ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
"Orta əsrlər Yaponiyasına səyahət"
Yaponiya elə bir cazibədar ölkədir ki, onun bugünkü özünəməxsus gözəlliklərini görmək, bir qədər fərqli sivilizasiyasını dərk etmək, son yarım əsrdə qazandığı nailiyyətləri ilə tanış olmaq nə qədər maraq kəsb edirsə, keçmişinə nüfuz etmək, yüz illər bundan əvvəl mövcud olan həyat fəlsəfəsini, mənəvi prinsiplərini, ümumiyyətlə mədəniyyətini öyrənmək də bu ölkəyə ən azı hörmətlə yanaşan adam üçün heç də az əhəmiyyət kəsb etmir.
Sakit okean adalarında yerləşən həmin ölkə ilə tanışlığımız müxtəlif siyasi səbəblər ucbatından əslində fraqmentar xarakter daşımış, qədim tarixə malik olan yaponlar barədə təsadüfən ələ düşən materiallardan istifadə etməklə maraq yanğımızı az-çox söndürməyə çalışmışıq. Sistematik və obyektiv biliklər qazanmaq üçün tutarlı mənbələrə malik olmadığımızdan, nisbətən az sayda olan məlumatlarla kifayətlənməli olmuşuq. Lakin bu heç də marağın azalmasına səbəb olmamış, öz həyat tərzi ilə başqa planeti andıran ölkəyə dərindən nüfuz etmək ehtiyacı daha da güclənmişdir. Rus dilinin köməyi ilə Yaponiya ilə belə ardıcıl xarakter daşımayan tanışlıq mövcud olduğu dövrdə ondan bəhs edən hər kitabı və ya məqaləni acgözlüklə oxuyurduq. Rus yazıçısı İvan Aleksandroviç Qonçarov 1852-ci ildə Sankt-Peterburqdan gəmi ilə yola düşərək Yaponiyaya gəlib çıxmış, yol qeydlərini üzdüyü gəminin adına müvafiq olaraq "Pallada freqatı" adlı kitabında təsvir etmişdi. Ölkə müəllifdə nə qədər böyük təəssürat yaratsa da səyahətçinin xatirələri səthi müşahidə xarakteri daşıyırdı, bu yad diyara onun lazımınca nüfuz edə bilmədiyini göstərirdi. XX əsrin 70-80-ci illərində bir-birinin ardınca Vsevolod Ovçinnikovun "Sakura budağı", məşhur televiziya jurnalisti Vladimir Tsvetovun "Ryoandzi bağı" əsərləri çapdan çıxdı, onlar kütləvi oxucunun Yaponiya barədə maariflənməsinə kömək etməklə yanaşı, ölkə haqqında həqiqətə daha yaxın olan biliklər almağa şərait yaratdı. Yaponist alimlərin əsərləri isə sırf elmi xarakter daşıdığından elə bir populyarlıq qazana bilmirdi.
Bəzi müəlliflər isə ideoloji cəhətləri əsas götürərək, əsərlərini oxucu üçün az əhəmiyyət daşıyan məsələlərə həsr edirdilər. Konstantin Simonov 1946-cı ildə bir neçə ay ərzində Yaponiyada ezamiyyətdə olmuş, kitabını ölkəyə, xalqa deyil, buradakı mədəniyyətin kiçik bir hissəsini təşkil edən bədii keramika nümunələrinə, dulusçuluq sənətinə həsr etmişdi. Uzun müddət hərbi jurnalist kimi müharibənin dəhşətlərini yaxından müşahidə edən yazıçı yaponlarda onu heyrətləndirən bir cəhəti qeyd edir: rusların və digər slavyan xalqlarının nümayəndələrinin, müharibə başa çatanda aclıqdan əziyyət çəkən almanların taqətdən düşən kimi, cansız göründükləri ilə müqayisədə, bəlkə də daha ağır bəlalara düçar olmuş yaponların görkəmində dözülməz həyat tərzinin nişanələrini görmədiyini qeyd edir və belə qənaətə gəlir ki, bu da yəqin ki, onların daim arıq, yığcam bədənə malik olmaları ilə əlaqədardır.
Jurnalist Ovçinnikovun kitabında bu ölkəni özləri üçün fəth etməyi bacarmış görkəmli şəxsiyyətlərin mülahizələri verilmişdir və bu rəngarəng fikirlər az qala həsr olunduğu ölkənin mənzərələrini əks etdirən rəsmlər albomuna bənzəyir. Müəllif, tətil etdiklərinə görə dərin şaxtanı tərk etməyən mədənçilərin arvadlarının öz ərlərinə həmrəylik naminə onların iş yerlərinə gəlib, bekar dayanmamaq xatirinə vaxtlarını gül dəsti-ikebana düzəltməyə sərf etdiklərini yazır. Burada iki cəhət diqqəti cəlb edir, həmin qadınlar gözəlliyə sitayiş etdiklərini belə çətin anda da büruzə verirlər, digər tərəfdən işsiz dayanmağı, vaxtlarını boş keçirməyi özlərinə rəva bilmirlər. Tsvetov isə əslində şəhər-muzey xarakteri daşıyan Kiotoda yerləşən məşhur daş bağını təsvir edir. Tennis meydançası boyda olan kiçik bir ərazidə yerləşən bu parkda səthi hamarlanmış, dırmıqlanmış qumda azacıq basdırılan on beş daş vardır və onlar beş qrupa bölünmüşdür. Onlara üç tərəfdən baxdıqda (parkın bir tərəfini divar kəsir) yalnız on dörd daş görünür. Bu sadəcə tapmaca deyildir, yaponların düşüncə tərzinə, onların fəlsəfi təfəkkürlərinə uyğundur. Əlbəttə, avropalılar mübahisə edə bilərlər ki, Romadakı Müqəddəs Pyotr meydanında böyük italyan memarı və heykəltaraşı Bernininin dühası ilə yaradılmış, meydanı əhatəyə alan ikitərəfli yarımdairəvi sütunlar sırası iki qat sütunlardan ibarətdir və meydanın ortasından baxdıqda sütunların yalnız biri - qabaqda olanı gözə çarpır. Ryoandzi parkında isə hardan baxsan da daşın elə bil ki, biri öz real mövcudluğunu itirir. Burada təsvir olunan səhnə dənizdəki hansısa qayalı adacığı andırır. Bağ barədəki təsəvvür isə onunla təmasda olduqda birinci növbədə bu müəmmaya heyranlığa əsaslanır. Üstəlik burada sakral assosiasiya yaranır, müqəddəs simvollar poetik düşüncələr əmələ gətirir. Ümumiyyətlə, yapon bağ memarlığında daşlara pərəstiş mərkəzi mövqe tutur.
Yapon bağları bizim təsəvvürlərimizdən kəskin surətdə fərqləndiyinə, Avropaya və Amerikaya böyük təsir göstərdiyinə görə daha ciddi olan diqqətdən kənarda qalmamalıdır. Klassik yapon bağının estetikası bütövlükdə Çinin IX-XII əsrlərdəki bağ sənətindən yaranmışdır. Onun əsasında isə klassik Çin peyzaj rəssamlarının tablolarını yaratmaq məqsədi dayanır. Belə bağın gözəlliyi dörd elementdən yaranır, bunlar su, yerin relyefi, yaşıl bitki və arxitektura qaydasında tərtibatdır. Su gölməçə şəklində olmalıdır, onun klassik forması oval şəklində olmasıdır. Gölməçə elə şəffaf olmalıdır ki, onda sahillə birlikdə adacıq aydın əks olunsun. Sahildə isə kiçik köşk və söyüd ağacları vardır.
Bundan əlavə sürətlə dağdan aşağı enən və köpüklənən su axını və şəlalələr düzədilirdi. Xüsusilə qiymətli cəhət o hesab olunurdu ki, bağ dağ fonunda yerləşsin, oradan təbii və süni şəlalələr tökülsün. Adacıq adətən süni qaydada üst-üstə yığılmış daşların olduğu tökmə təpəcik şəklində olurdu. Belə təpəciklər sahildə də mövcud idi. Klassik orta əsr bağındakı bitkilər sırasına ancaq çiçəklənən kollar və ağaclar daxil idi, axırıncılar da hökmən həmişəyaşıl, budaqları qəribə şəkildə əyilmiş yapon şamı olmalıdı idi. Bağda heç bir çiçəyin olmasına icazə verilmirdi, beləliklə, rəng qamması olduqca kasad və ciddi olurdu - şamların tünd yaşıllığı, sarı rəngə çalan qum, açıq su, mamırla örtülmüş boz daşlar. Adacıq kifayət qədər böyük olsa onun özündə, yaxud da sahildə hökmən söhbət köşkü olmalı idi ki, buradan şəffaf sudakı əks olunanlara və ya dağdan ağ köpüklə aşağı enən su axınına heyranlıqla tamaşa etmək mümkün olsun.
Belə bağın gözəlliyi əsasən xətlərin məharətlə seçilməsi və bəzən hətta simvolik harmoniyası hesabına meydana gəlirdi. Bu xətlər hissələrin ciddi mütənasibliyinə - ağacların düzümünə, şamın əyriləndirilmiş budaqlarına, qəribə formalı daşlara, gölməçənin parlaq səthinə əsaslanırdı. Əlbəttə, belə bağlar fasilə verməyən qulluq tələb edirdi, çünki yerində bitməmiş kol, azacıq yerindən oynamış daş - bütün bunlar həmin xətlərin şərti harmoniyasını poza bilərdi.
Sonralar digər növ esterikanın təsiri altında yapon bağlarının sərt sadəliyi pozulmağa başladı. İlk pozuntu bu bağlara çiçəklənən ağacların daxil olması idi. Axı Yaponiyada çiçəklərə məhəbbət geniş yayılmışdı, yabanı albalının - sakuranın çiçəkləməsi demək olar ki, ümummilli bayram hesab olunur. Yaponlar çiçəklənən albalıya, qlisinə, xrizantemə baxmaq üçün xüsusi olaraq parklara gedirlər və bu hətta "hanami" - "çiçəklərə baxıb həzz almaq" kimi xüsusi ad qazanmışdır.
