Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Azərbaycan İnancları. Əsrlər boyu xalqın etnik-kulturoloji yaddaşından saxlanılan, indiki nəsillərə ötürülən, hər birində böyük hikmət, elm gizlənən bilgilər...

Müəllif:

Xalq - millət


Kateqoriya:

Folklor, xalq ədəbiyyatı



Qısa Təsvir:

Azərbaycan İnancları. Əsrlər boyu xalqın etnik-kulturoloji yaddaşından saxlanılan, indiki nəsillərə ötürülən, hər birində böyük hikmət, elm gizlənən bilgilər...


Baxış sayı: 3347
    
    


Milli Virtual Kitabxananın  Təqdimatında
 
Azərbaycan İnancları. Əsrlər boyu xalqın etnik-kulturoloji yaddaşından saxlanılan, indiki nəsillərə ötürülən, hər birində böyük hikmət, elm gizlənən bilgilər...


 
İnanclar

 

 

 

Anası, qızı və özü dul olan qadının maşasını və ocaq daşını suya salsan yağış yağar.
***
Atasına oxşayan qız xoşbəxt olar.
***
Adamın boğazı göynəyəndə pay yeyərlər.
***
Ay üçgunluk olanda budaq budanmaz, ağac kəsilməz, toxum səpilməz.
***
Ayağa süpürgə dəyəndə evə dava düşər.
***
Ay tutulanda tüfəng atarlar.
***
Ayı barmaqla göstərməzlər.
***
Ay çıxanda onu görənin işi uğurlu olar.
***
Aya qarşı gərnəşənin sağlamlığı olmaz.
***
Ay işığı düşən qapının üstünə çirkli su atan adamın axırı yaxşı olmaz.
***
Ayaqının altı qaşınanda səfərə çıxmalı olarsan.
***
Ayaqqabıların qapıda bir-birindən aralı dayanıbsa, deməli əziz adamlarından ayrı düşərsən.
***
At təngiyib yol getmirsə, deməli qəzə gözləyir.
***
Atı satanda yüyən və noxtasını verməzlər.
***
Axşam ev süpürməzlər ki, evin rusuzu gedər.
***
Axşam güzgüyə baxmazlar.
***
Axır çərşənbə günü və yaxud bayram axşamı küsülü olsan, yeddi il barışmazsan.
***
Adətən, heyva ağacının budaqlarından qırıb uşaqların qoluna bağlayarlar ki, göz-nəzərdən uzaq olsun.
***
Axşam yerə isti su atmazlar.
***
Adətən, çoxdan gözlədiyin adamın tez qayıtması üçün qapı ağzında qayçı və ya bıçaq qoyarlar.
***
Axır çərşənbə gecəsi pis danışmaq olmaz. Bu gecə adamın hər əməli, davranışı dəyişir.
***
Ayağının baş barmağı böyük olan adamın bəxti açıq olar.
***
Baltanı ağzı yuxarı qoysan yağıs yağar.
***
Bayquş həyətdə ağaca qonanda ev sahibi pis xəbər eşidər.
***
Bəy toyunda oynasa ucuzluq olar.
***
Bir iş dalınca getmək istəyəndə qabağına boş qabla çıxsalar getdiyin yerdən əliboş qayıdarsan.
***
Birinin başına cındır palaz atıb, üstünə su töksən, yağış yağar.
***
Birinci gecə qonaq olduğun evdə yatıb yuxuda kimi görsən, qismətin odur.
***
Biri digərinin ayağını tapdalayanda ayağı tapdalanan da tapdalayanın ayağını tapdalamalıdır, yoxsa əzizi ölər.
***
Bir qızı özünə bağlamaq istəsən paltarından cırıb bir parçasını qoltuğuna qoy.
***
Bıçaq yerə düşəndə kişi qonaqı gələr.
***
Başlar toqquşunda yerə tüpürüb deyərlər: "Başıma keçəl düşməsin"
***
Başmağı və ayaqqabını üst-üstə qoysan, ya ağzı aşağı çevirilib yatsan zərər çəkərsən.
***
Bayram günü çal oyna ki, ömrün şadlıqda keçsin.
***
Bəhər üstə ağac kəsməzlər, ağac yiyəsinə ziyan dəyər.
***
Bərk külək əsəndə ələk və xəlbirin üstünü basdırırlar.
***
bətnində uşaq tərpənəndə Aya və güzgüyə baxsan uşaq göyçək olar.
***
Boğanaq olanda qızlar deyər ki, boğanaq, tozanağını uzaq elə, sənə ərə gedəcəyəm.
***
Boşqabı bulaşıq qoysan şərə düşərsən.
***
Başmağı qayırtdırmağa cüt verərlər, tək versən ərin (arvadın) ölər.
***
Bayram günü təzə paltar geyən xoşbəxt olar.
***
Bayram axşamı səməni goyub şam yandıranın işi uğurlu olar.
