Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Mario Varqas Lyosa. "Baba". (Hekayə). "Katoblepas". («Gənc ya­zı­çı­ya mək­tub­lar»­dan)... Məşhur yazıçı prezident seçkilərinə niyə qatılmışdı? Müsahibə - azəricə

Müəllif:

Mario Varqas Lyosa


Kateqoriya:

Latın Amerikası



Qısa Təsvir:

Mario Varqas Lyosa. "Baba". (Hekayə). "Katoblepas". («Gənc ya­zı­çı­ya mək­tub­lar»­dan)... Məşhur yazıçı prezident seçkilərinə niyə qatılmışdı? Müsahibə


Baxış sayı: 4370
    
    


Mario Varqas Lyosa

 "Baba"

(Hekayə)


2010-cu ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı, Peru yazıçısı Mario Varqas Lyosanın "Baba" hekayəsini oxuculara təqdim edirik.

Hekayəni azərbaycancaya Nəriman Əbdülrəhmanlı çevirib.


Budaq şaqqıldamağa, yaxud qurbağa quruldamağa, yaxud yaşıllığın içində itib-batan mətbəxdə şüşələr cingildəməyə bənd idi ki, qoca cəld müşahidə məntəqəsini əvəz eləyən yastı daşın üstündən sıçrayıb qalxır, həyəcan içində yarpaqların arasından baxırdı. Uşaq hələ də gəlib çıxmırdı. Amma tənəklərlə hörülmüş köşkə açılan qonaq otağının pəncərələri arxasından bayaq yandırılmış çilçırağın işığı görünürdü, tutqun kölgələr pərdəylə birlikdə asta-asta o tərəf-bu tərəfə yellənirdi. Qoca uşaqlıqdan pis görürdü, ona görə də qonaq otağında şam elədiklərini, yoxsa o hündür ağacların narahat kölgələr saldığını ayırd eləmək tamam faydasız idi.

O öz yerinə qayıdıb gözləməyə başladı. Ötən axşam yağış yağmışdı, çiçəklər indiyəcən gözəl rütubətli qoxu yayırdı. Amma əvəzində mığmığa tüğyan eləyirdi, don Euloxio nə qədər əlini üzünün qabağında yelləsə də həşəratlardan canını qurtara bilmirdi: titrəyən buxağına, alnına, hətta sallaq göz qapaqlarına hər an gözəgörünməz xortumlar batırdı. Gündüz onun canına çökən qızdırmalı həyəcan indi ötüb keçmişdi, yorğunluq, anışdıra bilmədiyi bir qüssə gəlmişdi. Böyük, tutqun bağdan özünü pis hiss eləyirdi, qırsaqqız, təhqiramiz mənzərə əvvəlcədən əziyyət verirdi: aşbaz, yaxud qulluqçu - kimsə onu burda yaxalayır: «Gecənin bu vaxtı bağda neyləyirdiniz don Euloxio?» Elə həmin məqamda da oğlu gəlini ilə onun dəli olduğuna tamam-kamam inanmaq üçün gəlib çıxırlar. O, diksindi. Başını çevirib xrizantemlərin və tuberoz kollarının arasında göyərçinxanaya burulub gizli qapıya aparan cığırı gördü. Qoca üç dəfə yoxladığını xatırlayıb bir qədər sakitləşdi: alaqapının sürgüsü bağlanmayıb, hər hansı məqamda sezilmədən küçəyə çıxa bilər.

«Bəs birdən o, keçib getmiş olsa?» - qoca fikirləşib yenə narahat oldu. Çünki onun daha vaxtı duymadığı, huşa getdiyi məqamlar olurdu. Bu, onun hamının çoxdan unutduğu alaqapıdan gizlicə bağa girməsindən bir neçə dəqiqə sonra olmuşdu. Həmişə əlində qeyri-iradi fırladığı kiçik bir şeyi əlindən salanda özünə gəldi. Həmin şey düşüb buduna dəydi. Yox, oğlan sezilmədən keçib gedə bilməzdi: onun addımları qocanı oyadardı, elə oğlan da babasını cığırın qırağında yatmış görüb, mütləq heyrətindən qışqırardı.

Bu fikir onu cana gətirdi. Külək indi bəri əsmirdi, qoca get-gedə sərinə alışırdı, artıq o qədər də titrəmirdi. Gödəkcəsinin cibindəki, bu gün gündüz küncdəki balaca dükandan aldığı şamı yoxladı. Qoca hətta qaranlıqda ləzzətlə gülümsündü: satıcı qadının heyrətlənmiş üzünü xatırladı. O, dükanda özünü yekəxana aparırdı: qadın qarşısında bütün növ, bütün ölçülərdə şamları qoyduğu müddətdə metal ucluqlu uzun əsasını etinasız halda taqqıldada-taqqıldada var-gəl eləyirdi. «Bax, bunu» - deyib incikliyini bildirəcək cəld hərəkət elədi: Allah bilir nəylə məşğul olmaq lazım gəlir. Satıcı qadın şamı kağıza bükmək istəyirdi, amma imtina eləyib tələsik dükandan çıxdı. Gününün qalan hissəsini «Nasional» klubunda, heç vaxt olmadığı lomber oyunu otağında keçirdi. Bununla belə, hər ehtimala qarşı, narahat eləməsinlər deyə qapını içəridən bağladı, açarı da qapının üstündə qoydu. Sonra kreslonun qıpqırmızı məxmərinin üstünə çöküb heç vaxt ayrılmadığı çantasını açdı, ordan qiymətli bükülüsünü çıxardı. Əşya ağ ipəkdən gözəl şərfə bükülmüşdü.

***

... Həmin axşam kül rəngli toranlıqda taksi tutub sürücüyə şəhərin ətrafında dövrə vurmağı tapşırdı; ləzzətli ilıq külək əsirdi, şəhərin kənarında səmanın qırmızımtıl-boz mənzərəsinə sirli bir görkəm verirdi. Maşın asfaltın üstüylə axıb gedirdi, qocanın iti gözlərisə - qocalmış, ordan-burdan sallanmış sifətində diri qalan yeganə şeyi - şoseyə paralel uzanan kanal boyu dalğın-dalğın sürüşüb keçirdi. Elə burda da onu gördü.

- Saxlayın, - dedi. Amma sürücü eşitmədi. - Dayanın! Dayan!

Maşın dayandı, sonrasa geri gedib çınqıl yığınına dirənəndə don Euloxio əmin oldu: bu, doğrudan da kəllə idi. Qoca kəlləni əlinə götürüb mehi də, toranlığı da unutdu. O, bu ətsiz-qansız, burunsuz, gözsüz, dilsiz bərk, möhkəm, düşməncəsinə sarsılmaz kəlləyə artıb-çoxalan həyəcanla baxırdı. Kəllə balaca idi - don Euloxio fikirləşdi ki, uşaq kəlləsidi: tozlu, çirkli idi, şümal səthində dəmir pul böyüklüyündə, kənarları diş-diş ləçək qaralırdı. Qoca kəlləni elə bil əlcək kimi tutub barmaqlarıyla göz oyuqlarını ləzzətlə tədqiq eləyirdi. O, yumruğunu kəllənin içinə soxdu, sonrasa barmaqlarının birini burnundan, o birinisə ağzından çıxardı, bir növ uzun ikiləşmiş dil alındı; barmaqlarını tərpədib, bütün bunların canlı olduğunu xəyalında canlandırıb əylənirdi.