Bütün bu "seyr etmələr" demokratik qaydada şeir qoşmaqtək, çox geniş yayılmışdır. Şeir qoşmaqla isə yaponların ən müxtəlif sosial zümrələrinin nümayəndələri məşğul olurlar. Yaponların XX əsrin əvvəllərində Kaliforniyaya gəlib, orada məskunlaşmasından bəhs edən "Golden hill" - "Qızıl təpə" povestində bu xalqın amerikanlardan tam fərqli olan məişət və davranış qaydaları geniş təsvir edilməklə yanaşı, Yaponiyada uşaqdan tutmuş ahıl yaşlı adamlara qədər hamının şeir yazdığı bildirilir, ölkədə əvvəlcə məhəllələrdə, sonra rayonda, şəhərdə, nəhayət bütün ölkə üzrə ümummilli yarışlar keçirilir. Orta əsrlərdə üç sətirli, on yeddi hecalı hayku (və ya hokku) və renqa (haykay poeziyası da adlanır) yazmaq xüsusən geniş yayılmışdı. Əgər hayku 5-7-5 hecalarından, üç sətirdən ibarət idisə, buna iki yeddi hecalı sətir əlavə olunduqda onlar birlikdə "tanka" şeir növünü əmələ gətirir. Bu sonluğa ikinci başlanğıc yazılır, bu başlanğıcın isə özünün sonu olur. Beləliklə, bu zəncirdə hər başlanğıc iki sonluğa, hər sonluq isə iki başlanğıca malikdir. Bu zəncir də renqa adlanır. Şeirə ümumi vurğunluq sərgərdan poeziya müəllimlərini meydana gətirmişdi, onlar şəhərdən şəhərə, kənddən kəndə keçib öz müştərilərinə hayku yazmağı öyrədirdilər, buna görə haqq alır və ya sadəcə olaraq daldalanmağa yer və qida əldə edirdilər.
Assosiasiya və simvolizm yapon bağının yaranmasında və qiymətləndirilməsində başlıca rol oynayır. Landşaftın miqyasının bağ ölçüsü səviyyəsində kiçildilməsi məntiqi olaraq elə bir nöqtəyə gətirib çıxardı ki, bu vaxt məcməilərdə miniatür bağlar düzəldilməyə başlandı. Onlar bir kvadrat fut ölçüdə olmaqla torpaq üzərindəki bağlar kimi gölməçələrdən, su axınlarından, adalardan, təpələrdən, körpülərdən, bağ evlərindən və real ağaclardan ibarətdir. Bu ağaclar inadkarlıqla nəzərdə tutulan ölçülərdə becərilir. Bu kiçik, səyyar bağlar Şərq bağçılığının rəsm ənənəsindəki xüsusiyyətini əks etdirir. Yapon bağları Qərbə də öz nəcib təsirini göstərmişdir, xüsusən Birləşmiş Ştatlarda onlar geniş yayılmışdır.
Xarakterik yapon üslubuna iki növ - Mücərrəd bağlar və çay bağları daxildir. Mücərrəd bağın ən məşhur nümunəsi yuxarıda söhbət açdığımız Kiotodakı Ryoandzi (ingilislər Ryoanci kimi tələffüz edirlər) bağıdır.
Kiotodakı qeyri-adiliyinə görə məşhur olan bağlardan biri də Mamır bağıdır. Alçaq çəpər arxasındakı bu ərazidə mamırların məxmər səltənəti uzanır. Buradakı iti ucları olan daşlar mamırla örtülmüşdür. Günəşin şəfəqləri altında bu mənzərə gah qara, gah yaşıl görünür. Bağın ərazisində kiçik çay evləri vardır. Buranı seyr etməyə gəlmiş adamlar bağın gözəlliyindən həzz almaqla yanaşı, yorulduqda onlarda istirahət edirlər.
Bütün bunlardan sonra belə qənaətə gəlmək mümkündür ki, yapon dünyası musiqini dərk etmək kimidir. Yapon poeziyası özlüyündə bir rəngkarlıqdırsa, rəngkarlıq bu poeziyadır.
Yapon ədəbiyyatına marağa gəldikdə sonralar onun daha mükəmməl nümunələri ilə tanışlıq imkanı yarandı. XVII əsrdə yaşayıb-yaratmış məşhur yapon şairi Matsuo Basyo hayku üslubunun ustası hesab olunur. O, öz məktəbini yaratmış, sonra isə guşənişin həyat tərzinə keçmişdi. Zen Buddizmin təsirinə məruz qalan şair, sonralar uzun müddətli səyahətə çıxmış və bu səfərlərini təsvir edən şeir kitabını yazmışdı. "Şimalın içərilərinə doğru dar yol" adlanan bu kitab 1689-cu ildə çap olunmaqla poetik nəsrin və haykunun qarışığından ibarət idi. O, təbiətin hər xırda varlığından, nişanəsindən ilham alırdı. O, təxəllüsü "Basyo" sözünü də həyətində əkdiyi banan ağacının ana dilində olan adından götürmüşdü. Buludların parıltısı, bambukun titrəməsi, sərçələrin cikkiltisi, küçədən keçən adamların sifəti - bütün gündəlik xırda şeylərdən o, həzz almaq imkanı tapa bilirdi. Lakin əhəmiyyətsiz şeyləri sevmək üçün xırda məsələrə görə də iztirab çəkməlisən. Onun zahirən bəlkə də primitiv görünən məşhur bir haykusunda deyilir:
Köhnə gölməçə
Tullandı qurbağa -
Suda şappıltı.
Bu haykuda dərin məna, təbiətin gözəlliyinin kvintessenssiyası, şairin könlünün və ətraf dünyanın sakitliyi və harmoniyası çox qısa şəkildə əks olunmuşdur.
Bağdakı köhnə gölməçəyə hoppanan qurbağa yüzillik kədəri dağıtdı. Yazıçı Akutaqava Basyonun bu kiçik şeirinin fəlsəfi məzmununu çox ustalıqla açıb təhlil edir. Axı nəzərə almaq lazımdır ki, köhnə gölmçədən tullanan qurbağanın özü də yüzillik kədərə malikdir. Deməli, istənilən baxışda Basyonun özünün də həyatı həm də iztirablar həyatı idi. Gülümsəyərək həzz almaq üçün gülümsəyərək də iztirab keçirmək lazımdır.
Yapon poeziya nümunələrinin hamısı müəyyən fəlsəfi yükə malikdir. Ona görə də burada bədii söz təkcə fiziki ölçülərdə çərçivəyə salınmaqla kifayətlənməyib, həm də həyatı, təbiət hadisələrini anlamağa, dərk etməyə, izah etməyə kömək edən məna yükünü daşımalıdır. Yapon şeiri təzadların təsvirindən ibarət olmaqla hər bir kəpənəkdə, hər bir yarpaqda əks olunan kosmosun sirlərinə bələd olmağa cəhd göstərmək yoludur.
Akutaqava Ryunoskenin novellaları insan talelərinin tədqiqinə həsr olunmuş kiçik həcmli, ancaq böyük bədii dəyərə malik olan yazılardır. Nobel mükafatı laureatı KavabataYasunarinin Kioto həyatından bəhs edən povestləri, xüsusən "Köhnə paytaxt" əsəri şəhər həyatının keşməkeşli reallıqlarını göz önündə canlandırırdı.
"Meydzin" romanında isə milli Qo oyununun məşhur ustasının ölümündən əvvəl öz peşəsinə sədaqəti, axırıncı oyunu ilə əlaqədar keçirdiyi hisslər təsvir edilir. "Dağ ölkəsi" adlı romanında isə paytaxtdan əyalətə gəlmiş adamın tanış olduğu iki qadının tənhalıqdan qaçmaq üçün etdiyi əbəs cəhdlər və onlardan birinin - geyşanın yanan evin balkonundan yıxılıb ölməsi hadisəsi qələmə alınmışdır.
Digər Nobel mükafatı laureatı Kendzaburo Oenin "Məni könlümə qədər su ilə islatdılar" romanında oğlu ilə birlikdə zahidlik həyatına qurşanmaq istəyən yaşlı adamın maqnitafonda yazılmış quş səslərini dinləməkdən həzz alması göstərilir. Bu yolla o, özünü xilas etməyə çalışırdı. Bunu müəllif səkkiz ayaqlı ilbizin özünü yeməsi ilə müqayisə edir. Onun ayaqları xarici qüvvə tərəfindən kəsildikdə yenidən böyüdüyü halda, özü özünü yedikdə bərpa olunmur.
Matsumoto Seytenin "Torpaq-səhra" əsərində cavan qızın portretini çəkən rəssamın qəflətən özünü öldürməsi nəql olunur.
"Narayama əfsanəsi" adlı qəmli bir hekayədə isə aclıqdan əziyyət çəkən ailələrin yeyən ağızların sayını azaltmaq naminə öz qoca anasını belində aparıb dağ üstündə ölmək üçün tənha qoyan oğulun ağır düşüncələri təsvir edilir. Əsərdəki qəm, kədər səhnələri oxucunun da laqeyd qalmasına imkan vermir.
Yapon da öz hərəkətinə haqq qazandıra bilərdi. Necə olur ki, onun evində yaşayan bir adam ev sahibinin düzgün sayılan istəyinə əməl etməsin. Yaponiyada davranış qaydalarına əməl etmək çox vacib sayıldığından hamı ehtiyatlı hərəkət etməyə borclu idi. Digər tərəfdən yadellilər barbar sayılmaqla onlara münasibət də o qədər ürəkaçan deyildi. Gəminin və onun göyərtəsində olan topların müsadirəsindən böyük qazanc və nüfuz əldə edəcəyi gümanı ilə Edodan mülkiyyəti olan kəndinə gələn daymyo Yabu da ingilislərin çoxunu mavi gözlərinə görə Siam pişiklərinə bənzətmişdi. Ümumiyyətlə, yaponlara görə mavi göz və kürən saç İblis əlaməti idi. Həm də onlar barbarlara iy vermələrinə və natəmizliklərinə görə nifrət edirdilər, bu adamların ət yemək adətlərindən, səfeh dinlərindən, cəhalətlərindən və iyrənc qaydalarından yaponların zəhləsi gedirdi. Böyük daymyo Toranqanın yanına gələn qüdrətli düşməni İşido da, balaca oğlan uşağı da Bləksornu ilk dəfə burada görəndə ikrahla onu eybəcər adlandırmışdılar.
Lakin portuqaliyalılar Yaponiya torpağına qədəm basa bilmişdilər və kommersiya ucbatından yaponlar onları öz ölkələrinə buraxmışdılar. Bu ölkə ilə qonşuluqda yerləşən Çin onlarla heç bir ticarət aparılmasına icazə vermirdi. 1542-ci ildə ilk dəfə buraya gələn portuqaliyalılar, yaponlarla çinlilər arasındakı ticarət əlaqələrində vasitəçi olmaqla, bu əməkdaşlığı canlandırdılar. Çin öz ipəyini gümüşə satırdı. Yaponiya isə bol gümüş ehtiyatlarına malik idi. Həm Çin, həm də yapon dilində danışmağı öyrənən missioner keşişlər hesabına portuqaliyalılar onların arasında vasitəçi rolunda danışıqlar aparır, həm də tərcüməçilik edirdilər, bunlar isə ticarət aparmaq üçün zəruri şərt idi. Portuqaliyalılar həm də yaponları muşket və güllə barıtı ilə tanış etmişdilər, bu ölkəyə 20 top və beş min top mərmisi gətirmişdilər.
