Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

İki maraqlı yazı. "Ən qatı mifləri sındıraq!" və "Mark Şaqal. Ondan "Qızın necədir?" soruşanda, "Bənövşəyi rəngdədir!" - deyə cavab verirdi"...

Müəllif:

Gülnarə Rəfiq


Kateqoriya:

Kulturoloji



Qısa Təsvir:

Gülnarə Rəfiq. İki maraqlı yazı. "Ən qatı mifləri sındıraq!" və "Mark Şaqal. Ondan "Qızın necədir?" soruşanda, "Bənövşəyi rəngdədir!" - deyə cavab verirdi"...


Baxış sayı: 166
    
    


 "Ən qatı mifləri sındıraq!"

 

 

Hamı bilir ki, Arximed dahiyənə kəşfini edəndə vannadaydı və sevincindən çığırıb göyə atılmışdı. Onu da bilirik ki, Nyutonun başına alma düşüb, Leonardo da Vinçi hər şeyi qabaqcadan bilirdi, Enşteyn isə həmişə dilini bayıra çıxarırdı. Daha doğrusu özünü savadlı saymaq istəyən hər kəs bunları bilməyi özünə borc bilir. Bir növ «intellekt zəmbili» adlandırıla biləcək biliklər toplusunundan hər kəsin xəbəri olmalıdı ki, 3 dost, 5 düşmən arasında üzü qara olmasın. Lətifələşmiş bu əhvalatlarda həqiqətin nə qədər olduğunu isə dəqiq bilən yoxdu. Daha doğrusu kimsəni maraqlandırmır ki, burada həqiqət nə dərəcədədir. Axı biz mifləri sevənik...

Freyd psixoanalizin banisidir?

Freyd özünü Kopernik və Darvinlə müqayisə etməyi sevərdi. O, deyirdi ki, Kopernik Yer kürəsini Kainatın mərkəzi olmaqdan, Darvin isə insanı heyvanat aləminin şahı vəzifəsindən azad edib. Freyd özü isə əqlin psixikada rolunu ön plana çıxarıb. Freydin nəzəriyyələrindən şübhələnmiş və tədqiqat apararaq «Freydin səhvləri və fırıldaqları» adlı kitabı yazmış Yudjin Mallouv təkid edir ki, psixoanalizin banisi faktları saxtalaşdırıb. O, cəmi 6 pasientin üzərində təcrübə apararaq öz nəzəriyyəsini qurub. Kəllə sümüyünə görə adamların cinayətə meylliyini müəyyənləşdirmə prinsipini kəşf etmiş italyan psixiatrı Lombrozoya iş əsnasında yüzlərlə insanla təmasda olmaq lazım gəlmişdi. Amma Freydin «xəstə»ləri Vyananın pullu və hörmətli ailələrindən çıxmış cavan və psixi cəhətdən səbatsız qadınlar idi. Ona görə də indi Freyd nəzəriyyəsi ilə dərindən maraqlananlar düşünür ki, bəlkə qoca doktor «kişi şovunisti» olaraq bilərəkdən cavan adınlarda seksual pozuntular «aşkar edirdi» və sonra onların müalicəsi ilə şəxsən məşğul olurdu. Həm də ki, niyə kasıb adamlar psixoanalizə uyğun gəlməsin? Hətta danışırlar ki, Freyd illər keçdikcə öz nəzəriyyəsinin çat verdiyini anlayırdı. O, inanırdı ki, hipnoz altında səbəbi ortaya çıxarıla bilsə və sonradan həkimlə bu müzakirə edilsə əsəb xəstəlikləri yoxa çıxar. Amma tərs kimi pasientlər keçmişlərini hipnoz altında xatırlasalar da transdan çıxan kimi hamısını yenidən unudurdular. Onda hələ Freyd də bilmirdi ki, insan psixikası uydurulmuş ideyaları həqiqət kimi qələmə verməyə qadirdir. Onun kəşf etdiyi simvol və alleqoriya oyunu (yəni bir predmeti görəndə ilk ağla gələn fikri demək) özünün zəhləsini o qədər tökmüşdü ki, «Bəzən siqara sadəcə siqara deməkdir!» cümləsini dilinə gətirmişdi.

Nyutonun başına alma düşüb?

