Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Azərbaycan ədəbiyyatında nə baş verir? Nə etməliyik və necə etməliyik?" (Üç ədəbi-tənqidi məqalədən ibarət polemik filoloji-kulturoloji araşdırma...)

Müəllif:

Elçin Əfəndiyev


Kateqoriya:

Ədəbi tənqid



Qısa Təsvir:

Elçin. "AZƏRBAYCAN ƏDƏBİ PROSESİNDƏ NƏ BAŞ VERİR?" NƏ ETMƏLİYİK VƏ NECƏ ETMƏLİYİK?


Baxış sayı: 3404
    
    


BİRİNCİ MƏQALƏ

Nərgiz Cabbarlının iki cildə (Yeni nəsil ədəbiyyatı, 1-ci cild, "Elm", 2006; 2-ci cild, "Qanun", 2008.) topladığı məqalələrini oxumaq mənim üçün ona görə maraqlı oldu ki, müəllifin özü də haqqında yazmaq istədiyi nəslin - yeni nəslin istedadlı nümayəndəsidir, digər tərəfdən isə bu məqalələr ancaq yeni nəslin yaradıcılığından bəhs etmir, burada bir sıra yaşlı nəsil nümayəndələrinin də yeni yazıları təhlilə cəlb edilib, ən başlıcası isə, Nərgizin məqalələri müasir ədəbi prosesin vəziyyəti barədə təsəvvür yaradır və bu məqalələrdə elə bir elmi-nəzəri və metodoloji səviyyə və ümumi ehtiva dairəsi var ki, onların uğur və qüsurları, əslində, ədəbi prosesimizin uğur və qüsurlarıdır. Eyni zamanda, Nərgizin ikicildliyi düşündürür, ədəbi prosesimizin bu günü və aqibəti haqqında mülahizələrimizi bildirməyə münbit zəmin yaradır və əslində, bu ikicildlik mənim üçün bir bəhanə (bəlkə də stimul!) oldu ki, ümumiyyətlə Azərbaycan ədəbi prosesini bir daha nəzərdən keçirim, bir sıra problemlərlə bağlı yığılıb qalmış düşüncələrimi oxucu ilə bölüşüm.

Burası da, yəqin, maraqlı oldu ki, mən bu yazını işləyərkən, mətbuatda Nərgiz Cabbarlının mənim yaradıcılığım haqqında məqaləsi dərc edildi və bu təsadüfdə də, görünür, bir yaradıcılıq qanunauyğunluğu var. "Bu qanunauyğunluq nədən ibarətdir?"- sualının cavabı isə, çox güman ki, "Bu gün bizim ədəbi prosesdə nə var, nə yox?" - sualının cavabı ilə müəyyənləşir.

Nərgiz "Ön söz əvəzi etiraf"ında yazır ki, "hər kəs öz həqiqətində haqlıdır" (1-ci cild, səh.3) və belə bir metodoloji bucaq altından öz həqiqətini - təhlil və mülahizələrini oxucuyla bölüşür, bu mövqe, görünür, onu, hərgah bu cür demək mümkünsə (məncə, mümkündür!), "ədəbi komplekslərdən" azad edir, söz demək üçün əlverişli şərait yaradır, sərbəstlik verir: oxucular, mən yalnız öz həqiqətlərimi sizə çatdırıram, sizin də öz həqiqətləriniz ola bilər...

Ancaq burada bir məsələ var: həmin "hər kəs" tənqidçidirsə, onun (o cümlədən, Nərgizin özünün) həqiqəti, yəni bədii əsərə verdiyi təhlil və qiymət, təsdiqi və inkarı, təqdiri və təkdiri, fikir və mülahizələri yalnız onun özünə məxsus olmamalıdır, çünki "hər kəs"in fikri bir fərdin fikridir, amma o fərd professional tənqidçidirsə, artıq bu fikir ictimai fikir səviyyəsinə qalxmağı bacarmalıdır.

Bax, bu məqam bu gün Azərbaycan ədəbi prosesinin xəstə bir cəhəti, bəlkə də, artıq xüsusiyyətidir, çünki bu gün ədəbi prosesdə hegemon - həvəskar sözüdür.

