Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Yeni həyat". Sevgi ilə ölümün üz-üzə gəlməsini, onların insan qəlbinə olan təsirini göstərərək ayrılıqda götürülmüş bir fərdin həyatına qeyri-adi, bəşəri məna

Müəllif:

Dante Aligyeri


Kateqoriya:

İtaliya



Qısa Təsvir:

Dante Aligyeri. "Yeni həyat". Sevgi ilə ölümün üz-üzə gəlməsini, onların insan qəlbinə olan təsirini göstərərək ayrılıqda götürülmüş bir fərdin həyatına qeyri-adi, bəşəri məna... 


Baxış sayı: 30
    
    


Orijinaldan tərcümə

 

Dante Aligyeri

 

İtaliya

1265 -1321

 

Yeni həyat 
    
Ravennanın San-Piero - Maccore kilsəsindəki mərmər sərdabələrdən birində uyuyan Dante Aligyerinin vəfatından yeddi əsrə yaxın bir vaxt keçməsinə baxmayaraq, onun təkrarolunmaz yaradıcılığı dünya bədii fikrinin mənəvi dəyərlərindən biri kimi qalmaqdadır. "İlahi komediya"nın bəşər mədəniyyəti tarixində yüksək göstəricilərdən biri olması nə qədər danılmaz həqiqətdirsə, xristian-katolik məfkurəsinin məhsulu sayılan və ümumilikdə, dünya ədəbiyyatının şah əsərlərindən biri olan bu poemanın Məhəmməd peyğəmbərin (ə) meracı əsasında qələmə alınması faktı bir o qədər müəmmalı və heyrətamizdir. Bu problem bir əsrə yaxın vaxt ərzində "çaylar qədər mürəkkəb" aparsa da Avropa alimləri tərəfindən tam şəkildə həll edilməmiş qalaraq, nəhayət, son illərdə dünya dantoloqlarının bütün mümkün "tərəddüdlərinə" baxmayaraq, "müəyyən korrektivlər" çərçivəsində danılmaz fakt kimi qəbul edilmişdir. Düşünürük ki, bu problem, məsələnin qoyuluşunda maraqlı olan islam ilahiyyat alimləri və italyanşünasları tərəfindən də əsaslı şəkildə araşdırılmalıdır. (Bu mövzuya həsr olunmuş informativ xarakterli bir məqalə ilə məlumat verməyi nəzərdə tuturuq).
Dantenin 26 yaşında qələmə aldığı "Yeni həyat" əsəri onun ilk uşaqlıq məhəbbəti olan , 1290-cı ildə 25 yaşında vəfat etmiş Beatriçe Portinariyə həsr olunmuşdur. "Yeni həyat" şairin 1283 - 1290-cı illərdə yazdığı, konkret süjetlər üzrə yerləşdirilmiş, avtobioqrafık və falsəfi-estetik şərhlərlə təqdim olunan şeirlər toplusundan ibarətdir. Avropa ədəbiyyatı tarixində ilk lirik avtobioqrafiya sayılan bu romantik povestin nisbətən erkən yazılmış şeir hissələri, "yeni şirin üslub" (dolce stil nuovo) lirikasının ən yaxşı nümunələrini təşkil etməklə, bir qədər gec qələmə alınanları, məsələn, Beatriçenin ölümünə həsr olunmuş parçalar artıq "İlahi komediya"nın üslubunu xatırladır.
"Yeni həyat" mürəkkəb əsərdir. Burada Dante sevgi ilə ölümün üz-üzə gəlməsini, onların insan qəlbinə olan təsirini göstərərək ayrılıqda götürülmüş bir fərdin həyatına qeyri-adi, bəşəri məna verir. Bunu əsərin adından da görmək olar. Latın dilindəki "nova" sözü (italyanca "nuova") təkcə "yeni" deyil, həmçinin "qeyri-adi" deməkdir. Povestin qəhrəmanı da Beatriçe ilə ilk görüşündən sonra məhz belə bir həyata, - yeni, qeyri-adi həyata qədəm qoyur.
Əsərin məzmunu kimi, forması da (prozometriya) mürəkkəbdir. Bu forma Qərb ədəbiyyatında Dantedən əvvəl də mövçud olmuşdur. Son dövrlər Roma şairi Boetsinin "fəlsəfənin təsəllisi" risaləsi, fransız cəngavər romanı "Okassen və Nikolett", provansal poeziyası topluları və s. kimi bədii nümunələr bu formada yazılmışdır. Ancaq, "Yeni həyat"da tam dolğunluğu və özünəməxsus lirizmi ilə təsvir olunan həyat psixologiyası, sevgi və ölümün insan qəlbinə təsiri problemi bu formanın daxilində sarsılmaz vəhdət təşkil edir.
Həmçinin, qeyd etmək lazımdır ki, intonasiyanın fərdi şəkildə təsirli olmasını təlqin edən müasir poetik tələblərdən fərqli olaraq, orta əsr şairləri belə hesab edirdilər ki, poetik universallıq yalnız simvolik ümumiləşdirmələr vasitəsilə əldə oluna bilər, - özü də təkcə simvolu yaratmaqla yox, həm də onu şərh etməklə.
Bu əsər, eyni zamanda, gələcək bəşəri bir poemanın müəllifındən, onun mücərrəd düşünmək imkanlarından və sərrast təhlil qabiliyyətindən də xəbər verir. Dantenin poetik məharəti - yığcam və səlis üslubda, cüzi vasitələrlə son dərəcə qabarıq və yaddaqalan surətlər yaratmaq bacarığındadir.
"Qoy, o eşq yolunu..." soneti sentimental - psixoloji xarakter daşıyır. "Qəlbimin hüznündən..." kantsonası isə xoral ağı formasında yazılmışdır. Hər iki şeir nümunəsinə özünəməxsus mürəkkəb qafiyələr sistemi xasdır. Dantenin özü və italyan dili haqqında söylədiyi fikirlər onun üç kantsonasına (nəğməsinə) yazdığı müfəssəl şərhlərdən ibarət olan, yarımçıq qalmış "Ziyafət" (1303-1306) əsərindən götürülmüşdür. "florensiyalı dosta" adlı məktubu isə onu bir şəxsiyyət kimi xarakterizə edən maraqlı tarixi sənəddir. Məktub latın dilində, sadə epistolyar janrda yazılmışdır. (1315-ci ilin amnistiyasına görə, florensiyadan sürgün olunmuş Dante vətəninə qayıtmaq üçün alçaldıcı şərtlərlə razılaşmalı idi. O, cərimə ödəməli, kətan köynəkdə, başında kağız qalpaq, əlindəki yanılı şamla şəhərdən keçərək həmvətənləri qarşısında "günahlarını" boynuna almalı idi. Məktub Dantenin qayını Monetto Donatiyə unvanlanıb).
"Ədəbiyyat qəzeti"nin oxucularına təqdim olunan parçalar şairin yubiley külliyyatından götürulmüşdür (Dante Aligyeri. Külliyyatı, Leypsiq - 1921).