***

Qoca kəlləni ipək şərfə büküb dolabın siyirməsindəki yekəqarın dəri çantasında gizlətdi, tapıntısı barədə kimsəyə bir söz demədi. Kəlləni tapdığının bütün sonrakı gününü qoca öz otağında keçirdi, əcdadlarının iri mebelləri arasında əsəbi halda var-gəl elədi. O, demək olar, başını yuxarı qaldırmırdı. Kənardan baxan elə bilərdi, bu adam xalçanın ortasındakı qanqırmızı sehirli naxışı vicdanla, hətta bir qədər qorxu ilə öyrənir. Əslində o, naxışları görmürdü. Əvvəlcə qocaya şübhələr əzab verirdi. Gözləyirdi ki, qəfildən ona gülərlər. Bu fikir əvvəlcə qocanı hiddətləndirdi, sonrasa elə kədərləndirdi ki, az qaldı ağlasın. Həmin məqamdan da abırsız plan artıq onun beynindən çıxmırdı. O planı yalnız bir dəfə unutdu: pəncərənin qabağında dayanıb başdan-başa dəlmə-deşik qaralan göyərçin damına baxanda, saysız-hesabsız qapıları olan bu taxta evciyin heç vaxt boş, sakit olmadığını, içərisində balaca boz, ağ varlıqların yaşadığını, onların dimdiklədiklərini, öz damlarının döşəməsini batırdıqlarını, qəfildənsə pırıldayıb ağacların, güllərin arasında uçduqlarını xatırlayanda yadından çıxardı. Quşların necə zəif, necə mehriban olduqları, ovcuna necə qonduqları barədə, həmişə onlardan ötrü bir ovuc buğda tapması haqda kədərlə düşünürdü. Barmaqlarını bir azca bərk yummağa bənd idi ki, gözlərini yumub titrəyirdilər. Sonra bu barədə düşünməkdən əl çəkdi. Şam yeməyinə çağırmaq üçün gələndə qoca artıq hər şeyi qət eləmişdi. Həmin gecə don Euloxio bərk yatdı. Oyanıb dərhal da yuxuda göyərçin damını doldurub zərif məxluqların arasında qarğaşa salan nəhəng qırmızı qarışqa ordusunu, özününsə elə yuxudaca pəncərəsindən binoklla baş verənlərə baxan gördüyünü unutdu.

Əvvəlcə fikirləşdi ki, kəlləni təmizləmək çətin olmayacaq, amma səhv elədi. Çirk - daha doğrusu, ilk baxışdan çirkə oxşatdığı şey kəsif qoxusuna görə, güman ki, nəcis idi - sümüklərə çökmüşdü, peysərindəsə metal rənginə çalırdı. Ağ şərf get-gedə yeni-yeni yağlı boz ləkələrlə örtülürdü, çirk silinmirdi, don Euloxio da get-gedə daha da həyəcanlanırdı. Bir dəfə dözməyib acıqla kəlləni döşəməyə tulladı, kəllə xalçanın üstündə diyirləndi, qoca da hələ o dayanmamışdan peşman oldu. Döşəməyə atılıb uzaqlaşan kəllənin arxasınca iməklədi, onu götürüb ehtiyatla yuxarı qaldırdı. Bu zaman fikirləşdi ki, hər hansı bir yağla sınaqdan keçirmək lazımdı. Telefonla bir banka zeytun yağı sifariş elədi, onu gətirən uşağı qapının ağzında qarşıladı, otağa zillədiyi narahat baxışına qəti fikir verməyib bankanı əlindən qapdı. Don Euloxio həyəcandan titrəyə-titrəyə şərfi yağa batırıb əvvəlcə çox ehtiyatla, get-gedə daha sürətlə, səylə heydən düşənəcən sildi. Tezliklə vasitənin təsir elədiyini görüb sevindi: onun ayaqları altına toz yağışı, çirk zərrələri səpilməyə başladı. Qoca köynəyinin yaxalığını və gödəkcəsinin döşünü yağa batırdığını hiss eləmədi. İşini bitirib ayağa durdu, kəlləni başının üstünə qaldırıb təmiz, par-par yanan, hərəkətsiz, almacıq sümüklərinin qabarıq səthində tər damcılarına oxşayan nöqtələr olan kəlləyə tamaşa elədi.

***

O, təzədən öz xəzinəsini sevə-sevə bükdü, çantasına qoyub klubdan çıxdı. San-Martin meydanında tutduğu taksi don Euloxionu Orrantidəki evinin arxa tərəfinə apardı. Hava qaralırdı. O, küçənin rütubətli yarımqaranlığında alaqapının bağlı olmasından ehtiyatlanıb, həyəcanından heydən düşüb əlini alaqapıya uzatdı, hətta sevindiyindən atıldı: alaqapı cırıltıyla aralandı.

Köşkdən səslər gəlirdi. Amma o öz yaşantılarına elə cummuşdu ki, hətta bir müddət öz dəlisov əməlinin məqsədini unutdu, həmin səsləri, şaqqıltıları lap gözlənilməz bir şey kimi qəbul elədi. Ona elə gəldi ürəyi ölən adama qoşulmuş oksigen kisəsi kimi şişir. Əyilmək istədi, amma daşa ilişib üzü üstə yerə yıxıldı. Alnında kəskin ağrı hiss elədi, ağzındaca rütubətli torpağın xoşagəlməz tamını duydu, amma heç ayağa durmağa da cəhd eləmədi - az qala küllüyə gömülüb ağır-ağır nəfər ala-ala, hərdənbir diksinə-diksinə eləcə yaxılıb qalmışdı. Bununla belə, yıxılanda kəllə tutan əlini qaldırmağa macal tapmışdı, indi onu torpaqdan yuxarıda birtəhər saxlayırdı. Kəllə təmiz qaldı.

Onun sığınacağından köşkəcən iyirmi metr idi, don Euloxio da yalnız heç bir söz ayırd eləyə bilmədiyi qarışıq səs-küy eşidirdi. Çətinliklə ayağa qalxdı. Ətrafına baxıb, budaqları evin taxtapuşuna dirənən iri alma ağacının altındakı ağımtıl yaraşıqlı silueti seçdi, başa düşdü ki, bu, oğludu. Oğlunun yanında ona qısılmış bir qədər balaca və zərif fiqur vardı. Bu, gəlinidi. Don Euloxio tez-tez gözlərini qırpırdı, gözlərini silirdi, əzab içində yanındakı oğlanı görmək istəyirdi - amma əbəs yerə cəhd göstərirdi. Elə bu zaman da onun gülüşünü - qəfil, qarşısıalınmaz saf uşaq gülüşünü eşitdi. Oğlan bağla vəhşi heyvan balası kimi qaçırdı. Daha gözləmək olmazdı. Qoca gödəkcəsinin cibindən şamı çıxardı, ovcu ilə cığırın ortasına xırda budaqlar, torpaq yığını, balaca daşlar kürüdü, şamı tığın üstünə elə qoydu ki, cığırla gedən hər bir kəs mütləq onu görərdi. Sonra, Allah eləməsin, şam yıxılmasın deyə çox böyük ehtiyatla kəlləni ona keçirdi. Həddən artıq həyəcanlana-həyəcanlana elə əyildi ki, az qala kirpikləri yağ sürtülmüş kəlləyə toxunurdu, az qala sevindiyindən qışqıracaqdı - dəqiq hesablamışdı: şamın ucu kəllənin üstündəki deşikdən çıxıb elə bil tuberoz kimi qaranlıqda ağarırdı. Amma ona baxmağa vaxtı yox idi. Oğlanın atası səsini qaldırdı, qoca hələ sözləri ayır eləməsə də anladı ki, o, oğluna müraciət eləyir. Hər üçü bir-biri ilə danışırdı: atanın qalın səsi ucala-ucala guruldayırdı, qadın səsi ahəngdar tərzdə şırıldayırdı, aradabir uşağın cingiltili qışqırtısı eşidilirdi. Sonra qısa sükut çökdü, sükut uşağın qışqırtısı ilə partladı: «Amma yadında saxla, bu gün cəza axır ki, başa çatır. Sən dedin yeddi gün, yeddi gün də bu gün bitir». Bu sözlərdən sonra qoca tələsən addımların səsini eşitdi.

Nədi o, cığırla qaçır? Həlledici an yetişdi. Don Euloxio həyəcandan boğulurdu, amma özünü ələ alıb fikirləşdiyini axıra çatdıra bildi. Birinci kibrit çöpü zəif göyümtül alovla yandı, dərhal da söndü. İkinci yaxşı yanırdı. Qoca barmaqlarının ucunu yandıra-yandıra, amma ağrı hiss eləmədən, artıq şam yanandan sonra kibrit çöpünü kəllənin yanında bir neçə saniyə də saxladı. O, niyyətinin baş tutacağına az qala şübhə eləyirdi, çünki hələ də özünü bir qədər başqa cür təsəvvürünə gətirirdi, amma bu zaman az qala düz ovcunda alışdı, elə bil kimsə quru budaqları tapdalayıbmış kimi, ucadan çatıldadı, bütün kəllə burnundan, ağzından, göz oyuqlarından alov buraxıb içəridən işıqlandı. «Başdan-başa bürüdü!» - vəcdə gəlmiş don Euloxio səsləndi. O, hərəkətsiz dayanmışdı, sehrli oda bürünmüş kəllədən heyrətə gəlib sınıq val kimi təkrar eləyirdi: «Bunun hamısı yağdı, yağdı».

