Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. ÜZEYİR HACIBƏYLİ - 125. (Hazırlayanı: Şirməmməd Hüseynov)

Müəllif:

Üzeyir Hacıbəyli (Hacıbəyov)


Kateqoriya:

Klassika



Qısa Təsvir:

Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri.  ÜZEYİR HACIBƏYLİ - 125. (Hazırlayanı: Şirməmməd Hüseynov).


Baxış sayı: 4308
    
    


Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri


ÖN SÖZ

Milli iftixarımız Üzeyir Hacıbəyli xalqımıza çoxşaxəli, əbədiyaşar zəngin bir irs qoyub getmişdir. Bu irsə, bu əvəzsiz xəzinəyə sahib çıxmaq, onu dərindən, hərtərəfli araşdırmaq, nəşr və təbliğ etmək müqəddəs borcdur, vacib vəzifələrdəndir. Bu sahədə son 60 ildə xeyli iş görülmüşdür, üzeyirşünaslıq tədqiqat məktəbi yaranmışdır. Görülmüş işləri, nəşr olunmuş qiymətli tədqiqat əsərlərini sadalamağa ehtiyac yoxdur. İndi vacib olanı görüləsi işlərdir. Bu birinci növbədə Üzeyirbəyin əsərlərinin tam külliyyatının akademik nəşrinin hazırlanıb oxuculara çatdırılmasıdır. Məlumdur ki, keçən yüzilliyin 60-cı illərində Üzeyirbəyin əsərlərinin 10 cildinin nəşri barədə hökumət qərarı vardı. Bu cildlərdən yalnız 4-ü işıq üzü gördü. Üzeyirbəyin 1905 -1915 -ci illərdə mətbuat orqanlarında dərc edilmiş əsərlərinin bir qismi 3 və 4-cü cildlərə daxil edildi. Amma necə? Məsələn, 3-cü cilddə verilmiş 161 yazıdan 22-si ixtisar və bəzən də redaktə edilməklə. Eyni ilə 4-cü cildə də belə ixtisar və əlgəzdirmələr aparıldı. Qeyd edim ki, bu cildlərə Üzeyirbəyin çox dəyərli 100-dən artıq yazısı daxil edilməmişdir. Hər iki cilddə verilən "kommentariyalar"da nə qədər təhrif, əsassız ittihamlar və hətta tarixi həqiqətləri saxtalaşdırmaq halları var. Artıq bunlar keçmişdir. Təəssüf və təəccüb doğuran budur ki, 2005-ci ildə həmin nəşrlər eynilə olduğu kimi yenidən latın qrafikası ilə nəşr edilmişdir. Həmin nəşrdə də 31 yazı ixtisar və redaktə ilə verilmişdir. "Kommentariyalar" da olduğu kimi qalmışdır.
Üzeyirbəy irsinin pərəstişkarı kimi mən də heç kəsdən sifariş, göstəriş və əməli kömək gözləmədən Üzeyirbəyin bu vaxta qədərki nəşrlərdə kənara qoyulmuş mətbu əsərlərini toplayıb oxuculara çatdırmağı qarşıma məqsəd qoymuşam. Artıq onun "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında dərc edilmiş bu qəbildən olan əsərlərinin 1904 -1912 -ci illəri əhatə edən 1-ci cildi hazırdır. Onu oxuculara təqdim edirəm. Oxucular özləri görəcəklər ki, bu əsərləri vaxtilə nə üçün nəşrlərdə kənara qoymuşlar. Cildə Üzeyirbəyin "Kaspi"dən tərcümə edib "Həyat" qəzetində dərc etdirdiyi çox əhəmiyyətli bir neçə məqalə də daxil edilmişdir.
Təmənnasız gördüyüm bu işdə mənə hərtərəfli yardım göstərmiş M.F.Axundov adına Milli Kitabxananın "Azərbaycan ədəbiyyatı" şöbəsinin əməkdaşlarına, xüsusilə Səidə Abdullayevaya, Azərbaycan Dövlət Arxivinin direktoru A.Paşayevə, Siyasi Partiyalar və İctimai Təşkilatlar Dövlət Arxivinin müdiri M.Bağırova, BDU-nun mətbuat tarixi kafedrasının müdiri professor Ş.Vəliyevə, rus dilində dərc olunmuş əsərlərini nəşrə hazırlamaqda əməli yardım göstərmiş fil.e.n. Lalə Hacıyevaya, əsərləri kompüterdə səliqəli surətdə yığmış Arzu Qocayevə, materialları səhifələmiş fil.e.n. Zaur Babayevə və kitabın nəşrini öhdəsinə götürmüş Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm.

Şirməmməd HÜSEYNOV

 

Üzeyir HACIBƏYLİ AVQUSTUN 20, 21 VƏ 23-ndə BAKI MÜQATİLƏSİ

Bu ünvan ilə Bakı hadisati-mövsufələrinə dair "Novoye vremya" qəzetəsində öz müxbiri tərəfindən bir bənd dərc olunmuş, tərcüməsi budur:
"Avqustun igirmisində axşam vüqu bulan hadisəyə gündüz heç bir şey şəhadət vermiyordu. Filvaqe konka iki gün idi ki, işləmiyordu. Bakı müvəqqəti general qubernatoru general -leytenant Fadeyev konka idarələrinin öz dediklərində müqim olmaqlarını və qulluqçuların dəxi işə şüru etməməklərini görüb, sürənlər və müfəttişlər əvəzinə soldat təyin edilməsinə əmr etdi. Va habeylə konka dörd saat işliyordu. Axşam saat beşdə bir erməni dəstəsi konkada oturan cəmaətilə mürafiqət edən soldatları gülləyə basdı. Saat beşdə dəxi erməni kilsəsində zənglər çalındı və haman dəm şəhərin bilcümlə ermənilər sakin olan hissələrində ermənilər pəncərələrdən, qapılardan, təxtəpuşlardan və darvazalardan müsəlmanlara və ruslara güllə yağdırıb, qırmağa başladılar.
Şəkk və şübhə yoxdur ki, konka tətili şuriş qaldırmaqdan ötrü bir bəhanə imiş. Şənbə günü bu şurişdən ötrü ən müvafiq gün idi: mədənlərin və ticarət idarələrinin ətraf əhalisindən ibarət olan fəhlələri şəhərdən evə gedib, bazar gününü orada keçirirlər. Və əlavə qitalə bir gün qalmış Bakıdan təxrib olmuş Şuşaya iki (dəstə) kazak göndərilmişdi.
Mən ayın igirmisində saat yeddidə gələn poyezd ilə Bakıya varid oldum. Vağzalı (mövqifi) soldatlar əhatə etmişdilər. Şəhər ilə əlaqə kəsilmişdi. O gecə özümü şəhərə salmaq mənə məqdur olmadısa da vağzalda bir neçə şayani -diqqət şəkillərin şahidi olmağa məcbur oldum. Mənim yanımda Spaski küçəsinin küncündə üç mərtəbəli evin balkonundan bir neçə ünas tayfası insan seyd etməyə məşğul idilər. Səkidə duranlara bu balkondan on səkkiz güllə atdılar və yaklaşan soldatları görüb gizləndilər.
Mən Kerçinski polkunun əfsəri ilə səfər edicilər zalısına qayıtdım ki, çay içim. Biz səki üzərində bir neçə qədəm atmışdız ki, eşiddiz, qabaqda bir səda gəldi. Burada bir qara surət bizim gözümüzün qabağında behbudi ilə bir qoca müsəlmanı yırtıb və barıdan tullanıb qaçdı gizləndi.
Səhər saat 7-yə yavuq kim idisə "hücum!" deyib çığırdı. Vağzalda olan dəstənin hamısı səndəliyələrdən sıçrayıb arvad və uşağı basa -basa bəzək otaqlarına (ubornaya) və xəlvətxanələrə soxulub, stolların altında gizləndilər. Bir məmur (çinovnik) iki pəncərə arasında bir stolun altına girib, oradan "qaraul!" deyib bar -bar bağırırdı. Bu -bəhadır ara sakit olub, arvadlar ünas -bəzək otağında olduğunu onun yadına salanda məlcəindən dışqarı çıxdı.
Saat 8-də mən jandarmlar köməyi ilə fayton tapıb şəhərə getdim. Bu nə gunə yol idi!
Hər qədəmdə meyidlər sərilmişdi. Budur telefonni küçəsində bir araba durub yanında öküzlər uzanmışlar. Görünür ki, öküzləri öldürmüşlər. Öküzlərdən 20 qədəm o yana onların sahibi məqtul halda qolların uzadıb, sərilmişdi. Onun qırxılmış təpəsində günün şəfəqi işıldıyor. Uzun birçəkləri qana bulaşmışdır. Budur torqovi küçəsinin küncündən ikisi uzanmışdır. Onlardan biri sarı rusaqdır. O hələ nəfəs alır, amma heç bir kəs ona mədəd verməyə cürət etmiyor. Mən faytonu saxlatdımsa da, faytonçu yaralını faytona qoymaq üçün adam gözləməkdən qəti surətdə baş çəkdi.
Böylə ağır və dəhşətəngiz yol ilə mən mehmanxanaya yetişdim. Hər tərəfdən atışma səsi sakit olmuyordu. Özümə bələd və mühafiz tapıb, gedirəm general qubernatorun evinə. Orada İran general konsulu ilə katibəni görürəm. General qubernator konsula ermənilər ilə sülh etməsini təklif etdikdə, konsul izhar etdi ki, öylə işə ixtiyarı yoxdur. Çünki ermənilər ilə heç bir əlaqələri olmayan iranilərdən iki yüz nəfərini ermənilər xainlik və bivəfalıq ilə şəhid etmişlər. O səbəbə konsul bu mətləbi qəbul edən halda öz canı sağlığından əmin olmuyor.
Burada dəxi mənə məlum oldu ki, Labinski polkun bir dəstəsini və Dağıstanski polku ixtişaşçılar hər tərəfdən gülləyə basmışlar və haman gecə kazaklar ilə bahəm gedən qalabəyiyə tərəf dörd dəfə yaylım atəşi açıb, güllə qalabəyinin yer yasdığını deşmişdir. Üçüncü uçastokun pristavı knyaz Nijeradze çiynindən zəxmlənmişdir.
İyunun 21-də Balaxanı alovlandı, ondan Sabunçi, Ramana və Bibiheybət yandı. Gecə hər tərəfdən qanlı qızartı görünür. Qara tüstü uzaqdan dağlara bənzər.
Hər dəqiqə biri -birindən dəhşətli xəbərlər gəlməkdədir. Şəhərə girib, öz həmdinlərinin intiqamını almaq istəyən üç min nəfərdən ibarət kəsləri şöhrətli cənab Tağıyev nüfuzi qüvvəsilə saxlayıb, bu işdən mən etmişdir.
Bütün şəhəri gəzib və kağızları göndərib mehmanxanaya qayıtdım. Çərkəzi paltarımı soyunmuşdum ki, xidmətçi daxil olub diyor ki, məni bir rus görmək istiyor, təvəqqe etdim içəri gəlsin.
-Siz rus qəzetəsinin müxbirisinizmi? -deyib soruşdu.
-Bəli, dedim, nə qulluğunuz var?
Dedi ki:
-Mən ticarət birja şirkətinin qulluqçusu Mixail Nikolayeviç Nikolskiyəm. Mənim sizə təvəqqem var. Qəzetənizə teleqraf ediniz ki, bizi burada doğruyorlar, gülləliyorlar. Bizə elan etmişlər ki, hamımızı tələf edəcəklər. Bizim dəxi əsləhəmiz yox, özümüz də şəhərin müxtəlif yerlərində dağılmışız". Mən General qubernatora rücu etməyi ona məsləhət gördüm...
Tumanski namində bir digəri gəlir.
Diyor:
- Mən də sizin yanınıza gəlmişəm gözlərimin qabağında Çernoqorodski şosedə bir müsəlman qətl olmuş. Onun meydini xəncərlər ilə doğradılar və başını daş ilə əzdilər.
Və habeylə - bir -birinin dalınca budur bir erməni yügürüb gəlir və diyor ki, bu saat bir qoca ermənini öldürmüşlər. Balaca oğulçığazını yaralayıb, 12 yaşında qızını aparmışlar.
Dünən gecə şəhərdə yanqı başlandı. Yerli qarunların (dövlətlilərin) evləri yanmaqdadır.
Yanmış vışkaların ədədini mən teleqraflan xəbər vermişəm. Dünən sifəti -rəsmiyyəsi olan bir şəxsdən bildim ki, mədəndən şəhərə qayıdan erməni fəhlələrinə kazaklardan mühafizlər verilmişdi, mühafizlər onlar ilə bir qaranlıq küçəyə yetişəndə məzkur fəhlələr kazakları revolver və mauzer tapançasından gülləyə basmışlar, kazaklar dəxi onlara cavab verməyə məcbur olmuşlar.
Doktor Larionovun mərizxanəsinə daxil olduqda orada onun övrətini və sabiq şəhər idarəsi rəisi İreskinin qızını məcruhların yaralarını bağlayan görürəm. Bu qorxulu zamanda mərizxanənin qapıları hamıdan ötrü açıq idi. Bir otaqda üç müsəlman və o biri otaqda bir erməni yatmışdır.
Bu saat gedirəm müsəlmana təəllüq olan odun ambarının heybətli surətdə yanmasına baxım.
Böyük külək var. Bir yandan yanğının şaqqıltısı, bir yandan güllələrin şaqqıltısı. İndi xəbər verdilər ki, Parapetdə bazara gedən bir arvad aşpazına güllə dəydi. Bir kəs mədəd verməgə cürət etmiyor.
Şəhər idarəsi rəisi Səfərəliyevin üstünə general -qubernatorun evindən çıxanda güllə yağdırmışlar. General -qubernator istəmiş ki, pəncərələrdən güllə yağan Aramyansın evini topa basdırıb, təxrib etməyə əmr etsin, amma məlum olmuş ki, orada ingilis konsulu sakindir.
Saat 12-yə yavuq general -qubernatorun nəzdinə rus fəhlələrinin deputasiyası gəlib, özlərini mühafizət etmək üçün əsləhə istəmişlər. General -qubernator dəxi onlara arsenaldan əsləhə verməyi vəd etdi.
Haman gün genə general -qubernatorun yanına sülh və islah verən cəmiyyəti yığıldı. Müsəlmanlar ermənilərdən hər bir məqtul müsəlman əvəzində, məsuliyyəti -şəxsiyyə tələb ediyordular. Amma ermənilər buna razı olmuyub, pul mükafatı almağı təklif etdilər. Müsəlmanlar dəxi buna razı olmuyub dedilər ki:
- "Biz biliriz ki, siz məxsusi məbləğ cəm etmişsiniz ki, qatillərinizə verib adam öldürəsiniz. Sizdən ötrü ya qatilə və ya məqtulun ailəsinə iki -üç min manat verməyin heç bir təfavütü yoxdur. Biz buna razı ola bilməriz". Bu sözlərin hamısı general -qubernatorun evində danışılıyordu.
Sabahadək sülhə bənzər bir şey əqd olundu. Demək lazımdır ki, ermənilər bu söhbətdə lap ağlıyordular. Doğrudur məqtulların əksəriyyəti rus və müsəlmanlardırlar. Amma ermənilər mal və mülk sarıdan bilmərrə məhv və pərişan olmuşlar. Xəsarət və zərərləri əqəllən 50 milyonadəkdir. Balaxanıda, Sabunçuda, Bibiheybətdə, Ramanada, Qara şəhərdə, Biratixdə olan mədənlərin cümləsi yanmışdır. Rotşild firması 5 milyon, Kaspiyski Tovarişstvo 14 milyon və Xordəlizi 2- 3 milyon ziyan çəkmişlər. İndi görünür ki, ara sakitləşir. Amma Bakıdan ötrü tazə bu məsələ zühur ediyor ki, şəhərin rahətligi onun həll və qət olunmasına bağlıdır. Bu məsələ - fəhlə məsələsidir.
Mədənlər təxrib olandan sonra on minlərcə fəhlə nəfərati çörəksiz və evsiz qalmışlar.

