərəkətini izləyə, yaza, sonra istəsən lap yaya da bilərsən. Sonradan «juçok»u götürmək lazım deyil, vaxtı çatan kimi o, avtomatik sıradan çıxır. İnternetdə ayaqyolunda çəkilişlərdən xəbərsiz adamların təbii ehtiyaclarını ödəməsini dünyaya yayan videolar məhz bu yolla əmələ gəlir. İnternetdə yayımlanan intim videoların iştirakçılarının əksəriyytinin çəkilişdən xəbəri olmur. Çox vaxt çəkilişi yeniyetmələr aparır və özlərini şpion yerinə qoymuş kimi hiss edirlər. Nəzərə alsaq ki, əla keyfiyyətli videoya görə yaxşı pul da verirlər, onda bığıburma əmilərin də bu işlə niyə məşğul olmasını anlamaq çətin olmaz.
Etiraf eləmək lazımdı ki, nəinki bizdə, bütün dünyada realiti şoulara maraq artıb. Yəni insanlar işdən qayıdıb əyin başını dəyişdikdən, tüklü şəpitlərini ayağına keçirdikdən sonra televizor qarşısında başqa birisinin həyatını seyr eləməyi istirahət formalarından biri hesab etməyə başlayıb. «Za steklom» (yəni şüşə arxasında), «Dom 2» kimi şoular ən reytinqli verilişlər sayılır və hər gün milyonlarla insanı televizor qarşısında oturmağa məcbur edir. Burda isə ən primitiv, hətta şit formada insan həyatı, bir qədər intim, öpüşlər, sığallaşmalar, mazaqlaşmalar, bir qədər savaş, dava, bəzən saçyoldular, yağlı şillələr də olur. Bütün bunları seyr eləmək üçün qızıl kimi vaxtını yad emosiyalara qurban vermək istəyənlər tapılır. Başqa bir veriliş «Braçnoye çtivo» isə daha uzağa gedir. Partnyorunun vəfasızlığında şübhələnmiş ər, yaxud arvadın sifarişi ilə evdə kameralar quraşdırılır, ev və mobil telefonu dinlənilir. Sonra bütün bunlar çoxmilyonlu auditoriyaya göstərilir. Burda xəyanət aktı da, sonradan zərərçəkmiş tərəfin emosiyaları da çılpaq şəkildə sərgilənir. Bəzən bu verilişə baxanda adamın içində etiraz baş qaldırır, axı kimin nə haqqı çatır ki, icazə olmadan başqasının həyatına soxulsun və üstəlik bunu hamıya da göstərmək cəsarətində bulunsun. Nə dərəcədə düzdür bilmirəm, amma deyirlər ki, bu layihə hələ prezident olduğu vaxtlarda Putinin ideyasıdır. Ölkənə mənəviyyatın uçuruma sürükləndiyi, xəyanətlərin adi hal olduğu bir zamanda rus xalqına bildirmək istəyirmiş ki, evinizdə də sizi izləyə bilərlər. Bir növ xalqı ayıldırmış kimi. Burdan ikinci sual doğur:

Görəsən insanlar istəyirmi ki, onları izləsinlər?

