ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
"525 kitab" seriyası
Söhrab Sipehri
Suyun ayaq səsi
Şeirlər və poema
Bakı - Mütərcim -2010
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "525-ci qəzet"in "525 kitab" seriyası "Dünya ədəbiyyatı" dərgisinin texniki iştirakı ilə
Fars dilindən tərcümə edən və ön sözün müəllifi: Məsiağa Məhəmmədi, filologiya elmləri namizədi
Seriyanın rəhbəri: Rəşad Məcid "525-ci qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi
Seriyanın tərtibçisi və redaktoru: Səlim Babullaoğlu, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru
Nəşrin redaktoru: Əliş Mirzallı
Söhrab Sipehri. Suyun ayaq səsi. Şeirlər və poema / "525 kitab" seriyası. - Bakı: Mütərcim, 2010. - 60 s.
© "525-ci qəzet", 2010
Portalımız ustad Məsiağa Məhəmmədi həm filoloq alim, həm mütərcim, həm də bu kitabın e-variantını bizə təmənnasız təqdim etdiyinə görə xüsusi minnətdarlığını bildirir!!!
Məsiağa Məhəmmədi
VƏCD İLƏ KƏŞF ARASINDA yaxud GÜLLƏRİN NƏBZİNİ TUTAN ŞAİR
Zəngin tarixi köklərə və bədii-estetik ənənələrə malik fars poeziyası XX yüzillikdə çoşqun inkişaf dövrü yaşamış, getdikcə daha sıx inteqrasiya olunduğu dünya ədəbiyyatına daim adları ilə öyündüyü böyük klassiklərlə yanaşı, bir sıra önəmli müasir simalar bəxş etmişdir. Beşiyi başında Nima Yuşicin (1895-1960) durduğu modernist mahiyyətli "yeni şeir" ("şe'r-e nou") hərəkatı ötən əsrin 50-60-cı illərində özünün bütöv bir pleyadasını ərsəyə gətirməklə, fars poeziyasında aparıcı təmayülə çevrildi və öz sürətli təkamülünün yeni mərhələsinə daxil oldu.
Bu dövr şairləri içərisində Söhrab Sipehri istər "yeni şeir"in gəlişməsinə verdiyi töhfə, istərsə də yaradıclıq üslubunun özünəməxsusluğu, dünyaduyumunun bənzərsizliyi baxımından xüsusi diqqət çəkir (Sipehrinin müasiri, ünlü fars şairəsi Foruğ Fərruxzad belə deyirdi: "Söhrab hamıdan fərqlənir"). Təsadüfi deyil ki, özündən sonrakı poetik nəslə ciddi təsir bağışlayan Sipehri poeziyasına bütün dünyada maraq ilbəil artmaqda, əsərləri müxtəlif dillərə tərcümə edilməkdədir.
Sipehrinin şəxsiyyətinə özəl marağı şərtləndirən amillərdən biri də budur ki, o, İran mədəniyyəti tarixinə təkcə böyük şair kimi deyil, həm də dünyaca məşhur modernist rəssam kimi daxil olmuşdur.
Söhrab Sipehri 7 oktyabr 1928-ci ildə İranın indiki İsfahan ostanına (əyalətinə) aid Kaşan şəhərində anadan olub. Atası poçt və teleqraf idarəsində işləsə də, sənətə bağlı adam idi: sonralar şairin özünün də yazdığı kimi, tar düzəldər və çalardı, gözəl xəttat idi, şeir vurğunuydu. Bu da Söhrabın sənətə meyllənməsində izsiz ötüşməmişdir, baxmayaraq ki, şair atasını erkən itirmiş və anasının himayəsində böyümüşdür. Söhrabın xarakteri də bir növ bədii yaradıcılıqla məşğul olmasına şərait yaradırdı. Onu yaxından tanıyan həmyerlisi, şair və maarif xadimi Müşfiq Kaşaninin yazdığına görə, Söhrab son dərəcə ədəbli, utancaq, təkliyi sevən bir insan idi, ictimai yerlərdən qaçar, gözlərini mavi səmaya, axar suya zilləyib özünə dalmağı üstün tutardı. Bununla yanaşı, hədsiz dərəcədə zəhmətkeş və çalışqan idi, işləməkdən, oxuyub-öyrənməkdən yorulmazdı. Bacısı Pəridoxt Sipehrinin xatirələrindən bəlli olur ki, artıq on dörd yaşınadək Söhrab fars ədəbiyyatı ilə yanaşı, Lamartin, Höte, Zolya, Şatobriyan və Hüqo kimi Qərb müəlliflərinin əsərlərini mütaliə edibmiş. Hələ orta məktəbdə oxuyarkən rəsm çəkməyə böyük həvəs göstərən Söhrab on səkkiz yaşından şeir də yazmağa başlayır.
