Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Kulturologiya elmi və onun tarixi kökləri". Dünyada dəbdə olan elm və intellektual-estetik düşüncə tərzi bizdə niyə inkişaf etmir?!

Müəllif:

İlqar Hüseynov


Kateqoriya:

Kulturoloji



Qısa Təsvir:

Məqalədə dünya kulturolji düşüncə tarixinə nəzər salınır. "Kulturologiya elmi və onun tarixi kökləri". Dünyada dəbdə olan elm və intellektual-estetik düşüncə tərzi bizdə niyə inkişf etmir?!


Baxış sayı: 37
    
    


 

   Kulturologiya - ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir. Bu elmi zamanın özü yaratmışdır. Bir çox dünyəvi elmləri, o cümlədən, tarix, fəlsəfə, sosiologiya, etnoqrafiya, arxeologiya, etika, estetika və s. özündə birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz süzgəcindən keçirmiş, müxtəlif dövrlərdə onlardan lazımınca faydalanmışdır. Kulturologiya özündə çox mühüm olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət edən nəhəng bir elm sahəsidir.
   
   Bu gün dünyada kulturologiya elmi haqqında fikirlər mübahisəlidir. İstər Şərqdə, istərsə də Qərbdə müxtəlif alim və tədqiqatçılar arasında bu elm haqqında yekdil bir fikir və ideya mövcud olmasa da, mübahisəli-müqayisəli nəzəriyyələr və kulturoloji baxışlar bu elmi daha dərindən, hərtərəfli anlamağa imkan yaradır. Üst Paleolit dövründən - yəni "Homo Sapiyens"in ("Ağıllı insan"ın) meydana gəlməsindən başlayaraq ta bu günə qədər insanlar böyük bir kulturoloji mənəvi-əxlaqi dəyərlər məcmusu yaratmış və bu toplum mənəvi irs şəklində nəsildən-nəslə ötürülərək kulturologiya tarixini daha da zənginləşdirmişdir.
   Şifahi ənənədən gələn qədim türk mif, əfsanə, rəvayət və nağılları, dastanları, mövsüm və mərasim nəğmələri Oğuznamələr,"Kitabi-Dədə Qorqud", " Manas", "Bilqamıs", "Altunyarıq", "Maday Kara" sırasından olan bahadırlıq dastanları; habelə yazılı təcrübənin "Divani lüğatit-turk" (Mahmud Qaşğarlı), "Qutadğu bilik" (Balasaqunlu Yusif Has Xacib)," Ətabətul-həqayir" (Əhməd Yuğnəki),"Divani-Hikmət (Əhməd Yəsəvi) və s. kimi örnəkləri kulturologiya elminin zəngin ənənəyə və tarixi bir kökə malik olmasını bir daha təsdiqləyir.
   Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə yazır: "Ən qiymətli milli sərvət olan istedadla yaradılmış sənət əsəri yalnız bir millətə yox, bütün millətlərə məxsusdur. Homer, Firdovsi, Nizami, Şekspir, Bethoven, Bax, Ü.Hacıbəyov, Mikelancelo hər biri öz millətlərinin və bəşəriyyətindir".
   Tanınmış kulturoloq-alim Kamal Abdulla "Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud" əsərində mifoloji aləmdən - mədəni dünyaya və oradan da mədəniyyətə doğru tarixi bir inkişafı maraqlı faktlarla kulturoloji aspektdən təhlil edərək yazır: «Mifoloji dünyadan mədəni dünyaya - yazı mədəniyyətinin çiçəkləndiyi zamana keçid qədim dünya insanı üçün təbii inkişaf idi - sadədən mürəkkəbə, yekrənglikdən çoxrəngliliyə, psixoloji yüklənmələrə doğru gedən bir inkişaf! Amma bu keçid prosesini bir nöqtə kimi almaq da doğru deyil. Mif qurtardı, avtomatik şəkildə Mədəniyyət başladı... Mif və yazı arasındakı münasibətlər təkcə şifahi və yazılı başlanğıclar arasındakı münasibətlər deyil. Bu münasibətlər insan ağzı ilə insan beyni arasındakı münasibətlərdir. Deyim və düşüncə, seyrçilik və analiz, kortəbii inam və təcrübədən gələn şübhə arasındakı münasibətlər idi".