Tərcüməçi

-----------------------------

1. Yaddaş kitabımın1 o yerində ki, ona qədər çox az şeyi oxumaq mümkündü, belə bir başlıq var: incipit Vita Nova2. Bu başlıq altında yazılmış sözlər3 var ki, mən onları, - əgər hamısını olmasa da, hec olmasa onların mənasını, - bu kitabçada təqdim etmək istərdim.
2. Mən anadan olandan sonra işığın səması4, bir növ özünün daimi fırlanmasında5, artıq doqquz dəfə6 başlanğıc nöqtəsinə qayıtmışdı ki, ruhumun müşərrəf xanımı ilk dəfə olaraq gözlərim önündə canlandı; çoxları da onu Beatriçe7 deyə çağırmağa başladılar, bilməyərək ki, onu elə belə də çağırmaq lazımdır. O, bu həyatda artıq bir o qədər yaşamışdı ki, bu müddət ərzində ulduzlu səma dərəcənin on ikidə biri qədər şərqə tərəf hərəkət etmişdi8 belə ki, o doqquz yaşının əvvəlində mənim gozlərim önünə gəlmişdi, mən isə onu demək olar ki, doqquz yaşımın sonunda görmüşdüm. O, son dərəcə nəcib al-qırmızı rəngli, təvazökar və ləyaqətli bir geyimdə gözlərim önündə canlanmışdı, kəmərlənməsi də, bəzəkləri də elə bir tərzdə idi ki, həddən ziyadə gənc yaşına uyğun gəlirdi. Bu yerdə, - doğru sözümdür, - qəlbimin ən məhrəm bucağında qərar tutmuş həyat ruhu elə şiddətlə titrəməyə başladı ki, ən zərif damarlarda belə özünü qorxunc tərzdə büruzə verdi və titrəyərək bu sözləri dedi: "Ecce Deus fortior me, qui veniens dominabitur mihi"9. Bu yerdə, hissiyyat ruhlarının öz qavrayışlarını apardığı yuxarı tərəfdə qərar tutmuş heyvani ruh son dərəcə heyrətlənməyə başladı və ilk növbədə görmə ruhlarına müraciətlə bu sözləri dedi: "Apparuit iam beatitudine vestra"10. Bu yerdə, bizim qidalanmamızın baş verdiyi bir tərəfdə qərar tutmuş təbii ruh ağlamağa başladı və ağlaya-ağlaya bu sözləri dedi: "Heu miser, quia frequenter impeditus ero deinceps!"11 Deməliyəm ki, o vaxtdan ta indiyədək sevgi qəlbimə hakim kəsildi və təxəyyülümün ona bəxş etdiyi ləyaqətlərə görə mənim üzərimdə o dərəcədə əmniyyət və hakimiyyət əldə etməyə başladı ki, mən onun bütün istəklərinə tam şəkildə riayət etmək məcburiyyətində qaldım. O, çox vaxt mənə əmr edərdi ki, bu gənc mələyi görməkdən ötrü səylərə gatılım: ona görə də uşaqlıq çağlarımda tez-tez onu axtararaq gəzib-dolaşardım və görərdim ki, onun yüksək nəcabətə və tərifə layiq davranışı var, belə ki, həqiqətən də, onun barəsində şair Homerin sözlərilə demək olardı: "O, ötəri bir insanın deyil, Tanrının qızına bənzəyirdi". Və baxmayaraq ki, onun daima mənimlə olan surəti mənə hakim kəsilməkdən ötrü eşqin cəsarətinə çevrilərdi, bununla belə, alicənab ləyaqəti o dərəcədə idi ki, bircə dəfə də olsun izn vermədi ki, ağılın etibarlı məsləhəti olmadan sevgi mənə hökm etsin, - o yerdə ki, belə məsləhətləri dinləmək heç də faydasız deyildi. Və belə ki, bu dərəcədə gənc yaşın hissləri və hərəkətləri üzərində dayanmaq bir qədər ağlasığmaz görünə bilər, mən bu mövzudan uzaqlaşıram və bunların haradan yaranması nümunəsində anlaşılması mümkün olan bir çox şeylərin üstündən keçərək o sözlərin üstünə gəlirəm ki, onlar yaddaş kitabımın sonrakı başlıqlarında həkk olunmuşdur.
3. Bir o qədər gün keçəndən sonra ki, bu yüksək nəcabət sahibəsinin yuxarıda təsvir olunan gəlişinin düz doqquz ili tamamlanırdı, həmin günlərdən sonuncusunda elə oldu ki, bu ecazkar xanım ağ-bəyaz libasda, yaşda özündən böyük iki nəcib xanımın arasında yenidən gözlərim önündə canlandı və küçədən keçərkən o, baxışlarını mənim həyəcan içərisində qərar tutduğum tərəfə yönəltdi və bu gün əbədi əsrlərdə mükafatını almış həmin o qeyri-adi nəzakətinə görə, o, mənimlə elə xeyirxahlıqla salamlaşdı ki, düşündüm, sanki ən ülvi səadətin zirvəsindəyəm. Onun son dərəcə şirin salamının mənə çatdığı saat həmin günün düz saat doqquzu idi və belə ki, onun sözləri mənim qulaqlarıma yetişməkdən ötrü birinci dəfə idi səslənirdi, mən elə bir zəriflik duydum ki, elə bil məst olmuş kimi, insanları tərk edərək, otağımın tənha bir guşəsinə çəkilib, bu yüksək nəzakət sahibəsi barədə düşüncələrə qapıldım...
5. Bir gün bu yüksək nəcabət sahibəsi, şərafət məlikəsinə alqışlar söylənən yerdə əyləşmişdi, mən də orada elə bir tərəfdə idim ki, oradan öz səadətimi görə bilirdim: bizim aramızda isə düz xətt boyunca, çox xoş görkəmli, nəcib bir xanım əyləşmişdi və o, görünür, baxışlarımın ona tuşlandığını güman edərək, tez-tez heyrətlə mənə nəzər salırdı; bu səbəbdən bir çoxları onun necə baxdığını görmüşdülər və bu, onların yaddaşına o dərəcədə həkk olunmuşdu ki, mən oranı tərk edəndə eşidirdim ki, ardımca deyirlər: "Gör, bir o xanım bu insanın varlığını necə də sarsıdır". Və onun adını çəkəndə, mən anladım ki, söhbət yüksək nəcabət sahibəsı Beatriçedən başlayaraq, mənim gözlərim önündə qurtaran düz xəttin ortasında əyləşmiş həmin o xanımdan gedir. Onda mən, əmin olanda ki, həmin gün baxışlarım sirrimin üstünü açmamışdır, bir qədər təskinlik tapdım. Və dərhal fikirləşdim ki, həqiqəti gizlətmək xatirinə bu alicənab xanımdan bir örtük kimi istifadə edim və az bir müddət ərzində buna o dərəcədə nail oldum ki, haqqımda danışanların çoxuna elə gəlirdi sirrimə bələddirlər. Bir neçə illər və aylar mən bu xanımla pərdələndim və başqalarını daha da inandırmaqdan ötrü, ona bir neçə cızmaqara şeir də qoşdum ki, onları təqdim etmək fıkrində deyiləm, sözsüz ona görə ki, burada söhbət ancaq yüksək nəcabət sahibəsi Beatriçedən getməlidir; bü səbəbdən də, onların hamısını kənara qoyaraq təqdim etməkdən ötrü bəzi şeyləri saxlayacağam ki, zənnimcə, onun tərifinə layiq olacaq.
7. İş elə gətirdi ki, bu qədər yaxt ərzində könül eşqimi onunla pərdələdiyim xanım yuxarıda adı çəkilən şəhərdən gedərək, uzaq bir ölkəyə yollanmalı oldu; buna görə də mən belə gözəl arxanı itirdiyimdən xeyli məyus olaraq, qabaqlar təsəvvür edə biləcəyimdən də artıq bir dərəcədə kədərlənirdim. Və düşünəndə ki, əgər onun buraları tərk etməsindən kifayət qədər nisgilli bir söhbət açmasam, adamlar yalanımı tezliklə hiss edəcəklər, qəmli bir şikayət soneti qoşmağı qərara aldım; onu təqdim edirəm, belə ki, mənim xanımım bu sonetdəki bəzi sözlərin birbaşa səbəbkarı olmuşdur, - bu da deyilənləri başa düşən hər bir kəs üçün aydın olmalıdır: onda mən həmin bu soneti qoşdum. O bu sözlərlə başlayır: "Qoy, o eşq yolunu..."

Qoy, o eşq yolunu tutub gedənlər
Baxıb desinlər:
"Mənim dərdim kimi ağır dərd varmı?"
Sonra dinləməkçün lütf eyləsinlər,
Və söyləsinlər:
"Bir yaralı qəlbə min dərd sığarmı?"
Tale çəkməmişdi qarşımda sipər,
Bilməzdim kədər,
Deyirdim, ürək də qəmlə dolarmı ?
Eşitdim, arxamca çox söylədilər:
"İlahi, məgər,
Bir bağa min bahar qismət olarmı?"
İndi yoxa çıxmış o şövqlü aləm,
Onda ki, sevgiydi ömrün bəhəri;
Ötən illəri
Bir də sınamağa cürət etmirəm.
İndi o kəs tək ki, kasıb günləri
Namusla yaşayır, - qəlbində ələm;
Üzdə gülürəm,
İçimdə - göz yaşı, tale kədəri.