Elə bu vaxt da qışqırıq qopdu. Çoxlu ox sancılmış vəhşi heyvan bağırtısı. Qocanın yanında nəvəsi dayanmışdı. Oğlanın qolları yanına düşmüşdü, barmaqları əsə-əsə dartılırdı. O, ağappaq ağarmışdı, titrəyirdi, ağzı, gözləri geniş açılmışdı, boğazından özündən xəbərsiz qəribə xırıltılar qopurdu. «O məni gördü, gördü!» - don Euloxio qorxdu. Amma oğlana baxıb dərhal anladı ki, yox, görməyib - nəvəsi indi alovlanan başdan ayrı heç nə görmür. Oğlanın baxışları ona zillənmişdi, gözlərində dərin, ibtidai qorxu əks olunurdu. Bütün bunlar - parıltı, alovun parlaq işığında qışqırtı, bərk qorxu bürümüş qısa şalvarlı oğlan - eyni vaxtda baş verirdi. Qoca məmnuniyyətlə fikirləşməyə macal tapdı ki, reallıq bütün gözləntilərini ötüb keçdi, ona yaxınlaşdıqlarını eşitdi. Artıq səs-küy salmaqdan qorxmadan geri döndü, bir neçə sıçrayışda alovun şəfəqləndirdiyi qızılgül və xrizantem kollarını rəhmsizcəsinə ayaqlaya-ayaqlaya alaqapıyacan olan məsafəni belə, nəvəsinin bağırtısı kimi təəccüblü olmayan qadın qışqırtısı eşitdi.

Don Euloxio dayanmadı, hətta başını çevirmədi. Küçədə sərin külək alnını soyutdu, seyrək saçlarını qabartdı, amma o, bunu sezmədi. O, lap yavaş-yavaş, aradabir çiynini bağın hasarına toxundura-toxundura, xoşbəxt halda gülümsəyə-gülümsəyə, hər addımda daha asan, daha rahat nəfəs ala-ala gedir, hey gedirdi.

Tərcümə edəni: Nəriman Əbdülrəhmanlı, Mediaforum.az

Məlumat

Müa­sir La­tın Ame­ri­ka­sı ədə­biy­ya­tı­nın ön­cül no­va­tor ya­zı­çı­la­rın­dan olan pe­ru­lu na­sir Ma­rio Var­qas Lyo­sa 28 mar­t 1936-cı ildə Are­kip­də do­ğu­lub.

Le­on­sio Pra­do hər­bi mək­tə­bin­də, da­ha son­ra San-Mar­kos pay­taxt uni­ver­si­te­tin­də təh­sil alıb.

1958-ci il­də Mad­rid uni­ver­si­te­ti­nin tə­qaü­dü­nü qa­za­na­raq, uzun müd­də­tə Av­ro­pa və Ame­ri­ka­ya ge­dib. Doq­quz il­dən son­ra R.Qal­ye­qos adı­na bey­nəl­xalq mü­ka­fa­ta la­yiq gö­rü­lən Var­qas Lyo­sa ya­zı­çı­nın ic­ti­mai hə­yat­la sıx bağ­lı­lı­ğı möv­zu­sun­da məş­hur nit­qi­ni söy­lə­yib.

Da­ha son­ra­lar öz fi­kir­lə­ri­ni hə­ya­ta ke­çir­mək üçün Pe­ru­da 1990-cı il­də ke­çi­ri­lən pre­zi­dent seç­ki­lə­rin­də na­mi­zəd ki­mi iş­ti­rak edə­rək, məğ­lu­biy­yə­tə uğ­ra­yıb.

Var­qas Lyo­sa­nın 1963-cü il­də yaz­dı­ğı ilk ro­ma­nı "Şə­hər və kö­pək­lər" Li­ma­da onun ki­tab­la­rı­nın nü­ma­yiş­ka­ra­nə yan­dı­rıl­ma­sı ilə nə­ti­cə­lə­nən qal­ma­qa­la sə­bəb olub. Le­on­sio Pra­do hər­bi mək­tə­bi­nin "ger­çək ta­rix­çə­si"ndə əks et­di­ri­lən əca­ib xü­su­siy­yət­lər Pe­ru­nun bü­tün hərb­çi züm­rə­si­ni is­teh­za hə­də­fi­nə çe­vi­rib. "Ya­şıl ev" ro­ma­nı­nın əsas möv­zu­la­rı olan zo­ra­kı­lıq və öz­gə­ləş­mə ey­ni vaxt­da beş kə­si­şən sü­jet xət­ti­lə in­ki­şaf et­di­ri­lir.

Ya­zı­çı bu­ra­da ge­niş­lən­di­ril­miş mon­taj tex­ni­ka­sın­dan, ha­di­sə­lə­rin za­man və mə­ka­nı­nın ani əvəz­lən­mə­lə­rin­dən, çox müx­tə­lif nöq­tə­lər­dən ya­naş­ma üsu­lun­dan is­ti­fa­də edir.

"Kü­çük­lər" he­ka­yə­sin­də "əsl ki­şi mü­hi­ti"nə dü­şən ax­ta oğ­la­nın ba­şı­na gə­lən­lər təs­vir olu­nur. "Kil­sə­də söh­bət" ro­ma­nı M.Od­ria­nın dik­ta­tu­ra­sı za­ma­nın­da Pe­ru cə­miy­yə­ti­nə xas olan na­qis­lik­lə­ri or­ta­ya çı­xa­rır.

"Pa­lo­mi­no Mo­le­ro­nu kim öl­dü­rüb?" de­tek­tiv po­ves­tin­də gənc bir mü­ğən­ni­nin qət­li hə­qi­qə­tin və əda­lə­tin qa­rı­şıq sər­həd­lə­ri­nin ay­dın­laş­dı­rıl­ma­sı üçün zə­min ro­lu oy­na­yır.

Var­qas Lyo­sa "Ka­pi­tan Pan­ta­le­on və xe­yir­xah əməl­lər ro­ta­sı", "Məh­şər sa­va­şı" və baş­qa ro­man­la­rın, elə­cə də Flo­be­rin ya­ra­dı­cı­lı­ğı haq­da təd­qi­qa­tın mü­əl­li­fi­dir.


(Tərcüməçidən)

 

 

 

 

 

 

Ma­rio VAR­QAS LYO­SA

 

(«Gənc ya­zı­çı­ya mək­tub­lar»­dan)

 

KA­TOB­LE­PAS

 

(Ruscadan Seyfəddin Hüseynli tərcümə edib)

 

 

Əziz dos­tum!

 

Son gün­lər öh­də­mə dü­şən iş­lə­rin çox­lu­ğu Si­zə dər­hal ca­vab yaz­ma­ğı­ma ma­ne ol­du.

Bu­nun­la be­lə, mən bü­tün bu za­man ər­zin­də da­vam­lı ola­raq Si­zin mək­tu­bu­nuz ət­ra­fın­da dü­şün­mü­şəm.

Özü də bu­nun ye­ga­nə sə­bə­bi Siz­də­ki bö­yük hə­vəs, coş­ğun­luq de­yil. Mən də bu fi­kir­də­yəm ki, hər cür ağ­la­gəl­məz bə­la­lar­dan qo­run­maq üçün ədə­biy­yat­dan yax­şı mü­da­fiə üsu­lu in­di­yə­dək ta­pıl­ma­yıb.

An­caq dü­şün­cə­lə­rə dal­ma­ğı­mın bir sə­bə­bi də bu­dur ki, Si­zin ver­di­yi­niz "Ro­man­lar­da­kı əh­va­lat­lar har­dan ya­ra­nır", "Ro­man mü­əl­lif­lə­ri öz əsər­lə­ri üçün möv­zu­la­rı ne­cə ta­pır­lar" ki­mi su­al­lar mə­nim özü­mü in­di də, ya­ra­dı­cı­lıq yo­lu­mun baş­lan­ğı­cın­da ol­du­ğu qə­dər, na­ra­hat et­mək­də­dir.