İndi iş yerlərində, ofislərdə, banklarda kameraların quraşdırılması adi, hətta çox lazımlı sayılır. Başımızın üstündə «hər şeyi görən göz»ün olmasına artıq alışmışıq. 11 sentyabr terrorundan sonra amerikalıların 86 faizi ictimai yerlərdə daha çox müşahidə kamerilarının quraşdırılması ideyası ilə razılaşdı. Onlardan 81 faizi bank əməliyyatları və kredit kartları ilə əlaqədar müşahidələrə «hə» dedi və 68 faizi vətəndaşların şəxsiyyət vəsiqəsini tətbiq edilməsini dəstəklədi. O vaxt söhbət əlbəttə ki, terrorçular barədə gedirdi. Amma vətəndaşlar nəzələ almadılar ki, hamını izləyəcəklər.
İri Amerika şirkətlərinin dörddə üçü (73,5 faiz) öz işçilərini güdür. Onların telefon söhbətlərini dinləyir, elektron poçtunu oxuyur, kompüter fayllarını və İnternetdə əlaqələrini izləyir. ABŞ, Kanada, Britaniya, Avstraliya və Yeni Zellandiya kimi ölkələrin əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən məlumatların ələ keçirilməsi sistemi var. Qlobal şəbəkə stansiyaları (ECHELON) vasitəsilə bu ölkələr peykin köməyilə telefon zənglərini, faksları və elektron poçtu izləyə bilirlər.
Federativ Tədqiqatlar Bürosunun (FBR) «Carnivore», yəni «Yırtıcı» adlı xüsusi proqramı var ki, elektron məktubları, SMS-ləri, rəqəmsal telefon əlaqələrini göz qırpımında əldə edir. Amma bu çox bahalı «əyləncə»dir. Çünki mobil telefonun bir günlük izlənməsi 5 min dollardır. Kimisə bir aylıq dinləməyə qoyarlarsa bu sizə endirimlə cəmi 30 min dollara başa gələcək. Ona görə də adi vətəndaşlara qarşı belə bahalı vasitələrin işlədilməsi fikri ağlasığmaz görünür. Kimisə kənardan güdmək ən ucuz vasitələrdən biridir. Obyektin nə dərəcədə mobil olmasından asılı olaraq qiymət günə 500 dollardan başlayır. «Juçok»lar bir az bahadı. Mütəxəssis və avadanlıq komplekti ilə birgə 8000 dollara başa gələr. «Juçok»ların tarixində sovet zamanında Britaniya kral ailəsinə bağışlanmış samovar ən maraqlısı sayılır. O, onilliklər boyu kral ailəsinin rezidensiyasında durmuşdu. Amma onlar samovarı elektrikə qoşub işlətməyə ürək eləməmişdilər. Çünki sovet istehsalı olan naqilin keyfiyyətinə etibar etmirdilər.
Dünyanın heç bir İnternet xidməti tam məxfilik qarantiyasını vermir. İnternet istifadəçiləri hər hansı saytdan sənədləri götürə və rahatlıqla baxa bilərlər. Demək olar ki, bizim şəbəkədəki fəaliyyətimiz 100 faiz hardasa qeyd olunur. İzlənməsini arzulayan ölkə kimi hazırda ən birinci yeri Böyük Britaniya tutur. Burda hər 55 adama bir kameri düşür. Avstraliyanın Yeni Cənubi Uels ştatında isə təkcə dəmir yolunda sərnişinlərin hərəkətini 5500 kamera izləyir. Burda 1900 kamera ictimai nəqliyyatın izlənməsinə sərf edilib. Dünyada artıq passiv şəkildə dayanıb olanları çəkən kameradan da bir addım uzağa gedə biliblər. Burda küçələrdə potensial cinayətkarı aşkarlaya biləcək kameralar quraşdırılıb. Kameralar hələ cinayət törətməmiş adamın məsələn, avtobus dayanacağındakı büruzə verdiyi narahatlığını qeydə adan kimi həmin adamı daha sıx müşahidə etməyə başlayır. Onun proqramının yaddaşına kriminala meylli cizgilər, narahatlıq ifadə edən pozalar, jestlər yüklənib. Onlardan hansısa biri diqqətə çarpdısa kameralar yatmış vəziyyətdən ayılıb işə düşür. Hər il milyardlarla pul bu tipli layihələrin, texnoloji yenilikləri yaranması və sonra insanlar üzərində təcrübədən keçirilməsinə xərclənir. Kənardan baxanda adamlar sanki etiraz etmir və müşahidələrin onların həyatı və sağlamlığına ciddi ziyan vuracağını düşünməyənədək bütün bunların ümumi rifah üçün tətbiq edildiyini düşünür. Növbəti sual deyəsən formalaşmağa başladı:

İzləmələrin insan həyatına ziyanı varmı?