Tənqidçi ilə oxucunun, professional ilə həvəskarın fərqi də, dediyim kimi, elə bundadır və məhz bu hegemonluğa görə də bizim ədəbi prosesdə ədəbi diaqnozlar çox zaman dəqiq qoyulmur, sənət ilə anti-sənət arasındakı ədəbi sərhəd əriyib yox olur. Belə bir eybəcər hegemonluğun əsas səbəbi

1. professional tənqidin kəmiyyət məhdudluğudur;
2. mətbuat bolluğunun həmin məhdudluğu (boşluğu) həvəskar mülahizələri ilə doldurmasıdır;
3. antiədəbiyyatın kütlənin mənəvi dünyasında özünə yer tapmasıdır;
4. bundan istifadə edən ədəbiyyatətrafı adamların ədəbi prosesə müdaxiləsi, bəzi hallarda isə həmlələridir;
5. bütün bunlara görə də professional tənqidin pessimizmə qapanması, geriyə çəkilməsidir.

Qəribə mənzərə yaranır: professional tənqidin son dörd-beş ildəki nəzəri inkişafı və estetik ehtiva dairəsinin genişlənməsi ədəbi prosesimizin faktıdır, ancaq kəmiyyət o qədər azdır ki, həmin inkişaf bizim ədəbi prosesi müəyyənləşdirən amilə çevrilə bilmir və buna görə də, dediyim kimi, hegemonluq - həvəskarındır. Ədəbi şaiyəçilik, obıvatel özünüifadəsi, çayxana estetikası da bu hegemonluğun tərkib hissəsinə çevrilir və bu zaman professional tənqid, elə bil ki, şaşırır, indi dəbdə olan sözlə desək, stres keçirir, pessimizmə qapılaraq, geri çəkilir və irəlidə mən bu barədə ayrıca danışacağam.

Nərgiz yazır ki, "yeganə arzum Sözü duyduğum qədər, Sözdə duyulmağımdır" (1; 3) və ara-sıra ədəbi prosesdə rastlaşdığımız belə bir arzu (əslində iddia) o zaman gerçəkliyə çevrilə bilər ki, tənqidçinin müttəfiqi - onun imkanlarıdır, yəni tənqidçi Sözünün elmi-nəzəri səviyyəsi, mütaliəsinin ehtiva dairəsi, həvəsi, qələminin səmimiliyi və əlbəttə ki, istedadıdır.

Ancaq professional tənqidin az, ya çox dərəcədə əldə etdiyi və söykəndiyi bu cəhət də, təəssüf ki, küll halında bizim ədəbi prosesi xarakterizə edə bilmir və burada da əsas səbəb ilk növbədə kəmiyyət azlığıdır, eyni zamanda, görünür (və elə acısı da budur!), ədəbi prosesdəki həvəskar qiymətlərindəki ekstazların, yalançı və naşı "mentalitet təəssübkeşliyin"in, ara söhbətlərinin, "ədəbi dedi-qodunun" mətbuatdan gen-bol istifadəsi nəticəsində obıvatel tələbatı oxucuların mənəvi tələbatında özünə yer etməkdədir. Burasını da qətiyyən yaddan çıxarmaq olmaz ki, ədəbi prosesin iştirakçısı yalnız professional və qeyri-professional tənqid deyil, sənət və antisənət də ədəbi prosesin eyni dərəcədə iştirakçısıdır və iş burasındadır ki, bu yerdə də kəmiyyət çoxluğu qat-qat artıq olaraq antisənətin göstəricisidir.

Rüstəm Kamal ədəbi tənqiddən və çağdaş ədəbi prosesdən bəhs edərək yazır: "Fəxri Xiyaban Azərbaycan ədəbiyyatının qutsal məkanına çevrilir. Fəxri Xiyabana düşmək YB-nin hər bir üzvünün, hər bir yazarın ən böyük arzusudur. Oraya düşmək artıq klassik olmağın qarantıdır. Daha "o" dünyada, "bu" dünyada rahat yata bilərsən! Səni heç bir ədəbi müxalifət bu statusdan məhrum edə bilməz." ("Klassik seçmə zamanı", Tənqid.net, N 5, 2008, səh.218.)

Çox sürrealist bir mənzərədir, ancaq həqiqət bundan ibarətdir ki, bu mənzərədə, düzdür, şişirtmə, qroteks varsa da, eyni zamanda bu, ədəbiyyat mühitindəki təhtəlşüur psixoloji vəziyyətin, şüuraltı mənəvi xəstəliyin ədəbi tənqiddəki inikasıdır. Bunu şərti olaraq, ədəbiyyatımızın "Fəxri Xiyaban xəstəliyi" adlandırsaq, o zaman bizim ədəbi prosesdə bu xəstəliyin aşkar simptomlarını görmək mümkündür: bir tərəfdən özünütəriflər, "ədəbi narsisizm", "Mənəm! Mənəm!" donkixotluğu... o biri tərəfdən də ortaya cildlər, romanlar, poemalar çıxaran antisənətin qrafomanlara xas olan şirin sənət xülyaları. Yəni imkandan yox, iddiadan doğmuş və daxildə gizlənmiş sənət ehtirası səni "Fəxri Xiyabana" aparan, əslində isə sənin üçün tamam illüziar olan yola sürükləyir... Ona görə illüziar ki, ortada əsər yoxdur.

