Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Şeirlər. Avstriyanın tanınmış şairinin maraqlı poetik nümunələri - azərbaycanca. Mahir Qarayevin poetik tərcüməsində

Müəllif:

Rayner Maria Rilke


Kateqoriya:

Almaniya



Qısa Təsvir:

Şeirlər. Avstriyanın tanınmış şairinin maraqlı poetik nümunələrini azəricə oxuyaq. Mahir Qarayevin poetik tərcüməsində


Baxış sayı: 4288
    
    


Rayner Maria Rilke (Avstriya). Şeirlər

Tərcümə etdi: Mahir Qarayev

«ORFEYƏ SONETLƏR» SİLSİLƏSİNDƏN

Göyərir, ilahi, göyərir ağac!
O səsdi göyərir: səslənir Orfey.
Və susur nə varsa. Bu sükutdaca
rəngini, cildini dəyişir hər şey.
Vəhşilər yuvadan qaçır, tələsir,
səsini içinə qısıb dururlar:
qorxu-hürküdən yox, susub dururlar, -
dinləməkdən ötrü o gözəl səsi.

Hansı ulayırdı, dil-dil ötürdü, -
bir heçdi, bir puçdu onlardan ötrü.
Və sən o balaca, o sısqa yerdə,

içindən hər şeyin acıqla, kinlə
baxdığı o miskin, ufacıq hində
məbədlər ucaltdın gözəl səsinlə.

***

Və yalnız o kəs ki öz lirasından
bir an da ayrılmadı,
ruhlar və kölgələr dünyasında da
ona dönük çıxmadı,

ölülərlə birgə xaşxaş da yedi
iyrənmədən, qorxmadan, -
sonsuzluğu yalnız o vəsf elədi
tellərə toxunmadan.

Suda əksi sınan quyu təkindən
baxıb səni tərk edən
surəti dərk et.

Yalnız o tərəfdə, yalnız o üzdə
açıldı üzümüzə
son əbədiyyət.

***

Bulud kölgəsitək öz dövrəsində
itsə də ömür,
yenə öz kökündən, bünövrəsindən
heç nə dəyişmir.

O qəfil axında bir göz qırpımı
yanıb, közərib,
Orfey lirasının səsi çırpınır -
canlı, əzəli.

Biz hardan bilək ki, sonumuz nədir? -
bizimçün dünyada nə ehtiraslar,
nə də iztirablar dərk ediləndir, -

toranda gizlənib yolun arası.
Yalnız o nəğmənin
bürüyüb dünyanı səsi-sədası.

***

Dilimin nəğməsi - can verdiyinə
qulaq da bəxş edən Tanrıdı, Tanrı...
Yaz çağı, Rusiya; anıram yenə -
tala, tənha bir at, qaş qaralırdı...

Qayışı-qaytanı atıb qırağa
o kənddən-kəsəkdən qaçırdı bu at;
uçurdu axşamın qaranlığına -
üzü tənhalığa çapırdı bu at.

Çapırdı, hər şeyi unudub artıq -
yalı yellənirdi, başı əsirdi,
yaman tələsirdi... və budur artıq

gemgeniş talada o tək gəzirdi!
Qulaq kəsilirdi, oxuyurdu at...
Atın bu surəti məndən amanat!

***
Quduzlaşmış kütlənin dörd tərəfdən sardığı,
sən ey ilahi səsdə dirçələn ulu Tanrı! -
sənin səslənişinlə o yığnağın varlığı,
hay-küyü itdi-batdı, xoş bir avaz yarandı.

Qırammadı heç biri fəqət sənin liranı.
Ürəyinə tuşlanan daşlar sənə yetincə
ipək kimi hamısı yumşaldı bircə-bircə -
nəfəs verib, can verib dilləndirdin onları.

Qəddar, amansız qisas axırda baş tutsa da -
Azğın menadlar sənin axırına çıxsa da...
aslanların, quşların, ağacların, otların,
qayaların dilinə keçdi o səs, o səda...

Yerin, göyün Tanrısı! Sənin füsunkar səsin
o keçmiş ədavətin uzaq sədası kimi
o vaxtdan dilimizdə səslənir həzin-həzin.

1922

«SEVGİ» SİLSİLƏSİNDƏN

Gün işığıyla doğdu? Yay yağışıyla yağdı?
Söylə, nə sayaq axdı sevgi sənin qəlbinə?
Bəlkə bələnmişdi o bir almanın rənginə?
Yoxsa bir dua kimi duydun sən öz sevgini?!

Səadət şimşəyitək o, göylərdən enib də
və nur saçan ağappaq qanadını gərib də
sığındı düymə-düymə çiçəklənən ürəyə...

***

Elə ikimizdik - bir sən, bir də mən,
dərin düşüncələr bizi didirdi.
Çox-çox uzaqlardan, kol-kos dibindən
eşşəkarısının səsi gəlirdi.

Gün də hərdən-hərdən işıq saçırdı,
özgə heç nə yoxdu dünyada, təkdik -
bir səndin, bir məndim, bir də pıçıltım:
"Ah, sənin gözlərin necə qəşəngdir..."

***

Yuxuda görüşdük... axı kim bilir -
bəlkə bir yaz günü çıxdım rastına?
Acı göz yaşların axır, tökülür
indi bu payızın günortasına.

Solan yarpağamı yanırsan belə?
Ya ötən yaz səni yandırıb-yaxır?
Yazda qovuşmuşduq bəxtəvərliyə,
bəlkə də yuxuda - kim bilir axı...

1896

CİDDİ AN

Bu anda bu cahanda
səbəbsiz-filansız ağlayan hər kəs-
məni ağlayır.

Bu gecə kim eləcə
səbəbsiz-filansız deyib-gülürsə
məni dağlayır.

Bu anda bu cahanda
səbəbsiz-filansız gəzən hər kəsin
yolları yönəlir mənim üstümə.

Bu anda bu cahanda
səbəbsiz-filansız ölən hər kəsin
gözləri dikilir mənim üzümə.

1900

QIZLARIN NƏĞMƏSİ

Ağaclar ağappaq çiçəkləyərkən
yaşarmış gözləri yol çəkə-çəkə
elə hey toxuyub, hey tikə-tikə
qızların həsrətdən solar üzləri.

Nəğməmiz yenə də qəm-kədər dolu,
kaş uğurlu olsun bu yazın yolu,
gətirib gəlibdir bəlkə də onu,
o isə tanımaz daha bizləri...

1897

***

Yuxularım haraylayır,
çağırır... çağırır səni!
Son ümidlə soraqlayır,
lal qışqırıqla bağırıb
didir, dağıdır bağrımı .

Sönüb getdi son umud da,
mənə qalan - şübhən, qəmin,
bir də soyuq, lal sükutda
donub qalan qəlbim mənim.

1896

***

Səs gəlir: hardasa çaylar oxuyur.
Oxuyan elə bil zamandı, vaxtdı.
Amma yox, vaxt deyil, zaman deyil, yox -
bəlkə sonsuzluqdu əriyir, axır.

Sənə yabançıdı bu səslər hələ,
Sudu - gah uzaqda, gah yaxındaca.
O suda bir daşsan bəlkə sən elə -
düşmüsən, qalmısan o axındaca.

Hər şey necə uzaq, necə yaxındı,
hər şey də bəllidi, mənası varmı...
sudu... axıb gedir, adi axındı...

Sənsə sirr dəlisi, sirr ölüsüsən,
yad sular, yad çaylar axdı, apardı
bütün hisslərini... hara görəsən?

1922