Mütərcimi Üzeyir

"Həyat" qəzeti, 7 sentyabr 1905, №59

GÖZÜ AÇIQ TACİRLƏRİMİZƏ XİTAB

Məmləkətimizdə hürriyyəti-mədəniyyə elan olundu, hürriyyəti -mədəniyyənin şəraiti -xəmsəsindən biri də hürriyyəti mətbuatdır. Mətbuat isə yalnız qəzetlərlə nəşriyyati -mövqutədən ibarət deyildir. Risalə, kitab, qamus və sairə şəklində olan asar dəxi buraya daxildir. Türk dilində və ələlümum müsəlman dillərində kitablara əşəddi ehtiyacımız məlum olmaqla bərabər bu ehtiyac bundan böylə gündən -günə daha ziyadə artacaqdır. Buna heç şübhə yoxdur. Çünki milli məktəblərimizdə türk dilinə və türk dilində ülumi-müxtəlifeyi-cədidə təhsilinə böyük bir meydan açıldı. Binaənileyh əli qələm tutanlarımız bu məktəblər üçün türk, ərəb və fars dillərinin qəvaidinə, sərf və nəhvinə, elmi-əqaidə, tarixə, coğrafiyaya, hesaba, elmi -cəbrə, həndəsəyə, nəbatat, heyvanat, mədəniyyat kibi ülumi təbiyəyə və sairəyə dair kitablar vücudə gətirməyə çalışacaqlardır. Bu kitabları əqəll -əmrdə öz fikir və xəyallarından çıxarmayacaqlar a!... Onları ya rus və firəng dillərindən tərcümə ilə, yaxud İranda, Osmanlıda, Misirdə, Hinddə basılmış kitabları cüzi -külli bir təbdil ilə məmləkətimizin şiyvəsinə, əfkarına, hürriyyətinə tətbiqən vücudə gətirəcəklərdir... Hal və keyfiyyət böylə ikən altmış, yetmiş min müsəlman səkənəsi olan şəhərimizdə ciddi bir kitab -füruş dükanı yoxdur. Bəradərani -Orucovlar, Ağadadaş Əlizadə, Abbasqulu Kazımzadələr kibi kağız, qələm, dəftər və sair məktəb və şagirdlərə lazımi şeylər satanlar zühur etdi.... Lakin heç kitab satanlarımız yoxdur... Vaqeən ötədə bəridə, məsəla Bazarnaya küçədə bir -iki səhhaf dükanları var... Fəqət bunların satdıqları əksəriyyən daş basması olan İran məhsulu köhnə kitablardır... Aləmi -islamın tərəqqiyati -mədəniyyəyi -cədidəsinə dəlalət edən kitablardan əsər yoxdur. Ərəb, fars lisanlarının türkcə yazılmış qəvaidini ya Şəmsəddin Sami bəyin qamusi -türkisini, qamusi -əlamını, qamusi -fransui -türküsini, ya sair asarinı bir adam idənmək istəsə mütləqa İstanbula, İstanbul kitabçılarına müraciət etməsi lazım gəlir və çox adam kimə və nə surətlə müraciət edilməsini və nə vəchlə pul göndərilməsini bilmədiyindən bu növ müfid və nafe kitablardan məhrum qalıyor.... Əhməd Midhətlərin, Əbdülhəq Hamidlərin, Kamal bəylərin, Əbuziya Tofiqlərin adları belə bizim sühaflara məchuldur! Halbuki, şəhərimizin bir kitabfüruş taciri "İqdam" qəzetəsinə, yaxud İstanbulun Babi -Ali caddəsindəki, bir kitab mağazasına müraciət edib məsələn yüz danə "Qamusi -türki" gətirtsə əminəm ki, bir -iki ayın zərfində bunların yüzünü də yaxşı bir qazancla satmağa müvəffəq olacaqdır... və kitabçılara pul qazandıracaq. Osmanlıda, Misirdə və sair məmaliki -islamiyyədə nə qədər kitablar vardır ki, sühaflarımızın onlardan xəbərləri yoxdur.
Bu gün hər şey tərəqqi ediyor: iyirmi -otuz il əvvəl üç -dörd balıq, ya bir -iki boçka neft ilə Bakıdan Tiflisə bir aya gedən bir atlı, iki təkərlikli arabamız bu gün bir maşına münqəlib oldu ki, dalına minlərcə adam dolu yüz vaqonluq bir qatar bağlayıb o qədər məsafəyi bir gündə teyy ediyor. Bir neçə il əqdəm bir adam qövm və əqrəbasına bir -iki mənzillik yoldan bir məktub, bir kağız göndərməkdən aciz ikən, bu gün telefon vasitəsilə Bakıdan Mərdəkan kəndilə Peterburq, Moskva şəhərlərilə, Paris, Rim ilə söhbət ediyor. Ata -babalarımız qulaqlarının dibindəki qonşuda vaqe əhvaldan bixəbər ikən, bu gün dünyanın ta o biri başındakı vüquatı insan bir dəqiqənin içində teleqrafla xəbər alıyor. Gecə alınan bir xəbərə sabah yüz min kişi qəzetlər vasitəsilə agah oluyor... Daha nələr, nələr!... Lakin sühaflarımız nədən köhnə tasdan, köhnə hamamdan ayrılmıyorlar, ayrılmaq istəmiyorlar?!... Gücləri, qüvvətləri yetmiyorsa, bir şirkət təşkil etsinlər. İşə ictimai ilə çalışsınlar... Hürriyyət şənlikləri əsnasında qırmızı bayraqların çoxunda: "Yaşasın ictimaiyyət" sözləri yazılmışdı. Əlbəttə ictimaiyyətdə bəzi yaxşı cəhətlər vardır ki, bu adamlar "Yaşasın ictimaiyyət" -deyə fəryad edirlər! -Bu gün ictimaiyyətə belə hürriyyət verildi... Lakin şirkətlə, ittifaqla, ictima ilə iş görmək üçün mütləq sosiyalist ictimaiyyun olmaq lazım gəlməz ya!... Hər nə surətlə olursa -olsun şəhərimizdə tazə moda üzərinə bir -iki mədəni müsəlman kitab dükanlarının vücudi əlzəmdir. Kitabçılar erməni və rus kitabfüruşlarından ibrət olub Peterburq, Berlin, Leypssiq, Lahi (Hollanda da), Paris, İstanbul, Tehran, İskəndəriyyə, Misir əl Qahirə, Bombey, Kəlküttə və sair kitabçılıq, kitabfüruşluq mərkəzlərinin kitab tacirlərilə münasibati -ticariyyəyə girişsinlər. Oralardan Bakı və ümum Qafqaz müsəlmanlarının ehtiyacati -cədidiyəyi-maariflərinə müvafiq kitablar gətirsinlər.... Mağazalarını şəhərimizin Nikolayevskaya küçə kibi nisbətən mədəni bir məhəlinə nəql etsinlər... Kuşədə -bucaqda etməsinlər!... Yoxsa bu işi ehmal etsələr qorxuram ki, bu ticarət dəxi biganələr, əcnəbilər əlinə keçər.
İstanbulun "Babi-Ali caddəsi" nam küçəsində müsəlman, xristiyan, yəhudi bir çox kitabfüruşlar vardır ki, ancaq müsəlman kitabları ilə ticarət ediyorlar. Bunlar İstanbulda və ələlümum məmaliki Osmaniyyədə mətbuatın ədəmi-hürriyyətindən, daha doğrusu əsarətindən oralardaki senzorun, yəni kitab və mətbuat müfəttişinin birəhimlikdən dadü-fəqan ediyorlar... Bu kitab tacirləri məmləkətimizin sərbəsti -mətbuat kimi böyük bir nemətə nail olduğunu xəbər alsalar, buralara can atıb şəhərimizdə münasib bir müsəlman kitabçı dükanı açmaları möhtəməldir. Gözü açıq yerli tacirlərimizə lazımdır ki, ticarətin bu şöbəsini onlara qapdırmayıb vəqt və zaman ilə özləri gözəl bir kitab mağazası vücudə gətirsinlər!...

