Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Xatırladıqlarım" (Hekayə). Çağdaş rus nəsrinin tanınmış nümayəndəsinin maraqlı əsəri.

Müəllif:

Sergey Dövlətov


Kateqoriya:

Rusiya Federasiyası



Qısa Təsvir:

Sergey Dövlətov. "Xatırladıqlarım" (Hekayə). Çağdaş rus nəsrinin tanınmış nümayəndəsinin maraqlı əsəri.


Baxış sayı: 3579
    
    


 Sergey Dövlətov

"Xatırladıqlarım"

 (hekayə)

 Çağdaş rus nəsrinin tanınmış nümayəndəsinin maraqlı əsəri.


Alimenti ödəməyən rəssamın məhkəməsiydi. Ona son çıxışını eləmək üçün söz verdilər.
O öz çıxışına belə başladı:
- Vətəndaş hakimlər, müdafiəçilər... yarımmüdafiəçilər və hücumçular!..


***

İosif Brordskinin belə bir şeiri var:
«Nə ölkə, nə qəbirstanlıq
seçmək istəmirəm.
Mən Vasilevski adasına
ölməyə gələcəyəm..»
Bir dəfə tanışı Qrubindən soruşur:
- Bilmirsən ki, İosif Brodski harda yaşayır?
Qrubin cavab verir:
- Harda yaşadığını bilmirəm. Amma ölməyə Vasilevski adasına gələcək.

Qrubin bizə tortla gəldi. Mən ona dedim:
- Niyə? Belə şeylər köhnə dəbdir.
Qrubin cavab verdi:
- Gələn dəfə marixuana gətirərəm.

Mədəniyyət naziri Furseva Rixterlə söhbət eləyir. Ona Rostropoviçdən ştikayətlənməyə başlayır:
- Bu qalmaqallı Soljenitsin nəyə görə Rostropoviçin bağ evində qalır? Biabırçılıqdır!
- Doğrudan da biabırçılıqdır! - Rixter təsdiq eləyir. - Onlarda darısqallıqdır. Qoy Soljenitsin mənim evimdə qalsın...

İki tərəfli avtomobil yolunda aralarında bir kilometr məsafə olan  iki şüar   var. Birincisində: «Amerikaya çataq və onu ötüb keçək...», ikincisində isə: «Darısqal yerdən ötüb keçməyin!» yazılıb.

Bu hadisə Qaraqandanın ətrafında baş verib. Nəhəng sərnişin təyyarəsi qəzaya uğrayır. Nəticədə yalnız bir nəfər xilas olur. O necəsə bacarıqla paltosunun yaxasını açır və yavaş-yavaş yerə enir. Şam ağacının budağından asıla qalır. Sonra isə qar yığınının içinə düşür. Bir sözlə, sağ qalır.
Onun fotosunu İttifaq qəzeti öz səhifələrində yerləşdirir. Bir gün sonra redaksiyaya bir qadın gəlir. O qışqırır:
- Bu əclaf hardadır?! Mənim ondan dörd uşağım var! Mən  əlimdə məhkəmə qərarı  on iki ildir onu axtarıram
Qadına telefon və ünvan verirlər. Qadın da dərhal oturub milisə zəng eləyir.

İyirminci illərdə mənim rəhmətlik xalam təzəcə redaktorluğa başlamışdı. Budur, o bir dəfə pilləkənlə qaçır. Təsəvvür edin, gözlənilmədən başını Aleksey Tolstoyun qarnına vurur.
- Oho, - Tolstoy deyir, - əyər birdən burda göz olsaydı?

Akademik Kozırev on il yatdı. Onu Volqa çayını oğurlamağa cəhddə günahlandırırdılar. Yəni sözün həqiqi mənasında çayı Rusiyadan qərbə aparmaqda.
Kozırev sonra danışırdı:
- Mən onda artıq mükəmməl fizik idim. Ona görə də ittihamı elan eləyəndə   gülürdüm. Amma hökm elan olunanda   güləsi halım yox idi.

