ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Çağdaş Amerika nəsrinin istedadlı nümayəndələrindən olan Maykl Çeybon (Michael Chabon) 1963-cü ildə doğulub.«Pittsburq sirləri» (1988), «Möcüzəli uşaqlar» (1995), «Kavalyer və Kleyin heyrətamiz macəraları» (2000) romanlarının müəllifidir. 2002-ci ildə Nyu-Yorkda nəşr olunan «Ən yaxşı Amerika hekayələri» toplusunda çap olunub. 2001-ci ildə Pulitser mükafatına layiq görülüb.
"VƏ SÜJET DOĞULDU..."
(Müsahibəsindən fraqmentlər)
- Sizin üçüncü romanınız - «Kavalyer və Kleyin heyrətamiz macəraları» 2001-ci ildə Pulitser mükafatına layiq görülüb. Romandakı hadisələr ötən yüzilliyin 30-cu illərində təkcə Amerikada yox, həm də Praqada baş verir. Güman ki, iş prosesində tarixçi peşəsinə yiyələnməli olmusunuz.
- Düzünü deyim, bütövlükdə tarixi araşdırmalara baş vurmaq üçün bu mövzuya girişdim. Mən material toplayacağım anları səbirsizliklə gözləyirdim və işin bu mərhələsi doğrudan da, ən gözəl mərhələ oldu. Bir aylığa Nyu-Yorka getdim, «yerli şəraitin» kəşfiyyatıyla məşğul oldum (hadisələrin cərəyan elədiyi Bruklini dolaşırdım), Nyu-York Tarix cəmiyyətinin kitabxanasında oturdum. «Nyu-Yorker» jurnalının bir yığın dəstlərini ələkdən keçirdim. Məni həmişə köhnə şriftlər, köhnə avtomobillər və geyimlər, köhnə reklamların dili heyran eləyirdi.
- Nə vaxtsa sizə təsir eləyən kitablar haqqında suallarla qarşılaşmısınız. Cavab vermirsiniz ki: «Bundan sonra mənim həyatımı yalnız öz kitablarım dəyişə - həm də hökmən yaxşı istiqamətə yox - bilər. Siz mətn üzərində iş təcrübəsini nəzərdə tuturdunuz, yoxsa nəşr olunandan sonra mətnlə bağlı baş verənləri? Bu mənada «Kavalyer və Kleyin heyrətamiz macəraları» sizin həyatınıza necə təsir göstərib?
- Son sualınıza cavab vermək hələ tezdi. Mən işin üzərimə düşən hissəsini görmüşəm, amma romanın oxucuya çatması prosesi hələ irəlidədi, mahiyyətcə, kitabın mənim taleyimdəki rolunu elə bu da müəyyən eləyir. Əvvəlcədən bir onu deyə bilərəm ki, «... heyrətamiz macəralar"a sərf elədiyim bu illər ərzində özümü yazıçı kimi daha yaxşı tanımışam. Mən özümdə əvvəllər aşkara çıxmasına yalnız ümid bəslədiyim qabiliyyət aşkar eləmişəm: sən demə, ən müxtəlif personajların cildinə girməyi, ötən günlərin mənzərəsini və zamanın gedişini təzədən yaratmağı bacarırammış...
Ümumiyyətlə dörd il, dörd ay (və dörd gün) sonsuz düzəlişlərə, ixtisarlara və radikal dəyişikliklərə, gözgörməz zülmətdə uzun müddət sərgərdanlıqlara məruz qalandan sonra roman mənə əsl sürpriz bəxş elədi - ilkin fikrimlə demək olar, üst-üstə düşdü. İndi inanıram ki, məndə peyğəmbər öncəgörməsi var.
- Özünüz oxucu və yazıçı kimi formalaşmağınız haqqında danışarkən, Xorxe Luis Borxes, Qabriel Qarsia Markes və Con Çiver kimi nüfuzlu ustaların təsiri haqqında xatırlatmısınız. Amma bizə elə gəldi ki, «Kavalyer və Kleyin heyrətamiz macəraları»nda komikslərdən nəsə var... Bu kitab üzərində işləyəndə hansı müəlliflər sizə ilham verirdi?