Xristianlığı qəbul etmiş çox sayda mühüm daymyolar və yüzlərlə xristian yaponlar Çinlə sərhəddə yerləşən və ən cənub ada olan Kyuşuda yaşayırdılar, burada o vaxtkı portuqaliyalıların dörd əsr sonra üzərinə atom bombası atılması ilə məşhurlaşan Naqasaki limanı da mövcud idi. Praqmatik xalq olan yaponlar holland gəmisinin heyəti barədə də belə qərara gəldilər ki, barbarlar, güman ki, bizim üçün ölü olmaqdansa diri kimi daha faydalı olacaqlar. Axı gəmidəki toplar da hakimiyyət və nüfuz uğrunda gedən münaqişələrdə az əhəmiyyət kəsb etməyəcəkdi. Zəhərdən, xəyanətdən silah kimi istifadə edən adamlara daha dağıdıcı silaha da sahib olmaq vacib idi. Lakin yaponlar vuruşmağı da bacarırdılar. Burada müharibə aparmaq üsulu demək olar ki, ritual xarakter daşıyırdı, bu vaxt fərdi əlbəyaxa mübarizə gedirdi. Qılınc ən yüksək hörmətli silah hesab olunurdu. Tüfəngdən istifadə qorxaqlıq və şərəfsizlik sayılırdı və bütünlüklə samuray kodeksi olan buşidoya zidd idi. Buşido isə "Döyüşçünün Yolu" demək idi, samurayı şərəflə vuruşmağa, şərəflə yaşamağa və şərəflə ölməyə sövq edirdi. Qorxmadan ölmək, hətta bunda öz xidmət yolunu aramaq - kiminsə adı naminə iftixar hissi keçirmək və bu adın təhqir olunmasına yol verməmək idi. Bəzi hallarda harakiri adlandırılan seppuku öz qarnını yarıb bağırsaqlarını çölə tökmək yolu ilə özünə sui-qəsd ritualı olub, samuray üçün yeganə yol hesab olunurdu. Biabırçılıq baş verəndə, günahkar olanda və ya şərəflə əlaqədar səhvə yol verəndə bu özünü cəzalandırma növü tətbiq olunurdu. Ona görə seppuku yeganə olaraq samuray kastasının preroqativi hesab olunurdu. İstər kişi, istər qadın olmasından asılı olmayaraq bütün samuraylar körpəlikdən özləri üçün bu aktı icra etmək və ya sekundant kimi mərasimdə iştirak etmək üçün hazırlaşırdılar. Qadınlar seppukunu yalnız boğazlarına bıçaq soxmaqla icra edirdilər.
Şoqun isə Yaponiyada həyatda əldə edilən ən yüksək rütbə hesab olunurdu. Şoqun Ali Hərbi Diktator demək idi. Yalnız bir daymyo həmin vaxt bu titula sahib ola bilərdi. Və yalnız İmperial Əlahəzrəti - hakimiyyətdə olan İmperator, Göyün İlahi Oğlu öz imperial ailəsi ilə Kioto şəhərində təcrid olunmuş qaydada yaşamaqla yanaşı, bu titulu verə bilərdi.
Şoqun təyin olunma mütləq hakimiyyətə yiyələnməyə aparıb çıxarırdı. İmperatorun möhürü və mandatı ilə Şoqun onun adından idarə edirdi. Bütün hakimiyyət imperatordan gəlirdi, çünki o, mənşəyini birbaşa Allahlardan götürürdü. Bununla yanaşı Şoquna müxalif olan hər bir daymyo avtomatik qaydada taxt-taca qarşı qiyamda iştirak etmiş kimi qiymətləndirilirdi. Və elə həmin vaxt o, sürgün edilir və onun torpaqları müsadirə edilirdi.
Hökmranlıq edən İmperatora ilahi qüvvə kimi sitayiş edilirdi, çünki o, öz mənşəyini Günəş İlahəsi Amaterasu Omikamidən qırılmayan xətt əsasında götürürdü, İzanaqi və İzanami adlı Allahların uşaqlarından biri idi. Onlar Yaponiya adalarını göy qübbəsindən əmələ gətirmişdilər. İlahi hüquqa görə hökmranlıq edən İmperator bütün torpaqların sahibi idi və ona heç bir şəkkə yol vermədən itaət edirdilər. Lakin praktiki olaraq altı əsr ərzində, 1867-1868-ci illər inqilabına qədər real hakimiyyət taxt-tacdan kənarda qalmaqla, Şoqunlara məxsus idi. Ümumiyyətlə, hakimiyyət bu ölkədə yeganə vacib şey hesab olunurdu.
İmperator və bütövlükdə İmperial saray bütünlüklə təcrid olunmuş qaydada saxlanırdı, Kiotodakı divarlarla əhatə olunmuş kiçik ərazidə yerləşən, bağları olan saraylarda yaşayırdı. Onların ömrünün çoxu ehtiyac içərisində keçirdi və fəaliyyətləri isə yalnız Yaponiyanın daimi animistik dini olan Şintonun davam edən rituallarını seyr etməklə məhdudlaşırdı. Əqli əyləncələrə gəldikdə onlar kalliqrafiya ilə, rəsm çəkməklə, fəlsəfə və poeziya ilə məşğul olurdular. Bəzi imperatorlar isə öz imzalarını ərzaq almağa dəyişirdilər, belə qəribə barter əməliyyatı aparmağa məhkum idilər. Çox vaxt hətta tac qoyulması mərasimi üçün də pul çatışmırdı. İmperator daha çox daymyoların yaratdığı şəxsə çevrilirdi. Axırıncılar o qədər qüdrətli idilər ki, Kiotonu da fiziki qaydada öz mənsubluqlarına keçirə bilərdilər. İmperatorlar Şoqunatın istəyi ilə evlənir, taxt-tacdan əl çəkir və ya taxt-taca yüksəlirdilər.
Beləliklə Şoqun devrilənə qədər olduqca böyük qüdrətə sahib olurdu. Lakin onlar da təhlükəsiz həyat yaşamırdılar. Şoqun İkaua Yukkinsin aşpazlarını min gümüş parçası məbləğindəki rüşvətlə ələ alıb onu zəhərləmişdilər.
Yaponlar tez-tez bədbəxtliklərlə üzləşməli olurdular, zəlzələlər böyük dağıntılarla və insan itkisi ilə müşayiət olunurdu. Bu dövrlər vaxtaşırı bu xalqın üstünü alırdı, ən qorxulusu aclıq illərinin baş verməsi idi. Ərzaq çox qıt idi, demək olar ki, hamı əsgər idi. Banditlər bataqlıq ağcaqanadı kimi çox olmaqla əhaliyə əziyyət verirdi. Kəndlilərin imtiyazı isə balıq tutmaq, torpaq əkib-becərmək, məhsulu yığmaq və bir də vergi ödəmək idi. Bir kəndlinin böyük qızı altı yaşına çatanda gözəl olduğundan onu satmaq üçün əlverişli imkan yaranmışdı. Yaponlar üçün ümumiyyətlə həyatın heç bir dəyəri yox idi. Tarixi qanun belə idi. Oğlan uşağı on beş yaşına çatanda o, artıq yaşlı və varis hesab olunurdu.
Yaponiyaya ilk dəfə gələn yad adamların birinci vəzifəsi buradakı davranış qaydalarını öyrənmək idi. Ölkə əhalisi həmişə qaydalara əməl etməyə və nəzakətə çox yüksək qiymət verirdi. Etiketin böyük əhəmiyyət kəsb etdiyi bu ölkədə davranışda azacıq ehtiyatsızlıq təhqiramiz hərəkət kimi qəbul oluna bilərdi, bu isə öz növbəsində həyatı itirməyə də aparıb çıxarırdı. Onlar ümumiyyətlə barbarları nəzakət qaydalarından xəbəri olmayan, qeyri-adi adamlar kimi qəbul edirdilər, xristian dininin mənəvi prinsiplərini də bəyənmirdilər. İisus Xristin "Bir-birinizi sevin" çağırışına istehza edir, çünki bu normada adamlara borc və şərəf haqqında heç nə öyrədilmədiyini, yalnız sevginin təbliğ edildiyini vurğulayırdılar. Xristianların dini cərəyanlara görə bir-birlərinə düşmən kəsildiyindən təəccüblənsələr də, özlərindəki buddist sektaları da bir-birilə düşmənçilik edirdilər.
Daymyo Yabu qardaşı oğlu Omiyə dənizçilərlə necə lazım bilirsə elə davranmağa icazə verdikdən sonra ona həvalə etdi ki, onlardan faydalı bir şey öyrənə bilsə, məlumatı ona çatdırsın. Beləliklə, Bləksorn kənddə digər yoldaşlarından ayrı məskunlaşdırıldı. Onun müşahidə imkanları daha böyük idi, çünki ona kənddə sərbəst gəzməyə icazə vermişdilər. Samurayların özlərini necə apardığını gördükdən sonra belə qənaətə gəldi ki, xidmət onların borcudur, borc özü samuray deməkdir, Samuray-ölməzdir. Onu təəccübləndirən xüsusiyyətlərdən biri, burada heç bir zəncirin, qandalın və heç bir qulun olmaması idi. Qərblilər Şərqi nə qədər qəddar adamlar məskəni kimi qələmə verməyə çalışsalar da, tarixçilər sübut etmişlər ki, Şərq ölkələrində quldarlıq ötəri xarakter daşıyırdı, inkişaf etməmişdi, hətta iri imperiya olan Çinin özündə də çox az sayda qul var idi. Avropada isə quldarlıq qədim tarixə malik idi. XVII əsrdən başlayaraq isə qul ticarəti Afrika zəncilərinin Amerikaya daşınması hesabına yeni vüsət aldı, həmin biabırçı ticarət və quldarlıq praktikası yeni tarixin ən qara səhifələrindən biri hesab olunur.
Lakin adamlara qarşı haqsızlıq, zorakılıq bu ölkədə öz xüsusiyyətlərinə, öz standartlarına malik idi. Yaponiyada ən aşağı dərəcəli samuray belə, istənilən samuray olmayan adamı, kişi, qadın və uşaq olmasından asılı olmayaraq öldürə bilərdi. Bu vaxt hansısa səbəb ola da, olmaya da bilərdi. Bütövlükdə samuraylar hindlilər kimi kastalara bölünürdü. Samuray yüksəkdə dayanırdı, kəndlilər isə mühümlük ierarxiyasında sonrakı pillədə idi. Yalnız kəndlilər torpağa sahib ola bilərdi. Lakin samuraylar istehsal edilən məhsulun hamısına sahib olurdu. Onlar düyünün bir hissəsini kəndlilərə geri qaytarırdılar. Yalnız samuraya əvvəllər icazə verilirdi ki, özü ilə ox gəzdirsin. Sonra onu əvəz edən qılınc samurayın ruhu, könlü idi, onu yaddan çıxarsa və ya itirsə o, heç vaxt bağışlanmazdı.