Leninqrad televizoru ilə boks matçını nümayiş elətdirirlər. Zənci çəkmə yağı  kimi qaradır, o ağ dərili polyakla döyüşür. Diktor izah eləyir:
- Zənci boksyoru   tumanındakı açıq-mavi rəngli zolağa görə ayırd eləyə bilərsiniz.

Tbilisidə «Sovet ədəbiyyatında optimizm» mövzusunda konfrans keçirilir. Çıxış eləyənlər çox idi. O cümlədən Narovçatov da çıxış eləyərək sovet ədəbiyyatındakı optimizmdən danışır. Onun arxasınca gürcü ədəbiyyatşünası Kemoklidze tribunaya qalxır:
- Mənim əvvəlki natiqə sualım var.
- Buyurun.
- Mənim sualım Bayronla bağlıdır. O gənc idi?
- Necə? - Narovçatov heyrətlnir. - Bayron? Corc Bayron? Bəli, o nisbətən cavan yaşlarında vəfat edib. Nəydi ki?
- Heç. Bayronla bağlı daha bir sual. O gözəl idi?
- Kim, Bayron? Bəli, məlum olduğu kimi onun olduqca  təsirli xarici görünüşü olub. Nəydi ki? Nə məsələdir?
- Heç nə, elə belə. Daha bir sual. O imkanlı adam idi?
- Kim, Baypron? Di, deyəsən. O lord idi. Onun qəsri var idi. O tamami ilə imkanlı adam idi. Hətta varlıydı. Bu hamıya məlumdur.
- Axırıncı sualım. O istedadlıydı?
- Bayron? Corc Bayron? Bayron İngiltərənin böyük şairidir! Mən başa düşmürəm, nə məsələdir?!
- İndicə başa düşərsən. Budur, bax. Corc Bayron! O cavan, gözəl, varlı və istedadlı olub. O -  pessimist olub! Sənsə qoca, kasıb, eybəcər və istedadsızsan! Sənsə - optimistsən!

Bu Puşkin dağlarında olub. Mən poçt şöbəsinin yanından keçirdim. Qadın səsini eşidirəm - qadın şəhərlər arası telefonla danışır:
- Klara! Sən məni eşidirsən?! Gəlməyini məsləhət görmürəm! Burda qətiyyən kişi yoxdur!  Qızların çoxu istirahət eləmədən geri qayıdırlar!

Pirani bir qoca bu ibrətamiz hadisəni mənə danışıb:
«İyirmi yaşım var idi. Təzəcə başlayan bir aktrisa ilə tanış oldum. Bu qızın adı Ninel idi. Mən valeh oldum. Eşq yaşadıq. Kinomatoqrafiyaya gedirdik. Qayıqda üzürdük. Lakin necəsə evlənmədik. Və mən tamam sərbəst  qaldım.
İyirmi il keçdi. Telefon zəng çalır. «Siz məni tanımadınız? Mən Nineləm. Qızım teatr institutuna daxil olmaq istəyir. Siz  məşhur rejissorsunuz, ona məsləhət  verə bilərsinizmi?» Mən deyirəm: «Gəlin»,
Budur, o gəlir. Hədsiz qocalıb. Baxır və düşünürəm: nə yaxşı evlənməmişik! O qarıdır. Mənsə hələ cavanam. Yanında isə gənc, çox gözəl, Ester adlı qızı.
Biz oturub çay içdik. Mən məsləhətin vaxtını təyin elədim.
Biz görüşdük, məşğul olduq. Mən valeh oldum. Eşq yaşadıq. Biz   kinomatoqrafiyaya gedirdik. Qayıqda üzürdük. Lakin necəsə evlənmədik. Və mən tamam sərbəst  qaldım.
İyirmi il   keçdi. Telefon zəng çalır. «Siz məni tanımadınız? Mən Esterəm. Qızım teatr institutuna daxil olmaq istəyir. Siz, məşhur rejissorsunuz, ona məsləhət  verə bilərsinizmi?» Mən deyirəm: «Gəlin».
Budur, o gəlir. Hədsiz qocalıb. Baxır və düşünürəm: nə yaxşı evlənməmişik! O qarıdır. Mənsə hələ cavanam. Yanında isə gənc, çox gözəl, Yudif adlı qızı.
Biz oturub çay içdik. Mən məsləhətin vaxtını təyin elədim.
Biz görüşdük, məşğul olduq. Mən valeh oldum. Eşq yaşadıq. Biz kinomatoqrafiyaya gedirdik. O məni qayıqda gəzdirirdi. Lakin necəsə evlənmədik. Və mən, - qoca öskürərək sözünü yekunlaşdırdı, - tamam sərbəst qaldım».