O ki, qaldı, "ədəbi müxalifətin" acizliyi məsələsinə, bu yerdə mən Rüstəm Kamalla həmfikir deyiləm, çünki indiki kontekstdə "ədəbi müxalifət" anlayışını "ədəbiyyat təəssübkeşliyi" mənasında götürsək (və güman edirəm ki, elə bu cürdür), görərik ki, onun ən böyük müttəfiqi - zamandır. Baxın, qısa bir zaman vahidi - son 20 il - postsovet məkanında sovet sisteminin "klassik" vəzifəsinə təyin etdiyi nə qədər "rəsmi klassiklər"i həmin statusdan məhrum edib! Və milli mənsubiyyətindən, sistemlər müxtəlifliyindən, epoxalar antaqonizmindən asılı olmayaraq, dünya ədəbiyyatının tarixi boyu həmişə də belə olub.

Tənqidçi professionaldırsa, onun qələminin mühüm cəhətlərindən biri də budur ki, tənqidçi "mən"i var və ən mühümü, bu "mən" onun özündən yox, ədəbiyyatdan danışır, ədəbi prosesi izləyir, "mən"in qəbul etdiyini və qəbul etmədiyini deməkdən çəkinmir.

Hərgah "Mənim Füzulim" (Məmməd Cəfər), yaxud "Mənim Puşkinim" (M.Svetayeva) varsa, nə üçün ümumiləşdirilmiş şəkildə "mənim ədəbiyyatım" olmasın?

Yaxşı ki, belə bir "mən"i bu gün biz istedadlı (və ədəbi prosesdə aktiv!) tənqidçilərimizdə - Tehran Əlişanoğlunda, yaxud Əsəd Cahangirdə, yaxud Cavanşir Yusiflidə müşahidə edirik və baxın, adlarını çəkdiyim bu professional tənqidçilər fərdi üslublarına görə də, bədii-estetik zövqlərinə, nəzəri təsnifatlarına görə də bir-birlərindən nə qədər fərqlidirlər və bu çox yaxşıdır, bu o deməkdir ki, onların hər birinin "mənim ədəbiyyatım" haqqında dedikləri ədəbi prosesdə Azərbaycan ədəbiyyatının hərtərəfli mənzərəsinin görünməsində effektli rol oynaya bilər... "Oynaya bilər" ona görə ki, məsələ yenə gəlib dirənir kəmiyyət azlığına - üç nəfərin, beş nəfərin yazdıqlarına.

Yazıçı, şair, dramaturq "mən"ində sənətkarın bədii təsvir vasitələrindəki, dünyagörüşündəki, düşüncələr, götür-qoylar aləmindəki məxsusilik mənasında nə qədər fərdilik varsa, tənqidçi "mən"i də, yuxarıda dediyim kimi, qələm sahibini o qədər fərdiləşdirir, sadəcə olaraq, həmin "mən"ə (nəzəri-estetik xarakterə!) sahib olmaq lazımdır. Tənqid tariximizə nəzər salaq: Məmməd Arif... Məmməd Cəfər... Cəfər Cəfərov... Onların arasında tənqidçi "mən"inin ifadəsi baxımından nə qədər müxtəliflik var, onları birləşdirən cəhət isə həmin "mən"ə sahib olmaqlarıdır.

Baxın, saysız-hesabsız ədəbi məmulat içində biz Nizami Cəfərovun, Nizaməddin Şəmsizadənin, Arif Əmrahoğlunun, yaxud Niyazi Mehdinin, Şirindil Alışanlının, Vaqif Yusiflinin, Şamil Vəliyevin, Nizami Tağısoyun, yaxud sonrakı nəsil nümayəndələrinin - Bəsti Əlibəylinin, Elnarə Akimovanın, Nərgiz Cabbarlının yazılarına rast gələndə, elə bil, hər tərəfi bürümüş minor içində birdən-birə major səslənir. Musiqidə minor şedevrlər də yaradır, ancaq indiki halda söhbət ümimiləşdirilmiş "həvəskar yaradıcılığı"ndan gedir. Olsun, bu "majorların" hamısı eyni yüksək nəzəri-estetik səviyyədə deyil, bədii zövqün daxili mündərəcatı səni eyni dərəcədə razı salmır, çatışmazlıqlar var, ancaq bu zaman söhbət professional tənqidin çatışmazlığından gedir, bu - artıq heç vəchlə ədəbi məmulat deyil.