Yaponların qidalanması da avropalılarınınkından tam fərqli idi. Onların hamısı çiy balıq, şirin sirkədə saxlanmış çiy tərəvəz yeyirdilər.
Yaponlar indi də dəniz məhsullarına başqa xalqlara nisbətən üstünlük verirlər. Dünyada yapon restoranlarında və öz adı altında yayılan xüsusi barlarda çox satılan suşi də belə qədim ənənəyə əsaslanır. Qiymətli okean balığı olan tunesin dünya üzrə ovunun bütün həcminin 80 faizini yaponlar istehlak edirlər. Müxtəlif qadağalara baxmayaraq balina ətinə də həvəs bu ölkədə azalmır.
Buna görə onlar avropalılara həm də ət yemələrinə görə nifrət edirdilər. Düyü yaponların həyatında mühüm rol oynayırdı, əsas ərzaq idi. İlahə Amaterasu öz nəvəsini göndərmişdi ki, yaşıl düyü tarlaları olan ölkəni idarə etsin. Düyü bu adamlara yeyilmək üçün qida, yatmaq üçün tatami (həsir), ayağa geyinmək üçün səndəl, yağışdan və soyuqdan qorunmaq üçün paltar verirdi. Küləşdən düzəldilən dam yaponların evlərini isti saxlayırdı, düyü həm də yazmaqdan ötəri olan kağız istehsalı üçün xammal verirdi. Onlar düyüsüz mövcud ola bilməzdilər.
Həmin dövrdə Yaponiya çox əhalisi olan ölkə hesab edilə bilərdi. Bütün İngiltərədə bu vaxt üç milyondan artıq adam yaşamadığı halda, burada 12 milyon adam var idi. Kyuşu adasında isə əhalinin sayı 3-4 milyona çatırdı. Çində isə o vaxtkı bütün dünyada olduğundan daha çox əhali yaşayırdı.
Bləksornun bəxti onda gətirmişdi ki, tayfun vaxtı ölümdən xilas etdiyi ispan dənizçisi Rodriges və Osakada dustaqxanada olarkən məhbus avropalı rahib yerli xalq barədə çox şeylər danışmış, onu bəzi məsələlər barədə agah etmişdilər. İspan şturmanı ona demişdi ki, yaponların altı sifəti və üç ürəyi vardır. Əlbəttə, ispan da yaponları eyni qaydada təqlid edərək əvəzində onlara yuxarıdan aşağı baxdığına görə bu qənaətə gəlmişdi. Öz fikrini izah etmək üçün əlavə etmişdi ki, belə deyirlər ki, onlar bütün dünyanın görməsindən ötrü ağızlarındakı saxta ürəyə, tam xüsusi dostlarına və ailələrinə göstərmək üçün döş qəfəslərindəki digər bir ürəyə və həm də özlərindən başqa heç kəsə məlum olmayan, gizləndiyi yeri yalnız Allahın bildiyi, real, həqiqi və gizli bir ürəyə malikdirlər. Bununla yanaşı xəbərdar edirdi ki, yaponlarla sən kral kimi hərəkət etməlisən. Öz ləyaqətinin qayğısına qalmayanları onlar heç adam hesab etmirlər. Onların səsi isə intonasiyanı və daxili mənanı büruzə verən fövqəltəbii bir güzgüdür. Yaponların dilində "l" səsi yoxdur.
Həmin il iki böyük daymyo - Toranaqa və İşido şoqunluğa yüksəlmək uğrunda bir-birilə kəskin mübarizə aparır, amansız düşmənçilik edirdilər. İşidonun təsiri yanğın kimi yayılırdı. Toranaqa isə Makiavelli kimi ağıllı, hun sərkərdəsi Attila kimi rəhmsiz idi. O, düşmənlərini və dostlarını yaxşı tanıyırdı. Əvvəlki ağalarına xəyanət etməklə, cəbhədən cəbhəyə keçməklə şoqunluğun kandarına gəlib çıxmışdı. İşido isə güman edirdi ki, öz düşmənlərini hökmən əzəcəkdir. Qəti qələbə çalmaq üçün yalnız bircə vacib həmlə qalırdı, ölkənin səkkiz əyalətinə nəzarət edən Toranaqa yeganə maneə idi. Ona görə də iki düşmən Osakada görüşdükdə İşido özünü nəzakətdən kənar apardıqda, onu vurmaq üçün irəli yeriyən mühafizəçi samurayı ev sahibi Toranaqa ona aid olmayan söhbətə qulaq asdığına görə cəzalandırmağı qərara aldı: "Bu Adam səhvən samuray kimi doğulmuşdur. Onun adına son qoyulmalıdır". Ən yaxın silahdaşının kürəkəni olan bu samuraya seppuku etməyə icazə verildi və onun körpə oğlu da cəzanın bir hissəsi kimi öldürüldü.
Yaponlara görə həyat yalnız şehcik daxilindəki şehcikdir. Axı şeh günəş çıxan kimi yoxa çıxır. Bu xalqa məxsus olan əxlaq qaydalarından birində deyilirdi ki, "Yaddan çıxarma ki, tale və talesizlik göydən və təbii qanundan asılıdır. Onları dua etməklə və ya istənilən adamın və ya özünəməxsus müqəddəsin düşüncəsindən yaranan hiyləgər icadla satın almaq mümkün deyildir". Hind sözü olan "karma" yaponlar tərəfindən özününküləşdirilmişdi. Buddizm fəlsəfəsinin bir hissəsi olmaqla o şəxsin bu həyatdakı taleyini müəyyən edir, bu sarsılmaz bir qaydada fiksasiya edilirdi, çünki insanın əməlləri əvvəlki həyatda baş vermişdi, yaxşı əməllər bu həyat plastına ən yaxşı mövqe kimi verilmiş, bəd əməllər isə əks qaydada keçmişdi. Yalnız bu həyatın əməlləri tam şəkildə sonra gələn yeni doğulmaya verilir. Şəxs o vaxta qədər bu dünyada göz yaşları içərisində doğulacaqdır ki, dözməklə, əzab çəkməklə və çox sayda həyat zamanlarından öyrənməklə o, axırda kamil insana çevriləcəkdir, Nirvanaya, Həqiqi Dinclik Yerinə gedəcəkdir və beləliklə heç vaxt bir daha yenidən doğulmanın əzabını çəkməyəcəkdir. Həyat, doğrudan da, nə qədər gözəl və nə qədər kədərlidir. Altı əsr ərzində bu səltənət həm də daim davam edən vətəndaş müharibələri ilə rəhmsizləşmişdi.
Toranaqa ingilis dənizçisi barədə də düşünürdü və belə qərara gəlmişdi ki, bu barbar heç vaxt onun ölkəsini tərk etməyəcəkdir, özü də nə diri, nə də ölü şəkildə. O, həmişəlik bu səltənətin bir hissəsinə çevriləcəkdir. Toranaqa öz təhlükəsizliyini qorumaq üçün hər cür tədbirlərə, hiylələrə əl atırdı. Qılıncını hazır saxlayırdı, bəxtinə güvənərək hər gecə yataq otağını, mühafizəçilərini, parolu dəyişirdi. Bunları daim gəlişini gözlədiyi qatillərə görə edirdi.
Yaponlar heç bir millətə, ümumiyyətlə heç kəsə bənzəmirdilər. Onlar öz adlarına malik deyildilər. Yalnız samurayların öz adı olurdu, adi yapona isə ad daşımağa icazə verilmirdi. Bu adamlar öz peşələrinin adı ilə çağrılırdı. Oğlanlar və qızlar isə birinci qız, ikinci qız, birinci oğul və buna uyğun qaydada adlandırılırdı. Fahişə qadınlar isə özlərinə balıq növünün adından götürülmüş Karp, Ay, Ləçək və ya Ulduz adlarını qoyurdular.
Adamlar küçədə başqası ilə qarşılaşdıqda gülümsünür, əyilir və nəfəslərini udurdular. Yapon sadə adam olmaqla yanaşı çox sərt idi. Onlar həqiqətən yalnız bir cəzanı, qətlə yetirməyi bilirdilər - çarmıxa çəkirdilər, boğurdular və ya boynunu vurmaq yolu ilə adamları öldürürdülər. Nəyisə yandırma cinayətinə görə isə adamlar diri-diri yandırılmaqla öldürülürdü. Qəddarlıqda onlar miladdan əvvəl VII əsrdə qanun məcəlləsi tərtib edən və özəl mülkiyyəti qəsd etməyin ən kiçik faktına görə ölüm cəzası qaydasını qoyan Afina arxontu Drakontun ardıcılları sayıla bilərdilər. Onlar demək olar ki, başqa cəza növlərinə malik deyildilər, bəzən adamları sürgün edir, bəzi hallarda qadınların saçını qırxdırırdılar. Lakin daim başlıca cəza ölüm idi. Dustaqxanalar bir neçə il əvvəl yaradılmışdı, onlar üçün yeni bir şey idi. Dustaqxana yalnız adamların hökm verilənə qədər müvəqqəti saxlandığı yer idi. Bura təqsirkarlar gətirilirdi, özü də çox qısa müddətə. Dustaqxana həmçinin cəhənnəmlə yer arasında istirahət yeri olmaqla əbədi davam edən Həyat üçün şöhrət idi. Burada qaçmaq və gizlənmək üçün heç bir yer yox idi. Beləliklə, hər bir kəs edama gedirdi. Əvvəlki dövrlərdə burada dustaqxana olmamışdı, o vaxtlar adam tutulduqda öz cinayətini etiraf edir və edam edilirdi.
Portuqaliyalılar Yaponiyanı ilk dəfə kəşf edəndə tayfun bu ölkədən gələn tacirləri yolundan döndərib, Kyuşu adasında sahilə çıxmağa məcbur etmişdi. İlk dəfə idi ki, avropalılar yapon torpaqlarına ayaq basırdı. Bir neçə il sonra 1549-cu ildə iezuitlərin başçısı İznatus Loyolanın yaxın silahdaşı, ordendə ikinci adam sayılan Fransisk Xavyer buraya gəlib çıxdı. O, buraya xristian dinini yaymaq üçün, missioner fəaliyyəti göstərmək məqsədilə gəlmişdi. Sonradan Xavyer eyni missiya ilə Çinə keçmiş və Asiyaya gəlişindən üç il sonra orada da vəfat etmişdi.
