Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

İki elmi məqalə. "Eyni adlar niyə müxtəlif informasiya verir?". "Hər ad bir informasiya daşıyıcısıdır"

Müəllif:

Vüqar Haqverdiyev


Kateqoriya:

Məqalə



Qısa Təsvir:

İki elmi məqalə. "Eyni adlar niyə müxtəlif informasiya verir?". "Hər ad bir informasiya daşıyıcısıdır"...


Baxış sayı: 3976
    
    


"Eyni adlar niyə müxtəlif informasiya verir?"

   
 Adaş insanlar adətən bir qohum kimi bir-birlərinə qeyri-ixtiyari rəğbət bəsləyirlər

Şəxs adlarının sayı insanların sayından az olduğu üçün, bir adı onlarla, yüzlərlə adam daşıya bilər. Ona görə də, hərdənbir biz həyatda eyni adlı insanlara və ya özümüzlə adaş olan adamlara rast gəlirik. Adaş insanlar, adətən bir qohum kimi bir-birlərinə qeyri-ixtiyari rəğbət bəsləyirlər.
Psixoloqlar deyir ki, adlar müxtəlif səslərin, fonemlərin birləşməsindən əmələ gəldiyi üçün eyni adın ibarət olduğu səslər həmin adı daşıyan bütün insanların beynində eyni hissələri qıcıqlandırır. Bu səbəbdən biz özümüzlə adaş adam gördükdə, şüursuz olaraq onu özümüzlə eyniləşdiririk və sanki, bizi çox əhəmiyyətli nə isə birləşdirdiyini hiss edirik. Bundan əlavə, eyni ad sahiblərinin hər yerdə eyni cür, yəni adlarına görə qarşılanması faktının özü də adaş insanların xarakterində və davranışında müəyyən oxşar cizgilər formalaşdıra bilər. Lakin biz bəzən eyni adı daşıyanların xarakterlərinə görə tam müxtəlif olduqlarını da müşahidə edirik. Bəziləri xoşxasiyyətli, ürəyiaçıq, mərd, iradəli, güclü xarakterli olduğu halda, digərləri isə tam əksinə olur. Buna səbəb isə insanın ailə tərbiyəsi, sosial vəziyyəti, dost dairəsi, münasibətdə olduğu adamların təsiri, müəyyən hallarda isə bəzi insanların öz maddi durumlarını yaxşılaşdırmaq və ya yüksək bir mövqe əldə etmək məqsədilə zəhmət çəkmək əvəzinə əyri yollara düşməsi ola bilər. Sonuncu səbəb çox narahatedicidir. Çünki insanın əyri yola düşməsi onun adına oğru, rüşvətxor, əxlaqsız, yaltaq, satqın və s. kimi damğalar vura bilər. Dünya malını təmiz addan üstün tutanlar nə qədər çox pul qazansalar da, mal sərvət toplasalar da, yüksək vəzifəyə sahib olsalar da, müşahidələr göstərir ki, onlar öz əməllərinin cəzasını əvvəl-axır çəkməli olurlar. Belə adamların adları həmişə öz ailələri, uşaqları qarşısında da bədnam olur, onlara evdə ailə üzvləri şüursuz olaraq nifrət edirlər. Haram mal yeyənlərin "gül balalarının" da hansı yola düşməsini yəqin ki, hamı görür.  Necə deyərlər, "Haram harama gedər".
Eyni adların müxtəlif informasiya verməsinin bir səbəbini də bəzi insanların öz adlarının mənasını bilməməyində, ona görə öz adlarına uyğun hərəkət etməməyində görmək olar. Acınacaqlı haldır ki, çox vaxt tarixdə yaxşı mənada ad qoymuş görkəmli şəxsiyyətlərin adını daşıyan uşaqlar, hətta böyüklərin özləri də həmin adların əsl sahiblərinin kimlər olduğunu, onların  xalq arasında nə üçün sevildiyini bilmir. Babək, Nəsimi, Cavid, Müşfiq kimi adları gəzdirən uşaqlar bu adların tarixdə hansı şanlı izlər qoyduğunu bilməyəndə, çətin ki, onlarda özlərini həmin şəxsiyyətlərə oxşatmaq istəyi yarana. Ona görə də təzə anadan olmuş körpəyə şəxsiyyətini təsdiqləyən şəhadətnamə veriləndə, bu şəhadətnamə ilə bərabər, ona uşağın adının mənasını izah edən və bu adı daşımış görkəmli şəxsiyyətlər barədə qısa arayış da əlavə olunsa daha məqsədəuyğun olardı. Onda uşaq da, valideyn də həmin adın dəyərini yaxşı dərk edər. Psixoloqlar deyir ki, insan öz ismini nə qədər çox görərsə, eşidərsə və onun haqqında dərindən düşünərsə, bir o qədər də həmin ada uyğun gələcək.