- Həmişə eyni müəlliflər. Onların siyahısı demək olar, dəyişmir. Ola bilsin, o siyahıya Uilyam Boydu əlavə eləyim - mənim yeni kəşfim və yeni ehtirasımdı. Amma bütün o müddət ərzində, roman üzərində çalışanda, birinci səhifədən axırıncı səhifəyəcən kürəyimdə Nabokov və Markesin varlığını duymuşam.
İdeyanın özüsə Co Şester və Cerri Sikeli - Supermeni onlar uydurublar - öz yaratdıqlarının hüququnu yüz dollara satıblar - oxuyanda yarandı... Başqa cür desək, onların seçdiyi janr kütləvi ədəbiyyata aid olsa da, kommersant ola bilmədilər... Bütün bunların hamısı qəlbimin simlərinə toxundu - və süjet doğuldu.
Maykl Çeybonun "Sahil zolağında" hekayəsi təqdim olunur.
Maykl Çeybon
"Sahil zolağında"
hekayə
Yadımda deyil, mən balaca olanda balqabaq dalınca hara gedirdik. Mən Marilend ştatında, həmin günlər ətraf çölləri yeni-yeni mühasirə eləməyə başlamış kiçik Pidmont şəhərində böyümüşəm, beləliklə, biz sadəcə, kiminsə bağıma, yaxud hansısa fermaya yollanırdıq - yayda qarğıdalı və çiyələk arxasınca, payızdasa sidr və alma dalınca getdiyimiz yerlərdən birinə yollanırdıq. Biz evə qayıdanda atamın mətbəx stolunun üstündən ən iri bıçağı necə götürdüyü yadımdadı. Atam vasvasıydı və əllərini xüsusilə, yeməklə bulamağı sevmirdi, amma nə qədər ki, narıncı çanağının qabığını yarırdı, lifli lətini kəsirdi və iri matel qaşıqla solğun özəyini təmiz-təmiz qaşıyırdı, həkim olduğundan hərəkətlərindən rəhmsiz-peşəkar çalarlar hiss olunurdu. Ata bu işi dodaqlarını sıxa-sıxa və nifrətlə hıqqana-hıqqana görürdü.
Ötən ay mən öz oğlumu avtomobil magistralı və Barklinin bataqlığa çevrilmiş sahil zolağı arasındakı çöllüyə apardım. Adətən belə yerlərə heç kəs baş çəkmirdi. Orda qayıq leşindən, alaq otlarından, bir də burdakı sudaüzənlərin yerini bir az dar eləyən kiçik, amma qəddar zibillikdən başqa heç nə yoxdu. Bu torpaq zolağı o qədər cansız və maraqsızdı ki, yanvardan oktyabracan ora ola bilsin, kimsə ayağını basmır, bu zolaq sadəcə, mövcudluğunu itirir. Amma qışa yaxın orda ilin fəsillərinin əbədi dəyişikliyini xatırladan daimiliklə yük maşınlarında ot bağlamaları, çəpər üçün məftillər, narıncı - qara və qırmızı-yaşıl bayraqların əcaib qalağını gətirirdilər. Əvvəlcə onlar süni skeletləri və qidalandırıcıyla hərəkət eləyən əcinnələri düzürlər, bir neçə həftədən sonrasa rəngbərəng işıqları və həmişəyaşıl bitkilərin hörüklərini asmağa başlayırlar. Hər halda, mənə belə gəlir. Əslində, mən onların bu biznesinin necə işlədiyini bilmirəm. Güman ki, balqabaq üzrə ixtisaslaşmış xüsusi «Hellouin» brinadası var və köknar və ağ şam ağaclarıyla yük maşınlarını başqa «Milad» briqadası mövcuddu. «Hellouin» briqadasında əsasən iranlılar, «Milad»da isə tailandlılar işləyirlər. Üstəlik, mənə məlum deyil ki, sahilyanı zolaq kiməsə məxsusdumu, yaxud bu nifrətəlayiq və demək olar, gözə çarpmayan ərazi hamı və hər kəs üçün açıqdımı və bu işbazlar öz yırtıcı həmlələrinə tam hüquqi əsas tapıblarmı. Bununla belə, mənim Merilend gəncliyimin iddilik qızı payızıyla dördyaşlı oğlumun şəhər payızı plastmass elementlərdən, fars mahnılarından və sürət şossesinin uğultusundan ibarət olan qarışıq arasındakı təzad haqqında heç nə demək istəmirəm. Mən ümumiyyətlə, nə balqabaqlar, nə Hollouin, nə də hər dəfə öz-özümə tutaq ki, yetmiş üçüncü ilin soyuq oktyabr günü mənim yox, velvet paltolu oğlumun kölgələri artıq uzanan və get-gedə qatılaşan əsl balqabaq cərgələri boyu gəzdiyini təsvir eləyəndə keçirdiyim həmin o ağrı haqqında danışmaq istəyirəm. Mən bu dünyanın başına hansı oyunu açdığımıza və bundan sonra onun uşaqlarımız etibarından və diqqətindən kənar düşdüyünə işarə vurmağı da fikirləşmirəm. Hərdənbir ürəyimdə elə bil, qara buzun qırıntısını hiss eləməyimə baxmayaraq, heç də bu fikirdə deyiləm.