Tehranda iki il texnikumda oxuyan Söhrab yenidən doğma şəhəri Kaşana qayıdır: o dövrün qanununa əsasən, o, beş il ərzində məcburi qaydada əyalətdə müəllimlik etməli idi. Lakin həmin vaxt Kaşan təhsil idarəsinin rəis müavini olan adı çəkilən Müşfiq Kaşaninin təklifinə əsasən, o, sözügedən idarədə işləməyə başlayır. Həmin dövrdə yaradıcılıqla yanaşı, intensiv mütaliə ilə məşğul olur.
Bununla bağlı M.Kaşaninin qeyd etdiyi bir məqam Söhrab poeziyasının xarakteri ilə bağlı müəyyən məsələlərin üzərinə işıq salır: Söhrab klassik farsdilli ədəbiyyatdan "hind üslubu" adıyla məşhur olan cərəyan nümayəndələrinin yaradıclığına (Saib Təbrizi (1601-1676), Kəlim Kaşani (vəf. 1651), Nəziri Nişaburi (vəf. 1614), Əbdülqadir Bidel (1644-1721) və s.) xüsusi maraq göstərir, onları dərindən araşdırıb öyrənirmiş; hətta səfərlərə də Saibin, yaxud Bidelin divanını götürər, ona çətin gələn beytlərin mənasını ədəbiyyat bilicilərindən soruşarmış.
1948-ci ildə Sipehri Tehran universitetinin incəsənət fakültəsinə daxil olur
və bununla da rəssamlığı özünə peşə seçir. Ədəbi yaradıcılığına da ara verməyən şair 1951-ci ildə özünün "Mərg-e rəng" ("Rəngin ölümü") adlı ilk şeirlər toplusunu çap etdirir. Həmin topluda onun "yeni fars şeirinin atası" Nima Yuşicin güclü təsiri altında olduğu aydın görünür. Bu təsirin izləri Söhrabın 1953-cü ildə işıq üzü görən "Zendegi-ye xabha" ("Yuxuların həyatı") başlıqlı ikinci kitabında sezilməkdədir, hərçənd kitabın adı və məzmunu şairin açıq-aşkar sürrealizmə meyllənməsindən də xəbər verirdi. 1955-ci ildə məşhur "Süxən" ("Söz") dərgisində Sipehrinin yapon şeirindən tərcümələri çap olunur. Universiteti bitirdikdən sonra Sipehri bir sıra dövlət idarələrində çalışır, qısa müddət tədrislə məşğul olur, eyni zamanda rəssam kimi bir neçə sərgidə iştirak edir; 1961-ci ildə Tehranda onun ilk fərdi sərgisi açılır. Buna qədər isə o, Avropaya (Paris, London, Roma...) səfər etmiş, 1960-cı ildə Yaponiyaya gedərək, ağac üzərində həkkaklıq sənətini öyrənmiş, geri dönərkən yolunu çox sevdiyi Hindistandan salmışdı. İlk fərdi sərgisinin baş tutduğu həmin 1961-ci ildə Söhrab Sipehri bir-birinin ardınca iki şeir kitabını - "Avar-e aftab" ("Günəşin qəlpələri") və "Şərq-e ənduh" ("Kədərin şərqi") - oxuculara təqdim edir. Bu kitablar poetik
yetkinliyin göstəricisi olmaqla yanaşı, şairin yaradıclığında yeni bir istiqamətin başlanğıcından xəbər verir (təsadüfi deyil ki, bəzi tənqidçilər "əsil Söhrab"dan danışarkən, onun ilk iki kitabını kənara qoyurlar). 1965 və 1966-cı illərdə "Arəş" rüblük dərgisində çap olunan "Səda-ye pa-ye ab" ("Suyun ayaq səsi") və "Mosafer" ("Yolçu") poemaları isə bu istiqamətin başlıca parametrlərini ortaya qoyur. Burada söhbət sadəcə fərdi üslubun müəyyənləşməsindən deyil, bütöv poetik-fəlsəfi sistemin yaradılmasından gedir. Bu sistemi "Söhrabın dünyası" adlandıran o illərin ən populyar şairi Foruğ Fərruxzad yazırdı: "Onun (Sipehrinin - M.M.) fikir və hiss dünyası mənim üçün dünyaların ən maraqlısıdır. O, konkret məkan, zaman və insanlardan danışmır, insandan və həyatdan söz açır. Buna görə