31. Gözlərim bir xeyli müddət yaşlı qaldıqdan və o dərəcədə taqətdən düşəndən sonra ki, artıq, hüznümə son qoya bilmirdi, düşündüm ki, ona bir neçə kədərli sözlə son qoymağa cəhd edim; ona görə də bir kantsona qoşmağı qərara aldım ki, orada kədərimə qapılaraq o kəsin barəsində söz açmış olum ki, bu dərəcədə böyük bir dərd onun uçbatından qəlbimi parçalamışdır və mən həmin kantsonanı başladım ki, onun əvvəlində bu şözlər gəlir: "Qəlbimin hüznündən usanıb gözlər..." Və bu kantsona sona çatanda o, dul bir qadın kimi tənha görünsün deyə, mən onu hələ qoşmazdan əvvəl hissələrə böləcəyəm və bundan sonra da eynilə belə edəcəyəm.
Mən deyirəm ki, bu talesiz kantsona üç hissədən ibarətdir: birincisi girişdir; ikincidə mən xanım barəsində düşünürəm; üçüncüdə kədər içərisində kantsonanın özünə müraciət edirəm. İkinci hissə belə başlayır; "Odur, Beatriçe ..." Üçüncü isə belə: "Sən, ey qəmli nəğməm... "Birinci hissə özü üç yerə bölünür: birincidə onu deyirəm ki, məni danışmağa vadar edən nədir; ikincidə kimə söz demək istədiyimi deyirəm; üçüncüdə isə kimin barəsində danışmaq istədiyimi söyləyirəm. İkinci belə başlayır: "Bir vaxt, yadımdadır..." üçüncü: "Səslənər, gözümdən..."; Sonra deyəndə ki; "Odur Beatriçe..." - mən onun barəsində düşünürəm; buna mən iki hissə ayırıram: əvvəlcə səbəbini açıqlayıram ki, onu nəyə görə bizdən almışlar; sonra onu deyirəm ki, onun getməsinə başqaları necə ağlayırlar, - bu hissə belə başlayır: "Tərk edib füsunkar gözəl cismini ..." Bu hissə üç yerə bölünür; birincidə onu deyirəm ki, kimlər ona ağlamir; ikincidə deyirəm kimlər ona ağlayır, üçüncüdə isə öz vəziyyətimdən söhbət açıram. İkinci belə başlayır; "Ağlaya da bilməz heç kədərini..." Üçüncüsü isə belə: "Həyəcan ahları..." Daha sonra deyəndə ki, "Sən, ey qəmli nəğməm", mən bu kantsonaya müraciətlə ona nişan verirəm ki, o hansı xanımların yanına gedib, onlarla qalmalıdır:

Qəlbimin hüznündən usanıb gözlər
Qan ağlar bu dərdi çəkəndən bəri.
Məğlub qismətindən xəbər verərək.
Könül də bir qədər ovunmaq istər.
Ölüm tək sinəmə çökmüş kədəri,
İçimdə ahlara qərq edim gərək.
Bir vaxt, yadımdadır, qəlbən sevərək
Xanımı vəsf etdim ömrü baharkən;
İndi, siz, ey qızlar, siz, ey xanımlar,
Sizə ünvanlanmış bax bu misralar. -
Səslənər, göz yaşım seltək axarkən,
Onun şəninədir bu yazdıqlarım;
Onun ki, göylərə uçdu vəfası,
Qəlbimin ahıdır indi sədası.
***
Odur, Beatriçe, sonsuz baharda,
Mələklər bəzəmiş, bax, dövrəsini,
Orda, göylərdədir pak ülviyyəti.
Əcəl yetişmədi boranda, qarda,
Günəş də vurmadı gül çöhrəsini.
Onu bizdən aldı doğru niyyəti,
Nəcib duyğuları, səmimiyyəti.
Ruhu ucalırkən bir işıq kimi,
Tanrı heyran qalıb öz övladına.
Sevərək, lütf edib istedadına,
Aldı dərgahına yaraşıq kimi.
İnanıb eşqinə, etiqadına;
Çünki anlayardı kədərli günlər
Yüksək nəcabətə layiq deyillər.
***
Tərk edib füsunkar, gözəl cismini,
Mərhəmətlə dolu uca varlığı.
Sevildi şərəflə layiq məkanda.
Kim ona ağlamır, çəkmir fikrini
O kəsin daş qəlbi, riyakarlığı,
Səxavət bəxş etməz heç bir zamanda.
Ülvi niyyətlərdən uzaq insan da
Anlamaz hüsnünü ellər yarının.
Beləsi dərk etməz öz qədərini,
Ağlaya da bilməz heç kədərini;
Həsrətin, ölümün, göz yaşlarının,
Dərd çəkən insandan sor xəbərini;
Ondan ki, bir zaman görüb, bilibdir,
O necə gəlibdir, necə gedibdir.
***
Həyəcan ahları sarıb ömrümü,
O mələk surəti enib ruhuma.
Titrədir qəlbimin hər ahəngini:
Artıq, düşündükcə, hər gün ölümü.
Şirin bir cazibə çöküb duyğuma,
Dəyişir çöhrəmin dərhal rəngini.
Ancaq gözlədikcə əcəl zəngini,
Dərdlər hücum çəkir yenə hər yandan.
Sonsuz iztirabdan sınır varlığım,
Sarsılır iradəm, fədakarlığım,
Utanıb qaçıram mən insanlardan,
Sonra göz yaşıyla o axtardığım
Görünür xəyal tək, - "Nədən, getdin sən?"
Soruram, - cavabı gəlir göylərdən.
***
Dərddən gözü yaşlı, ahdan kədərli,
Ürək parça-parça, harda varamsa.
Sitəmim dinləyən yanar halıma:
Olsa da bir zaman ömrüm təpərli.
Eşqimi göylərdə axtarıramsa,
Sözlər acizdir ki, yetsin dadıma.
Bəs, nədən, xanımlar, indi adıma
Güvənə bilmirəm deyim kiməm mən.
Çünki viran qoymuş tale ömrümü,
Bağçamda qurutmuş solmaz gülümü.
Hər ötən söyləyir: "Gen gəzim səndən",
Görəndə bu tutqun, qara üzümü.
Tək o xanım bilir sonumu, fəqət,
Mən ondan umuram yalnız mərhəmət.
***
Sən, ey qəmli nəğməm, get həzin-həzin;
Dolaş sorağında bu xanımların.
Kimə ki, sənin o şux bacıların
Sevinclər bəxş etmiş qəlbdə qalası;
Sənsə, ey kədərin nakam balası,
Həsrətlə yanına üz tut onların.
***
Dante özü haqqında
"Ziyafət" - I risalə, III fəsil

...Romanın füsunkar və şan-şöhrətli bacısı olan florensiyanın vətəndaşları məni öz şirin yuvamdan qovmağa qərar verdikdən sonra (orada ki, mən doğulmuşam və həyat yolumun zirvəsinə yetişənə qədər pərvəriş tapmışam və orada ki, - onunla yaxşılıqla barışdıqdan sonra, - yorğun ruhuma dinclik verərək, mənə ayrılmış möhləti başa vurmağı səmim-qəlbdən arzu edirəm), mən bir yadelli tək, az qala dilənçi kimi, taleyinin mənə vurduğu yaranı, - təqsiri dəfələrlə və haqsız olaraq mən yaralının boynuna atılan yaramı iradəmə rəğmən göstərərək, doğma dilimizin sirayət etdiyi bütün tərəfləri gəzib-dolaşmışam. Mən, həqiqətən də, miskin kasıbçılığın əsdirdiyi sərt küləklərin müxtəlif limanlara, mənsəb və sahillərə gətirib çıxardığı yelkənsiz və sükansız bir qayıq idim və mən çoxlarına nifrətə layiq birisi kimi görünürdüm, onlar, bəlkə də, eşitdikləri hansısa şaiyə səbəbindən məni başqa cür təsəvvür edirdilər və onların nəzərlərində mənim nəinki şəxsiyyətim alçalır, hətta hər bir əsərim belə qiymətdən düşürdü, - istər artıq yazmış olduğum, istərsə də yazacağım...