Teatr haqqında, tamaşalar haqqında mətbuatda nə qədər yazılar dərc olunur, nə qədər kitablar nəşr edilir, amma biz o saat imzaya baxırıq: bu İnqlab Kərimovdur... bu Məryəm Əlizadədir... bu İlham Rəhimlidir... Aydın Talıbzadədir... Atababa İsmayıloğludur... deməli, bu və ya digər dərəcədə teatr söhbəti gedəcək, çünki bu müəlliflər bir küll halında Azərbaycan teatrşünaslığında Cəfər Cəfərov və Yaşar Qarayev ənənələrini davam etdirən, "mən"ə sahib sənətşünaslardır. Tənqidçini məhz onun "mən"i eybəcər həvəskarlar kütləsinin içindən çıxara bilər...

Tehran Əlişanoğlu hələ neçə il bundan əvvəl çap etdirdiyi "Ədəbi tənqidin nəzəri problemlərinə dair" məqaləsində ("Ədəbiyyat qəzeti", 27 oktyabr 2000) bizim ədəbi prosesə istinad edərək, yazırdı ki, o, yəni ədəbi proses bu gün (2000-ci ildə) üç cəhəti ehtiva edir və belə bir təsnifat verirdi:

1. Anarxiya tənqidi.
2. Neomaarifçi tənqid.
3. Tətbiqi tənqid.

Yadıma gəlir, bir sıra qeydlərlə mənim də qəbul etdiyim bu tipoloji təsnifat ayrı-ayrı istedadlı tənqidçi və ədəbiyyatşünasların diqqətini cəlb etmişdi, hətta Elnarə Akimovanın - bu istedadlı gənc tənqidçinin yaxınlarda nəşr olunmuş "Azərbaycan ədəbi tənqidi müstəqillik illərində" (Bakı, "MBM", 2009) adlı monoqrafiyası bu təsnifat əsasında (həm də uğurla!) yekunlaşır. Ancaq indiki halda mən bunu ona görə xatırlayıram ki, aradan keçən 9 il ərzində "anarxiya" tənqidi ədəbi prosesdə nəinki yox olub, bəlkə, bir az da artıb, "neomaarifçi tənqid" də, "tətbiqi tənqid" də, elə bil, yorulub, ruhdan düşüb, küsüb.

Əlamətdar bir mənzərədir: professional tənqidin nəzəri səviyyəsi artdıqca, axtarışlarının miqyası və estetik ehtiva dairəsi genişləndikcə, həvəskar tənqid məmulatı bu inkişafdan qat-qat artıq bir sürətlə çoxalır və onun kəmiyyət göstəriciləri Azərbaycan ədəbi prosesinin simasına çevrilməyə başlayır.

Rüstəm Kamal "niyə ədəbiyyatın müəyyən bir dövrü, yaxud nəsr və poeziyamızın beş-onillik vəziyyəti haqqında icmal yazılar yazmırsınız?"- sualına cavab verərək, deyir: "İcmal yazılar yazmamağımın bir neçə səbəbi var. Birincisi, gərək ədəbi prosesi tam və müntəzəm izləyəsən. Bizim ədəbiyyatımızda isə təəssüf ki, oturuşmuş ədəbi proses yoxdur... ona görə də ədəbi prosesin bütövlükdə obrazını görə bilmirəm. İkinci səbəb odur ki, icmal yazılarda bir imza kütləviliyi var. Mən isə heç bir sahədə kütləviliyi sevmirəm. Üçüncüsü, fiziki cəhətdən bütün yazıları oxumaq və təhlil etmək həvəsim və imkanım yoxdur." ("Mədəniyyət" qəzeti, 10 iyun 2009.)

Rüstəm Kamalın həvəskar yox, professional tənqidin təmsilçisi olduğunu nəzərə alaraq, bu fikirləri ümumiləşdirsək, belə bir mənzərə yaranacaq:

Deməli, tənqidimiz (professional tənqidimiz!)

a) "oturuşmuş ədəbi proses" görmədiyi üçün, onu "tam və müntəzəm izləmir", bütövlükdə "ədəbi prosesin obrazını görə bilmir";
b) icmal yazılarda "imza kütləviliyi" olduğu üçün, onları yazmır;
c) "bütün yazıları oxumaq və təhlil etmək" üçün həvəsi və imkanı yoxdur.

