Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Adların informasiya dəyəri"

Müəllif:

Vüqar Haqverdiyev


Kateqoriya:

Məqalə



Qısa Təsvir:

Bəzən belə bir sual yaranır ki, filan əşyanın adı niyə belədir, başqa cür deyil? Görəsən bir adın yerinə başqası olsaydı, nə olardı? Bu barədə çox mübahisələr olub. Lakin tam ortaq məxrəc yoxdur. Ümumiyyətlə, adların yaranmasını insan şüuruna, təfəkkürünə, düşüncəsinə, təsəvvürünə söykənən məntiqi proses hesab etmək olar. Güman etmək olar ki, ilk adlar yarananda, bir-iki səsdən ibarət olmaqla olduqca sadə olublar. Lakin, getdikcə isimlərin sayının artması onların yadda qalmasını çətinləşdirib...


Baxış sayı: 3497
    
    


Adların yaranma tarixi insanların dil açıb danışmağa başladığı dövrdən sonraya təsadüf edir. Əcdadlarımız gördüklərini, hiss etdiklərini, xəyallarına gətirdiklərini bir-birindən fərqləndirmək və izah etmək üçün onları müxtəlif səslərlə ifadə etməklə adlandırmağa başlamışlar. Ona görə də ad hər şeydən əvvəl insan səsidir. Lakin, bu adi deyil, müəyyən məna kəsb edən səsdir, daha doğrusu səs qiyafəsində olan mənadır. Yazı yarandıqdan sonra bu mənanı kağız üzərində hərflərin köməyi ilə də qeyd etmək mümkün oldu. Bu səbəbdən adlara əşyaların səslə və yaxud hərflərlə ifadəsi kimi baxmaq olar. İnsanlar isimləri yaratmaqla öz aralarında informasiya mübadiləsini operativ və yığcam şəkildə etməyə nail olmuşlar. Belə ki, adlar meydana çıxmamışdan əvvəl, qədim insanlar gördükləri hər hansı bir hadisə, təhlükə, obyekt və ya  heyvan haqqında xəbər vermək üçün mimikadan, əldən-qoldan istifadə edərək yamsılama hərəkətləri etdikləri halda, adlardan sonra belə informasiyanı ani olaraq bircə sözlə çox qısa formada çatdıra bilirdilər.
Bəzən belə bir sual yaranır ki, filan əşyanın adı niyə belədir, başqa cür deyil? Görəsən bir adın yerinə başqası olsaydı, nə olardı? Bu barədə çox mübahisələr olub. Lakin tam ortaq məxrəc yoxdur. Ümumiyyətlə, adların yaranmasını insan şüuruna, təfəkkürünə, düşüncəsinə, təsəvvürünə söykənən məntiqi proses hesab etmək olar. Güman etmək olar ki, ilk adlar yarananda, bir-iki səsdən ibarət olmaqla olduqca sadə olublar. Lakin, getdikcə isimlərin sayının artması onların yadda qalmasını çətinləşdirib, bu da öz növbəsində insanları yaratdıqları adların necə səslənməsinə, onların forma və məzmunlarına fikir verməyə məcbur edib. Məntiqlə, yeni adın uğurlu alınması üçün, o özündən əvvəlkilərlə ziddiyyət yaratmamalı, bir növ, mövcud olan sözlərin sintezindən əmələ gəlməli, onlarla qanunauyğunluq və ahəngdarlıq təşkil etməli, sahibinin nəzərə çarpacaq əlamət və xassələrini ifadə etməklə ürəyə və dilə yatan səslənməlidir. Belə olduqda yeni ad öz daşıyıcısını düzgün ifadə edə bilər və insanlar tərəfindən rahat qəbul edilər. Sadə bir misala baxaq, məlumdur ki, "gün" və "baxan" sözləri  "günəbaxan" adını yaradıb. Əgər o vaxtlar "gün" anlayışının yerinə "yer" olsaydı "günəbaxan" olacaqdı "yerəbaxan". Lakin, "gün" özü də təsadüfən yaranmayıb, o, da "günəş" adından əmələ gəlib. Yaxud, başqa bir misal, rəng bildirən "ağ" sözündən "ağüzlü", "ağbəniz", "ağbirçək", "ağsaqqal" və s. kimi müxtəlif adlar əmələ gəlib. Əgər, biz vaxtı ilə "ağ" rənginə başqa, məsələn, "qara" adı versəydik, onda təbii ki, ağla bağlı bütün adlar da dəyişərdi, hər şey əksinə olardı, yəni qatıq ağ yox qara olardı.