Adaşlari necə fərqləndirirlər?

Çox vaxt eyni adlı insanları fərqləndirmək üçün ətrafdakılar onları xüsusi ləqəblərlə çağırırlar. Maraq üçün qeyd edək ki, kollektivlərdə eyni adlı adamlar olduqda, onlar özləri bilməsələr də iş yoldaşları həmin adaşlara müəyyən ləqəblər qoyurlar. Əgər kiminsə yaşadığı və ya işlədiyi yerdə adaşları varsa, yüz faiz əmin olsun ki, onları da fərqləndirmək üçün ətrafdakılar artıq müəyyən ləqəblər fikirləşib tapıblar. Bu ləqəblərin məzmunu əsasən insanın peşəsi, xasiyyəti, zahiri görünüşü, vətəni, eli, obası, nəsli və s. dəyərlər ilə bağlı olur. Əslində, yaxşı ləqəb qazanmaq, yaxşı ad qazanmaq qədər çətindir. Vay o haldan ki, gülməli, baməzə və yaxud qaba ifadəli ləqəb alasan. Onlara çox vaxt ayama da deyirlər. Belə ayamalardan yaxa qurtarmaq çox çətin olur. Hətta belə bir kobud məsəl də var ki, "Öküz  öldürüb adını üstümdən götürə bilmirəm". Ləqəblər barədə XI əsrdə yaşamış Şərqin görkəmli dövlət xadimi Nizamülmülk özünün məşhur "Siyasətnamə" əsərində belə qeyd edir: "Şahlar ləqəb verməkdə həmişə ehtiyatlı olmuşlar, çünki yaxşı məmləkət dolandırmaq qaydalarından biri də ləqəblərin verilməsi, hər kəsin öz mövqeyini, öz yerini bilməsidir. Bazar adamı ilə dehqanın (mülkədar) ləqəbi eyni olsa, fərqləri aradan qalxar, məşhur adamla qeyri-məlum adam eyni olar. Alimlə cahilin ləqəbi eyni olsa onları tanımaq olmaz, ölkədə belə işlərə yol vermək yaxşı deyildir". Çox təəssüf ki, bu gün bu qaydaya əməl olunmur. Xüsusən, şou-biznes aləmində, insanda ikrah hissi doğuran məzəli ləqəblərin meydana çıxması, daha doğrusu sənət aləmində adı olmayanların özlərinin dedikləri kimi "bozbaş" adlar götürməsi artıq dəb halını alıb. Bəlkə də fəxri adlar, titullar almağa sənəti çatmayanlar, öz adlarının qabağındakı boşluqları gülünc ayamalar hesabına doldurmağa çalışırlar.
Ləqəblərlə bağlı bir maraqlı faktı  kriminalistlər söyləyirlər ki, onlardan kriminal aləmdə də çox istifadə edirlər. Ləqəb öz sahibinin kriminal aləmə hansı əməlinə görə düşdüyünü və bu aləmdə hansı mövqe tutduğu barədə birbaşa informasiya verir. Məsələn, "Lotu", "Avtoritet"  "Qızılbarmaq", "Cibgir" və s. Kriminalistlərin tədqiqatlarına görə, hətta belə bir güman da var ki, kriminal elementlərin üstünlük təşkil etdiyi məhəllələrdə hər hansı bir uşaq xüsusi ləqəblə çağırılırsa,  onda onun böyüyəndə həbsxanaya düşmək ehtimalı artır. Çünki uşaq şüursuz olaraq bu ləqəbə uyğun hərəkət edir və onu doğrultmağa çalışır.

Təxəllüslərdən kimlər istifadə edir?