İngilis dənizçisi öz ölkəsi ilə, yenicə məskunlaşmağa başladığı diyarı müqayisə etmək imkanına malik idi. Başlıca olaraq sıçovullar, dəstə-dəstə sahibsiz itlər və pişiklər, həmçinin yanğınlar Londonu təmizləmiş və milçəklərdən azad etmişdi. Toranaqa ilə görüşmək üçün onun bura gətirilib çıxarıldığı Osaka şəhəri isə vətəninin paytaxtından tam fərqli idi. Yenicə möhkəm tapdanmış küçə süpürülmüş və təmizlənmişdi. Ağacdan olan divarlar və evlər işıq saçır və təmiz görkəmdə idi. Burada hər bir xristian şəhərinin küçələrini dəstə-dəstə dolduran dilənçilər və çolaq-şil adamlar yox idi.
Adamlar nəzakətlə təzim etməklə küçədən keçir, bəziləri hətta diz çökürdü. Buradakı nəzakət qaydasında baş əymək, təzim etmək çox sayda davranış ənənələri kimi indiyədək qalır. Qadınlar isə sadəcə baş əymir, qamətlərini tamamilə bükürlər. Xanımlar ümumiyyətlə güman edirlər ki, onlar söyüd ağacı kimi incə olmalıdırlar, salxım söyüd kimi əyilmələri də bu oxşarlığı daha da artırır. Keçən əsrin 80-ci illərində Tokioda işləyən sovet jurnalisti yazırdı ki, o vaxtkı baş nazirlə bir küçədə yaşadığından hər səhər onu maşına qədər ötürən xanımının qaməti əyilmiş şəkildə yola salmasını, yalnız maşın döngədən itdikdən sonra qadının başını qaldırdığını müşahidə edirmiş. Qadınların daha nümayişkaranə surətdə təzim etməsinə mən özüm Nyu-Yorkun "Şeraton-Manhetten" otelində rast gəlmişdim. Səhər tezdən liftdən çıxarkən hollda qarşıma çıxan yaponlardan qoca qadının çox aşağı əyilməsindən özümü bir qədər itirdim, onun yanındakı üç kişinin də baş əydiyini görüb salam verdiklərini anladım və səhvimi başa düşdüyümdən qarşılıqlı qaydada başımı əydim və "sabahınız xeyir" cavabını verdikdə həmin qadının düz görkəm aldığını gördüm. Dəqiqlik kralların zəifliyi olduğu kimi, nəzakət yaponların təbii adətlərinə çevrilməklə, onların xarakterini büruzə verən cəhətlərdən biridir. Yaponiya parlamentində müxalif cəbhələrdən olan deputatların bir anlığa kəskin mübarizəni kənara atıb bir-birinə təzim qılmasını görəndə, bu bizi təəccübləndirməyə bilmir.
Yaponiyada illər kimi günün də öz adını daşıyan on iki hissəyə bölünməsi də ingilis dənizçiyə məlum oldu. Gün səhər saat 5-dən 7-dək davam edən Dovşan saatı ilə başlayırdı. Sonrakı iki saatda Əjdaha, daha sonra, İlan, At, Keçi, Meymun, Xoruz, İt, Qaban, Sıçovul və Öküz saatları gəlirdi, bu dövrə gecə saat 3-dən 5-ə qədər uzanan Pələng saatı ilə başa çatırdı. Gün və gecənin hər biri altı bərabər hissəyə bölünürdü.
Toranaqa ingilisi dustaqxanadan yanına gətirib, ona suallar verdi. Daymyonu daha çox maraqlandıran onun ölkəsinin qaydaları idi. Bləksorn ona qum üzərində dünyanın xəritəsini cızdı. Şimalda yaşayan xalq olan laplandlılar haqqında onu söyləməyi lazım bildi ki, onlar ovla məşğul olur, bütün işləri isə qadınlar görür. Qadınların bir hissəsinin işi paltar tikməkdən ibarətdir. Bunu etmək üçün onlar xəzi dişləri ilə çeynəyirlər ki, tikmək üçün bir qədər yumşalsın. Laplandlılar kiçik dəyirmi formalı evlərdə yaşayırdı, bu evlər bütünlüklə qardan düzəldilir və bu adamlar ömründə bir dəfə də olsun çimmirlər. İngiltərənin özündə də hamama nadir hallarda rast gəlinir. Çünki adamlar hamamın səhhət üçün təhlükəli olduğuna inanırdı. İndi isə o, özü hamamın sağlamlığa ziyan vurduğuna inanmır. Bləksornun bəxti onda gətirmişdi ki, o, portuqaliyalı tərcüməçinin xidmətindən imtina etdikdə, Toranaqa gənc qadın Mariko-sanı tərcüməçi təyin etmişdi və ingilis sözlərinin artıq səhv çatdırılacağından qorxmurdu. Bu qadın portuqal dilində çox yaxşı danışırdı, latın dilini də bilirdi. Mariko-san ağasına ingilisin həqiqəti dediyinə inandığını bildirib, onun Toranaqa üçün çox faydalı olacağını dedi və bu uzaqgörənliyində o, yanılmamışdı.
Sonra şturman Toranaqaya katolik kilsəsinin dünyanı da Allah səltənəti kimi öz inhisarına almaq planlarından danışdı və bildirdi ki, 1530-cu ildə İspaniya və Portuqaliya kralları təntənəli müqavilə imzalamışdılar. Yeni Dünyanın onların arasında bölüşdürülməsi bu müqaviləyə əsasən aparılmalı idi. Həmin bölgüyə görə Yaponiya Portuqaliyanın payına düşürdü, rəsmi qaydada ona məxsus olurdu. Sizin özünüz, hər bir qəsr və hər şey Portuqaliyaya veriləcəkdir. Buna cavab olaraq yapon knyazı bildirdi ki, o da Çin imperatoru ilə özü arasında göyü bərabər qaydada yarı böləcəkdir. Katoliklərin bölgüsünə görə 1500-cü ildə Braziliya Pedro Kabral tərəfindən kəşf edildiyinə görə Portuqaliya bu ölkənin də sahibi olmuşdu. Roma Papası onlara bu hüququ vermişdi, o, özünü İisus Xristin yer üzərindəki Keşişi hesab edirdi. Papa VI Aleksandr (onun özü və övladları iyrənc zinakarlıqda, qan qarışdırıcı əlaqələrdə ad çıxarmışdılar) ilk demarkasiya xəttini 1493-cü ildə, Xristofor Kolumbun Yeni Dünyanı, öz gümanına görə isə Hindistanı kəşf etdiyindən bir il sonra təsdiq etmişdi. Papa VII Kliment isə 1529-cu il Saraqos müqaviləsinə icazə vermişdi. Bu müqaviləyə görə Yaponiya barədə, həmçinin Çindən tutmuş Afrikaya qədər Portuqaliyaya müstəsna hüquqlar verilirdi. Əvəzində isə bu ölkələrdə katolitsizm yayılmalı idi. Beləliklə, ingilis dənizçi bir protestant kimi katoliklərin iç üzünü açıb göstərdi, onların dünya ağalığına yiyələnmək cəhdlərini ifşa etməkdən də çəkinmədi.
Yaponiyada təkcə samuraylar at oynatmırdılar. Burada gizli onluq təşkilatı olan Amida Tonq fəaliyyət göstərirdi. Bu cəmiyyətdən heç bir kəs diri şəkildə tutula bilməzdi. Onlar ağalarının göstərişi ilə öldürürdülər, bütöv məxfiliyə malik idilər. Muzdlu qatil öz qəsrinə geri dönüb, sonra böyük mərasimin müşayiəti ilə özünə sui-qəsd ritualını icra edirdi.
Romanda verilən ingilis dənizçisinə Toranaqanın tapşırığı ilə tərcüməçilik edən Mariko-san obrazı yapon qadınlarının təbiətini öyrənməyə çox kömək edir. Marikonun atası ağasına xəyanət etdiyinə görə seppuku icra etməklə həyatını başa vurmuşdu. Bu vaxt onun samuray əri öz həyat yoldaşından imtina etməmiş, onu uzun müddətə şimala göndərmişdi. Bu qadın özünü ağası hesab etdiyi əri Buntaronun çalmaq üçün istifadə etdiyi musiqi aləti hesab edirdi. Mariko ingilisə deyirdi ki, yaponlar üçün ölüm və həyat eyni şeylərdir. Bu təbiətin sarsılmaz qanunudur. Buddizm dininə sitayiş edənlər inanırlar ki, biz çox dəfələrlə doğulmaq və yenidən doğulmaq qabiliyyətinə malikik. Bu o vaxta qədər davam edir ki, biz kamilliyə, qüsursuzluğa qovuşuruq və Nirvanaya - göyə çatırıq. Qadınlar barədə isə deyirdi ki, kişilər onlardan üzr istəmirlər. Kişilər nə edirlərsə düzgün hərəkət etmiş olurlar. Ən azı buna biz qadınlar inanırıq. Əri öz arvadını ölüncə döyə bilər. Qadınların yeganə mükafatı göz yaşlarından əmələ gələn çaydır. Qadınların çoxu nifrət etdiyi adamlara ərə gedirdi. İntim yaxınlıq məsələsinə gəldikdə, bu əlaqəni yaponlar azərbaycanlıların əvvəllər çox işlətdikləri ifadə kimi yastığa (birgə) baş qoymaq adlandırırlar, bunu kişi və qadının fiziki birləşməsinin üsulu hesab edirlər. Bu zinakarlıqdan daha nəzakətlidir. Burada haşiyə çıxaraq onu da qeyd etmək lazımdır ki, içdiyimiz çayı bildirən ifadə də, hansı dildən əxz etdiyimizdən asılı olmayaraq yapon dilindəki "ça" sözündən götürülmüşdür, ingilislər isə çayın əsl vətəni olan ölkənin sakinlərinin - çinlilərin dilindən onların "te" sözünü götürərək, onu "tii" kimi tələffüz edilən "tea" ifadəsi kimi işlədirlər.
Mariko ingilisə müraciət edərək deyirdi ki, "Ancin-san" (yapon dilində şturman "ancin" kimi tələffüz edilirdi) əgər bu üç qadından biri ilə, ya hamısı ilə yastığa baş qoymaq sənin üçün xoşdursa, bunu istəsən, onlar heç də bundan inciməyəcəklər. Həmin qadınların heç birinin əri yox idi. Əgər sən onlarla olmağı arzulamasan da heç bir inciklik olmayacaqdır. Axı sən qadınla yastığa baş qoymadan necə sağlam ola bilərsən? "Axı bu kişi üçün çox vacibdir". Bu rəy Çingiz xanın əbədi həyat, ən azı uzun ömürlülük barədə məsləhət umduğu çinli müdrikin sözləri ilə əkslik təşkil edir. Müdrik qoca Çingiz xana ölməzliyin mümkün olmadığını, uzun ömür üçün isə qadınla intim yaxınlıqdan uzaq olmağın məqsədəuyğun olduğunu demişdi. Bibliyadan sodomlulara məxsus olduğu məlum olan iyrənc əlaqələr yaponlara da məlum idi. Və ingilisə belə intim yaxınlıq imkanı təklif edildikdə o, bunu hiddətlə rədd etdi. Axı, yaxşı bilirdi ki, belə eybəcər pozğunluğa görə Allah iki şəhəri - Sodomla birlikdə Qomorranı bütöv sakinləri ilə birlikdə məhv etmişdi.