İtalyan dili haqqında
"Ziyafət" - I risalə, IX-X fəsil

...Beləliklə, əsas məqsədimizə qayıdaraq mən israr edirəm ki, açıq-aydın göründüyü kimi, latın dili yalnız bəzilərinə öz iltifatını göstərə biləcəyi halda, xalq dili həqiqətən də çoxlarına xidmət edəcəkdir....
...bütün bəraətimin qayda-qanunu tələb edir göstərim ki, məni buna təhrik edən ana dilimizə bəslədiyim təbii məhəbbətim olmuşdur, - bu da mənim rəhbər tutduğum üçüncü və sonuncu səbəbdir. Mən israr edirəm ki, təbii məhəbbət sevənləri ilk növbədə üç şeyə təhrik edir. Birincisi, seviləni ucaltmağa; digəri onu qısqanmağa; üçüncüsü isə onu müdafiə etməyə, - hamı da görə bilər ki, həmişə elə belə də olur. Bu üç şey məni məhz ana dilimizi seçməyə məcbur etdi ki, mən onu təbiətən də, özgə səbəblərdən də sevirəm və sevmişəm...
... Mən onu, həmçinin, bir çox ittihamçılarından da müdafiə etməli oldum ki, onlar ona nifrət edərək başqa dillərin, ilk növbədə "Os"12 dilinin tərifində qalmayaraq - və sözsüz ki, son dərəcə yanılaraq, - buyururlar ki, o bizim dilimizdən daha gözəl, daha yaxşıdır. Xalq dili "Si"13nin ən ali məziyyətləri həmin bu şərhlərdən məlum olacaqdır. Onun bu imkanları, - elə latın dilinin özündə olduğu kimi, - ən yüksək və qeyri-adi anlayışları münasib formada, kifayət edəcək qədər və zərif şəkildə ifadə etmək qabiliyyəti, qafiyə tələb edən əsərlərdəki təsadüfi bəzəklərlə, yəni qafiyə, vəzn və nizamlı ölçülərlə əlaqədar olduğundan, özünü lazımi səviyyədə göstərə bilmirdi; eynilə necə ki, hər hansı bir qadının bəzəklərinin və libaslarının gözəlliyi onun özündən artıq heyrət doğuranda, əsl gözəlliyi göstərmək qeyri-mümkün olur; qoy qadın barəsində həqiqi fıkir söyləmək istəyən hər bir kəs, ona hər cür təsadüfi bəzəklərindən kənar ikən öz təbii gözəlliyi ilə təklikdə qalanda baxsın. Bizim bu şərh də belə olacaq - orada hecanın rəvanlığı, quruluşların özünəməxsusluğu və onun tərkib hissəsi olan zərif deyimlər üzə çıxacaqdır və bütün bunlar, - kim diqqətlə baxarsa, görə bilər, - ən şirin və füsunkar gözəlliklə dolu olacaq. Və belə ki, ittihamçının qüsurunu və məkrini açıqlamaq niyyəti ən ali dərəcədə tərifəlayiqdir, ərz edim ki, İtaliya ləhcəsini ittiham edənləri rüsvay etmək məqsədi ilə onu da deyəcəyəm ki, onları buna təhrik edənlər nədir və bu məxsusi fəsildə bu barədə söhbət açacağam ki, həqarətləri bundan da artıq faş olsun...

Doqquzuncu məktub
florensiyalı dosta

1. Sizin, layiqli ehtiram və minnətdarlıq hissi ilə qarşıladığım məktublarınızı diqqətlə nəzərdən keçirərkən, könül xoşluğu ilə anladım ki, vətənə qayıtmağım üçün necə səy göstərir və can yandırırsınız və mən özümü sizə bir o qədər borclu hiss etdim, nə qədər ki, sürgün olunmuş birisi nadir hallarda özünə dost tapa bilir. Ancaq bu cavab məktubu bəzi insanların cəsarətsizliyinin görmək istədiyi kimi olmazsa, son fıkrə gəlməzdən öncə, bu məsələnin sizin məsləhətlərınizin nəzarəti altında olmasını lütfən rica edərdim.
2. Beləliklə... bir çox dostların məktublarına minnətdarən, sürgün olunmuşların əfv edilməsi barədə bu yaxınlarda florensiyada çıxmış dekret haqqında mənə bunlar məlum olmuşdur: əgər mən müəyyən miqdarda pul ödəməyə və rüsvayçı mərasimə razılıq verərəmsə, həm əfv oluna, həm də vətənimə dönə bilərəm. Düzünə qalsa, ata, bunların ikisi də gülünc və kifayət qədər düşünülməmiş məsələdir; mən "kifayət qədər düşünülməmiş" deyəndə, mənə bu xəbəri çatdıranları nəzərdə tuturam, sizin ehtiyatlı və ehmallı tərtib edilmiş məktublarınızda isə buna bənzər heç bir şey yoxdur,
3. Deməli, budurmu təqribən on beş illik sürgünün məşəqqətlərindən sonra vətəninə qayıtmaq üçün Dante Aligyeriyə təklif olunan mərhəmətli şərtlər? Bunamı layiqdir mənim hər bir kəsə məlum olan günahsızlığım?
Elmlərə sərf olunmuş cidd-cəhdlərin, aramsız səylərin mükafatı bundanmı ibarətdir? Qoy fəlsəfə ilə qohumlaşmış bir insanın qəlbi o dərəcədə alçalmasın ki, o, Çolo14 və digər rəzil yaramazlar tək, sanki quldurmuş deyə, bağışlanmağı xatirinə öz rüsvayçılığına razılıq versin! Qoy ədaləti müdafiə edirkən, haqsızlıga düçar olan insan, haqsızlıq törədənlərə, sanki xeyriyyəçilərə lütf edirmiş kimi, öz pulunu halal bilməsin.
4. Yox, ata, vətənə aparan yol bu deyil; ancaq, əvvəl siz, sonra isə digərləri Dantenin şöhrətinə və şərəfinə xələl gətirə bilməyəcək özgə bir yol taparsınızsa, mən düşünmədən, ona qədəm basaram. Yox, əgər bu yollardan heç biri florensiyaya aparmırsa, deməli mən də heç yaxt florensiyaya ayaq basan deyiləm. Nə etməli? Məgər mən özgə bir yerdə günəşi və ulduzlari seyr etməkdən zövq ala bilmərəmmi? Məgər mən əvvəlcə alçaldılmış, ondan da artıq, florensiya camaatı qarşısında rüsvay edilmiş birisi kimi şəhərimə qayıtmasam, istənilən başqa bir səma altında ən şirin həqiqətlər barəsində fikrə dala bilmərəmmi? Və əlbəttə ki, bir parça çörəyə də möhtac qalmayacağam.


1. Orta əsrlər poeziyasında çox işlənən metaforalardan biridir.
2. Yeni həyat başlanır (latınca).
3. "Sözlər" ifadəsini hər yerdə şeirlər mənasında başa düşmək lazımdır.
4-5. Günəşin səması nəzərdə tutulur; Dantenin günəş sistemi haqqındakı təsəvvürləri, bütün orta əsr alimlərində olduğu kimi, Ptolomeyə əsaslanırdı.
6.Orta əsrlərdə yayılmış rəqəmlər simvolikası "Yeni həyat" üçün də, "İlahi komediya" üçün də səciyyəvidir; "Doqquz" Beatriçenin rəqəmidir.
7. Beatriçe - "səadətbəxş" deməkdir.
8.Ulduzlu səma yüz ildə 1 dərəcə qərbdən şərqə doğru yerini dəyişir; 1/12 dərəcə = 8 il 4 aya.
9. Budur, məndən güclü olan Allah ki, gələrək mənə hökm edəcəkdir (latınca).
10. Artıq səadətiniz zahir olur (latınca).
11. Yazıqlar mənə, çünki bundan sonra tez-tez maneələrə rast gələcəyəm (latınca).
12. Provans dili nəzərdə tutulur ("Os", yəni "Hə").
13. İtalyan dili - ("Si", yəni "Hə").
14.Çolo delyi Abati - o vaxtlar məşhur olmuş soyğunçu və qatil.

(Əsərdəki şərhi tələb olunan digər çoxlu sayda fəlsəfi-alleqorik və s. ifadələrin açıqlanmasını ixtisara salmağı məqsədəuyğun bildik. - C.C.)

İtalyan və latın dillərindən tərcümə edəni:
Cəmşid CƏMŞİDOV

Cəmşid Şamil oğlu Cəmşidov. 1953-cü ildə anadan olub. Latın və italyan dillərindən tərcümə edir. Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuyarkən, həmçinin AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışdığı illərdə fars dili ilə yanaşı tanınmış albanşünas, tarix elmləri doktoru Z.Yampolskinin rəhbərliyi altında uzun müddət latın dili üzrə ixtisaslaşıb. Daha sonra Azərbaycan Dillər Universiteti nəzdindəki xarici dil kurslarının fars, Moskva Mərkəzi Dövlət Xarici dil kurslarının italyan və ispan dili şöbələrini eksternlə bitirib. Bir neçə Şərq və Qərb dillərini bilir. 1981-ci ildən başlayaraq uzun müddət məsul dövlət qurumlarında xidmət edib. Müxtəlif illərdə italyan və fars dilləri üzrə tam həcmdə dövlət attestasiyalarından keçib.
1977-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap olunmuş ilk tərcüməsi (A.Moravia "Oğrular kilsədə" novellası) italyancadan Azərbaycan dilinə çevrilmiş ilk bədii əsərdir. İtalyan yazıçılarından C.Bokkaççonun "Dekameron" əsərini, C.Verqanın, - L.Pirandello, A.Moravia, D.Buttsati, İ.Kalvino, T.Querra və başqalarının bir çox hekayə və novellalarını, Şimal intibahının görkəmli nümayəndəsi, holland yazıçısı Rotterdamlı Deziderius Erazmusun "Axmaqlığın tərifi" satirasını, Qədim Roma şairi P.O.Nazonun, italyan şairlərindən D.Aligyerinin, f.Petrarkanın, L.Merkantini və E.Montaleninin şeir və poemalarından nümunələri dilimizə çevirib. Uç tərcümə kitabının, Azərbaycan-İtaliya ədəbi əlaqələrinə dair bir sıra elmi məqalənin müəllifidir. Hal-hazırda Azərbaycan Respublikası fövqəladə Hallar Nazirliyinin Akademiyasında fakültə rəisi vəzifəsində çalışır.