­Halbu­ki ar­tıq xey­li say­da əsə­rin mü­əl­li­fi­yəm. Mə­nim hə­min su­al­la­ra ca­va­bım var.

Am­ma mü­la­hi­zə­lə­ri­mi həd­din­dən ar­tıq hər­fi mə­na­da qə­bul et­mək la­zım de­yil. Əks təq­dir­də, on­la­rın ma­hiy­yə­ti də­yi­şi­lə­cək və fi­kir­lə­rim sax­ta tə­sir ba­ğış­la­ya­caq.

 

İs­tə­ni­lən əh­va­la­tın kö­kün­də onu qə­lə­mə alan in­sa­nın hə­yat təc­rü­bə­si da­ya­nır. Yə­ni hə­yat təc­rü­bə­si tə­xəy­yü­lün qi­da mən­bə­yi­dir.

La­kin bu, heç də o de­mək de­yil ki, gu­ya ro­man bi­la­va­si­tə mü­əl­li­fin üs­tü­ör­tü­lü tər­cü­me­yi-ha­lı­dır. İs­tə­ni­lən bə­dii əsər­də onun mü­əl­li­fi olan in­sa­nın fər­di təc­rü­bə­si­lə sıx əla­qə­li is­ti­nad nöq­tə­si, saf bir to­xum aş­kar­la­maq müm­kün­dür.

Cə­sa­rət edib de­yə bi­lə­rəm ki, bu qay­da­nın doğ­ru­lu­ğu is­tis­na­sız­dır və ona gö­rə də ədə­biy­yat alə­min­də "kim­yə­vi ba­xım­dan" tə­miz, xa­lis tə­xəy­yül məh­su­lu ol­mur.

Hər bir bə­dii uy­dur­ma mü­əl­li­fin yad­da­şın­da qə­rar tu­tan və onun ya­ra­dı­cı zeh­ni­ni hə­rə­kə­tə gə­ti­rən fakt­lar, ha­di­sə­lər, can­lı in­san­lar üzə­rin­də fan­ta­zi­ya və us­ta­lıq sa­yə­sin­də ucal­dı­lan abi­də­dir.

Bu za­man adi bir to­xum­dan bü­töv bir dün­ya ya­ra­nır. Elə zən­gin və rən­ga­rəng bir dün­ya ki, bə­zən onun da­xi­lin­də tə­məl ro­lu­nu oy­na­yan, xə­yal­la ger­çək­lik ara­sın­da giz­li bağ­lı­lıq ya­ra­dan tər­cü­me­yi-hal ele­men­ti­ni sez­mək çox çə­tin olur. Özü­mün çox­dan­kı, gənc­lik il­lə­ri­mə aid bir çı­xı­şım­da mən bu me­xa­niz­mi "tər­si­nə strip­tiz"ə bən­zət­miş­dim.

Mü­əy­yən mə­na­da, ro­ma­nın ya­ran­ma­sı­nı ca­maa­tın gö­zü qar­şı­sın­da pal­tar­la­rı­nı əy­nin­dən çı­xa­rıb, çıl­paq bə­də­ni­ni nü­ma­yiş et­di­rən pe­şə­kar strip­tiz­çi­nin işi­nə ox­şat­maq müm­kün­dür. An­caq ya­zı­çı bu hə­rə­kə­ti tər­si­nə ye­ri­nə ye­ti­rir.

O, ro­man üzə­rin­də iş­lə­yə-iş­lə­yə san­ki əy­ni­nə ye­ni-ye­ni pal­tar­lar ta­xır, tə­xəy­yü­lü he­sa­bı­na ya­rat­dı­ğı li­bas­lar­la özü­nün pro­se­sin əv­və­lin­də­ki çıl­paq­lı­ğı­nı ara­dan qal­dı­rır.

 

İn­di­sə ro­man möv­zu­la­rın­dan söz açaq. Mə­nə elə gə­lir ki, möv­zu­lar ya­zı­çı­nın özün­dən qi­da­la­nır. Bu za­man o, Flo­be­rin "Mü­qəd­dəs An­to­ni­nin şey­ta­na uy­ma­sı" ro­ma­nın­da mü­qəd­dəs An­to­ni­nin önün­də pey­da olan və Bor­xe­sin "Uy­du­rul­muş var­lıq­lar haq­qın­da ki­tab"ın­da ye­ni­dən gö­rü­nən mi­fik hey­va­nı - Ka­tob­le­pa­sı xa­tır­la­dır. Ka­tob­le­pas, pən­cə­sin­dən baş­la­maq­la, özü-özü­nü gə­mi­rib ye­yən bəd­hey­bət var­lıq­dır.

Əl­bət­tə, bu də­rə­cə­də hər­fi mə­na­da gö­tü­rül­mə­sə də, ya­zı­çı da əh­va­lat­lar qur­maq üçün ma­te­ri­al ax­ta­rar­kən özü-özü­nü "ye­yir".

Həm də bu iş­lə tək­cə yad­da­şın sə­xa­vət­lə bəxş et­di­yi ma­te­ria­la əsas­la­na­raq su­rət­lər, ay­rı-ay­rı ha­di­sə­lar və mən­zə­rə­lər ya­rat­maq­dan öt­rü məş­ğul ol­mur.

Yox, o, yad­da­şın rəf­lə­rin­də öz ira­də­si üçün ener­ji mən­bə­yi də ax­ta­rıb ta­pır. Bun­suz ro­man ya­rat­maq ki­mi uzun və ağır bir pro­se­si ba­şa çat­dır­maq müm­kün de­yil.

 

Ro­man­lıq möv­zu­lar haq­da mü­la­hi­zə­lə­rim­də bir az­ca irə­li­yə get­mə­yə cə­sa­rət edə­rək de­yim ki, mü­əl­lif möv­zu­la­rı yox, on­lar mü­əl­li­fi se­çir­lər. Mü­əl­lif bu və ya di­gər möv­zu­la­rı ona gö­rə qə­lə­mə alır ki, ağ­lı­na məhz bun­lar gə­lir.

Möv­zu se­çi­min­də mü­əl­li­fin sər­bəst­li­yi çox nis­bi­dir, hət­ta ola bil­sin, heç yox­dur. Mə­nim fik­rim be­lə­dir ki, mü­əl­li­fə möv­zu­la­rı hə­yat dik­tə edir. Ba­şa dü­şü­rəm ki, bu söz ol­duq­ca gu­rul­tu­lu səs­lə­nir və bu­na gö­rə üzr is­tə­yi­rəm.

 

Mü­əy­yən hə­yat təc­rü­bə­si şü­ur­da və şüu­ral­tın­da öz iz­lə­ri­ni qo­yur, son­ra­dan ya­şa­nan­lar onu tə­qib elə­mə­yə baş­la­yır və o da bun­lar­dan ya­xa qur­tar­maq üçün müx­tə­lif əh­va­lat­lar uy­dur­ma­ğa gi­ri­şir.

Hə­yat təc­rü­bə­sin­dən do­ğan han­sı möv­zu­la­rın han­sı for­ma­da ya­zı­çı­nın diq­qət mər­kə­zi­nə keç­di­yi­nə da­ir mi­sal­lar gös­tər­mə­yə, yə­qin ki, eh­ti­yac yox­dur. Xa­ti­rat­da­kı is­tə­ni­lən mə­qa­mı bu­na sü­but ki­mi gö­tür­mək müm­kün­dür.

Mə­sə­lən, ar­xa­yın­ca de­mək olar ki, bax, bu əh­va­lat, bu su­rət, bu şə­ra­it, bu ma­raq­lı olay mə­ni ra­hat bu­rax­ma­dı, özü­nə cəlb elə­di, san­ki ru­hu­mun də­rin­lik­lə­rin­dən bir sə­da ki­mi qop­du və mən də o sə­si sus­dur­maq üçün bü­tün bun­la­rı qə­lə­mə al­ma­lı ol­dum.

