Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Sağlam və gözəl dəriyə sahib olmağın 7 şərti... Nənələrin saxladığı uşaqlar gonbul olurlar... Şokolad iflic olmaq riskini azaldır... Bakıya gələn yoqun dəhşətli sirri...

Müəllif:

Bələdçi


Kateqoriya:

Sağlamlıq və təbabət



Qısa Təsvir:

Sağlam və gözəl dəriyə sahib olmağın 7 şərti... Nənələrin saxladığı uşaqlar gonbul olurlar... Şokolad iflic olmaq riskini azaldır... Bakıya gələn yoqun dəhşətli sirri


Baxış sayı: 117
    
    


Sağlam və gözəl dəriyə sahib olmağın 7 şərti

 
 
İnsan cildinin bir çox düşməni olduğunu deyən mütəxəssislər sağlam bir dəriyə sahib olmanın qaydalarını açıqlayıb.

Siqaret və içkinin insanın daxilinə olduğu qədər dərisinə də zərər verdiyini qeyd edən mütəxəssislər dəriyə zərər verən elementləri 7 hissəyə ayırdılar. Lent.az bu sahədə uzmanların məsləhətlərini araşdırıb. Qeyri-kafi yuxunun, çox isti suyla yuyunmanın və səhv qidalanmanın dərinin başlıca düşmənləri olduğunu söyləyən mütəxəssislər, sağlam və gözəl bir dəriyə sahib olmaq üçün bunları təklif edir.

Siqaret və içki içməyin: İkisi də bədəninizi zəhərlər və sallaq bir dəriyə səbəb olar. Bundan başqa, siqaret ağız kənarındakı cizgilərin də dərinləşməsini sürətləndirir.

Yuxunuza diqqət yetirin: Gec yatılmış bir gecənin izləri dərhal bozlaşmış yorğun görünüşlü bir cildlə özünü birüzə verəcək. Əgər yetərli dərəcədə yata bilmirsinizsə, bunu oyandığınızda qan dövranını təmin edəcək hərəkətlər edərək və üzünüzə soyuq su vuraraq kompensasiya etməyə çalışın. Yuxusuzluğun səbəb olduğu cizgilərin üzərinə yüngül bir nəmləndirici çəkin.

Çox isti suyla yuyunmayın: Yuyunarkən suyun qaynar dərəcədə isti olmaması üçün tədbir alın. Həddindən artıq isti su dərini qurudur və toxumaları zədələyir.

Doğru qidalanın: Sağlamlığınıza xeyri olan qidalar yemirsinizsə, deməli, dərini qoruyan həyati maddələri qəbul etmirsiniz. Bundan başqa, ultrabənövşəyi şüalarından da uzaq durun.

Makiyajınızı təmizləmədən yatmayın: Məsamələri tıxayaraq toksinlərin dəri səthinə çıxıb atılmasının qarşısını alır. Göz makiyajı silinmədiyi təqdirdə göz iltihabına da səbəb ola bilər.

Sızanaqlara toxunmayın: Dəri toxumalarına zərər verir. Ayrıca infeksiyanın ətrafa yayılmasına səbəb olaraq problemi böyüdür. Sızanaqlarla heç bir zaman oynamayın. İnfeksiyalı bölgəyə antiseptik məlhəm çəkin.

Dərinizlə nəzakətli davranın: Üzünüzdəki ölü dərini təmizləmək üçün satılan bəzi toz, ya da kremlər dəriniz üçün çox kobud ola bilər. Dəri tipiniz nə olursa olsun, üzünüzə daim nəzakətli davranın.

 

Nənələrin saxladığı uşaqlar gonbul olurlar


 
Nənələr tərəfindən böyüdülən uşaqlarda obezite (həddən artıq çox yemək) riski daha yüksək olur.

Lent.az-ın məlumatına görə, belə uşaqlarda obezite riskinin artması ilə bağlı material "International Journal of Obesity" jurnalında nəşr olunub.


3 yaşlı 12 min uşaq arasında aparılan araşdırmaya görə, bütün günü nənələr tərəfindən baxılan uşaqların həddindən artıq kilolu olma riski başqa uşaqlara nisbətən 34 faiz daha çoxdur.