   Qeyd edək ki, yer üzündə yaşayan insanlar zaman-zaman müxtəlif ictimai - iqtisadi formasiyalarda öz həyat, məişət və davranış tərzləri ilə bağlı olaraq zəngin bir tarixi - kulturoloji irs qoyub getmişlər. Tarixi keçmişimizi əks etdirən məhz bu maddi mənbələr və yazlı qaynaqlar vahid bir küll halında cəmləşərək mədəni sərvət toplusu kimi tariximizi kulturoloji baxımdan öyrənməyə və dərk etməyə əsas verir. Bu baxımdan bizə miras qalan kitabələr, yazılı qaynaqlar, qayalar, daşlar, sümük və gil lövhələr və s. məhz bu gün tarixi - kulturoloji mənbələr kimi xüsusi əhəmiyyətə malikdir.
   Müxtəlif tipli qəbir abidələri : daş qutu qəbirlər, torpaq qəbirlər, kurqanlar, küp qəbirlər, taxta qutu, katakomba və onlardan əldə edilmiş materiallar məhz bizə qədim insanların adət - ənənələri, dünyagörüşləri, dini inancları və s. haqqında geniş kulturoloji məlumatlar verir. Doğru deyiblər ki,"keçmişini bilməyən, bu gününü başa düşməz".
   Maraqlıdır ki, qədim Daş dövründə meydana gəlmiş ənənəvi xüsusiyyətlər bütün sonrakı dövrlərdə də bu və ya digər formada özünü büruzə vermişdir. Bu da ondan irəli gəlir ki, insan heç zaman öz yaratdığını unutmamış, onu yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün layiqli varislər yetişdirmişdir. Mənəvi sərvətlərin qorunmasında varislik prinsipi böyük rol oynamışdır. Xalqımızın möhtəşəm kulturoloji abidələrindən sayılan Qobustan qayaları üzərindəki təsvirlərin çoxu, eramızdan əvvəlki dövrlərə aiddir. Bu abidə üzərində qədim tariximizi əks etdirən və yaşadan çoxlu sayda şəkillər və kulturoloji təsvirlər vardır.
   Kulturologiya tarixi müxtəlif cəmiyyətlərdə və ictimai-iqtisadi formasiyalarda mədəni həyatı öyrənir, əsas mədəni-tarixi tiplərin nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm vəzifəsi isə ən uzaq keçmişdə yaşamış insanların mədəni həyatını və qloballaşan müasir dövrün sosial-mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir. Qeyd edək ki, kulturologiyanın obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı və daşıyıcıları, həmçinin mədəni hadisələr, proseslər və müəssisələrdir.
   Kulturologiya - mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir.
   Kulturologiya bir elm kimi XX əsrin əvvəllərində meydana gəlmişdir. Onun yaranmasında ABŞ kulturantropoloqu və kulturoloqu Lesli Alvin Uayt (1900-1975) xüsusi rol oynamışdır. Lesli Alvin Uayt öz nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Alvin Uaytın bu elmi tədqiqatı "insan və kulturologiya" anlayışlarını əhatə etdiyindən kulturologiya elmi dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir.
   Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeri və roluna bir küll halında baxır. Bu elm eyni zamanda universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi komponentlərini real gerçəklik baxımından təhlil edir. Kulturologiya dünyada gedən qlobal prosesləri, həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılmasını, inkişaf etdirilməsini və gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir məqsəd və vəzifə kimi qoyur. Kulturologiya həm də müxtəlif sivilizasiyaların biri-birinə münasibətini, insan faktorunun təbiətə, istehsala, ətraf mühitə və s. amillərlə qarşılıqlı əlaqəsini araşdırır və onun inkişaf meyillərini öyrənir. Bu baxımdan informasiya-kommunikasiya və rəqəmsal texnologiyaların tətbiqi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdəki mədəniyyət sənayesinin təşəkkülü kulturoloji prosesləri qloballaşan dünyada ön plana çəkir. Dünyada gedən bu tendensiyalardan və mürəkkəb qlobal proseslərdən baş çıxara bilən kulturoloq kadrların hazırlanması isə bu gün ölkəmiz üçün daha vacib əhəmiyyətə malikdir.