Yastığa baş qoymaq Yaponiyada normal hal sayılmırdı. İnsana həzz verən hər hansı bir şey necə günah sayıla bilər? Katolik ruhani xadimlərin tselibatına - nigahsızlığına zidd olaraq bəzi Buddist sektaları hətta intim yaxınlığı bir sitayiş forması kimi təklif edirdi. Allahın bunu lənətləməsini demək ağılsızlıqdır. Mariko bunu şübhəsiz bir həqiqət kimi deyirdi. Yalnız geyşalar istisna təşkil edirdi, onlar heç vaxt yastığa birgə baş qoymağa məcbur edilmirdi. Geyşalar və şagirdlər toxunulmaz hesab olunurdular.
Qadınların sosial həyatda kişilərdən xeyli aşağıda dayanması isə bütün sahələrdə özünü biruzə verirdi. Ərinin sözü qadın üçün qanun idi. Marikonun anası atasının öz saxladığı samuraylara maaş vermək üçün pulu olmadıqda, Kiotoya yollanmış və orada parik düzəldənərə öz saçını satmış və əldə etdiyi pulu gətirib ərinə vermişdi. Qadın üçün borc hissi olduqca vacib idi. Əri və ya xidmət göstərdiyi kişi yatmayana qədər qadın oyaq qalmalı və səhər əri yuxudan oyananda onu qarşılamalı idi. Qadının borcu müstəsna olaraq ərinə xidmət etmək idi. O, daim səbirli olmalı idi. Ərli qadının başqası ilə intim yaxınlığı zinakarlıq hesab olunur və seppuku ilə nəticələnirdi. Ayrı-seçkilik bütün sahələrdə gözə çarpırdı. Fuci-sana, müqəddəs Fuci (və ya Fuciyama) dağına dırmaşmaq, onun kraterli zirvəsinə qalxmaq yaponlar üçün sakral xarakter daşıyır. 1868-ci ilə, Meyci Bərpasına qədər qadınlara hətta bu dağa qalxmağa da icazə verilmirdi. Qadın yalnız oturmuş şəkildə kağız qapını-şocini açıb örtürdü.
Pula münasibətə gəldikdə avropalılardan fərqli olaraq samuraylar üçün pul elə bir əhəmiyyət kəsb etmirdi. Sədaqət yaponların yüksək qiymətləndirdikləri yeganə xüsusiyyət idi, bu onların kultu, buşidosu idi. Onlar özlərini ağalarına xidmətə həsr edirdilər. Pis yaralanmış samurayların hamısı, əgər onlar özlərini öldürməsələr və bunu bacarmasalar, öldürülürdü.
Samuray ləyaqətlə ölürdü. Samuray əsir götürülə və samuray kimi qala bilməzdi. Düşmənə əsir düşmək ən pis şərəfsizlik hesab olunurdu. Adətə görə digər samuray həmişə seppukunun icra edilməsinə köməklik göstərir, dizi üstə çökmüş adamın arxasında laqeyd dayanırdı ki, aqoniya dözülməz şəkil almamış və nəzarətdən çıxdıqdan qabaq onun başını bircə zərbə ilə kəssin.
Axırıncılar baş versəydi bu həyatının ali anında insanı çox biabır etmiş olardı. Sekundantın iştirakı olmadan az sayda adam biabır olmadan ölə bilərdi. Samuray qadınlar seppukunu boğazlarına öz bıçaqlarını soxmaqla icra etdiklərindən, onlara köməkçi lazım olmurdu. Çinlilər isə işgəncə verilməsindən həzz alırdılar.
Buddizm yaponları ətlə qidalanmaqdan çəkindirirdi. Buddanın vətəni olan Hindistanda yaponları "Şərqin şeytanları" adlandırırdılar və öz torpaqlarına silahlı olduqda onların ayaq basmalarına icazə vermirdilər. Yaponlar isə hindliləri "Qaralar" və "İnsan olmayanlar" adlandırırdılar. Koreyalıları isə onlar "Sarımsaq yeyənlər" deyə çağırırdılar və kannibala bənzəyən heyvanlar hesab edirdilər. Onlardan gələn sarımsaq qoxusu hətta onlarla ünsiyyətdə olanın paltarına və saçına hopurdu. Yaponlar güman edirdilər ki, hər iki ölkəni - Koreyanı və Çini işğaldan sonra onlar sivilizasiyalardırmışlar, lakin onu da etiraf edirdilər ki, Çin hələ qədim dövrlərdən sivilizasiyalaşmış bir ölkə idi və yaponlar ondan çox şeyi əxz etmişdilər və özləri də vurğulayırdılar ki, ən yaxşı şeyləri Çindən götürmüşdülər.
İngiltərə kimi Yaponiya da adalar ölkəsi idi, öz dənizlərində ağalıq etməsə kənardan olan düşməndən müdafiəsiz qala bilərdi. Mariko-san ingilisə öz ölkəsinə iki dəfə müdaxilə edildiyini danışdı. Üç yüz ildən çox bundan əvvəl Xubilay xanın monqolları Çini və Koreyanı yenicə işğal etdikdən sonra bizə qarşı hücuma keçdilər. Bu vaxt biz onun hökmranlığına tabe olmağı rədd etmişdik. Bir neçə min adam Kyuşuda sahilə çıxdı, lakin bizim samuraylar onların qarşısını kəsdi və bir müddətdən sonra düşmən geri çəkildi. Bu hadisə 1274-cü ildə olmuşdu. Yeddi il sonra, 1281-ci ildə müdaxilədə demək olar ki, iki yüz min düşmən qoşunları yüklənmiş minə qədər Çin və Koreya gəmiləri iştirak edirdi. Qoşunlar monqollardan, çinlilərdən və koreyalılardan ibarət idi - əksəriyyəti süvari idi. Cənubdan gələn tayfun donanmanı və onun göyərtəsində olan ordunu darmadağın etdi. Sahildə qalanlar tezliklə öldürüldü. Bu kamikadze və ya İlahi Külək idi. Kamikadzeni Allahlar, Allahların bu torpağını xarici işğalçılardan mühafizə etmək üçün göndərmişdi. Monqollar bir daha geri dönmədilər və səksən ilə sonra və ya ona yaxın bir vaxtda onların yaratdıqları Yuan sülaləsi Çindən də kənara atıldı. Ona görə də yaponlar deyirdilər ki, "Onlardan bizi Allahlar qoruyur". Mariko təkrar etdi ki, Allahlar daim bizi müdaxilələrdən qoruyacaqlar. İspan məğlubedilməz Armadası da belə bir qasırğanın köməyi ilə İngiltərə üçün əhəmiyyətsiz bir şeyə çevrilmişdi. Axırıncı hadisə 1588-ci ildə baş vermişdi. Monqollar yəqin ki, avropalılara da rəhm etməzdi. Xubilay xanın babası Çingiz xanın ordaları demək olar ki, Vyananın qapıları ağzına gəlib çıxmışdı, bu vaxt onların hücumu dayandırıldığından geri dönməyə məcbur oldular. Bu Hannibalın Romanın qapısı ağzında dayanıb, geri dönməsinə bənzəyirdi.
Həmin günlərdə adamlar inanırdılar ki, Çingiz xanın əsgərləri Allah tərəfindən göndərilmişdi ki, dünyanı günahlarına görə cəzalandırsın.
Ümumiyyətlə yaponlar ölümdən qorxmurdular. Bu qorxu torpağında ölüm adamların guşənişinliyə çəkilməsi hesab olunurdu. Ölüm yaponların havasının, dənizinin, torpağının bir hissəsi kimi qəbul edilirdi.
Bləksorn altı ay müddətinə əvvəlki kənddə yapon dilini öyrənməyə göndərildikdə daymyo Yabu kəndlilərə elan etmişdi ki, həmin müddətin sonunda ingilis dilimizdə danışa bilməsə, bütün kənd camaatını qılıncdan keçirəcəkdir. Tərcüməçi Mariko-san bunu dənizçiyə dedikdə, o, hiddətini gizlədə bilmirdi, axı kənd sakinlərinin onun dili öyrənib-öyənməməsi ilə nə əlaqəsi vardır. Axşam o, Yabunun qaldığı evə gəldikdə etirazını bildirib, əmrini ləğv etməyi xahiş etdi. Adətə görə daymyo öz əmrini geri götürə bilməzdi, bu biabırçılıq hesab olunurdu. Bu vaxt kobud kənd valisinin yanında o, belə bir ar gətirən əmrə dözməyəcəyini əsas götürərək seppuku etmək üçün xəncərini çıxarıb qarnına soxmaq istədikdə, vali tullanıb onun əlinin zərbəsini saxladı. Həm daymyo, həm də vaxtilə adamların gözü qarşısında Bləksornu nalayiqcəsinə təhqir edən onun qardaşı oğlu məəttəl qalmışdılar, onlar avropalıdan belə cəsarət və fədakarlıq gözləmirdilər. Daymyo Yabu əlacsız qalıb söz verdi ki, əgər o, ikicə söz də öyrənsə, kənd əhalisini cəzalandırmayacaqdır. İngilisə artıq heç də laqeyd olmayan tərcüməçi qadın da onun belə hərəkətinə təəccübünü gizlətməsə də, portuqal dilində ona dedi ki, siz artıq yenidən doğuldunuz, əvvəlki adam deyilsiniz.
Digər bir hadisə də Bləksornu olduqca məyus etmişdi. Yaponlar şahinlə ovladıqları qırqovulu ikinci dəfə ona göndərəndə, ətinin yumşalmasını əsas götürərək, quşu həyətdə boğazından kəndirlə asdı və tapşırdı ki, özünün icazəsi olmadan heç kəs ona toxunmasın. Sonra qırqovulu ümumiyyətlə yadından çıxardı və qayıdanda ona xidmət etmək tapşırılmış dul gəlin bildirdi ki, o, günahkardır, özünü öldürməyə icazə versin. Nəhayət məlum oldu ki, uzun müddət asılı qalan quş iylənib, üfunət iyinə dözə bilməyən hər bir yapon kimi qadın onu götürüb basdırmaq istəyəndə, bağban özü quşun cəsədini açıb, torpağa basdırmış, sonra isə özünü öldürübmüş. Ağanın sözünü, əmrini heç kəs poza bilməzdi, buna cəsarət etsə, könüllü qaydada həyatdan getməli idi. Bləksorn da adi adam deyildi. Toranaqa onu qulluqçu səviyyəsində hatamoto təyin etmişdi. Ona görə də quşa əl vurmaq özünə ölüm hökmü elan etməyə bərabər idi.