də genişdir... Əgər o, bütün gücünü şeirə həsr edərsə, onda görərsiniz haralara gedib çıxacaqdır". Amma Foruğun arzusuna rəğmən, Sipehri rəssamlıq fəaliyyətindən bir gün də qalmırdı. Onun əsərləri İranla yanaşı, Fransada, ABŞ-da, Braziliyada, İsveçrədə fərdi və kollektiv sərgilərdə nümayiş etdirilirdi. Şairin müxtəlif ölkələrə səfərləri də davam edirdi: Almaniya, İspaniya, Hollandiya, Yunanıstan, Misir, Pakistan, Əfqanıstan... 1962-ci ildə özünü büsbütün yaradıcılığa həsr etmək məqsədilə dövlət işlərindən birdəfəlik uzaqlaşması buna imkan yaradırdı.
Beləliklə, Sipehri yaradıcılıqla bağlı böyük bir həqiqəti təsdiqləmiş oldu. Bu
barədə M.Kaşani yazırdı: "Söhrab təkliyə çəkilməyi ədəbi yığıncaqlarda və şeir məclislərində iştirakdan üstün tuturdu. O deyirdi ki, orijinal sənətkar özü öz yerini tutur, burada hər hansı təbliğata elə də ehtiyac yoxdur. Özü də belə idi və belə də etdi". 1968-ci ildə çap olunan "Həcm-e səbz" ("Yaşıl həcm") adlı kitabı Söhrab Sipehrinin poetik istedadını bütün miqyası ilə nümayiş etdirdi və İran ədəbiyyatşünaslarının dediyi kimi, onu modern fars şeirinin beş aparıcı simasından birinə (digərləri Nima Yuşic, Əhməd Şamlu, Foruğ Fərruxzad və Mehdi Əxəvani-Salis sayılır) çevirdi. Həmin dövrdə (1960-1970-ci illərdə) İranda ədəbi gündəmin mərkəzində dayanan Sipehri poeziyası çeşidli tənqidlərə də məruz qaldı. Kimlərsə onu "ictimai öhdəlik"dən qaçmaqda, kimlərsə poetik dili danışıq ("küçə və bazar") dili səviyyəsinə salmaqda ittiham etdi. Şairin yaradıcılığının bədii-fəlsəfi mahiyyətinə də yanaşmalar müxtəlif idi. Kimlər üçünsə o, sürrealist, kimlər üçünsə buddist, kimlər üçünsə sufi (neosufi)... idi. Söhrabda bunların hamısı vardı, amma
o həm də bunların heç biri deyildi. Onun buddizmə marağı şübhəsiz bir faktdır, məsələn, "Nilufər" və "Bodhi" kimi şeirləri bunu aydın göstərir. Onun fransız sürrealist poeziyasına (və Uilyam Bleykə) vurğunluğu da bəlli məsələdir və şeirlərində yuxu ilə gerçəkliyin qarışdırılması, irrasionallığa meyl bunun təzahürüdür. Söhrabın şeirlərində sufizmin "fəna", "təcəlla", "vəcd", "kəşf" kimi istilahları işlənməkdədir, amma bununla belə onun mistikası fərqli mahiyyətdədir.
Üstəlik, Söhrabın öz simvolikası da var: "gecə", "quş", "su", "pəncərə", "alma", "hovuz", "heçlik" və s. Məsələ bundadır ki, Söhrab yeni fars poeziyasında görünməmiş, qeyri-adi bir sintez həyata keçirmişdir və onun dünyaya baxışı universal səciyyəlidir. Buradan onun "hind üslubu" şairlərinə xüsusi marağının kökü aydınlaşır.