 


Kadastr planı
A.MƏSUD


SU PƏLƏNGİ

...Bir vaxtlar bizim kasıb ədəbiyyatçılar binasında yaşayan, sonradan ədəbiyyat elminin inkşafındakı müxtəlif xidmətlərinə görə dövlət tərəfindən bir sıra fəxri adlar və titullarla yanaşı, şəhərin dənizkənarı məhəllələrindən birindəki çoxmərtəbəli binada, üzü dənizə açılan geniş artırmalı mənzilə layiq görülən, Ədəbiyyat institutunun direktoru vəzifəsinə təyin olunduqdan sonra isə bəzən axşamlar dənizkənarı parkda, qaraqabaq arvadı və iti ilə gəzişən zaman rastlaşdığım akademik Sarab Sadıqzadə ilə təsadüfi görüşlərim zamanı, nə vaxtsa çoxdan, iki qalın cildli "Qədim okeanlar" kitabında rəngli şəklinə rast gəldiyim, torabənzər, qorxunc ətraflarını əl lupası ilə nəzərdən keçirdikcə üşündüyüm əcaib su heyvanını xatırlamağım, nə isə heç xoşuma gəlmirdi.
Uzaq uşaqlıq illərindən mehriban qonşu, ədalətli və nəcib insan kimi tanıdığım, bütün vücudu və əməlləri ilə hikmət və xeyirxahlıq saçan bu elm adamının, həyatını uzaq Hind okeanının qaranlıq dərinliklərində, örtükvari yastı bədəniylə lilli qumsallığın üzərinə pərçimlənmiş tək, hərəkətsiz vəziyyətdə daldalanmaqda keçirən, əslində isə bu fəndkir pozasıyla, balaca yelpiklərini əsdirə-əsdirə böyür-başından ötüb keçən balaca balıqları ovlamaqla məşğul olan, onları, bütün bədəni boyu uzanan yastı ağzının sezilməz hərəkətləriylə səssiz-səmirsiz udan qorxunc dəniz pələngini yaddaşımda hansı asossiasiya ilə canlandırdığı barədə düşündükcə, yad qitənin qaranlıq gecələrindən, tufanlı havaların şahə qaldırdığı cövlanlı okean sularının səssiz dərinliklərindən mənə sarı axmağa başlayan sirlər dolu həniri duyur, heç bir məntiqi izahı olmayan bu duyğudan öz-özümə xoflanırdımsa da, məndə bu anormal təəsüratı yaradan konkret səbəbin nə olduğunu müəyyənləşdirə bilmirdim...
Sarab müəllimin ölkənin elmi-ictimai fikir tarixinin əsaslı bir hissəsini təşkil edən həyatını, fədakarlıqlar və mübarizələrlə dolu ömür yolunu yada saldıqca, gözümün qarşısında uzun illərin ictimai, ədəbi, elmi prosesləri - Milli Elmlər Akademiyasının soyuq təntənə saçan iclas zalında keçirilən elmi şuralarda və dissertasiya müdafiələrində, konfranslarda və simpoziumlarda, yaxud, görkəmli elm və ədəbiyyat xadimlərinin təntənəli dəfn mərasimlərində sıralanan fəxri qarovullarda, alnına yorğun pərişanlıqla dağılan ağ saçları, ətrafını yoğun çərçivəli eynəyinin arxasından gizli bir sayıqlıqla müşahidə edən gözləriylə ön sıralarda, yaxud sərkərdə tənhalığıyla təmtəkcə dayanıb nitq söyləyən siması canlanır, qulağıma, müharibə bəyanatlarının ürəkdağlayan ahəngli səsi gəlir, bütün bu mənzərə, ömrünü ədəbiyyat elminin nəzəri-estetik çərçivələri daxilində - ədəbi-elmi müzakirələr və mübahisələr zəminində keçirən, müxtəlif mövqeli ikitirəliklər və qruplaşmalar arasında illər uzunu davam edən soyuq müharibələri öz nəzarəti altında saxlamağa müyəssər olan bu qocaman alimin evdə də dinclik tapmadığına, sakit, tənha gecələrdə, bütün ölkənin dərin yuxu aləminə qərq olduğu səssiz saatlarda belə, öz rahat pijamasında, yumşaq ev başmaqlarında da, hansısa mühüm ictimai fəaliyyəti davam etdirdiyinə, bizlərin bilə bilmədiyi, nə isə çox mühüm, əməli tapşırıqların yerinə yetirilməsini təmin etdiyinə, adamda qəribə bir əminlik yaranırdı.
...Sarab müəllimin, "Bədiyyatın postrealist görüntüyə çıxışı" adlı irihəcmli doktorluq işi ilə milli ədəbiyyatşünaslıq tarixinə, ədəbiyyat elmində yeni bir tədqiqat sahəsinin əsasını qoymuş ilk alim kimi daxil olduğu əlamətdar hadisə, mən, taleyin acı hökmüylə Ədəbiyyat institutunda işləməyə başladığım illərə - o, hələ Sovet ədəbiyyatı şöbəsİnin müdiri vəzifəsində çalışdığı dövrlərə təsadüf etsə də, köhnə qonşumun, tək bir elmi fəaliyytlə qane olmadığından, canında gəzdirdiyi gizli ədəbiyyat sevgisiylə, paralel olaraq, həm də bədii yaradıcılıqla məşğul olduğundan, hələ o bizim binada yaşadığı illərdən məlumatlıydım.
Uzun illərin mükəmməl mütaliəsi, üstəlik, şərəfli nəsil ötürücülüyü ilə - ölkənin tanınmış simaları, atası - xalq yazıçısı Saraydan və anası - akademik Sürəyya Sultanlıdan qazandığı ədəbi-elmi qabiliyyəti ilə istənilən janrda və üslubda əsər yaratmağın, onun üçün heç bir çətinlik tələb eləməyən, asan bir məsələ olduğu, hələ o illər bizim mehriban ədəbiyyatçılar evinin, az qala hər üzvünə məlum olsa da, gənc Sarabın sonradan niyəsə, Ədəbiyyatın özünü yox, elmini seçməsi, yadıma gəlir, o vaxt çoxları üçün gözlənilməz olmuşdu.
Ədəbiyyatşünaslıq elminin səbr və dözüm tələb edən keşməkeşli yollarında təbii axarı ilə unudulub arxa plana ötürülmüş bədii yaradıcılıq ehtiyacının, özünü birdən-birə, alimin yaşının səkkizinci onilliyə qədəm qoyduğu bir məqamda biruzə verməsi isə, nəinki institutu, onun maraqlı elmi irsini daim xüsusi məhəbbətlə izləyən ölkə ictimaiyyətini də riqqətə gətirmişdi...
...Hər şey ondan başlamışdı ki, naməlum bir mənbə Sarab Sadıqzadənin, tamamilə yeni üslublu - ənənəvi gəraylı quruluşunda, lakin alt qatında Yeseninsayağı dərin həyat fəlsəfəsi duyulan şeirlər silsiləsi yazdığ barədə gizli məlumatı institutun kollektivinə sızdırmışdı. Akademikin, ömrünün bu ahıl çağında, hər düşünən beynin səngiyib susduğu, diri oynaqlığını itirib həyata təslim olduğu bir məqamda, gəraylı üslubunda yazmağa nail olduğu unikal səkkizliklər barədə institutun dəhlizləri boyu dolaşmağa başlayan bu xəbər tez bir zamanda elm ocağının səddlərini aşıb, ildırım sürətiylə geniş ictimaiyyətə yayılmışdı. Bu hadisədən xəbər tutan bir neçə qəzet, hətta bununla bağlı muştuluq xarakterli anonslar verməyə başlamışdısa da və bu məlumatdan xəbər tutan telemüxbirlər əlllərində çəkiliş avadanlıqları, Ədəbiyyat institutunun dəhlizlərinə doluşmuşdularsa da, bütün bu hay-küyün ona dəxli yoxmuş kimi, əlində, içi nələrləsə dolu iri, ağır çanta, qayğının və yuxusuz gecələrin üzüb əldən saldığı yorğunluq yağan vücuduyla işə gəlib, nəhəng stolunun altındakı zənginin, katibəsini səsləyən düyməsini tərpədən Sarab müəllimin qəbuluna düşə bilməmişdilər.