***
Bayram axşamı yandırılan şamlar ailədəki adamların sayına bərəbər olmalıdır. Hərə özünə bir şam seçir. Hansı şam gec sönsə onun sahibinin ömrü o birilərdən uzun olar.
***
Bayram axşamı ilk dəfə kim evə gələrsə ondan bir söz soruşurlar, əgər cavabı səni qane edərsə deməli, təzə ilin uğurlu olacaq, əgər qane etməzsə ilin uğursuz olacaq.
***
Bazar ertəsi ağır gün hesab edilir.
***
Başqasından soğan aldıqda onu ələ götürməzlər, ətəyə qoyarlar.
***
Boyunun dalında ət xal olan adam dövlətli olacaq.
***
Burun qaşınanda xiffət olacaq.
***
Boşqabı yemək yedikdən sonra təmiz sıyırsan, nişanlın göyçək olar.
***
Vələsdən beşik düzəltməzlər.
***
Vələsdən qəbir taxtası qoymazlar.
***
Qabaq dişləri iri olan adam xoşbəxt olar.
***
Qabağından qara pişik keçşə getdiyin işdən boş qayıdarsan.
***
Qapını əllə daraqlamazlar, bədbəxtlik olar.
***
Qapıda ayaqqabıları saysan ailədə ölü düşər.
***
Qaranquş yuvasını dağıtmazlar.
***
Qaranquş aşağıdan uçanda yağın yağar.
***
Qaranquş yuva quran həyətdə həmişə şadlıq olar.
***
Qarğa çox olanda qış sərt keçər.
***
Qarğa qarıldayanda bəd xəbər eşidərsən.
***
Qayçının ağzını açıq qoymazlar, yoxsa düşmənlərinin ağzını açmış olarsan.
***
Qatıq və çörək deyir: "Məni isti-isti kəsmə"
***
Qaşları bitişik olan qohumla evlənər.
***
Qazan dibi qaşıyanın toyunda qar yağar.
***
Qoz ağacının altında yatmazlar.
***
Qonşuda dırnaq kəsməzlər.
***
Qız saçını hörərkən saçının kiçik bir hissəsi hörükdən kənarda qalarsa, deməli evə qonaq gələcək, qıza elçilik ediləcək.
***
Qızın arxadan yanına vursan, paltarını üç dəfə aşağı dart, yoxsa əri onu istəməz.
***
Qəbristanlığı əl ilə göstərməzlər.
***
Qəbri əl ilə göstərəndə şəhadət barmağını dişləyərlər.
***
Qurban kəsilən gün evdə iş görməzlər.
***
Qulağın cingildəyəndə, sözünü danışırlar.
***
Qurbağanı öldürüb arxası üstə çevirsən, leysan yağış yağar.
***
Dağdağan ağacını kəsmək xeyir verməz.
***
Qulağı kiçik olan kişinin arvadı gözəl olar.
***
Qulağı yekə olan adamın baxtı açıq olar.
***
Qəbristalığa cüt gül apararlar.
***
Qulaq qaşınanda yağış yağar.
***
Qolları qucaqlayıb dayanmazlar.
***
Qapı ağzinda görüşməzlər.
***
Qoyunu saymaq nəhsdir.
***
Dağdağan odunu yandıran xəstələnər.
***
Dad edənin hayına yetməsən günaha batarsan.
***
Deyirlər pis yuxunu suya danışarlar.
***
Deyirlər Novruz axşamı ailənin bir üzvü evdə olmasa o yeddi il bayramı ailəsindən uzaqla keçirər.
***
Deyirlər təzə gəlinin ayağının düşər-düşməzi olar.
***
Demək istədiyin sözü səndən qabaq deyən çox yaşar.
***
Düyünü ayaq altına tökməzlər.
***
Deyirlər odun üstünə su tökməzlər. Od sönsə, ocaq sönör.
***
Dırnağı küçəyə atmaq günah hesab edilir.
***
Evə yarasa girəndə onu öldürərlər.
***
Evi biri süpürəndə yarımçıq qalarsa başqası süpürməz, yoxsa birinci süpürməyə başlayanın ömrü yarımçıq qalar.
***
Evi süpürəndə ayağına süpürgə dəysə, sözün ötməz.
***
Evdə sınıq qab saxlamazlar.
***
Eyni vaxtda bir dəsmalın uclarına əlini silənlər çox keçməz ki, dalaşarlar.
***
Ehsan heyvanının kəllə-paçasını ölü sahibi yeməz.
***
Evdən başqa yerə gül verməzlər.
***
Əri çox istiyən arvadın paltarı tikilən zaman sap tez-tez qırılar.
***
Əldə qayçı oynadanda dava düşər.
***
Əli kağıza silməzlər.
***
Əlindən çörək düşəndə sevinərsən.
***
Əncir ağacı altında yatmazlar.
***
Ənciri budamazlar.
***
Əncir ağacını kəsməzlər.
***
Əncir ağacının odununu yandıran xeyir tapmaz.
***
Əyində paltar tikməzlər - şərə düşərsən.
***
Əynində paltar tikəndə ağzına bir ip götür ki, şərə düşməyəsən.
***