Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Ölü" (Hekayə). Dünyaşöhrətli fransız yazıçısının azərbaycanca maraqlı bir əsəri...

Müəllif:

Gi de Mopassan


Kateqoriya:

Fransa



Qısa Təsvir:

Məhəbbətin həmişə eyni hekayəsi olur, elə o da təkrarlanır. Mən onu gördüm və sevdim. "Ölü" (Hekayə). Dünyaşöhrətli fransız yazıçısının azərbaycanca maraqlı bir əsəri


Baxış sayı: 32
    
    


Mən onu dəlicəsinə sevirdim. Biz niyə sevirik?

Bu boyda dünyada yalnız bir nəfəri görmək, beynində yalnız bir fikrin olması, ürəyində bir istəyin olması və dilində yalnız bir adın olması qəribə deyilmi?

Bu ad bulaqdan su sızar kimi daim ürəyinin içindən dodaqlarına qalxır, sən onu dua kimi həmişə, hər yerdə, durmadan təkrarlayırsan, pıçıldayırsan.

Hekayəmizi danışmayacağam.

Məhəbbətin həmişə eyni hekayəsi olur, elə o da təkrarlanır. Mən onu gördüm və sevdim.

Vəssalam və bütün il boyu onun incəliyinin, qayğısının, nəvazişinin, baxışlarının, danışığının təsirində olmuşam, ondan gələn hər şeyin əsiri idim, başım elə dumanlanmışdı ki, gecə, yoxsa gündüz olduğunu, sağ, yoxsa ölü olduğumu, köhnə dünyada, yoxsa yeni dünyada yaşadığımı dərk edə bilmirdim.

Və budur, o öldü, necə? Bilmirəm və heç vaxt bilməyəcəyəm.

Yağışlı bir gün o, evə islaq gəldi və sabahı gün öskürməyə başladı. Təxminən bir həftə öskürdü, sonra yatağa düşdü.

Nə baş verdi? Bunu heç vaxt bilməyəcəm.

Həkimlər gəlirdilər, dərman yazıb gedirdilər. Dərman gətirirdilər, hansısa qadın onları içməyə məcbur edirdi. Sevgilimin əlləri qaynar, alnı isti və nəm, gözləri parlaq və kədərli idi.

Onunla danışırdım, mənə cavab verirdi. Nə haqda danışırdıq? Bilmirəm. Hər şeyi unutmuşam. Hər şeyi. Hər şeyi! O, öldü, onun az qala eşidilməyən, yüngül, son nəfəsini indiki kimi xatırlayıram. Xəstə baxıcısı qışqırdı: "Ah!". Və mən hər şeyi anladım. Hər şey bitmişdi.

Mən başqa heç nə dərk etmirdim.

Heç nə. Keşiş gəldi və onun haqqında danışarkən "məşuqəniz" dedi. Mənə elə gəldi ki, o, onu təhqir etdi. Heç kim onu belə adlandırmağa cəsarət edə bilməz, axı o, ölüb. Mən onu qovdum. Başqa keşiş gəldi, çox xeyirxah, çox mülayim idi, mənimlə onun barəsində danışanda ağlayırdım.

Məndən dəfn haqqında müxtəlif xırdalıqları soruşurdular. Bu haqda artıq xatırlamıram. Əvəzində onun tabutunu mıxlayan çəkicin səsini aydın xatırlayıram... Ah, aman Allah!

Onu basdırdılar. Gömdülər. Onu! Bu quyuya! Tanışlar, bir neçə rəfiqəsi gəldi. Mən gizləndim. Qaçdım. Uzun müddət küçələrdə veyilləndim. Sonra evə qayıtdım. Sabahı gün səyahətə çıxdım.

Dünən Parisə qayıtdım.

Yataq otağımızı, çarpayımızı, mebeli, öləndən sonra diridən sonra qalan hər şeylə dolu bu evi görəndə yenidən, elə güclü ümidsizlik hiss etdim ki, pəncərəni açıb özümü küçəyə atmağa hazır idim.

Bu əşyaların, onu əhatə edən, örtən, görünməz çatlarında onun varlığının, bədəninin, nəfəsinin kiçik hissələri qalmış divarların arasında qalmağa artıq taqətim qalmadığından qaçmaqçün şlyapamı qapdım. Lap qapının ağzında birdən dəhlizdəki güzgü ilə qarşılaşdım.

Bunu bura o qoymuşdu. Qoymuşdu ki, hər dəfə evdən çıxanda özünə başdan ayağa baxsın, üst-başının tamamilə qaydada olub-olmamasına, ayaqqabısından saçlarınadək hər şeyin zərif və gözəl olduğuna nəzarət etsin.