...Ötən yayın Yalta istirahətindən qayıdandan sonra isə, onun, kurortda olarkən, mədəaltı vəzinin müalicə kursları hesabına qazanılan ötəri asudəlik vaxtı bitirdiyi "Sarı bəyazlıq" adlı fəlsəfi-psixoloji poeması barədə yayılan xəbərlər ədəbi ictimaiyyatı lap sarsıtmışdı... Poemanı oxumaq hələ ki, heç kimə müyəssər olmasa da, əsərin, Sarab müəllimin daxili iztirablarını, ağır həyat yolunun şüuraltı yaddaşına ötürdüyü bir sıra sirli nüansları açıqladığı, burda həmçinin, alimin özəl ədəbi görüşlərinin ən gizli qatlarının bir növ artıq sezilməyə başladığı barədə məxfi məlumatlar isə, deyilənə görə alimin kölgə yaradıcılığını qarabaqara izləyən "Gənc Alimlər" dərnəyinin üzvləri tərəfindən hansı yollarlasa əldə edilmişdi.
...Sarab Sadıqzadənin bu qəfil bədiyyat ehtiyacının, son dövrlər ədəbi aləmdə tez-tez rast gəlinən bayağı "ədəbiyyat vurğunluğu", şit "bədiyyat aludəçiliyi", yaxud gülünc tanınmaq həvəsindən doğan "şöhrət azarı" və sair bu kimi xəstəhal meyllərdən irəli gəlmədiyi, bu bağlılılığın, milli ədəbiyyatın və onun elminin mahir biliciliyindən savayı, həm də fitri ədəbi istedadından doğduğu, peşəkar ədəbiyyat adamları üçün heç bir sübuta ehtiyacı olmayan aydın bir həqiqət idi.
Sadıqzadənin, haqqnda şaiələr dolaşan kölgə yaradıcılığı ilə necəsə, tanış olmaq imkanı qazanmış professor Qara Qulamzadənin Sarab müəllimin yaradıcılıq yolu barədə yazdığı "Elmdən bədiyyata..." adlı portret-oçerki, akademikin bədii ədəbiyyatla intuitiv bağlılığını, bilavasitə, milli ədəbiyyatın renesans səhifəsini yaratmış ədiblər ailəsində dünyaya göz açmasıyla, onların zəngin ədəbi süfrəsindən qidalanmasıyla əlaqələndirsə də, dərhal onun ardınca, alimin elmi fəaliyyəti barədə işıq üzü görmüş iki cildlik salnamə, gənc Sarabın uşaqlıq və gənclik illərinin, əlamətdar ədəbi hadisələrlə zəngin bir mühitdə keçməsinə baxmayaraq, ədəbiyyatı ata-ana faktorundan kənarda, özəl fitri fəhmiyə duymasını, onun, hələ tələbə ikən canında gəzdirdiyi gizli ehtiyacla birdən-birə Polşanın azadlığı mövzusunda üç pərdəli, dörd şəkilli dram əsəri yazmasıyla sübuta yetirmiş və bununla da professor Qara Qulamzadənin sadəlövh qənaətlərini yerli dibli alt-üst etmişdi.
Sarab müəllimin, "Ərk qalası" adlı məşhur trilogiyasıyla milli tarixi roman janrının özülünü qoymuş atasına və mili ədəbi tənqid nəzəriyyəsinin əsaslarını yaratmış anasına münasibəti çoxları kimi, məni də heyrətləndirirdi. Əlamətdar tarixlərdə, yaxud bayram günlərində, Sarab müəllimin şəxsiyyətinə hörmət əlaməti olaraq, işlədiyi Ədəbiyyat institutunun qarşısındakı Milli parkda, milli ədəbiyyatın inkşafındakı misilsiz xidmətlərinə görə tunc abidələri ucaldılan ata-anasının heykəlləri ətrafında təşkil olunan şeir məclislərinin də onu bir o qədər də fərəhləndirmədiyi, bir vaxt isti qucaqlarında, dizlərinin üstə oturduğu, adını, dövrələrinin sayılıb-seçilən, sevimli səhnə sənətkarı məşhur Sarabskinin şərəfinə qoyduqları bu adamların, ölkənin milli abidələr sırasına qatıldığından heç bir məmnunluq duymadığı da hamıya qəribə gəlirdi.
Bir qisim adam bu fərəhsizliyi, onun, bu tunc heykəllərə baxdıqca, keçmiş günləri - şüuraltı yaddaşında qoruyucu qat kimi saxladığı işıqlı sovet illərini xatırlatmasıyla, canından artıq sevdiyi valideynlərinin nisgili ilə bağlayırdılarsa da, digərləri onun bu halının, valideynlərinin bu heykəlləşmiş, soyuq cansızlıqla, artıq onlarla həmyaşıd olan qoca akademikə, onun öz ölümünü xatırlatdığından yarandığını ehtimal edirdilər.
Lakin bu naşükür fərəhsizliyin, akademikin, Milli parkın mərkəzində ucaldılan tunc heykəllərlə bağlı arzularının həyata keçməməsindən, vaxtı ilə - görkəmli valideynlərinin təntənəli dəfn mərasimlərində gizli bir ümidlə ehtimal etdiyi ölçüdə və əzəmətdə - şəhərin istənilən nöqtəsindən görünən hündürlükdə alınmadığından qaynaqlandığını anlayanlar da var idi.
...Sarab müəllimin ata-anasına olan xəstəhal münasibətinin, onun ədəbiyyata olan anormal sevgisindən, yaxud əksinə, ədəbiyyata olan xəstəhal münasibətin, həyatdan "nakam" getmiş və alimin fikrincə, potensial imkanlarını sona qədər ifadə eləməyə macal tapmamış ata-anasına olan pataloji məhəbbətdən yarandığını ayırd etmək mənim üçün, hələ o bizim kasıb ədəbiyyatçılar binasında yaşadığı dövrlərdə də çətin id. Atasının, yüz min tirajlarla nəşr olunan iyirmicildliyinin, anasının, əsərlər külliyyatının, ölkənin bütün kitab dükanlarının əsas rəflərini və vitrinlərini, ali və orta təhsil sistemində keçilən bütün ədəbiyyat dərsliklərinin tapşırıqlarını təşkil etməsinə baxmayaraq, dünyasını otuz il bundan əvvəl dəyişmiş mərhum xalq yazıçısının arxivindən tapılan yeni-yeni əsərlərin, habelə, onun və həyat yoldaşı Sürəyya xanımın ata-analarının və ulu baba-nənələrinin ədəbi irsini hər dəfə ayrı-ayrı aspektlərdən tədqiq edən sənədli materialların da nəşrə hazırlanması barədə yayılan yeni-yeni xəbərlər hamını şoka salırdı...
Məsələnin digər qəribə tərəfi - Sarab müəllimin, bu pataloji valideyn sevgisinin, qocaldıqca səngimək əvəzinə, getdikcə, anlaşılmaz bir aktivliklə yeni-yeni startlar götürməsi idi. Belə ki, akademikin, hər iki tərəfdən - ata və ana nəslindən olan baba-nənələrinin, milli ensiklopediyanın, ölkənin ədəbi tarixinin başlanğıc mərhələlərini fiksə edən ön səhifələrində, ədəbiyyat sahəsində nəyinsə əsasını qoymuş ədiblər qismində yer almasını, müxtəlif peşə sahibləri olsalar da, dövrlərinin tələbinə uyğun, lakin formaca tamamilə yeni üslublu şeir nümunələri yazıb yaradaraq, zamanın əyriliklərini ifşa edən kəskin felyetonlarıyla Tiflis və İrəvan quberniyalarının aparıcı ədəbi jurnallarında fəal iştirak etməsini fiksə edən faktlar da, deyilənə görə Sarab müəllimi bir o qədər açmırdı. Milli ensiklopediyanın, gizli genetik yaddaşla Sarab müəllimin yaradıcı xislətinə öz təsirini göstərmiş bu hadisələri, şəksiz tarixi sübut qismində təsdiq edən həmin cildi hansısa naməlum səbəbdən çap mərhələsində dayandırılsa da, ölkənin, Sadıqzadələr nəslinə və Sarab müəllimin şəxsiyyətinə dərin hörmət bəsləyən bir neçə aparıcı jurnalı bu məşhur nəslin unikal ötürücülük qabiliyyəti barədə materiallar verməyi özlərinə, bir növ borc bilir, yeni üslublu milli şeir janrının əsasını qoymuş qədim ədiblərin - ağ-qara fotolardan gülümsəyən cavan bəylərin, onlarla yanaşı, krujevalı yaxalıqlarda, sallanma sırğalarda oturan nəcib üzlü xanımların zəngin yaradıcılıq yolunu müxtəlif səpkili publisistik yazılarla, oçerk və esselərlə işıqlandırmağa davam edirdilər.