Nikinsə bura xoşuna gəlir. Ola bilsin, onu narıncı rəngin gözlənilməz partlayışıyla işıqlanan boz, küləyin cövlan elədiyi çöllüyün mənzərəsi ovsunlayır. Ötən səfərlərimizdə o rezin əcinnələrdən və dişlərini ağardan skeletlərdən qordurdu, amma sən demə, onun burda gəzmək cəsarəti mənim səbrimdən və sinəmdəki bayaq söz açdığım ağrıya dözmək qabiliyyətimdən artığıymış. Lakin bu il hər şey başqa cürdü. Bu iş o nədənsə bu qorxunc dekorları bir həmlədə qəbul elədi.
- Ata, bax, bax! Kəllənin gözündə ilan var, - biz maşından çıxanda dilləndi.
Qayıq meydançası maşını saxlamaq üçün demək olar, boşdu; bazar etməsi, günortaüstü saat dörddü, Hellouna qədər hələ bütöv üç həftə var. Ümumiyyətlə, bir az tez gəlmişik. Amma ikimiz də evdən çıxıb getmək istəyirdik, adi səslər - boşbaqa dəyən çəngəlin cingiltisi, pilləkanın pillələrinin cırıltısı - bizə məşum görünürdü və çiçəklərin qoxusundan heç yerdə gizlənmək mümkün deyildi, elə bil, evdə hansısa sanballı qanqster ölmüşdü. Əslindəsə, ölən ana bətninin qaranlığında və istisində dünyanın soyuq ruzgarının və məhz parıltısının qorxutduğu (hər halda, mən bunu öz-özümə belə təsəvvür eləyirəm) doğulmamış qızım, onyeddi həftəlik qız uşağıydı.
Və arvadım Nikləməni Hellouna balqabaq dalınca göndərdi.
Meydançada bircə maşın - mini-soyuducu kimi yığcam. Son buraxılış olan qırmızı «fayerbord» dururdu. Sürücünün qapısı açıq idi. Sərnişinlərin oturduğu tərəfdən qabaq oturacaqda mənim Nikimdən bir az böyük olan qaradərili uşaq gördüm. Maşında radio işləyirdi, açar yuvasından açarlar sallanırdı: Klad Stabblfildin oynaq ritmləri qapı bağlanmadığına görə inadla özünü yırtan siqnalın ulartısıyla rəqabətə girmişdi. Balaca oğlan məftil topla çəpərlənmiş kiçik, qəhvəyi rəngli tikiliyə baxırdı, - mən o tikiliyə Allahın unutduğu buy erə gəldiyim üç il ərzində fikir verməmişdim. Ölçüsünə görə tikili maşından düşmədən yemək almaq mümkün olan avtomobilçilər üçün kafe boydaydı. Lövhəsində üzgəc və çəngəllə əlləşən balıq çəkilmişdi, altındasa qısaca «Balıq ovu» yazılmışdı. İri maşını, balıq dükanını və tək qoyulmuş, elə hey ayaqlarıyla döşəməni taqqıldadan balaca uşağı görüb başa düşdüm ki, o atasını gözləyir.
- Bəs, əgər ilan doğruçu olsaydı? - Niki saman bağlamalarının birinə sancılmış kəlləni göstərib dedi. Kəllə bütün kəllələr kimi boşuydu və hansısa ağıl dəryası onun ağzına və gözünə rezin ilan soxmuşdu. Nik əlini isti, xovlu şalvarının altına salıb dalını qaşıya-qaşıya cəsarətlə kəlləyə sarı getdi.