Bu dəfə mən özüm özümə sual verirəm: hərgah ədəbi tənqid çağdaş ədəbiyyatımız haqqında ümumiləşdirilmiş fikir və mülahizələrini bildirmirsə (yəni icmal məqalələr yazmırsa), hərgah çağdaş ədəbiyyatı (yaxşını da, pisi də!) oxuyub, təhlil etməyə həvəsi və imkanı yoxdursa, onda o - ədəbi tənqid "ədəbi prosesin obrazını" necə görə bilər?

Bu obrazı kim yaratmalıdır?

"Ədəbi prosesin obrazının" görünməməsinin səbəbi qrafomanlarda, həvəskarlarda deyil, ilk növbədə professional ədəbi tənqidin özündədir. Təqsir (ədəbi təqsir! hətta ədəbi günah!) bizim o professional, səriştəli qələm sahiblərimizdədir ki, "ədəbi prosesin obrazını" məhz onlar (o cümlədən də Rüstəm Kamal) yaratmalıdırlar.

Rüstəm Kamalın mülahizələrindəki "həvəs" sözü, anlayışı da bu kontekstdə mənim üçün əlamətdar görünür, bu mənada ki, həvəskar həmlələrindən bıkmış professional tənqid geri çəkilir, bədbinləşir və onun - professional ədəbi tənqidin - gördüyünü və görə biləcəyini görmək iqtidarında olmayan həvəskar yazı-pozusu kəmiyyət üstünlüyü ilə ən eybəcər şəkildə (yəni dedi-qodularla, şaiyəçiliklə, ara söhbətləri və çayxana qeybətləri ilə birlikdə) ədəbi prosesi ələ alır, onun "obrazını" əridir (bəlkə də bu yerdə "əridir" yox, "yaradır" demək lazımdır), hegemon olur.

Qəribədir ki, Nərgiz Cabbarlı da bizim ədəbi prosesdə özünü qabarıq göstərən bu yanlış metodoloji yanaşma prinsipini özünün əsaslandığı "nisbi formul" (1; 57) kimi qəbul edir. Söhbət Arif Əmrahoğlunun söylədiyi bir fikirdən gedir və həmin fikir bundan ibarətdir: "Hər kəs öz istedadı qədərində yaza, öz bacardığı kimi yaza bilir. Hər kəsə də elə öz istedadı çərçivəsində yanaşmaq, ondan istedadından artığını tələb etməmək lazımdır".

Əlbəttə, "hər kəs öz istedadı qədərində, öz bacardığı kimi yazır" � bu aydın məsələdir, ancaq "ondan (yəni "öz istedadı qədərində" yazandan- E.) istedadından artığını tələb etməmək" çağırışını mən kökündən yanlış, hətta zərərli hesab edirəm və elə Arifin özünün də bir sıra "tələbkar" məqalələri (təəssüf ki, onlar keçmiş zamanlarda qalıb), güman edirəm ki, bu mənada mənim mövqeyimi təsdiq edir.

Rəhmətlik Süleyman Rəhimovun koloritli və yaddaqalan ədəbi bənzətmələri olurdu. Yazıçılar İttifaqındakı ədəbi məclislərdən birində onun istedad anlayışı ilə bağlı dediyi belə bir bənzətmə yadımdadır: bir var kiçik kalibirli, "cır" tüfəngdən atəş açasan, bir də var ki, iriçaplı silahdan atəş açasan.

İndi biz nə etməliyik? Nərgizin əsaslandığı bu "nisbi formula" (Arifin mülahizələrinə) görə, gərək "cır" tüfəngin atəşi ilə kifayətlənək və deməyək ki, bu - zəif atəşdir? Və ədəbi prosesdə iriçaplı silahın təəssübünü çəkməyək?

Hələ mən orasını demirəm ki, bu gün bizim ədəbiyyatımızda (kütlə ədəbiyyatında) nəinki "cır" tüfəngdən atəş açırlar, bəzən ucu korşalmış ox atırlar, bəzən də görürsən ki, bu heç ox da deyil, sadəcə, daş atılıb. Necə olsun? Biz deməliyik ki, atom, kosmik raketlər dövründə yerdən daş götürüb atırsan, bundan artığına qadir deyilsən, ona görə də primitiv bacarığınla elə beləcə də davam et? Yoxsa deməliyik ki, dostum, qardaşım, bacım, sənin istedadının ortaya qoyduğu yazı ədəbiyyat deyil, sən get, başqa işlə məşğul ol?