Bləksorn yazıq bağbanın ölümünə çox kədərlənməklə yanaşı bu günahsız qadını da öz qərarından döndərə, sakitləşdirə bildi və özünü məzəmmət etdi ki, xalqın qayadalarına bələd olmadan niyə belə ağılsız qəti göstəriş verirsən.
Mariko-san ingilisə dili öyrətmək üçün yapon dilində feilin ingilis dilində olduğutək şəxsi əvəzliklərə görə dəyişilmədiyini, bəzən hətta gələcək zamanda və mücərrəd formada da eyni qaydada tələffüz edildiyini dedi. Hətta cəm və tək isimləri də eynidir. "Tsuma" ifadəsi həm "arvadı", həm də "arvadları" bildirir. "Mən gedirəm" ya "onlar getdi" ifadələri yalnız səsin tonunu dəyişməklə bir-birindən fərqlənir. Lakin hər ikisi eyni qaydada səslənir. Yapon dili qeyri-müəyyən dil hesab olunur. Çinlilər çox ağıllı idilər, deyə Mariko-san bildirdi ki, biz min il əvvəl onlardan yazını əxz etmişik. "Donuz" sözü üçün onlar xarakter və ya ifadə seçirlər. "Dam" simvolu "donuz" simvolunun üstünə əlavə edildikdə, bu "ev" mənasını verir. Qədim dövrlərdə çinlilər düşünürdülər ki, "dam altında donuz" evdir. Onlar buddistlər deyildidilər, ət yeyirdilər, ona görə də onlar üçün, kəndlilərdən ötəri donuz var-dövləti təmsil edirdi, deməli yaxşı idi.
İngilis teatrından fərqli olaraq Yaponiyada aktyorlar və aktrisalar maska geyindirdilər, bunu onlar "No" teatrı adlandırırdılar. Onlar musiqi çalır, bəzən rəqs edir, çox hallarda isə tamaşaya qəmgin, faciəvi və tarixi pyeslər qoyurdular. Bəzən komediya da göstərirdilər. Şekspirin pyesləri onlara yad görünə bilərdi. Ona görə də hətta XX əsrin ikinci yarısında yaponlar Şekspirin məşhur "Kral Lir" pyesi əsasında film çəkəndə xalqın mentalitetini nəzərə alaraq kralın həm xəyanətkar qızlarını, həm də sədaqətli qızını onun guya oğlanları ilə əvəz etmişdilər. Ümumiyyətlə, yaponların ifadə tərzlərini, düşüncələrini anlamaq asan məsələ deyildir. Ona görə də yapon qızı ingilisə deyirdi ki, əgər dinclik istəyirsənsə sən hətta boş fincandan da çayı necə içməyi öyrənməlisən. Sən həm də qayaların böyüdüyünü müşahidə etməyi də öyrənməlisən. O, izah edirdi ki, yastığa birgə baş qoymaq da öz qiymətinə malikdir. Həqiqi məhəbbəti biz borc adlandırırdıq, bu könüldən könülə körpüdür və elə bir ifadə tərzinə ehtiyac duymur - bəlkə ölüm hədiyyəsi istisna olmaqla heç bir fiziki ifadəyə də.
Yaponlar uşaqlıqdan öz içərisində itməyə, özünə kənardan nüfuz edilməsinə imkan vermədən böyüməyə öyrədilirlər. Divarların arxasında yaşayırlar. Əgər bunu bacarmasaydılar, hamı çox güman ki, dəli olardı, hətta hər kəsi və özlərini öldürmək istəyərdi.
Yaponların dili elə çalarlara malikdir ki, cavab vermək istəmədiyi hansısa sualdan yayınmağa, nəzakətli olmağa imkan verir. Başlıca məqsəd həqiqi harmoniya əldə etməkdir. Bu sözləri dedikdən sonra qadın ingilisə bu sirri açdı: "Bizim təbəssümlərimizə və nəcib tərbiyəmizə, bizim seremonial qaydalarımıza və təzim etməyimizə, xoşhallığımıza və bağlılığımıza inanıb, səfehə çevrilmə!"
Romandakı daymyo Toranaqa obrazı müxtəlif situasiyalarda təsvir edilir. Onun müdrikliyi addımbaşı öz təsdiqini tapır. O, şahinlə ov etməyi də çox xoşlayırdı və bilirdi ki, bu yırtıcı quş onu tərk etdikdən sonra başqa quşları və kiçik heyvanları öldürəcək, istədiyi vaxt öz ovunu yeyəcəkdir. Şahin vəhşi varlıqdır, özünə gəldikdə isə müvəqqəti olaraq yerə bağlı ağadır. Şahinin caynaqları ölüm silahı olmaqla, onun gücü çatdığı canlıları məhv edə bilir. O öz qürbanını caynaqlarında tutub, onu yeməkdən əvvəl dimdiyi ilə tüklərini didməyə başlayır. Toranaqa Ancin-sanı geniş qanadlı şahin deyil, tələ yeminə aldanan quzğun hesab edirdi. Toranaqa rəhm etməyi bacarmırdı, oğlunu və arvadını da öldürmüşdü. Onun özünü də xəbərdar etdirdilər ki, İşido səni körpə uşaq öz anasının döşünü əmən kimi əməcəkdir.
Mariko-san ingilisə öyrədirdi ki, Allah və Şeytanın heç nəyə dəxli yoxdur. Daxili aləm və Zahiri aləmin də, həyat və ölümün də heç nəyə dəxli yoxdur. İndi özün kimi ol, üzərinə həyat dalğalarının əbəs yerə hücum çəkdiyi qaya kimi ol. Bir şeirdə deyildiyi kimi, "Göy Günəş tərəfindən qarsalanır, göz yaşları ilə doludur. Ancaq meşə külək tərəfindən yaralanır, ölü yarpaqlarla ağlayır". Əlavə edirdi ki, "Mən əgər sözlərdən xəzan yarpaqlar kimi istifadə edə bilsəydim, mənim şeirlərim necə də tonqal qalayardı".
Yaponların öz dini olan Şinto Kami yolu hesab olunur, min il bundan əvvəl Buddanın yolu olan Buşidodan fərqləndirilmək üçün bu seçilmişdi. Şintoistlər inanc gətirirlər ki, onlar öləndə kamiyə çevrilirlər. O ruha bənzəyir, lakin həm də bənzəmir, Günəşə bənzəyir, lakin həm də bənzəmir də. O göylə yer arasında mövcuddur və Allahın da bu torpağına səfər edirlər və ya onu tərk edirlər, bunların hamısı eyni vaxtda baş verir. Şinto miflərin və əfsanələrin təbiət kultudur, bu əfsanələrdə heç kəs bütünlüklə buna ürəkdən inanmır, həm də hər kəs ümumi qaydada buna pərəstiş edir. Şəxs o vaxt Şintoda olur ki, o, eyni yolla yapon kimi doğulmuşdur.
Ritual yaponların həyatını idarə edirdi, çünki səltənət itaət demək idi. Aşağı daymyolar daha vacib olanları görəndə atdan düşüb, ona baş əyməli idi. Bərabər səviyyədə olan daymyolar görüşdükdə, bu vaxt atdan düşməli və bərabər qaydada baş əyməli və özlərinin ayrıca yolları ilə getməli idilər.
Nəhayət ingilislə Mariko - sanın məhəbbəti axırıncının özünü qurban verməsi hesabına zəfər çaldı. Ancin- sanın ehtirasına cavab olaraq bu gözəl, ağlılı və mərd qadın ona deyirdi ki, əgər mən səninlə tək qalsaydım yalvarmaqla dolu qışqırığın kainatı tutana qədər səni öpərdim. Çünki mənim həyatım səninlə doludur. Görünür doğrudan da həyat yuxu içərisindəki yuxudur.
Mariko-san ingilislə sevgilisinə görə ərinə xəyanət etmiş hesab olunduğundan öz ölümünə hazır idi və ərinə dedi ki, sənin həyatın mənim məqsədimdir. Əri onu döysə də ölümünə razı olmadı.
Lakin Marikonun başı üzərindən ölüm buludu çəkilmirdi. Osakanı tərk etməmək barədə İşidonun əmri qarşısında əlacsız qalıb, ağası Toranaqaya sədaqət naminə qadın özünü öldürməli idi. Seppukunu icra edərkən İşido son anda ona şəhərdən çıxmağa icazə verdiyi barədə imzaladığı sənədi göstərdi və onun özünə sui-qəsdi baş tutmadı. Lakin İşidonun hiyləsinə uyğun olaraq nindzyaların hücumu vaxtı bomba partlamasında Mariko öldü, Bləksorn isə gözlərindən ağır yara aldı. Marikonun cəsədinin yandırılması mərasimində daymyolarla yanaşı heç nəyi görə bilməyən onun ingilis sevgilisi də iştirak edirdi. Müalicə nəticəsində sonralar onun gözlərinin görmə qabiliyyəti bərpa olundu.
Ancin-sanın igidliyini Toranaqa da qiymətləndirirdi, adamlarına göstəriş vermişdi ki, ona hörmətlə yanaşsınlar. Axı ingilis onun özünün və Marikonun həyatını bir neçə dəfə xilas etmişdi. İngilis şturman Osakadan qaçmağa çalışan Toranaqanın həyatını ağlı və şücaəti hesabına başının üstünü alan ölümdən uzaqlaşdırmışdı.
Bləksorn Osakada olarkən gəmisinin yandırıldığını eşitdi. Bu onun vətənə qayıtmaq ümidlərini məhv edirdi. Həmin hadisənin səbəbini Marikonun hələ Edoda olarkən ona yazdığı ilk və axırıncı məktubundan öyrəndi. Yapon qadını xahiş edibmiş ki, ingilis sağ qalsa məktub ona verilsin. Mariko latın dilində yazırdı: "Mən səni sevirəm. Bu məktubu oxumamışdan əvvəl mən Osakada öləcəyəm, güman ki, mənə görə sənin gəmin də məhv olacaqdır... Mənim məhəbbətim, ya səni, ya da sənin gəmini seçmək lazım idi. Bağışla, mən sənin üçün yaşamağını seçdim. Başqa gəmi və başqa həyat qur... Mənim yapon duam - hara deyir ki, sonrakı həyatda necə olursa-olsun mən sənə sevinc gətirəcəyəm və nə qədər sən varsan, səninlə olacağam".