Heç şüb­hə­siz, be­lə mə­qam­da, ilk ola­raq, ada­mın ya­dı­na Prust dü­şür. Əsl ya­zı­çı - Ka­tob­le­pas odur.

Yad­da­şı­nın xa­ra­ba­lıq­la­rın­da bir ar­xeo­loq ki­mi əl­ləş­mək­lə "İti­ril­miş vax­tın ax­ta­rı­şın­da"nı ya­ra­dan ya­zı­çı­dan da­ha ar­tıq kim özü­nü çey­nə­yə və da­ha üs­tün nə­ti­cə­lər əl­də edə bi­lib?

Bu əsər mü­əl­li­fin, onun ai­lə­si­nin, dost­la­rı­nın, mü­na­si­bət­lə­ri­nin, zöv­qü­nün, məm­nun­luq və mə­yus­lu­ğu­nun, bü­töv­lük­də in­san ru­hu­nun möh­tə­şəm bə­dii ifa­də­si­dir.
 
Bi­oq­raf­lar Prus­tun ro­ma­nın­da­kı, zən­gin tə­xəy­yül ar­xa­sın­da giz­lə­nən re­al ha­di­sə və su­rət­lə­rin də­qiq, ger­çək si­ya­hı­sı­nı tər­tib edə bi­lib­lər.

On­lar bu sehr­li əsə­rin mü­əl­li­fin hə­ya­tı­na aid re­al ma­te­ri­al­lar­dan qu­rul­du­ğu­nu ol­duq­ca inan­dı­rı­cı bir tərz­də bi­zə gös­tər­mə­yi ba­ca­rıb­lar.
 
Hər­çənd ki, bi­oq­raf­la­rın üzə çı­xar­dıq­la­rı bu "ma­te­ri­al­lar si­ya­hı­sı" ye­nə də Prus­tun ya­ra­dı­cı­lıq qüd­rə­ti­nin gös­tə­ri­ci­sin­dən baş­qa bir şey de­yil. O, özü­nü öy­rən­mək­lə, öz keç­mi­şi­nə baş vur­maq­la hə­ya­tı­nın ən adi mə­qam­la­rı əsa­sın­da əs­ra­rən­giz bir xal­ça to­xu­yub.

Bu xal­ça, ma­hiy­yət eti­ba­ri­lə, mü­əl­li­fin sub­yek­tiv möv­qe­dən mü­şa­hi­də et­di­yi, hə­ya­tın axa­rın­da özü-özü­nü iz­lə­mək üçün iki­lə­şən bir in­san tə­biə­ti­nin hey­rə­ta­miz ək­si­dir.


Qeyd et­dik­lə­ri­miz­dən be­lə bir mü­hüm nə­ti­cə ha­sil olur ki, tə­xəy­yül üçün çı­xış nöq­tə­si ro­lu­nu ya­zı­çı­nın ya­şam təc­rü­bə­si oy­na­sa da, re­al hə­yat "ədə­bi tə­yi­nat" mə­ka­nı de­yil və ola da bil­məz. On­lar ara­sın­da ki­fa­yət qə­dər bö­yük, hət­ta kos­mik öl­çü­lü mə­sa­fə var.

Çün­ki ke­çid pro­se­sin­də möv­zu söz­lə ifa­də olu­nan­da, təh­ki­yə for­ma­sı­nı alan­da tər­cü­me­yi-hal­dan gə­lən mə­qam­lar də­yi­şi­lir, yad­daş­dan gö­tü­rü­lən və ya uy­du­ru­lan baş­qa ma­te­ri­al­lar­la qa­rı­şa­raq zən­gin­lə­şir (bə­zən bə­sit­lə­şə də bi­lər).

Bu pro­se­sin ge­di­şin­də tə­xəy­yül özü­nə mü­əy­yən for­ma qa­za­nır. Mü­əl­li­fi­nin adı­nı üs­tə­lə­mə­yən əsər­lər yal­nız bi­oq­ra­fik ma­te­ri­al ki­mi əhə­miy­yət da­şı­yır və ya­ra­dı­cı­lıq­da uğur­suz­luq sa­yı­lır.

Bə­dii­ləş­mə pro­se­si yad­da­şın mü­əl­li­fə ver­di­yi ma­te­ria­lın söz­lə qu­ru­lan ger­çək dün­ya­ya, yə­ni ro­ma­na çev­ril­mə­si­dir. For­ma isə tə­xəy­yü­lün konk­ret­ləş­mə­si­nə im­kan ya­ra­dır.

Mə­nim ədə­bi ya­ra­dı­cı­lı­ğa ya­naş­ma­mı düz­gün say­maq olar­sa (bir da­ha qeyd edi­rəm, bu­na əmin de­yi­ləm), ro­man mü­əl­li­fi bu mə­sə­lə­də sər­bəst­dir və de­mə­li, nə­ti­cə­yə gö­rə də tam mə­su­liy­yət da­şı­yır.

Əgər Siz bun­dan be­lə nə­ti­cə­yə gəl­di­niz­sə ki, ya­zı­çı bə­dii xə­yal­lar qu­rar­kən öz möv­zu­la­rı üçün yox, on­la­rı ədə­bi əsə­rə çe­vir­mək­dən öt­rü gör­dü­yü iş­lər üçün mə­su­liy­yət da­şı­yır, üs­tə­lik, əsər­lə­ri­nin uğur­la­rı­na və uğur­suz­lu­ğu­na gö­rə də bir­ba­şa o ca­vab­deh­dir, bə­li, düz an­la­mı­sı­nız. Mən məhz bu fi­kir­də­yəm.

Gö­rə­sən, ya­zı­çı­nın hə­ya­tın­da­kı say­sız-he­sab­sız fakt­lar­dan bə­zi­lə­ri­nin (be­lə­lə­ri çox az­dır) ya­ra­dı­cı tə­xəy­yül üçün əhə­miy­yət­li ol­ma­sı­nın, di­gər­lə­ri­nin isə (on­la­rın sa­yı qat-qat ar­tıq­dır) onun zə­ka­sın­da heç bir tə­sir oyat­ma­dan ötüb keç­mə­si­nin sə­bə­bi nə­dir? Bu sua­la də­qiq ca­va­bım yox­dur.

An­caq bəl­li bir mü­la­hi­zəm var. Gö­rü­nür, ha­di­sə­lar qur­maq üçün ya­zı­çı­ya la­zım olan per­so­naj­lar, ma­raq­lı əh­va­lat­lar, konf­likt­lər bə­dii dü­şün­cə ilə re­al hə­ya­tın ger­çək dün­ya­nın ay­rı­cın­da olan­lar­dır.

Bu da, əgər mə­nim əv­vəl­ki mək­tu­bum­dan xa­ti­ri­niz­də­dir­sə, məhz ya­zı­çı­lı­ğa meyl oya­dan, in­sa­nı ət­raf alə­mə qar­şı üs­yan qal­dır­ma­ğa sövq edən əsas amil­dir. Fik­ri­mi əsas­lan­dır­maq üçün say­sız mi­sal­lar­dan XVIII əs­rin, bö­yük də ol­ma­sa, hey­rə­ta­miz də­rə­cə­də məh­sul­dar bir ya­zı­çı­sı - fran­sa­lı Re­tif de la Bre­ton­nun üzə­rin­də da­yan­maq is­tər­dim.

Mən onu məh­dud is­te­da­dı­na gö­rə yox, ger­çək dün­ya­ya qar­şı üs­yan­kar­lı­ğın də­qiq nü­mu­nə­si­ni təq­dim et­di­yi­nə gö­rə fərq­lən­di­ri­rəm. Re­tif de la Bre­ton­nun yaz­dı­ğı çox say­da ro­man içə­ri­sin­də ən məş­hu­ru av­to­bi­oq­ra­fik məz­mun­lu "Müs­yö Ni­ko­la"dır.

XVIII əs­rin Fran­sa­sı bu­ra­da so­sio­lo­ji də­qiq­lik­lə, bü­tün in­san tip­lə­ri, dü­şün­cə­lə­ri, ge­yim­lə­ri, məş­ğu­liy­yət­lə­ri­lə bir­gə ve­ri­lib. Bu əsər, is­tər ta­rix­çi və ya ant­ro­po­loq, is­tər­sə də et­noq­raf və ya so­sio­loq ol­sun, bü­tün təd­qiqt­çı­lar üçün əsl xə­zi­nə­dir.