Tarixçilər bu faktı şübhə altına alır. Düzdü, Nyutonun dostu Stukeleyanın dediyinə inansaq Nyuton guya bunu öz diliylə demişdi. Ona görə də Nyutonun başına alma tullayıb onu Yerin cazibə qanununu kəşf etməyə məcbur etmiş alma ağacı alimin həyətində yüz il ərzində muzey eksponatına çevrilmişdi. Əfsanəyə görə bu 1666-cı ildə baş verib. Amma Nyuton bu qanunu çox sonralar kəşf edib. Əgər qanun mütləq başa alma düşməsi nəticəsində kəşf edilsəydi yəqin ki, alma alimin başına 1726-cı ildə, yəni ölümündən bir il əvvəl düşməli idi. Öz əsərlərində Nyuton tamam fərqli əhvalat nəql eləyir. Başa düşmüş alma haqqında əhvalatı o, sevimli bacısı qızı Katerina Kouduit üçün uydurub ki, onu məşhur etmiş qanunun tarixcəsini anlata bilsin. Deyilənə görə bu balaca qız Nyutonun yaxınlıq elədiyi və sevdiyi yeganə qadın olub.

Leonardo da Vinçi maşınlar quraşdırırdı?

 «Universal adam»ın fantastik bacarıqlığını fransız fiziki Nikolo Vitkovski və tarixçi, riyaziyyatçı Çarlz Trusdell ilk dəfə şübhə altına alıb. Onun qeyd dəftərçələrini dərindən tədqiq edəndən sonra onlar belə nəticəyə gəliblər ki, dahi rəssamın çox yaxşı intuisiyası vardı, amma elmi kəşflər onun özününkü deyildi. O, müasirlərinin kəşfləriylə tanış olaraq mənimsəyib, bəzən isə onları təkmilləşdirmişdi. Tarixçi Bertran Jil «İntibah dövrünün mühəndisləri» kitabında yazır ki, «Son dərəcə nadan olub və fantaziyalara qapılmaq lazımdı ki, Leonardo da Vinçidən ixtiraçı yaradasan».

Nobel rəqibinin acığını bütün riyaziyyatçılardan çıxır?

Bu gün Nobel mükafatını fiziklər, kimyaçılar, bioloqlar, iqtisadçılır, hətta ədəbiyyatçılar da gözləyə bilər. Amma bircə riyaziyyatçılara bu mükafat heç vaxt düşməyəcək. Onlar Fils adına medalla qənaətlənməli olacaqlar. Deyirlər ki, mükafatçıların siyahısı müzakirə edilər zamana riyaziyyat üzrə mükafata layiq görülə biləcək adam isveç riyaziyaatsçısı Mittaq Leffler guya madam Nobelin məşuqi imiş. Bunun qisasını Nobel bütün dünyanın rayaziyyatçılarından alıb. Amma heç kim demir ki, Nobel heç vaxt evli olmayıb və adamayovuşmaq həyat tərzi yaşayıb. Onun həyatındakı qadınları barmaqla saymaq olar. Adı çəkilən riyaziyyatçı isə ondan 15 yaş kiçik idi və belə bir əhvalat həqiqətən olsaydı o, mütləq bunu öz xeyrinə reklam kimi işlədərdi.  Hamı bilir ki, vəsiyyətnaməsini tərtib edəndə Nobel bütün bəşəriyyətin taleyini düşünürdü və şəxsi maraqları bu ali duyğuların üstələyə bilməzdi. Sadəcə o, mühəndis olduğundan nəzəriyyələrlə yox, real eksperimentlərlə maraqlanırdı. Enşteyn də Nobel mükafatını nisbilik nəzəriyyəsinə görə yox, fotoeffekt nəzəriyyəsinə görə alıb. Riyaziyyatçılarsa təfəkkürün abstraklığına görə kənarda qalıblar.

Enşteyn məktəbdə 2 alırdı?

Artıq bir neçə nəsil uşaqlar bu miflə böyüyür, guya Nobel mükaftçısı, dahi fizik məktəbdə pis oxuyurmuş. Bəzən zəif uşuqların valideynləri də bu fikirlə özlərinə toxdaqlıq verirlər. Əslində Enşteyn məktəbdə yaxşı oxuyurdu. Xüsusilə də təibət elmləri və riyaziyyatdan onun dahi imkanları gözə çarpırdı. Dahi fizikin zamanından bəri Almaniyada qiymətlər cəbvəli dəyişdirilib. Ona görə də Enşteynin «dörd»ləri müasir sistemə görə «iki» kimi qəbul edilib.