   Tanınmış kulturoloq-alim, professor Timuçin Əfəndiyev yazır: "Bu gün qloballaşan dünyada milli mənəvi dəyərlərimizin mühafizəsi, mədəni inteqrasiyanın optimal yollarının aranması və müəyyənləşdirilməsi baxımından mövcud baxışların konseptual bir şəklə gətirilməsinə, xalqlarımızın mənəvi ünsiyyətinin intensivləşməsinə, mənəvi yaxınlaşma prosesinin sürətlənməsinə və nəticədə mükəmməl şəkildə bir-biriliyə qovuşmasına böyük ehtiyac duyulmaqdadır. Mədəni müxtəlifliyə tərəfdar olan müasir dünya artıq çoxdan dərk etmişdir ki, texnogen inkişaf mənəvi inkişafla vəhdət təşkil etməyəndə, harmonik tamlıq pozulur. Bu səbəbdən də gələcəyə milli-mənəvi bütövlük halında getmək üçün keçmişin, milli-tarixi təcrübənin nailiyyətlərinin bir araya gətirilməsi, elmi süzgəcdən keçirilməsi və gələcək nəsillərə transformasiyası bizim nəsil qarşısında duran ən müqəddəs vəzifələrdəndir".
   Kulturologiya insanın ictimai şüuru və yaradıcılığı əsasında formalaşan bir anlam olsa da o, həm də hər bir yaradıcı fərdin meydana gətirdiyi yenilikləri, oxşar yaradıcılıqların daima təkrarlanan mənəvi mühitidir. Bu mühit həm yaradıcılığa, həm də milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə zəngindir. Məhz bu zənginliklər isə bu gün cəmiyyətdə mübahisə doğuran "mədəniyyətşünaslıq" və ya "kulturologiya" kimi anlamların yaranmasına, onların ictimai şüurda möhkəm yer tutmasına zəmin yaradır.
   Milli-ümumbəşəri mədəniyyət heç də insanların müəyyən sosial mühitə uyğunlaşması demək deyil, bu, şəxsiyyətin fəal həyat mövqeyini formalaşdırma, ətraf aləmi dəyişdirə bilən şəxsiyyət tərbiyələndirmə vasitəsi kimi təzahür edir. Milli şüur - milli tarixi yaddaşı, milli-mənəvi əxlaqi dəyərləri, Vətən əxlaqını, milli birlik, milli və ümumbəşəri qürur hissləri kimi mühüm ali keyfiyyətləri də özündə əks etdirir.
   Mədəniyyət anlayışı olduqca mürəkkəb və çoxsahəli faktor olub, bəşəriyyətin varlığını səciyyələndirir. Ümumiyyətlə, mədəniyyətin ümumi tərifləri bu gün cəmiyyət üçün olduqca böyük maraq doğurur. Belə ki, mədəniyyət cəmiyyətlə daha sıx şəkildə bağlıdır. Əgər cəmiyyət dedikdə, insanların məcmusu başa düşülürsə, mədəniyyət dedikdə isə, onların fəaliyyətinin nəticələrinin məcmusu nəzərdə tutulur. Burada təsvirçilik, antropoloji dəyərləndirmə, normativ, tarixi, funksional, simvolik, germeneftik, psixoloji, didaktik və sosioloji növlər mühüm rol oynayır.
   "Mədəniyyət" və "kulturologiya" anlayışlarına tarixən cəmiyyətlərdə müxtəlif mövqelərdən yanaşılmışdır. XX əsrin əvvəllərində yaşamış türk alimi Ziya Göyalpa görə, "kültürlə mədəniyyət" bir-biri ilə tam şəkildə fərqlənən anlayışlardandır. Ziya Göyalpın fikrincə, "kültür milli olduğu halda, mədəniyyət uluslararasıdır-beynəlmiləldir. Kültür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetik, dil, iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarının duyumlu-ahəngdar bir bütündür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox millətlərin toplumsal ictimai həyatlarının ortaq bir bütündür"...