On­la­rın ha­mı­sı Re­ti­fin ya­rat­dı­ğı bu mən­bə­dən gen-bol bəh­rə­lə­nib­lər. La­kin onun ro­man­la­rın­da əks olu­nan so­si­al və ta­ri­xi rel­lıq­lar elə kəs­kin də­yi­şik­lik­lə­rə mə­ruz qa­lıb ki, on­lar haq­qın­da sırf tə­xəy­yül ki­mi söz aç­maq la­zım gə­lir.

Re­al dün­ya­ya çox bən­zə­yən ge­niş və zən­gin bir aləm­də ki­şi­lər qa­dın­la­ra çöh­rə­si­nin gö­zəl­li­yi­nə, be­li­nin in­cə­li­yi­nə, mə­nə­vi saf­lı­ğı­na gö­rə vu­rul­mur­lar.

On­la­rı ilk növ­bə­də qa­dın ayaq­la­rı­nın zə­rif­li­yi və ya ayaq­qa­bı­la­rı­nın qə­şəng gö­rü­nü­şü cəlb edir. Re­tif de la Bre­tonn fe­ti­şist idi və bu­na gö­rə də müa­sir­lə­ri ara­sın­da eks­sent­rik ki­mi ta­nı­nır, "qay­da­dan" kə­na­ra çıx­dı­ğı üçün ger­çək­li­yə mü­na­si­bət­də "dis­si­dent" sa­yı­lır­dı.

Re­ti­fin ye­ni­dən ya­rat­dı­ğı aləm­də qa­dın gö­zəl­li­yi­nin əsas at­ri­bu­tu və ki­şi­lə­ri ən çox va­leh edən ob­yekt ki­mi in­cə ayaq­la­rın, həm­çi­nin on­la­ra xü­su­si ya­ra­şıq ve­rən co­rab­la­rın, baş­maq­la­rın diq­qət mər­kə­zin­də da­yan­ma­sı ta­ma­mi­lə adi, nor­mal hal­dır.

Dün­ya­lar ara­sın­da­kı ke­çid pro­se­si az say­da ya­zı­çı­da bu cür də­qiq­lik­lə, mü­əl­li­fin şəx­siy­yə­ti­nə, is­tək­lə­ri­nə, meyl­lə­ri­nə, na­ra­zı­lıq­la­rı­na uy­ğun şə­kil­də özü­nü gös­tə­rir. An­caq bu­na bən­zər hə­rə­kət­lə­ri, o də­rə­cə­də şü­ur­lu və ay­dın for­ma­da ol­ma­sa da, baş­qa mü­əl­lif­lər də edir­lər.

Hər kə­sin hə­ya­tın­da, Re­ti­fin fe­ti­şiz­mi­nə ox­şa­yan, in­sa­nı ya­şa­dı­ğı dün­ya­dan fərq­li bir aləm ar­zu­la­ma­ğa sövq edən han­sı­sa mə­qam­lar var. Fə­da­kar­ca­sı­na haqq-əda­lət ara­maq, ən in­tim, ma­zo­xist və sa­dist eh­ti­yac­la­rı­nı ödə­mək, bö­yük bir eşq ya­şa­maq, söz­lə ye­ni dün­ya­lar qur­maq ya­zı­çı­nın ət­raf aləm­lə konf­lik­ti­nin əsa­sın­da da­ya­nır.

 

Elə bi­li­rəm ki, ədə­biy­ya­ta xas ən mü­rək­kəb key­fiy­yət olan dü­rüst­lük haq­qın­da da­nış­ma­ğın vax­tı ye­ti­şib. Şüb­hə yox­dur ki, bə­dii tə­xəy­yül ma­hiy­yət eti­ba­ri­lə uy­dur­ma­dır. İs­tə­ni­lən ro­man hə­qi­qət ki­mi qə­lə­mə ve­ri­lən ya­lan­dır, təq­dim edil­di­yi ki­mi ol­ma­yan re­al­lıq­dır, bir növ ger­çək­li­yə bən­zət­mə­dir.

Bu - inan­dı­rı­cı­lıq də­rə­cə­si ya­zı­çı­nın çe­şid­li üsul­lar­dan, sirk­də­ki fo­kus­çu­lar ki­mi, nə də­rə­cə­də uğur­la is­ti­fa­də et­mə­sin­dən bir­ba­şa ası­lı olan bir ya­ra­dı­cı­lıq işi­dir.
 
Be­lə­lik­lə, ba­xaq gö­rək, ro­ma­na mü­na­si­bət­də dü­rüst­lük­dən da­nış­ma­ğı­mı­zın ye­ri var­mı? Axı, bu janr­da qə­lə­mə alı­nan ən ger­çək mət­ləb be­lə, is­tər-is­tə­məz ya­lan, uy­dur­ma və il­ğım sə­ciy­yə­li­dir!

Hə, bun­dan da­nış­ma­ğın ye­ri var, an­caq mə­sə­lə­ni baş­qa cür qoy­maq la­zım­dır: o ya­zı­çı­nı dü­rüst və doğ­ru­çu ad­lan­dır­maq olar ki, ta­le­yin hök­mü­nə də­qiq və ita­ət­lə əməl edə­rək, yal­nız mü­əy­yən bir qrup möv­zu­nu qə­lə­mə al­sın, şəx­si təc­rü­bə­sin­dən qay­naq­lan­ma­yan, şüu­ru­na la­büd bir şə­kil­də ha­kim kə­sil­mə­yən di­gər möv­zu­la­ra ya­xın dur­ma­sın.

Baş­qa söz­lə, ya­zı­çı­nın dü­rüst­lü­yü öz ba­şın­da­kı "cin­lər"lə dil ta­pıb, gü­cü ça­tan qə­dər on­la­ra xid­mət et­mə­sin­də tə­za­hür ta­pır.

 

Əgər mü­əl­lif onu da­xil­dən tər­pə­dən möv­zu­la­rı qə­lə­mə al­mır, so­yuq baş­la möv­zu və sü­jet­lər se­çə­rək ya­za­raq, bu yol­la asan­lıq­la uğur qa­za­na­ca­ğı­nı dü­şü­nür­sə, be­lə ya­zı­çı dü­rüst və ger­çək­çi ola bil­məz. Ümu­miy­yət­lə, bir qay­da ola­raq, bu cür mü­əl­lif­lər pis ya­zı­çı­lar sa­yıl­ma­lı­dır.

Hər­çənd ki, bə­zən be­lə­lə­ri də best­sel­ler­lər si­ya­hı­sın­da fəx­ri yer­lər tu­ta bi­lir­lər. Hə­min si­ya­hı isə, bil­di­yi­niz ki­mi, də­yər­siz ro­man­lar­la do­lu­dur.

Mə­nim nə­zə­rim­də, əgər ru­hu­nun də­rin­li­yin­də­ki ka­bus­lar, ya­zı­çı­la­rı üs­yan­kar var­lıq­la­ra çe­vi­rən "cin­lər" ada­mı coş­dur­mur­sa, onun re­al­lı­ğı ye­ni bir şək­lə sa­lan ya­ra­dı­cı adam ol­ma­sı müş­kül­dür.

Öz "cin­lər"in­dən qa­çan, öz möv­zu­la­rı­nı ki­fa­yət qə­dər ori­ji­nal və cəl­be­di­ci say­ma­ya­raq, kə­nar möv­zu­la­ra gi­ri­şən­lər dəh­şət­li də­rə­cə­də ya­nı­lır­lar.
 
Ədə­biy­yat­da özü-öz­lü­yün­də yax­şı və ya pis möv­zu yox­dur. İs­tə­ni­lən möv­zu yax­şı da çı­xa bi­lər, pis də.

Bu isə, bir da­ha qeyd edi­rəm, möv­zu­nun ro­man şək­li alar­kən nə­yə çev­ri­lə­cə­yin­dən, yə­ni üs­lub və struk­tur­dan müs­təs­na də­rə­cə­də ası­lı­dır. Məhz han­sı­sa möv­zu üçün se­çi­lən for­ma mü­əy­yən bir əh­va­la­ta ori­ji­nal və ya çey­nən­miş, də­rin və ya sət­hi, mü­rək­kəb, ya­xud bə­sit xa­rak­ter ve­rir.