Ü. (Üzeyir)
"Həyat" qəzeti, 2 noyabr 1905, № 93

P.S. Bu məqalənin səhv olaraq Ə.Hüseynzadəyə məxsus olduğu yazılıb. Hətta onun əsərlərinə daxil edilib. Bax: Ə.Hüseynzadə. "Türklər kimdir və kimlərdən ibarətdir". 1997, səh. 100 -102.

əqəll-əmrdə - ən az şeyi
səkənə - sakin, əhali
kitabfüruş - kitab satan
səhhaf - cildçi
müfid - faydalı
sühaf - mətbuat
teyy - başa çatdırma

HÜRRİYYƏTİ-KƏLAM AQQINDA

Peterburq qəzetələrindən "Birjevoe vedemosti"da mündəric bəzi mənzum qitələrin tərcüməsidir:
l
Mühərrir nikbin (jurnalist optimist):
Bu qədər yazıya qədim əsarət,
Xaməm qoparır bənim qiyamət,
Lazım degil örtülü danışmaq,
l
Mühərrir ziştbin (jurnalist pessimist):
Hər kəsdə yeni -yeni süxənlər,
Xaməmsə bəyani əcz eylər,
Hürriyyətə çox çətin alışmaq!..
l
Qəzetçilər:
Keyf etməli gün bizə bu gündür!
Hürriyyət isə bizim üçündür!
Boş durma çalış əya cəridə!
l
Hürriyyət düşməni yazıçılar:
Biz cəngü -cidalə hazır olduq!..
Hər mətbəədən fəqət qovulduq,
Mərdud oluyor bizim əqidə.
l
Senzor nizamnaməsinin 140-cı bəndi:
Hər xaməyi titrədirdi hökmüm
Birdən-birə gənc ikən bən öldüm.
Aləm isə mövtümə sevindi!
l
Mətbuat müfəttişi senzor:
Eyvah kədərlə doldu qəlbim!
Axırda bu günlərə yetişdim!
Bilməm pozayım nə kağız, imdi?!...
Mütərcim: Ü.H. (Üzeyir Hacıbəyov)
"Həyat" qəzeti, 8 noyabr 1905, № 97.
xamə - qələm, üslub
süxən - söz, nitq
əcz - acizlik, axırıncı söz
mərdud - rədd olunmuş

BAKIDA MÜSƏLMAN İCTİMAİ

Noyabr ayının 18-nci cümə günü cəmaət tərəfindən intixab olunan sədri-məclis doktor Qarabəyovun rəyasətilə və Nəcəfbəy Vəzirov, Əhməd bəy Ağayev, Məhəmməd Həsənbəy Hacınski və Həsən bəy Ağayevin üzv seçilmələrilə Bakı müsəlmanlarının ictimai (mitinq) olub. Ehtiyacati-milliyyə məsələsi mövqei müzakirəyə vəz edildi. Xahiş edənlərdən bir neçə şəxs iradi nitq edib, hər kəs öz mülahizat və əfkarını bəyanə çalışdı. Əz cümlə, Üzeyir bəy namində bir cavan, əmələ tətilatından bəzən saldatların əhaliyə təcavüzatdan və buna oxşayan bəzi şeylərdən duri -diraz bəhs elədi. Tüccardan Məhəmməd İsmayılxanov hökumətə qarşı heç bir kin, ədavət bəsləmək lazım deyil -deyib, ancaq hərəkəti -sülhcüyanə ilə iş görülməsi lüzumini göstərdi.
Digər bir cavan dəxi Bakı şəhərinin yetişmiş olduğu bu avər təkəmmül onun cəm etdiyi bunca sərvət və saman məhz Romanov xanədan imperatorisi sayəsində olması fikrini bəyan etdi.
Nəcəfbəy Vəzirov böylə söylədi: "Hökuməti -sabiqənin idarəsizliyi səbəbilə müsəlmanlar bu vaxta qədər hürriyyətin mürüvvətin nə olduğunu bilmədilər. Görünür ki, ağlamayan uşağa süd verməzlər. Onun üçün biz müsəlmanlar da çalışıb çabalamalıyız ki, əta olunan hürriyyətdən, sərbəstlikdən həqqilə istifadə edib faydadar olaq". Sonradan bir cavan mövqeyi -xitabə çıxaraq əmələ tətilatından, hökuməti -sabiqənin məzalimindən və bu kibi məsələlərdən bəhs edib uzun bir nitq irad elədi. İtnabi -kəlam etdiyi üçün və yaxud çox uzaqlara getdiyi üçün cəmaət tərəfindən axirüləmr sözünü qurtarmağa dəvət olundu. Binaənileyh məhəli - ictimaidə komediya misalı qayət gülməli bir vaqiə zühura gəldi. Şəki əhalisindən dərzi Əliyev namində bir cavan əlində bir təbəqə kağız hüzuri cəmaətə çıxıb iradi -kəlamə başlayınca eşidənlərin qulağına "s" ilə qoşa bir "ş" sədası gəldi. Hər kəs buna bica "s" ilə "ş" hürüfatının "sünni", "şiə" kəlmələri olduğuna güman aparıb Əliyevin susmasını və işğal etdiyi mövqedən çəkilməsini hər kəs bir ağızdan tələb etdi. Çünki ancaq müsəlmanlıq ilə iftixar edən cəmaət, sünni və şiə bəhsini istəmiyordu. Bundan sonra məzkur Əliyev "s" ilə "ş"nın sünnü və şiə kəlmələrindən kinayə olmadığını Ağayev və Qarabəyov cənabları və digərləri tərəfindən dərya kibi coşub həyəcanə gələn cəmaətə bəyan olunaraq biçarə adamın kəlamına davam edə bilməsi böyük rica ilə tələb olundu. Əfsus ki, bütün cəmaət bir adam kimi tələbi - vaqei surəti -qətiyyədə rədd edərək bundan böylə "sünnü" və "şiə" sözünü heç kəsin heç bir vəchlə söyləməyəcəyini bəyan etdilər. Axıra yaxın Əhməd bəy Ağayev cənabları kəlamə -ağaz edərək fəsih bir lisan ilə əvvəl Qurani-əzimüşşənin hal və mövqeə münasib ayeyi -şərifələrindən bəzilərini məqami -nəsihətdə irad buyurdular ki, bu sözlər əhali üzərində lüzumundan ziyadə bir təsir göstərdi, sonradan lüzumu qədər də hürriyyətdən, sərbəsti din və məzhəb və vicdandan bəhs edərək sözlərinə xitam verdilər. Nəhayət yuxarıda zikr olunmuş Əziz bəy ikinci dəfə dəxi söyləmək üçün bir daha çıxınca cəmaət arasında "sus, sus kəs səsini əvvəl özün oruc tut, namaz qıl sonra özgəyə nəsihət ver!..." sədaları eşidilincə Əziz bəy çəkildi.
Vəlhasil gələcək ictimaə qədər yenə adları yuxarıda ərz olunan sədri -məclis ilə üzvlərin qalmasına qərar verilib ictima xətm olundu.
Xülaseyi -kəlam ictima ümumiyyət üzrə bəd keçmədi, ümid edəriz ki, inşəallah gələcəkdə dəxi daha yaxşı olar.

"Həyat" qəzeti, 23 noyabr 1905, №105.

duri-diraz - çox uzun

ƏSKİ QAYDALAR  HƏLƏ GÜCLÜDÜR

Bu ünvanilə "Kaspi" qəzetəsində Qazax uyezdi qaymaqamı (naçalniki) Arnoldun Qazax uyezdinin bilxüsus müsəlman əhalisi əleyhinə olan sui rəftarını və pis hərəkatını meydana çıxaran "Qazaxlı" imzası ilə bir məqalə dərc olunubdur. Tərcüməsi ati üzrədir:
"Bu ilin yaz fəslində Qazax uyezdi naçalniki cənab Arnold ixtiyari-fövqündə iş gördüyü səbəbə və sair günahı üzrə Gəncə quberniya idarəsi tərəfindən təhti-mühakiməyə verilib məmuriyyətindən bərtərəf edilmiş idi. Və bu qərar Canişini-Qafqazın təhti-mütaliəsinə təqdim olunmuş idi
Namestnik məclisi quberniya idarəsinin bu qərarı həqq olduğunu təsdiq etdi. Cənab Arnold bu işdən xəbərdar olaraq məhəllə pristavlarının köməyi ilə, guya Qazax uyezdi əhalisi tərəfindən seçilmiş 8-10 nəfər şəxsdən (onların ikisi müsəlman, mabəqisi erməni idilər) bir "deputatsiya" təşkil edib iyul ayının axırında göndərdilər Tiflisə, namestnik müavini Sultan Krım Kirayın nəzdinə ki Arnoldun iş bilən və nəfili uyezd hakimi olduğu səbəbə məmuriyyətində qalmasını təmənna etsinlər. Bu yalançı "deputatsiya"nın təmənnası qəbul edilib cənab Arnold öz məhalində qalmışsa da genə təhti- mühakiməyə verilmiş idi.
Bu vaqiədən iki həftə keçmiş əhali yaylaqdan qışlağa övdət etdikdə Arnold tərəfindən təşkil edilmiş yalançı vəkillər xüsusunda ittila hasil edib mərqumlardan artıq narazı oldular və öz aralarından vəkillər intixab etdilər. Vəkillər isə namestnik cənablarına Arnold cəm etdiyi "deputatsiya"nın yalançı və saxta olduğunu elan edən bir teleqraf çəkdilər. Bu teleqraf necə oldu- namestnik cənablarına çatdı ya çatmadı - bunu biz bilmiyoruz. Fəqət cənab Arnold təhti-mühakimədə olub da öz küçük xanlığını dolandırmaqda davam edib düşməni ilə keyfi istəyən qayda üzrə rəftar ediyordu. Cəmaəti müxtəlif bəhanələrə səbəb üzrə həbs ediyordu. Yaxud təəbəsi vasitəsilə həbs etdirirdi. Müsəlmanlardan silahı alıb gözlərinin qabağında ermənilərə paylıyordu. Müxtəlif əşxasdan əsilsiz şikayət edilməklə qanuna, nizama baxmayıb binəvaların mal və pulunu zəbt etdirib şakilərə verdirirdi. Və bu təriq ilə iki millətin arasına xüsumət salırdı. Allah bilir ki, axırda nə ola bilərdi. Yaxşı ki, əhalinin bəyləri və hörmətli ağsaqqalları, əqilləri sayəsində bu iki millətin arasında sülhün davamı üçün mümkün mərtəbə sərfi-məsai etdilər və edəcəklər də bilaxir müsəlman əhalisinin pişrovları işin intəhası fəna olacağını dərpiş mülahizə edərək bu sentyabrın axırında Gəncəyə getdilər. Və Arnold ixrac edilməyən surətdə müsəlman və erməni arasında bilaşəkk müsadimə vüqua gələcəyini general qubernatora bəyan etdilər.
General qubernator dəxi əhali vəkilləri bəyanının həqq olmasını təsdiq edib Arnoldun bərtərəf edilməsini namestnikdən iltimas etdi. Canişin tərəfindən riza verildi binaənileyh uyezdi öz müavininə təslim edib naçalniklik üçün "Növisinaq" uyezdinə getmək əmrini Arnolda elan etdilər. Uyezdin təsliminə şüru olundu. Lakin pul və əsləhə təslimi meydana çıxar-çıxmaz da cənab Arnold qəflətən itdi. İş dəxi yarımçıq qaldı. Diyordular ki, Arnold Tiflisə və Üçkilsəyə gedib sahibi-nüfuz ermənilərə yalvarıyordu ki, bəlkə onların vasitəsilə payladığı adamlardan xəzinəyə mütaliq tüfəngləri geri ala bilsin.
Bunun yalan-doğru olduğunu bilmiyorum. Fəqət Qazax uyezdinə təyin edilmiş kapitan Mitkiyeviç Qazağa varid olub uyezd təslimini naçalnikin müavinindən qəbul edəndən bir beş-altı gün keçmiş cənab Arnold meydana çıxır və Qazax uyezdi naçalnikliyində təkrar qalmasını bəyan ediyor. Əhalinin əksəri-müsəlmanlar işin bu surətindən dilgir və mütənəffir olub, böylə qərarın fəsxini tələb edərək namestnikə haman gün bir teleqraf çəkdilər və bunun bədində Arnoldun Qazax uyezdindən ixrac edilməsini qraf Vorontsov Daşkovun bilavasitə özündən tələb etmək üçün 200 nəfər adam Tiflisə mütəvəccihən rəvan oldu. Noyabrın 18-də vəkillər namestnik ilə görüşüb Arnoldun murdar işlərini bir-bir bəyan etdilər. Və Arnold kimi şəxsin rəftar və hərəkətindən naşi iki millət arasında müsadimat vaqe olacağına işarə edərək mərqumun ixrac və təbidini tələb etdilər. Cənab namestnik Arnoldun bilatəxir təbidi və bu işi təhqiq və təftiş üçün bir bitərəf məmur təyin edilməsi xüsusunda hökm verdi. Və uyezdə də qayda və nizam bərpa olunmasını deputatlardan təmənni etdikdə onlar dəxi əməl edəcəklərini vəd etdilər.
Qarelər görüyorlar ki, bu 5-6 ayın zərfində əhalinin nisfi-əzimədə quberniya idarəsi də, Gəncə general-qubernatoru da Qazax uyezd naçalniki Arnoldu məmuriyyətdən kənar etməyə çalışıyorlarsa da, bu işdə kəsbi-müvəffəqiyyət edəmiyorlar. Ənvai təriq ilə, yaxud qəvi bir bərtərəfdarın sayəsində Arnold bu vaxtadək öz yerindən ayrılmıyordu. Arnoldun işi təhqiq edilincə sair uyezdə keçmək istəməməyi bizə məlumdur. Özü böylə işlərdə olmuş və onun işi istədiyi surətə salan təcrübəli bir adamdır. Lakin hökuməti-əaliyə bu gün bir əmr verib sabah onu fəsx etməkdə nə dəstavüzü olduğu bizə mütləqa məlum deyildir.
Altı-yeddi il bundan əqdəm cənab Arnold Borçalı uyezd naçalnikliyində olan zaman dəxi təhti-mühakiməyə verilmişdi. İyirmiyədək işdə ittiham ediliyordu ki, təhqiq, təftişi iki-üç il imtida çəkdi. Bilaxər Arnold dövlət xəzinəsinə gəlib istintaq aylarına məhsubən 7-8 min manat məvacib aldı. Guya təqsirsiz adam imiş. Şimdi dəxi təkrar 7-8 min almaq fikrində deyilmiş cənab Arnold?