Sipehrini ictimai həyata biganəlikdə suçlayanlardan biri "İran ədəbi tənqidinin patriarxı" adlandırılan və əslən Təbrizdən olan böyük yazıçı, şair və filosof Rza Bərahəni olmuşdur. Sonralar R.Bərahəni müsahibələrinin birində deyir:
"Vaxtilə mən Söhrab haqqında bir məqalə yazmışdım... O zamanlar mən sırf
ictimai bir şair idim və əqidəm beləydi ki, belə bir zamanda şair gərək səngərdə olsun. Bu yöndən mən Sipehrinin şeirini qəbul edə bilməzdim. Təbii ki, mən bu gün o cür düşünmürəm..." Və sonra: "Sipehri poetik səmimiyyətin yeni bir hüduduna yetişmişdir". Sonuncu, şübhəsiz, Sipehri şeirinə verilən çox düzgün və həm də çox yüksək qiymətdir. Bu cəhət xüsusən "Suyun ayaq səsi" poemasında bütün parlaqlığı ilə özünü göstərir. Həmin əsərdə Söhrabın dünyaduyumunun əsas cəhətləri son dərəcə aydın ifadəsini tapmışdır. Təfsilata varmadan deməliyəm ki, şair insanları yeni baxışa yiyələnməyə çağırır: "Gözləri yumaq gərək, başqa cür görmək gərək". Bunun üçünsə, insanlar geriyə baxmaqdan qurtulmalı, ənənə yükündən, hər cür stereotiplərdən, hətta sözlərin şüurda doğurduğu ənənəvi obrazlardan xilas olmalı, təbiətdə əriməyi, təbiətdə qərq olmağı bacarmalıdırlar: "Həyat "indi" hovuzunda çimməkdir". "Həm sətir, həm ağ" şeirində bu halı "vəcd
ilə kəşf arasında" bir durum kimi səciyyələndirən şair əmindir ki, bu zaman
güllərin nəbzinin döyüntüsünü duymaq, ağacların nəfəsinin səsini eşitmək... və əbədiyyətə dalmaq mümkündür. Bu üzdən bir çox ədəbiyyatşünasların fikrinə rəğmən, Sipehri poeziyasında pessimizm, bədbinlik yoxdur, əksinə, öz sözlərilə desək, şur var, şövq var, şadlıq var...
Söhrab Sipehrinin daha bir kitabı - "Ma hiç, ma neqah" ("Biz heçik, biz -
baxış") 1977-ci ildə çap olunur. Elə həmin il şair sanki ömrünün sona
yaxınlaşdığını duyaraq, altı toplusunun, iki poemasının və o vaxtadək çap
edilməmiş şeirlərinin daxil olduğu "Həşt ketab" ("Səkkiz kitab") adlı külliyatını
nəşr etdirir (bəzi ədəbiyyatşünaslar bu adda buddizmin səkkiz müqəddəs
mərhələsinə işarə görürlər). Az sonra şairin ağır xəstəliyə - qan xərçənginə
mübtəla olduğu aydınlaşır və bunula əlaqədar o, 1979-cu ilin sonlarında Londona yollanır. 1980-ci ilin martında Tehrana qayıdan Sipehri həmin il aprelin 21-də dünyasını dəyişir və öz vəsiyyətinə əsasən, Kaşan yaxınlığındakı Ərdəhal kəndində dəfn olunur...
Sonda onu qeyd edim ki, Söhrab Sipehrinin bütün toplularını əhatələyən bu
kitabdakı tərcümələr, texniki səbəbdən sonda verilmiş "Suyun ayaq səsi" poeması istisna olmaqla, xronoloji prinsiplə, yəni yazılma ardıcıllığı ilə düzülmüşdür və diqqətli oxucu bununla şairin məfkurə və sənətkarlıq baxımından təkamülünü də izləyə bilər. Və bir də: Sipehrinin yaradıcılığına daim maraq göstərən və əslində bu tərcümələrin meydana çıxmasının təşəbbüskarı olan dəyərli şairimiz, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Səlim Babullaoğluna təşəkkür etməyi özümə borc bilirəm.