For­ma ha­di­sə­lə­rə və per­so­naj­la­ra ener­ji, zən­gin mə­na və dü­rüst­lük gə­ti­rir, ya­xud da elə onun uc­ba­tın­dan bə­zən qəh­rə­man­lar can­sız və ka­ri­ka­tu­ra­nı xa­tır­la­dan oyun­caq­la­ra çev­ri­lir­lər.

Mə­nim alə­mim­də, bu, ədə­biy­ya­tın is­tis­na sev­mə­yən az­say­lı qay­da­la­rın­dan bi­ri­dir. Özü-öz­lü­yün­də möv­zu­lar ro­man üçün əv­vəl­cə­dən han­sı­sa aqi­bət mü­əy­yən­ləş­dir­mir.

Ya­zı­çı­nın on­la­rı mü­əy­yən qay­da­da düz­dü­yü söz­lər­lə ger­çə­yə çe­vi­rər­kən ne­cə dav­ra­na­ca­ğın­dan ası­lı ola­raq, möv­zu­lar yax­şı və ya pis, cəl­be­di­ci və ya can­sı­xı­cı alı­nır.


Dos­tum, elə bi­li­rəm ki, söh­bə­ti­mi­zi ar­tıq bu­ra­da bi­ti­rə bi­lə­rik.


Si­zi bağ­rı­ma ba­sı­ram.

 

 

(Tərcümə ilk dəfə «Xəzər» jurnalında işıq üzü görüb)

 

 

Məşhur yazıçı prezident seçkilərinə niyə qatılmışdı?

 

 

 

 

"İstənilən totalitar rejim daim ədəbiyyatı öz nəzarətində saxlamağa çalışır, ona etibar etmir, çünki ədəbiyyatda hakimiyyətin tənqidi ola bilər.

Sonuncu fikir həqiqətdir. Özü də burada təkcə siyasi mənada tənqiddən yox, daha geniş anlamda tənqiddən söhbət gedir.

Əsl sənət əsərləri hakimiyyətin təbliğat vasitələrinin insanlarla manipulyasiya etmək niyyətlərinin həyata keçməsini çətinləşdirir.

Bu mənada ədəbiyyat və sənət azadlığa böyük dəstəkdir. Azadlıq isə hər növ sənətin məqsədidir". 

Məşhur Peru yazıçısı Mario Varqas Liosanın Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsi.

- 1960-cı illərdə burda - bizdə belə bir ifadə yarandı: “Poet v Rossii bolşe çem poet”.

Bəziləri bu sözlərə indi də inanırlar. Siz də həmişə bu qənaətdə olmusuz ki, yazıçı ictimai həyatla sıx bağlı olmalıdır.

Hətta 1990-cı ildə prezident seçkilərində namizəd də olmusunuz. Hələ də o fikirdə qalırsınızmı ki, yazıçı siyasi debatlarda iştirak etməlidir?

İyulun əvvəlində məşhur Peru yazıçısı, “Şəhər və itlər”, “Kilsədə söhbət”, “Pis qız” kimi romanların müəllifi Mario Varqas Liosa Moskvada olub.

Liosa həm də vaxtilə məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin dostu olmağıyla tanınır.

Amma sonradan araları siyasətə görə dəyib və 30 il küsülü qalıblar.

74 yaşlı yazıçı Rusiyada mətbuatla ünsiyyətdən qaçsa da, “İzvestiya” qəzeti onu müsahibəyə razı sala bilib.

- (gülür - İzv.) Əlbəttə ki mən ilk növbədə yazıçıyam, peşəkar siyasətçi deyiləm. Amma hesab edirəm ki, yazıçıların ictimai diskussiyalarda iştirakla bağlı mənəvi öhdəliyi var.

Xüsusən də o ölkələrdə ki, orda işlər qaydasında deyil, (gülümsünür- İzv.) dünya ölkələrinin çoxunda vəziyyət bu cürdür.
 
Məncə, yazıçılar cəmiyyətin ictimai-siyasi həyatında iştirak etməklə, öz şəxsi fikrini söyləməklə, tənqid olunası məsələləri tənqid etməklə bir növ özlərinə haqq qazandırır.

Üstəlik də əgər siyasətin leksikonuna baxsanız, görərsiz ki, başdan-ayağa şablonlardan ibarətdir. Siyasətin dilinin orijinallığını və təzə-tərliyini qorumaq vacibdir.

Yazıçıların bu işə köməyi dəyə bilər. Amma təkrar edirəm ki, mən siyasətçi deyiləm. Mənim Perunun siyasi həyatında iştirakım istisna hal idi. Bu o vaxt idi ki, demokratiya axsayırdı, mən də siyasətə buna görə qoşuldum.

Demokratiyanı müdafiə etmək üçün. Amma bununla yanaşı mən özümü yazıçı sayıram.

- Yaxşı, onda sualı belə qoyaq: siyasətə qoşulan yazıçının həyat tərzi necə olur?

- Bu, yazıçının özündən asılıdır. Bəziləri bədii yaradıcılığı siyasi həyatda fəal iştirakla uzlaşdırmağı bacarır. Bəziləri isə cəmiyyət arasında az-az görünməyə çalışır.

Amma onlara da hörmətlə yanaşıram. Amma mənə elə gəlir ki, sən hətta siyasətə nifrət etsən də, gərək özünü hansısa formada siyasətdə sınayasan: ideya verəsən, sülh, müharibə, insan haqları, korrupsiya, mədəni həyat barədə ictimai debatlarda iştirak edəsən”.

Yazıçıların öz sözünü deyə biləcəyi çox mövzular var.

Mən düşünürəm ki, yazıçı kitabxanaya çəkilməməlidir, əksinə o, tarixi özü yaratmalıdır.

Düzdür, ictimai-siyasi həyatla daimi əlaqədə ədəbiyyat və incəsənət üçün bir risq gizlənir.

Ədəbiyyatı bir təbliğat vasitəsi kimi istifadə edə bilərlər. Bu isə pis şeydir. Amma digər tərəfdən, mənə elə gəlir ki, reallıqda baş verənlərlə əlaqədən məhrum olmuş ədəbiyyat şitləşir, səthiləşir.

Ən yaxşı bədii əsərlər həmişə cəmiyyətdə baş verənlərə, cəmiyyətin əsas problemlərinə, insanların gözləntilərinə şahidlik edib.

Ona görə də hesab edirəm ki, ədəbiyyat, sənət yalnız yazıçının təxəyyülü ilə deyil, ətraf aləmlə də sıx əlaqədə olmalıdır.

- Başqa sözlə siz hesab edirsiniz ki, bədii əsər ətraf aləmdə nəyisə dəyişə bilər...

- Hesab edirəm ki, sənətin real həyata böyük təsiri var. Sadəcə, problem ondadır ki, biz heç cür həmin təsiri ölçə bilmirik. Biz deyə bilmərik ki, “Hərb və sülh” romanı cəmiyyətə filan qədər təsir edib”.

Bunu görmək, yaxud hiss etmək mümkün deyil. Amma mən tam əminəm ki, həmin dahiyanə əsəri oxumaqla özümün insanlar və dünya haqda təsəvvürlərimi təkmilləşdirmişəm.

Ədəbiyyat insanı daha həssas edir – iztirablardan xoşbəxtliyə qədər. Bu səbəbdən mən doğrudan da inanıram ki, ədəbiyyatın, sənətin həyata çox böyük təsiri var.

Mario Varqas Liosa 1985

İstənilən totalitar rejim daim ədəbiyyatı öz nəzarətində saxlamağa çalışır, ona etibar etmir, çünki ədəbiyyatda hakimiyyətin tənqidi ola bilər.

Sonuncu fikir həqiqətdir. Özü də burada təkcə siyasi mənada tənqiddən yox, daha geniş anlamda tənqiddən söhbət gedir.

Əsl sənət əsərləri hakimiyyətin təbliğat vasitələrinin insanlarla manipulyasiya etmək niyyətlərinin həyata keçməsini çətinləşdirir.

Bu mənada ədəbiyyat və sənət azadlığa böyük dəstəkdir. Azadlıq isə hər növ sənətin məqsədidir.