İzlənməsi və radioelektron şüalanma hədəfinə çevrilməsinə etiraz edən azərbaycanlı xanım Leyla Şeyxzamanova barədə mən bu yaxınlarda «Media forum» saytında oxudum. O, təkid edir ki, 1993-cü ildən bəri xüsusi xidmət orqanları tərəfindən şüalandırılmaqla onun üzərində təcrübə aparılır. Onun dediklərinə görə vaxtilə kosmik tədqiqatlar institutunda işlədiyi vaxtlarda MTN-nin 12/17-ci şöbəsi bütün əməkdaşların uzaqdan-uzağa skaynerdən keçirib müşahidəsini aparırdılar. Zaman və kadrlar dəyişsə də onun bir növ fərdi pasportunu kartotekadan çıxarmamış və indiyədək təcrübələri kəsməmişlər. Leyla xanımın sözlərinə görə onların əsas məqsədi insan orqanizmi üzərində nəzarət və onun uzaqdan idarə edilməsidir. Göndərilən dalğalar ona fiziki işgəncə verir və sağlamlığını sıradan sıxarıb. Göndərilən şüaların sağlamlığına zərər dəyməsini təsdiqləyən sənədləri həkimdən almışdır.   Həmin məsələ ilə bağlı şikayəti Səbail məhkəməsində baxılmış, amma qətnamədə yızılmışdır ki, təsir edilmənin faktı aşkarlanmamış və sübut edilməmişdir. Şeyxzamanovanın sözlərinə görə radioelektron şüalandırma xidməti bütün ölkələrdə var və minlərlə əziyyət çəkən insanların sözləri havalanmış, laxlanmış psixikalı adamların mənasız fikirləri kimi qulaq ardına verilir. Amma Rusiya Federasiyasının «Silahlar barədə» qanun layihəsinə əlavəsində belə tip silahların mövcudluğunu təsdiqləyib və Rusiya ərazisində onların tətbiq edilməsinin qadaban olunduğu barədə açıq-aydın yazılıb.
Bu mövzunun ucundan tutub gedib Natalya Polovka adlı xanımın internet səhifəsinə çıxdım (
http://www.nataljapolovko.narod.ru/). Saytın sahibi təkid edir ki, uzun illər boyu dalğavari şüalanma silahının onun üzərində təcrübədən keçirilməsindən əziyyət çəkir. Saytda yüzlərlə təsirə məruz qalmış insanlar barədə məlumatlar toplanıb. Saytdakı məlumatlara görə 2005-ci ildə psixofiziki silahın qurbanlarını informasiya dəstəyi ilə təhciz edən Beynəlxalq qrup yaradılıb. Saytda onlarla bu tip saytlara istinad edilir və onların siyahısı verilir. Son 50 ildə icazəsi alınmadan insanları təcrübə obyektinə çevirərək yeni silahın sınaq təcrübələrini və fəsadlarının təsviri geniş şəkildə verilib. Silah psixofiziki ona görə adlandırılır ki, insanın həm psixikasına, həm də fiziki durumuna uzaq məsafədən təsir etmək imkanındadır. Aparatı həm diaqnostika, həm də fiziki məhv üçün də işlətmək olar. İnsanı uzaqzan uzağa kitab kimi oxumaq olarmış.
Bu saytda təsirə məruz qalmış insanlar içində Azərbaycana aid xüsusi səhifə var. Burda 3 nəfərin, bayaq adını çəkdiyimiz Leyla Şeyxzamanovanın, Maya Bədəlbəylinin və Zərifə Mailovanın adı çəkilir. Maya Bədəlbəylinin avtomatik yazı, yəni qeyri ixtiyari şəkildə əlinin verilən informasiyanı yazmasını, indiyədək görünməyən istedadlarının üzə çıxmasını da bu silahın müsbət tərəfləri ilə bağlayırlar. Yəni ki, silah öldürə bildiyi kimi insanın görünməyən tərəflərini üzə çıxarıb qeyri-adiliyə təkan verə bilər. Maya xanımın qeybdən aldığı informasiyanı isə sadəcə kimsə operator pultu arxasında oturub guya diqtə edirmiş. Eləcə də rentgen-qadın adlandırılan Zərifə Mailovanın letargik yuxudan sonra üzə çıxan bacarıqlarını da kənardan xüsusi apartla şüalandırılması ilə bağlayırlar.
Deyirlər ki, bu problem bir vaxt repressiyaya məruz qalacaq insanları ölkədən qovmaq üçün «Çıxın gedin, yoxsa həyatınızı dözülməz edərik» deməkdən başlayıb. Öldürülməliləri sıradan çıxarandan sonra yəqin maraq qalıb, işi atmaq istəməyiblər. Şpionlar qırılıb qurtarıb, camaat isə milçək kimi artıb törəyir. Yəqin ki, bu da çox bahalı layihədi və məntiqlə hər kəsə tətbiq edilməz. Dəri altına yeridilən və sahibinin səhhəti barədə hər saniyə xəbər yollayan personal mikro çip kimi. Burdan deyəsən sonuncu sual qaynaqlanır:

