Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Gözlə məni". Qələbə - 65. Konstantin Simonovun II Dünya müharibəsinin himninə çevrilmiş hit şerinin Azərbaycancaya müxtəlif poetik tərcümələri

Müəllif:

Konstantin Simonov


Kateqoriya:

Rusiya Federasiyası



Qısa Təsvir:

"Gözlə məni". Konstantin Simonovun II Dünya müharibəsinin himninə çevrilmiş hit şerinin Azərbaycancaya müxtəlif poetik tərcümələri...


Baxış sayı: 545
    
    


Gözlə məni...

Azərbaycancaya müxtəlif poetik tərcümələr

 

Konstantin Simonovun İkinci Cahan müharibəsində, alman faşizmiylə ölüm-dirim vuruşları gedən zaman yazdığı bir çox şeirləri Rusiya poeziyasının inciləri sırasındadır. Simonovu bizimlə bağlayan tək çoxcəhətli yaradıcılığı deyil, həm də bədii söz örnəklərimizin rus oxucusuna çatdırmaqda göstərdiyi xidmətlərdir. Rusca ilk poeziya antologiyamızın yaranmasında onun da (V.Zuqovskoy, P.Antokolski və başqaları ilə yanaşı) layiqli payı var. Səməd Vurğunun "Mən tələsmirəm", "Şair, nə tez qocaldın sən...", "Gödəkcə" şerlərinin rusca parlaq və uğurlu tərcüməsi Simonov qələminin hünəridir. Onu da qeyd edim ki, Konstantın Mixayloviç dilimizə bələd olmadan orijinalı gözəl duya və səsləndirə bilmişdir. Əlbəttə, dili bilmək vacib şərtdir. Amma, görünür, son söz istedadın və məhəbbətindir. Konstantin Simonov sevməyə qadir istedad idi... Onun etirafı yadımdadır. Bakı qəzetlərinin birində yazırdı ki, "Səməd Vurğun Azərbaycanı mənə sevdirdi". Onun "hərbi" lirikasından məktəb illərindən qəlbimdə iz salan şerlərini dilimizdə səsləndirməyə cəhd göstərib oxuculara təqdim edirəm.
Yeri gəlmişkən, xatırladım ki, Rusiyada dillər əzbəri olan, mahnı qanadlarında dolanan "Gözlə məni" şerini məndən əvvəl müxtəlif vaxtlarda dəyərli qələm yoldaşlarım Xəlil Rza Ulutürk, Əliağa Kürçaylı, İsa İsmayılzadə, Ayaz Vəfalı çevirmişlər. Bəndəniz də öz versiyasını təqdim etməyə cürət etdi.

S.Məmmədzadə

 

Gözlə məni...


   
      
 
***
Gözlə məni, gələcəyəm,
Gözlə qış, bahar.
Gətirsə də qəm üstə qəm
Həzin yağışlar,
Gözlə isti havalarda,
Boranda, qarda;
Kimsə kimdən əl üzəndə,
Gözlə yenə də;
Uzaqlardan xəbər-ətər
Gəlməsə belə,
Cana gəlsə gözləyənlər,
Hər nəsə, gözlə.

Gözlə məni, gələcəyəm,
Uyma bir para
İnamı kəm, yaddaşı kəm
Unutqanlara.
Oğul, ana bəd gümana
Düçar olsa da,
Dost-tanışım yana-yana
Qahmar olsa da;
Badələri qaldıraraq
Rəhmət deyəndə,
Gözlə məni lal duraraq,
Tələsmə sən də.
Gözlə məni, qoy əcəlin
Əli qurusun,
Od-alovda gözləməyin
Məni qorusun.
Gözləməyən deyər: yəqin
Bəxti gətirdi.
Gözləməyən hardan bilsin,
Bu necə sirdi.
Özümüz bilərik nədən
Sağ qalmışam mən:
Gözləməkdə sənə heç kəs
Tay ola bilməz.

***
Gözlə məni qayıdacam.
Gözlə, ey nigar.
Gözlə, kədər gətirəndə
Soyuq yağışlar.

Gözlə məni, qar yağanda,
İsti düşəndə.
Gözlə, bezib özgələri
Gözləməyəndə.

Gözlə, məktub kəsiləndə
Səhra poçtundan.
Gözlə, təngə gətirəndə
Hamını hicran.

Gözlə məni, qayıdacam.
Baxma onlara -
Səbr etməyib, tab etməyib
Unudanlara.
Mən ölümün acığına
Dönəcəm, gülüm.