Napoleon balacaboy idi?

Balacaboy və ambisiyalı adamın davranışını Napoleon kompleksi adlandırırlar. Nədənsə balacaboy kişilərin Fransa imperatoru ilə belə müqayisə edilmələri çox xoşuna gəlir. Əksəriyyəti əmindir ki, Napoleonun balaca boyuna görə natamamlıq kompleksi vardı. Əslində Napoleonun boyu 170 sm idi və 18-19-cu əsrlərdə bu orta fransız boyundan hətta 1-2 sm artıq sayılırdı. Onun balacabyoluluğu təsadüfən, səhv tərcümə nəticəsində elan edilib. Napoleonu «balaca kapral» adlandırırdılar. Hərbi karyerasının əvvəlində əsgərlər Napoleonu aşağı hərbi rütbəsinə görə lağa qoyurdular. Napoleon Fransanın hakimi olanda da bu ləqəb unudulmamışdı. Bir səbəb də var ki, fransız əsgərlərinin əksəriyyəti seçmə olduğundan 180 sm-dən hündür olurdu. Onların yanında Napoleon balaca görünə bilərdi.

Tomas Edison lampanı kəşf edib?

Edison bir çox gözəl və lazımlı şeyləri kəşf edib. Hətta bütün zamanların ən dahi iztiraçısı da sayıla bilər. O, 1093 kəşfə patent almaqla dünya rekordu qoyub. Amma lampanın kəşfinə dəxli yoxdur. Məktəblərdə öyrədirlər ki, kinofilm, elektrik və bir çox vacib şeyləri Edisson kəşf edib. Edissona qədər çox alimlər lampa kəşf etməyə cəhd ediblər. Xemfri Devi, Delaryu, Henrix Qebel kimi alimlər bu istiqamətdə vacib kəşflər ediblər. Bu kəşflərin nəticəsində alınan lampa çox baha idi və qısa zamanda sıradan çıxırdı. Edissonun nailiyyəti onda oldu ki, 12 saatdan artıq işığı saxlaya biləcək düzgün maddəni tapa bildi. Bununla da lampanın qiymətini aşağı saldı.

Mariya Antuanetta dedi ki, «Qoy pirojna yesinlər»?

Böyük Fransız İnqilabının əsas bəhanəsi sayılan bu cümləni guya ki, kraliçə Mariya Antuanetta deyib. Danışırlar ki, «Xalqın yeməyə çörəyi yoxdur» deyib ona müraciət edəndə kraliçə «Onda pirojna yesinlər» demişdi. Bu sözdən hiddətlənən xalq inqilab eləmişdi. Amma bundan hələ çox-çox əvvəl Russo bu əhvalatı əsərində təsvir eləmişdi. O zaman Mariya Antuanettanın 11 yaşı vardı. İnqilab hələ 23 il sonra olacaqdı. Fransız inqilabçıları bu əhvalatdan istifadə edərək kralların nə qədər laqeyd olduğunu göstərməyə calışmışdılar.

Müxtəlif kürələrdə su müxtəlif istiqamətdə burulur?

Vannada, ya da su kranında tıxacı açandan sonra suyun burulğan əmələ gətirərək dəliyə tökülməsinə baxmağı hamı sevir. Xüsusilə uşaqlar gözünü bu prosesdən ayıra bilmir. Nədənsə böyüklərin əksəriyyəti əmindir ki, o biri yarımkürədə, məsələn Amerikada su saat istəqamətinin əksinə burularaq axıb gedir. Amma bu belə deyil. Yerin öz oxu ətrafında fırlanma sürəti hətta ən balaca qabda suyun istiqamətini dəyişdirməyə kifayət etməz. Bu qabın relyefindən asılıdır, qlobal səbəblərdən yox.

İnsanlar meymundan əmələ gəlib?

Darvinin nəzəriyyəsi bunu təsdiq etmir. Alim sübut etməyə çalışırdı ki, məməlilər dəstəsinin uzaq keçmişdə ümumi əcdadı olub.

Siçanlar pendir sevir?