Müşahidələr göstərir ki, zaman keçdikcə ad və onun daşıyıcısı arasında sıx vəhdət yaranır və isim öz sahibinin əsas xassələrinin özündə cəmləşdirir. Əgər biz nəzərə alsaq ki, belə xassələr vaxt keçdikcə müəyyən dəyişikliklərə uğraya bilər, onda bu dəyişikliklər  təbii ki, adın verdiyi informasiyaya da öz təsirini göstərməlidir. Adlar, bir növ öz sahiblərinin daxili xassələri ilə tarazlıq yaradır. Bu daxili xassələr dəyişdikcə, müvafiq olaraq adların informasiya dəyəri də dəyişməyə başlayır. Məsələn, 50 il bundan əvvəl "kompüter" dedikdə elektron hesablama maşını başa düşülürdüsə, ötən müddət ərzində kompüterin funksiyasının və onun tətbiq sahələrinin ağlasığmaz dərəcədə genişləndirilməsi "kompüter" adının informasiya dəyərini xeyli artırıb və bu ad bizim üçün bu gün hesablama maşınından əlavə, internet əlaqələndiricisi, multimedia, kitabxana, müəllim, həkim və s. deməkdir.
Alimlərin araşdırmaları göstərir ki, xüsusi adlara tarixin bir hissəsi kimi baxmaq olar. Onlarda məişətin, inamların, xalq fantaziyasının, adət-ənənələrin, bədii yaradıcılığın, tarixi əlaqələrin əkslərini tapmaq olar. Hər tarixi dövrün müəyyən xüsusiyyətlərə malik olması, həmin xüsusiyyətlərin o vaxtlar yaradılan bütün şeylərdə, o cümlədən adlarda da öz əksini tapması tam qanunauyğun hesab olunur. Ona görə də xalqımızın zəngin maddi və qeyri-maddi mədəni irsinə aid nümunələrin sistematik olaraq alimlər tərəfindən daha dərindən tədqiq edilməsi, illər keçdikcə həmin nümunə adlarının informasiya dəyərinin artmasına, bu adların beynəlxalq səviyyədə tanınmasına, müvafiq olaraq bizim keçmiş haqında biliklərimizin dolğunlaşmasına yol açır. Təsadüfi deyildir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində son illər ərzində xalqımızın tarixi abidələrinin, qədim arxitekturalarının, mədəniyyət nümunələrinin, bu yaxınlarda isə muğamın, aşıq sənətinin, "Novruz" bayramının adları dünya mədəni irslər siyahısına daxil edilib.
Ümumiyyətlə, bu günə kimi bizə məlum olan hər nə varsa, onların hamısının adları artıq qoyulub və insanlar tərəfindən qəbul edilib. Mövcud adların yenidən dəyişdirilməsi isə çox nadir hallarda baş verir. Belə hal həm qərəzli, həm də ədalətli ola bilər. Məsələn, Azərbaycan şəhərlərinin adlarının: "Gəncə"nin tarixən müxtəlif adlara, sovet dövründə isə "Kirovabad"a, "Biləsuvar"ın "Puşkin"ə, "Beyləqan"ın "Jdanov"a, "Şərur"un "İliç"ə və yaxud "Xankəndi"nin "Stepanakert"ə dəyişdirilməsi nəticəsində bu saxta adlar həmin şəhərləri yaxından tanımayan insanlara çox böyük yanlış informasiya verirdi. Bu faktlar göstərir ki, əsl adın qərəzli surətdə dəyişdirilməsi onun verdiyi informasiyaya birbaşa təsir edir. Bəzən isə adına  böyük keyfiyyətlər yazılan, sonradan məlum olur ki, əslində heç də belə deyilmiş. Məsələn, dağılmaz, qüdrətli, azad respublikalar birliyi hesab edilən SSRİ sən demə milyonların qanı bahasına gəlmiş bir ittifaq imiş. Bundan əlavə, ölkəmizdə tikilən hər bir yeni obyektə, salınan küçəyə, parka Lenin "babanın", inqilabçıların, xalqımıza düşmən gözü ilə baxmış Şamuyan kimi qaniçənlərin adının qoyulması sovet dövrünün tələbi idi. Bu faktlar onu göstərir ki, nəinki ad dəyişməklə, hətta yeni yaradılan obyektlərə qondarma adlar qoymaqla, elə ilk gündən onların yanlış informasiya verməsinə nail olmaq olar. Lakin, atalar demişkən: "Kələklə gələn, küləklə gedər". Artıq bu saxta adların əsl informasiya dəyəri xalqımıza məlumdur. Qeyd etmək lazımdır ki, adlarla bağlı göstərilən yuxarıdakı  faktlarda ermənilərin birbaşa əli olmuşdur. Özünün hər hansı bir milli-mənəvi, maddi-mədəni sərvəti olmayan, "yer mənim" kimi sağalmaz irsi xəstəliyə tutulmuş ermənilər əsrlər boyu qədim xalqlara, ən çox da Azərbaycan xalqına məxsus olan yer, musiqi, alət, abidə və digər dəyərlərin adlarını dəyişməklə onları özününkü etməyə çalışıb və biz görürük ki, onlar bu gün də öz çirkin əməllərindən əl çəkmirlər. Belə bəd əməllər "erməni" adını da bütün dünya qarşısında bədnam edibdir. Artıq beynəlxalq arenada "erməni" adının hansı informasiya verməsini yəqin ki, kiməsə izah etməyə ehtiyac yoxdur. Çox fərəhli haldır ki, xalqımız müstəqillik əldə etdikdən sonra, bir çox tarixi həqiqətlərin bərpa olunmasına, o cümlədən erməni saxtakarlığının qurbanı olmuş adların bərpa edilməsinə, sovet hakimiyyəti dövründə yaradılmış qondarma adların milli adlarla əvəz edilməsinə başlanıldı və hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.