- Güclü olardı, - dedim.
- Amma o olsa-olsa, rezindi.
- Allaha şükür.
- Gəl biz də kəllə alaq və ona ilan yerləşdirək.
- Bizim ailəmizdə yalnız balqabaq almaq məqbuldu.
- Yəhudi olduğumuza görəmi?
- Hə də, - cavab verdim. - Mən oğlumun əlini şalvarının altından çıxardım və qayğıyla onu lazımi istiqamətə itələdim. - Gedək, balqabaq alaq.
Balqabaqlar mərmər parçaları kimi anbara oxşayan, kiçik, qırmızı ağ rəngli, primitiv taxta budkanın köşkün - bəlkə yeri gəlmişkən, təkcə mənə belə gəlirdi - ətrafında qoyulmuş stulların üstünə düzülmüşdü. Orda-burda yöndəmsiz halda biçilmiş ot qoxusu verən bağlamalar qaaqlanmışdı və bu qoxudan məndə oğlumun iyrənc və darısqal dünyada doğulduğu və yaşadığı duyğusu güclənirdi. Otun bir hissəsi görünür, bu kobud daşlar diyarında kənd rahatlığı görüntüsü yaratmaq üçün yerə səpələnmişdi. Bundan başqa orda flanel (seyrək xovlu və ya xovsuz iplik, yaxud yun parça - tərc.) köynəkdə və göy cins şalvarda, qəzet bükülüləriylə birtəhər doldurulmuş, yalnız qollarından və yaxasından simvolik saman çəngələri sallanan maymaq müqəvva dururdu. Göy cins şalvarının balaqları dizindən aşağı şikəst adamın ayağı kimi boş-boşuna sallanırdı. Müqəvvanın başını kinli-kinli gülümsəyən qapıçı maskası geydirilmiş balqabaq əvəz eləyirdi. Gəncliyimin bağlarında uşaqlara Helloyun üçün balqabaq satışını belə öldürücü əmələrin köməyilə artırmağın heç kəsin ağlına belə gəlmədiyi fikrini var qüvvəmlə özümdən qovurdum.
Niki tələsmədən, idman ayaqqabısının ucuyla fikirli-fikirli balqabaqlara toxuna-toxuna sıraların arasıyla gedir. Əgər ötən iki ilə görə mülahizə yürütsək, o, ən iri, girdə və parıncı balqabağı axtarmır. Əvvəlki xoşbəxt-qurbanlar tipik qabaqlarla öz qohumluqlarını açıq-aşkar inkar edirdilər: bu qabaqlar daha çox uzunsov, qeyri-düzgün formalı, kələ-kötür və fırlı, bəzən balqabağın qabığında peyda olan çatlamış quru sementə oxşayan elə həmin qüsurlaydılar. Ötənilki balqabaq heç də narıncı rəngdə yox, axır vaxtlar get-gedə daha çox populyarlıq qazanan - ən azı Kaliforniyanın bizim zərif guşələrimizdəki - fil dişi rəngindəydi. Mən bilmirəm, Nik balqabaqları hansı prinsip üzrə seçir. Amma oğlumla «Peanuts» komiksindəki (ABŞ-da ən populyar komikslər - tərc) Laynus arasında müəyyən oxşarlıq sezdim və Nikin ən namuslu balqabaq axtardığını fikirləşməyə üstünlük verirəm.
- Suyuşirin uşaqdı, - piştaxtanın dalındakı adam - qeyri-müəyyən milliyyətli (ərəb, meksikalı, israilli, qafqazlı, yaxud özbək), ortayaşlı, ağarmış bığları və təyyarəçilərinki kimi, qalın şüşəli eynəyi olan adam dedi. Onun arxasında oturduğu masanın üstündə polad kassa apparatı, kreditlər üçün cihaz, Mobil telefon və uyğun yarlıqlarla - on dollardan iki dollara qədər - beş nümayiş modeli XS, S, M, L və XL dühülmüşdü. - Neçə yaşı var?
- Dörd, - cavab verdim.
- Yaraşıqlı uşaqdı, - balqabaqsatan təkrar elədi.