   Ziya Göyalpın mədəniyyət haqqında mülahizələrində biz tez-tez kültür və yetkinlik ifadələrinə rast gəlirik. Kültür ilə yetkinlik arasında fərqlərdən birisi, kültürün "demokratik", yetkinliyin isə, "aristokratik" olmasıdır. Kültür xalqın gələnəklərindən-ənənələrindən, alışqanlıqlarından-vərdişlərindən, adətlərindən, şifahi və yazılı ədəbiyyatından, dilindən, əxlaqından, bədii və iqtisadi məhsullarından ibarətdir.
   Qeyd edək ki, Ziya Göyalp xalqa doğru getmək ifadəsini iki məqsəd üçün işlədirdi: birinci, xalqdan milli kültür tərbiyəsi almaq üçün xalqa doğru getmək, ikinçisi, xalqa mədəniyyət aparmaq üçün xalqa doğru getmək. Çünki xalq milli kültürün canlı bir muzeyidir.
   Ziya Göyalpa görə, kültürlə mədəniyyət arasında həm birləşmə, həm də ayrılma vardır. Lakin mədəniyyət həm bilgilərlə, həm də düşüncə ilə bağlı olduğu halda, kültür isə məhz duyğularımızla bağlıdır. Əgər milli kültür xalqın mənəviyyatını, mənəvi əxlaqi dəyərlərini təşkil edirsə, mədəniyyət isə ziyalılıq, yetkinlik kimi başa düşülür.
   Ziya Göyalp XX əsrin əvvəllərində yaşamasına baxmayaraq kültür anlamını izah edərkən kulturologiyanın əhatə dairəsinin rəngarəng olması arzusunda da olmuşdur. O, qeyd edirdi ki, Avropa və Amerika mədəniyyət dairəsində bütün Avropada yaşayan millətlərin ortaq bir Qərb mədəniyyəti vardır. Bu mədəniyyətin içində bir- birindən ayrı və baxımsız - müstəqil bir ingilis kültürü, bir alman kültürü, bir fransız kültürü və s. mövcuddur.
   XX əsrin böyük kulturoloqu Əhməd bəy Ağaoğlunun yazdığı "Üç mədəniyyət" əsəri də bu gün kulturologiya tarixinin və türk kulturoloji fikrinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Əhməd bəy Ağaoğlu "kültür" və "mədəniyyət" anlamlarını fərqləndirərək onları daha geniş və müqayisəli mənaları özündə əks etdirən real "həyat tərzi" kimi təqdim edir. O yazır: "Mədəniyyət demək- həyat tərzi deməkdir. Bir şərtlə ki, burada həyat qavramının özü də ən geniş və əhatəli bir məna daşımalı, həyatın bütün sahə və tərəflərini, maddi və mənəvi olaylarını özündə ehtiva etməlidir. Belə olan halda mədəniyyət düşüncə və maraq tərzindən başlayaraq geyim tərzinə qədər olan həyatın bütün təzahürlərini və hadisələrini əhatə etmiş olur".
   Lakin zaman keçdikcə"kültür" sözü daha çox yeni məzmun və etimoloji mənalar kəsb etməyə başladı.Bu söz keyfiyyət baxımından cəmiyyətdə"təbiətin fövqündə duran", "insanın yaratdığı mənəvi məhsul", "insan əxlaqı və davranış tərzi", "insan mənəviyyatı " və s. kimi başa düşülməyə başladı.Yəni Allahın yaratdıqları yox, məhz insanların fəaliyyət məhsulu kimi başa düşülürdü. Lakin qeyd etmək lazımdır ki, qədim romalıların işlətdiyi "kultur" sözü elə bir hadisəni ifadə edirdi ki, bəşəriyyət bununla çoxdan tanış idi. Qədim yunanlarda "texne" sözü (sənət, ustalıq, incəsənət, daha sonralar isə texnika və s. mənalarda dərk olunmuşdur) mövcud olmuşdur. Doğrudur, "texne" sözü romalıların "kultur" sözünün ümumiləşdirici funksiyasına malik olmasa da, bu söz bəzən elə həmin mənada da dərk edilirdi. "Kültür", yaxud "texne" dedikdə maddi dünyanı dəyişən,təbii predmetliyin formasını dəyişdirən insan fəaliyyəti nəzərdə tutulurdu.Bunun da əsas mənası insanın dünyada fəal işıtirakı,təbii dünyaya insanın müdaxiləsi , nəhayət, mədəni olanı naturadan ayırmaq demək idi. Bu baxımdan natura və kulturanın bir-birindən fərqləndirilməsi bəşəriyyətin özünüdərki,özünü qiymətləndirmə yolunda atılmış birinci addımı hesab olunmalıdır.