Mütərcim: Üzeyir
"Həyat" qəzeti, 29 noyabr 1905, №109

mabəqi-qalıq, qalanı
şaki-şikayətçi
dərpiş-nəzərdə saxlama
qarelər-oxucular
əali-böyük adamlar

BAKI MÜSƏLMANLARINA  VƏ "DAŞNAKSÜTYUN" FİRQƏSİNƏ  MƏLUM OLSUN Kİ...

Mənə məlum olduğu üzrə məhəlli müsəlmanlar arasında şaiyat dövr etməkdədir ki, guya Tiflisdə erməni və müsəlman ixtişaşi əsnasında Tiflis gürcüləri ermənilər ilə bərabər müsəlmanlar əleyhinə əməl etməkdə imişlər.
Cəsarət edib bu şayiələrin əsilsiz olduğunu bəyan ediyorum. Biləks Tiflis gürcüləri bu biməni və naməqul və vəhşiyanə qırğından artıq dilgir və mütənəffirən olub bitirəfanə bir mövqe işğal ediyordular və hələ etməkdədirlər.
Öz bəyanımı təsvib və təyid etməkdən ötrü Tiflisdə nəşr olunan gürcü qəzetlərinin Tiflis erməni və müsəlman qırğınına dair mülahizatını "Kaspi"nin səhifəsində Bakı müsəlmanlarına izhar etməyə çalışıyorum və bu niyyətlə "Sinubis Porseli" qəzetəsi idarəsi tərəfindən "Daşnaksüyun" firqəsinə yazılmış açıq məktubun məzmununu bəyan ediyoram:
"Dünən (yəni noyabrın 30-u) bizim idarənin yanında vəhşiyanə bir qətl vaqe oldu. İki nəfər müsəlman fəhləsi ölümdən gizlənmək istəyərək, küçə ilə xəlvətyanə gediyordular. Bizim idarənin əmələləri bu bədbəxtləri fəlakətdən xilas etmək üçün öz yanlarına çağırıyordular. Laeykən bu əsnada onları erməni "qaraulu" görüb güllə atmağa başladılar. Bu silahsız və yaxud silahları bir bıçaq olan müsəlmanı tutmaq çox asan idi. Bunun ilə belə müsəlləh dəstə rəhmsiz və vəhşi bir növilə talesiz fəhlələri öldürdü...
Bundan artıq yırtıcılıq ola bilməz! Bu nədir, yəni?
Biz-təqsirsiz müsəlmanlara toxunulmiyor-deyib dünən bizə proklamasiya göndərən "Daşnaksüyun" firqəsindən soruruz: Böylə vəhşiyanə rəftar edən "qaraul" kimdir? Biz, bu ədalətsizliyi görüb işə müdaxilə edən halda və bu yırtıcılığa işarə edib erməniləri təskin edən vaxtda "qaraullar" dilgir olaraq bizə dedilər ki: Sizin nə işiniz var! Əcəba biz, insaniyyətpərvərlik əsasının böylə təhqir edilməsini görüb əl-əl üstə qalıb durmalıyızmı?! Bir gürcü tələbəsi "qaraullara" tərəf yüyürüb nə üçün təqsirsiz adamı öldürürsünüz-deyə sorduqda "qaraul" istədi ki, tələbəni də güllələsin. Orada duranlar bir tədbir etməsəydilər bu yırtıcılıq dəxi tazədən vüqu bulacaqdı.
Bu nədir yəni?
Bu işlərin hamısı "Daşnaksüyun" firqəsi namindən icra edilir. "Daşnaksüyun" isə intişar etdiyi vərəqələrdə bir ayrı söz danışıyor. Cavab veriniz! Əvvəlcə buna bir rast və doğru cavab veriniz və ikinciyə qalan yerdə bu murdar hərəkəti və yırtıcılığı mövquf ediniz!

Mütərcim: Üzeyir
"Həyat" qəzeti, 6 dekabr 1905, №114

"İdarədən": - Biz yalnız "bu gün" "Kaspi"də dərc olunan mətləbləri "Ertəsi gün" "Həyat" ilə nəşr etmiyoruz. Biz "Baku"dan və sair qəzetələrdən əhali islamiyyəni xəbərdar olması lazım gələn həvadisi daima bitərəfanə əxz edəriz. Və bu növ həvadisin "Həyat" qəzetəsində rus qəzetələrindən bir-iki gün gec çıxması təbiidir. Çünki əvvəla rus qəzetələrini oxumaq, sonra oxunanların arasından lüzumlu mətləbləri seçmək və bəədə o mətləbləri oturub tərcümə edib təkrar mürəttiblərə tərtib etdirmək üçün vaxt istər. Əhməd bəy dəxi qəzetəmizə baş mühərrirlik edərkən hal və keyfiyyət böylə idi.
Zənn edirəm ki, rus qəzetələri də, "Həyat"dan və əvvəl ümum müsəlman qəzetələrindən aldıqları mətləbləri bu qəzetələrdən ancaq bir-iki, hətta bir neçə gün sonra yazıb nəşr edə biliyorlar. Bir də bu günlərdə ümum yerli qəzetələr kimi bizim qəzetəmiz də teleqraf və posta tətili səbəbindən müstəqillən həvadis vermək xüsusunda bəzi müşkülata düçar oldu. Sair şəhərlərdən gələn məktublar və müxbirlərimiz tərəfindən göndərilən mühərrat bizə vasil olmadı. Paytaxtlardan, məmaliki əcnəbiyyədən və ümum aləmi-islamdan gələn qəzetə və məcmuələr yollarda və posta xanələrdə mətəl olub qaldı...
Qəzetəmizin məsləki zatən Ağayev məsləkidir. Mühərrirlər dəgişməmişdir. Ağayev tərəfindən qəzetəyə verilən hərəkət "Qanuni-ətalət" qaidəsinə, intibaha müddət mədidə davam edəcəyi təbiidir. Hətta sadə hərəkət mütosaviyə ilə deyil, bəlkə bir hərəkəti-mütəzaideyi-səadə ilə davam edərək gündən-günə tərəqqi və məkamülə dəxi yüz tutucağı şübhəsizdir. Çünki bilcümlə ziəlhəyat sadə "Qanuni-ətalətə" tabe olmayıb "evolüsionist" filosoflarının, yəni fəlasifeyi-təkamülyunun ən böyügü olan və keçən il Anqilyada vəfat edən məşhur Herbert Spenserin isbat etdiyi vəchlə bir də evolyusionnizm, yəni "Təkamül" "qaideyi-külliyəsinin" hökmü altında bulunur. "Təkamül" qaidəsinə görə hər bir zihəyat istər heyvan, istər insan, istər fərd, istər bir cəmiyyət, ya millət, istər kürreyi-ərz, istər bütün kainat törər, böyüyür, nəşvü-nüma edər. Həddi-kəmalinə vasil olur və ancaq bir müddət dövr kəmalında davam etdikdən sonra zavallı üz tutub nəhayət izmehlal bulur. Hər bir zihəyatın doğub törədiyi gündən müzməhlil olduğu ana qədər keçən zəmanə ömri-təbii denilir. Zərdabi Həsən bəy qəzetəmizin dünənki nömrəsində dediyi vəchlə atın ömrü 25 ildir. İnsanın ömrü 125 ildir. Filin ömrü 150 ildir. Lakin müşariileyh həzrətləri qəzetələrin ömrü nə qədər olduğu deməyi unutmuşdur. Senzura və ənvayi-əsarət mərəzləri olmuyub hürriyyətin hökmfərma olduğunu bir məmləkətlərdə qəzetələrin ömrü fildən də bir az ziyadə olduğundan 150-200 ildir. Nəşvü-nüma dövründə yenə Həsən bəy həzrətlərinin hesabı üzrə bunun beşdə biri olacağından bir qəzetə üçün həddi-kəmalinə vasil olmaq üçün-yəni bir "Tayms", ya "Fiqaro" olmaq üçün 30 il istər!... Ələlxüsus hər hanki bir qəzetənin nəşvü-nüması, tərəqqisi öz millətinin tərəqqisi ilə məbsutən mütənasibdir: zənnimizə görə millətimiz dəxi ancaq 30 il tərəfində mədəniyyəcə ingilislər, ya fransızlar dərəcəsinə vasil ola bilir. Milətləri millət edən və qəzetələri onlara layiq edən nə "Zeyd"dir, nə "Əmru", bəlkə millətlərin öz nəşrü-nümaları , daha doğrusu, qanuni-ümumiyi təkamülə istər-istəməz tabe olmalarıdır.
İngiltərəli Qarilin fikrinə rəğmən Əhməd bəy Ağayevlər deyil "milləti qabağa aparan", bəlkə franslı "Tən"in rəyi mövcibincə millətdir ki Əhməd bəy Ağayev kibi fazil və kamil adamları qabağa çıxardır!...
Millət dünən bir Əhməd bəy yetişdirdi. Bu gün ikisini, üçünü yetişdirər. Sabah beşini-onunu, sonra yüzlərcəsini yetişdirməyə başlar. Əhməd bəy həzrətləri öz məqalati-qozidələri və şirin bəyanları ilə qəzetəmizin sütunlarını təzyin etməyi dərrix edirlərsə bu hal dəlalət etməz ki, "Həyat" qəzetəsi "Kaspi"nin bir ikinci timsalı, ya əş olmaq niyyətindədir. İskəndər çox böyük adam idi, fəqət stolları qırmaqda nə məna?! "Həyat"ın amali-əfkarı deyil, "Kaspi"dən hətta əlsəneyi-müxtəlifədə çıxan cəmi Rusiya qəzetələrindən mükəmməl olmaqdır. Əgər böylə bir müvəffəqiyyətə nail olmaq üçün "Həyat"ın tutduğu yol doğru yol deyil isə Əhməd bəy həzrətlərindən iraye-təriq ilə səriən bizi İrşad yübürmələrini rica ediriz.
Ələlxüsus hərəkati-inqilabiyyənin və bunun əksinə olan icraati-rücət əndanənin böylə şiddətli və vəxim bir zamanında millətimizi rəhbərsiz buraxmaq caiz olmayacağından "İrşad"ın çıxmaqda bir az əcələ göstərməsini təmənna eləriz.
Rahnəmayanu ğeyb əz dotərət
nəərezən
Fəətərəfü bi-d-daləl va-ttəbəəü
bi-l-huda!...*
"Həyat" qəzeti, 6 dekabr 1905, №114
*Yolgöstərənlər qeybdən hər iki tərəfdən nərə çəkəcək
Yol azmağı etiraf edin, düz yola gəlin!