Ləqəblərdən əlavə, insanlar digərlərindən daha da fərqlənmək üçün təxəllüslərdən istifadə edirlər. Təxəllüs insana özü, ya da cəmiyyət tərəfindən verilir. Adlar üzrə mütəxəssislər qeyd edirlər ki, təxəllüslər, adətən, yazıçılara, rəssamlara, sənətkarlara, siyasi, ictimai xadimlərə, müəyyən sahədə fitri istedadı və qeyri-adi bacarığı olan şəxslərə məxsus olur. Onların içində ən çox təxəllüsdən istifadə edənlər isə yazarlardır. Təxəllüslə yazan insanlar, demək olar ki, bütün xalqların ədəbiyyatında olmuşdur. Onları belə addım atmağa müxtəlif səbəblər məcbur etmişdir. Müəyyən dövrlərdə açıq söz demək üstündə təqib olunanlar ədəbiyyat və ya jurnalistika sahələrində təxəllüslə yazmaqla anonim qalmağa məcbur olurdular. Məhz bu səbəbdən M.Ə.Sabir, C.Məmmədquluzadə və digər görkəmli ədiblər öz satirik və kəsərli məqalələrini gizli imzalar altında dərc etdirirdilər. Bəzən təzə yazmağa başlayanlar da tənqiddən uzaq olmaq məqsədilə uydurma ad altında gizlənirlər. Şerlok Holmsun yeni obrazını - komissar Meqreni yaradan J.Simenon ilk əvvəl Kristian Bryul, Orson, Aramis və digər adlar altında gizlənmişdi. Lakin məşhurlaşandan sonra bütün təxəllüsləri ataraq öz adı ilə yazmağa başlamışdır. Bir vaxtlar zənənlərin yazmağına yaxşı baxılmadığı üçün qadınlar kişi adı ilə yazmışlar.  Fransa yazıçısı Avrora Dyupen əsərlərini kişi adı (Jorj Sand) ilə imzalamışdır. Bəzən kişilər oxucuların simpatiyasını qazanmaq üçün qadın adından istifadə etmişlər. Volter öz imzalarında "Gözəl Qadın", "Fatima", "Ketrin Vade" kimi bir neçə qadın adından istifadə etmişdir. Bəzi yazıçılar eyni adlı başqa yazanla səhv düşməmək üçün və ya adlarının yaxşı səslənmədiyinə görə də təxəllüslərdən istifadə etmişlər. Təxəllüsləri dəbə görə və ya oxucuları intizarda saxlamaq üçün götürənlər də olmuşdur. Bəzən isə təxəllüs götürməklə, müəllif öz adını gizlətmək yox, əksinə öz peşəsini, millətini, doğulduğu yeri, sosial vəziyyətini, yaradıcılıq istiqamətini və ya xarakterinin əsas cizgisini xüsusi qeyd etmək məqsədini güdmüşdür.
Göründüyü kimi, insanların adından əlavə ləqəbi və ya təxəllüsü də ola bilər. Adlardan fərqli olaraq ləqəb və təxəllüslər sonradan yarandığı üçün, onlar öz sahibini daha yaxşı xarakterizə edə bilərlər. Hətta bəzi təxəllüslər sonradan adlara çevrilmişlər. Nizami, Füzuli, Vidadi, Vaqif və s. kimi adlar məhz xalqımızın görkəmli şəxslərinə məxsus olmuş təxəllüslərdir.


"Hər ad bir informasiya daşıyıcısıdır"

 