Bəyəm hamını izləyirlər?

Heç kim deyə bilməz ki, izlənmir, xüsusilə də cibində mobil telefonu olanlar. İzləmək üçün xüsusi orqana ehtiyac yoxdu. Məsələn, «Meqafon» kompaniyası «Mayaçok» və «Skaner» adlı tarif planını xidmətə verib. Hər iki tarif abonentin koordinatlarını tapmaq xidməti təklif edir.
Bəlkə də bir vaxtlar mağarada daldalandığımız zamanlarda içəri girib kiminsə yeməyini gizlincə murdarlayıb qaçmaq olardı, amma indi yox. Yazı-pozu meydana gələn kimi hamı nəzarətdədi və hər şey sənədləşdirilir. Xəbərçilər indi səlahiyyətli orqanlarda mütəxəssis kimi işləyirlər. Axtarışda olan adamı «tapammadım» demək biabır olmaq, ya da professional yararsızlığını boynuna almağa bərabərdir.
Şpion oyunu kimini qorxudur, çəkindirir, amma əksəriyytini cəzb edir. Bəzən redaksiyanın mətbəxində oturub çay içərkən çərənlədiyim söhbətləri 1-2 ay sonra gözəl tərtibatda, şık bir şaiyə şəklində qulağım çalanda mən də obyektivdə olduğumu düşünürəm. Amma bilmirəm ki, silahın hansı ucunu bizə yönəldiblər.
 
http://www.bizimyol.az/index.php?mod=news&act=view&nid=30561

 

Kristian Dior  - Məşhur modelyerin «əhilləşmiş əjdaha»ları

 

«Qadınlar 30 və 40 yaşı arasında çox cazibəli olurlar. Qadınların əksəriyyəti 40 yaşı adlayıb keçmədiyinə görə bu cazibə zirvəsini sonsuzluğa qədər uzatmaq olar»

Balaca oğlan yarıqaranlıq otaqda oturub nənəsinin uzaq ölkələr haqqında sehrli nağıllarını ləzzətlə dinləyirdi. Burda ağacların oyuğunda mavi rəngli pərilər yaşayır, eybəcər cadugərlər isə ocaqda zəhərli maye bişirir və supurgədə uçurdular. Oğlan oturub dinləyir və onların havada yellənən paltarların ətəklərini, Skandinaviya küpəgirən qarılarının bəyaz paltarlarını gözləri qarşısında canlandırırdı. Reallıqda isə küçələrdə Koko Şanelin müharibədən sonrakı ciddi üslubu hakim idi. Burda uzun ətəklərdən söhbət gedə bilməzdi. Qadınların süpürgəyə minib uçmağa, gözəl simalarını azmış cəngavərlərə göstərməyə vaxtı yox idi. Onlar zavod və fabriklərdə çalışırdılar və ölkənin dağılmış iqtisadiyyatını bərpa edirdilər. Amma balaca oğlan arzulayırdı ki, nə vaxtsa qadınları pərilər kimi geyindirəcək. Bu oğlanın adı Kristian Dior idi. Artıq yarım əsrdir ki, Kristian Diorun adı modanın sinonimi kimi işlədilir. Dior markası zəriflik, xanımlıq, kamil zövq deməkdir.