TAZƏ XƏBƏR

- Ay ev sahibi fala baxdırmazsınız? Yaxşı fala baxıram, bəxt açıram...
- İçəri gəl, görək sən xalqı nə hiylə ilən alladırsan, bədbəxt qaraçılar hamısı falçıdır sadə adamlar yoxdur.
- Kimçün baxdırırsınız-adını deyin.
-Bax görək bu konstitutsiyanı ki deyirlər bunu doğrudan veriblər-ya ki, belə şeyi yoxdur...
-Niyyətinizi edin əlinizi sürtünüz tasa, sonra baxım.
-İmdi bax! (Əlin sürtür tasa)
-Konstitutsiya, konstitutsiya;-özün ürəgin düz, əlin açıq, gözəllikdə misalın yox, amma nə deyim... Atan anan səni saxlayıb, hələ verməyirlər-o da ondan ötrüdür ki, öz əmin və dayın sən biçarənin bəxtin bağlayıblar, sənə cadu ediblər, qoymuyurlar ki səni birisi alsın.
-İmdi hərgah bu qızın ata anası mənə bir şeyi versələr mən bu biçarə qızın bəxtin açaram. Bir ayacan da ərə gedib oğullu qızlı olar.
-Xa xa xa ... a! Vay sənin yalançı evivəcən arvad! Sən yaxşı konstitutsiya ərə verə bilərsən?!

Ü. (Üzeyir)
"İrşad" qəzeti, 30 dekabr 1905, №11

TAZƏ XƏBƏR

- Hardan gəlirsən, ay biçarə sərgərdan. Səni məgər heç asudə görmək olmaz! Hələ o küçədə, bu küçədə il-ay uzunu dolan, axır görək bəhanə nə verəcəklər.
- Dürüst sözdür deyirlər: Dərd sahibi dər-dəra-kərdət-əsər, ay qardaş məgər yuxuya getmişsiniz, oxuyanınız yoxdur və cavab yazanınız yoxdur; niyə danışmıyorsunuz?
- Nə olub Allah göstərməsin, tazə bədbəxtlik vaqeə olub yoxsa? Hə!...
- Heç habelə bir şey yoxdur. Ancaq cəmi Qafqaziyyənin müsəlmanlarından ötrü mənbeyi-fəxr dövlət olan Bakı şəhəri kibi bir sərvətli şəhər imdi Gəncəyə tabe olub. Onu məhəlli-şurayi-müslimin Qafqaziyyə ədd edib onların təhti-hökmündə lazımdır ola! Zəhi-qəflət, rəhi-xəcalət bundan da artıq gözliyorsunuzmu?...
- Belə isə bu yaxşı oldu. Sədafərin Gəncə sakinlərinin bunca kəmalinə belə lazım idi olsun. İnşaallah ümidvaram ki, bundan belə o qeyrətli, himmətli kişilər dəxi qeyrilər kibi yatmıyor, gecə və gündüz millətin vəqfiyyatını və qeyrə-qeyrə ixtiyaratının mütabiləsini dövlətdən iddia edirlər. Laməhalə bir də öz məscid və mənabirəmizi fariği-mən-əl-hülumətə görərik və bir fəqir bielmləri heylə vədələr ilə təlimləndirərlər. Yaxşı deyiblər ki,
Tərsimi-nərsi bəkibəli ərəbi
in rah ke tövmiri be Türkistanəst.
Vədələr təamını hələ bizə yedirərlər. Pəs onda müsibətə tamaşa edərsən ki, bu təam qüvveyi-hakim təsəvvürünə keçə o vəqt bu təamın ədəmi-buxarı biri də ədəm vilayətinə həmli-nəql edər.
- Allah sizə tövfiqi-külli əta etsin. Gəncə sakinləri bizlər bundan sonra müləcceyi-ümidi-millət barəsində sizə bacardıqca yardım etməyə canımızla, malımızla hazırıq.

Ü.
"İrşad" qəzeti, 1 yanvar 1906, № 12.

ÜRƏK BULANDIRICI BİR XƏBƏR

Bu gün "Tifliski listok" qəzetəsində oxuduq: "Fevralın 20-sində Peterburqdan "Vozrojdeniye" qəzetəsinə bunu dəxi teleqraf vasitəsilə xəbər veriyorlar ki, "senator Çerivanski hökuməti xəbərdar ediyor ki, qırğız taifəsini müsəlmanlıqdan qorusunlar. Çünki müsəlmanlıq, onun sözünə görə, mədəniyyət və mərifəti öldürür. Və bir də təklif ediyor ki, qırğızların həyat və məişətinə müvafiq rus zakonları tətbiq edilib onların müsəlman olmadıqların sübut etsinlər". Böylə bir ürək bulandırıcı, qəlb sındırıcı, könül xarab edici xəbərə inanmaq çox çətindir. Çətindir o səbəbə ki, bütün Rusiyanın müxtəlif cəhətlərini iskan edən müsəlman taifəsinin ehtiyacati-ruhaniyyələrini rəf və ləvazimati-diniyyələrini bərəncam edib məsaidati-diniyyə sarıdan müsəlmanları təminə məmur olmuş Çerivanski qırğızları öz dinlərindən qorumaq və onların nəzərində müsəlmanlığı təhqir və zəm etmək kibi vicdan qəbul etməyən və insaf yol vermiyən böylə bir təşəbbüsə iqdam etsin, bu əqlə sığmayan bir xəbərdir.
Və bir də öz əql və kəmali sayəsində öylə ali bir mənsəbə çatmış Çerivanski heç bir vaxt iqrar edəməz ki, müsəlmanlıq mədəniyyət və mərifəti öldürür, əgər bu xəbər doğrudursa, o surətdə cənab Çerivanskinin gözbağlayıcı qəsdilə məmurluq libasına bürünmüş bir misyoner olduğunu heç bir sahibi-vicdan inkar edəmməz. Lakin biz əminiz ki, dövlət böylə bir böhranlı zamanda heç bir xilafi-qanun təşəbbüslərdə bulunmayan və vətənimizin hər bir yaxşı və yaman günündə kəmali-sədaqətlə dolanan və həmişə sülh və müsalimət tərəfdarı olan müsəlmanların uğrunda can fəda etmək dərəcədə əziz və möhtərəm olan din və məzhəb məsələlərinin həllini misyoner öhdəsinə həvalə etməz. Dini-islam, qırğızların xilqətinə böylə sirişt olub ki, naqabil fənn bir sifət mənziləsindədir. Onu ayırmağa heç bir kəsin qüdrəti ola bilməz. Və böylə alçaq və dəni işə iqdam edən, yəni əlsiz, ayaqsız qırğızların var-yoxu olan bir islam dininə də tətavül əlini uzadan bimürüvvət, qırğızların ah və nifrətinə hədəf olub vicdanın sədayi-ədalət gövsindən rahət qala bilməz.
Yox, böylə xilafi-ədalət bir tədbiri əşar edən bu xəbərə bavər etmək mümkün deyil.
Ümidvarız ki, inşaallah böylə bəd xəbərə biz kəmali-məsərrət və təşəkkür ilə bir rəddiyyə eşidəriz.

Ü.HACIBƏYOV

"İrşad" qəzeti, 23 fevral 1906, № 54

sirişt- yaradılmış, insanın daxili aləmi
tətavül-təcavüzkar
bavər-inanmaq
məsərrət-şadlıq, sevinc

BİR NEÇƏ SÖZ

Rusların doğruca bir məsəli vardır: "Xeyirsiz şər yoxdur". Filhəqiqə insan başına gələn hər bir fəna macəranın, istər insanın özünə, istər onu əhatə edən dairəyə xeyirli bir nəticəsi də olur. Bunun təfsirə ehtiyacı yoxdur. İştə bütün Zaqafqasiyanı qanlı bir ərzəyə döndərən və tamam bir il davam edən bu erməni-müsəlman ixtişaşının da ən böyük bir xeyri oldu. Bu xeyir hər bir halda arzu ediliyordu. Lakin onun meydana çıxması üçün dəhşətli bir şər lazım idi. İştə bu şər erməni-müsəlman ixtişaşı şəklində vüqu buldu, vüqu bulub da arzu edilən xeyiri meydana çıxardı. Bu xeyir hansıdır?
Bu xeyir - Qafqaz həyat və məişətinin "requlyatsiyası"dır . Yəni Qafqazı iskan edən bu üç millətin (erməni, müsəlman, gürcü) ömür və təəyyüşünun mülkiyyət cəhətincə yek-digərə nisbətən nizam və qaidə üzrə mürur etmək halını kəsbə başlamasıdır. Bu isə-çoxdan arzu edilirdi. Bəhsimin izahı üçün Qafqazın bir on, on beş il bundan əqdəm keçən həyat və məişətinə bir nəzər atalım. Bunun üçün artıq bir söz deməyib yalnız bir bununla iktifa edəlim ki, avropalıların nəzərində "Qafqaz" ləfzi "Ermənistan" ilə mütəradif idi. Yəni "Qafqaz" ilə "Ermənistan" ləfzləri Avropada ümumiyyət etibarı ilə bir müsənnidə kibi zənn olunurdu. Bu isə Qafqazın doğma balalarından ədd olunan gürcü və müsəlman milləti ürəfa və pişrovlarının qəlbini kədərlə məşhun etmişdi. Bunlar vətənlərində özlərinə məxsus olub zəbt edilmiş nam, heysiyyət, hüquq və ixtiyaratın iadəsini arzu ediyordular. Daha doğrusu Qafqazı iskan edən bu üç millətin həyat və məişətinin "requlyasiya"sı əməlində idilər. Məlum olduğu üzrə bu arzunun da qövldən feilə gətirilməsi üçün bir "requlyator" lazım idi. Bu da həm bilaşəkk və şübhə yalqız bir cismani və yaxud mədəni bir mübarizəyə bağlı idi. İştə sual: Bu mübarizə çarəsiz vaqe olacaq idimi? Bu suala cavab üçün digər bir sual verəlim: gürcü və müsəlman arasında öz millətlərinin öylə bir hal davam etsə idi, məhv və nabud olacaqlarını nəzərə alan, yəni bəsirət sahibi olan ünsürlərin ədədi çox idimi? Buna cavab: müsəlmanlar arasında az, lakin gürcülər arasında çox idi. Bunu isbat üçün gürcü üdəbasını xatirə gətirəlim, yaxud yalqız knyaz Çavçavadzenin "Ah-nalə edən daşlar" ünvanında əsərini dərxatir edəlim və yaxud gürcü ilə erməni mətbuatı arasında bu zamanə kibi davam edən mübahisə və mücadilələri nəzərdə tutalım.
Bu nöqteyi-nəzərdən gələcəyə baxılsa idi, gürcülər ilə ermənilər arasında cismani, yaxud mədəni şiddətli bir mübarizə vaqe olacağını surəti-qətiyyədə xəbər vermək üçün peyğəmbər olmaq lazım gəlməzdi... İştə o mübarizə zamanı hülul etməmiş bu erməni-müsəlman ixtişaşı vaqe oldu. Bu iki millətin dava-dalaşı əvvəla gürcülərin işğal etdikləri mərtəbədən mafövqündəki mərtəbəyə asan bir vəchlə süud etmələrinə səbəb oldu. İstər ermənilər, istər müsəlmanlar nəzərində gürcülərin şan və heysiyyəti artdı, buna da səbəb gürcülərin bu ixtişaşa kəmali-küdurət ilə baxıb ixtişaş müsəbbəblərini bitərəfanə və biqərəzanə zəmm və qədh etmələri idi. Avam demişkən, gürcülər bu halda özlərini ağır tutdular. Vətəndaşlarının müsibətinə əl çalıb gülmədilər və bununla ermənilər ilə-müsəlmanlar arasında ehtirama layiq oldular. Və saniyən bu ixtişaş ermənilərin Qafqazda biməhaba hər bir cəhətdən hökmfərma olmalarına bir zimam oldu. Artıq söz demirəm. Və salisən bu ixtişaş xabi-qəflətə müstəğrəq olan müsəlmanlara bir zərbə kibi toxunub ən gözəl bir zamanda bəzi hürriyyət sübhi açılha-açılda yuxudan bidar etdi. İştə ixtişaş, demək olur ki, qurtarıbdır. Gürcülər, hürriyyət kəsbi üçün illər ilə sərfi-məsai iqtiza edən bir mövqei işğal etmişlər. Ermənilərin biməhabalığına zimam vurulmuş, müsəlmanlar da sübh zamanında yuxudan qalxıb işə girişmiş cavana mənsub bir şövq və həvəslə mədəniyyət və mərifət yoluna qədəm qoymuşlar. Bir on il bu hal davam etsə, Qafqaz bəxtiyar və əsl mədəni bir ölkə olub özgələr mənafeini qarpmaq kibi təşəbbüslərə dəxi meydan olmaz.