İngiltərədə 2000-2001-ci illərdə doğulan uşaqlar arasındakı araşdırma nəticəsində, yarım gün nənələri tərəfindən baxılan uşaqlarda isə obezite riskinin, öz valideynləri tərəfindən baxılanlara nisbətən 15 faiz daha çox olduğu təyin edilib.


Bununla bərabər, bağçaya gedən uşaqlarda isə elə bir risk olmadığı ortaya çıxıb.


"University College London"un elm adamlarının apardığı araşdırmada, uşaqların sosial-iqtisadi vəziyyətləri də qiymətləndirilərkən müvafiq riskin təhsilli, işlərində mövqe sahibi olan anaların uşaqlarında daha çox görüldüyü müəyyən olunub.


Qohum və yoldaşların tam gün olmaq şərti ilə qulluğunu boynuna götürdüyü uşaqlarda da obezite riskinin olduğu qeydə alınıb.


Elm adamları nənələrə və qohumlara körpənin qidalanması və fiziki məşqi mövzusunda daha yaxşı məlumat vermək lazım olduğunu söyləyirlər.


Araşdırmanın rəhbəri professor Katerin Lov, ABŞ-da həyata keçirilən başqa araşdırmalarda nənələrin qulluğu ilə obezite arasındakı əlaqənin səbəblərinə baxmadığını, ancaq bunun uşağın fiziki məşq etməməsi və uşaqlara nənələrin daha çox dözüm göstərməsi səbəbindən olduğu gümanını dilə gətirib.


Amerikalı elm adamlarının apardığı bir araşdırmada da obezitenin körpəlikdə başladığı qeyd olunub.

 

 

Şokolad iflic olmaq riskini azaldır

 

 
Təxminən 50 min adam üzərində aparılan araşdırma nəticəsində şokoladın iflicin qarşısını almağa kömək etdiyi ortaya çıxıb.

Lent.az-ın "Telegraph" qəzetinə istinadən verdiyi xəbərə görə, araşdırmada nizamlı şəkildə şokolad yeyənlərdə iflic olmaq riskinin yeməyənlərə nisbətən 22 faiz daha az olduğu təyin edilib. Riski azaltmaq üçün həftədə bir paket şokolad yemənin kafi olduğu qeyd olunub.

1169 adam arasında həyata keçirilən bir başqa araşdırmada isə iflic olduqdan sonra həftədə 50 qram şokolad yeməyə başlayanlarda bu xəstəlikdən ölmə riskinin 46 faiz azaldığı ortaya çıxıb.

Şokoladın bu faydasının sağlam bir anti-oksidan olan flavanoidler baxımından zəngin olmasından qaynaqlandığı güman olunur.

Araşdırmanı qələmə alan Kanadadakı Toronto Universitetindən Sarah Sahib şokoladın iflic riskini həqiqətən azaldıb azaltmadığını anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu söyləyib.

 

Bakıya gələn yoqun dəhşətli sirri


 
Əliağa Orucov: "Bağırsaq insan üçün ikinci beyin sayılır"

Yoqa hərəkətləri bu elm ilə yaxından tanış olmayanlar üçün həmişə qeyri-adi qarşılanıb. Bəzi insanlar bu hərəkətlərin heç bir məna ifadə etmədiyini düşünür. Bəziləri isə onu anlamağa çalışsalar da buna nail ola bilmirlər. Amma sidq ürəkdən bu elmi öyrənməyə başlayanlar və özünü burada tapanlar da az deyil. Uzaq Şərqdə yaranmış fəlsəfi və fəlsəfə olduğu qədər də tibbi, idman və insan üçün vacib olan bir sıra nüansları özündə birləşdirən bu cərəyanın Azərbaycanda da daşıyıcıları mövcuddur. Bundan idman, müalicə məqsədilə istifadə edənlər var. Amma onu da qeyd edək ki, yoqanın özünün ən müxtəlif qolları var. Biz bu yazımızda Azərbaycanda yeni yayılmağa başlayan Dao-Yoqa təlimi ilə bağlı araşdırma aparacağıq. Bununla bağlı isə Lent.az-a bu yoqa ilə məşğul olan Uzun Ömür klinikasının əməkdaşı Əliağa Orucov yardımçı olub.

Dao-Yoqa nədir?