Bu gün yeni adların yaranması, əsasən, əvvəllər məlum olmayan cisimlərin, maddələrin kəşf edilməsi, cihazların, qurğuların ixtirası, bir sözlə,  elm-texniki nailiyyətlərin nəticələri ilə bağlı olur. Yeni kəşf olunanların aydın olması üçün onlara düzgün və uğurlu ad tapmaq çox çətin və böyük məsuliyyətli işdir. Bunun üçün başqa bir dilin izahlı lüğətlərində həmin icad olunanın əlamətlərini əks etdirən yaxşı səslənən bir ad axtarıb tapmalısan, ya da özündən uyğun gələn inandırıcı bir ad fikirləşməlisən. Axırıncı variant ilk baxışdan sadə görünsə də, olduqca çətin missiyadır. Çünki, son vaxtlar istənilən dildə yeni bir adın meydana çıxması çox nadir hadisədir. Yeni yaradılan adlar demək olar ki, Latın, Yunan, İngilis və Fransa dilində mövcud olan sözlərdən düzəldilir. Belə adları adətən, başqa dillər tərcümə etməyərək olduğu kimi saxlayırlar. Çünki, bu zaman həm adın ifadə gücü dəyişmir, həm dil zənginləşir, həm də insanlar üçün bu addan istifadə etmək daha rahat olur. Xarici dili yaxşı bilən insan bir əsəri orijinaldan oxuduqda onu həmin əsərin tərcümə olunmuş variantından daha aydın başa düşür. Buradan belə nəticəyə gəlmək olar ki, sözlər, o cümlədən adlar öz yarandığı dildə daha çox informasiya verir, nəinki, tərcümə olunduqdan sonra. Məhz bu səbəbdən Fizuli, Xəqani, Nəsimi kimi xalqımızın görkəmli şairlərinin şeirlərində olan bəzi fars və ərəb sözlərini tərcüməçilər olduğu kimi saxlayıb və onların izahını ayrıca qeyd ediblər.
İsimlərin əsas əhəmiyyətlərindən biri də odur ki, mürəkkəb və qatışıq elementlərdən ibarət olan  proseslərə və ya hadisələrə müəyyən adlar qoymaqla, onların özünü bütöv bir element kimi qəbul etmək olar. Lakin, bu zaman düzgün ad seçmək böyük məsuliyyət tələb edir. Çünki, belə adlar çox vaxt reallığı əks etdirməyə bilər və nəticədə xeyirdən çox ziyan gətirə bilər. Müşahidələr göstərir ki, əksər şərhçilər cəmiyyətdə baş verən hadisələri nə cür adlandırırlarsa, elə o cür də izah edirlər. Necə deyərlər, gəmiyə hansı adı versən elə də üzəcək. Gözlənilmədən baş vermiş, mənbəyi bilinməyən bir hadisəyə təxribat, təbii fəlakət, ehtiyatsızlıq, məsuliyyətsizlik, biganəlik, intiqam, məcburiyyət və s. kimi müxtəlif cür subyektiv adlar vermək olar. Həm də onlara elə izah vermək olar ki, tamamilə həqiqətə oxşaya bilər. "Milçəkdən fil düzəltmək" məsələsi kimi. Hadisənin səbəbi üzə çıxana kimi belə adlar cəmiyyətdə o qədər çaşqınlıq yarada bilər ki, artıq əsl həqiqətin məlum olması insanlar üçün tam maraqsız və əhəmiyyətsiz bir fakta çevrilə bilər.
Adların informasiya dəyəri, təsir gücü özünü insan fəaliyyətinin bütün sahələrində göstərir. Məsələn, ticarətdə uğurlu və təmiz ad müvəffəqiyyətin rəhni hesab olunur. Bazar iqtisadiyyatı şəraitində böyük zəhmət hesabına qazanılmış etibarlı ad elə yüksək keyfiyyətdən xəbər verir. Necə deyərlər belə ad özü hər şeyi deyir. Yaxşı ad çıxartmış firmalara el arasında "bahalı firma", onların məhsullarına isə "firma malı" deyilir. Belə mallardan istifadə edənlərin necə deyərlər yerişi, duruşu, hətta davranışı da dəyişir.
Bu minvalla, biz adların bu və ya digər mənada verdiyi informasiyalardan çox danışa bilərik. Sonda onu qeyd etmək lazımdır ki, adların verdiyi informasiya o vaxt düzgün və effektiv olur ki, onlar həqiqəti əks etdirsinlər. Ona görə də hər şeyi öz adı ilə çağırmaq və hər şeyə də öz adına görə qiymət vermək lazımdır.

Vüqar Haqverdiyev,
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Elmi-Təşkilat Şöbəsinin rəis müavini