Üzeyirbəy Hacıbəyov

"İrşad" qəzeti, 7 mart 1906, №62.

təəyyüş- yaşama, kecinmə
iktifa-kifayətlənmə
müsənnidə-ikili, iki hissədən ibarət
mütəradif-sinonim
zəmm-eybini söyləmək
biməhaba-qorxusuz
zimam-çilov

 

Ordan-burdan

Rus dilində "Yakor" deyilən "Ləngər" şəkli xristiyanlar arasında "Nicat" əlaməti hesab olunur. Şəhərimizdə nəşr edilən "Yakor" qəzetəsi dəxi deməli, bəzi firqələrdən ötrü bir nicatdır. Amma çifayda, bu "Nicat" öz tərəfdarlarını bir-bir həlakətə uğradıyor. Silahlanmış tərəfdarlarından bir neçəsini barlarda tapança atmaqlarına görə tutub həbsxanaya salıbdırlar... Yəqin ki, binəvalər həbsxanədə əllərini "Yakor"un idarəsi olan səmtə tutub hardasan ay "Nicat" diyorlar. "Nicat" isə öz başı həşirinə qalıb özü də bir "Nicat"a möhtacdır ki, bu "Nicat"ın şəkli qara pula bənziyor.
lll
"Yakor"un ulu babası "Novoye vremya" "Məlun bir il" ünvanında Qafqaza dair öz təsəvvürünü yazıyor. Görünür ki, Qafqaz adı çəkəndə "Novoye vremya"çıların ovqatı təlx olub ürəkləri bulanır.-Yox! Diyorlar Qafqaz əldən getdi! Bu gün-sabah Qafqazda bir nəfər də rus qalmaz... Altmış ilin zərfində Qafqazda tökülən rus qanı bihudə yerə axıbmış... Qafqazı dövlət əlindən buraxdı... Məgər Rusiyada bir Finlanda az idi? Qafqaz da gərək ikinci Finlanda olsun? Heyf rusların əməyi... Bunun da hamısına səbəb Qafqaz hökumət sahiblərinin bişüurluğudur, boşluğudur, karkənsizliyidir. Məgər Rusiyanın Qafqazda hökm sürəcək adamları yoxdur? Məgər Qafqaza göndərməli "layiq" adam yoxdur?... Böylə-böylə sözlər-deyərək "Novoye vremya"çılar söylənirlər. Məgər Qafqaza nə olubdur?
-Necə nə olubdur: gürcülər istiqlal tələb ediyorlar, ermənilər padşahlıq istiyorlar, müsəlmanların da içində "panislamizmə" artmaqdadır. Bundan artıq Qafqazda nə olacaqdır?
lll
"Panislamizm!"... tanış sözdür: bir az bundan əqdəm (elə şimdi də) bu söz kürreyi-ərzin hər guşəsində eşidilirdi. Daldan, qabaqdan, sağdan-soldan... Bir "panislamizm" deyənin ağzından on "panislamizm" çıxırdı. Avropalılar bunu əhəmiyyətsiz buraxmadılar... Bunu təftişə başladılar. Görək-dedilər-bu "panislamizm"in mənbəyi hardadır. Əvvəl Osmanlıya əl uzatdılar. Gördülər Osmanlıda "panislamizm" flan əlaməti görünmüyor. Və Osmanlının özünə "panislamizm" ariz olmaqdadır. Sonra İrana yügürdülər, ora-burasına baxdılar. Gördülər İran-iki səyyadın təmi-oxuna hədəf olan bir seyyiddən ibarətdir... Yügürdülər Misirə, Fas məmləkətinə, burada gendən bir nəzər atıb gördülər ki, öz avropalıları bunların üstündə boğuşmaqdadırlar: biri diyor bura mənimdir! O biri rədd ediyor ki: bağışla, hamısı sənə düşməz... Sonra Rusiyaya, Hindistana, Cavəyə, Əfqana göz yetirdilər, buralarda da bir müsəlman və iki misyoner görüb çox təəccüb etdilər və bu "panislamizm" sözü hardan meydana çıxdı-deyə mütəəccib bir-birinə baxdılar. Bu halda xatirələrinə erməni güruhi gəldi... Yaraqların mənidar bir vəziyyətlə yuxarı qalxızıb-hə!-elədilər: bu erməni taifəsi qəribə bicdir!-deyə gülüşdülər.
lll
Genə bomba, genə dinamit! Rus polisəsi lap osmanlı polisəsinə dönübdür. Dəryada da bomba tuturlar! Görəsən o bombaları dəryanın o tərəfində qayırırlar, yoxsa bu tərəfində? Yəqin bunu "Qafqaz merkuri"dən sorsan, dürüst xəbər verər. Əhəmiyyətli burasıdır ki, çoxdan bəri bomba sədasi Qafqazda yox idi. İndi bu bombanın meydana çıxmağı adamı gələcəkdən bir az şübhəyə salır.
lll
Yazıq gürcülər! Heç işləri düz gətirmiyor... "Vozrojdeniye" adında bir qəzetə çıxartdılar-hökumət qapadı. "Vozrojdeniye"ni tazədən çıxartdılar-hökumət tazədən qapadı. Sonra "Qafqazskoye utro"nı çıxartdılar-hökumət onu da qapadı. Axırda "Sovremennik" adında digər bir qəzetə çıxartdılar-hökumət onun qapanmasını təxirə salmadı. Şəkk yoxdur, gürcülər sabah digər bir qəzetə çıxartsalar, o biri gün hökumət onu da qapayacaqdır.

Filankəs

"İrşad" qəzeti, 15 mart 1906, № 68

səyyad-ovçu

NİYƏ MÜƏLLİMLƏR KƏNDLƏRDƏN QAÇIRLAR?