 Adın əsl informasiya dəyəri onun sahibi yada salınanda daha aydın üzə çıxır

Bir-birinə qəlbən yaxın insanların adları həmin adamlarda müsbət emosiya yaradır

İnsanla bağlı bütün məlumatlarda, ona ünvanlanan hər növ müraciətdə həmişə onun adı səslənir. Şəxsin ismi onun kimliyini, mahiyyətini bir sözlə ifadə etməklə, həmin adamı ətrafdakılara məlum edir. "Adam adıyla tanınar". Adın əsl informasiya dəyəri də məhz onun sahibi yada salınanda daha aydın üzə çıxır.
Qədim Azərbaycan dastan və rəvayətlərindən də görürük ki, keçmişdə Türk dünyasında ad insan haqqında çox şey deyirmiş. "Dədə  Qorqud  Kitabı. Ensiklopedik  lüğət"də qeyd olunur ki,  "Advermə türk ənənəsində çətin, şərəfli, məsuliyyətli prosesdir. Ad alan hər bir uşaq, yaxud yeniyetmə nəinki cəmiyyətin bərabərhüquqlu üzvünə çevrilir, həm də adına görə yaşamalı olur. ... Adla tale, adla ömür arasında əski görüşlərə görə eyniyyət  olduğundan, hər adamın ad verməsi mümkün deyildir. Ad özündə qəhrəmanın mənşəyini, yurd-yuvasını, atının rəngini xarakterizə   etdiyindən sosial statusludur". Burdan aydın olur ki, o dövrlərdə insanları hərtərəfli çətin sınaqlardan keçirdib, sonra onlara ad verirmişlər. İnsan haqqında ilk informasiyanı elə onun qazandığı ad verirmiş. "İgidin adını eşit, üzünü görmə". Qəhrəmanlıqla qazanılmış adlar sonradan geniş yayılmağa başlayıb və onların daşıyıcıları da özlərini həmin qəhrəmanlara bənzətmək istəyiblər. Lakin bəzən belə cəhdlər çox uğursuz alınıb və acınacaqlı aqibətlə sona yetibdir. Rəvayətə görə, bəziləri atalarının gözlərini çıxartmaqla Koroğlu ləqəbini özlərinə götürsələr də, qətiyyən onlara layiq olmayan bu ad "Koroğlu" deyil "Korun oğlu" kimi informasiya verib və yalançı sahibini el içində tamamilə rüsvay edibdir.
Ümumiyyətlə, insan adları iki cür informasiya verə bilər: bir yarandığı dövr haqqında, bir də onu daşıyan insan haqqında. Şəxs adlarının tədqiqi, onların yaranma səbəbi və tarixi ilə onomastika elminin antroponimika bölməsi məşğul olur. "Onoma" yunanca "ad", "antroponimika" isə "şəxs adları" deməkdir. Alimlər şəxs adlarından onların ilk yarandığı dövrlərdəki cəmiyyət haqqında müəyyən informasiyalar əldə edə bilirlər. Biz şəxs isimlərinin mənaları ilə bağlı kitablarda adların izahına baxsaq görərik ki, Azərbaycanda hər bir şəxs adının yaranması o dövrlərdəki müəyyən səbəb və yaxud hadisələrlə bağlı olub. Məsələn, Məhəmməd, Həsən, Hüseyn, Əli və s. kimi adlar Azərbaycana İslam dinin gəlişini göstərdiyi halda, İnqilab, Azad, Azadə, Xoşbəxt və s. kimi adlar isə artıq Azərbaycanda Sovet hakimiyyətinin  qurulmasından xəbər verir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Sovet hakimiyyətinin qurulduğu dövrdə Azərbaycan antroponimika modelində də müəyyən dəyişikliklər əmələ gəlib. Bu model, nisbətən əvvəlki dövrlərdə  şəxsin özünün və atasının adından (çox vaxt ata adının sonuna antroponik formatlar - zadə, oğlu, qızı, -li, -lı əlavə edilirdi) ibarət olduğu halda, inqilabdan sonra antroponimika modelinə familiya da əlavə edilib. Beləliklə, şəxsin bütöv adı üç hissədən onun adından, atasının adından və familiyasından  ibarət olub. İlk familiyalar şəxsin atasının və ya babasının adının sonuna ov (a), yev (a) artırmaqla ruslaşdırılmış formada əmələ gəlib. Xalqımız müstəqillik əldə etdikdən sonra, familiyalardakı rus sayağı sonluqlardan imtina etmək məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu problem öz tam həllini, nəhayət ki, bu günlərdə artıq tapmaq üzrədir.
Hamıya məlumdur ki, adam adını bildiyi, ancaq yaxından tanımadığı insan haqqında informasiya almaq istəyəndə, ilk növbədə, həmin şəxsi yaxşı tanıyan tanışlarından, filankəs necə adamdır? - soruşur. Necə deyərlər, "Sən adını çək, mən nişan verim".  