Lap bu yaxınlarda mən Arif Əmrahoğlunun Yazıçılar Birliyi ilə "Azərbaycan" qəzetinin keçirdiyi dəyirmi stolda ədəbi tənqidin müasir vəziyyətindən şikayət edənlərə belə bir cavabını oxudum: "Mənə elə gəlir ki, indi ədəbi tənqid elə öz yerindədir. Gərək sanballı, qüdrətli, gözəl əsərlər yazıla ki, onu da təhlil süzgəcindən keçirəsən." ("Azərbaycan" qəzeti, may 2009.)

Bu yerdə də mən Ariflə tamam əks mövqedəyəm.

Əlbəttə, "sanballı, qüdrətli, gözəl əsərlər" tənqidin "təhlil süzgəcindən" keçməlidir ki, həmin əsərlərin sanbalı, qüdrəti və gözəlliyi sübut olunsun və doğrudan da, uğurlu bir əsər meydana çıxdıqda, tənqiddə canlanma yaranır, əsər, elə bil, tənqidi silkələyir, onun, yəni tənqidin potensiyası oyanır. Belə bir hadisəni, "əsər silkələməsini" ara-sıra bizim ədəbi prosesdə də müşahidə edirik, misal üçün, Kamal Abdullanın "Yarımçıq əlyazma", yaxud Aqil Abbasın "Dolu" romanları tənqidimizi əməlli-başlı tərpətdi və məlum oldu ki, biz, yaxşını səviyyəli şəkildə qiymətləndirməyi bacarırıq, - burada mən Arif Əmrahoğlu ilə müttəfiqəm, amma dostum Arif, nə üçün biz pisi beləcə səviyyəli şəkildə qiymətləndirməyək? Sanbalsız, qüdrətsiz və eybəcər yazılar da tənqidin "təhlil süzgəcindən" keçməlidir ki, sanbalsızlığı, qüdrətsizliyi və eybəcərliyi sübut olunsun, hərgah belə demək mümkünsə, bədii-estetik həyəcan təbili çalınsın, bədii fəlakətin qarşısı alınsın.

Yuxarıda Kamal Abdullanın "Yarımçıq əlyazma" romanının adını çəkdim və bu əsərin xarici ölkələrdə, bu yaxınlarda isə Braziliyada nəşr olunması faktını mən müasir ədəbiyyatımız üçün olduqca fərəhli bir hadisə hesab edirəm - müstəqil Azərbaycanın ədəbi sorağı - həm də roman kimi sanballı bir janrda - artıq Latın Amerikasından gəlir. Bu, əslində, yalnız ədəbiyyatımızın deyil, müstəqilliyimizin əldə etdiyi uğurdur. Kamal bir müsahibəsində deyir ki, onu sevindirən bu roman vasitəsilə Dədə Qorqudun gedib Brazilyaya çıxmasıdır və əlbəttə, bu - layiqli bir sevinc hissidir, ancaq indiki kontekstdə şəxsən məni sevindirən müasir Azərbaycan ədəbiyyatının gedib Braziliyaya çıxmasıdır.

Ancaq biz mövzumuzdan uzaqlaşmayaq.

Tənqidin vəzifəsi heç vəchlə yalnız o deyil ki, yüksək bədii-estetik səviyyəli əsərləri təhlil etsin və elmi-nəzəri, ictimai-fəlsəfi nəticələr əldə edərək , təkcə ədəbiyatşünaslığı, estetikanı yox, ümumiyyətlə, ictimai fikri inkişaf etdirsin; tənqidin vəzifəsi həm də bədii-estetik baxımdan zəif əsərləri də təhlil edərək, eləcə elmi-nəzəri və ictimai-siyasi nəticələr əldə etsin, bununla da yenə həmin işi görsün - ictimai fikri inkişaf etdirsin.

Ədəbiyyatın təəssübünü çəkmək - yaxşıya yaxşı deməyi, eyni dərəcədə də pisə pis deməyi bacarmaqdır.

Daha sonra Arif belə bir "şeir" parçasını misal gətirərək:

Əsli ilə Kərəm göldə kefdədilər,
Bir-birinə sarmaşıblar.
Elə bil küftədirlər.

yazır: "İndi bu bədbəxt tənqidçi enerjisini, ağlını, gücünü, düşüncəsini sərf edib, bu müəllifə deməlidir ki, sən "idiot"san?" (Yenə orada.)

İndi mən Arifə sual verirəm: Bəs necə olsun?