Dözməyənlər qoy dözməsin,
Döz, ömrüm-günüm.
Onlar bilməz: neçin odda
Dönmədim külə.
Məni xilas eylədin sən.
Gözləməyinlə.
Nə cür döndüm. Tək ikimiz
Bilərik bunu.
İnamla yol gözləməyin
Nə olduğunu.

Heç kəs, heç kəs sənin kimi,
Qolum-qanadım,
Gözləməyi bacarmadı;
Sənsə bacardın.

Xəlil Rza ULUTÜRKün tərcüməsində
***

Gözlə məni, gələcəyəm,
Ancaq gözlə sən.
Gözlə, kədər yağan zaman
Qəmli üzündən.
Qar yağanda gözlə məni,
Gözlə istidə.
Bəziləri unudaraq
Gözləməsə də...
Gözlə, uzaq yerdən məktub
Gəlməsə sənə,
Bəziləri yorulsa da
Sən gözlə yenə...

Gözlə məni, gələcəyəm,
Gözlə ürəkdən.
Desələr ki, yetər, unut...
Baxma, gözlə sən.
Amma, oğlum qoy inansın -
Artıq ölmüşəm,
Dostlar məni gözləməsin,
Gözlərində nəm -
Qoy içsinlər acı şərab,
Yad edib məni...
Tək sən gözlə. Onlarla bir
İçmə badəni...
Gözlə məni, gələcəyəm
Bir aydın səhər.
Baxtı varmış! - Söyləsin qoy
Gözləməyənlər.
Gözləməyən nə bilir ki,
Odlarda belə
Xilas etdin həyatımı
Gözləməyinlə.
Mən sağ qaldım, səbəbisə,
Bax, budur, gerçək:
Sən bacardın gözləməyi,
Yalnız özün tək.

Əliağa KÜRÇAYLInın tərcüməsində

***
Gözlə, qayıdacağam,
Gözlə sən məni.
Solğun, qəmli yağışlar
Döyəndə pəncərəni -
Gözlə sən məni.
Qışda qarı kürüyüb
Yığanda gözlə,
Yayda göydən od-alov
Yağanda gözlə.
Heç kəs gözləməyəndə -
Gözlə sən məni.
Məktublar gecikəndə
Gözlə sən məni.
Yollara boylanmaqdan
Adamlar bezikəndə -
Gözlə sən məni.

Gözlə qayıdacağam,
Gözlə sən məni.
Gözlə, vecinə alma
Unutmağın məqamı
Çatdı deyəni.
Qoy oğlum da, anam da
Yoxluğuma inanıb,
Mənsizliyə alışsın -
Gözlə sən məni.
Qoy dostlarım yorulub

Yoxluğumla barışsın -
Gözlə sən məni.

Ocağın qırağında
Sağlığıma içsinlər -
Xatırlasınlar.
Yoxluğuma içsinlər -
Xatırlasınlar.
Sən onlara qoşulma.

Atamın ocağına
Gözlə, gələrəm.
Ölümün acığına
Gözlə, gələrəm.
Kim məni gözləmirdi -
Desin - Bəxti gətirdi...

Təkcə gözləməyinlə
Neçə dəfə ölümdən
Qurtardın məni,
Yenidən bu dünyaya
Qaytardın məni.
Gözlə, gözlə yenə də,
Gözlə sən bir az
Sənin tək gözləməyi
Heç kəs bacarmaz.

İsa İSMAYILZADƏnin tərcüməsində
***
Gözlə məni, gələcəyəm,
Gözlə məni, yar;
Gözlə məni səpəndə qəm
Narın yağışlar.
Gözlə məni qışın qarı
Evlər yıxanda;
Gözlə məni başqaları
Dönük çıxanda.
Məktubumdan əlini sən
Üzəndə gözlə;
Hamı... hamı gözləməkdən
Bezəndə gözlə.

Gözlə məni, nahaq yerə,
Gülüm, qəm yemə;
"Unudular..." deyənlərə
Xeyir diləmə.
Qoy inansın anam, oğlum,
Dostlarım... amma
Ölümümə,
qurban olum,
Tək sən inanma.
Görsən hamı şərab içir
Ruhum xoş olsun -
Gözlə, demə onlarla bir:
"İçək, nuş olsun!"

Gələcəyəm, gözlə təki;
Həyat yar imiş!
Gözləməyən qoy desin ki,
"Bəxti var imiş!"
Gözləməyən bilməz ki, sən
Odlardan belə
Məni necə hifz etmisən
Gözləməyinlə!..
Necə olub sağ qalmışam -
Bilməz ki, onlar:
Sənin kimi, səhər-axşam
Gözləyənim var!..