Onun haqda ilk növbədə əyləncə növü kimi danışırlar, amma onun mənası daha genişdir.

- Sizin ilk romanınız – “Şəhər və itlər” hərbi məktəbin həyatı haqdadır. İnsanlar öz övladlarını hərbi məktəbə qoyurlar ki, onlar kişilik məktəbi keşsinlər.

Həmin romanınızı tonqal qalayıb yandırmışdılar.

Deyə bilərsinizmi, kitabınız Perudakı o vaxtkı vəziyyətə necə təsir etmişdi?

- Həmin təsirin nədən ibarət olduğunu deyə bilmərəm, amma kitabın yandırıldığı dəqiq məlumatdır (gülür – İzv.)

Mənə elə gəlir ki, nəhayətdə kitab əlbəttə ki öz məqsədinə çatdı – insanlar demokratik cəmiyyətin quruluşu haqda düşünməli oldular Mən o kitabı çoxdan yazmışam.

O vaxt cavan idim. (gülür – İzv.) Kitab 1960-cı illərin əvvəlində çap olunmuşdu.

- Siz özünüz də hərbi məktəbdə oxumusunuz deyəsən. Kitabda öz şəxsi təcrübələrinizi qələmə almısınız?

- Mən doğrudan da orada 1-2 il təhsil almışam. Həqiqətən də kitabın materialı ordan gəlir. Amma bu, avtobioqrafik əsər deyil.

- Bir neçə ildir ki, Rusiyada peşəkar ordunun yaradılması, müqavilə əsasında hərbi xidmət ideyası müzakirə edilir. Bu ideya haqda nə düşünürsüz?

- Əlbəttə, bu daha yaxşıdır. İndi bir çox ölkələr tədricən buna keçir. İdeya ondan ibarətdir ki, ümumiyyətlə orduda ixtisarlar getsin.

Dünya, beynəlxalq müqavilələr – bunlar hamısı ordudakı əsgərlərin sayının azaldılmasına, qənaət olunan pulların təhsilə, səhiyyəyə, mədəniyyətə ayrılmasına yönəlib.

Bu, bəşəriyyətə daha faydalı olardı.

- Elə bir nümunə gətirə bilərsinizmi ki, həyatınızda baş verən hansısa hadisə əsərinizdə yer alıb?

- Məsələn, bu yaxınlarda Rusiyada çap olunan “Dünyanın axırınının savaşı” kitabım. Vaxtilə oxuduğum braziliyalı yazar Euklides da Kunyanın “Sertan” kitabı məni çox mütəəssir etmişdi.
 
Bu, roman deyil, 19-cu əsrin sonlarındakı Braziliyanın tarixi, sosiloji tədqiqidir. Kitab Braziliyanın şimal-şərqində baş vermiş məşhur üsyan haqdadır. Bu çox sirli bir üsyan idi, çünki onu Messiya hərəkatı təşkil etmişdi.

O zaman Braziliyada monarxiya ağrısız taxtdan düşdü və yerində respublika quruldu. Amma respublikaçılar öz hakimiyyətlərini həmin bölgədə yalnız bir il sonra bərqərar edə bildilər.

Məşhur ruhani, moizəçi Konseleyro kəndliləri respublika əleyhinə üsyana qaldırdı. O, kəndlilərə deyirdi ki, respublika İblis əməlidir, ilahi qanunlara, dinə-imana ziddir.

Kəndlilər və kasıblar buna inanıb respublikaya qarşı qiyam qaldırdılar. Halbuki respublikanı quranlar çox maarifpərvər və zəkalı şəxslər idilər.

Onlar Braziliyanın ən kasıb insanlarının onlara qarşı niyə üsyan etdiyini anlaya bilmirdilər.

Onlar bunun mənasını anlamayanda yeni bir nəzəriyyə yaratdılar ki – bütün dünyada belədir, intellektuallar həmişə nəyisə anlamayanda yeni nəzəriyyə yaradırlar (gülür – İzv.) – qiyamçılar kasıblar deyillər.

Buna görə də üsyanı yatırtmaq üçün bölgəyə ordu göndərdillər.

Kəndlilərin üzərində dörd dəfə qoşun göndərildi. Respublikaçılar başa düşə bilmirdilər ki, silahsız kəndlilər peşəkar ordunu necə məğlub edirlər.

Dördüncü yürüşdə həmin kitabın müəllifi da Kunya da iştirak edib. Ö özünə sual edib:

Biz nə edirik? Bunlar ki kasıblardır. Və beləliklə o hadisələri təhlil etməyə başlayır və haqqında danışdığım kitabı yazır.

Mən kitaba elə heyran olmuşdum ki, o hadisələr haqqında özüm də kitab yazmaq qərarına gəldim. Mənim kitabım təkcə üsyan haqda yox, həm də braziliyalı intellektuallar barədədir.

O intellektuallar haqqında ki, nəzəriyyələr onların gözünü tutmuşdu və öz ölkələrində nə baş verdiyini anlaya bilmirdilər. “Dünyanın axırının savaşı”nı 3 ilə yazdım.

- Sizin yaradıcılığınızda insest motivi Markesin “Yüz il tənhalıqda”sını xatırladır...

Qabriel Qarsia Markes

- Bu, Markesdəki kimi magik realizm deyil. Latın Amerikası ədəbiyyatında fantaziya çox mühümdür. Bu düzdür. Markes, Borxes, Kortasar.

Mənim kitablarım isə fantaziya aləmindən daha çox real həyata yaxındır. Amma bəlkə də mənim öz yazılarım haqda təsəvvürüm yanlışdır.

- Markesdən söz düşmüşkən... Deyirlər ki, siz 30 il Markeslə küsülü qalmısız. Buna Kuba inqilabına münasibətinizdəki fərqlilik səbəb olub.

Deyilənə görə, siz hətta Meksikada film premyerasında dalaşmısınız da. Amma sonra barışmısınız. Bu doğrudurmu?

- Bu barədə sizə heç nə deməyəcəyəm. Əgər gələcəkdə mənim və Markesin bioqrafları olacaqsa, bu, onlar üçün – üzərində baş sındırmalı materialı olacaq.

Nə mən, nə də o, bu situasiyanı şərh etmirik. (gülür – İzv.)

- Siyasi həyatda fəal olan bir yazıçı kimi dünyanın hazırkı iqtisadi böhrandan çıxmaq planları haqda nə düşünürsünüz?

- İndi biz artıq ayrı bir dünyada yaşayırıq – qloballaşmış, sərhədlərdən məhrum dünyada. Bu, yeni situasiya yaradır. Mənim qənaətim budur ki, biz gələcəkdə əvvəlki ilə müqayisədə daha yaxşı dünyada yaşayacağıq.

Hətta 60-70-ci illərlə müqayisə edəndə də. O zaman nüvə müharibəsi baş verə bilərdi.

Qloballaşmaya görə indi kasıb ölkələr daha sürətlə inkişaf edə bilirlər. Buna görə də mən vəziyyətə daha çox nikbin baxıram, pessimist kimi yox.

- Amma bu böhranı kapitalizmin böhranı da adlandırırlar.

- Kapitalizm meydana gələndən böhranlarla üzləşib.

Gəlin inanaq ki bu böhran bizə sistemin qüsurlarını aradan qaldırmağa imkan verəcək. Məsələn, kapitalizmin əsas problemini – korrupsiyanı, maliyyə sistemi üzərində nəzarətin çatışmamasını.

Ümumilikdə, kapitalizm heç də pis işləməyən sistemdir. Alternativ utopik sistemləri yada salın, sosializm, kommunizm bunlar 19-cu əsrdə nə qədər bəlalara yol açıb.
 
Onlar həyata keçmir, işləmir və fəlakətlərə, totalitar rejimlərin yaranmasına gətirib çıxarır.

Əgər biz indiki sistemi daha açıq etsək, mətbuat azadlığı, hakimiyyətin tənqidi, siyasi partiyaların azadlığı, insan haqlarının reallaşmasını təmin etsək, bu, kapitalizmi müəyyən mənada təkmilləşdirər.
 
Məncə alternativ sistem işləri yalnız korlaya bilər.

(Müsahibə ixtisarla verilir)

 

azadliq.org