Bütün mültfilmlərdə siçanlar pendir görcək az qala bayılırlar. Onlar «Havayı pendir yalnız tələdə olar» məsəlini heç vecinə də almır. Amma alimlər bilir ki, siçanlar şirin ərzaqları daha çox sevir və araxis yağı, dənli bitkilərdən olan yeməkləri ləzzətlə yeyirlər.

Saçlar qırxılanda daha tez artır?

Keçən əsrin 20-ci illərindən bəri aparılan tədqiqatlar sübut edlir ki, bu tamamilə səhv fikirdir. Amma kişilərin əksəriyyəti və hər yay uşaqların başını keçəl qırxdıran analar əmindir ki, qırxılandan, ya da kəsiləndən sonra tük daha tez çıxır. Kəsilmiş tükün ucları küt olduğuna görə belə görünür və buna optik yanlışlıq da demək olar. Sonda saçlar əvvəlki tempində və həmişəki keyfiyyətində olur.

Kosmosda cazibə yoxdur?

Bu da yanlışlıqdır. Cazibə hər yerdə var. Cazibənin dərəcəsi kosmosda nisbətən azdır. Ona görə də kosmonavtlar yüngül görünürlər. Amma bu o demək deyil ki, cazibə tamamilə yoxdur. Yerdən uzaqlaşdıqca cazibə qüvvəsi də zəifləyir, amma itmir. İri, kosmik miqyasda cazibə bütün planetləri öz orbitində saxlayır və günəş ətrafında fırlanmağa məcbur edir. Bir sözlə, cazibə bütün Günəş sisteminini planetlərini «ovcunda» saxlayır.

İnsanlar beyninin 10 faizini işlədir?

Hələ 19-cu əsrdən bəri alimlər bu mövzuda mübahisə edir. Onda alim Uilyam Ceyms belə nəticəyə gəldi ki, insanlar əqli imkanlarının yalnız 5-10 faiz imkanlarından istifadə edir. Bu mif belə yarandı. Həqiqətən də çətin olmayan məsələlərin həllində insan beyninin çox az hissəsini işə salır, çünki bundan artığını işlətməyə lüzum yoxdu. Bu mifi çox vaxt psixiatrlar öz xeyirlərinə istifadə edirlər. Onlar intelektual güc nümayiş etdirərək adi insandan fərqli olduqlarını iddia edir.

Kişilər hər 7 saniyədən bir seks barədə düşünür?

Bu fikir çox geniş yayılıb. Amma onu sübuta yetirəcək elmi əsas yoxdur. Bu mifin müəllifi Alfred Kinzi sayıla bilər. O, müasir seksologiyanın banisidir. Hətta o da bu fikri bu dərəcədə qəti təsdiqləmirdi. Öz əsərlərindən birində Kinzi yazırdı ki, kişilərin 97 faizi seks haqqında gündə bir neçə dəfə düşünür. Əlbəttə, bu mövzuda sonsuzluğa qədər sübahisə etmək olar. Kişilər, yoxsa qadınlar bu barədə çox düşünür sualının başına milad yolkası kimi fırlanmaq da olar. Amma hər 7 saniyədən bir seks barədə düşünən kişini tapsaz mənə də göstərin. Onu paradokslar muzeyinə eksponat kimi qoyarıq və dəlisov ritmli həyatımızda, yem dalıyca qaçhaqaçda bu barədə intensiv düşünən bəxtəvərə həsədlə tamaşa edərik.

 

Mark Şaqal   

 
Rəssam Şaqaldan «Qızın necədir?» soruşanda «Bənövşəyi rəngdədir» deyə cavab verirdi

«Mən həyatımı sehr intizarı ilə, möcüzə öncəgörməliyilə yaşamışam»