Diorların qoxusu

Kristian Dior cəmiyyətin aşağı təbəqələrindən çıxıb dünyanı fəth edənlərdən deyildi. O, imkanlı ailənin uşağı olub. Ailədə beş uşaqdan ikincisi olan Kristian Dior La- Manş sahillərində keçmiş balıqçı məntəqələrindən olan Qranvilldə doğulub. Onun atası kimyəvi maddələrin satışı ilə ağıllı başlı dövlət toplayıb zənginləşə bilmişdi. Anası isə evə gələn pulları ləzzətə çevirib zövq almağı bacaranlardan idi. İndi onun atası Moris Diora «fransız kimyasının flaqmanı» deyirlər. Amma 100 il əvvəl balaca Kristian təzəcə doğulan vaxtlarda yerli camaat səhərlər işə kimya fabrikinin yanından keçməli olanda sifətlərini əyib «Yenə də bu Dior iylətdi» deyib gedirdilər. Zavod çürümüş kökləri, yosunları, peyini emal edirdi. Kristian böyüyən kimi gözəllik haqqında öz fikirlərini cızdı və Paris Sənətlər Məktəbinə daxil olmaq arzusunu dilinə gətirdi. Əlbəttə ki, hiddətini gizləyə bilməyən valideynlərindən «yox» cavabı aldı. Onlar hesab edirdi ki, maskarad üçün geyimlər tikməyi sevməsinə baxmayaraq Fransanın ən varlı sənaye maqnatının oğlu normal sənət sahibi olmalıdı. Siyasi elmlər məktəbi kompramis variant kimi qəbul edildi. Kristianın gizli ehtirasları ortaya çıxdı - bogema restoranları, rus baletləri, ingilis parkları. Özü də musiqi yazmaq cəhdi edir və bir dənə də sərgini buraxmırdı. Vaxtı qalsaydı siyasət məktəbinə gedirdi, bəzən heç imtahanlara ayaq basmırdı. Bunu seyr edən valideynlərin şəxsi qalereya açıb oğlanlarının başını qatmaqdan başqa əlacı qalmamışdı. Ona görə də Kristian 20 yaşında diplomatik Akademiyadan qaçıb dostu Jan Bonjak ilə şərikinə öz qalereyasını yaratdı. Burada Deren, Matiss, Brak, Pikassonun əsərləri sərgilənirdi. Başqalarının işlərini sata-sata özü də əlinə qələm alıb çəkməyə başladı.
Xoşbəxtliyin bir gün bitəcəyini heç kim gözləmirdi. Hər şey kiçik qardaşının havalanıb dəlixanaya düşməsindən başladı. Anası xərcəng xəstəliyindən vəfat etdi. Dəlicəsinə sevdiyi arvadını basdırandan sonra kiminçün işlədiyini bilməyən atası həyatının mənasını itirdi. Daha sonra varidatını itirib iflasa uğradı. Bədbəxtliklərin sırasında Kristianın qalereyası da bağlanmalı olur, çünki atası tərəfindən maliyyələşirdi.
Diorun rahat dünyası dağılanda o özü də vərəmlə xəstələnir. Elə bu vaxt çoxsaylı rəssam dostları karına gəlir. Onlar atışıb Kristianı İspaniyaya müalicəyə göndərirlər. İbits adasında olarkən bəlkə də ilk dəfə idi özü ilə təkbətək qalırdı. Parisə qayıdanda Kriçtian artıq bilirdi ki, nə edəcək. Bundan sonra onun bircə arzusu var - tikmək!