Bu günlərdə Köçərli əfəndinin "İrşad" cəridəsində təəssüfamiz bir məqaləsi görsəndi. Köçərli həzrətləri müəllimlərin kəndlərdən şəhərlərə daşınmağını xəbər verir. Bəli! Bu axır vaxtlarda müəllimlər hər bir vasitə ilə çalışıb özlərini şəhərlərə salırlar!! Hüznavər bu macərayə hər bir əhli-xibrə öz fəhmincə bir don geydirib, bir məna verirsə, bizlərə: bizlərə gəldikdə- şu əhvali- müəssifəni ələlhadə cərəyan edən hadisələrdən hesab etmiyib, ruzgarın ən şədid müşkülatından görürüz. Kəmali-cürətilə demək olur ki, müəllimlərin "mühacirət" məsələsində özləri əsla və qətən günahkar degillər, bəlkə hal-hazirənin çətinləşmiş məişəti və "ağaların" insaniyyətə bərəks vəsvəsələridir. Bu barədə çox deyib, çox yazmaq mümkündürsə də, müxtəsərən bir neçə bəndlərə iktifa etməgi özümə rəva və səza gördüm. Mənim təsəvvürümcə müəllimi dəhat əhlindən uzaqlaşdıran üç səbəb vardır: biri-darülmüəllimlər (seminariyalar); o biri-maarif məmurları (direktorlar və inspektorlar) və biri də-kəndin pərişan və məşəqqətli güzəranı. Məzkur maddələri ayrı-ayrı nəzərdən keçirməgi öhdəmizə alırız:
1) Əlan Mavərayi-Qafqazda 3 darülmüəllimin bulunur: biri gürcü üçün Xuni qəsəbəsində, biri erməni üçün İrəvan şəhərində və biri (guya!) müsəlman üçün Qori şəhərində.-Bu bir aşkar mətləbdir ki, müəllim dehkan üçündür, nəinki, bərəks dehkan müəllim üçün. Böylə olan surətdə müəllim baba gərək məktəbdə olan gündən çol işlərinə göz yetirib əkinçinin hər bir məişətinə layiqincə bələd olsun. Müəllim nadanlıq təbibidir: necə ki, təbib mərəzin mənbəini tapıb azarı kökündən qət etməgə vadardır, həmçinin müəllim əfəndi də cəhalət mərəzlərinə fürsət günlərində diqqət ilə aşina olub müəllimlik əyamında da millətin bəzi dərdlərinə əlac etməgə borcludur. Qafqaz "malyariyasını" (yəni təblərzə) sağaltmaq üçün Firəngistan məmləkətinə təhsil etməgə getmək lazım degil; ancaq təcrübə axtaran təbiblər Gəncə və Kutais quberniyalarında "çəltik" mənbələrinə və su duran "çuxur" yerlərə müraciət etməlidirlər. Pəs-müəllim Ala dağda təhsil edərkən və dehkan Qara dağda əkin əkərkən bir-birlərinin dərdlərindən xəbərdar ola bilirlərmi? Seminariya Gürcüstanda və oxucu Maralyanda Aras çayının kənarında; müəllimə qaldısa o da qövm kögərəndə millət ehtiyacatına bələd olar... Keçək seminariyanın daxili işlərinə: Qoridə bulunan darülmüəlliminin iki şöbəsi vardır, biri ətfali-müslimin üçün və o biri xiristiyan uşaqları üçün. Bu iki şöbənin arasında demək olar ki, "musavat" qətən nabüddür. Müdirin nəzərində şöbənin biri doğma və o biri ögək qardaşdır: biri 7 həftə pəhriz tutur, o biri 3 gün də oruc tutmiyor; biri hər həftə ibadət üçün kəlisayə cəmləşir, o biri nəinki, məscidin qapısını tanımıyor, hətta beş ilin ərzində biçarə məscidin qapısını da yadından fəramuş ediyor. Biri hər sübh və axşam İncili-Şərifi əldən yerə qoymuyub köhnə slavyan lisanı ilə yazılmış səhifələri müdam təlavət ediyor; o biri Qurani-Məcidin üzünü də görə bilmiyor. Xeyr əfv ediniz-yanıldım, rus lisanına tərcümə olunmuş Quranı həmişə əzbərləyib ayrı-ayrı surələri dillərində virdi-zəban ediyorlar. Hərgah xahiş etsəniz, rusca sual ediniz cənabınıza şəriət məsələlərini mükəmməl nəql etsinlər...! Biri ana dilini ətraflıca biliyor; o birisə əksər övqat öz adını da yaza bilmiyor...
lll
Türk lisanı darülmüəllimində əhəmiyyətli bir elm ədd olunmuyor. Bu lisanın həqarətligi o mərtəbəyə çatmışdır ki, guya ərəb əlifbası məyub olduğundan naşi, 1896-cı ildə seminariya mütəəllimləri darülülum tərəfindən icad edilmiş "akademiya əlifbasilə" bir müddət yazı-pozu ögrənirdilər... Hətta müdir həzrətləri məzkur latın əlifbasını ibtidai işkollarında intişar etməsini öz dəstpərvərdələrindən təmənna edib, gözlüyordu böylə bir fəna və biməni tərzilə tərbitlənmiş bir "millət" müəllimi ki, Quranı ancaq tərcümə vasitəsilə qiraət edə* və kitabatı da əcnəbi əlifbası ilə istemal edə, böylə cənab millət məhəbbətinə layiq ola biliyormi? Gün-gündən bu nöqsan müəllimi millətdən uzaqlaşdırıb, axırda ondan bilmərrə kənar olmağa vadar edəcəkdir ...
Həmçinin, bu cürə qeyri tədrisat da müəllimin istəkli millətdən ayrılmağına səbəb olur.
*Bir vəqt "Tarixi-müqəddəs" də rus lisanında oxunurdu!
1) Əvvəl götürək "pedağoyqa" elmini. Pedağoyqa-yəni (yəni üsuli-tərbiyət) ən müqəddəs və ən mühüm bir elmdir. Mürəbbilər isə çefaidə əksər ovqat misyonerlərdən təyin olunur. Bunlar dini-mübinin ziddinə yazılmış necə bir təlifatlar ilə məşhur şəxslərdir. Hərçənd əyyami-tədrisatda o cənablar "irtidad"i təsnifatlarını mütəəllimlərdən gizlin saxlıyorlar. Və lakin hər bir qədəmdə öz məsləklərini müdam büruzə veriyorlar. Məsəla: onların birisi "aşuranın" müzurr olmağını öz dəstpərvərdəsi bir müsəlman balasına dərk etdiribdir. O birisi "çərkəzi" libasının Qafqazda məhv olmaq eşqinə düşmüşdü. Üçümcüsü könül bulandırıcı və rişxəndanə sözlər ilə hissiyati-milliyyəyə müdam toxunurdu ki, "türk qövmi" şəhvətəngizlikdən naşi həlviyyatxor olur" və qeyrə...
2) Rus lisanı-demək olur ki, bu elmi və həmçinin bununla bahəm qeyri elmləri ətfali-müslimin öz rəqiblərindən artıcaq dərəcədə mükəmməl oxuyurlar. Bununla belə yenə də "həsədçilər" bir bəhanə tapıb müsəlmanları məyublaşdırırlar. Bunların ümdə bəhanələri "qiraət naqisligi"dir ki, guya müsəlman uşaqları sair miləli-müxtəlifə kibi rus əlifbasını məxsusi məxrəclərindən götürə bilmiyorlar və əksər övqat hürufi-sövtiyyəni öz məqamında yetirmiyorlar. Məzkur nöqsan ümumən təbui bir eyibdir ki, kürreyi-ərzin sair millətləri əzon cümlə ruslar da bu bəlaya mübtəladırlar. Hər millət öz ana dilində mövcud olan sövtlər ilə əcnəbi kəlmələrini tələffüz ediyor. Məsələn: ruslar "Cabbar" ləfzini "Djabbar" vasitəsilə təqrir ediyorlar və yaxud "Hüseyn" ləfzini "Quseyn" tərzilə diyorlar. Çünki ruslarda "c" və "h" hürufları əsla yoxdur. Bu təbii qanundan naşi ümumi bir xristiyan ismini hər bir xristiyan qövmi ayrı-ayrı şiyvələr ilə tələffüz edirlər. Məsəla: "Jorj", "Georgi", "Qriqori", "Kenikur"- həpsi bir müəyyən ismi-xasdır ki, hər millət öz ləhcəsinin qanununa müvafiq tələffüz ediyor. Türklərin də həmçinin özlərinə məxsus qanunları vardır ki, onları ancaq əsrlər və tarixlər poza bilərlər. Onlardan birisi budur ki, hərgah iki hüruf samit bir yerə cəmləşsə, onların ibtidasında bir hüruf sövtiyə bilatəxir tələffüz edilir. Məsəla: "storoj" kəlməsini türklər "istoroj" kibi təqrir edirlər. Böylə bir təbii nöqsan "irtidad" sahiblərinə korş bir alət olubdur ki, rişxənd və şəmatət vasitəsilə türk müəllimlərini öz ana dillərindən ürkütsünlər! Vəli mümkündürmü? Firənglər Mərakeş uşaqlarını əyyami-tüfuliyyətdən Firəngistana aparıb müddətlərcə saxladılarsa da, onların mavr qiraəti əbədən təğyir tapmadı. Seminariyada türk dilində danışmaq qadağandırsa da (!) böylə məcburiyyətlərə ehtiyac yoxdur. Çünki, köhnə idarədən naşi oradan mükəmməl bir türk dili bilən cavanımız olmaz!
3) Tarix və coğrafiya elmləri də "irtidad" məsələsindən uzaq degildir: şübhəamiz macəralar (Ryuriklər), (Peronlar) mükəmməl oxunmaqdadır. Amma vətən tarixi əsla yada düşmüyor, düşsə də ayrı bir nöqteyi-nəzərlə. Coğrafiyaya gəldikdə müəllim əfəndi Avstraliya cəzirələrindən artıcaq məlumat verir, nəinki, biçarə vətənin keçən əsrlərdə laləzar və imdiki halda məxrub qalmış yerlərindən. Yaxşı halətdir: ayağımızın altındaki quyuları görmiyoruq, amma göydəki yulduzları sayıb Amerikada da quyruqlu yulduzun nümayan olmağını xəbər veririk. Əlbəttə dar gözlərin səva bədidilə bəzi vətən istilahati qeyri bir kəlmələr ilə təbdil olunur. Məsəla: Gəncə-Yelizavetpol ləfzi ilə, Cəbrail-Qaryağin sözü ilə, Ağbulaq-Beyli Külyüc sözü ilə, Qümri-Aleksandropol ləfzilə və bəzi kəndlərə mütəşəxslərin öz adları keçmişdi. Məsəla: "Ğulisinu", "Frazpnu", "Lutsavqa" ...

lll
-Müəllimin kənddən fərar etməginə "üsuli-tərbiyətin" və ya "coğrafiyanın" nə dəxli-təsrifi var?-deyib sorsalar, bəndənin bu barədə deməgə bir cavabım var: bədniyət misyonerlər müqəddəs elmləri murdarlıyıb "cavanları" hissiyyati-milliyyədən uzaqlaşdırmağa əllərində bir alət və ədavət ediblər ki, irtidad zəlalətinə düçar olmuş biçarə müəllimlər (cavanlar) bu bəd məsləklərin puç əqidələrini dəhat əhlinin arasında həm intişar etsinlər. Vəlakin müəllim kəndə gəlməmiş qabaqca əkinçilərə "xoruzun quyruğu" nümayan olur... Bu sözlərdən dəxi təəccüb yeri qalmıyor ki, niyə müəllimlər kəndlərdə otura bilmiyorlar, bəli! Seminariyalarda əkilən ağacların "nübarları" yavaş-yavaş yetişməkdədir: bəzi müəllimlər familiyalarının axırında bulunan "lu" ləfzini nagüvara və nalayiq ədd edib "ski" ləfzinə mübəddəl ediblər. Məsəla: Şıxlı-Şıxlınski, Şaxtaxtlı-Şaxtaxtinski, .... Hərgah böylə zahirpərəstligə biz bir məna vermiyoruqsa da, amma (çe fayda!) işlərimizi batinən həm fəna görürüz. Uzaq getmək lazım degil ... Böylə qövlini felə mütabiq etmiyən bir müəllim cəmaət nəzərində sadiq əlqövl ədd olunub etibar kəsb etməgə qadir olarmı? Və etibardan düşmüş müəllim gərəkdir cəmaətdən fərar etsin...
Əlavə əz in, hər müdirin kəndisinə məxsus bir məsləki var: biri əşədd surətdə zahirpərəst olub, "zurna" və ya "kamança" çalanlara müsaidət göstəriyordi! (Burada bir rus ədibinin sözləri yadıma düşdü: "imdi darülmüəllimin, pedağoq əvəzinə donuz otaran buraxır"). O biri- ana dilində dərs verməgi bacarmıyıb "lal oyunu" çıxardanlara müavinət göstərib, şəhərlərə təyin olmalarını rica ediyordu! (insaf ediniz-kəndlərə getmiyən müəllimlərdə nə günah var?). Neçə il bundan əqdəm müəllim əfəndi cəmaət ilə müqarinət edib, xeyir və şərrə qarışıyordu: o vəqt müəllim çinovnik hesab olunmuyordi. Amma imdi o cənab "yədi-bəyza" sahibi olub bürokrat cərgəsində bulunur-buna da səbəb-müəllimlər üçün rəsmi libas, parlaq pülklər kənəflərə yapışan bir çift "qurbağa"lardır ki, keçən maarif vəziri mürəbbilərə əta buyurubdur. Verilən tərbiyətin nöqsanı məmuriyyət sifətinin artmağına başlıca səbəb olur. Mütəəllimlər üçün cəridə oxumaq caiz degil (?!) Yer yüzündə tufan dübarə zühur edə, yenə də "siyasi" mətləblərdən biçarələrin islahatı olamaz. Qaldı ki, məşhur Yevropa ədiblərinin təsnifatına, onlar da kütübxanədə zinət üçün yer tuturlar-onları oxumaq hər mütəəllimə müyəssər degil ... O səbəbdəndir ki, ikmali-təhsil etmiş müəllimlərin əksərində iki namünasib hərəkət görünür: biri avam cəmaət üçün təkbir göstərmək və o biri müdirlər üçün təməllüqçü olmaq...
2) İştə müəllim əfəndi oxumağı tamam edib yer almaq üçün cənab direktora ricu ediyor. Bu isə şifahən müxtəsər bir məramnamə ifadə edib, böylə xətmi-kəlam ediyor: "Cəmaət adətinə istehza etmə, uşaqları rus lisanına təşviq et və verdigin məlumatı türk lisanına tərcümə etmə...!". Bu sözlərdən sonra bir kitab əta edib, onunla dərs verməgi təmənna ediyor... Bu kitab lal oyunu və tapmaca məcmuəsidir. Bu nöqsanlardan öz vaxtında çox yazılıbdır, burası ilə işim yoxdur. Ancaq məzkur kitabın əvvəlinci səhifəsində İsa (4) surəti və zeyldə "bu Allahdır" (İkona) sözləri dərc olunub və o biri səhifədə: "mən su ilə şərab içmiyoram" kəlmələri bulunur! Əcəba bundan artıqmı cəmaət adətinə istehza olunacaq! Nasıl böylə kitab ilə müəllim kənd cəmaətinə görünsün?
3) İstər-istəməz müəllim kəndə rəvan olur. Burada kəmtale mürəbbiyə nə məkan, nə çırağ, hətta yemək-içmək azuqə də pul ilə satmıyorlar. Müəllim qomşulardan böylə məlumat cəmliyor ki, yüzbaşı və ya direktorun müavini və yaxud pristav ağa cəmaəti aldadıb hiylə və təzvir ilə bir saxta əhdnamə meydanə çıxardıblar ki, onun dövlətindən biçarə müəllim neçə-neçə böyük məzəllətlərə düçar olur.
Bu yol uzun yoldur və həm tikanlı yoldur. Bu yolu axıracan nə gedən var və nə tikanlardan təmizləyən var. Amma ikimcisi olsa, əvvəlimcisi də, ümidvaram tapılar ... Yolu təmizləyin, yolu: vəqt əldən gedir, başlıyın işin əslindən, fəri sonra da mümkündür. Seminariyanı müsəlman kəndlərinə yaxınlaşdırın. Bu mətləb asan vəchlə əmələ gəliyor. Çünki, məzkur məsələni müsəlman-erməni vəkillərinin şurası qəti bir surətdə həll edibdir. İmdi böylə əhəm bu məsələnin nəticəpəzir olması bağlıdır müsəlman karkənlərinin iş görməginə.