Beləliklə ad vasitəsilə üzünü görmədiyi adam haqqında xeyli informasiya toplayır. Biz əgər belə informasiyaları araşdırsaq görərik ki, onlarda  ad sahibinin insanlığını, xasiyyətini, intellektini, istedadını, xarakterini və s. kimi xüsusiyyətlərini, ən başlıcası isə gördükləri əməllərin nəticəsini əks etdirən elementlər üstünlük təşkil edir. Bu onu göstərir ki, insanın həyatda, cəmiyyətdə atdığı  bir çox addımlar sonradan onun adına bağlanır. Yəni gördüyü yaxşı işlər də, pis işlər də həmin adamın adına yazılır. Bütün bunlar isə bu və ya digər dərəcədə onun haqqında verilən məlumatlarda öz əksini tapır. Əgər, bizim yanımızda yaxşı tanıdığımız bir adamın adını çəksələr, bu ad, ilk növbədə, bizim gözlərimiz önündə həmin adamın bizə münasibətini, əxlaqını, əməllərini, davranışını, hərəkətlərini, bir sözlə onun necə insan olması barədə subyektiv informasiyaları əks etdirəcək və bizim daxilimizdə müvafiq hisslər oyadacaq. Adətən, bir-birlərinə qəlbən yaxın insanların adları həmin adamlarda müsbət emosiyalar yaradır. Məsələn, yaxın dostların, qohumların və yaxud sevgililərin adları həmin adamlarda müsbət təəssüratlar yaradır. Yeri gəlmişkən, sevən insanların adlarının bir-birlərinə verdiyi informasiyalar ölçüyə gəlməz, onlar özünün parlaqlığı, canlılığı, təmizliyi və effektivliyi ilə digərlərində daha çox fərqlənir. Belə informasiyalar başqaları üçün dərk edilməz olduğu üçün onları kodlaşdırılmış gizli informasiyalar qrupuna aid etmək olar. Onların dilin yalnız sevənlər özləri başa düşər. Bir-birləri ilə daima ədavət aparan adamların, düşmənlərin adları isə, əksinə onlarda mənfi emosiyalar yaradır. Həyatda bir insan digərindən pislik görəndə, onda avtomatik olaraq həmin adamın adına qarşı neqativ hislər əmələ gəlir və ona elə gəlir ki, bu adda daha yaxşı adam ola bilməz. Hətta elə adam var ki, onun yanında müəyyən şəxsin adın çəksən, necə deyərlər qırğın düşə bilər.
Adətən, adlı-sanlı adamların adlarının verdiyi informasiyalar böyük gücə malik olduğu üçün onların qohum-əqrəbalarını da hər yerdə xüsusi hörmət və ehtiramla qarşılayırlar. Əslində, belə hörmət təmiz qəlbdən olduqda, özü-özlüyündə çox yaxşı haldır. Çünki, insanın yaxşı ad qazanması tək onun özü üçün yox, həm də yaxınları, dost-tanışları üçün başucalığıdır. Bəzən ən çıxılmaz situasiyalarda, müəyyən çətin işlərdə və problemlərdə tanınmış yaxın adamın adı insana çox böyük kömək və dayaq olur. Bütün bunlar isə "adamın gərək adamı olsun" prinsipinin düzgülüyünü yaxşı mənada təsdiqləyir. Doğrudur, bu prinsipdən sui-istifadə edənlər də olur. Belə ki, biz həyatda mötəbər bir şəxsin adından istifadə edərək öyünən, başqalarına yuxarıdan aşağı baxan, kiməsə qorxu gələn, vəzifəsinə uyğun olmayaraq iş yerində özünü rəis kimi aparan adamlara da rast gəlirik. Belə adamlar öz acizliklərini, gücsüzlüklərini, heçliklərini başqasının adı hesabına ört-basdır etmək istədikləri halda, əslində, belə hərəkətlərlə adından istifadə etdikləri, bu işdən xəbəri olmayan şəxslərin nüfuzuna böyük xələl gətirməklə, özlərini ətrafdakı insanların yanında daha da hörmətdən salırlar. Atalar demişkən: "Adlı kişi adından qorxtuqca, adsız kişi tanrıdan qorxmaz"
Adlarla bağlı bir maraqlı faktı psixoloq Lev Uspenski belə qeyd edir ki, həmişə bir pyesi oxumamışdan əvvəl drama iştirakçılarının adlarından onların hansının müsbət və ya mənfi qəhrəman olmasını intuitiv olaraq hiss etmək olar. Bu olduqca incə bir məqamdır. Doğurdan da elə adlar var ki, onlar, sanki,  yalnız müsbət keyfiyyətləri xarakterizə edir və bu adda mənfi obrazın olmasını təsəvvürə belə gətirmək olmur. Yəni, "Adı gözəl olanın özü də gözəl olar". Ona görə də roman, povest və ya kino ssenarisi yazanlar müsbət və mənfi obrazlar üçün ad seçməyin çox məsuliyyətli və zərif məsələ olduğunu deyirlər. Bəzən uyğun gələn ad olmadıqda yazıçı bu adı özündən uydurmalı olur. Bu səbəbdən bir sıra yeni adların yaranmasında Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun kimi görkəmli ədiblərin də xeyli zəhməti olmuş və onların yaratdıqları personajların adları xalq arasında bu gün də populyar olaraq qalır. 
Biz şəxs adlarının sayı ilə maraqlansaq görərik ki, onlar insanların sayından dəfələrlə azdır və bu da onu göstərir ki, müasir dövrdə bir yaxşı adı yüzlərlə, bəlkə də minlərlə adam daşıya bilər. Adaş adamların hamısının bir xasiyyətə, vahid təbiətə malik olması, eyni adların adekvat informasiya verməsi isə, sadəcə qeyri-mümkündür. Demək, doğulanda yaxşı ad almaq, hələ işin yarısıdır, əsas məsələ həmin adı doğrultmaqdır. Necə deyərlər: "Ad adamı bəzəməz, adam adı bəzəyər".

 

Vüqar HAQVERDİYEV,
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı
e-mail:
hagverdiev@box.az