ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Moisey Kalankatuklu
Albaniya tarixi
Mxitar Qoş
Alban salnaməsi
Moisey Kalankatuklu. Albaniya tarixi. Mxitar Qoş. Alban salnaməsi. Bakı, "Avrasiya press" , 2006. 296 səh.
ISBN10 9952-421-52-2
İSBN13 978-9952-421-52-1
R E D A K T O R D A N
VII Yüzilliliyin abidəsi olan Albaniyanın Kalankatuk kəndindən olan Moisey Kalankatlunun "Albaniya tarixi" əsəri üç hissədən ibarətdir və mütəxəssislər belə hesab edirlər ki, ikinci və üçüncü kitablar X əsrdə yazılmışdır. Əlbəttə, VII əsrdə yaşayıbyaratmış müəllif X əsrə qədər, üç yüz il yaşaya bilməzdi. Demək, üç kitabdan yalnız birinin,yaxud X əsrdə yazılması zənn edilən ikisinin müəllifi Moisey Kalankatuklu ola bilərdi. İkinci müəllif barəsində fikirlər çalpaşıqdır. Bəs bu kitablardan hansının müəllifi Moisey Kalankatukludur?Kitabların üçünün də bir müəllif tərəfindən yazılması fikrini söyləyənlər də var. Şübhəsiz ki, kitablar müəllifin ana dilində yazılmışdır.
O vaxt Albaniyada yaşamış müxtəlif dilli və ləhcəli 26 alban qəbiləsinin artıq vahid bir dildə birləşməsi, hələ V əsrdən Aran dilinin Azərbaycanın şimal torpaqlarında vahid dil olması indi tarix ədəbiyyatında şübhə doğurmur. Məlum olduğu kimi, VII yüzilliyin sonlarında Azərbaycan ərazisi Ərəb xilafəti tərəfindən zəbt olunmuş, yerli xristian albanların çoxu müsəlmanlığı qəbul etməli olmuş, indiki Dağlıq Qarabağda-Arsaxda yaşayan albanlar isə öz dinlərində qalmış, xristian ermənilərin əhatəsində olduqları üçün getdikcə öz dillərini itirmiş, erməniləşmişdi. Alban kilsəsini özünə tabe edə bilmiş erməni kilsəsi albanlara məxsus olan abidələri erməni abidəsi elan etmiş, yazılı abidələrin isə qədim erməni dilinə -qrabara tərcümə etməyə cəhd göstərmişdir. Eyni fəlakət haqqında söhbət gedən "Albaniya tarixi"
kitabının başına gəlmiş və ulularımızın bu abidəsi qədim erməni dilində çatmışdır. "Albaniya tarixi" bir neçə dəfə erməni dilində, həmçinin rus və xarici dillırdə nəşr olunmuş, hamısı da Moisey Kalankatuklunun müəllifliyi ilə. Burada oxucu yenə baxışlarına heyrətedici sual doldurub soruşa bilər: Necə? Alban abidəsi, ulularımızın abidəsi neçə dəfə müxtəlif dillərdə nəşr olunduğu halda, bəs albanların xələfləri niyə öz ulularının bu gözəl abidəsinə biganə olublar, onu ana dilimizdə nəşr etməyiblər? Çox düz sualdır, amma bilmirəm necə cavab verim. Yalnız təssüf. Bir də bu kitabı Azərbaycan dilinə tərcümə edib öz xalqına çatdırmaq təşəbbüsünü öz üzərinə götürmüş akademik Z.Bünyadova minnətdarlıq etmək qalır.
Oxucunun yuxarıda qeyd olunmuş suallarına, ola bilsin ki, kitabla tanış olarkən meydana çıxa biləcək başqa sualları içərisində bir həqiqət də ortaya çıxacaqdır. Bu, ondan ibarətdir ki, bu kitabda ulularımızın yaratdığı dövlətlərdən biri olan Albaniya çarlığının həm siyasi, həm sosial-iqtisadi, həm də ictimai quruluşu tarixinin məsələləridir. Bu tarixi məsələlər V əsrdən başlayaraq VII əsrə qədər, yəni Albaniya çarlığının süqutuna qədərki dövrə kimi öz əksini tapmışdır.
Burada verilən məlumat, xüsusən Mehranilər sülaləsinin Albaniya çarlığında hakimiyyətə gəlməsindən başlayaraq, Albaniyanın görkəmli çarı Cavanşirin hakimiyyəti düvrünün tarixi, Cavanşirin çarlıq fəaliyyəti, onun həyatına qəsd edilməsi və s. bəzi əfsanəvi məlumatlar nəzərə alınmasa, çox dolğun və qiymətlidir.
"Albaniya tarixi "ndə gətirilən dəlillər o qədər əhatəlidir ki, hətta orada Albaniyanın ictimai quruluşu haqqında olan materiallar əsasında tarixçi Fəridə Məmmədova "Moisey Kalankatuklunun "Albaniya tarixi" ilk orta əsrlər Albaniyasının ictimai quruluşuna dair mənbə kimi"müvzusunda 1977-ci ildə monoqrafiya nəşr etdirmişdir. Heç şübhə yoxdur ki, "Albaniya tarixi" Albaniyanın bilavasitə istehsalçıların, siniflərin və sosial təbəqələrin, torpaq sahibliyi və torpaqdan istifadə formaları və s. mühüm problemləri tədqiq edən tədqiqatçılar üçün də qiymətli tarixi qaynaq rolunu oynamış, gələcək
tədqiqatçılar üçün də oynayacaqdır.
Moisey Kalankatuklunun oxucuya çatdırılan "Albaniya tarixi"əsərində hadisələr X yüzilliyə qədər davam etdirilir. Albaniyanın sonrakı, XI-XII əsrlər tarixini salnamə halında Gəncə şəhərində anadan olmuş və ömrünü orada keçirmiş Mxitar Qoş yazmışdır. Qoşun "Alban salnaməsi" akademik Z.Bünyadov tərəfindən hələ 1960-cı ildə Azərbaycan dilinə tərcümə olunmuş və Azərbaycan SSR Elmlər Akademiyasının "Xəbərlər"ində (İctimai elmlər seriyası, №3,1960) nəşr edilmişdi. Kitab tərtibatçısı onu, yəni "Alban salnaməsi"ni bu kitabın sonuna əlavə etməyi lazım bilmişdi. Tərtibatçı bununla oxucuda Albaniyanın sonrakı iki əsr tarixi haqqında təsəvvür yaratmaq istəmişdir, belə ki, salnamə yarımçıq, bitməmiş qalsa da, onda cəmləşmiş material çox maraqlı və qiymətlidir.
1992-ci il