İki əskərimiz əfqanlara əsir düşürlər. Sonra Kanadaya keçirlər. Orda onlardan biri vətənə qayıtmağı qərara alır. İkincisi onu fikrindən daşındırmağa cəhd eləyir. O isə məhəl qoymur. «Mənim, Poltovada sevdiyim qız var. Həm də anamdan ötrü darıxmışam». Onda ikinci ona deyir.
- Di, yaxşı. Qərara alıbsansa,  get. Amma mənim səndən xahişim var, vəziyyətin necə olması haqda mənə işarə ver. Mənə şəklini  göndər. Əyər hər şey qaydasınca olsa, onda   adi şəklini göndər. Pis olarsa,   əlində belomor siqareti olan şəklini göndər.
Beləcə də razılaşırlar.
Gənc oğlan sovet səfirliyinə gedir. Vətəninə yola düşür. Bir müddətdən sonra həbs olunur. Fərarilik üstə bir neçə il iş alır.
Bir ay keçir. Həbsxanaya dövlət təhlükəsizlik komitəsinin kapitanı gəlir. Bu cavan oğlanı tapır. Ona deyir:
- Kanadadakı dostuna məktub yaz. Mən diqtə eləyəcəyəm, sənsə yazacaqsan. «Əziz Vitali! Yaxın dostun Andreydən sənə salamlar. Artıq altı aydır vətənə qayıtmışam. Məni çox yaxşı qarşıladılar. Anam sağ salamatdır. Mənim sevgilim, Natalya sənə salam göndərir. Mən buldezor sürməyi öyrənmişəm. Pis qazanmıram, sənə də bunu arzulayıram. Qısası, mənim sənə məsləhətim - qayıt gəl!..» Və bu qayda ilə.
Burda Andrey təhlükəsizlik kapitanından soruşur:
- Olar mən ona şəklimi göndərim?
Kapitan deyir:
- Gözəl ideyadır. Yalnız, bir-iki ay gözləyək ki, sənin saçın yerinə gəlsin. O vaxta mən sənin üçün mülki paltar gətirərəm.
İki ay keçir. Kapitan gəlir. Dustağa növbəti sentimental məktubu diqtə eləyir. Sonra Andrey mülki kostyumu geyir. Onu mühafizə altında həbsxanadan aparırlar. Qollu-budaqlı tayqa ağaclarının fonunda şəklini çəkirlər.
Onun Kanadadakı dostu məkitubu açır. Oxuyur: yaxşı yaşayıram, əla qazanıram. Natalya salam göndərir... mənim sənə məsləhətim, vətənə qayıt. Və sair. Buna şəkil də əlavə olunub. Andrey ağacların önündə dayanıb. Əla mülki kostyum geyib. Və onun hər əlində bir qutu «Belomor» var!»

Bizim rayonda gürcü kabab alveri eləyirdi.
Qadın incimiş halda soruşur:
- Nəyə görə siz o vətəndaşa yaxşı kabab verdiniz, mənə isə pis?
Gürcü susur.
Qadın yenə də:
- Mən soruşuram...
Və beləcə.
Gürcü ayağa qalxır. Əllərini göyə açır. Şappıltı ilə qoşa ovcunu daz başına vurur və cavab verir:
- Ona görə ki, mənim ondan xo-oşum gəlir...