Şlyapalar və jurnallar

Bir neçə ilin işsizliyindən, yarı ac dolanışıqdan, apatiya illərində vərəmləyib sağalandan sonra o, Jan Ozenn adlı rəssam və aktyorun yanında özünə məşğuliyyət tapdı. O, teatr üçün kostyumlar çəkməyə başladı. Tədricən dəbli jurnallar onun işlərini almağa başladı. Tale onu o vaxt çox tanınmış olan Lüsyen Lelonqun modalar evinə gətirib çıxardı. Bir neçə il Lelonqun assistenti işləyəndə o, hələ də nənəsinin nağıllarını unutmamışdı. İlk dəfə karsetli paltarlar, uzun balaqlı gözəl, təmtəraqlı geyimlər burda yaranırdı. Lelonqun yanında işləyərkən o, sənətin incəliklərini, texnologiyaları öyrənərək əl işinin qiymətini bildi və materiala qarşı həssaslığa yiyələndi.
Gələcək kutüryenin qarşısına Piqe adlı modelyerin çıxması da daha bir addım sayıla bilər. Robert Piqeni onun şlyapaları cəlb eləmişdi. Burada bir il işlədikdən sonra taleyin şıltaqlığı yenə də uğuru onun əlindən alır. Dior orduya cağırılır. Müharibədən sonra Dior üçüncü dəfə hər şeyi yenidən, sıfırdan başlamalı olur. Yenə də jurnallar, modelyer işi, qadın şlyapaları... Əsil simasını göstərməyə nail olanda onun artıq 42 yaşı vardı. İlk uğursuzluğundan sonra yalnız 7 il keçmiş Dior yenidən sənət dünyasına qayıda bilir.

«New look», yəni yeni obraz

Parisin mərkəzindəki dükanını açarkən mağazanın lövhəsini asan fəhlələrə baxanda dodaqları qaçdı: «Anam sağ olsaydı, yəqin ürək eləməzdim...» dedi. Dior manikenləri seçmək üçün qəzetə elan vermişdi. Ona görə də mağazanın dar dəhlizi fahişələrlə dolu idi. Axı eyni zamanda fahişəxanaları qadağan edən qanun da çıxmışdı. Deyirlər ki, ilk kolleksiyasının nümayişi zamanı modelyer əlini cibindən çıxarmamışdı,  xoşbəxtlik gətirən taxta parçasını barmaqları arasında sıxmışdı.
İlk model baxışı Monten avenyuda, Dior Modalar Evinin açılışında nümayiş edilib. Tarım bel, hürdür sinə, kiçik çiyinlər, topuğacan ya enli, ya da dar ətəklər - bunlar Dior üslubunun əsas keyfiyyətləridir. Diora məşhurluq gətirmiş klleksiyada uzun, yun parçadan tikilmiş ətək, belə oturdulmuş jaketi Amerika «Harpers Bazaar» jurnalının baş redaktoru Karmel Snou görəndə özünü saxlaya bilmədi: «Bu ki, «new look»dur, yeni obraz!». Dior qadınların əlindən alınmış korsetlər, alt paltarları, beldəki romantik vurğu, dekolteni yenidən dəbə qaytardı. Onun bel xəttini yaxşı vurğulayan qara lak kəməri ən böyük yenilik sayıldı. Amma yaxşı geyim hələ də böyük dəbdəbə idi. Qadınlar iti çiyinli pencəklər və rahat biçilən düz qısa ətəklər geyinirdilər. Hamıya elə gəlirdi ki, «new look» hamını qorxudacaq və çəkindirəcək. Gözlənilənin əksi baş verdi. Məhdudiyyətlərdən, kasıbçılıqdan bezmiş parisli xanımlar yeni kolleksiyanı fərəhlə qarşıladılar. Bunu birmənalı uğur saymaq da olmazdı. Çünki o vaxtlar puritan, əxlaq məsələlərində ciddi mövqedə olan  Amerika gözlənilmədən etirazlarını bildirdi: «O, tətillərlə iflic edilmiş, hər şeyin çatışmadığı və hər gün hakimiyyətdə dəyişikliklər baş verən bir ölkədə yenidən dəbdəbəyə necə qayıda bilərdi?». Hətta qısa ətəklərin müdafiəsi klubu da yaradıldı. Dioru ittiham edirdilər ki, o, qadınları eybəcərləşdirib. Amma kutürye yolundan dönənlərdən deyildi: «Qadınlar öz dəyişməz instinkləri ilə hiss etdilər mən onları nəinki gözəl, eləcə də xoşbəxt eləmək istəmişəm» deyə Dior öz uğurunu belə izah edirdi. Onu bir ağızdan söyən amerikalılar elə həmən il, yəni 1947-ci ildə Kristian Diora Böyük Moda nominasiyasında Oskar mükafatı verdilər. 