Mən onunla əlbəttə razalaşdım, amma bu sözlər o qədər də böyük həvəslə deyilmədiyindən, biz mövzunu qapadıq. Qapı çırpıldı, mən başımı səsə Sarı çevirdim. Balıq dükanından bir kişi çıxıb yola doğru yönəldi. O, uca boyluydu, dərisi kifayət qədər ağıydı, nağara kimi iri döş qəfəsi və nə qədər qəribə də olsa, belə girdə görünən iri qarnı vardı: belə böyük bünövrəyə oxşayırdı. Ayaqlarında badya kimi iri, ayaqqabıya çətinliklə bənzədilən boğazı qatlanmış sarı rəngli çəkmələr vardı. Başına günlüyü geri çevrilmiş hərbi matros şapkası qoymuşdu; çənəsində keçi saqqalını andıran nəsə görünürdü. Maşina doğru gedən yolda hasarı tələsik hərlənib keçərək o, özünü arxası uşağa tərəf sürücünün yerinə saldı. Oğlan nəsə dedi, yaxud daha doğrusu, tələffüzünə görə, nəsə soruşdu. Kişi cavabında qısaca nəsə donquldandı. Sonra əyilib oturacağın altını axtarmağa başladı. Bir an keçməmiş onun əlində bir əşya, mənim o qədər də günahsız olmayan gözlərimə bükülmüş polietilən torba göründü. Sonra kişi «fayerberd»dən düşdü və uşaq təzədən ondan nə barədəsə soruşdu, amma nə haqda - mən eşitmədim.
- Mən axı, dedim, - kişi cavab verdi. O, təzədən hasarı hərlənib keçdi və dükanda gözdən itdi. Elə bil, baxışlarımı hiss eləyib maşındakı uşaq çevrildi və mənə baxdı. Aramızda altı metr məsafə olardı. Onun üzü heç nə ifadə eləmirdi. Bomboş gözləri məni hövsələdən çıxarırdı, amma baxışlarımı qaçırtmaq istəyimi boğdum. Bunun əvəzində başımı tərpədib gülümsündüm. O, dərhal da möcüzəli, geniş, yaraşıqlı təbəssümüylə, üzünün hər bir cizgisiylə gülümsədi.
- Sizin oğlunuzdu?
Başımı tərpətdim.
- Balqabaq seçir?
- Aha.
Oğlan dükana nəzər saldı. Sonra ayaqlarını sürücünün oturacağının üstündən aşırıb maşından düşdü. Qəşəng oğlandı, tünddərili və arğazdı, saçları qısa vurulub, iri yuxulu gözləri var. O, səliqəli və bir qədər köhnə dəbdə geyinmişdi: kobud, balaqları qatlanmış göy cins və ağ köynəyin üstündən toxunma jilet - elə təsəvvür yaranırdı ki, onu nənəsi bəzəndirib. Onun elə atasınınkı, daha doğrusu, atası hesab elədiyim kişininki kimi, yöndəmsiz çəkmələr vardı. Oğlan dükana sarı bir də nəzər salıb mənə tərəf yönəldi.
- Bəs, o Helloipdə kim olmaq istəyir?
- Hələ də fikirləşməyib, - cavab verdim. - Yəqin ki, Kovboy.
- Kovboy? - oğlan dəhşətə gəldi. Kovboy kimi bəzənmək arzusu indi uşaqlar üçün əməlli-başlı geridəqalmışlıq, köhnədəblilik və anlaşılmazlığıydı. Elə eyni uğurla da mən deyə bilərəm ki, «fidyə ver, yoxsa ovsunlaram» (Helloyip bayramında zarafatyana qonaqlıq tələbi - tərc.) oynamaq da həmin şeydi. Niki şotlandiyalının, yaxud Conni Alma Çəyirdəyinin (Amerikanın əfsanəvi personajı; köçkünlərin qabağınca Qərbə gedib, satmaq üçün meyvə ağaclarının, daha çox alma ağacının tinglərini yetişdirirdi - tərc.) kostyumunda gedəcək.
- Bəlkə də pişik olacaq, - əlavə elədim.
Nəsə qıçıma toxundu: bu mənə sığınan Nikiydi. Aşağı baxıb gördüm ki, o əlində heyrətamiz dərəcədə balaca, qreypfrut (sitrus meyvəsi - tərc.) boyda sarı-qırmızı balqabaq tutub.