Və mən yerə sancılmış kimi onu bu qədər tez-tez əks etdirən güzgünün qarşısında dayandım. O qədər tez-tez əks etdirirdi ki, onun obrazını özündə saxlamalı idi.

Mən bütün bədənimlə titrəyərək gözlərimi şüşəyə dikmişdim - hamar, dərin, boş şüşəyə.

O şüşəyə ki, onu bütövlükdə özünə daxil edirdi, ona mənim kimi, mənim sevgi dolu baxışlarım kimi malik idi. Mən bu şüşəyə qarşı şəfqət hiss etdim, ona toxundum - soyuq idi! O, yaddaş, yaddaş!

Qüssəli güzgü, diri, işıqlı, dəhşətli güzgü, sonsuz əzablar mənbəyi! Ürəkləri əkslərin sürüşüb hamarlandığı güzgü kimi olan, özündə olan, qarşısından keçən, ona baxan, onun bağlılığında və sevgisində əks olunan hər şeyi unudan adamlar bəxtəvərdirlər.

Mən çıxdım və şüursuz, iradəmin, arzumun xilafına qəbirstanlığa getdim. Onun sadə qəbrini tapdım. Qəbrinin üstündə mərmər xaç və bir neçə söz vardı: "O, sevirdi, sevilirdi və öldü".

O, orada, dərində idi və artıq çürümüşdü! Dəhşət! Mən üzüqoylu torpağa düşərək hönkürdüm.

Mən orda çox-çox uzun müddət qaldım. Sonra qaranlıq düşməyə başladığının fərqinə vardım.

Bu zaman mənə ağlını itirmiş məşuqun ağılsız, qəribə hissləri hakim kəsilməyə başladı. Mən sonuncu dəfə gecəni onun yanında keçirmək, onun qəbri üstündə ağlamaq istədim. Ancaq məni görüb qova bilərdilər.

Nə etməli? Bir hiylə fikirləşdim. Qalxıb bu ölülər şəhərində gəzişməyə başladım. Getdikcə uzaqlaşırdım. Bu şəhər o biri - dirilər şəhəri ilə müqayisədə necə də kiçikdir! Ancaq ölülər dirilərdən necə çoxdular!

Bizə - bu dünyada yaşayan, bulaqlardan su içən, sahələrin çörəyini yeyən dörd nəsil üçün nə qədər hündür evlər, nə qədər küçələr, nə qədər ərazi lazımdır.

Ancaq ölülərin bütün nəsli üçün, insanlığın bütün pillələrindən bizim günlərəcən demək olar ki, heç nə lazım deyil - bir parça torpaqdan başqa! Torpaq onları qəbul edir, unudulmaq onları məhv edir! Əlvida!

Yeni qəbirstanlığın hasarı arxasında mən daha bir atılmış qəbirstanlıq aşkar etdim. Burda unudulmuş ölülər toza çevrilmişdilər, xaçlar belə çürümüşdülər və burda artıq sabah gələnləri basdıracaqdılar.

Burada itburnu və iri tünd sərv ağacları sıx bitmişdi; bu, insan ölülərindən əmələ gəlmiş qalın, kədərli bağ idi.
Mən tək idim, tamamilə tək. Hündür bir ağaca dırmaşdım, onun sıx və qaranlıq budaqlarında gizləndim.

Suda batan adam dirəkdən yapışan kimi onun gövdəsindən yapışıb gözləməyə başladım.

Gecə düşəndə, dərin gecə düşəndə mən öz sığınacağımı tərk edib asta, eşidilməz addımlarla ölülərlə dolu torpaqda gəzməyə başladım.
Uzun-uzun dolaşdım. Onu tapa bilmirdim.

Əllərimi və gözlərimi geniş açaraq əlim, ayağım, dizim, sinəm, hətta başım qəbirlərə dəyə-dəyə irəliləyirdim, amma onu tapa bilmirdim. Mən kor kimi əl havasına gedirdim, barmaqlarım daşlara, xaçlara, dəmir barmaqlıqlara, şüşə çələnglərə, solmuş əklillərə toxunurdu. Barmaqlarımı hərflərin üzərində gəzdirərək yazıları oxuyurdum.

Necə qaranlıqdır! Necə gecədir! Mən onu tapa bilmirdim!

Ay yox idi. Qaranlığa bax! Mən qəbirlərin arasındakı ensiz cığırla gedirdim, məni üzücü qorxu bürümüşdü. Qəbirlər, qəbirlər, qəbirlər! Hər yer qəbirdir! Sağda, solda, qarşımda, ətrafımda - hər yer qəbirdir!