İtirilmiş dünyanın açarları

Debütündən sonrakı on il ərzində Kristian Dior hər il iki kolleksiya ilə çıxış edərək publikanı şoka salmaqda davam edirdi. Hər yeni kolleksiya hadisəyə çevrilirdi. Hər il eyni vaxtda, fevralda və avqustun əvvəlində onun kolleksiyası nümayiş edilirdi. Kolleksiyaların adları da elə bil qulağı deşirdi: «Çələng», «Tsiklon», «Şaquli», «Zanbağ». Bu obrazlar camaatın gözlədiyi və qorxub çəkindiyi mövzular idi. Hər yeni nümayişdə tamaşaçı lərzəyə gəlirdi: «Görəsən hansı yeniliklər, dəyişikliklər olacaq?!». Hər yeni kolleksiyadakı geyim kutüryenin dəyər verdiyi dünyanı - teatr, opera, ədəbiyyat, güllər, muzeylər, Paris - tam əks etdirirdi. Bəzən intim dünya, sirrlər, kartlar da onun mövzusuna çevrilə bilərdi.
Diorun iş bacarığı sadə, elit təbəqə üçün modalar evi saxlamaq istəyindən daha artıq şeyləri diqtə edirdi. Bir qədər tərəddüddən sonra o, xəz dəri sexi açaraq «Dior ətirləri» firmasını da işə saldı: «Ətir qabını açmaq kifayətdi ki, mənim kolleksiyamdakı paltarlar hamısı göz qarşısında canlansın. Mənim geyindirdiyim hər qadın öz arxasınca arzu və istəklərdən ibarət uzun bir şleyf buraxıb keçir. Ətir qadın şəxsiyyətində çox lazımlı bir nüansdır. Ətir paltarın sonuncu akkordudur, bir növ rəsssam Lankrenin öz tablolarını imzaladığı qızıl güllər kimi». İlk ətir «Miss Dior»dan sonra «Diorama», «Diorissimo» qoxuları da yarandı. Ətir onunçün itirilmiş dünyaya qapı kimi idi.
Amma bütün bunlar modelyeri razı salmırdı. Bu istəyinin ardınca gedən ustad tezliklə əsil sənaye maqnatına çevrildi. «Biz müharibə ilə, onun uniformaları, möhkəm bədənli hərbçi qadınlarla vidalaşırıq» deyən Kristian Dior ən birinci neylon corabların istehsalına lisenziya almaya bilməzdi. Onun müəssəsi qalstuklar, korsetlər, əlcəklər, çantalar, hətta zinət əşyaları da istehsal eləməyə başladı. 1953-cü ildə artıq Amerikada tanınmış ayaqqabıçı Roje Vivye Diorla birgə işləməyə başladı. Axı seluetin tamamlanmasında ayaqqabının rolu sox böyükdü. Bu da Dior üslubunu kamil zirvəyə qaldıran bir «ştrix» oldu. 50-ci illərin sonunda Dior dəbdəbə dünyasında lider sayılan imperiyanın başında dayanırdı: «Mənimçün sənətim həmişə ortabablıq, adiliklə mübarizə vasitəsi kimi olub».