Dao-Yoqa qədim Çin təbabətinin bir atributudur. Dao sözünün mənası yaradana doğru gedən yol, yoqa isə insanın fiziki sferası ilə onun ruhani aləmini birləşdirən bir məfhumdur. İnsanla kainatın Allah tərəfindən analoji olaraq yaradılmasını dərk edən, öyrənən şəxslərə Dao-Yoq deyilir. Yoqların təsəvvürlərinə görə, insan kainatın kiçik bir formasıdır. İnsanda qan-damar sistemi kimi enerji daşıyıcısı olan kanallar var və bu kanallar meridian adlanır. Belə sistemə görə insanda xəstəlik Çi - həyat enerjisinin meridianlarda hərəkətlərinə maneələr zamanı baş verir. Dao-Yoqlara görə, insan 7 qatdan ibarətdir, insanda hər şey 7-dir. Adi gözlə görünən fiziki bədən, energetik bədən, astral bədən, mental bədən, manada, artiman...

Ə. Orucov deyir ki, fiziki bədənin tam sağlam olmasını, ruhani aləmdə insanın özünü dərk etməsini təmin etmək üçün Dao-Yoqanın bir sıra bölmələri var. Bura Çi-Neyçzyan, Do-in, Tayqzı-Çiqun, Çzin və digərləri daxildir. Bu bölmələrin hər birinin özünün dərin mənaları və izahı var. Burada Çi enerji deməkdir. Bu enerjinin bədəndə hərəkətini təmin etmək üçün Dao-Yoqların xüsusi masaj sistemi mövcuddur. İnsan bədənində tıxacların açılması üçün Çi - Neyçzyan deyilən sahədən istifadə olunur. Ə. Orucov Azərbaycanda bu sahə ilə məşğul olan və bu üsulla müalicə aparan yeganə şəxs olduğunu bildirir.

Yoqlar insan bədənindən yeli necə çıxarır?

Ə. Orucovun sözlərinə görə, Do - xüsusi hərəkətlərdir. Amma Dao-Yoqada bu tamam ayrı bir sistemdir. Burada enerjinin tıxaclarının açılması üçün bilavasitə bu sistemdən istifadə edilir: "İnsan yerdən enerji alır. Yerin soyuq enerjisi insanın göbək mərkəzinə gəlir. Tanrı kainatı insan formasında yaradıb. Yəni xaricdə olan hər bir şey insanın daxilində də var. İnsanın daxilində 7 planet mövcuddur - ağciyərlər, ürək, qaraciyər, dalaq, böyrəklər. İnsanda 7 vəz var - prostat, böyrəküstü, mədəaltı, ürək vəzi, qalxanabənzər vəz, başda olan şişşəkilli vəz".

Ə. Orucov bildirir ki, Yoqanın hind sistemində evlənmək qadağan edilir. Amma Dao-Yoqada belə bir qadağa yoxdur: "Mən daha çox masajlardan istifadə edirəm. Birinci növbədə bağırsaqların masajı həyata keçirilir. Mədə-bağırsağın masajı birinci növbədə insanı yeldən azad edir. Çünki hər bir xəstəliyi yel törədir. Yel təkcə yediyimiz qida ilə bədənə daxil olmur. Həmçinin, göbəyin ətrafında 8 nöqtə var və o nöqtələrə yel qapıları deyirlər. O nöqtədən insanın bədəninə yel daxil olur. O yel bir sıra hallarda xəstəlik törədir. Həmin yel bədəndən çıxmayanda insanın fiqurasını əyir, müəyyən xəstəliklər törədir. Həmçinin onurğada yırtıq - "qrıja" yaradır, insult da törədə bilir. Bizim sistemdə həmin nöqtələrlə işləyərək yel qapılarını açır, bunun nəticəsində insandan yel xaric olur, böyrəklərin işi asanlaşır. Böyrəklərə yel hopduqda insanın əlində tərləmə olur. Hətta yel bəzən sümük sisteminə də hopur və bu zaman bədəndən mənfi enerjinin çıxmasına mane olur".