Bu, hələ "poetik" idiotizmdir. Dərd burasındadır ki, belə bir "poetik", eləcə də "nəsr" idiotizmini sıxışdırıb, ədəbi prosesdən çıxarmaq (qovmaq!) əvəzinə, mətbuat bolluğu içində bunun şahidi olursan ki, ədəbi tənqidin özü "tənqid" idiotimzinin təcəssümünə çevrilir, "şaiyə tənqidi", "fərziyə tənqidi", "ədavət tənqidi" və s., və i.a. ədəbi prosesi obıvatel donuna bürüyür, onu ibtidai, primitiv düşüncə məhsulu səviyyəsinə salır.

Dostum Arif, "ədəbi idiotizm" baş alıb getsin?

Arif yazır: "Deyilən sözün də təsiri olmalıdır. Rəhmətlik Aydın Məmmədov söyləyirdi ki, danışıram, danışıram, görürəm ki, sözüm insanların arası ilə gedir, sonra divara dəyərək, yenə də özümə qayıdır. Şappıltı ilə üzümüzə dəyən sözü təkrarlamağa ehtiyac varmı?" (Yenə orada.)

Doğrusu, Arifin bu sözlərində, Aydını belə bir kontekstdə xatırlamasında (elə yuxarıdakı sualında da) mən çox ciddi ədəbi pərişanlıq, ümidsizlik, küsgünlük hiss edirəm və Arifi başa düşürəm, amma heç vəchlə onunla razılaşmıram.

Ədəbiyyat nədir? - Xeyir ilə Şərin əzəli və əbədi mübarizəsində Xeyirin müttəfiqi olan, insanları Şərdən (qan tökməkdən, xəyanətdən, riyakarlıqdan, yalandan, satqınlıqdan, yaltaqlıqdan, ikiüzlülükdən və s., və i.a.) çəkindirmək istəyən və bəşəriyyəti daima Xeyirə səsləyən bədii təfəkkür ifadəsi.

Bəs nə oldu? Xeyir ilə Şərin mübarizəsində Xeyir qalib gəlibmi?

Yox.

Onda nə üçün min illər boyunca ədəbiyyat müxtəlif dillərdə yazılır, yazılır və yazılır?

Axı, Arifin dediyi həmin "deyilən sözün" böyük mənada heç bir təsiri yoxdur - min illər bundan əvvəlki kimi, Şər öz işini görməkdədir və belə görünür ki, nə qədər bəşəriyyət yaşayacaq, elə belə də davam edəcək.

Ədəbiyyat nə etməlidir? "Şappıltı ilə üzünə dəyən sözü" (Homer, Firdovsi, Nizami, Rable, Şekspir, Servantes, Tolstoy...) təkrarlamasın? Yəni qələmi sındırmaq və heç nə yazmaq lazım deyil?

İndiki halda eləcə də tənqid.

Məşhur pritça yadıma düşür (vaxtilə bu pritçanın əsasında bir hekayə də yazmışdım): niyə filankəs pislik eləməkdən yorulmur, amma sən yaxşılıq etməkdən yorulursan?

Nə üçün qrafoman yazmağına cidd-cəhdlə davam etməlidir, tənqidçi isə onun qarşısından geri çəkilməlidir?

Mən bu yaxınlarda hardasa oxudum ki, Miçiqan universitetinin professorları müəyyən ediblər ki, dedi-qodu, qeybət bədəndə proqesteronu artırır və stresi aradan götürür, ancaq güman etmirəm ki, ədəbi qeybətçilik, ədəbi dedi-qodu bizim ədəbi prosesi stresdən qorusun. Naşı öz primitiv arşın ölçülərini ədəbi prosesə çıxarmalıdır, Arif Əmrahoğlu və başqa professional tənqidçilərimiz bədbinliyə qapılıb susmalıdır?

Ədəbiyyat təbabət deyil və hələ ki, həvəskarlıq təzahürlərinə - qrafomanlığa, ədəbi təxribata, çayxana söhbətlərinin ədəbi prosesə gətirilməsinə, primitiv təqdir və təkdirlərə, yalançı hay-küyə qarşı vaksina kəşf olunmayıb, buna görə də professional tənqidin ədəbi prosesdən küsməyə haqqı yoxdur, çünki "həvəskar" ədəbi prosesi ekoloji çirkə sürükləyib və tənqidin missiyası tələb edir ki, ədəbi prosesi həmin ekoloji çirkdən təmizləsin.

Rüstəm Kamal yazır: "Qərbdən, Rusiyadan daxil olunan nəzəriyyələr, cərəyanlar (marksizm, psixoanaliz, poststrukturalizm, postmodernizm", semiotika, strukturalizm və s.- K.R.) ədəbi-estetik fikir məkanımızda qərar tutmur. Ya bizim qafamız, ümumiyyətlə, anadangəlmə analitik-mücərrəd düşüncə stixiyyasını, təhlil-şərh modellərini qavramır, ya da psevdopoetik, sadəlövh düşüncə tərzi bizim alnımıza yazılıb..." ("Mif zamanı, yaxud Don Kixot kompleksi", Tənqid.net, 2008, N 5, səh. 223.)