«... Qoy məni Parisə buraxsınlar. Bəsdi, mən nə müəllim, nə də direktor olmaq istəyirəm. Mən rəsm çəkməliyəm. Müharibədən qabaqkı işlərim Berlində, Parisdə qaldı. Ordakı studiyam yarımçıq işlərlə, eskizlərlə dolu yolumu gözləyir. Dostum şair Rubiner mənə Almaniyadan yazır ki, orda əsərlərim ekspressionizm dalğası doğurub və böyük pullara satılır. Eybi yox, yaxşısı budur yaxınlarım barədə fikirləşim: Rembrant, anam, Sezann, babam və arvadım barədə. Hara gəldi gedərəm, Hollandiyaya, İtaliyanın cənubuna, ya da Provansa və paltarımı cıraraq çığıraram: - Əzizlərim, siz axı gördünüz ki, mən qayıtdım. Mənə burda çox pisdi. Bircə arzum var, o da ki, işləmək və rəsm çəkmək. Nə çar, nə də sovet Rusiyasına mən lazım deyiləm. Məni burda anlamırlar, mən burda yadam. Amma dəqiq bilirəm ki, Rembrant məni çox sevir... » (Mark Şaqal. «Mənim həyatım» kitabından)
...O, getdi. Əvvəl Berlinə, sonra Parisə. Rəssam gedişindən sonra hələ 63 il yaşayacaqdı və adını bütün dünyaya məşhurlaşdıracaqdı...

Bəlkə ona görə həyəcanlıyam?

Mark Zaxaroviç Şaqal (Moyşe Şaqal, yaxud rus transkripsiyasında Movşa Xatskeleviç Şaqalov) 1887-ci il 6  iyulda Vitebskda anadan olub. Onun doğulduğu ərazini Rusiya imperiyası yəhudilərin sıx yaşaması üçün xüsusi ayırmışdı. Atası dindar adam idi, sakit və xeyirxah xasiyyəti vardı. Anası isə əksinə, səs-küylü, həyatsevər və zirək. Şaqal hər iki valideyninin xasiyyətini mənimsəyib.
Balaca taxta evdə, gündüz saat ikidə dünyaya körpə gələrkən şəhərdə yanğın başlamışdı. Meydandakı bütün piştaxtaları od ağzına alıb aparmışdı. Qəflətən əsən külək isə alovu bütün şəhərə yaymışdı. Ona görə şəhərin kənarı parlayan alov dənizinə bənzəyirdi. Qəribə şəraitdə anadan olmasını danışan anasının xatirələrini yada salaraq Şaqal yazırdı: «Bəlkə ona görə mən həmişə həyəcanlıyam?». Əgər bu oğlan İyequda Panın rəsm dərslərinə getməsəydi yəqin ki, atası kimi fəhləlik, əmisi kimi bərbərlik, ya da babası kimi qəssablıq edəcəkdi. Uşağın ürəyindəki rəsm çəkmək istəyini anası gördü və müəllim yanına apardı.

İstedadlı, amma səliqəsiz

Şaqal yerli rəssamın rəsm məktəbindəki məşğələrdən razı deyildi. Az sonra bunun kifayət etmədiyini qərara alaraq Peterburqa gedib Rerixin rəsm məktəbinə daxil olur. Daha sonrakı müəllimi Bakst onun barədə belə yazırdı: «... istedadlıdır, amma səliqəsizdir. Lazımsız bir yolla gedir...».
Peterburqda çox kasıb yaşayırdı, amma çox çəkirdi, gecə və gündüz bilmədən. Peterburqda Şaqal özünü axtarır, müəllimlərini  tez-tez dəyişir, təsadüfi gəlirlə başını dolandırırdı. Gah fotoqrafın yanında retuşçu kimi işləyir, gah da mağaza vitrinlərini rəngləyirdi və harda gəldi gecələyirdi. Üstəlik yəhudi olması da həyatını çətinləşdirirdi.
İlk məşhur əsərləri də bu dövrdə yarandı : «Mərhumlar» (qaranlıq döngədə uzanmış meyit), «Doğulma». Peterburqla olarkən Şaqal ilk pərəstişkarına rast gəlir. Məşhur vəkil, Dumanın deputatı Maksim Vinover Şaqaldan iki rəsm alaraq ona Parisdə oxumaq üçün kiçik pensiya təyin etdi. Şaqal ömrünün sonuna kimi onu ikinci atası adlandırırdı.
Həmin bu təqaüdlə o, Parisə gedir və şəhərin avanqardist şair və rəssamlarıyla dolu qaynar sənət aləminə baş vurur. Şaqal Parisi görən kimi ona vuruldu və həmişə də onu ikinci Vitebsk adlandırırdı. Kasıb bogemanın sığınacaq yeri olan Monparnasdakı «yataqxanalar»da məskunlaşdı. Burda o, hamıyla - avanqardistlər Maksim Jakob, Qoyom Apolliner, tənqidçi Kanudo, Blez Sandrarla, ekspressionist Soten, kolorist Deloney, kubist Jan Metszinqerlə tanış olur. Məhz bu zaman Şaqal öz unakal rəsm texnikasını işləyib təkmilləşdirmişdi. Onun əsərləri sərgilənməyə başlayır.