Qəbir daşının üstündə oturdum, artıq irəliləməyə taqətim yox idi, ayaqlarım əsirdi. Öz ürəyimin səsini eşidirdim. Və daha nəsə eşidirdim! Bu, nədir? Nəsə, dumanlı, anlaşılmaz uğultu.

Görən bu səs mənim xəstə beynimin məhsulu idi, yoxsa o, görünməz qaranlıqdan gəlirdi, bəlkə o, insan cəsədləri ilə dolu torpağın dərinliklərindən qalxırdı? Ətrafa göz gəzdirdim.

Orada nə qədər oturdum? Bilmirəm. Mən qorxudan keyimişdim, dəhşətdən ağlımı itirmişdim, qışqırmaq istəyirdim, mənə elə gəlirdi ki, ölürəm.

Birdən mənə elə gəldi ki, altımdakı mərmər qəbir daşı tərpəndi.

Doğurdan da o, elə tərpəndi ki, elə bil onu qaldırırdılar.

Mən sıçrayıb qonşu qəbrə keçdim və gördüm ki, hə, öz gözlərimlə gördüm ki, indicə üstündə oturduğum ağır, daş lövhə dik qalxdı - və ölü peyda oldu, çılpaq skelet daşı öz əyilmiş beli ilə qaldırıb kənara atdı. Mən onu görürdüm, dərin qaranlığa baxmayaraq onu tamamilə aydın görürdüm.

Xaçın üstünü oxudum: "Burada 51 yaşında ölən Jan Olivan dəfn edilib. O, yaxınlarını sevən, xeyirxah, təmiz adam idi. Hamının sevimlisi kimi dünyadan köçdü". Ölü də qəbrinə yazılmış sözləri oxudu.

Sonra o, cığırdan iti bir daş götürdü və inadla yazını qazıyıb təmizləməyə başladı.

O, boş göz yuvalarını xaça zilləyərək yavaş-yavaş onu sildi, sonra öz sümükdən olan barmağı ilə fosforlu kibrit şüşə üzərində parlaq iz buraxdığı kimi parlayan hərflərlə yazmağa başladı:

"Burada 51 yaşında ölən Jan Olivan dəfn edilib. O, qəddarlığı ilə atasını qəbrə sürüklədi, var-dövlətə sahib çıxmaq üçün arvadına əziyyət verdi, uşaqlarını incitdi, qonşularını aldatdı, hər fürsətdə oğurluq etdi və hamının nifrətini qazanaraq öldü".

Yazını bitirən ölü səssizcə öz işinə baxdı, mən baxıb gördüm ki, bütün qəbirlər açıqdır, bütün tabutlardan ölülər qalxıb qohumlarının qəbir daşlarına yazdıqları yalanları pozurdular ki, həqiqəti bərpa etsinlər.

Və mən öyrəndim ki, onların hamısı öz yaxınlarının cəlladı, cani, alçaq, ikiüzlü, yalançı, fırıldaqçı, şər atan, paxıl olublar, hamısı soyublar, aldadıblar, ən biabırçı, iyrənc hərəkətlər ediblər - bütün bu övladlarını sevən atalar, sadiq həyat yoldaşları, əxlaqlı qızlar, vicdanlı alverçilər, bütün bu xeyirxahlıqla ad çıxarmış kişilər və qadınlar.

Öz əbədi iqamətgahlarının kandarında olanlar hamısı birdən amansız, dəhşətli və müqəddəs həqiqətləri yazırdılar. O həqiqətləri ki, dünyada yaşayan insanlar bilmirdilər və ya bilmək istəmirdilər.

Mən düşündüm ki, yəqin o da öz xaçında həqiqəti yazar. Və artıq heç nədən qorxmayaraq açıq qəbirlərin, ölülərin, skeletlərin arası ilə onu tapacağıma əminliklə ona doğru qaçdım.

Üzü kəfənlə örtülü olmasına baxmayaraq onu uzaqdan tanıdım.

Və yaxın keçmişdə üstündən "O, sevirdi və sevilirdi və öldü" oxuduğum xaçın üzərindən "Bir dəfə sevgilisinə xəyanət etməkçün evdən çıxanda yağışa düşüb, sətəlcəm olub və ölüb" oxudum.

Deyirlər, məni səhər huşsuz halda hansısa qəbrin yanında tapıblar...

Çevirdi: Sənubər H.

E-mənbə/link: wwww.adyazar.az