İki əlimizi də qaldırıb, təslim olaq ki, bizim genetik simamız belədir?

Ya da özümüzü görməməzliyə vuraq?

Ömər Seyfəddinin haçansa oxuduğum "Hündür kabluklar" adlı bir hekayəsi yadıma düşür və xatirimdədir, əvvəllər də hansısa yazımda (deyəsən, "Tənqid və nəsr" monoqrafiyasında), nə münasibətləsə o hekayəni yada salmışdım. Yaşlı və zəngin bir qadın olan Xədicə xanım böyük villasında rahat və xoşbəxt bir həyat sürür. Onun xidmətçiləri sədaqətli, vicdanlı, təmiz, yüksək əxlaqlı nökər və qulluqçulardır. Xədicə xanımı boyu gödək olduğu üçün evdə də hündür kabluklarda gəzir. Nəhayət, bu hündür kabluklar onu yorur və Xədicə xanım evdə yüngül və yumşaq məst geyir. Hər şey də bundan sonra başlayır: Xədicə xanım mətbəxdə aşpazı oğurluq elədiyi yerdə yaxalayır, bir otaqda nökərlə qulluqçu qızın mazaqlaşmağının şahidi olur, o biri otaqda küçə söyüşlərinin üstünə gəlib çıxır və s. Məlum olur ki, hündür kabluklar gəzəndə səs saldığı üçün, hamı bilirdi ki, Xədicə xanım gəlir və özlərini yığışdırırdılar. Yüngül və yumşaq məstlər isə səs salmır və heç kim də Xədicə xanımın yaxınlaşmağından xəbər tutmur, buna görə də suç başında yaxalanır. Xədicə xanım nə qədər nökər-qulluqçu dəyişir, nə qədər cəza verirsə də, bir şey çıxmır və nəhayət, əsəbləri dözməyən, yorulmuş Xədicə xanım yenidən hündür kabluklara keçir və bundan sonra onun rahat və xoşbəxt həyatı bərpa olunur, onu əhatə edən insanlar yenə də təmiz, yüksək əxlaqlı, sədaqətli xidmətçilərdir.

Mən bu hekayəni nə üçün xatırladım?

Senzuranın, bədii-estetik qadağaların, inzibati-ideoloji tələblərin, etik-əxlaqi tabuların timsalında biz ədəbi prosesdə "hündür kabluklar"dan imtina etmişik və nəzəri-estetik qadirsizliklə, bəzən ədəbi çirkabla rastlaşırıq.

Yenidən "hündür kabluklar"ı geymək lazımdır?

Bəlkə doğrudan da bütün bunlar "alnımıza yazılıb"?

Düzdür, ədəbiyyatın mühərriki perpetium-mobiledir və onu, yəni ədəbiyyatı min illər boyu qeyri-ədəbiyyatın içindən çəkib aparır, ancaq həmin mühərrikin yükünü nisbətən azaltmaq üçün, ona kömək etmək lazımdır.

Məni bu cür "hökmranə" danışmağa sövq edən, əslində professional tənqidimizin potensial imkanlarıdır, o imkanlar ki, biz onun ədəbi prosesdə, yuxarıda yazdığım kimi, ifadəsi ilə rastlaşırıq və onun kəmiyyət azlığından şikayət edirik. Tehran Əlişanoğlunun, şübhəsiz ki, min bir əzab-əziyyətlə çıxardığı "Tənqid.net" məcmuəsini xatırlayaq. Bu məcmuə, mənim fikrimcə, ədəbi fədakarlıq nümunəsidir və ədəbiyyat adamlarının (o cümlədən də mənim) bu məcmuənin mündərəcatına ayrı-ayrı iradlarımız ola bilər, ancaq fakt budur ki, bu gün cəmi 300 tirajla çıxan bu məcmuə bizim ədəbi prosesdə son dərəcə ciddi və əhəmiyyətli bir işlə məşğuldur: o, səviyyəli, professional ədəbiyyat söhbəti aparır, elə bir söhbət ki, onun həmsöhbəti, tərəf-müqabili də adi oxucu yox, professionaldır. Bu məcmuə professionalın professionallarla apardığı söhbətdir və belə söhbət bədiiyyatı da, ictimai fikri də irəli aparmaq işində çox effektli əhəmiyyətə malikdir.