«Onun səsini eşitməsəm çəkə bilmirəm»

Daha sonra Berlində fərdi sərgi təşkil edir. Sərgidən əvvəl o, Vitebskə bacısının toyuna getməli idi. 3 aylıq nəzərdə tutulmuş vətənə səfər 10 çəkdi. Sonra inqilab, müharibə.... Bütün bu ürəksıxan hadisələrin içində müsbət tərəfi də vardı. Axı o, ilk məhəbbətinə rast gəlir. Şaqal gələcək həyat yoldaşı və həyatının yeganə ilham pərisi Bella Rozenfildlə tanış olur.  Bella varlı Vitebsk zərgərlərinin ailəsindən idi və elmlə məşğul olurdu. Bellanı ilk baxışdan sevsə də, evlənənə qədər 4 il gözləyirlər. Bella «...hansısa rəssamı» gözləməkdən peşman olmadı. Şaqal gündəliyində yazırdı: «Onun «bəli»,  ya da «xeyr» kəlməsini eşitməsəm bircə işimi də bitirə bilmirəm». Bu şaxtalı, qızdırılmayan Malaxovkada və evlənmələrinin 8-ci ilndə yazılmış sətirlərdir. Onların İda adlı qızı böyüyürdü. Bu qız atasının bioqrafına çevrilərək yaradıcılığını bütün dünyada təmsil edəcəkdi.

Həm sağ, həm də sol

1917-ci il inqilabını Şaqal ruh yüksəkdliyilə qarşıladı. O, sərgilər açmaq, muzey və məktəblər yaratmaq üçün yorulmadan işləyirdi. Peterburqa gedib Hərbi- sənaye komitetində işə düzəlir. Geri qayıdanda onu Vitebsk quberniyasının incəsənət üzrə komissarı təyin edirlər. 1920-ci ildə Şaqal Moskvaya gedir və yəhudi kamera teatrında işləməyə başlayır. Arabir Moskva ətrafında yəhudi uşaqları üçün əmək-koloniyasında müəllimlik eləməyə də imkan tapırdı. Üstəlik həmişəki kimi durmadan rəsm çəkirdi. Amma ideya uğrunda mübahisələr onun yorurdu. Bir neçə il sonra «Qara kvadlrat»ın müəllifi Maleviç onu sıxışdıra bilmişdi, çünki Şaqalın kifəyət qədər inqilabi olmadığına hamını inandırmışdı. Daxili saat isə deyirdi ki, Rusiyanı tərk etməyin zamanıdır. İndi o, yadlaşmışdı, həm sağ, həm də sol idi.

Rəng dalıyca Parisə...

Parisə səfərin adını «rəng dalıyca getmək » qoysa da geri qayıtmadı. Səfərlərin sırasında Litvaya fərdi sərgiyə, daha sonra Almaniyaya səfəri də var. 1922-ci ildə Berlinə qayıdan Şaqal rəsmlərinin əksəriyyətinin oğurlandığını gördü. Bütün səfərlərin sonu Parisdə tamamlanır. 1937-ci ildən Şaqal fransız vətəndaşlığı alır. Əvvəl fransızlar Şaqalın çəkdiklərinə ehtiyatla yanaşırdı. Şaqal fransızlara qəribə görünürdü. Axı o heç bir kanonlara tabe olmurdu. Şaqal isə düşünürdü ki, sənət istiqamət deyil, ruhun durumunu təsvir etmək üçündü və bu rəssamın ilahidən gələn missiyasıdır. Parisdə yaşayarkən Şaqal elə bil ki, bu dahi şəhəri görmürdü. Tablolarda uzaq uşaqlıq şəhəri canlanırdı. «Paris, sən mənim ikinci Vitebskimsən» deyərək yüzlərlə tablo və rəsm yaratdı.
Amma müharibə dünyanı ağzına aldıqca Paris də yadlaşırdı. Antisemit qanunlar qəbul olduqca bu ölkədə yaşamaq da təhlükəli olurdu. Bu qanuna görə yəhudilər Fransa vətəndaşlığından məhrum edilirdi. Üstəlik Şaqalın rəsmləri «degenerativ» sənət elan edilərək faşistlər tərəfindən yandırılmışdı. Bu, Fransada yəhudi sənətinin məhv edilməsi üzrə faşistlərin ilk aksiyası idi.