"Yoqa ilə insan öz bədəninin hakimi olur"

Ə. Orucov bildirir ki, yoqa təkcə idman deyil. Bu həm də bir fəlsəfə, tibb və sağlamlıqdır: "Yoqa ilə insan öz bədəninin hakimi olur. Adi halda insan öz hisslərinin quludur. Yoqanın kökləri çox qədimlərə gedir. Hətta Həzrəti İsanın da yoqa ilə bağlı jestləri var. Həzrəti İsanın insanın gözünün açılması ilə bağlı jesti mövcuddur və bu gün də bizim təlimdə həmin jestlərdən istifadə olunur. Yəni bizim təlimə görə, insan yerlə göy arasında ötürücüdür. İnsanın beynində olan hüceyrələrin yalnız 5 faizi işləyir, qalanı yatır. Onu oyatmaq üçün mikrokosmik orbitanın açılması lazımdır. Bunun üçün isə illər lazımdır ki, insan öz üzərində işləsin. Amma bizim təlimdə xəstənin üzərində işləyərək bu orbitanı tez bir müddətdə açmaq mümkündür.

Yoqaya möcüzəli gəliş

Ə. Orucov deyir ki, onun özünün bu təlimə gəlməsi tam təsadüf olub. Belə ki, tələbəlik illərində cüdo ilə məşğul olan Ə. Orucov ağır xəstələnir. Heç bir müalicə ona kömək etmir. Amma yaxınlarından biri ona bildirir ki, Bakıya yoqa ilə məşğul olan şəxs gəlib və o insanları müalicə edir. Ona da həmin şəxsin yanına getmək tövsiyə olunur. Ə. Orucov həmin şəxsin yanına getdikdə qapısında böyük bir növbənin olduğunu bildirir. Amma o həmin yerə çatan kimi yoq qapını açaraq sanki onu gözləyirmiş kimi Əliağanı otağa dəvət edir: "O bildirdi ki, məni yuxuda görüb və mən hansısa bir sistemi onunla bir yerdə axtarmalıyam. Mənə bildirdi ki, bir gün sonra idman forması da götürüb onun yanına gəlim. Açığı onun bu sözlərini qeyri-ciddi qəbul etdim. Amma mənə dedi ki, söz verim ki, gələcəm. Mən də söz verdim. Bir gün sonra isə getmək istəmədim. Çünki fikirləşdim ki, o düz-əməlli adama oxşamır. Uzanıb yatmaq istəyirdim, bu vaxt hiss elədim ki, kimsə yaxamdan durub dartır. Sonra o adamın səsi qulağıma gəldi. O qeyri-adi qüvvə məni idarə etdi və həmin adamın yanına apardı. Onun yanına çatan kimi mənə dedi ki, niyə gəlmək istəmirdin? Boynuma almayanda dedi ki, sənin otağına gəldim və səni bura mən gətirdim. O zaman dəhşətə gəldim. Mənə izah etdi ki, bu astral bədəndir. Həmin gündən o mənə dərslər keçməyə başladı. Biz uzun müddət xatxa sistemi ilə məşğul olurduq. Bu sistemi axtara-axtara gəlib Dao-Yoqa sistemini tapdıq".

Nuşabə Ələsgərli də yoqa müraciət edib

Ə. Orucov bildirir ki, o, ilk dəfə 1997-ci ildə Göyçay rayonunda Ceyhun adında oğlanı müalicə edib: "Onun onurğası sınmışdı, iki ayağı tutulmuşdu. Mən onu enerji ilə yoxladım və gördüm ki, bədənində enerji var. Həmin adam 20 gün ərzində gəzdi. Ondan sonra yenə də bir xəstəm olub. Onun da ayaqları və əli işləmirdi, yalnız başı tərpənirdi. Onu da bir müddətdən sonra müalicə etdim. İndi o uşaq gəzir, dərsə gedir. Yəni xeyli belə xəstələrim olub, onları müalicə edə bilmişəm".

Ə. Orucov bildirir ki, bu metodla mədə-bağırsağın, qara ciyərin, böyrəklərin, dalağın masajı aparılır, həmçinin oynaqların mobilizasiyası, onurğanın masajı həyata keçirilir.