Ayaz VƏfALInın tərcüməsində

-----------------------------

Vyazmada bir ocaq

Vyazmada köhnə ocaq var idi,
Bir gecə o bizə mehmandar idi.

Yedik yaradanın yapdıqlarından,
İçdik sürücünün tapdıqlarından.

Obaşdan döyüşə birgə yollandıq,
Kimi sağdır indi, kimi yox artıq.

Bilirəm, həyatla vidalaşanda
Gözündə canlanıb o xaniman da.

O gecə hazırdıq gedər-gəlməzə,
Həyat da bambaşqa göründü bizə.

Bilmirdik, dönüklük, yalan söz nədir,
Var nədir, yox nədir, iki üz nədir.

Çörək də, ürək də, dilək də birdi,
O gecə bizlərə nələr deyirdi...

Vyazmada nə vaxtsa vardı ocaq,
Sülh günü kimlərsə onu tapacaq.
Daş-kəsək, xaraba evlər içində
Uçuq sobasın da, hər kərpicin də
Pul yığıb eynilə, əvvəlki kimi
Bərpa edəcəyik dağılan himi.

Bizdən kimsə ona məhəl qoymasa,
Ruzunu dostuna darda qıymasa;
Kömək göstərməsə, həyan durmasa,
Vəzifə başında o qudurubsa;
Harınlıq içində batıb günaha,
Cəbhə dostlarını saymırsa daha.
Məhkəmə qurarıq, elə həmin gün,
Onu həmin evə edərik "sürgün".

Düşünüb-daşınsın, keçmişi ansın,
Özünü dünyadan gedəsi sansın.

Bilsin ki, sözünə haram qatıbsa,
Dostuna qırmızı yalan satıbsa.

Günahı yumağa, bağışlanmağa,
Düzünü deməyə vaxt yoxdur daha.

fərz etsin, acından ölən kimsəyə
Bir tikə çörəyi qıymır "yox" deyə;
Ya tanımadığı xilaskarına
Hay vermir dar gündə, çatmır dadına.

Bizim yerimizə - varısa əgər -
Vicdanı onunla haqq-hesab çəkər.

Bizə söyləyəcək, lal baxışları:
Olub-olmayıbmı, nədir qərarı.
Gedibsə, olubsa - biz ondan artıq
Daha heç bir şeyi xəbər almarıq.

Yenə də can-ciyər sanarıq... Lakin
Qoy bizə "orada olmuşam" desin.


Açıq məktub

Mən sizi xəbərdar etməliyəm ki,
Abırı, həyanı qoyub bir yana
Arxadan atılan bir güllə təki
Naməniz yetmədi öz ünvanına.

Əriniz məktubu ala bilmədi,
Bəlalı başından tüstü çıxmadı.
"Sevgili" günləri lənətləmədi,
Arsız sözlərimiz onu yaxmadı.

Dağılmış vağzalın həndəvərində
Hücuma keçməyə əmr verəndə
Kobud kəlmələrin küt həqiqəti
Yaxşı ki, qəlbinə dağ çəkməmişdi.

Qanlı yarasına bir parça əski
Sarıyıb zor ilə addımlayanda
Məktub yol gedirdi hələ, yaxşı ki,
Hələ yetməmişdi xəbər o anda.

Düşmən gülləsinə o, tuş gələrkən
Daşa səriləndə cansız cəsədi
Məktub çatmamışdı xoşbəxtliyindən,
Yaxşı ki, tez idi, hələ tez idi.

Sizə məlumatçün yazıram indi:
Döyüş qurtaranda, gecə çağında
Plaşa bürüyüb cavan şəhidi
Torpağa tapşırdıq şəhər bağında.

Başı üzərində bir dəmir ulduz,
Bir qovaq ağacı nişanə qaldı...
Hərçənd, sanmıram ki, məyus oldunuz,
Çətin ki, qanınız azca qaraldı...

Məktubu ertəsi günü biz aldıq,
Sahibi ölmüşdü. Qınasanız da,
Bizi bağışlayın, axı saldatıq,
Oxuduq kağızı öz aramızda.

Bəlkə yaddaşınız gödəkdir sizin,
Bəlkə nahaq yerə baş ağrıdıram.
Alayın adından - qoy hamı bilsin -
Qansız sətirləri xatırladıram.

Yazırsız, bir ildir, nə bilim, harda
Təzə ərinizlə tapışmısınız.
Əvvəlki qayıtsa, onda nə fayda,
Başqa bir ətəkdən yapışmısınız.