«Güllələnmiş» rəsmlər

İiknci Dünya Savaşı başlayanda Nyu-York müasir Sənətlər Muzeyi Şaqala faşistlərin nəzarətində olan Fransadan Amerikaya köçməyi təklif edir. Almaniya Sovet İttifaqına hücum edən günün səhəri Şaqal Nyu-Yorka ayaq basdı. Bir qədər sonra dünya müharibəsi şəxsi faciə ilə bir-birinə qatışdı. 1944-cü ildə qripin fəsadlarından bütün həyatının yeganə sevgisi, həyat yoldaşı Bella vəfat etdi. Şaqal uzun müddət əlinə fırça almağı özünü məcbur edə bilmirdi. Emalatxanadakı bütün şəkillər güllələnməyə düzülmüş kimi üzü divara çevrilmişdi. Bir il «susandan» sonra Şaqal həyata qayıtdı.
Bellanın ölmündən sonra Şaqal rahatlıq tapa bilmirdi. Onun qızı İda atasına qulaq yoldaşı olmaq və evin məişətini idarə etmək üçün bir ingilis xanımını məsləhət gördü. Onün da əri və valideynləriylə problemləri və bir balaca qızı vardı. Amerikada Britaniyanın keçmiş konsulunun qızı, Virciniya Maknill-Xaqqardla romanı başlayarkən Şaqalın 58 yaşı, Virciniyanın isə 30 yaşı vardı. Həmin qadın Şaqal ilə 7 il yaşadı. Amma Şaqalın bioqraflarının əksəriyyəti onun adını xatırlamağı sevmir. Onlar Amerika və Fransada yaşayırdılar. Bu dövrdə çoxlu rəsmlər və David Maknil adlı oğlan da doğuldu. Rəssamın qızı İda Virciniya ilə yaxşı münasibətdə idi və qardışını də qəbul eləmişdi. Xatirələrə inansaq Şaqal oğlu Davidi «çox sevirdi», amma «onun üzünü 2 il görmək istəmədi».
Müharibə bitən kimi 1947-ci ildə Şaqal Parisə qayıdır. Daha 5 il sonra o, Valentina Brordskaya ilə evlənir. İkinci rəsmi nigahını uğurlu saymaq olardı. Amma sevimli arvadı Bella ölümünə qədər rəssamın ilham pərisi statusunu itirmədi. Son günlərinədək Şaqal onun barədə vəfat etmiş kimi bir cümlə də dilinə gətirmədi. Nədənsə sonuncu arvadının bir dənə də portretini çəkmədi.

Ruhun parıltısı ilə çəkilən əsərlər

Originalları birlikdə seyr eləmiş tamaşaçılar deyir ki, Şaqalın 300 rəsmini bir gündə baxanda adamın gözləri ağrayır. Bəzilərinin ürəyi bulanır. Elə bil ki, elektrik qaynağına baxmısan. Tablolar parlaq göy, od rəngli narıncı topalarından ibarət olaraq adamın gözünü deşirdi. Yetkin dövrlərdə də bu effekt keçmədi, hətta bir qədər artdı da. Şaqal rəsmlərini niyə belə rəng vulkanına çevirirdi? «Mənim həyatım» kitabında o, yazırdı: «Mənim sənətim fikir yürütmür. O, ərimiş qurğuşun kimi, ruhun maviliyi, parlaqlığı kimi kətan üzərinə tökülür. Mənim sənətimi fantastik sayanlar düz demir. Əksinə, mən realistəm. Mən torpağı sevirəm».
Şaqal bütün ömrü boyu rəsm çəkməklə yanaşı şeirlər də yazırdı, publisistik esse, memuarları nəşr etdirirdi. Onun şeirlərindən bəziləri ivrit, rus, ingilis və fransız dillərinə tərcümə edilib.

Vitebsk məni xatırlamalıdır...