Ən bahalı «əjdahalar»

Kommersiya uğuru özüylə ictimai hörmət, nüfuz da gətirdi. Ona minnətdar olan xalqı 50-ci ildə Kristian Dioru Şərəf Legionu ordeni ilə təltif elədi. Bu orden Avropanın krall evlərinə açılan yollarda yaşıl işıqları yandırdı. Məşhurluğu artdıqca kino istehsalçıları onun kostyumlarını ekranda görməyi arzulayır. Dior modalar evi Rolaia Tüalın «Sütunlu çarpayı», Klod Otan-Laranın «Sevgi məktubları», Ren Klerin «Susmaq qızıldı» filmləri üçün geyimlər tikir. Marlen Ditrix, Edit Piaf, Yeva Qardner, Oliviya Xevilend onun paltarlarınnı geyib ekranlarda, səhnələrdə görünür. Onun Marsel Aşarın «Paris valsı» filmindəki işi ən uğurlu sayılır. Burada 3-cü Napoleonun dövrü təsvir edilib. Həmin dövrün dəbini Dior çox sevirdi.
Qəribədir ki, dünyada ən bahalı və dəbdəbəli olmasına baxmayaraq milyonlarla qadın arasında ən populyar ad hələ də Dior Evi qalır. «Mənim bütün bildiklərim, gördüklərim və duyduqlarım, varlığımdakı hər şey paltarlara çevrilir. Geyim mənim fantaziyalarımın əydahalarıdır. Amma onlar əhilləşmiş əjdahalardır və xülyalar aləmindən bizim dünaymıza təşrif gətiriblər».

Uğuru qadınlar gətirəcək

«Əgər mən UĞUR sözünü ağlasığmaz macəra sayıla bilən karyeramın başlanğıcında məhz bu cür, yəni böyük hərflərlə yazmasaydım özümü nankor övlad sayardım». Dior özünü uğurlu hesab edən zaman onun həyatını izləyənlər düşünmürdü ki, uğur ona bu qədər rahat başa gəlib. Çünki hər saniyəsi gərgin işlə doldurulmuş həyatında bəzən 7 saatlıq normal yuxuya da vaxtı qalmırdı. Görkəmində cəzbedici bir şey yox idi. O, tez-tez qızarırdı, eləcə də daima gülümsəyirdi. Yavaşdan danışan idi və nitqi tez-tez qırılırdı. Xırda muncuq kimi hərflərlə imzasını qoyardı: «tian dior».
Dior təbiətcə çox mövhumatçı idi. O, falçıların yanına getməyi və saatlarla pasyans açmağı çox sevərdi. Bir dəfə xiromant qadın ovcunun içinə baxıb demişdi: «Siz pulsuz qalacaqsız, amma uğuru sizə qadınlar gətirəcək».

***
... Sehrli pərilər haqqında nağılı dinləyib otaqdan çıxanda balaca oğlan nənəsinə belə dedi: «Mən bilirəm ki, nə vaxtsa bütün qadınlar pəri kimi olacaq...». Qadınları pəri kimi görmək istəyən Kristian Dior 1500 kilometrdən də artıq parça işlədərək tikilmiş 100 min paltar sata bilib. Hər yeni kolleksiyası ilə Dior qadınları kişi obrazlarından xilas edərək gül-çiçəyə bənzədirdi.

Gülnarə RƏFİQ
gulnarerefiq@gmail.com


E-mənbə / link: http://www.bizimyol.az/index.php?mod=news&act=view&nid=30802