Sadıqzadələr nəslinin davamçıları barədə, hələ bir neçə ay bundan əvvəl nəşr edilmiş digər salnamədə həmçinin, Sarab müəllimin həyat yoldaşı Müxlisə xanımın da tanınmış ədiblər ailəsindən olduğu, atası Feyzi Qafarlının, ölkənin milli dramaturgiya tarixinə, poetik realizm cərəyanının əsasını qoymuş bənzərsiz dramaturq, anası - Yasəmən Buludun, milli poeziya məkanında "ağ şeir" üslubunun məktəbini yaratmış novator şairə kimi həkk olunduğu açıqlanır, Sarab müəllim kimi, Müxlisə xanımın da ata-ana tərəfdən baba-nənələrinin mili ədəbi düşüncə tarixinin hansısa mühüm cərəyanın əsasını qoyanlardan olduğu bildirilirdi.
Ötən ilin axırlarında isə, bu tanınmış nəcabətin ədəbi irsinə həsr olunmuş elmi konfransda nümayiş olunan sənədli film, ölkənin ədəbi tarixinin hansısa mühüm bir mərhələsini yaratmış bu ədiblər nəslinin şərəfli həyat yolunu işıqlandırmaqla bərabər, Müxlisə xanımla Sarab müəllimin ilk tanışlığının tarixçəsini də açıqlamış və bununla da ölkə ictimaiyyətində növbəti çaxnaşma yaratmışdı.
Film, Müxlisə xanımın, davamçısı olduğu məşhur Müslümzadələr nəsli ilə, Sarab müəllimin, davamçısı olduğu Sadıqzadələr nəsli arasında sonradan yaxın qohumluğa çevrilən dostluq əlaqələrindən söz açmış, kadrlar arxasından eşidilən məlahətli diktor səsi, palma və şam ağaclarının sıralandığı dənizkənarı yay evinin həyətində, yüngül parusin geyimlərdə, əllərində fincan, həsir kreslolarda oturub şellənən bir dəstə gəncin, ölkədə yenidən qurulmağa başlayan sovet ədəbiyyatının aparıcı simaları olduğu barədə məlumatlar vermişdisə də, Sarab müəllimlə Müxlisə xanım arasında, sonu uzun ayların küsülülüyü ilə nəticələnən - məhz hansı birinin ədəbi nəslinin ədəbiyyata daha əvvəl gəldiyini dəqiqləşdirəcək faktlar, sanki bilərəkdən açıqlanmamışdı.
...Hələ bizim binada yaşadığı dövrlər Salman müəllimlə Müxlisə xanım arasında həmin o "əsas qoyanlar" məsələsi ilə bağlı düşən mübahisələr, o illər, yadımdadı ki, hamını təngə gətirmişdi. Binanın əsasən qələm əhlinin toplaşdığı yığıncaqlarda, yaxud, ad günlərində, danışmaqla bir o qədər də arası olmayan Müxlisə xanım, ortaya düşən həmin o "əsas qoyanlar" məsələsi ilə bağlı mübahisələrdə qəfildən ayağa durub yuxarı mərtəbədəki mənzilinə qalxır, ordan, öz ədəbi nəslinin qədimliyini sübuta yetirən, mürəkkəbi solmuş, mühüm sənədlərlə - ulu babası Nerəm bəyin, hələ ötən əsrin əvvəllərində açdığı ilk ədəbiyyat jurnalının fəaliyyətini və nənəsi Suğraxanım Qulamdarovanın, həmin dövrlər ədəbi ictimaiyyətin nəzərini cəlb etmiş yumoristik hekayələrlə mili novella janrının ilk müjdəçisi olduğunu təsdiq edən solğun kağızlarla geriyə qayıdırdısa da, Sarab müəllimin sənədlərindəki tarixlər və faktlar tamamilə ayrı şeyi deyirdi. Bu sənədlərdə rəqəmlər də, tarixlər də Müxlisə xanımın sənədlərindəki rəqəmlərdən və tarixlərdən qat-qat əvvəli göstərirdi və bununla da bütün mübahisələrə və müzakirələrə son qoyurdu.
Lakin bütün ehtimallar və elmi tədqiqatlar, ölkənin milli ədəbiyyatının və elmi fikrinin əzəli əsaslarını son məqamda yenə Sarab müəllimin ədəbi zümrəsi ilə bağlayır, hətta Müxlisə xanımın Sarab müllimə ərə verilməsində də, bu tarixi faktın müəyyən rol oynadığını ehtimal edirdilər. Tədqiqatlarda yer almış bir sıra qənaətlərə görə, Müxlisə xanımın, ixtisasca botanik olsa da, məhz Sarab müəllimlə tanışlıqdan sonra meylini bədii ədəbiyyata salması, ərinə olan sevgisinin alt qatında közərən gizli bir ədəbiyyat sevgisindən xəbər verməklə yanaşı, eyni zamanda, Sadıqzadələr nəslinin, unikal irsi yaddaşla necəsə, ədəbiyyatdan yoğrulduğunu bildirirdi.
Sadıqzadələr nəslinin ömür yolu haqqında ötən il işıq üzü görmüş digər mənbə isə, milli avanqard nəsrin banisinə çevriləcəyindən xəbərsiz olan gənc Müxlisənin, ali təhsilini başa vurduqdan sonra bir müddət maddi çətinliklər üzündən, orta məktəbdə ixtisası üzrə botanika fənnindən dərs deməli olsa da, sonradan özünü bütövlükdə bədii nəsrin sərhədsiz ənginliklərinə təslim etməsi, yaradıcılığının erkən dövrləri, ədəbi ictimaiyyətdə Müxlisə Bürünc imzasıyla tanınmağa başladığı illər sevgi hekayələri yazsa da, sonradan, daxili gözəlliyini xarici gözəlliyinə qurban vermiş qadınlar barədə yazdığı silsilə romanlarının ölkə sərhədlərindən kənarlarda tanınınmasını qeyd etməklə, Qafarlılar nəslinin də Sadıqzadələr nəsli kimi, milli ədəbiyyatı dünyaya layiqli şəkildə təqdim etdiyini üstüörtülü şəkildə də olsa, bildirirdi.
...Təzə binaya köçəndən və övladları böyüyüb başa çatandan sonra Sadıqzadələr nəslinin milli ədəbiyyat sahəsinə daha bir bənzərsiz ədib yetirdiyi, ailənin ən çəlimsiz üzvü, uşaq vaxtları tez-tez skarlatina, koklyuş kimi xəstəliklərə yoluxduğundan, heç cür əmələ gəlməyən Sara Sarabın da, Milli Konservatoriyanın dirijorluq fakültəsində təhsil aldığı yerdə qəfildən, milli ədəbiyyat tarixində rast gəlinməyən, tamamilə yeni üslublu - dialoqsuz faciə yazması barədə xəbərlər ədəbi ictimaiyyəti çalxalamışdı. Hələ lap uşaq yaşlarından kiçik hekayələriylə orta məktəbin "Sancaq" divar qəzetində çıxış edən Saranın, sonradan ərsəyə gətirdiyi "İti gözlər" dialoqsuz faciə dramı Sadıqzadələr ailəsini sarsıtsa da, bu hadisənin gizli saxlanılması, yeni ədibin adının, növbəti əsər meydana çıxmayana qədər, ictimaiyyata açıqlanmaması qərarı isə, Salman Sadıqzadənin ədəbiyyata və onun elminə münasibətinin alt qatında duyulan akademik ciddiliyini bir daha hamının gözü qarşısında sübuta yetirməklə yanaşı, Sadıqzadələr nəslinin tükənməz ədəbi qüdrətini göz önünə çəkmişdi...
Deyilənə görə yalnız bir neçə ildən sonra "Toz pərvazları" adı altında işıq üzü görmüş bu əsər Sadıqzadələr və Qafarlılar nəslinin tədqiqatçılar qrupunu heyrətə gətirmişdi. Gənc ədibənin, kitabda yer almış "Uzurpator" şeir çələngi isə ədəbi tənqid tərəfindən nəinki, milli ədəbiyyatda, dünya ədəbiyyatı tarixində rast gəlinməyən unikal hadisə kimi qiymətləndirilmişdi.
Ölkənin ədəbi ictimaiyyətini sarsıdan bu ədəbi kəşfin, Qafarlılar nəslindən yox, məhz Sadıqzadələr tərəfindən ötürüldüyünü ehtimal edən tədqiqatçılar, bu nəslin, xüsusi genetik yaddaşa malik olduğunu, bu unikal ötürücülük qabiliyyətinin, olsun ki, milli ədəbiyyat tarixinə hələ bundan sonra da neçə-neçə sarsıdıcı töhfələr bəxş edəcəyinə əminliklərini bildirmişdilər.