Toranaqa daymyo Yabunun ona xəyanət etdiyindən halı olsa da, buna uzun müddət dözmüşdü. Lakin əlverişli vaxt yetişən kimi onu seppuku etməyə məcbur etdi. Yabu ölümündən əvvəl kağız, mürəkkəb və fırça istədi ki, öz iradəsi və ölümü barədə şeir yazsın. Onu öz doğma qardaşı oğlu Omi də Toranaqaya satmışdı. Şeirdə bu sözlər var idi:
"Nədir buludlar?
Göyə haqq qazandırmaq üçünmü?
Nədir həyat?
Yalnız ölümdən qaçmaq üçünmü?"
Toranaqa özünü təhlil etməyi də bacarırdı. Düşünürdü ki, onun doğulduğu həyat nadir nümunədir, səhrada qəflətən qarşıya çıxan çiçəyə bənzəyir, bunun karmadan başqa bir səbəbi yoxdur, bu çiçək tez açılır, tez də yoxa çıxır. İndicə ovucundan uçurduğun şahin ov üçün uçur və şikarı ilə geri qayıdacaqdır. Bir ya iki mövsümdən sonra həmişəlik yoxa çıxmaq üçün o da özünü hava axınına atacaqdır.
Özünü aldatmağa dəyməz, bu məhvedicidir.
Toranaqa ingilisin Marikonun yaxşı və faciəli vaxtlarda, hətta həyatının qışında da sevdiyini bilirdi. O qadın daim onun arzularının sərhədində idi. Və qadına haqq qazandırmaq üçün Toranaqa ürəyində deyirdi ki, Mariko - san şərəflə ölmək və əbədi yaşamaq sənin karman idi. Bu fikirlərinin sapını çözərkən ingilisə müraciət edirmiş kimi dedi: "Ancin - san sən mənim dostumsan, karmana görə sən heç vaxt bu torpağı tərk etməyəcəksən. Mən isə Şoqun olmalıyam".
Toranaqanın öz məqsədinə çatması naminə çoxları həyatdan məhrum oldu.
Nəhayət, o, İşido üzərində də qələbə çaldı. Həmin ilin onuncu ayının bir sübh çağı Şimal yolunun kənarındakı dağlarda hava dumanlı idi. Toranaqa günortadan sonra döyüşdə qalib gəldi və qətl tufanı başlandı. Qırx min baş yerə sərildi. İşidonun özü əsir götürüldü və camaata göstərilmək üçün öz şəhəri Osakaya zəncirlənmiş şəkildə gətirildi. Vaxtilə bu şəhərdə o, Toranaqanı öldürmək istəmişdi, lakin ingilis özünü dəliliyə vurmaqla axırıncını xilas edə bilmişdi. İşido boğazına qədər torpağa basdırıldı və yoldan keçənlər onun boynunu bambuk çubuğunun iti ucu ilə mişarlayırdılar. Üç gün sonra İşido öldü. Toranaqanın Şoqunluğa yolu açılmışdı və az vaxtdan sonra o, arzusuna çata bildi.
Kitab orta əsr Yaponiyası barədə geniş məlumat mənbəyi olmaqla yanaşı, böyük maraqla oxunur. XVIII əsrin sonu, XIX əsrin birinci yarısında yaşayıb yaratmış böyük yapon rəssamı Hokusay Katsşikonun "Fuci dağına yüz baxış" tablolarına baxdıqca stixiyanın möcüzəli qüdrətinə heyran olduğun kimi, romanda təsvir olunan insan təbiətinin gizli cəhətlərinə, ehtirasların hədd tanımamasına laqeyd qala bilmirsən. Yapon etikasının yad görünən cəhətləri belə, bu xalqın tarixinə olan marağı heç də azaltmır, əksinə bu insanların müəmmalı görünən həyatına və davranış tərzinə daha yaxından nüfuz etmək istəyi yaradır.
Ceyms Klavellin əsəri tarixi faktlara əsaslanır. Baş qəhrəman Con Bləksorn obrazında 1600-cü ildə ilk dəfə Yaponiyaya gələn britaniyalı dəniz səyyahı, şturman və tacir Uilyam Adams təsvir olunmuşdur. O, Toranaqa obrazında verilmiş şoqun Tokuqava İeyasunun müşaviri olmuş və ona qərb gəmisi modelində ilk gəmini düzəltdirmişdi. Şoqun İeyasu Yaponiyda mərkəzi dövlət yaratmış və Tokuqava şoqunları sülaləsinin əsasını qoymuşdu. Kitabda cərəyan edən hadisələrdən üç il sonra - 1603-cü ildə o, imperatoru məcbur etdi ki, ona şoqun titulunu versin və bu vaxtdan Edo dövrü kimi tanınan Tokuqava şoqunatının 250 illik idarəçilik dövrü başlandı. İki il sonra o, hakimiyyəti oğluna versə də, faktiki olaraq ölkənin idarə edilməsini davam etdirdi. Ancin-sama adı altında tanınan Uilyam Adams isə böyük nüfuz sahibinə çevrildi və bir daha vətəninə qayıtmadı, 1620-ci ildə 55 yaşında vəfat etdi. Axı İeyasu qərara almışdı ki, şkiper Uilyam Adams ölmüşdür və samuray Ancin Miura doğulmuşdur.
Lakin romanı heç də etnoqrafik məlumatlar məcmuəsi hesab etmək düzgün deyildir. Əsərdəki qəhrəmanlar müxtəlif əqidəli, mənəviyyatlı insanlardır, bu fərqli həyat tərzləri və talelər tam təsadüfi olaraq bir-birinə birləşmiş, qovuşmuşdur. Rəngarəng saplar hörülüb naxışlı xalça əmələ gətirdiyi kimi, romanda da düşüncələri və hərəkət prinsipləri bir-birinə bənzəməyən adamların dünyasından böyük bir həyat kəsiminin maraqlı mənzərəsi yaranmışdır.
Qədim tarixə və sivilizasiyaya malik olan bu xalqın özünəməxsus həyat fəlsəfəsi qəribəlikləri ilə yanaşı ibrətamizdir. Təbiətin xeyli xəsislik göstərdiyi, ancaq sakinlərinin nəsillər boyu iradəsi və zəhməti ilə gözəlləşən və zənginləşən bu ölkəyə heyran olmamaq mümkün deyildir. Sadəcə olaraq bu ölkəyə açıq ürəklə yanaşmalısan, əvvəlcədən gəldiyin düzgün olmayan rəyi kənara atmalısan. Onu ağılla dərk etmək mümkün deyilsə, ürəklə anlamaq lazımdır. Ernest Heminqueyin bir gözəl şəhər haqqında dediyi sözləri bu ölkəyə şamil edib, demək istəmirəm ki, oxucu, Yaponiya həmişə sənin üçün bayram olacaqdır. Ancaq bu ölkəni dərk etmə adama yalnız sevinc gətirəcəkdir. Təbiətə pərəstiş edən bir xalq, əgər bunu dini ehkama çevirmişdirsə, ən azı hələ min il əvvəl gözəlliyin dünyanı xilas edəcəyi mülahizəsinə gəlməyi bacarmışdı. Bu xalq insanın öz həyatının, öz xoşbəxtliyinin yaradıcısı olması barədə qədim yunan fəlsəfəsinin irəli sürdüyü ideyanı gerçəkləşdirə bilmişdir. Lakin yaponlar heç də sadə bir şəkildə olan, nəfsini saxlayan həyat tərzini, xarici aləmin həyəcanlarından uzaqlaşmaq, könül sakitliyinə qovuşmaq prinsipini qəbul etmirlər. Onlar əylənməyi, şadlanmağı da bacarırlar. Onların saldığı şəhərlərə, tikdirdikləri körpülərə, estakadlara baxanda elə təsəvvür yaranır ki, hər bir nəsil elə bil ki, əbədi yaşamağı düşünür, şənlik etmələrinə, əylənmələrinə, yeyib-içməklərinə, sakuranın cəmi bir həftə davam edən çiçəklənməsinə qibtə olunan bir heyranlıqla tamaşa etmələrinə baxdıqda isə, adama elə gəlir ki, onlar ömürlərindəki axırıncı fürsəti də əldən vermək istəmirlər.
Yaponiya təbiəti insana qarşı heç vaxt əliaçıqlıq göstərməmişdir, ona həyat nemətlərini asanlıqla verməmişdir. Belə şərait adamları zəhmətə alışdırırdı, zəruri yaşayış şərti kimi əməksevərliyə sövq edirdi. Təbiətdən heç nəyi hazır şəkildə ala bilməyən yapon daha çox öz qüvvəsinə, səyinə bel bağlamışdı, lap qədim dövrlərdən bu qaydada formalaşmışdı. Axı insan cəmiyyətinin uşaqlığı da öz xüsusiyyətlərinə malikdir. Tərbiyəsiz uşaq da, yaşlı adamlar kimi ağıllı hərəkət edən uşaqlar da olur. Qədim yaponları yəqin ki, normal uşaqlar saymaq olardı, çünki onlar öz gələcək inkişafları üçün belə möhkəm bünövrə yaratmışdılar. Bu gün də bu xalq müasir sivilizasiyanın inkişafına nəhəng töhfələr verir. Yaponların öz vətənlərini insanın firəvan yaşaması üçün lazım gələn hər şeylə təmin edən bir diyara, az qala yerüstü cənnətə çevirmək sahəsindəki fərasətinin birinci əlaməti və axırıncı təsdiqi bu ölkədəki proqressin səviyyəsi, qazanılan nailiyyətlərdir.
Bir yapon müdrikinin kəlamına görə, qələbənin əldə edilməsi imkanı düşməndən asılıdırsa, məğlubedilməzlik sənin özündən asılıdır. Qabiliyyəti, yenilik hissinə sönməz həvəsi və yaxşı ənənələrə sədaqəti, mübaliğəsiz deyilsə, bu xalqa öz hərtərəfli istedadını nümayiş etdirməyə imkan vermişdir. Kimsə kor-koranə qaydada əhəmiyyətsiz bir şeyə sitayiş edirsə, bu inancın özündə qüsur vardır. Təəccüblənmək üçün isə bu ölkədə çox şey vardır. Yapon xalqının müasir həyat fəlsəfəsi göz qabağındadır və ona haqq qazandırmaq üçün heç bir izaha da ehtiyac yoxdur. Ölkə isə təbii və insanlarının əli ilə yaradılmış gözəlliyinə görə valeh olmağa layiqdir və bu hissi etiraf edənləri qınamaq da haqsızlıqdır.
E-link / keçid: http://525.az/view.php?lang=az&menu=7&id=16180