Bir şəxs

"İrşad" qəz., № 69, 72, 78; 16, 20, 27 mart 1906.

əhli-xibrə-ekspert
iktifa-kifayətlənmə
səza-layiq
dəhat-kənd, kəndistan
təblərzə-qızdırma-titrəmə
təlavət-avazla oxuma
məyub-nöqsanlı
təlifat-əsərlər
irtidad-dindən çıxma, dönmə
həlviyyat-şirin şeylər
şəmatət-bədxahlıq
tüfuliyyət-uşaqlıq
məxrub-xaraba qalmış
naguvara-ürəkbulandırıcı
müqarinə-yaxınlaşma
yədi-bəyza-ağ əl

Ordan-burdan

"Bir-birinizi seviniz və sülh ediniz!" İştə bu iki sözü "Baku" qəzetəsi (nömrə 59) erməni və müsəlman cəmaətinə təklif ediyor. Biz bunu çoxdan demişdik. Deyib də yorulmuşduq. Yenə deməyə başlamışdıq. İmdi də qoy "Baku" desin. Lakin "Baku"dan bircə təvəqqemiz var: təklifindən bir hüsn nəticə gözliyorsa, yazdığının içinə bir az duz qoysun. Duzlu yaxşıdır. Duzdan muradımız- "səmimiyyət"dir. Lakin duzun pisi-yaxşısı olan kibi, "səmimiyyətin" də xalisi və qəlpi olur ha, amma... "Baku" özü arifdir.
lll
Firənglər də arifdirlər. O! ... Buna söz yox ki, ... "elə bil firəngdir". Bu müsəlmanlarda bir məsəldir. Doğrudan da "Fas" müsəlmanları kibi öylə bir azad və heç bir kimsəyə baş əymək istəməyən biyaban balalarını Avropa qaradavoyuna tabe etmək üçün firənglik lazımdır.
lll
Amma yox... Müsəlman başında dəlləklik öyrənmək üçün heç firəng olmaq lazım deyil. Məgər "Kerç" mollalarını misyoner edən hərif firəngdir? Firəng deyil. Və firəng olmaya-olmaya Kerç mollalarını (molla ha!!) misyoner edibdir. Odur ki, Kerçin binəva müsəlmanları bar-bar bağırırlar ki, "Ay müsəlmanlar, qoymayın, mollalar bizi islamiyyətdən qaçırdır! İraq ediyor!" Qoçaq mollalar! Cəhd ediniz! Nəlbəki boyda medal alacaqsınız!
lll
"Ruskaya qazeta"da bir lətifə (?) göründü: Liğof uyezdində Dövlət Dumasına üzv seçməyə hazırlanmaq üçün kəndçilərə qoz (girdəkan) paylayıbdırlar ki, aralarında qürə atsınlar. Lakin sadədil mujiklər əhvaldan xəbərdar olmadıqlarından aldıqları qozları oturub məsumanə bir tərzilə yeyibdirlər. Ona görə seçki işi təxirə düşübdür... Müsəlmanlara tənbih: qoz alsalar, ehtiyatlı olub yeməsinlər, yoxsa deyərlər ki, siz Dövlət Dumasından payınızı alıbsınız!
lll
Şəhərimizdə qəribə işlər törəməkdədir. Xuliqanlar polisə paltarına geyinib polisəçilik ediyorlar. Yəni cib axtarırlar, dükan yarırlar, padşahlıq xəzinədə zərb edilmiş pulları "qəlpdir"-deyə oğurluyorlar və ilaxır... Lakin xuliqanların bu hərəkəti "həqiqi" polisəçilərin başına bir bəla oldu. İmdi hər bir polisəçi gərək öz "həqiqiliyini" isbat etsin və ondan sonra cib axtarmaq üçün əl uzatsın, bu isə bəd deyil!

Filankəs

"İrşad" qəzeti, 20 mart 1906, № 72

qürə- püşk
tənbih-oyatma, oyandırma

Ordan-burdan

Bir neçə il bundan iləri erməni güruhi Rusiya ədəbiyyatına şiddətli bir "zərbə vurmuşdu". Məsələn, mütəvəffa Veliçkonun* "Əfi ilanlar" adlı əsərini içində doğru sözlər olduğuna görə xoşlamıyıb kökündən yox etmək istəmişdilər. Və bu niyyətlə məzkur əsərdən minlərcə cildlər alıb cırırdılar, yandırırdılar, yerə basdırırdılar. "Məlum" yerlərdə tələf edirdilər. Bir kəlmə "doğru söz göz çıxardar" zərbulməsəlinin acı bir həqiqətdən ibarət olduğunu aydın bir surətdə izah və aşkar ediyordular. Lakin bu yaxınlarda, yəni Quriya dağıldıqdan sonra erməni güruhi Rusiya ilə dostlaşdı. Və bu dostluğu möhkəmləndirmək üçün, daimi adətlərinə görə təməlluqçu libasına girib Rusiya üçün neçə-neçə "xidmət"lər göstərdilər. Əzoncümlə keçmiş "zərbə"ni təsviyə etmək qəsdilə rus ədəbiyyatını zənginləndirməyə qeyrət etdilər. Bir neçə kitab yazdılar. Onlardan "məşhur"u- "Cihad" və "Gəncə qanlı günləri"dir. Əvvəlinci kitabın məzmunu ilə qarelərimizi aşina etmişdik. İkinci kitab isə Gəncədə vaqe olan erməni-müsəlman davasından bəhs ediyor. Lakin bu kitabı yazan erməni Gəncə hadisatını tərsinə nəql edibdir. Yəni müsəlmanlar edən işləri ermənilərə isnad veribdir. Ermənilər edən vəhşilikləri müsəlmanların üstünə yıxıbdır. Və bu bihəyalıqla iktifa etmiyib müsəlmanın pişrovlarını sögübdür. Amma çifayda, mərqum erməninin bu kitabı ruslara xoş gəlmiyibdir. "Malades" əvəzinə rusun bol söyüşlərindən birisini alıbdırlar. Lakin sögüşdən rəncidəxatir olmuyub (çünki imdi yeri deyil!) öz kitablarını özləri tərif və tövsifə başlıyıbdırlar. Böylə ki, erməni "daşnaksüyun" firqəsinin vasiteyi-nəşriyyatı (orqan) "Araç" qəzetəsi yazıyor ki, daha bundan gözəl bir kitab tapılmaz: içində yazılanlar doğru, bir sözündə yalan yox və sairə, sairə ... Lakin ... "Araç"a nə var? Arı yeyib, namusu qurşağına bağlıyıbdır. Yalançıya diyor-peyğəmbərsən. Doğruçuya diyor-bizə düşmənsən. Böylə qəzetənin özü nə, sözü nə?

*Veliçko "Qafqaz" qəzetəsinin sabiq baş mühərriri olub, rus ədiblərindəndir.
lll
Qəzetə dedim, yadıma rəhmətlik "Şərqi-rus" düşdü... Heç bilirsinizmi bu Bakı, nə Bakıdır! Yazıq "Şərqi-rus"u batırdı. Əvəzində guya yanıq vermək üçün iki qəzetə çıxartdı! Odur ki, "Şərqi-rus" baş mühərririnin acığı tutub imdi "Şərqi-rus"u diriltmək qəsdilə rus və müsəlman dilində "rəsmi" bir qəzetə vermək istiyor. Özü də diyor ki, müsəlmanların içində pis-pis fikirlər törəməkdədir. O fikirləri dağıtmaq üçün rəsmi qəzetə lazımdır. Və bundan sonra müsəlmanları ruslara bitişdirmək lazımdır ki, bu da rəsmi qəzetə vasitəsilə mümkündür...
Bəd degil: qoy cənab Şaxtaxtinski bizləri ruslara bitişdirsin ki, görək bu təcrübədən nə çıxacaqdır!
lll
Mühüm suallar, vəhim cavablar:

Sual: erməni-müsəlman məsələsi nə vəqt qurtaracaqdır?
Cavab: ermənilərin əqli başlarına gəlib, ürəkləri təmizləndikdən sonra. Bunun da nə vəqt olacağını mən bilmiyoram, "daşnaksüyun" firqəsindən xəbər al desin.
Sual: Biz nə üçün geridə qalmışıq?
Cavab: Çünki bizi irəli aparanlar cibləri ağırlıq etdiyinə görə yorulub yolda qalıbdırlar. Ciblərinin də nə səbəbə ağır olduğunu mən bilmiyoram. "Vısşi kurs" qurtarmışlarımızdan xəbər al desin.
Sual: İdareyi-ruhaniyyələrimiz nə vəqt düzələcəkdirlər?
Cavab: İdareyi-ruhaniyyələrimizin düzəlməsi "Stanislav" və "Anna" nişanlarının çoxalmasına bağlıdır. Döşümüz nişanlar ilə təzyin edildikcə idareyi-ruhaniyyələrimiz də müzəyyən olub düzələcəkdir. Nişan almağın da yolunu mən bilmiyoram, "Molla Nəsrəddin"in əvvəlinci səhifəsilə bərabər "Tərcüman"ın 36-cı nömrəsindən xəbər al desin.
Sual: Məktəblərimiz nə vəqt islah olunacaqdır?
Cavab: Ana dilimizi bilmərrə unudandan sonra. Ana dilini unutmaq yolunu da mən bilmiyoram. Zaqafqaz seminariyası müəllimlərindən xəbər al desin.
Sual: Bizə nə lazımdır?
Cavab: Dinc dinməz oturub öz hüquq və ixtiyaratını almaq üçün mübarizə edən millətlərə tamaşa eləmək. Məşğuliyyət üçün bir-birimizi öldürmək, qanlılıq salmaq. Amma "heç bir kağıza qol qoymamaq və heç bir məclisdə iştirak etməmək": bunun da hikmətini mən bilmiyoram. Peterburq şəhər hakimi ilə bərabər Axund Bayazidovdan xəbər al desin.
Sual: Biz nə vaxt qəflət yuxusundan oyanacağız?
Cavab: "Mədəniyyət" sübhi açılıb "mərifət" günəşi çıxandan sonra. Bunun da nə vəqt olacağını mən bilmiyorum. Bizi ruslara bitişdirmək istəyən Şaxtaxtinski kibi müəzzinlərdən xəbər al desin.
Sual: Biz nə etməliyiz?
Cavab: Sözün doğrusu, heç nə! Çünki bir işə iqdam etdikdə onu başa aparmaq lazımdır. Biz isə-hər bir işimizi daim yarımçıq qoyuruz, bunun da səbəbini mən bilmiyoram. "Bütün" adamlarımızdan xəbər al desin.
Sual: Nə üçün bizim elmimiz yoxdur?
Cavab: Hanı elm??

Filankəs

"İrşad" qəzeti, 17 aprel 1906, № 91

mütəvəffa-vəfat etmiş
iktifa-kifayətlənmə
mərqum- adıçəkilən

http://525.az/view.php?lang=az&menu=7&id=13568