Yoq bildirir ki, bu sistemə həm idman, həm də müalicə üçün gələnlər var. O, Azərbaycanda bir sıra tanınmış şəxslərin də ona müraciət etdiyini və onların müalicəsini apardığını qeyd edir. Amma o həmin şəxslərin adlarını açıqlamaq istəmir: " Çünki bunu onların özləri də istəməz. Müğənnilərdən Nüşabə Ələsgərli müraciət edib və onun üçün müalicə kursu olacaq. Rusiyanın baş naziri Vladimir Putin isə uzun müddətdir Dao-Yoqa ilə məşğuldur".

Ə. Orucov bildirir ki, bu müalicə növü ilə məşğul olmaq üçün hansısa institutu bitirməyə, diplom almağa ehtiyac yoxdur. Əslində, bunun institutu da yoxdur.

Yoqlar daxili orqanları güldürür

Yazının əvvəlində qeyd etdiyimiz kimi yoqanın bir sıra növləri mövcuddur və onlar bir-birindən fərqlidir. Onlar həm də qidalanmaya görə fərqlənirlər. Ə. Orucov deyir ki, Dao-Yoqada qida ilə bağlı hər hansı məhdudiyyət yoxdur və ət yeməkləri qadağan olunmur: "Hind sistemində ət tamamilə qadağan olunur. Amma Dao-Yoqada bu qadağa qoyulmayıb. Çünki bu sistem yaradılarkən regionlar nəzərə alınıb. Biz isə elə bir regionda yaşayırıq ki, burada ət vacib sayılır. Əgər ət qidası qəbul olunmasa, o zaman biz ikinci enerjini ala bilməyəcəyik".

Dao-Yoqa təliminə görə, normal halda insanın daxili orqanlarında problem olmur. Amma ürək nifrətdən sıradan çıxır, qaraciyər qəzəbdən, böyrəklər qorxu anında, dalaq narahatlıqda, ağciyər isə insanın keçirdiyi qəm-qüssədən sıradan çıxır.

Bu təlimdə insanın daxilinə gülüş deyilən hərəkət var. Ə. Orucovun sözlərinə görə, bu hərəkətləri edəndə və daxilə gülüş göndərəndə o zaman insan rahatlıq tapır. Bu zaman həmçinin, bağırsaqların da masajı olur. Bağırsaq insan üçün ikinci beyin sayılır: "Yoqa ilə məşğul olmaq üçün bədən buna hazır olmalıdır. Bəzən elə adamlar gəlir ki, onlara birbaşa tətbiq etmək olmaz. Burada əsas prinsip sağlamlıqdır. O da yoqanın içərisindədir".

Yoqlar baş üstə niyə dayanır?

Yoqa ilə məşğul olan şəxsin bədən quruluşu da normal olmalıdır. Ə. Orucov bildirir ki, kök, gombul adamların birbaşa yoqa hərəkətlərinə başlaması mümkün deyil: "Gombul adam olanda biz onu arıqladıb normaya salırıq. Bunu da hərəkətlər və enerji vasitəsi ilə edirik. Kökəlməyə səbəb maddələr mübadiləsinin düzgün getməməsi, böyrəyin daxil olan suyun öhdəsindən gələ bilməməsidir. Su orqanlara, oynaqlara yığılır, artıq çəki yaradır. Biz energetik işlə insanları arıqladırıq. Elə adam olur ki, bir günə 5 kiloqram arıqlada bilirik. Amma elə olur ki, bu uzun prosesə çevrilir".

Yoqa ilə məşğul olmaq üçün gündə 2 dəfə, ümumilikdə 1.5 saat vaxt ayırmaq bəs edir. Burada həm təmrinlər, həm səslər etmək, həm daxilə gülüş olur: "Yoqanın hər bir hərəkətinin özünün mənası və insan sağlamlığına xeyri var. Baş üstə dayanmaq qan dövranını tamam dəyişir, beyin qidalanır. Pozalar zamanı insanların daxili orqanları masaj olunur. Yəni ən müxtəlif pozalar var və bunların hər birinin özəlliyi var. Tutaq ki, hansısa bir vəziyyətdə insan lazım olan enerjini ala bilmir. Amma həmin pozada o enerjini almaq mümkün olur. İnsan nə fikirləşirsə, o enerjidir. İnsanın gücü də fikirdən yaranır. Sadəcə buna inanmaq lazımdır".

Elnur Məmmədli

Lent.az