Şair Yevtuşenko xatırlayır ki, Parisdə olarkən Şaqal onu Sen-Pol-de-Vans villasında qəbul etmişdi. Onun xatirələrindən:
Şaqal:

- Hər şeydən artıq mən indi Vitebskə qayıtmaq istəyirəm. Özü də həmişəlik. Mən bütün işlərimi hökümətə hədiyyə edərdim, amma bir şərtlə. Qoy mənə Vitebskdə bir ev versinlər. Mən orda rahat yaşayıb ölmək istəyirəm.
Evtuşenko: - Bəs siz bilmirsiz ki, bizdə incəsənət nə yerdədir? Sizin rəsmlərinizi sərgiləməyəcəklər...
- Nə olsun? Sonra edərlər, lap ölümümdən sonra olsun. Mənim əsərlərim Vitebskdə olmalıdır. Mən özüm də orda ölməliyəm. Vitebsk məni xatırlamalıdır...
Şaqal hələ bilmirdi ki, ora köçsə dünya şöhrətli rəssam vətənində heç kim olacaqdı. Onu barmaqla göstərib güləcəkdilər. Şaqalın hələ Xruşovun Rəssamlar Evində çıxışlarından, rəssamları incitməsindən xəbəri yox idi.

Yəhudi olmasaydım mən rəssam ola bilməzdim

Yəhudi olduğuna görə çətinliklər Şaqalın həmişə qarşısına çıxıb. Hələ 20 yaşında olarkən Peterburqda oxuyarkən o, gizli yaşamalı idi. Çünki yəhudi olaraq o, yaşayış üçün icazə almalı idi, bu isə böyük problem idi. Növbəti zərbəni Şaqal Parisdə alır. 1933-cü ildə faşist nəzarətində olan Fransada Qebbelsin əmriylə Şaqalın rəsmlərini camaat arasında meydanda yandırmışdılar. Xatirələrində Şaqal yazırdı: «Almanlar hücum etdikcə yəhudilər qaçırdı. Onlar şəhərləri, evlərini qoyub gedirdilər. Mən elə istəyirəm ki, onları tablolarıma köçürüb orda gizlədə bilim».
Şaqal  şeirlərində faşist Fransasından, ölümdən necə qaçdığını yazırdı. O, Fransadan dəniz yoluyla İspaniya və Portuqaliyaya keçərək Amerikaya qaçmalı olmuşdu. Axı 15-16-cı əsrlərdə İspaniya və Portuqaliyada yəhudələrin bu ölkələrə girişi 500 illik qadağan olunmuşdu. Bu müddət 1992-ci ildə bitdi. Amma o vaxt diktator Frankonun siyasəti yəhudiləri bu yolla xilas olmağa imkan yaratdı. Şaqal üçün rəsmlərini itirib cismini xilas etmək özü ölmə bərabər addım idi. Amma o, özünü də, rəsmləri də xilas edə bildi. Ona görə də əzablı yolları keçmiş Şaqalın şeirləri orta əsr yəhudi şairlərinin əzablı obrazları ilə zəngindir.

***
Şaqal az qala bir əsrə bərabər ömür yaşayıb. O, 20-ci əsrin dəhşətli hadisələrinin şahidi olub. Amma Allah onu qoruyub və yəhudi qırğınlarından, Osventsem sobalarından, eləcə də rus inqilabı və dünya müharibələrindən salamat çıxmağa rüsxət verib. 20-ci əsrin divanəlikləri rəssama dünyanı işıqlı kədər və əsil müdrik gözləriylə görməyə mane ola bilməyib.
1973-cü ildə Şaqal SSRİ Mədəniyyət Nazirliyinin dəvətiylə Moskva və Lenniqrada gəlir. Sərgi təşkil edərək Tretyekov qalereyasına çoxlu əsər hədiyyə edir. Amma arzuladığı kimi Vitebskə getmir. Deyəsən, rəssam keçmişin canlanmasından qorxurdu... Şaqal ömrünü Sen-Pol-Vans adlı Provans şəhərində bitirir. Xatirələrin onu incidəcəyindən qorxduğundan getmədiyi Vitibsk şəhəri ömrünün sonuna kimi əsərlərində peyda olurdu.

 E-mənbə / link: http://bizimyol.az/?mod=news&act=view&nid=33343