   Həqiqətən, kulturologiya insanın mədəni mövcudluğunun müxtəlif formalarını əsaslı şəkildə əlaqələndirən və cəmiyyətdə şəxsiyyətin əxlaqi keyfiyyətlərini hərtərəfli tədqiq edən bir elmdir. İnsanın mədəni mövcudluq formalarının nəzərdən keçirilməsinin tarixi və nəzəri üsulları kulturologiyada özünün əməli həlli yollarını tapır.
   Kulturoloji problemlərin tədqiqində ilk yanaşmalardan biri məhz kulturantropoloji yanaşma olmuşdur. Onun formalaşması ilk təkamülçülərin (Q.Spenser, E.Teylor, D.Morqan) nəzəriyyələri ilə başlıdır. Lakin həmin nəzəriyyələrdə tarixi prosesin fasiləsizliyi prinsipinin mütləqləşdirilməsi aparıcı yer tuturdu. Lakin sonralar zaman keçdikcə mənəvi kulturantropoloji yanaşma metodları təkmilləşməyə başladı. Bu kulturantropoloji yanaşmalar V. Malinovski, K. Levi-Stross, E.Fromm, A.Kreber, F.Klakxon və başqalarının əsərlərində geniş səpkidə öz əməli həlli yolunu tapdı. Yanaşmalar çərçivəsində bir çox əhəmiyyətli kulturoloji məktəblər və maraq doğuran müqayisəli nəzəriyyələr və baxışlar sistemi yaranmağa başladı. (Məsələn, funksionalizm, strukturalizm və s.) V.Malinovski Radkliff-Braun ilə birlikdə kulturologiyada funksionalizmi, strukturalist yanaşmanı isə K.Levi-Stross və M.Fuko inkişaf etdirdilər. Onlar eyni zamanda funksionalizmin də 3 əsas cəhətini aşağıdakı şəkildə göstərirdilər:
   1. Hər bir mədəniyyət bütövdür, tamdır;
   2. Hər bir cəmiyyət, yaxud sivilizasiya tipi, hər bir adət, ənənə, yaxud mərasim, sitayiş və yaxud etiqad mədəniyyət üçün vacib tarixi funksiyanı yerinə yetirir;
   3. Mədəniyyətin bütövlüyünün saxlanılmasında, onun hər bir elementi əvəzedilməzdir.
   Müasir Qərb kulturologiyasında insanların maraq və həyat tərzlərinin öyrənilməsində sosioloji yanaşma və sosioloji tədqiqat metodları daha geniş yayılmışdır. Görkəmli alimlərdən P.Sorokin, M.Xorkxaymer, Q. Adorno, Q.Markuze, Y.Xabermas və b. mədəni-tarixi prosesə dair çox mühüm kulturoloji konsepsiyalar irəli sürmüşlər.
   Kulturologiya insanşünaslığa xidmət edən və qloballaşan dünyada cəmiyyətimizin gələcək inkişafı üçün son dərəcə aktual olan elmlərdən ən vacibidir. Bu elm bəşəriyyətin min illərlə yığıb saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və gələcək nəsillərə çatdırdığı mənəvi sərvətlərin və dəyərlərin öyrənilməsi və mənimsənilməsi üsulları haqqında bir elm olub, bu mənəvi dəyərlərin quruluşu, ondan istifadə olunması, inkişafı, fəaliyyəti və s. məsələləri öyrənir.
   Kulturologiya insanın mənəvi aləmini, şəxsiyyətin müəyyən sosio-kultur rolunu, insanın mədəni təkmilləşməsi, həyat tərzini, mentalitetini, əxlaqi-mənəvi keyfiyyətlərini və dəyərlərini, insanla elmin qarşılıqlı münasibətini və s. öyrənir. Bu mənada qloballaşan dünyada kulturologiya Azərbaycan cəmiyyəti üçün olduqca vacib və zəruri bir elmdir. Bu elm mövcud cəmiyyətdə yeridilən mədəniyyət siyasətinin əsas prioritetlərini müəyyən edir. Mədəniyyət üçün prioritet olan kulturologiya elmi bu gün bəşəriyyətin min illərlə yığıb saxladığı, zənginləşdirdiyi və gələcək nəsillərə layiqli səviyyədə çatdırdığı elə bir mənəvi sərvətlər toplusudur ki, onu qorumaq hamımızın borcudur.
  
   İlqar Hüseynov, ADMİU "Tətbiqi kulturologiya" kafedrasının müdiri, kulturologiya elmləri doktoru