Bu hələ Stalinin sağlığında olub. Armend Xammer Moskvaya gəlir. Onu təntənə ilə qarşılayırlar. Həttə fəxri qarovula bənzər bir şey təşkil eləyirlər.
Xammer kursantların cərgəsi önündən keçir. Kursantlardan birinə yaxınlaşır, addımlarını ləngidir. Onun qarşısında ucaboylu, enli kürək, şabalıdı saçlı cavan oğlan dayanmışdı.
Xammer bu oğlana bir anlığa baxır. Ola bilsin sirli slavyan qəlbi haqda düşünür.
Bütün bunlar kino lentə köçürülür. Rəhbəri bu mənzərə maraqlandırır - amerikalı rus pəhləvanına valeh olub. Rəhbər soruşur?
- Bunun soyadı necədir?
- Kursant Salouxin, - tabeçiliyində olanlar dərhal aydınlaşdırıb məlumat verirlər.
Rəhbər fikrə gedir və deyir:
- Mən bu yaxşı oğlan üçün nəsə eləyə bilmərəmmi?
İyirmi saniyədən sonra kazarmaya nəfəslərini çiyinlərindən alan generallar və marşallar qaçıb gəlirlər.
- Kursant Salouxin hardadır?
Yuxulu Volodya Solouxin gəlir.
- Salouxin, - generallar qışqırırlar, - sənin ən əziz bir arzun varmı?
Kursant fikirləşir, dillənir:
- Hə, bax, mən şeir yazıram... Onları hardasa çap elətdirmək istərdim.
Üç həftədən sonra onun ilk şeir kitabı çapdan çıxır - «Çöldə yağış».

Drijor Kondraşinin hərdənbir dövlətlə ixtilafı olurdu. Nəyə görəsə onu xaricə buraxmırdılar. Bunu Kondraşinin ürəyinin xəstə olması ilə əsaslandırırdılar. Kondraşin təkid edir, qapıları döyürdü. Nazir müavininə müraciət eləyir. Kuxarski deyir:
- Sizin ürəyiniz xəstədir.
- Boş şeydir, - Kondraşin cavab verir - orda yaxşı həkimlər var.
- Əyər nəsə baş verərsə? Bilirsinizmi bu neçəyə başa gələr?
- Nə neçəyə başa gələr?
- Nəql edilmə.
- Nəyin nəql edilməsi?
- Sizin cəsədinizin...

İyirmi beş il bundan əvvəl mən boğulan adamı xilas elədim. Bununla belə qəhrəmanlıq mənə o dərəcədə xas deyil ki, mən hətta onun soyadını da xatırlayıram - Seppen. Eston Paul Seppen.
Bu Qara dənizdə baş verdi. Biz onda universitetin idman düşərgəsində yaşayırdıq. Əyər səhv eləmirəmsə Sudakdan azacıq qərbdə olurdu bu düşərgə.
Demək belə, biz çimirdik. Və bu Seppen batmağa başladı. Mən də onu sürüyüb sahilə çıxartdım.
Məşqçi mənə yaxınlaşdı və dedi:
- Dövlətov, mən sənin haqqında axşam yoxlamasında danışacağam.
Xatırlayıram, mən sevindim. Onda mənim Lyuda adlı bir qızdan xoşum gəlirdi, Lyuda gimnastdı. Onunla danışmaq üçün bir səbəb yox idi. O illərdə isə mən səbəb olmadan qadınlarla danışa bilmirdim.
Birdən belə  bir uğur qazanıram.
Biz axşam yoxlamasına dayanmışıq - altı yüz nəfər. Yəni bütün düşərgə. Məşqçi deyir:
- Dövlətov, bir addım irəli çıx!
Mən irəli çıxıram. Hamı mənə baxır. O cümlədən Lyuda da.
Məşqçi deyir:
- Budur. Fikir verin. Bu adama baxın. Ətcəbala  kimi üzür, amma yoldaşını xilas eləyib!

Tərcümə etdi: Aslan Quliyev