- Nik, nə olub?
Ağır, dərin sükut.
- Nə olub?
Şalvarımın parçası ardındn səs:
- Bu oğlan kimdi?
- Bilmirəm, - dedim. Və təzədən «Fayerberd»li oğlana gülümsündüm. Qəribədi, amma mən qaradərili adama gülümsünəndə, özümü xüsusilə ağ sayıram. - Sənin adın nədi?
- Andre, - oğlan cavab verdi. - Bəs, o niyə belə balacasını götürüb?
- Bilmirəm.
- Bəs, bu cıqqılıya şamı necə qoyacaq axı?
- Yaxşı sualdı, - ona səs verdim, - Niki nyə belə balaca balqabaq seçmisən?
Niki çiyinlərini çəkdi.
- Bəs, siz özünüzə balqabaq almısınız?
O, başını tərpətdi:
- İrisini.
- Nik, - dedim, - Gəl, yaxşı bir iri balqabaq axtar. Andre haqlıdı: beləsinə şam qoya bilməzsən.
- İri balqabaq istəmirəm. Onun üstünə şam qoymaq istəmirəm. İstəmirəm ki, bıçaqla kəssinlər.
O, başını qaldırıb parıldayan gözləriylə mənə baxdı. Yaş gilələndi və aşağı yuvarlandı. Fikirləşmək olardı ki, onu nahara toyuq kəsmək üçün hinə göndərirəm. Buna qədər o nəsə illik tərəvəz qurbanına belə canıyananlıq göstərmirdi. Amma axır vaxtlar Nik nədər istəsən ağlaya bilərdi.
- Mən anama zəng eləmək istəyirəm, - dedi. - Mobil telefonla. O, səni mənim balqabağımı kəsməyə qoymaz.
- Ananı narahat eləmək olmaz, - ona cavab verdim. - O indi dincəlir.
- Niyə dincəlir?
- Özün bilirsən.
- Mənsə onun indi dincəlməsini istəmirəm. Amma ona zəng eləmək istəyirəm. Zəng elə, ata. O, sənə balqabağı kəsməməyi deyəcək.
- O ki cansızdı - Andre söhbətə qarışdı. O, bizim ailəvi balqabaq seçməyimizdə elə iştirak eləyirdi ki, dərhal aydın oldu: sadəcə, lovğalanırmış, heç bir iri balqabağı yoxdu. Atası narkotiklər alveri eləyirdi və oğluna balqabaq almaq lazım gəldiyi barədə fikirləşmirdi. Bizim onunla bütün söhbətimiz oğlanın seçimi haqqındaydı - vəssalam, Andre buna ümid eləyə bilərdi. Mənim bu ehtimallarım heç nəylə möhkəmləndirilmirdi və əgər desəniz, azca irqçilik qoxusu verir, sizinlə razılaşaram. Amma hansı ata oğlunu qapısı bağlanmamış maşında, yolun qırağında, kasıb, baxımsız yerdə tək qoyar? Kim belə şeyə qabildi?
- Onu kəsəndə ağrımır.
- Mən bunu istəyirəm, - Nik dedi. - Adını Ket qoyacağam.
Başımı buladım:
- Yox, olmaz.
- Hə, xahiş eləyirəm.
- Yox, gözəl balam, - cavab verdim. - Biz balqabağa ad vermirik.
- Onlara inanmadığımıza görə?
- Hə.
Mən istəmirdim ki, o bizim qapının ağzında yığışan bütün o adamların qabağında budu, artıq demək olar, bir ay ərzində evimizin divarları arasında susmayan adı dilinə gətirəydi, həm də sadəlövhlüklə deyəydi, bundan qəfildən qəddar, axmaq hərəkətdən hiddətləndiyim kimi hiddətləndim. Arvadımla başqa çıxış yolumuz yoxudu, amma mən hər dəfə Nikin gödək şalvarcığından çıxan tüklə örtülü dizlərini görəndə, yaxud ondan yerfındığı yağının qoxusu gələndə, yaxud hələ də otağından götürməyə vaxt tapmadığımız televizorun gurultusu altında yuxuya gedəndə hiss eləyirdim ki, özümüzü yalnız bircə - düzdü, öldürücü - faktlar və statistik hesablamalarla inandırmağa imkan verib bağışlanmaz səhvlər buraxmışıq. Elə bil, mən yenidən reanimasiya otağında dururdum, həkimlər və tibb bacılarısa, alnındakı yaranı tikmək üçün çabalayan oğlumu masaya sarıyırdılar. Mən indii də satqıncasına yad əllərə verdiyim oğlunun sənə necə baxdığını dəqiq təsəvvür eləyərəm.