Rahat yaşayırsız, gözləriniz tox.
Üstəlik yazırsız arsızcasına:
İndi zərrə qədər ehtiyacım yox
Leytenant adına, imtiyazına.

Qoy məktub yazmasın və gözləməsin,
Əziyyət verməsin özünə, sizə.
"Əziyyət verməsin"... Sözə bax, sözə.
Sancmaqda, çalmaqda ustasız, yəqin.

Vəssəlam. Budur, bax, yazdıqlarınız.
Məktuba yenə də zilləndi gözlər,
Ayrılıq günündə bu imiş yalnız
Dönük qəlbinizdə tapılan sözlər.

"Əziyyət verməsin"... "İmtiyaz"... filan...
Bəs sizin rəhminiz, arınız hanı?
Axı əsgər idi sizə ər olan!
Axı yolunuzda verdi canını!

Mən hakim deyiləm, siz də müqəssir,
Hicran sınağına dözməyir hər kəs.
Hər adam ömürlük sevə də bilməz,
Əfsus ki, həyatda hər şey baş verir.

Baş aça bilmirəm, necə, necə də
Qorxmayıb ölümə oldunuz bais.
Cəbhəyə əl boyda zərfin içində
Zəhər göndərdiniz, öd göndərdiniz!

Tutaq ki, daha siz sevmirsiz onu,
Qapınız bağlıdır onun üzünə.
Başqa birisilə qolboyun olun,
Ərdimi, deyilmi, kimdi - bizə nə?

Bəs, görən əsgərin nəydi günahı,
Üç il ürəyində həsrət gəzdirdi.
Üç il qorudu o, sizləri axı,
Özünə üç il də "əziyyət verdi"!

Həqiqət nə qədər ağır olsa da,
Mərhəmət fövqünə ucalmalıdır.
Bir ürək kar olsa, sağır olsa da,
Ürək sözlərini borc almalıdır.

Şükr, yetərincə münəvvər qadın
Var bizim vətəndə, - söz qəhətdirsə,
Həmin məktubu da onlar, inanın,
Yazmaqda yarıya bilərdi sizə.

Elə söz seçərdi, söz tapardılar,
Könül yarasına məlhəm qoyardı.
Onlar ki, bizlərə vəfadardılar,
Var olsun onların şərəfli adı.

Sizə yox, onlara üz tuturuq biz,
Gözü yolda qalan pak qadınlara.
Qoy indi bilsinlər, kim oldu bais,
Kimdir rəvac verən bəd gümanlara.

Ərlərin cəbhədə, bu vurhavurda
Nahaq şübhələrdən göynəməsinə,
Döyüş qarşısında evdən bir səda
Gözləyə-gözləyə eymənməsinə.

Oxuduq sizin o nəhs məktubunuzu,
İndi yerimizə qor salmısınız.
Bəlkə tək siz deyil... Bəlkə başqası
Evdən alasıdır belə bir kağız...

Halallarımızın məhkəməsinə
Sizi verəcəyik. Şər atmısınız
Onların adına, ləyaqətinə,
Haqsız şübhələri oyatmısınız.

Qoy günah sayılsın, qoy damğalansın
Vəfalı yar kimi görünən qadın.
Dönük xislətini pərdələyərək
Cılız varlığını gizlədən ürək!

Əvvəlki əriniz qayıdan deyil,
Gecikmiş təhqirə əl atan deyil,
Ölən ərinizin yeri məzardır.
Hər şey qaydasında. Təzəsi vardır.

Yaşayın rahatca, suçdan qorxmadan,
Məktuba bir cavab verməyəcək o.
Cəbhədən qayıdıb sizi qıraqdan
Yad ilə qol-qola görməyəcək o.

Bircə qəbahətin üstündən keçin:
İnsana zaval var, zaval yox sözə.
Hələ bir-iki ay ərzində, yəqin,
Gecikmiş məktublar gələcək sizə.

Neyləyək, bu da bir əcəb, müəmma.
Güllələr atlıdır, məktub - piyada.
Məktub alacaqsız payızda, amma
O, həlak olmuşdur iyul ayında...

Orada hər sətir, hər kəlmə - sizdən,
Sizə yük olacaq əsgər ilqarı...
Alayın adından elə indidən
Geri götürürəm yazılanları.

Sözümün sonunda bildirirəm mən:
Nifrətdir alayın yekdil qərarı.
Sizi sayğılara layiq görməyən
Rəhmətlik əsgərin silahdaşları...

Alay zabitlərinin tapşırığıyla, K.SİMONOV

1943

Çevirəni: Səyavuş MƏMMƏDZADƏ