lll
...Sarab müəllimin işə günün hansı saatları gəldiyi bilinmədiyi kimi, işdən getdiyi saatlar da heç vaxt heç kimə məlum olmurdu. Akademikin qəbul otağına aparan dəhlizin sol cinahında oturan əməkdaşlar, Sarab müəllimin işə hamı kimi, binanın əsas girişindən yox, hansısa ayrı tərəfdən - kabinetinin arxa hissəsində yerləşən yığcam istirahət otağından, dəmir pillələrlə binanın birbaşa birinci mərtəbəsinə aparan gizli çıxışından gedib-gəldiyini ehtimal edirdilərsə də, onun, öz nataraz bədənini, son payızın, ağrılarını kəskinləşdirib bir az da ağırlaşdırdığı xəstə ayaqlarının üstündə, təsvirlərə görə dəmir borunun içini andıran darısqallıqdan necə sivişdirdiyini fikirləşəndə, adamın gözü qaralırdı...
Folklor şöbəsinin işçiləri Sarab müəllimin, həmin bu gizli çıxışdan, qəbul otağında saatlarla otursalar da, içəri düşə bilməyən, yaxud içəri düşsələr də, xahiş və müraciətlərinə Sarab müəllimin razılığını, yaxud xeyirxah dəstəyini ala bilməyən, yaxud alsalar belə, bir müddətdən sonra taleyin acı hökmüylə hərlənib-fırlanıb, onun bu balaca qəbul otağında qaratikan kolu kimi bitən gənc alimlərdən, eləcə də, filologiya sahəsi üzrə müdafiəyə buraxılmaqdan ötrü, rəy almaq ümidiylə bura digər institutların göndərişi ilə gələn aspirantlardan can qurtarmaq məqsədi ilə istifadə etdiyini deyirdilər.
...Mənsə, hansısa solaxay fəhmimlə, qoca akademikin bu çıxışdan nə isə tamam ayrı, heç birimizin ağlına belə gələ bilməyən, məxfi və sirli məqsədlər üçün istifadə etdiyini, necəsə, anlamşdım. Bizim institutla bağlı sürrealist mənzərələrlə dolu dəhşətli yuxuları da, əslinə qalanda, elə həmin o gizli çıxış barədə söhbətlər işə düşəndən bəri görməyə başlamışdım...
...Bu yuxuların birində mən necəsə, Salman müəllimin kabinetinin arxasındakı yarıqaranlıq bir məkanda peyda olmuş, həmin o gizli çıxış yoluna aparan meşin üzlü, yumşaq qapını aralayıb, dəmir borunun içini andıran həmin o burma pilləkənlərlə aşağı enə-enə, yerin hansısa havasız dərinliklərinə aparan zülmət bir qaranlığa düşmüş... və orda, qatı zülmətin qoxuduğu nəmiş kəsafətinin tamını damağımda hiss eləyə-eləyə, boğulub ölmüşdüm...
Daha bir yuxuda isə, burma pilləkənlə guya binanın çıxışına, əslində isə institutun zirzəmisindəki gizli kabinetinə düşən və orda yarıqaranlıq otağın bir küncünə qısılaraq, heç hara əyləşmədən, əynindəki palto-papağını çıxarmadan, əcaib qurğunu andıran nəyinsə üstündə, tələsik hərəkətlərlə hansısa kağızlara nə isə köçürən Sarab Sadıqzadənin özünü görmüşdüm və bunun, bir çox psixiator-alimlərin elmi dəlillərlə sübuta yetirdikləri kimi, "gün ərzindəki görüntülərdən alınan təəsüratlar yığımının" yaddaşımda saxladığı mənasız vaqeə yox, yenə həmin möcüzəli ötürülmə qabiliyyətimlə yarıb keçdiyim hansısa sirli qatda baş verən reallıq olduğunu anlamışdım...
...Sarab müəllimin, yuxuda gördüyüm həmin o zirzəmisi çox güman ki, mövcud idi və ola bilsin bu vahiməli zirzəmi, mənə yuxuda əyan olan kimi, bizim Ədəbiyyat institutunun altında, binanın özülünə aparan dərin, soyuq bir qatda yox, hardasa ayrı yerdə - Sarab müəllimin ən yaxınlarının belə bilmədiyi hansısa kənar bir ərazidə yerləşirdi. Ədəbiyyatla bağlı hansısa izaholunmaz məxfiliklər saçan belə bir zirzəminin həqiqətən, dəqiq mövcud olduğunu isə mən bir qədər sonra - Sarab müəllimin kabinetinin yerləşdiyi mərtəbənin və divarları şərəfli ömür yolu keçmiş görkəmli elm xadimlərinin ağ-qara portretləri ilə dolu dəhlizin, ilin bütün fəsilləri özündə saxladığı həmin tanış iyindən - uzun müddət havasız qaranlıqlarda qalmaqdan nəm çəkib kifsəyən əşyaların saxlanıldığı zirzəmilərdən gələn qoxudan anlamışdım.
Bu qanqaraldan qoxunun, institutun dəhlizinə, olsun ki, mənim yuxularıma da, qoca akademikin iş otağından yayıldığını isə, necəsə bir dəfə, hələ bir neçə il bundan əvvəl, bitirib başa çatdırdığım dissertassiyamın, elmi şuranın müzakirəsinə çıxarılmasına icazə almaqdan ötrü, onun qəbuluna düşən gün başa düşmüşdüm.
...Həmin gün o, məni oturmağa dəvət eləmədən, bir müddət, dayanıb qaldığım qapının ağzındaca saxlayıb, dinməz-söylənməz bir səbrlə müşahidə eləyəndən sonra, bədən ölçülərindən xeyli iri başıyla yaxınlaşmağıma icazə vermişdi. Özümlə gətirib gəldiyim qısa mətnli, bir səhifəlik təqdimatıma zillənərək, onu ürəyində bir neçə dəfə təkrar-təkrar oxuduqdan sonra başını qaldırıb üzümə, övlad uğurundan təsirlənmiş ana nəvazişiylə baxaraq, gizli həyəcandan titrəyən səsiylə:
- Təbrik edirəm, mübarək olsun... - demişdisə də və mən, onun bu atalıq qayğısıyla dolu elm təəssübkeşliyindən kövrəlib, haqqında danışılan boş-boş söhbətlərə - ədəbi nəsil davamçılığıyla, üstəlik, uzun illərdən bəri ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrlə ölkənin Ədəbiyyat Metrinə çevrilmiş bu adamın, ədəbiyyatın və onun elminin sadiq cəfakeşlərinə duyduğu qatı nifrət barədə, bu sahədə cüzi istedadı üzə çıxan hər kəsin qanını içməyə hazır olduğu, iyirminci əsrin milli ədəbiyyatını və onun "şünaslığını" Sadıqzadələr zümrəsiylə başa çatdırmaq arzusundan qovrulduğu barədə gedən söhbətlərə inandığıma görə vicdan əzabından üzülmüşdümsə də, sonradan, onun o gözyaşardan sevincinin, bütün kənar rəylərlə müsbət qiymətləndirilmiş elmi işimin acı taleyinə oxunan gizli hökm olduğunu anlamışdım.
Bitib-tükənməz fəaliyytənin çoxluğundan, ya hansısa ayrı səbəbdən, işimi düz altı aya, yaşıl mahud üzlü bloknotunda qeydlərini apara-apara oxuyan Sadıqzadənin iradları əsasında uzun-uzadı aylarla dəyişib düzəltməklə məşğul olduğum, əslində isə, özüm də bilmədən, qaralayıb poza-poza əsas mahiyyətini, nüvəsini dağıdıb itirdiyim əsərimin sonradan, elmi şuranın müzakirəsinə "mövzu çərçivəsində müraciət olunan mənbələrin düzgün seçilməməsi" səbəbindən buraxılmaması barədə şuranın xüsusi blankında hazırlanmış qərarı oxuyanda isə, bütün ömrünü kiminsə, mükəmməl ədəbi mütaliəsindən mənimsədiyi hansısa müsbət qəhrəmanın cildində yaşayan bu adamın, bir vaxtlar dənizkənarı parkda rastlaşdığım zaman mənə, Hind okeanlarının dərinliklərində yatan həmin o su yırtıcısını hansı əlaməti ilə xatırlatdığını axır ki, başa düşmüşdüm...