- Andre!
Bizə yöndəmsiz, amma inamlı addımlarla onun atası yaxınlaşırdı. Ona baxanda, Andrenin mənasız sifət göstərməyin kimdən öyrəndiyini başa düşdüm.
- Mən sənə nə tapşırmışdım? - kişi sakit, amma kifayət qədər kəskin tərzdə soruşdu. Nə mənə, nə Nikə, nə ətrafda yığılmış on minlərlə balqabağa fikir Verdi.
Haydı, tez geri, maşina!
Andre də nəsə dedi, amma elə astadan dedi ki, eşitmədim.
- Nə?
- Mənə də balqabaq olar?
Sual örünür, elə ədəbsizliydi ki, cavabı da dəymirdi. Oğlanın atası şapkasını geri itələdi, qalvarını yuxarı çəkdi və ayağının altındakı samanın üstünə tüpürdü. Bu hərəkət, yəqin onu göstərirdi ki, əgər Andre ləngimədən maşina qayıtmasa, axırı yaxşı olmayacaq. Andre təzədən üzünü mənasız şəklə saldı. «Fayerberd»ə sarı getdi və maşina girdi. Bu dəfə öz tərəfindəki iri, qırmızı qapıdan oturdu və qapını açıq qoydu.
- Qəşəng oğlunuz var, - dedim.
Kişi mənə birinci və axırıncı kərə baxdı.
- Aha, - dedi. - Hə.
Ondan ötrü mən elə həmin dilsiz-ağızsız, dolu bağlamaların arasında, yernə oxşamayan yerdə yığılıb qalan balqabağıydım. O, maşina sarı yönəldi və oturub qapını çırpdı. Siqnalizasiy susmurdu. Mühərrik uğultuyla oyandı və «fayerberd» qıcırtı qopararaq çöllüdən yola doğru dönməyə başladı. Biz Niklə onun arxasınca baxırdı. Andre çevrildi, mən geniş açılmış parıldayan gözləri və sifətinin məzəmmət kimi yozmaq lazım gələn qəribə ifadəsini gördüm. Mən oğlanı qəddar taleyim ixtiyarına buraxdım və hətta heç onu yüngülləşdirməyə də cəhd eləmədim. Amma heç nə eləyə bilməzdim. Bununla bağlı fikrim də yoxudu. Mən öz uşağımı geyindirir və yedirirdim, çimizdirirdim, vaxtında yatmaq üçün yatağına uzadırdım. Onu peyvəndə apardım, öz diyircəklərini minib küçədə sürməyə hazırlaşanda dizliklər düzəltdim, onun kəlləsini bütün iyirmi səkkiz sümüyülə möhkəm plastik lövhəyə bərkitdim. Amma sonra bizim yaratdığımız Aləm onu əməliyyat masasına bağlayanda, yalnız həkimlərin arxasında durub baxa bildim.
Mən Nikim balaca qırmızı balqabağını götürdüm və onu ovcumda sanballadım:
- Bilirsən, Nik, - dedim, - əgər istəyirsənsə, onu Ket adlandıra bilərsən.
- İstəmirəm, - Nik cavab verdi. - Mən bundan iri balqabaq axtaracağam.
- Yaxşı.
- Bunusa, qoy Ket götürsün.
- Yaxşı.
- Ona görə ki, bir halda ki, o artıq sağ deyil, daha özünə balqabaq seçə bilməz.
- Düzdü, - dedim.
- Amma mən hamısı birdi, onu kəsməyə qoymayacağam, - o dedi. Və həmin, yalnız ona aydın olan məqsədlərə cavab verənini axtarmaq üçün geri, balqabaqlar aləminə sarı getdi.
Çevirəni: Nəriman ƏBDÜLRƏHMANLI
E-mənbə / link: http://kultaz.com/2009/11/23/maykl-ceybon-sahil-zolaginda